“Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Fərmanla təsdiq edilmiş Qaydanın 5.4-cü bəndinə əsasən, elektron qaimə-fakturanın vahid formasını on beş gün müddətində təsdiq etsin;
[2]
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:
4.1. bu Fərmanla təsdiq edilmiş Qaydanın 2.0.10-cu yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəyini nəzərə almaqla və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırmaqla on beş gün müddətində müəyyən etsin;
4.2. ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə həmin Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun vergi orqanının və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını ilk ticarət festivalından əvvəl vergi orqanlarının büdcədənkənar fondu hesabına təmin etsin;
4.3. vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etsin;
4.4. risklərin azaldılması və əlavə dəyər vergisinin qaytarılması ilə bağlı prosedurların asanlaşdırılması məqsədilə malların fiziki yoxlanmasının həmin Qaydanın tələblərinə uyğun olaraq risk qiymətləndirmə sistemi əsasında həyata keçirilməsini təmin etsin;
4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə:
5.1. ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat, təşviqat və məlumatlandırma tədbirlərini, o cümlədən kütləvi informasiya vasitələrində və sistemə qoşulacaq ticarət obyektlərində videoçarxların yayımlanmasını təmin etsin;
5.2. bu Fərmanla təsdiq edilmiş Qaydanın 2.0.5-ci yarımbəndində nəzərdə tutulan stikerin formasını və tətbiqi qaydasını müəyyən etsin;
5.3. festivalların yüksək səviyyədə keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin ticarət festivallarında əlavə dəyər vergisinin qaytarılması prosesində iştirak edən əməkdaşlarına təlimlər keçilməsini və onların maarifləndirilməsini təmin etsin.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
6.1. ticarət festivalları dövründə alıcı tərəfindən ödənilmiş əlavə dəyər vergisinin, bu Fərmanla təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan əlavə dəyər vergisi üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etsin;
6.2. həmin Qaydanın 6.10-cu bəndində nəzərdə tutulan rəyin formasını Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin;
6.3. həmin Qaydanın məqsədləri üçün müvəkkil banka avans şəklində köçürüləcək minimum məbləği iki ay müddətində müəyyən edib, həmin məbləğin bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsini təmin etsin.
7. Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına tapşırılsın ki, bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə və digər səlahiyyətli dövlət qurumlarına kömək göstərilməsini təmin etsinlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 fevral 2017-ci il
№ 1252
|
|
Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.4-cü maddəsinə uyğun olaraq, ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) geri qaytarılması qaydasını tənzimləyir.
1.2. Bu Qaydanın tələbləri, bu Qaydanın 1.3-cü bəndində göstərilən mallar istisna olmaqla, yalnız istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və ticarət festivalları dövründə alınmış istehlak mallarına şamil edilir.
1.3. Bu Qayda aşağıdakı mallara şamil edilmir:
1.3.1. aksizli mallar;
1.3.2. ərzaq malları;
1.3.3. dərman preparatları və tibbi ləvazimatlar;
1.3.4. ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar;
1.3.5. çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar;
1.3.6. külçə şəklində qiymətli metallar;
1.3.7. nəqliyyat vasitələri və onların ehtiyat hissələri.
1.4. Bu Qayda bir elektron qaimə-faktura üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 100 manatdan çox olduğu hallarda tətbiq edilir.
[3]
1.5. ƏDV-nin alıcıya qaytarılması nağd ödəniş və ya bank kartına (və ya hesabına) köçürmə yolu ilə həyata keçirilir.
1.6. Operatorun göstərdiyi xidmətlərə görə alıcıya ödəniləcək ƏDV məbləğindən 20 faiz həcmində xidmət haqqı tutulur. Xidmət haqqının 50 faizi vergi orqanlarının büdcədənkənar gəlirlərinə aid edilməklə, bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan tədbirlərin, 50 faizi isə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin büdcədənkənar gəlirlərinə aid edilməklə, ticarət festivallarının təşkili ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün istifadə edilir.
[4]
1.7. Ticarət festivalı dövründə alınmış mallara görə ödənilmiş ƏDV həmin malların alındığı gün ərzində müvəkkil bank tərəfindən qaytarılır. Alınmış mallara görə ödənilmiş ƏDV-nin malların alındığı gündən sonrakı günlərdə qaytarılmasına yol verilmir.
1.8. Azərbaycan Respublikasında ticarət festivalları Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin müəyyən etdiyi qaydada təşkil olunur.
