![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI |
Qəbul edildiyi tarix |
07.07.2017 |
Qeydiyyat nömrəsi |
14 |
Adı |
“Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
21.07.2017 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.060.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201707070014 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
20.07.2017 |
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 5.3.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası
Q Ə R A R A A L I R:
1. “Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur):
2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Bu Qərarın icrasına nəzarət Baş icraçı direktora (İbrahim Alışov) həvalə edilsin.
Direktorlar Şurasının sədri Rüfət Aslanlı
|
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Qərar № 14 7 iyul 2017-ci il Direktorlar Şurasının sədri _______________ Rüfət Aslanlı |
Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7.2-ci və 19-cu maddələrinə uyğun olaraq hazırlanmış və bank olmayan kredit təşkilatlarının (bundan sonra - BOKT) fəaliyyətinə dair prudensial normativləri və tələbləri müəyyən edir.
1.2. Qanunun 10.2-ci və 15.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (bundan sonra - Palata) BOKT-yə verdiyi lisenziyada ona girov əmanəti qəbul etmək üçün xüsusi icazə verildiyi hallar istisna olmaqla, BOKT-nin hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağandır.
2. Anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. borcalan - BOKT-dən kredit alan, yaxud BOKT-yə borcu olan hər hansı fiziki və ya hüquqi şəxs;
2.1.2. xüsusi ehtiyatlar - BOKT-nin bu Qaydalarla müəyyən edilmiş standart və qeyri-standart aktivləri, habelə balansdankənar öhdəlikləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyat;
2.1.3. tam təminatlı kredit - vaxtında və tam qaytarılması bazar dəyəri bu kreditin ödənilməmiş məbləğinə bərabər və ya ondan artıq olan girovla (daşınar və daşınmaz əmlakın girovu, girov əmanəti), qarantiya, zaminlik və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq digər üsullarla təmin edilmiş kredit;
2.1.4. qismən təminatlı kredit - bazar dəyəri kreditin ödənilməmiş məbləğindən az olan girovla və ya digər təminatla təmin edilmiş kredit;
2.1.5. təminatsız kredit - heç bir təminatı olmayan və ya təminatının bazar dəyəri olmayan, habelə dəyərindən asılı olmayaraq təminatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq rəsmiləşdirilməmiş kredit;
2.1.6. qeyd olunmuş dəyər - kreditin əsas və faiz məbləğinin ödənilməmiş hissəsidir. Kredit olmayan aktivin qeyd olunmuş dəyəri onun əldə edilməsi qiymətidir;
2.1.7. kapital - BOKT-nin balansı üzrə kapital elementlərinin məcmusu olmaqla nizamnamə (şərikli) kapitalının (əmlak haqları) və bölüşdürülməmiş mənfəətinin (mənfəətdən vergilər və məcburi ödənişlər aparıldıqdan sonra qalan məbləğ), kapital ehtiyatının, qrant və ianələrin (müqavilə şərtlərinə əsasən nağd vəsait formasında verilmiş və BOKT-nin sərəncamında qalan) cəmi və onlardan tutulmaların fərqi;
2.2. Bu Qaydalarda istifadə olunan “birgə borcalanlar qrupu”, “aidiyyəti olan şəxslər” və “girov əmanəti” anlayışları Qanunun 1-ci maddəsində verilən mənaları ifadə edir.
2.3. Bu Qaydaların 5-ci və 6-cı hissələrinin, habelə 7.1-ci, 7.2-ci, 7.4-cü və 8.4-cü bəndlərinin məqsədləri üçün kredit dedikdə pul şəklində, habelə lizinq, faktorinq, forfeytinq və veksellərin uçotu üzrə BOKT qarşısında olan borclar nəzərdə tutulur.
3. Prudensial normativlər və tələblər
3.1 BOKT-lərin fəaliyyətinə dair aşağıdakı prudensial normativlər və tələblər müəyyən edilir:
3.1.1. hər iki növdən olan BOKT üçün nizamnamə (şərikli) kapitalının (əmlak haqları) minimum miqdarı;
3.1.2. girov əmanəti qəbul etmək hüququ olan BOKT üçün:
3.1.2.1. bir borcalana və birgə borcalanlar qrupuna verilən kreditlərin maksimum miqdarı;
3.1.2.2. aidiyyəti şəxslərə verilən kreditlərin maksimum məbləği və həmin şəxslərlə aparılan əməliyyatlara dair tələblər;
3.1.2.3. aktivlərin, balansarxası öhdəliklərin təsnifatından və qiymətləndirilməsindən asılı olaraq mümkün zərərin ödənilməsi üçün xərclər hesabına yaradılan xüsusi ehtiyatlara dair tələblər.
