AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
31.05.2017
QEYDİYYAT NÖMRƏSİ
678-VQ
ADI
“Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 25-06-2017, Nəşr nömrəsi: 136), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2017, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 1051)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.06.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201705310678
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.06.2017
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” 2005-ci il mayın 16-da Varşava şəhərində imzalanmış Avropa Şurasının Konvensiyası Azərbaycan Respublikasının müvafiq qeyd-şərt və bəyanatları ilə (mətnləri əlavə olunur) təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 may 2017-ci il

              № 678-VQ

 


AVROPA ŞURASININ MÜQAVİLƏLƏR SERİYASI №198

 

Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırdmasına,

axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə

dair Avropa Şurası Konvensiyasına (CETS 198) dair

Azərbaycan Respublikasının

 

QEYD-ŞƏRT VƏ BƏYANATLARI

 

QEYD-ŞƏRT

 

Azərbaycan Respublikası Konvensiyanın 53-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bəyan edir ki, o bu Konvensiyanın 46-cı maddəsinin 5-ci bəndinin müddəalarını tam tətbiq etməmək hüququnu özündə saxlayır.

 

BƏYANATLAR

 

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu) Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir (Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin sxematik xəritəsi əlavə olunur).

Azərbaycan Respublikası Konvensiyanın 53-cü maddəsinin 4-cü bəndinə uyğun olaraq bəyan edir ki, bu Konvensiyanın 3-cü maddəsinin 4-cü bəndini tətbiq etməyəcəkdir.

Azərbaycan Respublikası Konvensiyanın 17-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq bəyan edir ki, o, Konvensiyanın 17-ci maddəsini yalnız Konvensiyaya Əlavədə əks olunmuş siyahıda göstərilən cinayətlərə tətbiq edəcəkdir.

Azərbaycan Respublikası Konvensiyanın 24-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq bəyan edir ki, o, Konvensiyanın 24-cü maddəsinin 2-ci bəndini yalnız Azərbaycan Respublikasının konstitusion prinsiplərinə və onun hüquq sisteminin əsas konsepsiyalarına riayət olunmaqla tətbiq edəcəkdir.

Konvensiyanın 33-cü maddəsinin 2-ci bəndi ilə əlaqədar Azərbaycan Respublikası bəyan edir ki, 33-cü maddənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının mərkəzi orqanları kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (cinayət təqibi və məhkəmə qərarlarının icrası ilə əlaqədar məsələlər üzrə) (Ünvan: Bakı şəhəri, AZ1073, inşaatçılar prospekti 1, telefon: (99412) 510- 10-01, faks: (99412) 538-08-57, elektron poçt ünvanı: intemational@justice.- gov.az) və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (maliyyə məlumatlarının mübadiləsi və maliyyə monitorinqi ilə əlaqədar məsələlər üzrə) (Ünvan: Bakı şəhəri, AZ 1000, Bülbül prospekti 27, telefon: (994 12) 493-50-58, faks: (99412) 493-67-97, elektron poçt ünvanı: info@_fmsa.az) müəyyən edilir.

Azərbaycan Respublikası Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq bəyan edir ki, elektron formada və ya istənilən digər rabitə vasitələrindən istifadə etməklə göndərilən sorğunu sorğu edən Tərəf eyni vaxtda belə sorğunun əslini poçt və ya kuryer vasitəsilə göndərmiş olduğu halda qəbul və icra edəcəkdir. Elektron formada və ya istənilən digər rabitə vasitələrindən istifadə edilməklə göndərilən sorğunun icra olunmasına dair məlumat sorğu edən Tərəfə yalnız sorğunun əsli alındıqdan sonra təqdim ediləcəkdir.

Azərbaycan Respublikası Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq bəyan edir ki, sorğular və bu sorğulara əlavə edilən sənədlər Azərbaycan və ya ingilis dilinə tərcüməsi əlavə edilməklə təqdim olunmalıdır.

Azərbaycan Respublikası Konvensiyanın 42-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq bəyan edir ki, Azərbaycan Respublikasının IV fəslə uyğun olaraq təqdim etdiyi məlumat və ya sübutlar, onun ilkin razılığı olmadan sorğu edən Tərəfin səlahiyyətli orqanları tərəfindən sorğuda göstərilənlərdən fərqli olaraq digər ibtidai istintaq və məhkəmə icraatı üçün istifadə edilə və ya ötürülə bilməz.

Konvensiyanın 46-cı maddəsinin 13-cü bəndi ilə əlaqədar Azərbaycan Respublikası bəyan edir ki, 46-cı maddənin məqsədləri üçün maliyyə monitorinqi orqanı kimi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən edilir.

 

 


 


AVROPA ŞURASININ MÜQAVİLƏLƏR SERİYASI №198

 

Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına,

axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun

maliyyələşdirilməsinə dair Avropa Şurasının

 

KONVENSİYASI [1]

 

Varşava, 16. 05. 2005

 

Preambula

 

Avropa Şurasına üzv dövlətlər və bu Konvensiyanı imzalayan digər Tərəflər,

Avropa Şurasının məqsədinin onun üzvləri arasında daha sıx birliyə nail olunmasından ibarət olduğunu nəzərə alaraq,

cinayətkarlığa qarşı cəmiyyətin mühafizəsinə yönəldilən vahid siyasətin həyata keçirilməsi zərurətinə əmin olaraq,

getdikcə beynəlxalq problemə çevrilən ağır cinayətlərə qarşı mübarizədə beynəlxalq səviyyədə müasir və effektiv metodların istifadəsinin labüdlüyünü nəzərə alaraq,

bu metodlardan birinin cinayətkarları cinayət yolu ilə əldə edilmiş gəlirlərdən, o cümlədən cinayət alətlərindən və vasitələrindən məhrum etmək olduğuna inanaraq,

bu məqsədə nail olmaq üçün həmçinin səmərəli fəaliyyət göstərən beynəlxalq əməkdaşlıq sisteminin bərqərar olmasının zəruriliyini nəzərə alaraq,

Avropa Şurasının cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında Konvensiyasını (ETS № 141, bundan sonra - “1990-cı il Konvensiyası”) unutmayaraq,

habelə terror aktlarının doğurduğu beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 2001-ci il 28 sentyabr tarixində qəbul edilmiş 1373 (2001) nömrəli Qətnaməyə, xüsusən onun 3.d bəndinə istinad edərək,

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1999-cu il 9 dekabr tarixində qəbul edilmiş “Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya”ya, xüsusilə də ona qoşulmuş dövlətlərin üzərinə terrorçuluğun maliyyələşdirilməsini cinayət əməli kimi müəyyən etmək öhdəliyi qoyan 2-ci və 4-cü maddələrinə istinad edərək,

yuxarıda istinad olunmuş “Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya”nın ratifikasiyası və tam tətbiqi üçün təxirəsalınmaz addımlar atılmasının zəruriliyinə əmin olaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 


 

1-ci fəsil

 

TERMİNLƏRDƏN İSTİFADƏ

 

Maddə 1

Terminlərdən istifadə

 

Bu Konvensiyanın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

a) “gəlir” - cinayət əməllərinin törədilməsi nəticəsində bilavasitə və ya dolayısilə əldə edilən hər hansı bir iqtisadi mənfəətdir. Həmin gəlir bu maddənin “b” yarımbəndində nəzərdə tutulmuş hər hansı bir əmlakı özündə ehtiva edə bilər;

b) “əmlak” - istənilən növ, maddi və ya qeyri-maddi, daşınar və ya daşınmaz əmlak, habelə belə əmlaka hüquq verən və ya qanuni maraqları ifadə edən hüquqi sənəd və ya aktdır;

c) “cinayətin alət və vasitələri” - istənilən üsulla, tam və ya qismən cinayət əməlini və ya cinayət əməllərini törətmək məqsədilə istifadə edilmiş və istifadə edilməsi nəzərdə tutulan hər hansı bir əmlakdır;

d) “müsadirə” - cinayət əməli və ya cinayət əməlləri üzrə məhkəmə icraatı nəticəsində əmlakdan məhrumetmə ilə nəticələnən məhkəmə tərəfindən təyin edilən cəza və ya tədbirdir;

e) “predikativ cinayət” - törədilməsi nəticəsində bu Konvensiyanın 9-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti ola bilən gəlirlərin əldə edildiyi hər hansı bir cinayət əməlidir;

f) “maliyyə monitorinqi orqanı” - (bundan sonra - MMO) pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədilə aşağıdakı maliyyə xarakterli məlumatların toplanılması (və icazə verildikdə, sorğu olunması), təhlili və səlahiyyətli orqanlara təqdim edilməsinə məsul olan mərkəzi dövlət orqanıdır:

i) barəsində şübhənin mövcud olduğu və potensial olaraq terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olan məlumatlar; və ya

ii) milli qanunvericiliklə və ya normativ aktlarla tələb olunan digər məlumatlar;

g) “dondurulma” və ya “əmlak üzərinə həbs qoyulması” - məhkəmənin və ya digər səlahiyyətli orqanın qərarına əsasən, əmlakın köçürülməsinin, məhv edilməsinin, konversiyasının, ona sərəncam verilməsinin və ya yerdəyişməsinin müvəqqəti olaraq qadağan edilməsi, yaxud müvəqqəti olaraq mühafizə olunması və ya nəzarət edilməsidir;

h) “terrorçuluğun maliyyələşdirilməsi” - yuxarıda istinad edilən “Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya”nın 2-ci maddəsində nəzərdə tutulmuş əməllərdir.

 

2-ci fəsil

 

TERRORÇULUĞUN MALİYYƏLƏŞDİRİLMƏSİ

 

Maddə 2

Konvensiyanın terrorçuluğun maliyyələşdirilməsinə tətbiqi

 

1. Hər bir Tərəf bu Konvensiyanın 3-cü, 4-cü və 5-ci fəsillərində nəzərdə tutulmuş müddəaların terrorçuluğun maliyyələşdirilməsinə tətbiqini mümkün edən qanunvericilikdə nəzərdə tutulmuş və digər zəruri tədbirləri həyata keçirir.

2. Xüsusilə hər bir Tərəf mənbəyinin qanuni və ya qeyri-qanuni olmasından asılı olmayaraq, istənilən üsulla, tamamilə və ya qismən terrorçuluğun maliyyələşdirilməsi üçün istifadə olunmuş və ya istifadəsi nəzərdə tutulmuş əmlakın, yaxud bu cinayət əməlindən əldə edilmiş gəlirin axtarışını, izlənilməsini, aşkar edilməsini, dondurulmasını, üzərinə həbs qoyulmasını və müsadirəsini təmin edir və bu məqsədlə mümkün olan ən yüksək səviyyədə əməkdaşlıq edir.

 

3-cü fəsil

 

MİLLİ SƏVİYYƏDƏ HƏYATA KEÇİRİLƏN TƏDBİRLƏR

 

Bölmə 1

 

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 3

Müsadirə tədbirləri

 

1. Hər bir Tərəf cinayətin alət və vasitələrinin cinayət yolu ilə əldə edilmiş gəlirlərin və ya belə gəlirlər leqallaşdırılmış əmlak dəyərində gəlirlərin və ya əmlakın müsadirəsini mümkün edən qanunvericilik və digər zəruri tədbirləri həyata keçirir.

2. Bu maddənin 1-ci bəndinin pulların leqallaşdırılması və bu Konvensiyaya əlavədə göstərilən cinayət əməllərini əhatə etməsi şərtilə, hər bir Tərəf bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən, Avropa Şurası Baş katibinin adına ünvanlanan bəyannamə ilə bildirə bilər ki, bu maddənin 1-ci bəndi aşağıdakılara tətbiq olunur:

a) yalnız törədilməsinə görə yuxarı həddi bir ildən az olmayan müddətə həbs və ya azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulan cinayət əməllərinə. Bununla belə, vergi borclarının ödənilməsinə dair milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq vergi cinayətləri nəticəsində əldə olunmuş gəlirlərin milli səviyyədə, eləcə də beynəlxalq əməkdaşlıq vasitəsilə müsadirəsi imkanını əldə etmək məqsədilə hər bir Tərəf bu müddəanın belə gəlirlərin müsadirəsinə münasibətdə tətbiqi barədə bəyanat verə bilər;

b) yalnız müəyyən qrup cinayət əməllərinə.

3. Tərəflər müsadirə rejiminin əhatə etdiyi cinayət əməllərinə münasibətdə icbari müsadirənin tətbiqini nəzərdə tuta bilərlər. Tərəflər bu müddəanın tətbiqi dairəsinə xüsusilə pulların leqallaşdırılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri və digər ağır cinayətləri daxil edə bilərlər.

4. Hər bir Tərəf milli qanunvericiliklə müəyyən edilmiş ağır cinayət və ya cinayətlərin törədilməsinə münasibətdə təqsirləndirilən şəxsdən müsadirə edilməli olan gəlirlərin və ya əmlakın əldə olunması mənbəyini sübut etməyi tələb edən qanunvericilikdə nəzərdə tutulmuş və ya digər zəruri tədbirləri milli hüquq sisteminin prinsiplərinə zidd olmayan həddə həyata keçirir.

 

Maddə 4

İstintaq tədbirləri və ilkin tədbirlər

 

Hər bir Tərəf sonrakı mərhələdə müsadirə tədbirinin həyata keçirilməsinə şərait yaratmaq məqsədilə 3-cü maddəyə uyğun olaraq, müsadirə ediləcək əmlakın aşkar edilməsini, izlənilməsini, dondurulmasını və ya təxirə salınmadan üzərinə həbs qoyulmasını mümkün edən qanunvericilikdə nəzərdə tutulmuş və digər zəruri tədbirləri həyata keçirir.

