AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
02.03.2016
QEYDİYYAT NÖMRƏSİ
100
ADI
“Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 03-04-2016, Nəşr nömrəsi: 69), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2016, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 773)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.04.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.080.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201603020100
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
05.04.2016
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

“Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 2 mart 2016-cı il

                    № 100

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 2 mart tarixli 100 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 21.2-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Bu Qayda televiziya proqramlarında (verilişlərində), açıq məkanda, teatr tamaşası, kino, konsert və digər kütləvi tədbirlər xidməti göstərilərkən qaçan sətirlə yayımlanan reklamın təqdim olunmasına qoyulan tələbləri müəyyən edir.

1.3. Qaçan sətir reklamın elektron vasitələrlə mətnlə və (və ya) qrafiklə, hərəkət edən şəkildə verilməsidir.

1.4. Nəqliyyat vasitələrində qaçan sətirlə reklam yayımlayan elektron tabloların yerləşdirilməsinə yol verilmir.

1.5. Qaçan sətirlə yayımlanan reklam “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş reklama dair ümumi tələblərə, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. [1]

 

2. Televiziya proqramlarında (verilişlərində) qaçan sətirlə yayımlanan reklam

 

2.1. Televiziya proqramlarında (verilişlərində) qaçan sətirlə reklamın yayımı xüsusi reklam bildirişi, yaxud “R” işarəsi ilə müşayiət olunmalıdır.

2.2. Yayımlanan televiziya proqramının (verilişinin) kadrına qaçan sətirlə yerləşdirilən reklam kadrın aktiv hissəsinin 7 faizindən çox sahəsini tutmamalıdır.

2.3. Qaçan sətirlə yayımlanan reklam alt yazıların, habelə açıqlama xarakterli yazıların üzərində yerləşdirilməməlidir.

2.4. Qaçan sətirlə verilən elanların, xəbərlərin, anonsların və digər məlumatların yayımı zamanı qaçan sətirlə reklam yayımlana bilməz.

2.5. Qaçan sətirlə yayımlanan reklam akustik (səsli) elementlərdən ibarət ola bilməz.

2.6. Qaçan sətirlə verilən reklamın (sosial reklam istisna olmaqla) vaxtı televiziyada yayımlanan reklamın ümumi vaxtına daxildir.

2.7. Azərbaycan Respublikasının Milli Məclisi sessiyalarının, rəsmi dövlət tədbirlərinin, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sədrinin çıxışlarının yayımı zamanı qaçan sətirlə reklam verilə bilməz.

2.8. Siyasi verilişlərdə və xəbər proqramlarında qaçan sətirlə reklamın yayımlanmasına yol verilmir.

2.9. Uşaq verilişlərində alkoqollu və energetik içkilərin və dini proqramlarda (verilişlərdə) alkoqollu içkilərin qaçan sətirlə reklamı verilə bilməz. [2]

2.10. Azərbaycan Respublikası Prezidenti tərəfindən elan edilmiş matəm günlərində televiziya proqramlarında (verilişlərində) qaçan sətirlə reklamın yayımlanması qadağandır.

 

3. Açıq məkanda qaçan sətirlə yayımlanan reklam

 

3.1. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.8-ci maddəsində nəzərdə tutulmuş lövhələr (yazılar) reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. [3]

3.2. Avtomobil yollarının torpaq sahəsində qaçan sətirlə reklam yayımlayan qurğuların yerləşdirilməsi qadağandır.

3.3. Açıq məkanda qaçan sətirlə reklam yayımlayan qurğular yerləşdirildiyi ərazinin estetik görünüşünə xələl gətirməməli, mühəndis qurğuları üzərində yerləşdirildikdə isə estetik və konstruksiya baxımından həmin qurğunun ümumi görkəmini pozmamalıdır.

3.4. Reklam, o cümlədən sosial reklamla bağlı sifariş olmadığı halda, reklam qurğusunun reklam mətni olmadan və yaxud təsvirsiz qalmasına yol verilmir.

3.5. Qaçan sətirlə reklam yayımlayan qurğuların reklam səthinin aşağı hissəsində reklam qurğusunun mülkiyyətçisi, onun əlaqə nömrəsi və reklam yerinin nömrəsi barədə məlumat yerləşdirilməlidir.

 

4. Teatr tamaşası, kino, konsert və digər kütləvi tədbirlər xidməti göstərilərkən, qaçan sətirlə yayımlanan reklam

 

4.1. Teatr tamaşası və kino xidməti göstərilərkən, qaçan sətirlə reklam teatrın və kinoteatrın foyesində, konsert və digər kütləvi tədbirlərin keçirildiyi zallarda isə onlar başlamazdan əvvəl yayımlana bilər.

4.2. Teatr tamaşasının gedişində, kinofilmlərin (əvvəli istisna olmaqla), konsertlərin və digər tədbirlərin nümayişi zamanı qaçan sətirlə reklamın yayımlanması, o cümlədən qaçan sətirlə reklamın yayımlanan filmin kadrına yerləşdirilməsi qadağandır.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 iyul 2018-ci il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1629)

2.       10 iyul 2019-cu il tarixli 299 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 iyul 2019-cu il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1322)

3.       8 oktyabr 2020-ci il tarixli 382 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 oktyabr 2020-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1270)

4.       5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il) ilə “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın 1.5-ci bəndinə “ümumi tələblərə” sözlərindən sonra “, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə” sözləri əlavə edilmişdir.

 

[2] 8 oktyabr 2020-ci il tarixli 382 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 oktyabr 2020-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1270) ilə “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın 2.9-cu bəndinə “Uşaq verilişlərində” sözlərindən sonra “alkoqollu və energetik içkilərin” sözləri əlavə edilmişdir.

 

[3] 13 iyul 2018-ci il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1629) ilə “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın 3.1-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.1. Birbaşa aid olduğu xidmət, ticarət və digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran, habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə qaçan sətirlə yerləşdirilən elanlar, həmçinin dövlət orqanlarına aid lövhələr reklam daşıyıcıları hesab edilmir.

 

10 iyul 2019-cu il tarixli 299 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 iyul 2019-cu il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1322) ilə “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın 3.1-ci bəndində “daşıyıcıları” sözü “qurğuları” sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status