AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.10.2016
QEYDİYYAT NÖMRƏSİ
401
ADI
“Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 09-10-2016, Nəşr nömrəsi: 222), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2016, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1719)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.03.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.120.100
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201610060401
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
12.10.2016
“Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı olar

“Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli 811 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar” təsdiq edilsin (3 nömrəli əlavə).

4. Bu qərar 2016-cı il mart ayının 1-dən etibarən tətbiq edilir və 2020-ci il 31 dekabr tarixinədək qüvvədədir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 6 oktyabr 2016-cı il

                     № 401

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

1 nömrəli əlavə

 

Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli 811 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi qaydasını tənzimləyir.

1.2. İxrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir.

1.3. İxrac olunan qeyri-neft məhsullarının Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə edilən yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisi mənşə sertifikatı əsasında müəyyən olunur və ixrac təşviqi Azərbaycan Respublikası mənşəli mallara şamil edilir.

1.4. İxrac təşviqinin məbləği ixrac təşviqinin baza məbləğinə ixrac olunan qeyri-neft məhsullarının növündən asılı olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmsallar tətbiq olunmaqla hesablanır və ödənilir.

1.5. Bu Qaydanın məqsədləri üçün faktiki ixrac dedikdə, qeyri-neft məhsullarının geri qaytarılmaq öhdəliyi olmadan Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması başa düşülür.

 

2. İxrac təşviqinin ödənilməsi qaydası

 

2.1. Şəxslər ixrac təşviqinin alınması üçün bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib olunan ərizə ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq, birbaşa və ya “bir pəncərə” prinsipi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edirlər. [1]

2.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

2.2.1. ixrac olunan qeyri-neft məhsullarının dəyərinin təsdiq edilməsi haqqında sənədin (invoys, hesab faktura və s.) surəti;

2.2.2. Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən təsdiq edilmiş ixrac gömrük bəyannaməsinin surəti;

2.2.3. qeyri-neft məhsullarını xarici dövlətə idxal edən şəxslə bağlanılmış müqavilənin və ya mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənədin və ya onları əvəz edən sənədlərin surətləri;

2.2.4. xarici dövlətin gömrük orqanı tərəfindən təsdiq edilmiş idxal gömrük bəyannaməsinin surəti;

2.2.5. faktiki ixrac olunan qeyri-neft məhsullarına görə ödənilən vəsaitin malın idxal olunduğu xarici dövlətdəki idxalatçısı tərəfindən ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına xarici valyutada köçürülməsini təsdiq edən müvəkkil bank və ya kredit təşkilatının məktubu (məktubda vəsaitin köçürülmə və mədaxil tarixi, vəsaiti ödəyən və vəsait ödənilən hüquqi və ya fiziki şəxsin adı, vəsaitin məbləği, vəsaitin aid olduğu müqavilə, gömrük bəyannaməsi və invoys, müvəkkil bank və ya kredit təşkilatının səlahiyyətli şəxsinin adı və soyadı göstərilir və məktub həmin səlahiyyətli şəxsin imzası və müvəkkil bank və ya kredit təşkilatının möhürü ilə təsdiq olunur); [2]

2.2.6. üzərində Azərbaycan Respublikasının gömrük orqanının ixrac olunan malın gömrük ərazisindən çıxarılması ilə bağlı qeydi olan növündən asılı olaraq nəqliyyat sənədinin surəti. [3]

2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizənin qeydiyyata alındığı tarixdən 3 (üç) iş günü müddətində ərizə və ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizə və ona əlavə edilmiş sənədlər həmin bəndlərin tələblərinə cavab vermədikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizə və ona əlavə olunmuş sənədlərdəki çatışmazlıqların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir. [4]

2.4. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman ixrac təşviqinin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət ixrac təşviqinin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

2.4-1. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizəni baxılmamış saxlayır və bu barədə məlumatı 2 (iki) iş günü ərzində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. [5]

2.4-2. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra ixrac təşviqinin alınması üçün yenidən ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edə bilər.