2. Əsas anlayışlar
2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxs;
2.0.2. alıcı – istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları Azərbaycan Respublikasının ərazisində alan, bu Qaydanın 2.0.1-ci bəndində nəzərdə tutulan şəxs;
2.0.3. satıcı – ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərtilə satış həyata keçirmək üçün qeydiyyata alınan ƏDV ödəyicisi;
2.0.4. operator – ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən elektron qaimə-fakturaların tərtib edilməsinə, həmin elektron qaimə-fakturalar barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən dövlət orqanı;
[5]
2.0.5. stiker – xüsusi hazırlanmış yapışqanlı kağız etiket;
2.0.6. risk – vergi qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalı;
2.0.7. risk qiymətləndirmə sistemi – məlumatların toplanması, məlumat bazasının yenilənməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi;
2.0.8. vahid məlumat bazası – operator tərəfindən idarə olunan, bu Qaydada nəzərdə tutulmuş hallarda alıcılara ticarət festivalları dövründə alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün zəruri məlumatların inteqrasiya olunduğu vahid sistem;
2.0.9. ƏDV köşkü – ticarət festivalı dövründə alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılmasının rəsmiləşdirilməsi məqsədilə operator tərəfindən xüsusi yaradılmış köşk;
2.0.10. müvəkkil bank – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin rəyi nəzərə alınmaqla və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmaqla operator tərəfindən müəyyən edilən müvəkkil bank və ya banklar.
3. Satıcının qeydiyyatı
Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərtilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatının aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə birlikdə müəyyən edilmiş qaydada həyata keçirilir.
[6]
4. Operator
4.1. Operatorun səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.
4.2. Operator:
4.2.1. bu Qayda ilə müəyyən edilmiş hallarda malların satışının rəsmiləşdirilməsi və əlavə dəyər vergisinin qaytarılması işlərini təşkil edir;
4.2.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir:
1. ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilmiş mallar üzrə elektron qaimə-fakturanın tərtib edilməsi, ştrix-kodla birlikdə çap edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların aidiyyəti üzrə ötürülməsi;
[7]
2. alıcı tərəfindən ƏDV köşkündə təqdim edilən elektron qaimə-fakturanın ştrix-kodu əsasında elektron qaimə-fakturanın məlumatlarının eyniləşdirilməsi;
4.2.3. proqram təminatının daim işlək vəziyyətdə saxlanılmasını və fasiləsiz fəaliyyətini təmin edir;
4.2.4. alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılmasının rəsmiləşdirilməsi məqsədilə ƏDV köşklərinin fəaliyyətini təşkil edir və onların sayı, ünvanı və iş qrafikini Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə razılaşdırmaqla, ƏDV-nin bu Qaydanın 1.7-ci bəndində müəyyən edilmiş müddətdə qaytarılması imkanını təmin edir;
4.2.5. ƏDV köşkündə risk qiymətləndirilməsinin nəticəsindən asılı olaraq mallara baxış keçirir;
4.2.6. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə birlikdə stikerin formasını və tətbiqi qaydasını müəyyən edir.
5. Malların satışının rəsmiləşdirilməsi
5.1. Ticarət festivalı dövründə alıcı aldığı malların dəyərini ödəmək məqsədilə ödəniş nöqtəsinə yaxınlaşdıqda satıcı ondan ƏDV-nin qaytarılması hüququndan istifadə etmək barədə istəyinin olub-olmadığını dəqiqləşdirir. Alıcı ƏDV-nin qaytarılması hüququndan istifadə etmək istədikdə, satıcı ona bu Qaydanın tələbləri barədə ümumi məlumat verir.
5.2. Alıcı əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda satıcı ona bu Qaydanın tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın tələbləri barədə ümumi məlumat verir. Alıcı qismində iştirak edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs seçiminə uyğun olaraq, aldığı mallara görə ödənilmiş ƏDV-nin bu Qaydanın tələbləri və ya “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın tələbləri çərçivəsində qaytarılmasını tələb edə bilər.