 

Maddə 5

Dondurulma, əmlak üzərinə həbs qoyulması və müsadirə

 

Hər bir Tərəf dondurulma, əmlak üzərinə həbs qoyulması və müsadirə tədbirlərinin aşağıdakıları əhatə etməsini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş və digər zəruri tədbirləri həyata keçirir:

a) cinayət fəaliyyətindən əldə edilmiş gəlirlərin çevrildiyi və ya konvertasiya olunduğu əmlak;

b) cinayət fəaliyyətindən əldə edilmiş gəlirin tam və ya qismən qarışdığı qanuni mənbələrdən əldə edilmiş əmlakla qarışdırıldığı halda, qarışdırılmış əmlakın qiymətləndirilmiş dəyərindən çox olmamaq şərtilə qanuni mənbələrdən əldə edilmiş əmlak;

c) cinayət fəaliyyətindən əldə edilmiş gəlirlərə tətbiq olunan qaydada və həcmdə, cinayət fəaliyyətindən əldə edilmiş gəlirlərdən, bu gəlirlərin çevrildiyi və ya konvertasiya olunduğu əmlakdan, yaxud qarışmış əmlakın qiymətləndirilmiş dəyərindən çox olmamaq şərtilə cinayət fəaliyyətindən əldə edilmiş gəlirlərin qarışdığı əmlakdan qazanılmış gəlir və ya digər səmərə.

 

Maddə 6

Dondurulmuş və üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi

 

Hər bir Tərəf bu Konvensiyanın 4-cü və 5-ci maddələrinə uyğun olaraq dondurulmuş və üzərinə həbs qoyulmuş əmlakın lazımi qaydada idarə edilməsini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş və digər zəruri tədbirləri görür.

 

Maddə 7

İstintaq səlahiyyətləri və metodları

 

1. Hər bir Tərəf 3-cü, 4-cü və 5-ci maddələrdə qeyd olunan tədbirlərin həyata keçirilməsi məqsədilə məhkəmələrinə və digər səlahiyyətli orqanlarına bank, maliyyə və kommersiya sənədlərini tələb etmək və ya götürmək hüququnu verən qanunvericilik və digər zəruri tədbirləri qəbul edir. Tərəflər bank sirrinin qorunmasını əsas gətirərək bu maddənin müddəalarının yerinə yetirilməsindən imtina etməməlidir.

2. Birinci bəndin müddəalarına xələl gətirmədən, hər bir Tərəf aşağıdakı tədbirlərin həyata keçirilməsi üçün qanunvericilik və digər zəruri tədbirləri həyata keçirir:

a) fiziki və ya hüquqi şəxsin Tərəfin ərazisində yerləşən istənilən bankda, xarakterindən asılı olmayaraq, bir və ya bir neçə bank hesabının sahibi və ya benefisiar mülkiyyətçisinin olub-olmamasının müəyyən edilməsi və cavab müsbət olduğu təqdirdə, müəyyən edilmiş hesablara dair müfəssəl məlumatların əldə edilməsi;

b) pul vəsaitlərinin göndərildiyi və ya qəbul olunduğu hesablar da daxil olmaqla, müəyyən edilmiş bank hesabları və bir və ya bir neçə müəyyən edilmiş bank hesabı vasitəsilə müəyyən dövr ərzində həyata keçirilmiş bank əməliyyatları haqqında müfəssəl məlumatların əldə edilməsi;

c) bir və ya bir neçə müəyyən edilmiş bank hesabı vasitəsilə həyata keçirilən bank əməliyyatlarının müəyyən dövrdə monitorinq edilməsi; və

d) a, b və c yarımbəndlərinə uyğun olaraq məlumatların tələb edilməsi və ya əldə edilməsi, yaxud istintaqın həyata keçirilməsi barədə məlumatların banklar tərəfindən nəticədə marağı olan bank müştərisinə və digər üçüncü şəxslərə verilməməsinin təmin edilməsi.

Tərəflər bu müddəanın bank olmayan maliyyə təsisatlarında açılmış hesablara tətbiq edilməsini nəzərdən keçirməlidirlər.

3. Hər bir Tərəf ona müşahidə, rabitə əlaqəsinə müdaxilə, kompüter sistemlərinə daxil olunması və müvafiq sənədlərin təqdim edilməsinin tələb olunması kimi gəlirlərin aşkar edilməsini və izlənməsinə, eləcə də bununla bağlı sübutların toplanmasına şərait yaradan xüsusi istintaq metodlarından istifadə etmək səlahiyyəti verən qanunvericilikdə nəzərdə tutulmuş və digər zəruri tədbirlərin həyata keçirilməsini nəzərdən keçirir.

 

Maddə 8

Hüquqi müdafiə vasitələri

 

Hər bir Tərəf 3-cü, 4-cü və 5-ci maddələrdə və bu bölmənin digər aidiyyəti müddəalarında nəzərdə tutulan tədbirlərə məruz qalan maraqlı tərəflərin öz hüquqlarını müdafiə etmək məqsədilə səmərəli hüquqi müdafiə vasitələrilə təmin olunması üçün qanunvericilik və digər zəruri tədbirləri qəbul edir.

 

Maddə 9

Gəlirlərin leqallaşdırılması üzrə cinayət əməlləri

 

1. Hər bir Tərəf aşağıdakı əməllərin qəsdən törədildiyi halda, milli qanunvericilikdə cinayət əməli kimi tanınması üçün qanunvericilik və digər zəruri tədbirləri qəbul edir:

a) cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayətin törədilməsində iştirak etmiş şəxsə məsuliyyətdən yayınmaqda kömək etmək məqsədilə əmlakın konversiyası və ya köçürülməsi;

b) cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının gizlədilməsi;

və öz konstitusional prinsiplərini və hüquqi sisteminin əsas konsepsiyalarını nəzərə alaraq;

c) qəbul edildiyi zaman cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın əldə olunması, ona sahiblik və ya ondan istifadə edilməsi;

d) bu maddədə müəyyən edilən hər hansı bir cinayət əməlinin törədilməsində və ya onun törədilməsinə cəhddə iştirakçılıq və ya birgə iştirakçılıq, eləcə də belə cinayətin törədilməsinə yardım, təhrik, kömək edilməsi, yaxud məsləhət verilməsi.

2. Bu maddənin 1-ci bəndinin tətbiq edilməsi və ya yerinə yetirilməsi üçün:

a) predikativ cinayətin Tərəfin cinayət yurisdiksiyasına aid olub-olmaması əhəmiyyət kəsb etmir;

b) nəzərdə tutula bilər ki, həmin bənddə göstərilən cinayət əməlləri predikativ cinayəti törədən şəxslərə tətbiq edilmir;

c) həmin bənddə nəzərdə tutulan cinayət əməlinin elementi kimi tələb olunan məlumatlı olma, niyyət və ya məqsəd işin obyektiv və faktiki hallarından müəyyən edilə bilər.

3. Hər bir Tərəf öz qanunvericiliyinə uyğun olaraq, bu maddənin 1-ci bəndində göstərilən bütün və ya bəzi hərəkətlərin aşağıda sadalanan halların birində və ya hər ikisində cinayət əməli kimi tanınması üçün qanunvericilikdə nəzərdə tutulmuş və digər zəruri tədbirləri həyata keçirə bilər:

a) əməli törədən şəxs əmlakın cinayət yolu ilə əldə edildiyindən şübhələnmişdirsə;

b) əməli törədən şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini güman etməli idisə.

4. Bu maddənin 1-ci bəndinin bu Konvensiyaya əlavədə nəzərdə tutulmuş predikativ cinayət əməlləri kateqoriyasını əhatə etməsi şərtilə hər bir Dövlət və ya Avropa İttifaqı bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən, Avropa Şurası Baş katibinin adına ünvanladığı bəyannamə vasitəsilə bəyan edə bilər ki, bu maddənin 1-ci bəndi aşağıdakılara tətbiq olunur:

a) yalnız törədilməsinə görə bir ildən az olmayan müddətə azadlıqdan məhrumetmə cəzası və ya həbs nəzərdə tutulan predikativ cinayətə və ya hüquq sistemində predikativ cinayətlər üçün minimal hədd olan Tərəflər üçün törədilməsinə görə aşağı həddi altı aydan az olmayan müddətə azadlıqdan məhrumetmə cəzası və ya həbs nəzərdə tutulan cinayət əməlinə; və/ və ya

b) yalnız müəyyən qrup predikativ cinayət əməllərinə; və/ və ya

c) Tərəfin milli qanunvericiliyində müəyyən edilmiş ağır cinayətlər kateqoriyasına.

5. Hər bir Tərəf predikativ cinayətə görə daha əvvəlki hökmün və ya eyni zamanda qəbul edilən hökmün pulların leqallaşdırılması əməlinin mühakiməsində zəruri şərt olmadığını təmin edir.

6. Hər bir Tərəf hansı predikativ cinayətin törədilməsi nəticəsində əldə edildiyindən asılı olmayaraq, bu maddənin 1-ci bəndinin a və b yarımbəndlərinin obyekti olan əmlakın predikativ cinayətin törədilməsi nəticəsində əldə edildiyi sübuta yetirildiyi təqdirdə, bu maddəyə uyğun olaraq pulların leqallaşdırılmasına görə mühakimə edilməsinin mümkün olmasını təmin edir.

7. Hər bir Tərəf pulların leqallaşdırılması üzrə predikativ cinayətlərin başqa dövlətin ərazisində törədilmiş, həmin dövlətdə cinayət kimi tanınan və öz ərazisində törədildiyi təqdirdə, predikativ cinayət hesab oluna biləcək əməlləri əhatə etməsini təmin etməlidir. Hər bir Tərəf həmin cinayətin onun ərazisində törədildiyi təqdirdə, predikativ cinayət hesab olunmasını yeganə şərt kimi nəzərdə tuta bilər.

 

Maddə 10

Hüquqi şəxslərin məsuliyyəti

 

1. Hər bir Tərəf aşağıdakıların əsasında hüquqi şəxsdə aparıcı mövqe tutan, fərdi qaydada və ya onun orqanı qismində fəaliyyət göstərən hər hansı fiziki şəxs tərəfindən hüquqi şəxsin mənafeyi üçün törədilmiş bu Konvensiyaya uyğun olaraq pulların leqallaşdırılması əməli kimi müəyyən edilmiş cinayət əməlinin törədilməsinə, eləcə də bu əməlin törədilməsində iştirakçılığa və təhrikçiliyə görə hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün qanunvericilik və digər zəruri tədbirləri qəbul edir:

a) hüquqi şəxsi təmsil etmək səlahiyyəti; və ya

b) hüquqi şəxsin adından qərar vermək səlahiyyəti; və ya

c) hüquqi şəxsin daxilində nəzarətin həyata keçirilməsi səlahiyyəti.

2. 1-ci bənddə nəzərdə tutulmuş hallardan başqa, hər bir Tərəf 1-ci bənddə göstərilən fiziki şəxs tərəfindən nəzarətin həyata keçirilməməsi səbəbindən 1-ci bənddə nəzərdə tutulmuş cinayət əməllərinin hüquqi şəxsin xeyrinə onun tabeliyində olan şəxs tərəfindən törədilməsinə imkan yaratdığına görə həmin hüquqi şəxsin məsuliyyətə cəlb edilməsini təmin edən zəruri tədbirləri həyata keçirir.

3. Bu maddə üzrə hüquqi şəxslərin məsuliyyəti 1-ci bənddə nəzərdə tutulmuş cinayət əməllərinin icraçısı, təhrikçisi və ya iştirakçısı olan fiziki şəxslərin cinayət məsuliyyətini istisna etməməlidir.

4. Hər bir Tərəf bu maddəyə uyğun olaraq məsuliyyətə cəlb olunmuş hüquqi şəxslərə effektiv, proporsional və çəkindirici cinayət və ya digər məsuliyyət tədbirlərinin, o cümlədən maliyyə sanksiyalarının tətbiq edilməsini təmin edir.

 

Maddə 11

Əvvəlki qərarlar

 

1. Hər bir Tərəf bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayət əməllərinə münasibətdə fiziki və ya hüquqi şəxsə qarşı Konvensiyanın digər Tərəfində qəbul edilmiş yekun qərarların cəza təyin edərkən nəzərə alınmasını mümkün edən qanunvericilik və digər zəruri tədbirləri qəbul edir.

Bölmə 2

 

MALİYYƏ MONİTORİNQİ ORQANI (MMO)

VƏ PREVENTİV TƏDBİRLƏR

 

Maddə 12

Maliyyə monitorinqi orqanı (MMO)

 

1. Hər bir Tərəf bu Konvensiyada nəzərdə tutulan qaydada MMO-nun yaradılması üçün müvafiq qanunvericilik və digər zəruri tədbirləri qəbul edir.

2. Hər bir Tərəf, MMO-nun şübhəli əməliyyatlara dair məlumatların təhlili də daxil olmaqla, öz funksiyalarını lazımi qaydada həyata keçirməsi üçün tələb olunan maliyyə, inzibati və hüquq mühafizə məlumatlarına vaxtlı-vaxtında birbaşa və ya dolayısilə çıxışa malik olmasını təmin etmək məqsədilə qanunvericilik və digər zəruri tədbirləri qəbul edir.

 

Maddə 13

Pul vəsaitlərinin və ya digər əmlakın

leqallaşdırılması üzrə preventiv tədbirlər

 

1. Hər bir Tərəf pulların leqallaşdırılmasının qarşısını almaq məqsədilə hərtərəfli ölkədaxili tənzimləmə, nəzarət və ya monitorinq rejiminin qurulması üçün qanunvericilik və digər zəruri tədbirləri qəbul edir və pulların leqallaşdırılmasına qarşı mübarizə sahəsində Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF) qəbul etdiyi Tövsiyələr də daxil olmaqla, müvafiq beynəlxalq standartları nəzərə alır.

