AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
11.06.2001
QEYDİYYAT NÖMRƏSİ
498
ADI
Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2001, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 396)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.06.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin beşinci hissəsinə uyğun olaraq qərara alıram:

1. Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, həmin Əsasnamənin 5-ci bəndində nəzərdə tutulmuş bələdiyyə mülkiyyətinə verilə bilən dövlət əmlakının siyahısını iki ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 11 iyun 2001-ci il
                   № 498

 


 

 

Azərbaycan Respublikası Prezidentinin
11 iyun 2001-ci il tarixli  498 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında

ƏSASNAMƏ [1]

 

I. Ümumİ müddəalar

 

1. Bu Əsasnamə "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır.

2. Əsasnamə dövlət mülkiyyətində olan və bələdiyyənin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri mənzil-kommunal, sosial və mədəniyyət obyektlərinin, əhalinin ümumi istifadəsində olan obyektlərin və digər dövlət əmlakının bələdiyyələrin mülkiyyətinə verilməsi qaydasını müəyyən edir.

Qanunvericiliklə özəlləşdirilməsi qadağan edilən və Azərbaycan Respublikası Prezidentinin qərarı ilə özəlləşdirilən və ya müvafiq qərar qəbul edilənədək dövlət mülkiyyətində qalan dövlət əmlakı və onun yerləşdiyi torpaq sahələri, habelə fiziki və ya qeyri-dövlət hüquqi şəxslərinin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələri istisna olmaqla, bələdiyyələrin ərazilərində yerləşən digər dövlət əmlakı onların mülkiyyətinə verilə bilər. [2]

3. Dövlət əmlakının bələdiyyə mülkiyyətinə verilməsi Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən əvəzsiz olaraq həyata keçirilir. [3]

4. Bələdiyyənin mülkiyyətinə verilən əmlakın yerləşdiyi torpaq sahələrinin bələdiyyə mülkiyyətinə verilməsi "Torpaq islahatı haqqında", "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" və Azərbaycan Respublikasının digər qanunlarına, normativ hüquqi aktlarına və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

 

II. Dövlət əmlakının bələdİyyə mülkİyyətİnə verİlməsİ

 

5. Bələdiyyə mülkiyyətinə verilə bilən müəssisə və obyektlərinin, binaların, tikililərin, qeyri-yaşayış sahələrin, qurğuların və avadanlıqların, habelə ümumi istifadə obyektlərinin siyahısı və bələdiyyələrə verilməsi müddətləri hər bir bələdiyyə ərazisi üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin bələdiyyələr və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. [4]

6. Bələdiyyənin mülkiyyətinə ilk növbədə onların fəaliyyətinin təmin edilməsi üçün zəruri olan inzibati binalar, otaqlar və avadanlıqlar verilir.

7. Bələdiyyə mülkiyyətinə dövlət əmlakı bələdiyyələr tərəfindən bu əmlakdan istifadə etmək imkanı yarandıqda, onların müraciəti əsasında verilir.

8. Bələdiyyə mülkiyyətinə daşınmaz dövlət əmlakının verilməsi Azərbaycan Respublikasında dövlət əmlakının Registrində müvafiq qeydiyyatlar aparılmaqla və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə , Dövlət Statistika Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məlumat verməklə həyata keçirilir. [5]

 

III. Bələdİyyələrİn mülkİyyət hüququnun rəsmİləşdİrİlməsİ qaydası

 

9. Bələdiyyələr onların mülkiyyətinə verilən dövlət əmlakı üzərində mülkiyyət hüququnu aşağıdakı qaydada əlavə edirlər:

Bələdiyyə mülkiyyətinə verilən əmlakın siyahısı (o cümlədən inzibati binalar, otaqlar və avadanlıqlar) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra bələdiyyə qurumları Dövlət Xidmətinə ərizə ilə müraciət edirlər; ərizəyə bələdiyyə qurumunun statusunu təsdiq edən sənədlər əlavə olunmalıdır. [6]

Dövlət Xidməti daxil olmuş müraciətlərin əsaslığını yoxlayır.