3.2. Girov əmanəti qəbul etmək hüququ olan BOKT üçün qəbul edilən girov əmanətlərinin BOKT-nin kapitalına olan nisbəti normativi tətbiq olunmur.
3.3. Fəaliyyətdə olan BOKT-lar üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra - Palata) tərəfindən müəyyən edilmiş yeni prudensial normativlər, onlarda dəyişikliklər BOKT-lara rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, kapitalın minimum miqdarına aid tələblərdə dəyişikliklər isə BOKT-lara rəsmən bildirildikdən sonra bir ildən tez olmayaraq qüvvəyə minir.
4. Nizamnamə kapitalı
4.1. Hər bir BOKT təşkilati-hüquqi formasına uyğun olaraq nizamnamə (şərikli) kapitalına və ya ilkin əmlaka malik olmalı və fəaliyyəti dövründə bu Qaydaların 4.3-cü bəndində müəyyən edilmiş minimum məbləğdən aşağı səviyyədə olmasına yol verməməlidir.
4.2. BOKT-nin minimum nizamnamə (şərikli) kapitalı, habelə qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan BOKT-nin təsisçilərinin əmlak haqları Qanunun 7.1-ci maddəsinə uyğun olaraq pul şəklində ödənilməli və yalnız manatla formalaşdırılmalıdır.
4.3. BOKT-lərin nizamnamə (şərikli) kapitalına (əmlak haqlarına) dair minimum tələblər aşağıdakı kimi müəyyən edilir:
4.3.1. kommersiya hüquqi şəxs kimi yaradılan BOKT üçün - 300 (üç yüz) min manat;
4.3.2. qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan (fond) BOKT üçün - 30 (otuz) min manat.
5. Bir borcalana və ya birgə borcalanlar qrupuna verilən kreditlər
5.1. Girov əmanəti qəbul etmək hüququ olan BOKT bir borcalana və birgə borcalanlar qrupuna verilən kreditin maksimum miqdarı normativinə əməl etməlidir.
5.2. Bir borcalan və birgə borcalanlar qrupuna verilən kreditin maksimum məbləği kreditin verilmə tarixinə BOKT-nin kapitalının 30 faizindən çox olmamalıdır. Bu normativin hesablanmasına həmçinin bir borcalana və birgə borcalanlar qrupuna verilmiş (prinsipal, benefisiar) qarantiyalar da daxil edilir.
6. Aidiyyəti olan şəxslərlə əməliyyatlar
6.1. Girov əmanəti qəbul etmək hüququ olan BOKT aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması zamanı aidiyyəti şəxslərə verilən kreditlərin maksimum məbləği və həmin şəxslərlə aparılan əməliyyatlara dair tələblərə əməl etməlidir.
6.2. Bütün aidiyyəti olan şəxslərə verilən kreditlərin cəminin qalıq məbləği BOKT-nin kapitalının 30 faizindən çox olmamalıdır. Bu normativin hesablanmasına kreditlərlə yanaşı aidiyyəti olan şəxslərə (prinsipal, benefisiar) verilmiş qarantiyalar da daxil edilir.
7. Xüsusi ehtiyatlar
7.1. Girov əmanəti qəbul etmək hüququ olan BOKT öz maliyyə vəziyyətini və əməliyyatlarının nəticələrini aydın və obyektiv təsəvvür etmək üçün bütün verdiyi kreditləri rübdə ən azı bir dəfə qiymətləndirməli və bu aktivlər üzrə xərclər hesabına müvafiq ehtiyatlar yaratmalıdır.
7.2. Qiymətləndirmə zamanı BOKT bütün riskli kreditlərini təhlil edir və onları bu Qaydalara uyğun olaraq müvafiq təsnifləşdirmə kateqoriyalarına aid edir.
7.3. Təsnifləşdirmə məqsədilə aktivlər standart və qeyri-standart aktivlər qrupuna bölünürlər. Standart aktivlər qrupuna “qənaətbəxş aktivlər”, qeyri-standart aktivlər qrupuna “qeyri-qənaətbəxş aktivlər”, “təhlükəli aktivlər” və “ümidsiz aktivlər” aiddir.