2. Bu məqsədlə hər bir Tərəf, aşağıda nəzərdə tutulmuş, xüsusilə, qanunvericilik və digər zəruri tədbirləri qəbul edir:

a) pulların leqallaşdırılması məqsədləri üçün istifadə edilə biləcək fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslərdən onların fəaliyyətinə aidiyyəti olan dərəcədə aşağıdakıların tələb olunması:

i) riskyönümlü yanaşmanı tətbiq etməklə, öz müştərilərinin və müvafiq hallarda, son benefisiar mülkiyyətçilərin eyniləşdirilməsi və verifikasiyasının, habelə işgüzar münasibətlərə dair məlumatların mütəmadi qaydada yenilənməsinin yerinə yetirilməsi;

ii) müvafiq təminatlar nəzərə alınmaqla, pulların leqallaşdırılması ilə bağlılığına dair şübhə yaradan hallar barədə məlumat verilməsi;

iii) müvafiq hallarda işgüzar fəaliyyətinin həcmi və xarakteri nəzərə alınmaqla müştərinin eyniləşdirmə və əməliyyatlara dair sənədlərinin saxlanması, əməkdaşlara təlimlərin keçirilməsi və daxili siyasət prosedurlarının hazırlanması kimi yardımçı tədbirlərin görülməsi;

b) “a” yarımbəndində göstərilən şəxslər tərəfindən şübhəli əməliyyatlara dair məlumatın və ya əlaqəli informasiyanın göndərilməsi, yaxud pulların leqallaşdırılması əməli üzrə ibtidai istintaqın həyata keçirilməsi və ya davam etdirilməsi ehtimalı haqqında məlumatların yayılmasının qadağan olunması;

c) bu maddənin “a” yarımbəndində göstərilən şəxslər tərəfindən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına qarşı mübarizə üzrə tələblərə riayət olunmasının təmin edilməsi məqsədilə bu şəxslərə münasibətdə uyğun hallarda riskyönümlü yanaşma əsasında effektiv monitorinq, müvafiq halda nəzarət sistemlərinin tətbiq edilməsini təmin etmək.

3. Bu məqsədlə hər bir Tərəf əhəmiyyətli həcmdə nağd pul vəsaitlərinin və adsız qiymətli kağızların fiziki olaraq sərhəddən keçirilməsinin aşkarlanması üçün qanunvericilik və digər zəruri tədbirləri qəbul edir.

Maddə 14

Ölkədaxili şübhəli əməliyyatların dayandırılması

 

Hər bir Tərəf əməliyyatın pulların leqallaşdırılması ilə əlaqəliliyi şübhəsi olduqda, əməliyyatın təhlil edilməsi və şübhənin əsaslandırılması məqsədilə MMO və ya digər səlahiyyətli orqan tərəfindən dayandırılmasına və ya həyata keçirilməsinə razılığın verilməməsi kimi təxirəsalınmaz tədbirlərin görülməsinə səlahiyyət verən qanunvericilik və digər zəruri tədbirləri qəbul edir. Hər bir Tərəf belə tədbirlərin tətbiqini şübhəli əməliyyatlar barədə məlumatların təqdim olunduğu hallarla məhdudlaşdıra bilər. Əməliyyatın dayandırılmasına və ya həyata keçirilməsinə razılığın verilməməsinin maksimal müddəti milli qanunvericiliyin müvafiq müddəaları ilə müəyyən edilməlidir.

 

4-cü fəsil

 

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

 

Bölmə 1

BEYNƏLXALQ ƏMƏKDAŞLIĞIN PRİNSİPLƏRİ

 

Maddə 15

Beynəlxalq əməkdaşlıq üzrə ümumi prinsiplər və tədbirlər

 

1. Tərəflər cinayətin alət və vasitələrinin, gəlirlərin müsadirəsi məqsədilə istintaqın və məhkəmə icraatının həyata keçirilməsi üçün bir-biri ilə mümkün qədər geniş şəkildə qarşılıqlı əməkdaşlıq edirlər.

2. Hər bir Tərəf aşağıdakı müraciətlərin bu fəsildə nəzərdə tutulmuş şərtlərlə təmin edilməsinə şərait yaratmaq üçün qanunvericilik və digər zəruri tədbirləri qəbul edir:

a) gəlirlər və ya cinayətin alət və vasitələri kimi çıxış edən konkret əmlakın müsadirəsi, eləcə də gəlirlərin dəyərinə uyğun müvafiq pul məbləğinin ödənilməsi tələbindən ibarət olan gəlirlərin müsadirəsinə dair müraciətləri;

b) istintaqın aparılmasına yardım haqqında və yuxarıdakı “a” yarımbəndində göstərilən hər hansı bir müsadirə formasının tətbiqi məqsədi daşıyan ilkin tədbirlərin görülməsinə dair müraciətləri.

3. 2-ci bəndin “b” yanmbəndində nəzərdə tutulmuş istintaqın aparılmasına yardım edilməsi və ilkin tədbirlər sorğu edilən Tərəfin milli qanunvericiliyi ilə icazə verildiyi qaydada və həmin qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Əgər bu tədbirlərin hər hansı birinə dair sorğu hətta sorğu edilən Tərəf üçün məlum olmayan və sorğu edən Tərəfin hüquq sistemi ilə tələb olunan müəyyən formal tələblər və prosedurlar müəyyən etsə də sorğu edilən Tərəf öz hüquq sisteminin fundamental prinsiplərinə zidd olmayan dərəcədə belə sorğuları icra edir.

4. Hər bir Tərəf gəlirlərin, cinayətin alət və vasitələrinin aşkarlanmasına, izlənilməsinə, dondurulmasına və üzərinə həbs qoyulmasına dair digər Tərəflərdən daxil olmuş sorğuların daxili prosedurlar çərçivəsində verilmiş sorğulara münasibətdə tətbiq edilən eyni ardıcıllıqla baxılmasını təmin etmək üçün qanunvericilik və digər zəruri tədbirləri qəbul edir.

 


 

Bölmə 2

 

İSTİNTAQIN HƏYATA KEÇİRİLMƏSİNƏ YARDIM

 

Maddə 16

Yardım göstərmək öhdəliyi

 

Tərəflər sorğu əsasında müsadirə edilməli olan cinayətin alət və vasitələrinin, gəlirlərin və digər əmlakın müəyyən edilməsində və izlənilməsində bir-birinə mümkün qədər geniş şəkildə yardım edirlər. Bu yardıma yuxarıda adıçəkilən əmlakın mövcudluğuna, yerləşdiyi məkana və ya hərəkətinə, xarakterinə, hüquqi statusuna və dəyərinə dair sübutların təqdim edilməsi və qorunması barədə istənilən tədbirlər daxildir.

 

Maddə 17

Bank hesabları barədə məlumatların alınmasına dair sorğular

 

1. Hər bir Tərəf bu maddədə nəzərdə tutulmuş şərtlər çərçivəsində digər Tərəfin göndərdiyi sorğuya cavab olaraq, ibtidai istintaqın subyekti olan fiziki və ya hüquqi şəxsin onun ərazisində yerləşən hər hansı bankda istənilən növdə bir və ya bir neçə hesaba malik olmasının və ya nəzarət etməsinin müəyyən edilməsi üçün zəruri tədbirləri həyata keçirir və belə hesablar müəyyən edildikdə, aşkarlanmış hesablara dair ətraflı məlumatları sorğu edən Tərəfə təqdim edir.

2. Bu maddə ilə müəyyən olunmuş öhdəlik yalnız hesaba xidmət göstərən bankın sərəncamında olan məlumatları əhatə edir.

3. 37-ci maddədə nəzərdə tutulmuş tələblərə əlavə olaraq, sorğu edən Tərəf öz sorğusunda:

a) sorğu edilən məlumatın hansı səbəbdən bu cinayət üzrə həyata keçirilən ibtidai istintaqın məqsədləri üçün böyük əhəmiyyətə malik olduğunu hesab etdiyini göstərir;

b) sorğu edilən Tərəfin ərazisində yerləşən banklarda sorğuda nəzərdə tutulan hesabın olduğunu hansı əsasa görə güman etdiyini və mümkün qədər geniş şəkildə hansı bankın və ya hesabın işlə əlaqəli olduğunu təfsilatı ilə göstərir; və

c) sorğunun icrasını asanlaşdıra biləcək mövcud olan istənilən əlavə məlumatı daxil edir.

4. Sorğu edilən Tərəf axtarış və əmlak üzərinə həbs qoyulması üzrə sorğulara tətbiq etdiyi şərtlərlə bu sorğunu icra edə bilər.

5. Hər bir Tərəf və ya Avropa İttifaqı bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən, Avropa Şurası Baş katibinin adına ünvanladığı bəyannamə vasitəsilə bu maddənin yalnız Konvensiyaya əlavədə verilmiş siyahıda göstərilən cinayət kateqoriyalarına tətbiq edildiyini bəyan edə bilər.

6. Tərəflər bu müddəanın tətbiq dairəsini qeyri-bank maliyyə təşkilatlarında olan hesablara da genişləndirə bilərlər. Qeyd olunan müddəanın tətbiq dairəsinin genişləndirilməsi qarşılıq prinsipini tətbiq etməklə həyata keçirilə bilər.

 

Maddə 18

Bank əməliyyatları barədə məlumatların alınmasına dair sorğular

 

1. Sorğu edilən Tərəf digər Tərəfin sorğusu əsasında, sorğuda göstərilən bir və ya bir neçə hesab vasitəsilə müəyyən dövrdə həyata keçirilmiş konkret bank əməliyyatları və pul vəsaitlərinin qəbul edildiyi və ya göndərildiyi hesablar da daxil olmaqla, konkret bank hesabları barədə ətraflı məlumatları sorğu edən Tərəfə təqdim edir.

2. Bu maddədə müəyyən olunmuş öhdəlik yalnız hesaba xidmət göstərən bankın sərəncamında olan məlumatları əhatə edir.

3. 37-ci maddədə nəzərdə tutulmuş tələblərə əlavə olaraq, sorğu edən Tərəf öz sorğusunda sorğu edilən məlumatın cinayət üzrə aparılan ibtidai istintaqa aidiyyətinin olduğunu hesab etməsinin səbəbini göstərir.

4. Sorğu edilən Tərəf axtarış və əmlak üzərinə həbs qoyulması üzrə sorğulara tətbiq etdiyi şərtlərlə bu sorğunu icra edə bilər.

5. Tərəflər bu müddəanın tətbiqi dairəsinə bank olmayan maliyyə təsisatlarında aparılan hesabları da daxil edə bilərlər. Qeyd olunan müddəaların tətbiqi dairəsinin genişləndirilməsi qarşılıq prinsipini tətbiq etməklə həyata keçirilə bilər.

 

Maddə 19

Bank əməliyyatlarının monitorinqinə dair sorğular

 

1. Hər bir Tərəf digər Tərəfin sorğusuna əsasən, sorğuda göstərilən bir və ya daha çox hesab vasitəsilə müəyyən dövrdə həyata keçirilən bank əməliyyatlarının monitorinqini aparmaq və bu monitorinqin nəticələri barədə məlumatı sorğu edən Tərəfə təqdim etmək hüququna malik olmasını təmin edir.

2. 37-ci maddədə nəzərdə tutulmuş tələblərə əlavə olaraq, sorğu edən Tərəf öz sorğusunda sorğu edilən məlumatın cinayət üzrə aparılan ibtidai istintaqa aidiyyətinin olduğunu hesab etməsinin səbəbini göstərir.

3. Monitorinqin həyata keçirilməsinə dair qərar hər bir konkret halda sorğu edilən Tərəfin səlahiyyətli orqanları tərəfindən həmin Tərəfin milli qanunvericiliyinə uyğun olaraq qəbul edilir.

4. Monitorinqlə bağlı praktiki məsələlər sorğu edən və sorğu edilən Tərəflərin səlahiyyətli orqanları arasında razılaşdırılır.

5. Tərəflər bu müddəanın tətbiqi dairəsinə bank olmayan maliyyə təsisatlarında aparılan hesablan da daxil edə bilərlər.

 

Maddə 20

Məlumatların sorğusuz təqdim edilməsi

 

Tərəf öz ərazisində həyata keçirilən ibtidai istintaqa və ya məhkəmə icraatına xələl gətirmədən, cinayətin alət və vasitələri, gəlirlər haqqında məlumatın açıqlanmasının məlumatı alan Tərəfin cinayət təqibini başlamasına və ya həyata keçirməsinə yardım edəcəyini, yaxud həmin Tərəfin bu fəslə uyğun olaraq sorğu verməsinə əsas olacağını hesab etdiyi halda, əvvəlcədən sorğu olunmadan digər Tərəfə belə məlumat təqdim edə bilər.

 

Bölmə 3

İLKİN TƏDBİRLƏR

 

Maddə 21

İlkin tədbirləri həyata keçirmək öhdəliyi

 

1. Tərəf cinayət üzrə və ya müsadirə məqsədilə məhkəmə icraatına başlamış digər Tərəfin sorğusu ilə sonradan müsadirə haqqında sorğunun obyekti və ya belə bir sorğunun təmin edilmə obyekti ola biləcək əmlakla bağlı əqdlərin, onun ötürülməsinin və ya ona sərəncam verilməsinin qarşısını almaq üçün əmlakın dondurulması və ya üzərinə həbs qoyulması kimi zəruri ilkin tədbirləri həyata keçirir.

2. 23-cü maddəyə uyğun olaraq müsadirə haqqında sorğu alan Tərəf ona müraciət edildikdə, müsadirə haqqında sorğunun obyekti və ya belə bir sorğunun təmin edilmə obyekti ola biləcək hər hansı bir əmlak barəsində bu maddənin 1-ci bəndində göstərilən tədbirləri həyata keçirir.

