×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
02.05.2017
QEYDİYYAT NÖMRƏSİ
657-VQ
ADI
“Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 02-06-2017, Nəşr nömrəsi: 117), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2017, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 745)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.06.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
450.010.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201705020657
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.05.2017
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” 2017-ci il fevralın 13-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 may 2017-ci il

               657-VQ


Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası

Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin

vizadan azad edilməsi haqqında

 

SAZİŞ

 

Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti,

iki ölkə arasında dostluq münasibətlərini daha da gücləndirməyi arzulayaraq,

Razılığa gələn Tərəflərin dövlətlərinin xidməti pasportlara malik olan vətəndaşlarının səfərlərini qarşılıqlı şəkildə sadələşdirməklə, aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Hər bir Razılığa gələn Tərəfin dövlətinin etibarlı xidməti pasportlara malik olan vətəndaşları digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə istənilən 180 (yüz səksən) gün ərzində 90 (doxsan) gündən artıq olmayan müddətə vizasız daxil ola, tranzit keçə və ya qala bilərlər.

Digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində bu Sazişdə göstərilən müddətdən çox qalmağı planlaşdıran hər bir Razılığa gələn Tərəfin dövlətinin etibarlı xidməti pasportlara malik olan vətəndaşları ölkəyə daxil olarkən giriş vizası və ölkədə olarkən yaşayış hüququ verən sənədi milli qanun və qaydalara uyğun olaraq əldə edirlər.

 

Maddə 2

 

Bu Saziş diplomatik və ya konsulluq missiyalarına təyin edilmiş, etibarlı xidməti pasportlara malik Azərbaycan Respublikası və Latviya Respublikası vətəndaşlarım viza öhdəliyindən azad etmir.

Yuxarıda göstərilən şəxslər akkreditə edildikdən sonra Azərbaycan Respublikası və Latviya Respublikasının ərazisinə, təyin olunduqları müddət ərzində milli qanun və qaydalara əsasən, vizasız daxil ola, oranı tərk edə və orada qala bilərlər.

Eyni qaydalar bu maddənin 1-ci abzasında qeyd edilən şəxslərin etibarlı xidməti pasporta malik olan ailə üzvlərinə də tətbiq edilir.

 

Maddə 3

 

Razılığa gələn Tərəflərin dövlətlərinin bu Sazişdə qeyd edilən etibarlı xidməti pasportlara malik olan vətəndaşları digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə beynəlxalq sərnişin daşınması üçün açıq olan istənilən sərhəd buraxılış məntəqəsindən daxil ola və oranı tərk edə bilərlər.

 

Maddə 4

 

Hər bir Razılığa gələn Tərəfin dövlətinin vətəndaşlarına məxsus olan xidməti pasportların etibarlılıq müddəti digər Razılığa gələn Tərəfin dövlətinin ərazisini tərk etmək üçün nəzərdə tutulmuş tarixdən sonra ən azı 3 (üç) ay təşkil etməlidir.

 

Maddə 5

 

Bu Saziş hər bir Razılığa gələn Tərəfin dövlətinin vətəndaşını digər Razılığa gələn Tərəfin əcnəbilərin ölkəyə gəlməsinə və ölkədən getməsinə, o cümlədən ölkə ərazisində müvəqqəti və daimi yaşamasına, əmək fəaliyyəti ilə məşğul olmasına dair qanun və qaydalarına riayət etmək öhdəliyindən azad etmir.

Razılığa gələn Tərəflər arzuolunmaz hesab etdikləri və ya ictimai asayiş, ictimai səhiyyə və ya milli təhlükəsizliyə təhdid yaratma ehtimalı olan şəxslərin ölkəyə gəlməsinə icazə verməmək və ya qalma müddətini azaltmaq hüququnu özlərində saxlayırlar.

 

Maddə 6

 

Razılığa gələn Tərəflər mümkün qədər qısa müddət ərzində, lakin bu Sazişin imzalanma tarixindən sonra 30 (otuz) gündən gec olmayaraq diplomatik kanallar vasitəsi ilə öz müvafiq xidməti pasportlarının nümunələrini mübadilə edirlər.

Yeni xidməti pasportların dövriyyəyə buraxıldığı və ya mövcud olanlar əvəz olunduğu təqdirdə, Razılığa gələn Tərəflər nümunələri onların dövriyyəyə buraxılmasından 30 (otuz) gün əvvəl diplomatik kanallar vasitəsilə mübadilə edirlər.

Razılığa gələn Tərəflər pasportların verilməsi ilə bağlı öz milli qanun və qaydalarında hər hansı bir dəyişikliyin edilməsi barədə bir-birlərini müvafiq qaydada məlumatlandırırlar.

 

Maddə 7

 

Razılığa gələn Tərəflərdən hər biri ictimai asayiş, ictimai səhiyyə və milli təhlükəsizliyin qorunması səbəbi ilə bu Sazişin tətbiqini müvəqqəti olaraq tam və ya qismən dayandıra bilər.

Belə dayandırma müvafiq bildiriş diplomatik kanallar vasitəsilə digər Razılığa gələn Tərəfə göndərildikdən 30 (otuz) gün sonra qüvvəyə minir. Bu Sazişin tətbiqini dayandıran Razılığa gələn Tərəf, dayandırma üçün səbəblərin artıq mövcud olmadığı təqdirdə, dərhal digər Razılığa gələn Tərəfi məlumatlandırır.

 

Maddə 8

 

Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı yaranan istənilən fikir ayrılığı Razılığa gələn Tərəflər arasında məsləhətləşmə və ya danışıq yolu ilə həll edilir.

 

Maddə 9

 

Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə istənilən əlavə və dəyişiklik edilə bilər. Belə əlavə və dəyişiklik bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 10-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.

 

Maddə 10

 

Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili hüquqi prosedurların yerinə yetirilməsi barədə Razılığa gələn Tərəflərin bir-birini məlumatlandırdığı sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən sonra otuzuncu gün qüvvəyə minir.

Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə bu Sazişi ləğv edə bilər. Bu Saziş digər Razılığa gələn Tərəfdən bu cür bildirişin alınmasından 30 (otuz) gün sonra qüvvədən düşür.

Bakı şəhərində 13 fevral 2017-ci il tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, Latviya və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.

 

Azərbaycan Respublikası

Latviya Respublikası

Hökuməti adından

Hökuməti adından

(imza)

(imza)

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status