×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.09.1998
QEYDİYYAT NÖMRƏSİ
195
ADI
Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-1998, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 602)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.09.1998
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
280.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında

Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

 

“Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri    A.RASİZADƏ

 

Bakı şəhəri, 25 sentyabr 1998-ci il

                     № 195

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 25 sentyabr tarixli 195 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi

 

QAYDALARI

 

1. Bu Qaydalar Azərbaycan Respublikasının Su Məcəlləsinə və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq  edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli  685 nömrəli Fərmanına əsasən hazırlanmışdır.

2. Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin əsas məqsəd və vəzifələri mülkiyyət formasından asılı olmayaraq  bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər  tərəfindən aşağıdakı qayda və tələblərə riayət olunmasını təmin etməkdir:

su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarına;

sudan istifadə limitlərinə, su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartlara, normalara və qaydalara;

su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinə.

3. Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (yerüstü su obyektləri üzrə) həyata keçirirlər. [1]

Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən su obyektləri üzərində dövlət nəzarətini Naxçıvan Muxtar Respublikasının Nazirlər  Kabineti həyata keçirir.

4. Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi müvafiq təşkilatların əsasnamələri və digər normativ-hüquqi sənədlərin əsasında aparılır: [2]

4.1. Nəzarət aylıq, rüblük və illik xüsusi iş planları əsasında həyata keçirilir. Bu iş planlarında nəzarətin məqsədi və vəzifələri göstərilir. İş planları su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarəti həyata keçirən müvafiq orqanların rəhbərliyi tərəfindən təsdiq edilir.  Dövlət orqanlarının, ayrı-ayrı təşkilatların, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında da yoxlamalar aparıla bilər.

4.2. Nəzarət müəssisə, idarə və təşkilatların istehsalat texnologiyasının və su təsərrüfatı fəaliyyətinin təhlili və su obyektlərinin vəziyyətinin öyrənilməsi əsasında aparılır. İlk növbədə istifadəsi və mühafizəsi qeyri-qənaətbəxş su obyektləri nəzarət götürülür.

4.3. Yoxlama aparılarkən su obyektlərinin istismar rejiminin layihə şərtlərinə və sudan səmərəli istifadə edilməsi qaydalarına uyğun  olması müəyyən edilir, lazımi su ölçən avadanlıq və cihazların mövcudluğuna, onların texniki vəziyyətinə, sudan istifadənin mütərəqqi  texnologiyalarının tətbiq edilməsinə və sudan istifadənin ilkin uçotuna dair məlumatlar yoxlanılır.

4.4. Yoxlamanın nəticələrinə görə su obyektinin istifadəsi və mühafizəsi üzrə protokol və ya akt tərtib edilir. Həmin sənədlərdə təsdiq  edilmiş faktlar və məlumatlar göstərilir. Yoxlama əsasında su obyektinin istifadəsi və mühafizəsinin yaxşılaşdırılması üzrə müvafiq  tədbirlər işlənib hazırlanır. Bu tədbirlərin həyata keçirilməsi bütün su obyektinin istifadəçiləri və su istehlakçıları üçün məcburidir.

4-1. Sahibkarlıq subyektlərində dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. [3]

5. Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini həyata keçirən orqanlar aşağıdakı səlahiyyətlərə malikdirlər:

su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarının pozulmasında müqəssir vətəndaşları və vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb  etmək; [4]

su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarının pozulması nəticəsində dövlətə vurulan zərərin ödənilməsi məqsədilə  tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslərə, Azərbaycan  Respublikasının vətəndaşlarına, əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə qarşı iddia qaldırmaq;

su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarının pozulmasında müqəssir şəxsləri cinayət məsuliyyətinə cəlb etmək məqsədilə  müvafiq sənədləri hüquq-mühafizə orqanlarına göndərmək;

suların istifadəsinə və mühafizəsinə dair müəyyən edilmiş qaydalar pozulduqda həmin işləri və bu mənbələrin suyundan istifadə  olunmasını dayandırmaq hüququna.

6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunvericilikdə nəzərdə tutulmuş hallarda su obyektlərinin mühafizəsi qaydalarının pozulmasında təqsirkar olan şəxsləri inzibati məsuliyyətə cəlb etmək hüququna malikdir. [5]

7. Azərbaycan Respublikasının illik su təsərrüfatı balansına dair, ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatları barədə gündəlik məlumatlar, o cümlədən su anbarlarının səviyyəsi, həcmi, su anbarına daxil olan və çıxan su həcmləri (strukturu göstərilməklə), hidroqovşaqların qəbul etdiyi və ötürdüyü su həcmləri (strukturu göstərilməklə), çaylar üzrə, məntəqələr və yerləşdiyi ərazilər göstərilməklə, su sərfi, subartezian və artezian quyularının istismarı barədə, su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması və modelləşdirilməsi ilə bağlı digər məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 fevral tarixli 1289 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “Elektron su təsərrüfatı” informasiya sisteminə daxil edilir. [6]

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)

2.       29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)

3.       8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)

4.       11 aprel 2007-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 4, maddə 390)

5.       10 may 2012-ci il tarixli 103 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 477)

6.       16 iyul 2014-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyul 2014-cü il, № 155; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 923)

7.       24 may 2021-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2021-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 527)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Su obyektlərinin istifadəsi və Mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 3-cü bəndində "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (yeraltı su obyektləri üzrə) və Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri il əvəz edilmişdir.

29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 3-cü bəndində "Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ilə əvəz edilmişdir.

8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə qaydanın 3-cü bəndində "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.

10 may 2012-ci il tarixli 103 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 477) ilə təsdiq edilmiş “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 3-cü hissəsinin birinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3. Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini öz səlahiyyətləri daxilində, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (yerüstü su obyektləri üzrə), Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər.

 

[2] 16 iyul 2014-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyul 2014-cü il, № 155; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 923) ilə 4-cü hissədən “müvafiq təşkilatların əsasnamələri və digər” sözləri çıxarılmışdır.

 

[3] 16 iyul 2014-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyul 2014-cü il, № 155; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 923) ilə 4-1-ci hissə əlavə edilmişdir.

 

[4] 11 aprel 2007-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 4, maddə 390) ilə "Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 5-ci bəndinin ikinci abzası çıxarılmışdır.

 

[5] 11 aprel 2007-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 4, maddə 390) ilə “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 6-cı bəndi əlavə edilmişdir.

 

[6] 24 may 2021-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2021-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 527) ilə “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na 7-cı bəndi əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status