2.4-3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında bu Qaydaya uyğun olaraq ixrac təşviqinin verilməsindən imtina üçün əsaslar olmadıqda, ərizənin qeydiyyata alındığı tarixdən 10 (on) iş günündən gec olmayaraq 2 (iki) nüsxədə ixrac təşviqinin ödənilməsi haqqında bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada “MƏKTUB-SƏRƏNCAM” tərtib edilir və bir nüsxəsi ixracatçıya, digər nüsxəsi isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (o cümlədən, həmin nüsxənin skan edilmiş surəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin elektron poçt ünvanına göndərilməklə) təqdim olunur. [6]

2.4-4. İxrac təşviqinin verilməsindən imtina bu Qaydada nəzərdə tutulmuş imtina hallarına istinad edilməklə, əsaslandırılmalıdır. Ərizəçi ixrac təşviqinin verilməsindən imtinadan inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.

2.5. Aşağıdakı hallarda ixrac təşviqinin ödənilməsindən imtina olunur:

2.5.1. müraciətdə göstərilən ixrac olunan məhsul Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısında nəzərdə tutulmadıqda;

2.5.2. Ərizədə və ona əlavə olunmuş sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda; [7]

2.5.3. bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulan hallarda.

2.6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “MƏKTUB-SƏRƏNCAM”ın təqdim edildiyi vaxtdan 3 (üç) iş günü müddətində ixrac təşviqinin ixracatçıya ödənilməsini təmin edir.

2.7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ixrac təşviqinin əldə edilməsi üçün müraciətdə göstərilən məlumatları araşdırmaq məqsədi ilə dövlət orqanlarına və müvəkkil kredit təşkilatlarına sorğular göndərə bilər.

2.8. İxrac təşviqinin məbləği ixrac gömrük bəyannaməsindəki xarici valyutanın məzənnəsi əsas götürülməklə, manatla müəyyən olunur və ödənilir.

2.9. Faktiki ixrac olunan qeyri-neft məhsullarına görə ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülən vəsait həmin məhsullar üzrə ixrac gömrük bəyannaməsində göstərilən gömrük dəyərindən az olduqda, bu məhsulların ixracına görə ixrac təşviqinin baza məbləği bank hesabına köçürülən vəsaitin 3 (üç) faizini təşkil edir. Bu zaman ərizədə göstərilən qeyri-neft məhsulları üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən fərqli əmsallar müəyyən edildikdə, həmin əmsallar sırasından ən kiçik əmsal tətbiq edilir.

2.9-1. Faktiki ixrac olunan qeyri-neft məhsullarına görə ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülən vəsait həmin məhsullar üzrə ixrac gömrük bəyannaməsində göstərilən gömrük dəyərindən çox olduqda, bu məhsulların ixracına görə ixrac təşviqinin baza məbləği ixrac gömrük bəyannaməsində göstərilən gömrük dəyərinin 3 (üç) faizini təşkil edir. [8]

2.9-2. Müraciətə əlavə olunmuş iki və daha çox gömrük bəyannaməsi əsasında ixrac olunan qeyri-neft məhsullarına görə ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülən vəsait müvafiq gömrük bəyannamələrində göstərilən gömrük dəyərinin cəmindən az olduqda, belə bəyannamələr üzrə ixrac təşviqi daxil olan vəsaitin bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan sənədlər əsasında həmin gömrük bəyannamələri üzrə bölgüsünü konkretləşdirməklə hesablanır. Bu zaman bəyannamələr və ya onların bəziləri üzrə vəsaitin bölgüsünü konkretləşdirmək mümkün olmadıqda, həmin bəyannamələr üzrə ixrac təşviqi bu bəyannamələr sırasından daha əvvəlki tarixli gömrük bəyannaməsindən başlayaraq ardıcıllıq əsasında və daxil olan vəsaitin bəyannamələr üzrə bölgüsü konkretləşdirilməyən hissəsi çərçivəsində hesablanır və ödənilir.

2.9-3. Müraciətə əlavə olunmuş gömrük bəyannaməsi əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixrac təşviqi şamil olunan qeyri-neft məhsullarının XİFMN üzrə siyahısında nəzərdə tutulmuş məhsul (məhsullar) ilə yanaşı adıçəkilən siyahıda nəzərdə tutulmamış məhsul (məhsullar) da ixrac edildikdə və bu zaman gömrük bəyannaməsində nəzərdə tutulan məhsullara görə ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülən vəsait bu məhsullar üzrə ixrac gömrük bəyannaməsində göstərilən ümumi gömrük dəyərindən az olduqda, belə bəyannamə üzrə ixrac təşviqinin baza məbləği aşağıdakı düstur əsasında hesablanmış məbləğin 3 (üç) faizini təşkil edir:

M = (V / D0) x D1

Burada:

M – hesablanmış məbləğ;

V - ixrac olunan qeyri-neft məhsullarına görə ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülən vəsait;

D0 – ixrac olunmuş məhsulların gömrük bəyannaməsində göstərilən ümumi gömrük dəyəri;

D1 – həmin bəyannamə əsasında ixrac olunmuş yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixrac təşviqi şamil olunan qeyri-neft məhsullarının XİFMN üzrə siyahısında nəzərdə tutulmuş məhsulun (məhsulların) gömrük dəyəri.