Müraciətdə göstərilən dövlət əmlakının, o cümlədən ümumi istifadə obyektlərinin bələdiyyə mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdursa, Dövlət Xidməti tərəfindən 10 gün ərzində müvafiq akt tərtib edilir.

Bu Əsasnamə ilə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə verilən daşınmaz dövlət əmlakı üzərində bələdiyyənin mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. [7]

Bələdiyyələrin ümumi istifadə obyektlərinə mülkiyyət hüququ həmin obyektlərin Dövlət Xidmətindən təhvil-təslim aktı əsasında qəbul etdiyi andan yaranır.

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 23 oktyabr 2003-cü il tarixli 967 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 572)
  2. 25 may 2006-cı il tarixli 411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 409)
  3. 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590)
  4. 21 iyun 2007-ci il tarixli 593 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 606)
  5. 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)
  6. 28 dekabr 2022-ci il tarixli 1934 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il,Xalq” qəzeti, 29 dekabr 2022-ci il, № 286)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə "Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamə"nin 3-cü, 5-ci bəndlərdə və 9-cu bəndin ikinci-dördüncü, altıncı abzaslarında ismin müxtəlif hallarında verilmiş “İqtisadi İnkişaf Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

 

2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə "Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamə"nin 3-cü, 5-ci və 9-cu bəndlərdə ismin müvafiq hallarında "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri ismin müvafiq hallarında "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

[2] 23 oktyabr 2003-cü il tarixli 967 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 572) ilə "Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamə"nin 2-ci bəndinin ikinci abzası yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

Qanunvericiliklə özəlləşdirilməsi qadağan edilən və ya Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin qərarı ilə özəlləşdirilən dövlət əmlakı (o cümlədən, həmin əmlak yerləşən torpaq sahələri, özəlləşdirilənə qədər dövlət mülkiyyətində qalan dövlət əmlakı və fiziki və ya qeyri-dövlət hüquq şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələri) istisna olmaqla, bələdiyyələrin ərazilərində yerləşən digər dövlət əmlakı onların mülkiyyətinə verilir.

 

[3] 28 dekabr 2022-ci il tarixli 1934 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il,Xalq” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə “Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamə”nin 3-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə əvəz edilmişdir.

 

[4] 28 dekabr 2022-ci il tarixli 1934 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il,Xalq” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə “Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamə”nin 5-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[5] 25 may 2006-cı il tarixli 411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 409) ilə "Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamə"nin 8-ci bənddə “və Dövlət Statistika Komitəsinə” sözləri “, Dövlət Statistika Komitəsinə və Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə” sözləri ilə əvəz edilmişdir.

 

21 iyun 2007-ci il tarixli 593 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 606) ilə "Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamə"nin 8-ci bəndindən «Nazirlər Kabinetinin yanında» sözləri çıxarılmışdır.

 

2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə "Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamə"nin 8-ci bənddən "və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə" sözləri çıxarılmışdır.

 

[6] 28 dekabr 2022-ci il tarixli 1934 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il,Xalq” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə “Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamə”nin 9-cu hissənin ikinci–dördüncü və altıncı abzaslarında ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[7] 25 may 2006-cı il tarixli 411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 409) ilə "Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamə"nin 9-cu bəndin beşinci abzası yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

Daşınmaz dövlət əmlakının bələdiyyə mülkiyyətinə keçməsi mülkiyyət şəhadətnaməsinin verilməsi yolu ilə rəsmiləşdirilir. mülkiyyət şəhadətnaməsi dövlətin anadan Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilir. Şəhadətnamənin verilməsi üçün dövlət rüsumu tutulmur.

 

6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə "Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamə"nin 9-cu bəndin beşinci abzası yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

Bu Əsasnamə ilə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə verilən daşınmaz dövlət əmlakı üzərində bələdiyyənin mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status