 

Maddə 22

İlkin tədbirlərin icrası

 

1. 21-ci maddənin 1-ci bəndinə uyğun olaraq sorğu edilmiş ilkin tədbirlərin icrasından sonra sorğu edən Tərəf öz təşəbbüsü ilə mümkün qədər qısa müddətdə bu tədbirlərin tətbiqini şübhə altına ala və ya dəyişdirə biləcək bütün məlumatları sorğu edilən Tərəfə təqdim edir. Sorğu edən Tərəf həmçinin sorğu edilən Tərəfin tələb etdiyi və ilkin tədbirlərin yerinə yetirilməsi və davam etdirilməsi üçün zəruri olan bütün əlavə məlumatları təxirə salınmadan təqdim edir.

2. Bu maddəyə uyğun olaraq tətbiq edilən hər hansı bir ilkin tədbiri ləğv etməmişdən əvvəl sorğu edilən Tərəf mümkün olduğu təqdirdə, sorğu edən Tərəfin həmin tədbirin müddətinin uzadılmasına dair öz əsaslandırmasını təqdim etməsinə şərait yaradır.

 

Bölmə 4

 

MÜSADİRƏ

 

Maddə 23

Müsadirə etmək öhdəliyi

 

1. Tərəf öz ərazisində yerləşən cinayətin alətlərinin və vasitələrinin, yaxud gəlirlərin müsadirə edilməsi haqqında digər Tərəfdən sorğu aldıqda:

a) belə alətlərin, vasitələrin və ya gəlirlərin müsadirə edilməsinə dair sorğu edən Tərəfin məhkəməsinin çıxardığı qərarı icra edir; və ya

b) müsadirə haqqında qərarın çıxarılması üçün sorğunu öz səlahiyyətli orqanlarına təqdim edir və müsadirə haqqında müvafiq qərar çıxarıldıqda onu icra edir.

2. Bu maddənin 1-ci bəndinin “b” yarımbəndinin tətbiqi məqsədilə hər bir Tərəf öz qanunvericiliyinə uyğun olaraq, lazım gəldikdə, müsadirə üzrə məhkəmə icraatına başlamaq səlahiyyətinə malik olmalıdır.

3. Müsadirə oluna biləcək əmlak sorğu edilən Tərəfin ərazisindədirsə, bu maddənin 1-ci bəndinin müddəaları habelə gəlirin dəyəri həcmində pul məbləğinin ödənilməsi tələbi şəklində olan müsadirəyə də tətbiq olunur. Belə olduğu təqdirdə, bu maddənin 1-ci bəndinə uyğun olaraq müsadirə həyata keçirilərkən, sorğu edilən Tərəf tələb olunan məbləğ ödənilmədikdə, həmin tələbi bu məqsədlə mövcud olan hər hansı bir digər əmlaka yönəldir.

4. Əgər müsadirə haqqında sorğuda konkret əmlak göstərilmişdirsə, Tərəflər sorğu edilən Tərəfin müsadirəni əmlakın dəyərinə uyğun olan pul məbləğinin ödənilməsi formasında icra etməsi barədə razılığa gələ bilərlər.

5. Tərəflər Konvensiyanın 5-ci maddəsində verilmiş anlayışlara uyğun gələn cinayətlərin törədilməsi ilə əldə edilmiş gəlirlər və ya digər əmlak barəsində sorğu edən Tərəfin məhkəmə orqanı tərəfindən cinayət sanksiyasına bərabər tutulmayan, lakin cinayət işi ilə əlaqədar və həmin əmlakdan məhrumetməyə səbəb olan ekvivalent tədbirlərin həyata keçirilməsi barədə verilmiş qərara əsasən sorğu edən Tərəflərlə öz milli qanunvericiliklərinə uyğun şəkildə mümkün qədər geniş səviyyədə əməkdaşlıq edirlər.

 

Maddə 24

Müsadirə haqqında qərarın icrası

 

1. 23-cü maddəyə uyğun olaraq müsadirənin həyata keçirilməsinə icazənin alınması və müsadirənin icrası qaydaları sorğu edilən Tərəfin qanunvericiliyi ilə tənzimlənir.

2. Sorğu edilən Tərəf sorğu edən Tərəfin məhkəməsinin hökmündə və ya qərarında göstərildiyi, yaxud bilavasitə onlara əsaslanıldığı təqdirdə, təqdim edilmiş faktlar haqqında qərarla bağlıdır.

3. Hər bir Tərəf və ya Avropa İttifaqı bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən Avropa Şurası Baş katibinin adına ünvanladığı bəyannamədə, bu maddənin 2-ci bəndinin yalnız onun konstitusional prinsipləri və hüquqi sisteminin əsas prinsipləri nəzərə alınmaqla tətbiq edildiyini bəyan edə bilər.

4. Əgər müsadirə müəyyən pul məbləğinin ödənilməsi tələbindən ibarətdirsə, sorğu edilən Tərəfin səlahiyyətli orqanı həmin məbləği müsadirə haqqında sorğunun təmin edilməsinə dair qərarın qəbul edildiyi tarixdə mövcud olan valyuta mübadiləsi məzənnəsinə uyğun şəkildə sorğu edən Tərəfin pul vahidinə konvertasiya edir.

5. 23-cü maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan halda, yalnız sorğu edən Tərəfin müsadirəyə dair qərarın yenidən baxılması haqqında hər hansı bir vəsatət üzrə qərar qəbul etmək hüququ vardır.

 

Maddə 25

Müsadirə edilən əmlak

 

1. Tərəf bu Konvensiyanın 23-cü və 24-cü maddələrinə uyğun olaraq müsadirə etdiyi əmlaka sərəncamı öz milli qanunvericiliyinə və inzibati prosedurlarına uyğun həyata keçirir.

2. Tərəf bu Konvensiyanın 23-cü və 24-cü maddələrinə uyğun olaraq digər Tərəfin təqdim etdiyi sorğu əsasında hərəkət etdikdə, Tərəflər milli qanunvericiliyin yol verdiyi həddə və müvafiq sorğu təqdim edildikdə, cinayətdən zərərçəkmiş şəxslərə kompensasiyanın ödənilməsi və əmlakın qanuni sahiblərinə qaytarılması məqsədilə müsadirə olunmuş əmlakın sorğu edən Tərəfə qaytarılmasının mümkünlüyünü prioritet olaraq nəzərdən keçirirlər.

3. Bu Konvensiyanın 23-cü və 24-cü maddələrinə uyğun olaraq digər Tərəfin sorğusu əsasında hərəkət edərkən, Tərəf öz milli qanunvericiliyinə və inzibati prosedurlarına uyğun olaraq müsadirə olunmuş əmlakın digər Tərəflə bölüşdürülməsinə dair daimi əsaslarla və ya hər bir konkret hal üçün müqavilənin bağlanılması və ya razılığın əldə edilməsi məsələsini xüsusi olaraq nəzərdən keçirə bilər.

 

Maddə 26

Müsadirə haqqında qərarı icra etmək hüququ

və müsadirənin maksimal məbləği

 

1. 23-cü və 24-cü maddələrə uyğun olaraq təqdim edilmiş müsadirə haqqında sorğu sorğu edən Tərəfin özünün müsadirəyə dair qərarı icra etmək hüququna təsir etmir.

2. Bu Konvensiyanın heç bir maddəsi müsadirə olunmuş əmlakın ümumi dəyərinin müsadirə haqqında qərarda göstərilən məbləğdən yüksək olmasına icazə verilməsi kimi şərh edilməməlidir. Əgər Tərəf belə halın baş verə biləcəyi barədə nəticəyə gələrsə, Tərəflər bu cür hala yol verilməməsi üçün məsləhətləşmələrə başlayırlar.

 

Maddə 27

Əmlak sanksiyalarının yerinə yetirilməməsinə görə

azadlıqdan məhrumetmə

 

Sorğu edilən Tərəf 23-cü maddəyə uyğun olaraq təqdim olunmuş sorğu əsasında, sorğu edən Tərəfin sorğuda göstərmədiyi təqdirdə, əmlak sanksiyalarının yerinə yetirilməməsinə görə hər hansı bir şəxsə münasibətdə azadlıqdan məhrumetmə və ya azadlığı məhdudlaşdıran hər hansı bir tədbir həyata keçirməməlidir.

 

Bölmə 5

 

ƏMƏKDAŞLIQDAN İMTİNA EDİLMƏSİ VƏ ONUN TƏXİRƏ SALINMASI

 

Maddə 28

İmtina üçün əsaslar

 

1. Bu fəslə uyğun olaraq, əməkdaşlıqdan aşağıdakı hallarda imtina edilir:

a) sorğu edilən tədbir sorğu edilən Tərəfin qanunvericiliyinin əsas prinsiplərinə ziddirsə; və ya

b) sorğunun icrası sorğu edilən Tərəfin suverenliyinə, təhlükəsizliyinə, ictimai asayişinə və ya digər əhəmiyyətli maraqlarına xələl gətirə bilərsə; və ya

c) sorğu edilən Tərəf sorğunun əlaqədar olduğu işin sorğu edilən tədbirin icrasını əsaslandırmaq üçün kifayət qədər əhəmiyyətli olmadığı qənaətinə gələrsə; və ya

d) terrorçuluğun maliyyələşdirilməsi cinayəti istisna olmaqla, sorğunun əlaqədar olduğu cinayət əməli maliyyə xarakterli cinayətdirsə;

e) terrorçuluğun maliyyələşdirilməsi cinayəti istisna olmaqla, sorğunun əlaqədar olduğu cinayət əməli siyasi xarakterli cinayətdirsə; və ya

f) sorğu edilən Tərəf sorğu olunan tədbirin icrasının ne bis in idem prinsipinə zidd olduğunu hesab edərsə; və ya

g) barəsində sorğu edilmiş cinayət əməli sorğu edilən Tərəfin yurisdiksiyası altında olan ərazidə törədildikdə, həmin Tərəfin qanunvericiliyinə əsasən cinayət hesab edilmir. Lakin bu, əsas Konvensiyanın 2-ci bölməsində nəzərdə tutulmuş əməkdaşlıqdan imtina edilməsi baxımından yalnız sorğu olunan yardımın məcburi tədbirlərin yerinə yetirilməsini tələb etdiyi təqdirdə tətbiq olunur. Bu fəsil çərçivəsində əməkdaşlığın həyata keçirilməsi üçün qeyd olunan əməlin hər iki Tərəfin ərazisində cinayət əməli sayılması tələb olunarsa, həmin tələb Tərəflərin sorğuda nəzərdə tutulmuş əməli eyni terminlə adlandırmasından və ya eyni cinayətlər kateqoriyasına aid etməsindən asılı olmayaraq, hər iki Tərəfin hüquq sisteminə əsasən cinayət əməlinin əsasını təşkil edən əməl cinayət əməli olaraq tanındığı halda, təmin edilmiş hesab edilir.

2. Bu fəslin 2-ci bölməsində nəzərdə tutulmuş əməkdaşlıqdan, sorğu edilən yardımın məcburi tədbirlərin həyata keçirilməsini tələb etdiyi halda, həmçinin bu fəslin 3-cü bölməsində nəzərdə tutulmuş əməkdaşlıqdan sorğu edilən tədbirlərin tətbiqinə ibtidai və məhkəmə istintaqı məqsədilə hətta Tərəfin oxşar daxili işlərində belə, onun qanunvericiliyi ilə yol verilmədiyi təqdirdə imtina edilə bilər.

3. Sorğu edilən Tərəfin qanunvericiliyi ilə tələb olunduğu halda, bu fəslin 2-ci bölməsində nəzərdə tutulmuş əməkdaşlıqdan, sorğu edilən yardımın məcburi tədbirlərin həyata keçirilməsini tələb etdiyi təqdirdə, həmçinin bu fəslin 3-cü bölməsində nəzərdə tutulmuş əməkdaşlıqdan, sorğu edilən və oxşar nəticələrə səbəb ola bilən digər tədbirlər sorğu edən Tərəfin qanunvericiliyində nəzərdə tutulmadığı və ya sorğu edən Tərəfin hakimi və ya cinayət mühakiməsi sahəsində fəaliyyət göstərən digər orqanı, o cümlədən prokuroru tərəfindən təsdiq edilmədiyi halda, imtina edilə bilər.

4. Bu fəslin 4-cü bölməsi çərçivəsində həyata keçirilən əməkdaşlıqdan həmçinin aşağıdakı hallarda imtina edilə bilər:

a) sorğu edilən Tərəfin qanunvericiliyi sorğu ilə əlaqədar növdən olan cinayət əməllərinin törədilməsinə görə müsadirə növündə cəza nəzərdə tutmursa; və ya

b) 23-cü maddənin 3-cü bəndində nəzərdə tutulmuş öhdəliyə xələl gətirmədən sorğu, cinayət əməli ilə aşağıdakıların əlaqəsini nəzərə alaraq, müsadirənin hədləri ilə əlaqədar sorğu edilən Tərəfin daxili qanunvericiliyinin prinsiplərinə zidd olarsa:

i) gəlir kimi qiymətləndirilə bilən iqtisadi fayda ilə; və ya

ii) cinayətin alətləri və vasitələri kimi qiymətləndirilə bilən əmlakla; və ya

c) sorğu edilən Tərəfin qanunvericiliyinə əsasən, müsadirə haqqında qərar cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə qəbul və ya icra edilə bilməzsə; və ya

d) 23-cü maddənin 5-ci bəndinin müddəalarının pozulmaması şərtilə, sorğunun müsadirəyə dair qərarın çıxarılmasına və ya müsadirə barədə sorğunun təqdim edilməsinə əsas olmuş əvvəl çıxarılmış hökmlə, cinayət hüquqi xarakterli qərarla və ya belə qərarda əks olunmuş cinayət əməli və ya əməllərinin törədilməsinə dair bəyanatla əlaqəsi yoxdursa; yaxud

c) müsadirə haqqında qərar sorğu edən Tərəfdə icra edilə bilmirsə və ya bu qərardan hələ də adi qaydada şikayət verilə bilərsə; yaxud

f) sorğu barəsində qərar çıxarılmış şəxsin iştirakı olmadan çıxarılmış qərarla bağlıdırsa və sorğu edilən Tərəfin rəyinə əsasən, bu qərarın çıxarılması ilə nəticələnən sorğu edən Tərəfin həyata keçirdiyi məhkəmə icraatı zamanı cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsə verilən minimal müdafiə hüquqları cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində təmin edilməmişdirsə.

