×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
27.12.2016
QEYDİYYAT NÖMRƏSİ
1179
ADI
Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 28-12-2016, Nəşr nömrəsi: 289), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2016, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2097)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.12.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201612271179
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.12.2016
Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında

Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının və “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının tətbiqi ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). [1]

2. “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm potensialının daha da artırılmasını və beynəlxalq səviyyədə tanıdılmasını təmin edən “Azərbaycan Turizm Bürosu” publik hüquqi şəxsi üç ay müddətində yaratsın və publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərini həyata keçirsin. [2]

3-1. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Azərbaycan Turizm Bürosu” publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərini həyata keçirsin. [3]

4. Müəyyən edilsin ki, “Azərbaycan Turizm Bürosu” publik hüquqi şəxsin saxlanması və fəaliyyətinin təmin edilməsi xərcləri onun fəaliyyətindən əldə edilən gəlirlər (o cümlədən aldığı kreditlər, qrantlar, habelə işlərin görülməsindən, xidmətlər göstərilməsindən daxilolmalar və s.) hesabına maliyyələşdirilir.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin fəaliyyətinin təşkili ilə bağlı müvafiq yerin ayrılmasını və zəruri maddi-texniki təminat məsələlərini həll etsin; [4]

5.5. bu Fərmanın 3-cü hissəsinə əsasən yaradılacaq publik hüquqi şəxsin ilkin dövrdə fəaliyyətini təmin etmək üçün nizamnamə fondunun formalaşmasını təmin etsin;

5.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi “Azərbaycan Turizm Bürosu” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin. [5]

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

8. Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə aidiyyəti dövlət qurumları bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Turizm Şurasına lazımi kömək göstərilməsini və onun müraciəti əsasında zəruri məlumatların təqdim olunmasını təmin etsinlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 dekabr 2016-cı il

    1179

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamə

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Turizm Şurası (bundan sonra – Şura) “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasında turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədəki problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə yaradılmış və ictimai əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

1.2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

 

2. Şuranın vəzifələri

 

2.0. Şuranın əsas vəzifələri aşağıdakılardır:

2.0.1. turizm sahəsinin inkişafı istiqamətlərini hazırlamaq və onların həyata keçirilməsi mexanizmləri üzrə təkliflər vermək;

2.0.2. turizm sahəsində mövcud vəziyyəti təhlil etmək və bu sahədəki problemlərin operativ həlli məqsədilə tədbirlər görülməsinə dair Azərbaycan Respublikasının Prezidentinə əsaslandırılmış təkliflər təqdim etmək;

2.0.3. turizm fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

2.0.4. turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasını əlaqələndirmək;

2.0.5. turizm sahəsində dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

2.0.6. ölkənin turizm potensialından istifadə imkanlarının artırılması, regionlarda turizm fəaliyyətinin stimullaşdırılması ilə bağlı təkliflər vermək;

2.0.7. turizm sahəsində beynəlxalq əməkdaşlığın və işgüzar əlaqələrin genişləndirilməsinə dair təkliflər hazırlamaq;

2.0.8. turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri arasında əməkdaşlıq əlaqələrinin beynəlxalq təcrübə nəzərə alınmaqla inkişafının stimullaşdırılmasına dair təkliflər hazırlamaq;

2.0.9. beynəlxalq təcrübə nəzərə alınmaqla, turizm sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə dair təkliflər hazırlamaq;

2.0.10. turizm sahəsində kadr hazırlığı sisteminin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;

2.0.11. turizm sahəsində işlərin gedişatı, o cümlədən sərhəd buraxılış məntəqələrindən turistlərin Azərbaycan Respublikası ərazisinə buraxılışının həyata keçirilməsi ilə bağlı müşahidələr aparılmasını, monitorinqlər keçirilməsini təmin etmək, məlumatları toplamaq, təhlil etmək, məmnunluq anketi tərtib etmək və müvafiq informasiyanı müntəzəm olaraq ictimaiyyətə açıqlamaq.

 

3. Şuranın fəaliyyətinin təşkili

 

3.1. Şuranın sədrini və üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

3.2. Şuranın sədri aşağıdakı vəzifələri yerinə yetirir:

3.2.1. Şuranın fəaliyyət planını təsdiq edir və həyata keçirir;

3.2.2. Şuranın işini təşkil edir və ona rəhbərlik edir;

3.2.3. Şura üzvlərinin təklifləri nəzərə alınmaqla Şuranın iclaslarının gündəliyini müəyyən edir və keçirilən iclaslarda sədrlik edir;

3.2.4. müzakirə edilən məsələlərə dair Şuranın adından qəbul olunan qərarları, məktubları və Şuranın fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

3.2.5. Şuranın fəaliyyəti ilə bağlı müvafiq işçi qruplar yaradır;

3.2.6. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər cari işləri görür.

3.3. Şura üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:

3.3.1. Şuranın iclaslarında və fəaliyyətində iştirak etmək;

3.3.2. Şuranın iclaslarının gündəliyi, eləcə də gündəliyə daxil edilmiş məsələlər barədə təkliflər vermək;

3.3.3. Şuranın fəaliyyəti ilə bağlı digər cari işləri görmək.

3.4. Şura dövlət orqanlarına və qurumlarına, hüquqi və fiziki şəxslərə, beynəlxalq təşkilatlara Şuranın səlahiyyətinə aid məsələlərlə bağlı məlumatların əldə edilməsi məqsədilə sorğular göndərə bilər.

