“Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında” 2016-cı il sentyabrın 2-də Berlin şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2016-cı il
№ 411-VQ
Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası
Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq
əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti,
diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti imkanlarının yaxşılaşdırılması məqsədilə, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Anlayışlar
Bu Sazişin məqsədləri üçün:
1. “diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşı” dedikdə, göndərən dövlətin qəbul edən dövlətdə diplomatik nümayəndəlikdə və ya konsulluqda və yaxud beynəlxalq təşkilat yanında nümayəndəlikdə akkreditə olunmuş əməkdaşı başa düşülür;
2. “ailə üzvü” dedikdə, qəbul edən dövlətdəki diplomatik nümayəndəliyin və ya konsulluq əməkdaşının daimi birlikdə yaşayan həyat yoldaşı, on səkkiz yaşına çatmamış uşaqları və valideynləri başa düşülür;
3. “ödənişli əmək fəaliyyəti” dedikdə, peşə təhsili daxil olmaqla bütün müstəqil və ya qeyri-müstəqil formada ödənişli əmək fəaliyyəti başa düşülür.
Maddə 2
Ödənişli əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə
Ailə üzvlərinə qəbul edən dövlətdə ödənişli əmək fəaliyyəti ilə məşğul olmağa qarşılıqlı əsasda icazə verilir. Bu Sazişə uyğun olaraq verilmiş iş icazəsinin olmasına baxmayaraq, spesifik ixtisaslarla bağlı qəbul edən dövlətin qaydaları tətbiq edilir. Almaniya Federativ Respublikasında ödənişli əmək fəaliyyəti ilə məşğul olmağa başladıqları zaman müvafiq şəxslər yaşama icazəsi almaq tələbindən azad edilirlər. Azərbaycan Respublikasında müvafiq yaşama icazəsi zəruri olduğu təqdirdə verilir.
Maddə 3
Prosedurlar
Göndərən dövlətin diplomatik nümayəndəliyi ailə üzvünün ödənişli əmək fəaliyyətinin başlaması və sona çatması barədə qəbul edən dövlətin Xarici İşlər Nazirliyinə bildiriş göndərir.
Maddə 4
Mülki və inzibati yurisdiksiyadan immunitet
Ailə üzvləri, 18 aprel 1961-ci il tarixli Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına və ya hər hansı digər tətbiq edilə bilən beynəlxalq sənədə uyğun olaraq, qəbul edən dövlətin mülki və inzibati yurisdiksiyasından immunitetə malik olduqları təqdirdə, belə immunitet ödənişli əmək fəaliyyəti ilə bağlı olan hər hansı hərəkət və ya hərəkətsizliyə şamil olunmur.
Maddə 5
Cinayət yurisdiksiyasından immunitet
(1) Ailə üzvləri, 18 aprel 1961-ci il tarixli Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına və ya hər hansı digər tətbiq edilə bilən beynəlxalq sənədə uyğun olaraq, qəbul edən dövlətin cinayət yurisdiksiyasından immunitetə malik olduqları təqdirdə, belə immunitet ödənişli əmək fəaliyyəti ilə bağlı olan hər hansı hərəkət və ya hərəkətsizliyə də şamil olunur. Buna baxmayaraq, cinayət əməli baş verdiyi təqdirdə, göndərən dövlət müvafiq ailə üzvünün qəbul edən dövlətin cinayət yurisdiksiyasından immunitetindən imtina edilməsini ciddi şəkildə nəzərdən keçirir.
(2) Göndərən dövlət müvafiq ailə üzvünün immunitetindən imtina etmədiyi təqdirdə, törədilmiş cinayət əməli barədə özünün cinayət təqibi orqanlarına məlumat verir. Qəbul edən dövlət cinayət işinin nəticəsi barədə məlumatlandırılır.
(3) Göndərən dövlət öz maraqlarına zidd hesab etmədiyi təqdirdə, ailə üzvü ödənişli əmək fəaliyyəti ilə bağlı olaraq şahid qismində dindirilə bilər.
Maddə 6
Vergi və sosial sığorta sistemi
Digər beynəlxalq sənədlərə zidd olmadığı təqdirdə, ailə üzvləri qəbul edən dövlətdə ödənişli əmək fəaliyyəti ilə bağlı olaraq həmin dövlətin vergi və sosial sığorta sisteminə tabe olurlar.
Maddə 7
Mübahisələrin həlli
Bu Sazişin təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 8
Əlavələr və dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və 9-cu maddənin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 9
Qüvvəyəminmə, müddət və ləğvedilmə
(1) Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Azərbaycan Tərəfinin yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
(2) Hər bir Tərəf istənilən zaman bu Sazişi ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə digər Tərəfə yazılı bildiriş təqdim edə bilər. Bu Saziş belə bildirişin alındığı tarixdən altı ay sonra qüvvədən düşmüş hesab edilir.
(3) Berlin şəhərində 2016-cı il 2 sentyabr tarixində, hər biri Azərbaycan, alman və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər autentikdir. Təfsir zamanı Azərbaycan və alman mətnləri arasında fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası
|
Almaniya Federativ Respublikası
|
Hökuməti adından
|
Hökuməti adından
|
(imza)
|
(imza)
|