5. Bu maddənin 4-cü bəndinin “f” yarımbəndinin məqsədləri üçün aşağıdakı hallarda qərar təqsirləndirilən şəxsin iştirakı olmadan qəbul edilmiş hesab olunmur:

a) qərar müvafiq şəxsin etirazından sonra təsdiq və ya qəbul edilmişdirsə; yaxud

b) qərar apelyasiya icraatı qaydasında qəbul edilmişdirsə, bir şərtlə ki, həmin apelyasiya şikayəti müvafiq şəxs tərəfindən verilmişdir.

6. Bu maddənin 4-cü bəndinin “f” yarımbəndinin məqsədləri üçün minimal müdafiə hüquqlarının təmin edilib-edilməməsi məsələsinə baxılarkən, sorğu edilən Tərəf müvafiq şəxsin ədalət mühakiməsindən qəsdən yayınmağa çalışması və ya. iştirakı olmadan qəbul edilmiş qərardan şikayət vermək imkanının olduğu halda şikayət verməməsi faktını nəzərə alır. Bu, həmçinin müvafiq şəxsin müəyyən olunmuş qaydada məhkəməyə çağırıldıqda məhkəməyə gəlmədiyi və məhkəməyə çağırış vaxtının digər vaxta keçirilməsini xahiş etmədiyi hallara da şamil edilir.

7. Tərəf bank sirrinin qorunmasını bu fəslə uyğun olaraq hər hansı əməkdaşlıqdan imtina etmək üçün əsas kimi göstərə bilməz. Əgər onun qanunvericiliyində nəzərdə tutulursa, Tərəf bank sirrinin açıqlanması ilə nəticələnə bilən əməkdaşlıq haqqında sorğunun cinayət işi ilə əlaqədar fəaliyyət göstərən hakim və ya cinayət mühakiməsi sahəsində fəaliyyət göstərən digər məhkəmə orqanı, o cümlədən prokuror tərəfindən təsdiqlənməsini tələb edə bilər.

8. Bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulmuş əməkdaşlıqdan imtina üçün əsaslara xələl gətirmədən:

a) sorğu edilən Tərəf bu fəsildə nəzərdə tutulmuş əməkdaşlığa maneə kimi sorğu edən Tərəfin orqanları tərəfindən istintaq edilən və ya barəsində müsadirə haqqında qərar çıxarılan şəxsin hüquqi şəxs olmasını əsas gətirə bilməz;

b) barəsində gəlirlərin müsadirə olunması haqqında qərar çıxarılmış fiziki şəxsin vəfat etməsi və ya barəsində gəlirlərin müsadirə olunması haqqında qərar çıxarılan hüquqi şəxsin öz fəaliyyətini dayandırması 23-cü maddənin 1-ci bəndinin “a” yarımbəndinə uyğun olaraq yardımın göstərilməsi üçün maneə ola bilməz;

c) sorğu edilən Tərəf bu fəsildə nəzərdə tutulmuş əməkdaşlıq üçün maneə kimi sorğu edən Tərəfin orqanları tərəfindən istintaq edilən və ya barəsində müsadirə haqqında qərar çıxarılan şəxsin, bu Konvensiyanın 9-cu maddəsinin 2-ci bəndinin “b” yarımbəndində nəzərdə tutulduğu kimi, həm predikativ cinayəti, həm də pulların leqallaşdırılması əməlini törətməsi faktına istinad edə bilməz.

 

Maddə 29

Təxirəsalma

 

Sorğu edilən Tərəf onun orqanları tərəfindən həyata keçirilən istintaqa və ya məhkəmə icraatına xələl gətirə biləcəyi təqdirdə, sorğu üzrə tədbirlərin yerinə yetirilməsini təxirə sala bilər.

 

Maddə 30

Sorğunun qismən və ya şərti təmin edilməsi

 

Bu fəslə uyğun olaraq əməkdaşlıqdan imtina etməzdən və ya onu təxirə salmazdan əvvəl sorğu edilən Tərəf, lazım gəldikdə, sorğu edən Tərəflə məsləhətləşmələr apararaq, sorğunun qismən və ya onun zəruri hesab etdiyi şərtlərlə təmin edilib-edilməməsi məsələsini nəzərdən keçirir.

 

Bö1mə 6

 

SƏNƏDLƏRİN VERİLMƏSİ VƏ ÜÇÜNCÜ ŞƏXSLƏRİN

HÜQUQLARININ MÜDAFİƏSİ

 

Maddə 31

Sənədlərin verilməsi

 

1. Tərəflər barələrində ilkin tədbirlər və müsadirə tətbiq olunan şəxslərə cinayət təqibi üzrə hüquqi sənədlərin verilməsi istiqamətində bir-birinə geniş şəkildə qarşılıqlı yardım göstərirlər.

2. Bu maddədəki heç bir müddəa aşağıdakıları məhdudlaşdırmır:

a) məhkəmə sənədlərinin poçt vasitəsilə xaricdə olan şəxslərə birbaşa göndərilməsi imkanını;

b) göndərən Tərəfin məhkəmə məmurları, vəzifəli şəxsləri və ya digər səlahiyyətli orqanlarının məhkəmə sənədlərinin həmin Tərəfin konsulluq orqanları vasitəsilə və ya qəbul edən Tərəfin məhkəmə məmurları, vəzifəli şəxsləri və ya digər səlahiyyətli orqanları vasitəsilə birbaşa təqdim edilməsi imkanını, əgər qəbul edən Tərəf bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini Avropa Şurasının Baş katibinə təqdim edərkən əks məzmunlu bəyanat verməmişdirsə.

3. Göndərən Tərəf məhkəmə sənədlərini barələrində ilkin tədbirlərin və ya müsadirəyə dair qərarların çıxarıldığı xaricdə olan şəxslərə təqdim edərkən, öz qanunvericiliyinə uyğun olaraq, bu şəxslərin hansı hüquqi müdafiə vasitələrindən istifadə edə biləcəyini göstərir.

 

Maddə 32

Xarici dövlətdə çıxarılan qərarların tanınması

 

1. Sorğu edilən Tərəf 3-cü və 4-cü bölmələr çərçivəsində əməkdaşlığa dair sorğuya baxarkən, üçüncü şəxslərin hüquqları barəsində sorğu edən Tərəfin çıxardığı istənilən məhkəmə qərarını tanıyır.

2. Qərarların tanınmasından aşağıdakı hallarda imtina oluna bilər:

a) üçüncü şəxslər öz hüquqlarını müdafiə etmək üçün kifayət qədər imkanlara malik olmadıqda; və ya

b) qərar eyni məsələyə dair sorğu edilən Tərəfin qəbul etdiyi qərara zidd olduqda; və ya

qərar sorğu edilən Tərəfin ictimai qaydalarına uyğun olmadıqda; və ya

c) qərar sorğu edilən Tərəfin qanunvericiliyində nəzərdə tutulmuş məhkəmə aidiyyətinə dair müddəalara zidd olaraq qəbul edildikdə.

 

Bölmə 7

 

PROSESSUAL VƏ DİGƏR ÜMUMİ NORMALAR

 

Maddə 33

Mərkəzi orqan

 

1. Tərəflər bu fəslə uyğun olaraq sorğuların göndərilməsinə və cavablandırılmasına, belə sorğuların icra edilməsinə və ya onların icra edilməsi üçün müvafiq səlahiyyətə malik orqanlara ötürülməsinə cavabdeh olan mərkəzi orqan, yaxud zəruri hallarda orqanlar təyin edirlər.

2. Hər bir Tərəf bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən, bu maddənin 1-ci bəndinə uyğun olaraq təyin etdiyi orqanların adları və ünvanlan barədə Avropa Şurasının Baş katibini məlumatlandırır.

 

Maddə 34

Birbaşa əlaqə

 

1. Mərkəzi orqanlar bir-biri ilə birbaşa əlaqə saxlayırlar.

2. Təxirəsalınmaz hallarda sorğular və məlumatlar bu fəslə uyğun olaraq sorğu edən Tərəfin məhkəmə orqanları, o cümlədən prokurorluq orqanları tərəfindən sorğu edilən Tərəfin müvafiq orqanlarına birbaşa göndərilə bilər. Belə hallarda, sorğunun və ya məlumatın surəti eyni zamanda sorğu edən Tərəfin mərkəzi orqanı vasitəsilə sorğu edilən Tərəfin mərkəzi orqanına göndərilir.

3. Bu maddənin 1-ci və 2-ci bəndləri çərçivəsində hər hansı bir sorğu və ya məlumat Beynəlxalq Cinayət Polisi Təşkilatı (İNTERPOL) vasitəsilə göndərilə bilər.

4. Əgər sorğu bu maddənin 2-ci bəndinə uyğun olaraq təqdim edilərsə və bu sorğunu qəbul edən orqan ona baxmağa səlahiyyətli deyildirsə, o, sorğunu səlahiyyətli dövlət orqanına ötürür və bu barədə bilavasitə sorğu edən Tərəfi məlumatlandırır.

5. Bu fəslin 2-ci bölməsinə uyğun olaraq təqdim edilən və məcburi tədbirləri nəzərdə tutmayan sorğu və məlumatları sorğu edən Tərəfin səlahiyyətli orqanları bilavasitə sorğu edilən Tərəfin səlahiyyətli orqanlarına göndərə bilər.

6. Göndərilən sorğunun qəbul edildikdən sonra effektiv surətdə icra ediləcəyinə və sorğuya lazımi məlumatların və sorğu edilən Tərəfin qanunvericiliyinin tələblərinə cavab verən yardımçı sənədlərin əlavə edildiyinə əmin olmaq üçün bu fəslə uyğun olaraq sorğuların və məlumatların layihələri rəsmi sorğunun təqdim edilməsindən əvvəl sorğu edən Tərəfin məhkəmə orqanları tərəfindən sorğu edilən Tərəfin məhkəmə orqanlarına göndərilə bilər.

 

Maddə 35

Sorğunun forması və dili

 

1. Bu fəslə uyğun olaraq bütün sorğular yazılı şəkildə təqdim edilir. Sorğular sorğu edən Tərəfin belə sorğuya dair məlumatı yazılı şəkildə və sorğunun əslini, tələb olunduqda, istənilən zaman təqdim edə bilməsi şərtilə, elektron formada və ya istənilən digər rabitə vasitələrilə göndərilə bilər. Bununla belə, hər bir Tərəf istənilən zaman Avropa Şurasının Baş katibinə bəyanat ünvanlamaqla, elektron formada və ya istənilən rabitə vasitələrindən istifadə edilməklə təqdim edilən sorğunun qəbul olunması və icrası şərtlərini göstərə bilər.

2. Bu maddənin 3-cü bəndinin müddəalarını nəzərə almaq şərtilə, sorğuların və ya köməkçi sənədlərin tərcüməsi tələb olunmur.

3. Bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən, hər bir dövlət və ya Avropa İttifaqı Avropa Şurası Baş katibinin adına bəyanat verməklə ona göndərilən sorğuların və köməkçi sənədlərin onun ana dilinə, Avropa Şurasının hər hansı bir rəsmi dilinə və ya bu dillərdən onun qeyd etdiyi hər hansı birinə tərcüməsini tələb etmək hüququnu özündə saxlayacağını bəyan edə bilər. Bu halda Tərəf müəyyən etdiyi hər hansı bir digər dilə tərcümələri qəbul etməyə hazır olduğunu bəyan edə bilər. Digər Tərəflər qarşılıq prinsipini tətbiq edə bilərlər.

 

Maddə 36

Leqallaşdırma

 

Bu fəslə uyğun olaraq göndərilən sənədlər leqallaşdırmaya dair bütün formallıqlardan azaddır.

 

Maddə 37

Sorğunun məzmunu

 

1. Əməkdaşlığa dair hər bir sorğuda bu fəslə uyğun olaraq aşağıdakılar göstərilir:

a) sorğu edən orqan və istintaqı, yaxud cinayət mühakimə icraatını həyata keçirən orqan;

b) sorğunun predmeti və sorğunun verilməsi üçün əsas;

c) cinayət təqibi üzrə bildirişlərin verilməsinə dair sorğular istisna olmaqla, işə aidiyyəti olan faktlar (əməlin törədilmə vaxtı, yeri, törədilmə şəraiti) daxil olmaqla, ibtidai araşdırma və ya məhkəmə icraatı ilə əlaqədar məsələlər;

d) əməkdaşlıq məcburi tədbirlərin həyata keçirilməsini tələb edirsə:

i) qanunvericilik müddəalarının mətnləri və ya bu mümkün olmadıqda, tətbiq edilən qanunun xülasəsi; və

ii) sorğunun predmeti olan tədbirin və ya oxşar nəticələrə səbəb ola biləcək digər tədbirin sorğu edən Tərəfin ərazisində onun öz qanunvericiliyinə uyğun olaraq yerinə yetirilməsinin mümkünlüyü barədə məlumat;

e) lazım gəldikdə və mümkün qədər:

i) sorğuda göstərilən fiziki şəxs və ya şəxslərin adı, doğulduğu tarix və yer, milliyyəti və yaşayış yeri barədə məlumat, sorğu hüquqi şəxs barədə verilirsə, onun baş ofisi barədə məlumat; və

ii) sorğunun predmeti olan əmlak barəsində məlumat, onun yeri, müvafiq şəxs və ya şəxslərlə, eləcə də törədilmiş əməllə əlaqəsi, habelə digər şəxslərin bu əmlaka olan hüquqları barədə hər hansı məlumat; və

f) sorğu edən Tərəfin arzusu ilə əməl edilməli olan hər hansı bir xüsusi prosedur.