2.10. Faktiki ixrac edilmiş qeyri-neft məhsulu sonradan Azərbaycan Respublikasının ərazisinə (o cümlədən, ölkə ərazisində mövcud olan sərbəst zonalara və xüsusi iqtisadi zonalara) tam və ya qismən geri qaytarıldıqda, bu məhsullar üçün ixrac təşviqinin ödənilmiş məbləği ixracatçı tərəfindən mütənasib olaraq geri ödənilməlidir.

2.11. İxrac olunan malların gömrük rəsmiləşdirilməsi gömrük təmsilçiliyi vasitəsilə (gömrük təmsilçisi və ya gömrük brokeri tərəfindən) həyata keçirildikdə, ixrac təşviqi yalnız təmsil edilən şəxsə verilir.

 

3. İxrac təşviqinin tətbiq olunmadığı əməliyyatlar və şəxslər

 

3.1. İxrac təşviqi aşağıdakı əməliyyatlara və şəxslərə tətbiq edilmir:

 

3.1.1. idxal edilərək, sərbəst dövriyyəyə buraxılan xarici ölkə mənşəli malların ixracına;

3.1.2. tranzit xüsusi gömrük proseduru altında yerləşdirilən malların Azərbaycan Respublikasının ərazisindən çıxarılmasına;

3.1.3. sərhədyanı ticarət çərçivəsində malların satışına;

3.1.4. Azərbaycan Respublikasının ərazisində yaradılmış rüsumsuz ticarət mağazalarında malların satılmasına;

3.1.5. malların əvəzsiz (haqqı ödənilmədən) ixracına;

3.1.6. daxildə emal və xaricdə emal xüsusi gömrük prosedurları çərçivəsində malların ixracına;

3.1.7. təkrar ixrac gömrük proseduru və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilən xarici malların ixracına;

3.1.8. malların Azərbaycan Respublikasının ərazisində yaradılmış sərbəst zonalara və xüsusi iqtisadi zonalara satışına;

3.1.9. barter əməliyyatları çərçivəsində malların ixracına;

3.1.10. sərbəst zonalarda, xüsusi iqtisadi zonalarda, sənaye və ya texnologiyalar parklarında istehsal olunmuş malların ixracına;

3.1.11. bu Qaydanın qüvvəyə minməsindən əvvəl həyata keçirilən faktiki ixrac əməliyyatlarına;

3.1.12. dövlət mülkiyyətində olan və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə;

3.1.13. gömrük təmsilçiliyi fəaliyyətini həyata keçirən şəxslərə (gömrük təmsilçisi və gömrük brokeri);

3.1.14. faktiki ixrac əməliyyatlarının həyata keçirildiyi tarixdən 180 gündən sonra müraciət edən şəxslərə.

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [9]

 


 

“Qeyri-neft məhsullarının ixracı ilə

məşğul olan şəxslərə ixrac təşviqinin

ödənilməsi Qaydası”na

1 nömrəli əlavə

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə

 

_____________________________________________________________________ tərəfindən

(ixracatçının adı, VÖEN-i)

 

Ə R İ Z Ə

 

 

Xahiş edirəm “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli 811 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq, ixrac edilmiş aşağıdakı qeyri-neft məhsullarına görə
 _____________________ manat məbləğində ixrac təşviqinin
[10]

          (rəqəmlə və yazı ilə)

 

_____________________________  ödənilməsinə razılıq verəsiniz.

                      (bank rekvizitləri)

 

Məhsulların XİFMN üzrə kodları

Məhsulların adları

İxrac olunan məhsulun gömrük dəyəri

(xarici valyutada)

Bank hesabına daxil olan məbləğ

(xarici valyutada)

Məhsullara dair mənşə sertifikatının (sertifikatlarının) nömrəsi (nömrələri) [11]

 

 

 

 

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

 

Qoşma: Ərizəyə əlavə olunan sənədlər _______ vərəqdə.