5.3. Alıcı tərəfindən ƏDV-nin qaytarılması hüququndan istifadə etmək istəyi bildirildikdən sonra satıcı aşağıdakı məlumatları özündə əks etdirən qaimə-fakturanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə tərtib edir və həmin məlumatları real vaxt rejimində vahid məlumat bazasına ötürür:
[8]
5.3.1. elektron qaimə-fakturanın seriyası, nömrəsi və tarixi;
[9]
5.3.2. satıcının adı, soyadı, təsərrüfat subyektinin ünvanı və VÖEN-i;
5.3.3. alıcının adı və soyadı;
5.3.4. alıcının şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi;
5.3.5. alıcının vətəndaşı olduğu ölkənin adı (vətəndaşlığı olmayan şəxsin gəldiyi ölkənin adı);
5.3.6. satılmış malın adı, miqdarı, vahidinin qiyməti və həmin qiymətin tərkibindəki ödənilmiş ƏDV-nin məbləği;
5.3.7. həmin elektron qaimə-faktura üzrə alınmış mala görə ödənilmiş ƏDV-nin qaytarılacağı son tarix;
5.3.8. alıcının bank kartının (və ya hesabının) rekvizitləri – alıcının istəyi əsasında;
5.3.9. operatorun və müvəkkil bankın əlaqə məlumatları və rekvizitləri;
5.3.10. satıcının təsərrüfat subyektinə ən yaxın ƏDV köşkünün ünvanı.
5.4. Elektron qaimə-faktura ştrix-kod əks olunmaqla iki nüsxədə çap edilir və hər iki nüsxə alıcıya təqdim olunur. Elektron qaimə-faktura satıcının imzası və mərkəzində bu əməliyyatların ƏDV-nin qaytarılması şərtilə həyata keçirildiyinə dair təsdiqedici qeyd olan möhürlə təsdiqlənməklə təqdim edilir. Elektron qaimə-fakturanın formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
[10]
5.5. Satış nöqtəsində texniki nasazlıq yaranması səbəbindən elektron qaimə-fakturanın tərtibi və çapı mümkün olmadıqda, satıcı tərəfindən mətbəədə çap edilmiş ciddi hesabat blankı olan elektron qaimə-faktura 3 nüsxədə tərtib edilir və bu Qaydanın 5.4-cü bəndinə uyğun olaraq təsdiqlənir. Onun bir nüsxəsi satıcıda qalır, digər iki nüsxəsi isə alıcıya verilir.
[11]
5.6. Satıcı tərəfindən texniki nasazlıq bərpa olunduqdan dərhal sonra aparılmış əməliyyatlar üzrə, bu Qaydanın 5.3-cü bəndinə uyğun olaraq, elektron qaimə-faktura tərtib edilir və həmin məlumatlar real vaxt rejimində vahid məlumat bazasına ötürülür.
6. ƏDV-nin qaytarılması
6.1. Alıcı tərəfindən ticarət festivalı dövründə alınmış mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə ƏDV köşkündə aşağıdakı ardıcıllıqla tədbirlər həyata keçirilir:
6.1.1. alıcı mallara dair elektron qaimə-fakturanı ƏDV köşkündə vergi orqanının əməkdaşına təqdim edir;
6.1.2. elektron qaimə-fakturanın məlumatları vergi orqanı tərəfindən vahid məlumat bazasında eyniləşdirildikdən sonra avtomatik risk qiymətləndirməsi aparılır;
6.1.3. risk qiymətləndirməsinin nəticələri əsasında mallara vergi orqanının əməkdaşı tərəfindən baxılmalı olub-olmadığı proqram təminatı vasitəsilə açıqlanır. Mallara baxışın keçirilməsi tələb edildiyi halda alıcı həmin malları baxışın keçirilməsi məqsədilə vergi orqanının əməkdaşına təqdim edir. Vergi orqanının əməkdaşı təqdim edilmiş mallarla vahid məlumat bazasına daxil edilmiş məlumatların uyğunluğunu yoxlayır, yoxlamanın nəticələrinə uyğun olaraq, alıcıya qaytarılacaq ƏDV məbləği barədə alıcının təqdim etdiyi elektron qaimə-fakturada təsdiq qeydi aparır, onu möhürlə təsdiq etməklə alıcıya təqdim edir və vahid məlumat bazasında elektron qaimə-fakturanı təsdiq etməklə bu barədə məlumatı real vaxt rejimində müvəkkil banka ötürür;
6.1.4. risk qiymətləndirməsinin nəticələri əsasında alıcıdan malları baxış üçün təqdim etmək tələb olunmadıqda, qaytarılacaq ƏDV-nin yekun məbləğini əks etdirən elektron qaimə-faktura vergi orqanının əməkdaşı tərəfindən möhürlə təsdiq olunur və bu barədə məlumatlar real vaxt rejimində müvəkkil banka ötürülür.