2. Müəyyən məbləğin ödənilməsi tələbini əks etdirən müsadirə haqqında qərarın predmeti ola biləcək əmlakın üzərinə həbs qoyma ilə əlaqədar bu Konvensiyanın 3-cü bölməsinə uyğun olaraq ilkin tədbirlərin görülməsinə dair sorğuda həmin əmlaka görə alınmalı maksimal məbləğ də göstərilir.

3. 1-ci bənddə göstərilən məlumatlara əlavə olaraq, 4-cü bölməyə uyğun olaraq təqdim edilən sorğuda aşağıdakılar göstərilir:

a) 23-cü maddənin 1-ci bəndinin “a” yarımbəndi ilə əlaqədar:

i) sorğu edən Tərəfın məhkəməsi tərəfindən qəbul edilmiş müsadirə haqqında qərarın təsdiq olunmuş surəti və qərarın özündə göstərilmədikdə, onun qəbul edilməsini əsaslandıran səbəblər;

ii) müsadirə haqqında qərarın icra olunması və ondan adi qaydada şikayət verilməsinin mümkün olmaması haqqında sorğu edən Tərəfin səlahiyyətli orqanının rəyi;

iii) qərarın hansı dərəcədə icra olunacağına dair məlumat; və

iv) ilkin tədbirlərin həyata keçirilməsi zərurəti ilə bağlı məlumatlar;

b) 23-cü maddənin 1-ci bəndinin “b” yarımbəndi ilə əlaqədar, sorğu edən Tərəfin əsaslandığı və sorğu edilən Tərəfin qanunvericiliyi əsasında qərarın qəbul edilməsi üçün kifayət qədər əsaslandırılmış faktlar;

c) üçüncü şəxslərin öz hüquqlarını bəyan etmək imkanları olmuşdursa, belə halın baş verdiyini təsdiq edən sənədlər.

 

Maddə 38

Qüsurlu sorğular

 

1. Əgər sorğu bu fəslin müddəalarına uyğun deyildirsə və ya sorğuda göstərilən məlumatlar sorğu edilən Tərəfin onunla bağlı qərar qəbul etməsi üçün kifayət etmirsə, həmin Tərəf sorğu edən Tərəfdən sorğuda dəyişikliklərin edilməsini və ya ona lazımi məlumatların əlavə edilməsini xahiş edə bilər.

2. Sorğu edilən Tərəf belə dəyişikliklərin və ya məlumatların qəbul edilməsi ilə bağlı müddət müəyyən edə bilər.

3. Bu fəslin 4-cü bölməsinə uyğun olaraq təqdim edilmiş sorğu ilə əlaqədar tələb olunan dəyişikliklərin və ya məlumatların alınmasına qədər sorğu edilən Tərəf bu fəslin 2-ci və 3-cü bölmələrində göstərilən hər hansı tədbiri həyata keçirə bilər.

 

Maddə 39

Sorğuların çoxluğu

 

1. Sorğu edilən Tərəf bu fəslin 3-cü və 4-cü bölmələrinə uyğun olaraq eyni şəxs və ya əmlak barəsində bir neçə sorğu aldığı təqdirdə, sorğuların çoxluğu sorğu edilən Tərəfin sorğular üzrə ilkin tədbirləri yerinə yetirməsinə mane olmamalıdır.

2. Bu fəslin 4-cü bölməsinə uyğun olaraq göndərilən sorğuların sayca çox olduğu təqdirdə, sorğu edilən Tərəf sorğu edən Tərəflərlə məsləhətləşmələr aparılmasının imkanlarını nəzərdən keçirir.

 

Maddə 40

Səbəblərin göstərilməsi öhdəliyi

 

Sorğu edilən Tərəf bu fəslə uyğun olaraq əməkdaşlıq haqqında sorğuya dair imtinanın, təxirəsalmanın və ya müəyyən şərtlərin qoyulmasının səbəblərini göstərir.

 

Maddə 41

Məlumatlandırma

 

1. Sorğu edilən Tərəf sorğu edən Tərəfi təxirə salmadan aşağıdakılar barədə məlumatlandırır:

a) bu fəslə uyğun olaraq təqdim edilmiş sorğu əsasında həyata keçirilən tədbirlər;

b) sorğu əsasında həyata keçirilmiş tədbirlərin yekun nəticəsi;

c) bu fəslə uyğun olaraq əməkdaşlıqdan tam və ya qismən imtina edilməsi, onun təxirə salınması və ya müəyyən şərtlərin irəli sürülməsinə dair qərar;

d) sorğu edilən tədbirlərin yerinə yetirilməsini qeyri-mümkün edən və ya onun yerinə yetirilməsini əhəmiyyətli dərəcədə ləngidən istənilən hallar; və

e) bu fəslin. 2-ci və ya 3-cü bölmələrinə uyğun olaraq təqdim edilmiş sorğu əsasında ilkin tədbirlərin həyata keçirilməsi zərurəti yarandıqda, öz milli qanunvericiliyinin həmin ilkin tədbirin ləğv olunmasına səbəb olacaq müddəaları.

2. Sorğu edən Tərəf sorğu edilən Tərəfi təxirə salmadan aşağıdakılar barədə məlumatlandırır:

a) müsadirə haqqında qərarın öz qüvvəsini tam və ya qismən itirməsi ilə əlaqədar olan hər hansı bir təkrar müzakirə, qərar və ya digər hallar; və

b) bu fəsil üzrə hər hansı bir hərəkətin əsassız xarakter almasına səbəb ola bilən hər hansı faktiki və ya hüquqi dəyişiklik.

3. Tərəf müsadirəyə dair eyni qərar əsasında əmlakın bir neçə Tərəfin ərazisində müsadirəsi haqqında-sorğu təqdim edərsə, o, qərarın icrası ilə əlaqədar bütün Tərəfləri sorğu barədə məlumatlandırır.

 

Maddə 42

İstifadənin məhdudlaşdırılması

 

1. Sorğu edilən Tərəf sorğunu təqdim edilmiş məlumatın və ya sübutun onun əvvəlcədən razılığı olmadan sorğu edən Tərəfin orqanları tərəfindən sorğuda göstəriləndən fərqli olan ibtidai araşdırma və ya məhkəmə icraatı üçün istifadə olunmaması və ya ötürülməməsi şərtilə icra edə bilər.

2. Hər bir Tərəf və ya Avropa İttifaqı bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən Avropa Şurası Baş katibinin adına bəyanat verməklə bildirə bilər ki, bu fəslə uyğun olaraq təqdim etdiyi məlumatlar və ya sübutlar onun əvvəlcədən razılığı olmadan sorğu edən Tərəfin orqanları tərəfindən sorğuda göstərilənlərdən fərqli olan ibtidai araşdırma və ya məhkəmə icraatı üçün istifadə edilə və ya ötürülə bilməz.

 

Maddə 43

Məxfilik

 

1. Sorğu edən Tərəf sorğu edilən Tərəfdən faktların və sorğunun məzmununun məxfi saxlanılmasını və onların yalnız sorğunun icrası üçün lazım olan dərəcədə açıqlanmasını tələb edə bilər. Sorğu edilən Tərəf konfidensiallıq tələblərinə riayət edə bilmirsə, sorğu edən Tərəfi bu barədə təxirə salınmadan məlumatlandırır.

2. Sorğu edilən Tərəf onun daxili qanunvericiliyinin əsas prinsiplərinə zidd olmadığı və tələb edildiyi təqdirdə, sorğuda göstərilən məlumatları ibtidai araşdırma və ya məhkəmə icraatı üçün zəruri olan həcmdə açıqlamaq istisna olmaqla, sorğu edən Tərəfin təqdim etdiyi sübutları və məlumatları məxfi saxlayır.

3. 20-ci maddəyə uyğun olaraq sorğu təqdim etmədən məlumat almış Tərəf milli qanunvericiliyinin müddəalarını nəzərə alaraq, həmin məlumatı təqdim etmiş Tərəfin konfidensiallığa dair bütün tələblərini yerinə yetirir. Əgər həmin Tərəf bu tələbləri yerinə yetirə bilmirsə, bu barədə məlumatı təqdim etmiş Tərəfi təxirə salınmadan məlumatlandırır.

 

Maddə 44

Xərclər

 

Sorğunun icrası ilə əlaqədar olan adi xərcləri sorğu edilən Tərəf ödəyir. Əgər sorğunun icrası üçün əhəmiyyətli və ya fövqəladə xərclər tələb olunarsa, Tərəflər sorğunun icrası və xərclərin ödənilməsi şərtləri barədə razılıq əldə etmək üçün müzakirələr aparırlar.

 

Maddə 45

Zərər

 

1. Əgər hər hansı bir şəxs bu fəsil çərçivəsində əməkdaşlıqla əlaqədar hərəkətin və ya hərəkətsizliyin səbəb olduğu zərərə görə məsuliyyət haqqında iddia verərsə, Tərəflər lazım gəldikdə, bu zərərin ödənilməsi üçün hər hansı bir məbləğin bölüşdürülməsi məqsədilə qarşılıqlı məsləhətləşmələrin aparılmasının mümkünlüyünü müzakirə edirlər.

2. Zərərin ödənilməsinə görə məhkəmə mübahisəsinin subyektinə çevrilmiş Tərəf işdə marağı ola biləcək digər Tərəfi məlumatlandırmaq üçün tədbirlər həyata keçirir.

 

5-ci fəsil

 

MMO-lar ARASINDA ƏMƏKDAŞLIQ

 

Maddə 46

MMO-lar arasında əməkdaşlıq

 

1. Tərəflər bu Konvensiya ilə müəyyən edilmiş MMO-ların öz səlahiyyətləri daxilində pulların leqallaşdırılmasına qarşı mübarizə məqsədilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması əlamətlərinin mövcud olma ehtimalı olan istənilən fakta dair aidiyyəti məlumatların toplanması, təhlili və ya müvafiq hallarda, MMO daxilində təhqiqatı üzrə əməkdaşlıq etmələrini təmin edirlər.

2. 1-ci bəndin məqsədləri üçün hər bir Tərəf MMO-nun öz təşəbbüsü ilə və ya sorğu əsasında, o cümlədən bu Konvensiyaya və ya bu Konvensiya ilə uzlaşan mövcud və ya gələcəkdə imzalanacaq anlaşma memorandumlarına uyğun olaraq, pulların leqallaşdırılması ilə əlaqəli maliyyə əməliyyatları və bununla əlaqəli hüquqi və ya fiziki şəxslərlə bağlı məlumatların MMO tərəfindən emalı, təhlili, yaxud müvafiq halda təhqiqatına aidiyyəti olan və MMO-nın çıxışı olan istənilən məlumatın mübadiləsini təmin edir.

3. Hər bir Tərəf inzibati, hüquq mühafizə və ya məhkəmə orqanı olmasından asılı olmayaraq, MMO-nun ölkədaxili statusunun onların bu maddə çərçivəsində öz funksiyalarını həyata keçirməsinə təsir göstərməyəcəyini təmin edir.

4. Bu maddə üzrə təqdim edilən hər bir sorğu sorğu edən MMO-ya məlum olan müvafiq faktların qısa xülasəsilə müşayiət olunur. MMO sorğu edilən məlumatın hansı məqsədlər üçün istifadə ediləcəyini sorğuda göstərir.

5. Bu maddəyə uyğun olaraq sorğu verildikdə, sorğu edilən MMO mövcud olan maliyyə xarakterli məlumatlar və hüquq mühafizə fəaliyyəti üzrə sorğu edilən məlumatlar da daxil olmaqla, müvafiq konvensiyalar və Tərəflər arasında bağlanılmış müqavilələrə uyğun olaraq rəsmi sorğunun təqdim edilməsi zərurəti olmadan sorğuda göstərilən bütün aidiyyəti məlumatları təqdim edir.

6. Sorğu edilən Tərəfdə həyata keçirilən cinayət təqibinə xələl gətirdikdə və ya müstəsna hallarda məlumatın açıqlanması aşkar surətdə fiziki və hüquqi şəxslərin və ya maraqlı Tərəfin maraqlarına zidd olduqda və ya sorğu edilən Tərəfin milli hüquq sisteminin fundamental prinsiplərinə uyğun olmadıqda, MMO məlumatı açıqlamaqdan imtina edə bilər. İstənilən belə imtina sorğu edən MMO-ya müvafiq qaydada izah olunur.

7. Bu maddə üzrə əldə edilmiş məlumatlar və ya sənədlər yalnız 1-ci bənddə nəzərdə tutulmuş məqsədlər üçün istifadə olunur. Tərəfdaş MMO tərəfindən təqdim olunmuş məlumatlar məlumatı təqdim etmiş MMO-nun əvvəlcədən alınmış razılığı olmadan üçüncü tərəfə açıqlanmır və məlumatı almış MMO tərəfindən təhlil məqsədlərindən kənar istifadə edilmir.

8. Bu maddəyə uyğun olaraq, məlumatlar və ya sənədlər təqdim edilərkən, məlumatı təqdim edən MMO təqdim olunmuş məlumatların 7-ci bənddə nəzərdə tutulmuş məqsədlərdən kənar istifadəsi üzrə məhdudiyyətlər və şərtlər müəyyən edə bilər. Məlumatı əldə edən MMO istənilən belə məhdudiyyət və şərtlərə əməl edir.

9. Tərəf təqdim olunmuş məlumatları və ya sənədləri 7-ci bənddə nəzərdə tutulmuş məqsədlərlə cinayət təqibi və ya ittiham üçün istifadə etmək istəyərsə, məlumatı təqdim edən MMO məhdudiyyətin onun milli hüququna əsaslandığı və ya 6-cı bənddə nəzərdə tutulmuş şərtlərdən irəli gəldiyi hallar istisna olmaqla, belə istifadəyə razılıq verilməsindən imtina edə bilməz. Razılıq verilməsindən istənilən imtina müvafiq qaydada izah olunur.