7.4. Xüsusi ehtiyatlar təsnifat üzrə aşağıdakı məbləğdə yaradılır:
7.4.1. “qənaətbəxş aktivlər” - əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 30 günə qədər keçmiş tam təminatlı, qismən təminatlı və təminatsız kreditlərin qeyd olunmuş dəyərinin 0%-i həcmində;
7.4.2. “qeyri-qənaətbəxş aktivlər” - əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 31 gündən 180 günədək keçmiş tam təminatlı kreditlərin qeyd olunmuş dəyərinin 25%-i həcmində;
7.4.3. “təhlükəli aktivlər” - əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 181 gündən 365 günədək keçmiş tam təminatlı, 31 gündən 180 günədək keçmiş qismən təminatlı və təminatsız kreditlərin qeyd olunmuş dəyərinin 50%-i həcmində;
7.4.4. “ümidsiz aktivlər” - əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 365 gündən çox keçmiş tam təminatlı, 181 gündən çox keçmiş qismən təminatlı və təminatsız kreditlərin qeyd olunmuş dəyərinin 100%-i həcmində.
7.5. Balansdankənar öhdəliklərə əsasən kreditin verilməsinə dair öhdəliklər, kredit xətləri, qarantiyalar və digər şərti öhdəliklər aiddir. Balansdankənar öhdəliklərin qiymətləndirilməsi və təsnifləşdirilməsi aşağıdakı qaydada aparılır:
7.5.1. BOKT-lər balansdankənar öhdəliklərini öhdəliyin təminatı, müştərinin maliyyə vəziyyəti və yaranmış riskin xüsusiyyətləri nəzərə alınmaqla fərdi qiymətləndirmə əsasında və bu Qaydaların 7.4-cü bəndində müəyyən olunmuş təsnifat qrupları üzrə təsnifləşdirərək xüsusi ehtiyatlar yaradır;
7.5.2. təsnifləşdirmə balansdankənar öhdəliyin yarandığı tarixdən aparılır;
7.5.3. kredit xəttinin istifadə olunmamış hissəsi həmin balansdankənar öhdəliyin istifadə olunmuş hissəsinin təsnifləşdirmə kateqoriyasına uyğun təsnifləşdirilir (kredit müqaviləsinin şərtlərinə görə BOKT-yə birtərəfli qaydada kredit xəttinin tam və ya qismən yerinə yetirməmək hüququ olduğu hallar istisna olmaqla).
8. Xüsusi ehtiyatların yaradılması və balansdan silinmiş aktivlərin uçotu
8.1. Mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlar BOKT-nin xərclər hesabının debetləşdirilməsi yolu ilə yaradılır.
8.2. Girov əmanəti qəbul etmək hüququ olan BOKT öz mülahizəsinə görə bu Qaydaların 7.4-cü bəndində nəzərdə tutulmuş normalardan yuxarı həcmdə xüsusi ehtiyatları sərəncamında qalan xalis mənfəət və/və ya keçmiş illərin bölüşdürülməmiş mənfəəti hesabına yarada bilər.
8.3. Girov əmanəti qəbul etmək hüququ olmayan BOKT fəaliyyəti nəticəsində mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatları yalnız sərəncamında qalan xalis mənfəət və/və ya keçmiş illərin bölüşdürülməmiş mənfəəti hesabına yarada bilər.
8.4. Kreditlərin və balansdankənar öhdəliklərin qiymətləndirilməsi zamanı onların keyfiyyətinin yaxşılaşması müəyyən edildikdə artıq yaradılmış ehtiyatlar müvafiq xərclər hesabının kreditləşdirilməsi yolu ilə azaldılır və ya əvvəllər gəlirdən çıxılmış ehtiyatın azalmış məbləği gəlirə daxil edilir.
8.5. BOKT tərəfindən “ümidsiz aktivlər” balansdan əsas borc və faiz məbləğində silinir. “Ümidsiz aktivlər”in balansdan silinməsi BOKT-nin icra orqanının (kollegial və ya təkbaşına rəhbər) qərarı ilə həyata keçirilir.
8.6. Ehtiyatlar hesabına balansdan silinmiş bütün aktivlər müvafiq balansdankənar hesablarda (subhesablarda) uçota alınır və azı 5 (beş) il ərzində bu hesablarda uçotu aparılır.
8.7. Əvvəllər balansdan “ümidsiz aktivlər” kimi silinmiş aktivlərin ödənilməsi üçün BOKT-yə daxil olan vəsait müvafiq xərclər hesabının azaldılmasına yönəldilir və ya əvvəllər gəlirdən çıxılmış ehtiyatın azalmış məbləği gəlirə daxil edilir.
8.8. Balansdan silinmiş aktivlər barədə sənədlər “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının və onun tətbiq olunmasına dair göstərişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının 2016-cı il 12 aprel tarixli 3/1 nömrəli qərarı ilə müəyyən olunmuş müddətdə saxlanılır.