3.5. Şuranın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həllini və kargüzarlıq işinin aparılmasını Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində fəaliyyət göstərən Şuranın Katibliyi həyata keçirir.

3.6. Şuranın sədri Katibliyin fəaliyyətinə dair təlimatları təsdiq edir və onun tərkibini müəyyən edir.

3.7. Şuranın Katibliyi:

3.7.1. Şuranın iclaslarının gündəliyi, tarixi və keçiriləcəyi yer haqqında məlumatları Şuranın üzvlərinə çatdırır;

3.7.2. müvafiq tapşırıq əsasında aidiyyəti dövlət orqanlarının və qurumlarının, hüquqi şəxslərin nümayəndələrini və mütəxəssisləri Şuranın iclaslarına dəvət edir;

3.7.3. Şuranın iclaslarında baxılacaq müvafiq sənədlərin hazırlanması məqsədilə sahibkarları, onların ictimai təşkilatlarını, aidiyyəti dövlət orqanlarını, mütəxəssisləri cəlb etməklə sahələr üzrə işçi qruplar yaradır;

3.7.4. Şuranın müzakirəsinə çıxarılacaq məsələlər üzrə zəruri sənədlərin layihələrini hazırlayır və Şuranın üzvlərinə çatdırır;

3.7.5. Şuranın üzvlərindən daxil olan məlumatlar haqqında arayışı Şuranın sədrinə təqdim edir;

3.7.6. Şuranın iclaslarını protokollaşdırır və iclasın yekun sənədlərinin layihələrini Şuranın sədrinə təqdim edir;

3.7.7. Şuranın iclaslarında qəbul olunmuş qərarlar haqqında Şuranın üzvlərini məlumatlandırır;

3.7.8. Şuranın fəaliyyəti ilə əlaqədar digər funksiyaları həyata keçirir.

3.8. Şuranın iclasları növbəti və növbədənkənar olaraq keçirilir. Növbəti iclaslar ildə iki dəfədən az olmayaraq, növbədənkənar iclaslar isə Şura sədrinin və ya Şura üzvlərinin yarıdan çoxunun müraciətinə əsasən keçirilir.

3.9. Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır.

3.10. Şuranın iclaslarında səsvermə açıq keçirilir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Şura sədrinin səsi həlledicidir.

3.11. Şuranın iclaslarında qəbul edilmiş qərarlar protokolla rəsmiləşdirilir, Şuranın sədri və üzvləri tərəfindən imzalanır.

3.12. Şurada müzakirə edilən məsələlərin tənzimləmə predmetindən və əhatə etdiyi sahədən asılı olaraq, Şuranın üzvü olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələri Şuranın iclaslarına dəvət edilə bilərlər.

3.13. Şuranın yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Turizm Şurasının tərkibi

 

Şuranın sədri

 

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

 

Şuranın üzvləri:

 

Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri [6]

Arif Məmmədov – Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru

Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Sahib Ələkbərov – Azərbaycan Respublikası vergilər nazirinin müavini

Tapdıq Əmiraslanov – Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Firdovsi Əliyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Əsgər Abdullayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Rafiq Cəlilov – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini

Fərhad Tağı-zadə – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini

Pərviz Musayev – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Bədəl Bədəlov – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Natəvan Qədimova – Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri

Fidumə Hüseynova – Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Əsgər Ələkbərov – “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri [7]

İlqar Mustafayev –Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 iyun 2018-ci il tarixli 139 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 iyun 2018-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1229)

2.       6 iyul 2018-ci il tarixli 176 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 iyul 2018-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, I kitab, maddə 1462)

3.       12 sentyabr 2018-ci il tarixli 264 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 sentyabr 2018-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1827)

4.       27 noyabr 2018-ci il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2290)

  1. 14 dekabr 2018-ci il tarixli 401 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 15 dekabr 2018-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2558)
  2. 26 dekabr 2018-ci il tarixli 441 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 dekabr 2018-ci il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2598)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 noyabr 2018-ci il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2290) ilə “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi”ndə “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi” sözləri “Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilmişdir.

26 dekabr 2018-ci il tarixli 441 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 dekabr 2018-ci il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2598) ilə Fərmanın 1-ci, 2-ci və 8-ci hissələri ləğv edilmişdir.

 

[2] 11 iyun 2018-ci il tarixli 139 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 iyun 2018-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1229) ilə 3-cü hissədən “və publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərini həyata keçirsin” sözləri çıxarılmışdır.

 

[3] 11 iyun 2018-ci il tarixli 139 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 iyun 2018-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1229) ilə yeni məzmunda 3-1-ci hissə əlavə edilmişdir.

 

[4] 11 iyun 2018-ci il tarixli 139 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 iyun 2018-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1229) ilə 5.4-cü bənddə “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə və “hissəsinə əsasən yaradılacaq” sözləri “hissəsində nəzərdə tutulan” sözləri ilə əvəz edilmişdir.

 

[5] 14 dekabr 2018-ci il tarixli 401 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 15 dekabr 2018-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2558) ilə 3-cü, 3-1-ci, 4-cü və 6-cı hissələrdə “Milli Turizm Təbliğat” sözləri “Azərbaycan Turizm” sözləri ilə əvəz edilmişdir.

 

[6] 12 sentyabr 2018-ci il tarixli 264 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 sentyabr 2018-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1827) ilə “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi”ndə “İnam Kərimov” sözləri “Ülvi Mehdiyev” sözləri ilə əvəz edilmişdir.

 

[7] 6 iyul 2018-ci il tarixli 176 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 iyul 2018-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, I kitab, maddə 1462) ilə “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi”ndə “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi” sözləri “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status