AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.08.2016
QEYDİYYAT NÖMRƏSİ
321
ADI
“Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 03-09-2016, Nəşr nömrəsi: 193), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2016, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1457)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.09.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
140.010.030
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201608300321
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
06.09.2016
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Yaşıllıqların götürülməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli 173 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 9, maddə 864) 1-ci hissəsi ləğv edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 30 avqust 2016-cı il

                     № 321

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Yaşıllıqların götürülməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir.

1.2. Yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir.

 

2. Yaşıllıqların götürülməsi qaydası

 

2.1. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir.

2.2. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir:

2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;

2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; [1]

2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;

2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda;

2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;

2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda.

2.3. Bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır.

2.4. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər.

2.5. Yaşıllıqların götürülməsinə dair müraciətə aşağıdakı sənədlər əlavə olunur:

2.5.1. hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı barədə məlumat, dövlət qeydiyyatı barədə şəhadətnamənin surəti;

2.5.2. fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə həmçinin vergi uçotu haqqında şəhadətnamənin surəti;

2.5.3. götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd;

2.5.4. yaşıllığın götürülməsinin əsaslandırılması.

2.6. Ərizəçidən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.7. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur.

2.8. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və rəyin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizəni qəbul edən müvafiq mərkəzi icra hakimiyyəti orqanı, yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən bu barədə ərizəçiyə bütün çatışmazlıqlar göstərilməklə məlumat verilir və ərizəyə baxılma müddətinin axını dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin yazılı məlumatı daxil olduqdan sonra müddətin axını bərpa edilir.

2.9. İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir.

2.10. Bu Qaydanın 2.2.5-ci və 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulan hallarla bağlı yaşıllığın götürülməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinin verilməsi müddəti də daxil olmaqla, 3 (üç) təqvim günü ərzində yaşıllığın götürülməsi haqqında qərar qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir.

2.11. İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanı, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən yaşıllığın götürülməsi haqqında qərarının və yaşıllığın götürülməsi vərəqinin surəti 2(iki) gün müddətində məlumat üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilir.

 

3. Yaşıllıqların götürülməsinə rəyin verilməsi qaydası

 

3.1. Bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir.

3.2. Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin(kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir.

3.3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqların götürülməsinə dair rəy istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə 2 (iki) gün müddətində təqdim edilir.

3.4. Bu Qaydanın 2.2.5-ci və 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulan hallarla bağlı yaşıllığın götürülməsi barədə müraciətlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır, dərhal təqdim olunmuş sənədlər yoxlanılır, yerli qurumlar tərəfindən 1 (bir) gün müddətində yaşıllığa yerində baxış keçirərək nəticəsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 1 (bir) təqvim günü ərzində yaşıllıqların götürülməsinə dair müvafiq rəy verilir və istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə həmin gün təqdim edilir.

 

4. Yaşıllığın götürülməsi vərəqinin forması və tətbiqi qaydası

 

4.1. Ərizəçinin müraciəti əsasında istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qəbul olunmuş qərarına əlavə olunan yaşıllığın götürülməsi vərəqi bu Qaydanın əlavəsində göstərilən formasında verilir.

4.2. Yaşıllığın götürülməsi vərəqində aşağıdakılar göstərilir:

4.2.1. yaşıllığın götürülməsi haqqında qərar qəbul edən dövlət orqanının və ya bələdiyyənin adı;

4.2.2. yaşıllığın götürülməsi haqqında qərarın tarixi, nömrəsi və icra müddəti;

4.2.3. yaşıllığın götürülməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinin tarixi və nömrəsi;

4.2.4. yaşıllığın götürülməsinin məqsədi;

4.2.5. yaşıllığın götürüldüyü ünvan;

4.2.6. götürülən yaşıllıqların növü, mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi, ağac və kolların sayı, cinsi, diametri, hündürlüyü, gül-çiçək və ot bitkilərinin sahəsi;

4.2.7. yaşıllığın götürülməsini zəruri edən bu Qaydanın 2.2-ci bəndində qeyd olunan hal və ya hallar;

4.2.8. ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsi(kökündən çıxarılması) və ya bərpa olunma müddəti.

4.3. Bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllıqların götürülməsi qadağandır.

4.4. Yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının işçilərinin və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə ərizəçi tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir.

4.5. Yaşıllığın götürülməsi müvafiq texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurumlar tərəfindən yerinə yetirilməlidir.