6.2. Bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan halda vergi orqanının əməkdaşı elektron qaimə-fakturanın satıcı tərəfindən sistemə daxil edilib-edilmədiyini yoxlayır. Məlumatlar sistemə daxil edildiyi halda bu Qaydanın 6.1.2–6.1.4-cü yarımbəndlərində göstərilən tədbirlər həyata keçirilir. Məlumatlar sistemə daxil edilmədiyi halda vergi orqanının əməkdaşı həmin elektron qaimə-fakturanın seriya və nömrəsi əsasında bu Qaydanın 5.6-cı bəndində göstərilən tədbirləri həyata keçirir. Bu zaman vergi orqanının əməkdaşı tərəfindən elektron qaimə-fakturada göstərilən malların faktiki mövcudluğu yoxlanılır, ona uyğun olaraq elektron qaimə-faktura hər iki nüsxədə ƏDV-nin yekun məbləği əks etdirilməklə təsdiq olunur və bu barədə məlumat real vaxt rejimində müvəkkil banka ötürülür.
[12]
6.3. Elektron qaimə-fakturanın bir nüsxəsi vergi orqanında saxlanılır, digər nüsxəsi isə alıcıya qaytarılır.
6.4. Alıcı ƏDV köşkündə yoxlamadan keçdikdən sonra müvəkkil bank vergi orqanı tərəfindən möhürlə təsdiq olunmuş elektron qaimə-fakturaya əsasən qaytarılmalı olan ƏDV məbləğini alıcının istəyinə uyğun olaraq bu Qaydanın 1.7-ci bəndində müəyyən edilmiş müddətdə milli valyutada nağd ödəniş və ya 10 iş günündən gec olmayaraq milli valyutada (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə milli və ya xarici valyutada) bank kartına (və ya hesabına) köçürmə qaydasında qaytarır.
6.5. Alıcının istəyinə uyğun olaraq ƏDV-nin qaytarılması bank kartına (və ya hesabına) köçürmə qaydasında həyata keçirildiyi təqdirdə, alıcı vergi orqanı tərəfindən təsdiqlənmiş, bu Qaydanın 5.3.8-ci yarımbəndində nəzərdə tutulan məlumatları əks etdirən elektron qaimə-fakturanın bir nüsxəsini ƏDV köşkündə bu məqsəd üçün yaradılmış xüsusi qutuya atır.
6.6. Bu Qaydanın 6.5-ci bəndində nəzərdə tutulan elektron qaimə-fakturalar müvəkkil bank tərəfindən vahid məlumat bazasında təsdiq edilir və qaytarılmalı vəsait alıcının göstərdiyi bank kartına (və ya hesabına) köçürülür.
[13]
6.7. ƏDV məbləği alıcının bank kartına (və ya hesabına) köçürülən zaman xarici valyuta ekvivalenti müəyyən edilərkən, müvəkkil bankın ƏDV-nin qaytarıldığı tarixə müəyyən etdiyi məzənnə əsas götürülür.
6.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bu Qaydanın 1.6-cı bəndində göstərilən və bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.
6.9. Müvəkkil bank ticarət festivalı dövründə bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləği barədə məlumatı bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra 5 iş günü müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə təqdim edir.
6.10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qaydanın 6.9-cu bəndində nəzərdə tutulan məbləğə dair rəyini həmin bənddə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra 5 iş günü müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.
6.11. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın 6.10-cu bəndində nəzərdə tutulmuş rəy daxil olduqdan sonra 3 iş günü müddətində həmin məbləğin müvəkkil banka köçürülməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına təmin edir.
6.12. Alıcı aldığı malı geri qaytardıqda, satıcı alıcıya təqdim etdiyi elektron qaimə-fakturanın kağız daşıyıcıda olan nüsxələrini geri alır və elektron məlumat bazasında həmin elektron qaimə-fakturanı ləğv etməklə müvafiq qeydlər aparır. Alıcı ƏDV-ni geri aldıqdan sonra malı qaytararsa, satıcı malın ƏDV-siz dəyərini alıcıya qaytarır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
11 aprel 2017-ci il tarixli 1335 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 549)
2.
5 iyun 2017-ci il tarixli 1458 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 iyun 2017-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1074)
3.
25 dekabr 2019-cu il tarixli 902 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1945)
4.
29 yanvar 2021-ci il tarixli 1273 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 43)
5.