10. MMO-lar digər orqan, agentlik və ya departamentlərin bu maddə üzrə təqdim olunan məlumatlara çıxışının olmaması üçün təhlükəsizlik tədbirləri də daxil olmaqla, bütün zəruri tədbirləri həyata keçirirlər.

11. Təqdim olunan məlumat Avropa Şurasının “Fərdi məlumatların avtomatlaşdırılmış emalı üzrə şəxslərin müdafiəsi haqqında” 1981-ci il 28 yanvar tarixli ETS 108 nömrəli Konvensiyasına uyğun olaraq və Avropa Şurasının Nazirlər Komitəsinin polis sektorunda fərdi məlumatların istifadəsini tənzimləyən 1987-ci il 15 sentyabr tarixli R(87)15 nömrəli Tövsiyəsi nəzərə alınmaqla, ən azı sorğu edən MMO-nun milli qanunvericiliyinə müvafiq qaydada fərdi məlumatların məxfiliyinin təmin olunması və qorunması qaydaları ilə mühafizə edilir.

12. Məlumatı təqdim edən MMO təqdim olunan məlumatın istifadəsi barədə əsaslandırılmış sorğular təqdim edə bilər və məlumatı əldə etmiş MMO, praktiki olaraq mümkün olduqda, tələb olunan məlumatları təqdim edir.

13. Tərəflər bu maddənin məqsədləri üçün hansı orqanın MMO olduğunu göstərirlər.

 

Maddə 47

Şübhəli əməliyyatların dayandırılması məqsədilə beynəlxalq əməkdaşlıq

 

1. Hər bir Tərəf xarici dövlətin MMO-nun sorğusu əsasında əməliyyatların dayandırılması üçün milli qanunvericiliyi ilə müəyyən edilmiş eyni şərtlərlə və eyni müddət çərçivəsində əməliyyatın dayandırılmasına və ya həyata keçirilməsinə razılığın verilməməsi ilə bağlı təxirəsalınmaz tədbirlərin MMO tərəfindən başlanılmasına şərait yaratmaq üçün qanunvericilik və ya digər zəruri tədbirləri qəbul edir.

2. Sorğu edilən MMO sorğu edən MMO-nın təqdim etdiyi əsaslandırma nəticəsində aşağıdakılara əmin olduqda, bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir:

a) əməliyyatın pulların leqallaşdırılması ilə əlaqəli olmasına; və

b) əməliyyat barəsində MMO-ya ölkə daxilindən şübhəli əməliyyata dair məlumat təqdim edildiyi halda, bu əməliyyatın dayandırılacağına və ya onun həyata keçirilməsinə razılıq verilməyəcəyinə.

 

6-cı fəsil

 

MONİTORİNQ MEXANİZMİ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

 

Maddə 48

Monitorinq mexanizmi və mübahisələrin həlli

1. Tərəflər Konfransı Konvensiyanın sonrakı tətbiqinə məsuldur. Tərəflər Konfransı:

a) Tərəflərin Konvensiyanı lazımi qaydada tətbiq etməsinin monitorinqini aparır;

b) Tərəfin sorğusu əsasında Konvensiyanın şərhinə və tətbiqinə dair istənilən məsələ üzrə rəyini bildirir.

2. Tərəflər Konfransı 1-ci bəndin “a” yarımbəndi üzrə funksiyalarını müvafiq halda dövri özünüqiymətləndirmə anketi əlavə edilmiş Pulların Yuyulmasına Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Seçilmiş Ekspertlər Komitəsinin (MONEYVAL) ictimaiyyətə açıq hesabatlarından (MONEYVAL-a üzv olan ölkələr üçün) və FATF-nin istənilən ictimaiyyətə açıq hesabatlarından (FATF-a üzv olan ölkələr üçün) istifadə etməklə həyata keçirir. Monitorinq proseduru bu Konvensiyanın əhatə etdiyi və FATF, habelə MONEYVAL-ın qarşılıqlı qiymətləndirmələrinin əsaslandığı digər müvafiq beynəlxalq standartlarla əhatə olunmayan sahələrini əhatə edir.

3. Əgər Tərəflər Konfransı öz funksiyalarını həyata keçirmək üçün əlavə məlumatların tələb olunması qənaətinə gələrsə, Tərəflər Konfransının tələb etdiyi halda, MONEYVAL-ın prosedur və mexanizmlərindən istifadə edərək aidiyyəti Tərəflə əlaqə yaradır. Bundan sonra aidiyyəti Tərəf Tərəflər Konfransına hesabat təqdim edir. Tərəflər Konfransı bu əsasda aidiyyəti Tərəfin mövqeyinin daha dərindən qiymətləndirilməsinin həyata keçirilib-keçirilməməsinə qərar verir. Belə qiymətləndirməyə, zərurət olduqda, ölkəyə qiymətləndirmə heyətinin səfər etməsi daxil edilə bilər.

4. Bu Konvensiyanın şərhi və tətbiqi ilə bağlı Tərəflər arasında mübahisə yarandığı təqdirdə, onlar bu mübahisənin Tərəflər Konfransına, qərarları Tərəflər üçün məcburi olan arbitraj orqanına və ya Tərəflərin razılığına əsasən Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilməsi də daxil olmaqla, danışıqlar yolu ilə, yaxud öz seçimləri ilə hər hansı digər dinc vasitələrlə həll edilməsinə çalışırlar.

5. Tərəflər Konfransı öz prosedur qaydalarını müəyyən edir.

6. Avropa Şurasının Baş katibi bu Konvensiyanın qüvvəyə mindiyi tarixdən 1 (bir) il müddətindən gec olmayaraq Tərəflər Konfransının ilk iclasını çağırır. Bundan sonra Tərəflər Konfransının mütəmadi iclasları Tərəflər Konfransının təsdiq etdiyi prosedur qaydalarına müvafiq olaraq keçirilir.

 

7-ci fəsil

 

YEKUN MÜDDƏALAR

 

Maddə 49

İmzalama və qüvvəyəminmə

 

1. Bu Konvensiya Avropa Şurasının üzv dövlətləri, Avropa İttifaqı və onun işlənilib hazırlanmasında iştirak edən digər üzv olmayan dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır. Bu dövlətlər, yaxud Avropa İttifaqı bu Konvensiyanın məcburiliyinə öz razılıqlarını aşağıdakılarla ifadə edə bilər:

a) ratifikasiya, qəbuletmə və ya təsdiqetmə haqqında qeyd-şərt etmədən imzalama; və ya

b) sonradan ratifikasiya, qəbuletmə və ya təsdiqetmə ilə ratifikasiya, qəbuletmə və ya təsdiqetmə haqqında qeyd-şərt etməklə imzalama.

2. Ratifikasiya, qəbuletmə və ya təsdiqetmə haqqında sənədlər Avropa Şurasının Baş katibinə saxlanca verilir.

3. Bu Konvensiya ən azı 4-ü Avropa Şurasının üzv-dövləti olmaqla 6 Tərəfin 1-ci bəndin müddəalarına uyğun olaraq, bu Konvensiyanın məcburiliyinə öz razılıqlarını ifadə etdiyi tarixdən 3 (üç) ay sonra növbəti ayın birinci günü qüvvəyə minir.

4. Bu Konvensiyam imzalayan və onun məcburiliyinə öz razılığını daha sonra ifadə edən hər bir Tərəf üçün bu Konvensiya, 1-ci bəndin müddəalarına uyğun olaraq, onun bu Konvensiyanın məcburiliyinə öz razılığını ifadə etdiyi tarixdən etibarən 3(üç) ay müddətinin bitməsindən sonra növbəti ayın birinci günü qüvvəyə minir.

5. 1990-cı il Konvensiyasının heç bir Tərəfi bu Konvensiyam ən azı məcburiliyinə razılığını ifadə etdiyi 1990-cı il Konvensiyasının müddəalarına uyğun gələn müddəalarının məcburiliyinə öz razılığını ifadə etmədən ratifikasiya, qəbul və ya təsdiq edə bilməz.

6. Eyni zamanda həm bu Konvensiyanın, həm də 1990-cı il Konvensiyasının iştirakçısı olan Tərəflər:

a) bu Konvensiyanın müddəalarını öz qarşılıqlı münasibətlərində tətbiq edirlər;

b) 1990-cı il Konvensiyasının müddəalarını 1990-cı il Konvensiyasının iştirakçısı olan, lakin bu Konvensiyanın iştirakçısı olmayan Tərəflərlə münasibətlərində tətbiq etməyə davam edirlər.

 

Maddə 50

Konvensiyaya qoşulma

 

1. Bu Konvensiya qüvvəyə mindikdən sonra Avropa Şurasının Nazirlər Komitəsi Konvensiyanın iştirakçı dövlətləri ilə məsləhətləşmələr apararaq, Avropa Şurasının üzvü olmayan və bu Konvensiyanın işlənilib hazırlanmasında iştirak etməyən istənilən dövləti Avropa Şurası Nizamnaməsinin 20.d maddəsində nəzərdə tutulduğu kimi səs çoxluğu ilə və Komitədə iştirak hüququ olan Tərəflərin nümayəndələri tərəfindən yekdilliklə qəbul edilmiş qərar ilə Konvensiyaya qoşulmağa dəvət edə bilər.

2. Bu Konvensiyaya qoşulan hər bir dövlətə münasibətdə Konvensiya qoşulma haqqında sənədin Avropa Şurasının Baş katibinə saxlanca verildiyi tarixdən etibarən 3 (üç) ay müddətinin bitməsindən sonra növbəti ayın birinci günü qüvvəyə minir.

 

Maddə 51

Ərazi üzrə tətbiqi

 

1. Hər bir dövlət və ya Avropa İttifaqı bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən, bu Konvensiyanın hansı ərazi və ya ərazilərə tətbiq edilməsini göstərə bilər.

2. Hər bir Tərəf daha sonra Avropa Şurası Baş katibinin adına bəyanat verməklə, bu Konvensiyanın təsir dairəsini həmin bəyanatda göstərilmiş hər hansı bir digər əraziyə münasibətdə genişləndirə bilər. Konvensiya belə əraziyə münasibətdə Avropa Şurasının Baş katibi tərəfindən belə bəyanatın alındığı tarixdən etibarən 3 (üç) ay müddətinin bitməsindən sonra növbəti ayın birinci günü qüvvəyə minir.

3. Əvvəlki iki bəndə uyğun olaraq təqdim edilmiş hər hansı bəyanat həmin bəyanatda göstərilən hər hansı bir əraziyə dair Avropa Şurası Baş katibinin adına bildiriş təqdim edilməklə geri götürülə bilər. Geriyə götürmə Avropa Şurasının Baş katibi tərəfindən müvafiq bəyanatın alındığı tarixdən etibarən 3 (üç) ay müddətinin bitməsindən sonra növbəti ayın birinci günü qüvvəyə minir.

 

Maddə 52

Digər konvensiyalarla və sazişlərlə əlaqə

 

1. Bu Konvensiya Tərəflərin konkret məsələlər üzrə çoxtərəfli beynəlxalq sənədlərdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

2. Konvensiyanın Tərəfləri bu Konvensiyada toxunulan məsələlərə dair onun müddəalarına əlavələr edilməsi və ya bu müddəaların möhkəmləndirilməsi, yaxud onda əks olunan prinsiplərin tətbiqinin asanlaşdırılması məqsədilə bir-biri ilə ikitərəfli və çoxtərəfli sazişlər bağlaya bilərlər.

3. İki və ya daha çox Tərəf artıq bu Konvensiyanın toxunduğu hər hansı bir məsələyə dair saziş və ya müqavilə bağlamışdırsa və ya bu məsələyə dair öz münasibətlərini digər qaydada müəyyənləşdirmişdirsə və bu, beynəlxalq əməkdaşlığa şərait yaradırsa, onlar bu Konvensiyanın əvəzinə həmin saziş və ya müqaviləni tətbiq edə, yaxud müvafiq qaydada öz münasibətlərini tənzimləyə bilərlər.

4. Avropa İttifaqının üzvü olan Tərəflər bu Konvensiyanın məqsəd və predmetinə və onun digər Tərəflərlə münasibətlərinin tam tətbiqinə xələl gətirmədən öz qarşılıqlı münasibətlərində Avropa İttifaqı və ya Birliyinin qaydalarının tənzimlədiyi və tətbiq olunduğu xüsusi məsələlərdə və spesifik hallarda Avropa İttifaqı və ya Birliyinin qaydalarını tətbiq edirlər.(1)

 

Maddə 53

Bəyanatlar və qeyd-şərtlər

 

1. Hər bir dövlət və ya Avropa Birliyi bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən, bu Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndinə, 9-cu maddəsinin 4-cü bəndinə, 17-ci maddəsinin 5-ci bəndinə, 24-cü maddəsinin 3-cü bəndinə, 31-ci maddəsinin 2-ci bəndinə, 35-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə və 42-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq bir və ya bir neçə qeyd-şərtin tətbiq edilməsinə dair bəyanat verə bilər.

2. Hər bir dövlət və ya Avropa Birliyi bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən, Avropa Şurası Baş katibinin adına verilmiş bəyanatla, bu Konvensiyanın 7-ci maddəsinin 2-ci bəndinin “c" yarımbəndini, 9-cu maddəsinin 6-cı bəndini, 46-cı maddəsinin 5-ci bəndini və 47-ci maddəsini tam və ya qismən tətbiq etməmək hüququnu özündə saxlaya bilər.