 

Ərizə verən hüquqi şəxs

olduqda, rəhbərinin   _________________       _________________________________  

                                                              (imzası)                                          (soyadı, adı, atasının adı)

 

           Möhür yeri

 

Ərizə verən fərdi

sahibkar olduqda      _________________       _________________________________  

                                                              (imzası)                                          (soyadı, adı, atasının adı)

 

 

Tarix __________________

                           (gün, ay, il)

 

 


 

“Qeyri-neft məhsullarının ixracı ilə

məşğul olan şəxslərə ixrac təşviqinin

ödənilməsi Qaydası”na

2 nömrəli əlavə

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

 

MƏKTUB-SƏRƏNCAM

 

№_______

 

Bakı şəhəri,                                               “___” ______________ __________

                                                                                (gün, ay, il)

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə

 

______________________________________________________________________________

(ixracatçının adı və VÖEN-i)

 

            Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli 811 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq, ixrac edilmiş qeyri-neft məhsullarına görə
_________________________________________ manat məbləğində

                                  (rəqəmlə və yazı ilə)

 

ixrac təşviqinin ______________________________ ödənilməsi xahiş olunur.

                                              (ixracatçının bank rekvizitləri)

 

Əsas: İxracatçının _________________________  tarixli ərizəsi

 

_____________________        __________________        ________________________________  

                (vəzifəsi)                                            (imzası)                                                          (soyadı, adı)

 

                                     Möhür yeri

 

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

2 nömrəli əlavə

 

İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə

 

SİYAHISI

 

XİFMN üzrə məhsulun kodu

Malın adı

1

2

0407 [12]

Quş yumurtası

0409 00 000 0

Təbii bal

0802 22 [13]

Qabığı təmizlənmiş meşə fındığı

0804 20 900 0,

0806 20,

0813-dən

Qurudulmuş meyvələr

0810 70 000 0

Xurma

0810 90 750 1

Nar

1509 90 [14]

Digər zeytun yağı və onun fraksiyaları

1905-dən

Unlu qənnadı məmulatları, o cümlədən paxlava, şəkərbura kimi şərq şirniyyatları

2001-dən

Sirkə və ya sirkə turşusu ilə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıq

2002

Sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş pomidor

2005

Sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş, dondurulmamış digər tərəvəzlər

2006 00-dan

Şəkər vasitəsilə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıq

2007

Cemlər, mürəbbələr, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz-fındıq püresi, meyvə və ya qoz-fındıq pastası

2008-dən

Başqa üsulla hazırlanmış və ya konservləşdirilmiş meyvələr və qoz-fındıq, o cümlədən qablaşdırılmış qoz, fındıq və badam

2009

Meyvə və tərəvəz şirələri, o cümlədən nar şirəsi

2103-dən

Souslar və ədviyyatlar

2201-dən

Təbii və ya süni mineral sular, qazlı sular

2202

Alkoqolsuz içkilər

2204

Təbii üzüm şərabları və üzüm suslosu

2205

Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları

2206 [15]

Üzüm şərabları istisna olmaqla, digər meyvə çaxırları, o cümlədən nar çaxırı

2208

Konyak, brendi, likörlər və digər spirtli içkilər, üzüm şərablarının distillatları

3004900000-dan

Naftalan mazı

Qrup 42-dən

Təbii dəridən geyim əşyaları və digər məmulatlar

5007

İpək parçalar

5701-dən

Əllə toxunmuş xovlu xalçalar

5702-dən

Əllə toxunmuş xovsuz xalçalar

Qrup 61-dən

Qrup 62-dən

Qrup 63-dən

Pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları

6403

Üstü təbii dəridən olan ayaqqabılar

 

Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [16]


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

3 nömrəli əlavə

 

Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq

 

Əmsallar

 

XİFMN üzrə məhsulun kodu

Malın adı

Əmsal

1

2

3

0407 [17]

Quş yumurtası

1,5

0409 00 000 0

Təbii bal

1,5

0802 22 [18]

Qabığı təmizlənmiş meşə fındığı

1,0

0804 20 900 0, 0806 20,

0813-dən

Qurudulmuş meyvələr

1,5

0810 70 000 0

Xurma

1,0

0810 90 7501

Nar

1,0

1509 90 [19]

Digər zeytun yağı və onun fraksiyaları

1,5

1905-dən

Unlu qənnadı məmulatları, o cümlədən paxlava, şəkərbura kimi şərq şirniyyatları

1,5

2001-dən

Sirkə və ya sirkə turşusu ilə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıq

1,5

2002

Sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş pomidor

2,0

2005

Sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş, dondurulmamış digər tərəvəzlər

2,0

2006 00-dan

Şəkər vasitəsilə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıq

1,5

2007

Cemlər, mürəbbələr, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz-fındıq püresi, meyvə və ya qoz-fındıq pastası

2,0

2008-dən

Başqa üsulla hazırlanmış və ya konservləşdirilmiş meyvələr və qoz-fındıq, o cümlədən qablaşdırılmış qoz, fındıq və badam

2,0

2009

Meyvə və tərəvəz şirələri, o cümlədən nar şirəsi

2,0

2103-dən

Souslar və ədviyyatlar

2,0

2201-dən

Təbii və ya süni mineral sular, qazlı sular

1,5

2202

Alkoqolsuz içkilər

1,5

2204

Təbii üzüm şərabları və üzüm suslosu

2,0

2205

Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları

2,0

2206 [20]

Üzüm şərabları istisna olmaqla, digər meyvə çaxırları, o cümlədən nar çaxırı

2,0

2208

Konyak, brendi, likörlər və digər spirtli içkilər, üzüm şərablarının distillatları

2,0

3004900000-dan

Naftalan mazı

2,0

Qrup 42-dən

Təbii dəridən geyim əşyaları və digər məmulatlar

2,0

5007

İpək parçalar

1,5

5701-dən

Əllə toxunmuş xovlu xalçalar

2,0

5702-dən

Əllə toxunmuş xovsuz xalçalar

2,0

Qrup 61-dən

Qrup 62-dən

Qrup 63-dən

Pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları

2,0

6403

Üstü təbii dəridən olan ayaqqabılar

2,0

 

Qeyd. Bu Əmsallarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [21]

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       25 iyun 2018-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1373)

2.       29 fevral 2020-ci il tarixli 74 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 mart 2020-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 221)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 25 iyun 2018-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1373) ilə 1 nömrəli əlavə - “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə “ərizə ilə” sözlərindən sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq, birbaşa və ya “bir pəncərə” prinsipi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi vasitəsilə” sözləri əlavə edilmişdir.

 

[2] 25 iyun 2018-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1373) ilə 1 nömrəli əlavə - “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 2.2.5-ci və 2.2.6-cı yarımbəndləri yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.2.5. faktiki ixrac olunan qeyri-neft məhsullarına görə ödənilən vəsaitin ixracatçının xarici valyutada Azərbaycan Respublikasındakı bank hesabına köçürülməsini təsdiq edən müvəkkil kredit təşkilatının sənədi (tarixi, mədaxil tarixi, ödənilən təşkilatın adı, məbləği);

2.2.6. qeyri-neft məhsulunun Azərbaycan mənşəli olmasını göstərən mənşə sertifikatının surəti.

 

[3] 29 fevral 2020-ci il tarixli 74 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 mart 2020-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 221) ilə 1 nömrəli əlavə - “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 2.2.6-cı yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.2.6. üzərində Azərbaycan Respublikasının gömrük orqanının ixrac olunan malın gömrük ərazisindən çıxarılması və təyinat ölkəsi də daxil olmaqla, xarici ölkələrin gömrük orqanının malın həmin ölkənin gömrük ərazisinə daxil olması ilə bağlı qeydləri olan növündən asılı olaraq nəqliyyat sənədinin surəti.

 

[4] 25 iyun 2018-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1373) ilə 1 nömrəli əlavə - “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 2.3-cü və 2.4-cü bəndləri yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.3. Təqdim olunmuş sənədlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 10 (on) iş günü müddətində baxılır və bu Qaydaya uyğun olaraq ixrac təşviqinin verilməsindən imtina üçün əsaslar olmadıqda, 2 (iki) nüsxədə ixrac təşviqinin ödənilməsi haqqında bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada “MƏKTUB-SƏRƏNCAM” tərtib edilir və bir nüsxəsi ixracatçıya, bir nüsxəsi isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur.

2.4. Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizənin daxil olduğu tarixdən 2 (iki) iş günündən gec olmayaraq, həmin çatışmazlıqların aradan qaldırılması üçün müraciət edən şəxsə məlumat verir. Müraciət edən şəxs tərəfindən müvafiq çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətə bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq baxılır.