29 dekabr 2021-ci il tarixli 1533 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1398)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
29 dekabr 2021-ci il tarixli 1533 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1398) ilə ləğv edilmişdir.
[2]
25 dekabr 2019-cu il tarixli 902 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1945) ilə 2.3-cü bənddə “vergi hesab-fakturasının” sözləri “qaimə-fakturanın” sözləri ilə əvəz edilmişdir.
[3]
25 dekabr 2019-cu il tarixli 902 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1945) ilə “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 1.4-cü bəndində “vergi hesab-fakturası” sözləri “qaimə-faktura” sözləri ilə əvəz edilmişdir.
[4]
11 aprel 2017-ci il tarixli 1335 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 549) ilə 1.6-cı bəndin ikinci cümləsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Xidmət haqqı vergi orqanlarının büdcədənkənar gəlirlərinə aid edilməklə, bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün istifadə edilir.
29 yanvar 2021-ci il tarixli 1273 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 43) ilə “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 1.6-cı, 1.8-ci bəndlərində, 2.0.10-cu yarımbəndində, 3-cü hissəsində, 4.2.4-cü, 4.2.6-cı yarımbəndlərində və 6.9-cu bəndində ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilmişdir.
[5]
25 dekabr 2019-cu il tarixli 902 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1945) ilə “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 2.0.4-cü yarımbəndində “vergi hesab-fakturalarının (bundan sonra – e-VHF)” sözləri “qaimə-fakturaların” sözləri ilə, “e-VHF-lər” sözləri “elektron qaimə-fakturalar” sözləri ilə əvəz edilmişdir.
[6]
25 dekabr 2019-cu il tarixli 902 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1945) ilə “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 3-cü hissədə, 4.1-ci, 6.9-cu, 6.10-cu və 6.11-ci bəndlərində “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz dilmişdir.
[7]
25 dekabr 2019-cu il tarixli 902 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1945) ilə “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 4.2.2-ci yarımbəndin 1-ci abzasında “e-VHF-nin” sözləri “elektron qaimə-fakturanın” sözləri ilə, “e-VHF-lər” sözləri “elektron qaimə-fakturalar” sözləri ilə, 2-ci abzasında (hər iki halda) “e-VHF-nin” sözləri “elektron qaimə-fakturanın” sözləri ilə əvəz dilmişdir.
[8]
25 dekabr 2019-cu il tarixli 902 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1945) ilə “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 5.3-cü bəndində “e-VHF-ni” sözləri “qaimə-fakturanı” sözləri ilə və “Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında elektron vergi hesab-faktura” sözləri “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura” sözləri ilə əvəz dilmişdir.
[9]
25 dekabr 2019-cu il tarixli 902 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1945) ilə “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 5.3.1-ci, 5.3.7-ci yarımbəndlərdə, 5.6-cı bənddə, 6.1.1-ci, 6.1.2-ci yarımbəndlərdə, 6.1.3-cü yarımbəndin üçüncü cümləsində (hər iki halda), 6.1.4-cü yarımbənddə, 6.2-ci bəndin birinci, üçüncü və dördüncü (hər iki halda) cümlələrində, 6.4-cü, 6.5-ci bəndlərdə və 6.12-ci bəndin birinci cümləsində (hər iki halda) ismin müvafiq hallarında “e-VHF” sözləri ismin müvafiq hallarında “elektron qaimə-faktura” sözləri ilə əvəz dilmişdir.
[10]
25 dekabr 2019-cu il tarixli 902 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1945) ilə “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 5.4-cü bəndin birinci, ikinci və üçüncü cümlələrində və 6.3-cü bənddə ismin müvafiq hallarında “E-VHF” sözləri ismin müvafiq hallarında “Elektron qaimə-faktura” sözləri ilə əvəz dilmişdir.
[11]
25 dekabr 2019-cu il tarixli 902 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1945) ilə “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 5.5-ci bəndin birinci cümləsində “e-VHF-nin” sözləri “elektron qaimə-fakturanın” sözləri ilə, “vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz dilmişdir.
[12]
5 iyun 2017-ci il tarixli 1458 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 iyun 2017-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1074) ilə “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 6.2-ci bəndinin birinci cümləsində “5.4-cü” sözləri “5.5-ci” sözləri ilə əvəz edilmişdir.
[13]
25 dekabr 2019-cu il tarixli 902 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1945) ilə “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 6.6-cı bənddə “e-VHF-lər” sözləri “elektron qaimə-fakturalar” sözləri ilə əvəz dilmişdir.