3. Hər bir Tərəf və ya Avropa Birliyi bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən, xüsusən cinayət işlərinə dair beynəlxalq əməkdaşlıq sahəsində tətbiq olunan beynəlxalq müqavilələri nəzərə alaraq, bu Konvensiyanın 17-ci və 19-cu maddələrini hansı qaydada tətbiq etmək niyyətində olduğunu bəyan edə bilər. Belə bəyanat verən Tərəf Avropa Şurasının Baş katibini təqdim olunmuş məlumatda hər hansı bir dəyişiklik barədə məlumatlandırır.

4. Hər bir dövlət və ya Avropa Birliyi bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən aşağıdakılar barədə bəyanat verə bilər:

a) bu Konvensiyanın 3-cü maddəsinin 4-cü bəndini tətbiq etməyəcəyi; və ya

b) bu Konvensiyanın 3-cü maddəsinin 4-cü bəndini yalnız qismən tətbiq edəcəyi; və ya

bu Konvensiyanın 3-cü maddəsinin 4-cü bəndini hansı qaydada tətbiq edəcəyi niyyətində olduğu.

c) Belə bəyanat verən Tərəf Avropa Şurasının Baş katibini təqdim olunmuş məlumatda hər hansı bir dəyişiklik barədə məlumatlandırır.

5. Qeyd olunanlardan başqa, hər hansı digər qeyd-şərt edilə bilməz.

6. Bu maddəyə uyğun olaraq qeyd-şərt etmiş hər bir Tərəf təqdim etdiyi qeyd-şərti Avropa Şurası Baş katibinin adına bildiriş göndərməklə tam və ya qismən geri götürə bilər. Geriyə götürmə Avropa Şurasının Baş katibi belə bildirişi aldığı gündən qüvvəyə minir.

7. Bu Konvensiyanın hər hansı bir müddəasına dair qeyd-şərt etmiş Tərəf digər bir Tərəfin həmin müddəanı tətbiq etməsini tələb edə bilməz, lakin onun qeyd-şərti natamamdırsa və ya şərti xarakter daşıyırsa, belə qeyd-şərti etmiş Tərəf həmin müddəanın tətbiqini özü qəbul etdiyi həcmdə tələb edə bilər.

 

Maddə 54

Dəyişikliklər

 

1. Hər bir Tərəf bu Konvensiyada dəyişikliklər haqqında təkliflər təqdim edə bilər. Təqdim edilən təkliflər Avropa Şurasının Baş katibi tərəfindən Avropa Şurasının üzv dövlətlərinə, Avropa Birliyinə və 50-ci maddənin müddəalarına uyğun olaraq, bu Konvensiyaya qoşulmuş və ya qoşulmağa dəvət edilmiş Avropa Şurasının üzvü olmayan hər bir dövlətə ötürülür.

2. Tərəfin təqdim etdiyi istənilən dəyişiklik Cinayətkarlıq problemləri üzrə Avropa Komitəsinə (CPAK) ötürülür, Komitə öz növbəsində, təklif edilən həmin dəyişikliyə dair rəyini Nazirlər Komitəsinə təqdim edir.

3. Nazirlər Komitəsi təklif edilən dəyişikliyi və Cinayətkarlıq Problemləri üzrə Avropa Komitəsinin (CPAK) təqdim etdiyi rəyi nəzərdən keçirərək, həmin dəyişikliyi Avropa Şurasının Nizamnaməsinin 20.d maddəsində nəzərdə tutulduğu kimi, səs çoxluğu ilə qəbul edə bilər.

4. Bu maddənin 3-cü bəndinə uyğun olaraq Nazirlər Komitəsi tərəfindən təsdiq edilmiş hər hansı bir dəyişikliyin mətni qəbul olunması üçün Tərəflərə göndərilir.

5. Bu maddənin 3-cü bəndinə uyğun olaraq qəbul edilmiş hər hansı bir dəyişiklik bütün Tərəflər bu dəyişikliyə razılıqları barədə Avropa Şurasının Baş Katibini məlumatlandırdıqları tarixdən 30 gün sonra qüvvəyə minir.

6. Əlavədə göstərilmiş cinayət əməlləri kateqoriyalarının yenilənməsi, habelə 13-cü maddəyə əlavə və dəyişikliklərin daxil edilməsi məqsədilə dəyişikliklər istənilən Tərəf və ya Nazirlər Komitəsi tərəfindən təklif edilə bilər. Qeyd olunan təklifləri Avropa Şurasının Baş katibi Tərəflərə göndərir.

7. Avropa Şurasının üzvü olmayan Tərəflərlə və zərurət olduqda, Cinayətkarlıq Problemləri üzrə Avropa Komitəsi ilə məsləhətləşdikdən sonra Nazirlər Komitəsi bu maddənin 6-cı bəndinə uyğun olaraq təklif edilən dəyişiklikləri Avropa Şurası Nizamnaməsinin 20.d maddəsində nəzərdə tutulduğu kimi, səs çoxluğu ilə qəbul edə bilər. Qeyd olunan dəyişiklik Tərəflərə təqdim edildiyi gündən 1 (bir) ii sonra qüvvəyə minir. Bu müddət ərzində hər bir Tərəf öz növbəsində dəyişikliyin qüvvəyə minməsinə istənilən etiraz barəsində Avropa Şurasının Baş katibinə bildiriş təqdim edə bilər.

8. Tərəflərdən üçdə biri dəyişikliyin qüvvəyə minməsinə etiraz barədə Avropa Şurasının Baş katibinə bildiriş təqdim etdiyi təqdirdə, dəyişiklik qüvvəyə minmir.

9. Tərəflərin üçdə bir hissəsindən azı dəyişikliyin qüvvəyə minməsinə etiraz edərsə, dəyişiklik etiraz barədə bildiriş təqdim etməmiş Tərəflərə münasibətdə qüvvəyə minir.

10. Əgər dəyişiklik bu maddənin 6-9-cu bəndlərinə uyğun olaraq qüvvəyə ninmişdirsə və Tərəf ona öz etirazını bildirmişdirsə, dəyişiklik həmin Tərəfə münasibətdə dəyişikliyi təsdiq etməsi barədə Avropa Şurasının Baş Katibinə bildiriş təqdim etdiyi tarixdən etibarən növbəti ayın birinci günü qüvvəyə minir. Dəyişikliyin qüvvəyə minməsinə etiraz etmiş Tərəf öz etirazını istənilən vaxt Avropa Şurasının Baş katibinin adına bildiriş göndərməklə geri götürə bilər.

11. Əgər dəyişiklik Nazirlər Komitəsi tərəfindən qəbul edilmişdirsə, dövlət və ya Avropa Birliyi eyni zamanda qeyd olunan dəyişikliyi qəbul etmədən Konvensiyanın məcburiliyinə razılığını ifadə edə bilməz.

 

Maddə 55

Denonsasiya

 

1. Hər bir Tərəf Avropa Şurasının Baş katibinin adına bildiriş göndərməklə bu Konvensiyanı istənilən zaman denonsasiya edə bilər.

2. Belə denonsasiya Avropa Şurasının Baş katibi tərəfindən bildirişin alındığı tarixdən 3 ay sonra növbəti ayın birinci günü qüvvəyə minir.

3. Belə denonsasiya qüvvəyə mindiyi tarixə qədər bu Konvensiyanın müddəalarına uyğun olaraq sorğu edilən müsadirənin 23-cü maddəyə əsasən icra edilməsinə münasibətdə bu Konvensiyanın tətbiqi davam edir.

 

Maddə 56

Bildirişlər

 

Avropa Şurasının Baş katibi Avropa Şurasının üzv dövlətlərinə, Avropa Birliyinə, Konvensiyanın işlənilib hazırlanmasında iştirak edən üzv olmayan dövlətlərə, Konvensiyaya qoşulmaq üçün dəvət olunmuş dövlətlərə və Konvensiyaya qoşulmuş bütün digər Tərəflərə aşağıdakılar barədə bildiriş göndərir:

a) hər hansı imzalanma;

b) hər hansı bir ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədlərin saxlanca təqdim edilməsi;

c) 49-cu və 50-ci maddələrə uyğun olaraq, bu Konvensiyanın qüvvəyəminmə tarixi;

d) bu Konvensiyanın 53-cü maddəsinə uyğun olaraq edilmiş hər hansı bir bəyanat və ya qeyd-şərt;

e) bu Konvensiya ilə əlaqədar hər hansı bir hərəkət, bildiriş və ya məlumat.

Bunun təsdiqi olaraq, müvafiq qaydada səlahiyyət verilmiş aşağıda imza edənlər bu Konvensiyanı imzaladılar.

2005-ci il 16 may tarixində Varşava şəhərində, ingilis və fransız dillərində tam autentik olaraq imzalanan hər iki mətn bir nüsxədə olmaqla eyni qüvvəyə malikdir, həmin nüsxə Avropa Şurasının arxivlərində saxlanılacaqdır. Avropa Şurasının Baş katibi Konvensiyanın təsdiq edilmiş surətlərini Avropa Şurasının hər bir üzv dövlətinə, Avropa Birliyinə, Konvensiyanın hazırlanmasında iştirak edən Avropa Şurasının üzvü olmayan dövlətlərə və Konvensiyaya qoşulmaq haqqında təklif alan hər bir dövlətə göndərir.

 


 

A VROPA ŞURASININ MÜQA VİLƏLƏR SERİYASI № 198

 

Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına,

axtarışma, həbsinə və müsadirəsinə, o cümlədən terrorçuluğun

maliyyələşdirilməsinə dair Avropa Şurasının

 

KONVENSİYASI

 

Varşava, 16. 05. 2005

 

Əlavə*

 

a) mütəşəkkil cinayətkar qruplarda iştirak və reketlik;

b) terrorçuluq, o cümlədən terrorçuluğun maliyyələşdirilməsi;

c) insan alveri və qanunsuz miqrasiya;

d) cinsi istismar, o cümlədən uşaqların cinsi istismarı;

e) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi;

f) qanunsuz silah dövriyyəsi;

g) oğurlanmış və digər əmlakın qanunsuz dövriyyəsi;

h) korrupsiya və rüşvətxorluq;

i) dələduzluq;

j) pul nişanlarının saxtalaşdırılması;

k) əmtəə və məhsulların saxtalaşdırılması;

l) ekoloji cinayətlər;

m) adam öldürmə, ağır bədən xəsarətinin yetirilməsi;

n) adam oğurluğu, qanunsuz azadlıqdan məhrumetmə və adamları girov götürmə;

o) soyğunçuluq və ya oğurluq;

p) qaçaqmalçılıq (habelə gömrük və aksiz rüsum və vergiləri ilə bağlı olaraq);

q) vergi cinayətləri (birbaşa və dolayı vergilərlə bağlı olaraq);

r) hədə-qorxu ilə tələb etmə;

s) saxtakarlıq;

t) əmtəə nişanlarından qanunsuz istifadə etmə;

u) insayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə və bazar qiymətlərilə manipulyasiya (xidməti məlumatların alqı-satqısı və ya manipulyasiyası).


 

 



[1] Avropa İttifaqına dair Sazişə və Avropa Birliyinin yaradılmasına dair Sazişə əlavə və dəyişikliklərin edildiyi Lissabon Sazişi 2009-cu ilin 1 dekabr tarixində qüvvəyə minmişdir. Beləliklə, həmin tarixdən etibarən Avropa İqtisadi Birliyi dedikdə Avropa İttifaqı nəzərdə tutulur.

1 Katibliyin qeydi: Avropa Şurasının Nazirlər Komitəsinin Konvensiyanı 2005-ci il 3 may tarixində qəbul etməsi ilə əlaqədar olaraq Avropa Birliyi və Avropa İttifaqının üzv dövlətləri tərəfindən hazırlanmış Bəyanata baxın:

“Avropa İttifaqı/lBirliyi və onun üzv dövlətləri təsdiq edir ki, “ayrılma bəndi”nin daxil edilməsi il bağlı müraciətin məqsədi beynəlxalq konvensiyalara qoşulma zamanı, xüsusən suveren səlahiyyətlərin üzv dövlətlərdən Birliyə ötürüldüyü halda, İttifaqın institusional strukturunun nəzərə alınmasından ibarətdir. Bu maddə Avropa İttifaqının üzvü olmayan Tərəfin hüquqlarının azaldılması və ya Avropa Birliyi/Avropa İttifaqı və onun üzv dövlətlərinin qarşısında öhdəliklərinin artırılmasını hədəfləmir, belə ki, sonuncular da bu Konvensiyanın tərəfləridirlər. Avropa İttifaqının üzv dövlətlərinin Konvensiyadan irəli gələn hüquq və öhdəliklərə birbaşa olaraq öz aralarında (yaxud özləri ilə Avropa İttifaqı//Birliyi arasında) istinad və onları tətbiq edə bilməməsini göstərmək baxımından “ayrılma bəndi” Konvensiyanın Avropa İttifaqı/Birliyinin səlahiyyətlərinə aid hissələri üçün zəruridir. Bu, Konvensiyanın bir tərəfdən Avropa İttifaqı/Birliyi və onun üzv dövlətləri, digər tərəfdən Konvensiyanın digər Tərəfləri tərəfindən tam tətbiq edilməsi faktının əhəmiyyətini azaltmamalıdır. Birlik və Avropa İttifaqının üzv dövlətləri bu Konvensiyaya bağlıdırlar və Konvensiyanın istənilən digər Tərəfi kimi, zərurət olduqda, Birlik/İttifaq qanunvericiliyi vasitəsilə onu tətbiq edəcəkdir. Beləliklə, onlar Avropa İttifaqına üzv olmayan Tərəflər qarşısında konvensiyanın müddəalarına tam əməl edilməsini təmin edəcəklər”.

* Əlavəyə nazir müavinlərinin 1210-cu görüşündə (2014-cü il 22 oktyabr, maddə 10.5) qəbul olunmuş qərarına əsasən dəyişiklik edilmişdir. Dəyişiklik edilmiş Əlavənin qüvvəyəminmə tarixi: 2015-ci il 25 oktyabr.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status