4.6. Yaşıllıqların yerinin dəyişdirilməsində (kökündən çıxarılmasında) aşağıdakı tələblər nəzərdə tutulur:

4.6.1. ağac və kolların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) onların kök sisteminin zədələnməməsi və yeni şəraitə uyğunlaşma qabiliyyətinin artırılması üçün gövdənin diametri 5 sm-ə qədər olan ağac və kolların torpaq topasının kvadratının diametri və ya tərəflərin ölçüləri 70 sm-dən az olmamalıdır. Gövdəsinin diametrinin hər bir santimetr böyüməsinə müvafiq olaraq torpaq topasının ölçüləri 10-13 sm artırılmalıdır. Diametri 15 sm-dən böyük olan ağacların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) torpaq topasının ölçüləri 2,4х2,4х0,95 metr olmalıdır (ağac və kolların nisbi sükunət dövrlərində köçürülməsi zamanı onların kök ətrafı torpaq topası ilə birlikdə köçürülməsi zəruri deyildir);

4.6.2. vegetasiya dövründə yeri dəyişdirilən (kökündən çıxarılan) ağacların çətiri və kök sistemi boy stimulyatorları ilə işlənməlidir;

4.6.3. sağlam, yaxşı inkişaf etmiş, böyük mexaniki və donvurma zədələri, quru təpəsi olmayan, eyni zamanda çətirinin 10-15 faizindən çox sahəsi qurumamış ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilər;

4.6.4. bu Qaydanın 2.2.5-ci və 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla, iyun, iyul və avqust aylarında və havanın temperaturu 25-dən yuxarı olan vaxtlarda ağac və kolların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz;

4.6.5. qurumuş, təpəsi qurumuş, çürümə, nekroz-xərçəng xəstəliklərinin əlamətləri olan, təhlükəli zərərvericilərlə sirayətlənmiş, diametri 25 sm-dən və hündürlüyü 9 metrdən böyük olan və 4 metr hündürlüyə qədər budaqlanmayan ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz;

4.6.6. ağac və kolların yeri dəyişdirilən (kökündən çıxarılan) zaman forma vermə, sanitar və cavanlaşdırma məqsədi ilə onlar budanmalıdır;

4.6.7. yeri dəyişdirilən (kökündən çıxarılan) ağac və kolların əkilməsi üçün torpaq sahələri əkinə ən azı 10-15 (on-on beş) gün qalmış hazırlanmalıdır.

4.7. Bu Qaydanın 2.2.1-ci, 2.2.2-ci və 2.2.6-cı yarımbəndlərində göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hesablanmış, onların bərpa dəyərini təşkil edən vəsaitlər torpaq mülkiyyətçiləri, istifadəçiləri və ya icarəçilərinə ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir.

4.8. Bu Qaydanın 2.2.3-cü (yaşıllığın binanın inşasından əvvəl salınması halı istisna olmaqla), 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsinə (kəsilməsinə) görə bərpa dəyəri ödənilmir.

4.9. Bu Qaydanın 2.2.1-ci yarımbəndində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir.

4.10. Götürülən yaşıllığın bərpa edilməsi şərtilə kəsilməsi “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun bərpa edilir.

 

 


 

“Yaşıllıqların götürülməsi Qaydasına”

əlavə

 

YAŞILLIĞIN GÖTÜRÜLMƏSİ

 

V Ə R Ə Q İ

 

Yaşıllığın götürülməsi haqqında qərar qəbul edən dövlət orqanın və ya bələdiyyənin adı

 

Yaşıllığın götürülməsi haqqında qərarın tarixi, nömrəsi və icra müddəti

 

Yaşıllığın götürülməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinin tarixi və nömrəsi

 

Yaşıllığın götürülməsinin məqsədi

 

Yaşıllığın götürüldüyü ünvan

 

Götürülən yaşıllığın növü

 

Götürülən yaşıllıqların mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi

 

Götürülən ağac və kolların sayı, cinsi, diametri, hündürlüyü, gül-çiçək və ot bitkilərinin sahəsi

 

Yaşıllığın götürülməsini zəruri edən hal və ya hallar

 

Ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsi(kökündən çıxarılması) müddəti

 

Yaşıllıqların bərpa olunma müddəti

 

 

Dövlət orqanının (və ya bələdiyyənin) rəhbəri   ______________________

 

Qeydiyyat icraçısı   ___________________

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 noyabr 2019-cu il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2019-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1861)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 noyabr 2019-cu il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2019-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1861) ilə “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.2.2-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.2.2. şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status