“Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 177-VQ nömrəli Qanununun tətbiqi barədə
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 177-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. Həmin Qanunun 4-cü maddəsinə uyğun olaraq, tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi qaydası ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
2.2. həmin Qanunun 3.6-cı və 4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
[2]
2.3. həmin Qanunun 3.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.
[3]
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2016-cı il
№ 867
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
31 yanvar 2020-ci il tarixli 921 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2020-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №1, maddə 10)
2.
13 iyul 2021-ci il tarixli 1395 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyul 2021-ci il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 729)
3.
27 dekabr 2022-ci il tarixli 1919 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 27 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 28 dekabr 2022-ci il, № 285)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
27 dekabr 2022-ci il tarixli 1919 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 27 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 28 dekabr 2022-ci il, № 285) ilə ləğv edilmişdir.
[2]
31 yanvar 2020-ci il tarixli 921 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2020-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №1, maddə 10) ilə 2.2-ci bənddə “4-cü maddəsində” sözləri “3.5-ci və 4-cü maddələrində” sözləri ilə əvəz edilmişdir.
[3]
31 yanvar 2020-ci il tarixli 921 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2020-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №1, maddə 10) ilə 2.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.3-cü bənd əlavə edilmişdir.
13 iyul 2021-ci il tarixli 1395 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyul 2021-ci il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 729) ilə 2.2-ci və 2.3-cü bəndlərdə “3.5-ci” sözləri “3.6-cı” sözləri ilə əvəz edilmişdir.