 

29 fevral 2020-ci il tarixli 74 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 mart 2020-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 221) ilə 1 nömrəli əlavə - “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 2.3-cü bəndində “2 (iki)” rəqəm və sözü “3 (üç)” rəqəm və sözü ilə əvəz edilmişdir.

 

[5] 25 iyun 2018-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1373) ilə 1 nömrəli əlavə - “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”na yeni məzmunda 2.4-1-ci, 2.4-2-ci, 2.4-3-cü və 2.4-4-cü bəndlər əlavə edilmişdir.

 

[6] 29 fevral 2020-ci il tarixli 74 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 mart 2020-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 221) ilə 1 nömrəli əlavə - “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 2.4-3-cü bəndinə “Maliyyə Nazirliyinə” sözlərindən sonra “(o cümlədən, həmin nüsxənin skan edilmiş surəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin elektron poçt ünvanına göndərilməklə)” sözləri əlavə edilmişdir.

 

[7] 25 iyun 2018-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1373) ilə 1 nömrəli əlavə - “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 2.5.2-ci yarımbənddə “bu Qaydanın 2.2-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə və təqdim olunmuş sənədlərdə” sözləri “Ərizədə və ona əlavə olunmuş sənədlərdə” sözləri ilə əvəz edilmişdir.

 

[8] 25 iyun 2018-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1373) ilə 1 nömrəli əlavə - “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”na yeni məzmunda 2.9-1-ci, 2.9-2-ci və 2.9-3-cü bəndlər əlavə edilmişdir.

 

[9] 25 iyun 2018-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1373) ilə 1 nömrəli əlavə - “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 3.1.14-cü yarımbəndindən sonra yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

 

[10] 25 iyun 2018-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1373) ilə 1 nömrəli əlavə - “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 1 nömrəli əlavə
“_____________________ manat məbləğində” sözləri çıxarılmışdır.

   (rəqəmlə və yazı ilə) 

 

[11] 25 iyun 2018-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1373) ilə 1 nömrəli əlavə - “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 1 nömrəli əlavə cədvəldə “İxrac təşviqinin məbləği (manatla)” sözləri “Məhsullara dair mənşə sertifikatının (sertifikatlarının) nömrəsi (nömrələri)” sözləri ilə əvəz edilmişdir.

 

[12] 25 iyun 2018-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1373) ilə 2 nömrəli əlavə - “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın “0409 00 000 0” mal alt yarımmövqeyinə aid sətirdən əvvəl yeni məzmunda sətir əlavə edilmişdir.

 

[13] 25 iyun 2018-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1373) ilə 2 nömrəli əlavə - “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın “0409 00 000 0” mal alt yarımmövqeyinə aid sətirdən sonra yeni məzmunda sətir əlavə edilmişdir.

 

[14] 25 iyun 2018-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1373) ilə 2 nömrəli əlavə - “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın “0810 90 750 1 mal alt yarımmövqeyinə aid sətirdən sonra yeni məzmunda sətir əlavə edilmişdir.

 

[15] 25 iyun 2018-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1373) ilə 2 nömrəli əlavə - “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın “ 2205” mal mövqeyinə aid sətirdən sonra yeni məzmunda sətir əlavə edilmişdir.

 

[16] 25 iyun 2018-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1373) ilə 2 nömrəli əlavə - “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın cədvəlin sonuna yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

 

[17] 25 iyun 2018-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1373) ilə 3 nömrəli əlavə - “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ının “0409 00 000 0” mal alt yarımmövqeyinə aid sətirdən əvvəl yeni məzmunda sətir əlavə edilmişdir.

 

[18] 25 iyun 2018-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1373) ilə 3 nömrəli əlavə - “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ının “0409 00 000 0” mal alt yarımmövqeyinə aid sətirdən sonra yeni məzmunda sətir əlavə edilmişdir.

 

[19] 25 iyun 2018-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1373) ilə 3 nömrəli əlavə - “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ının “0810 90 7501” mal alt yarımmövqeyinə aid sətirdən sonra yeni məzmunda sətir əlavə edilmişdir.

 

[20] 25 iyun 2018-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1373) ilə 3 nömrəli əlavə - “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ının “ 2205” mal mövqeyinə aid sətirdən sonra yeni məzmunda sətir əlavə edilmişdir.

 

[21] 25 iyun 2018-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 iyun 2018-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1373) ilə 3 nömrəli əlavə - “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ının cədvəlin sonuna yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status