![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
22.05.2017 |
Qeydiyyat nömrəsi |
Q-06 |
Adı |
“Tik-idarə et-təhvil ver” modeli çərçivəsində bağlanılmış müqavilələr üzrə əməkdaşlıq yardımının və qarantiya öhdəliyinin həcminin hesablanması metodikası barədə Qayda”nın təsdiq edilməsi haqqında |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
03.06.2017 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
130.010.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201705220006 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
02.06.2017 |
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”nın 3.16-cı bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası
qərara alır:
1. “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində bağlanılmış müqavilələr üzrə əməkdaşlıq yardımının və qarantiya öhdəliyinin həcminin hesablanması metodikası barədə Qayda” təsdiq edilsin (əlavə olunur).
2. Maliyyə Nazirliyinin aparatının Hüquq şöbəsinə tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Kollegiyanın sədri, |
|
Azərbaycan Respublikasının |
|
maliyyə naziri |
Samir Şərifov |
|
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-06 nömrəli “22” may 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir. |
“Tik-idarə et-təhvil ver” modeli çərçivəsində bağlanılmış müqavilələr üzrə əməkdaşlıq yardımının və qarantiya öhdəliyinin həcminin hesablanması metodikası barədə Qayda
1. Ümumi müddəa
1.1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”nın 3.16-cı bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.5-ci və 7.2-ci maddələrinə uyğun olaraq, bağlanılmış müqavilələr üzrə əməkdaşlıq yardımının və qarantiya öhdəliyinin maliyyələşdirilməsi məqsədilə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər il dövlət büdcəsində səlahiyyətli orqan üçün nəzərdə tutulan vəsaitin həcminin hesablanması metodikasını müəyyən edir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. Nazirlik – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
2.1.2. səlahiyyətli orqan – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;
2.1.3. investor – “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq investisiya fəaliyyətini həyata keçirən rezident və qeyri-rezident hüquqi şəxslər, onların filialları və ya daimi nümayəndəlikləri;
2.1.4. əməkdaşlıq yardımı — investorun investisiya layihəsi üzrə çəkdiyi xərclərin istehlakçılar tərəfindən xidmət haqları formasında tam və ya qismən ödənilməsi mümkün olmadığı hallarda onların ödədiyi xidmət haqları və investorun itkiləri nəzərə alınmaqla, tərəflərin razılığı ilə müəyyən edilən və səlahiyyətli orqan tərəfindən verilən maddi yardım;
2.1.5. qarantiya öhdəliyi - səlahiyyətli orqanın investorun istehsal etdiyi mal və xidmətlərin müəyyən həddə qədər satın alınmasına dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq götürdüyü öhdəlik.
3. Əməkdaşlıq yardımının və qarantiya öhdəliyinin hesablanması
3.1. Növbəti ilin dövlət büdcəsində səlahiyyətli orqan üçün nəzərdə tutulan əməkdaşlıq yardımının həcminin hesablanması zamanı səlahiyyətli orqan tərəfindən cari il ərzində investorlarla bağlanmış müqavilələr üzrə müəyyən edilən əməkdaşlıq yardımının ümumi məbləği əsas götürülür.
3.2. Səlahiyyətli orqan tərəfindən cari ilin 6 ayı ərzində bağlanmış müqavilələr üzrə nəzərdə tutulan qarantiya öhdəliyinin həcminin həmin ayların sayına bölünməsi yolu ilə qarantiya öhdəliyinin orta aylıq həcmi müəyyən edilir. Müəyyən edilmiş orta aylıq qarantiya öhdəliyinin həcminə uyğun olaraq illik qarantiya öhdəliyinin həcmi hesablanır.
3.3. Səlahiyyətli orqan bu Qaydanın 3.1-ci və 3.2-ci bəndlərinə əsasən hesablanmış əməkdaşlıq yardımının və qarantiya öhdəliyinin həcmi barədə məlumatları növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsində nəzərdə tutulması üçün “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.8-ci maddəsinə uyğun olaraq cari ilin iyul ayının 1-dək Nazirliyə təqdim edir.
3.4. Səlahiyyətli orqan bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq təqdim edilmiş məlumatlara onların hesablanmasına dair əsaslandırıcı materialları və hesablamaları əlavə edir.
3.5. Bu Qaydanın 3.4-cü bəndinə əsasən dəqiqləşdirilmiş əməkdaşlıq yardımının və qarantiya öhdəliyinin həcmi növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsinə daxil edilir.