×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
22.10.1998
QEYDİYYAT NÖMRƏSİ
216
ADI
Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-1998, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 637)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.10.1998
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
280.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

 

“Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanının 3-cü bəndinin 6-cı abzasının icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Baş nazirinin səlahiyyətlərini icra edən    A.Rasİzadə

 

Bakı şəhəri, 22 oktyabr 1998-ci il

№ 216

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 22 oktyabr tarixli 216 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında

 

Əsasnamə

 

1. ÜmUmİ müddəalar [1]

 

1.1. “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə” (bundan sonra “Əsasnamə”) “Azərbaycan Respublikasının Su Məcəlləsi”nə və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli fərmanına əsasən hazırlanmışdır.

1.2. Azərbaycan Respublikasının istirahət və idman üçün yararlı olan su obyektlərinə aşağıdakılar aid edilir:

yeraltı sulu horizont, hövzə və yataqlardan süni yolla yer üzərinə çıxarılan içməli, mineral və termal su qaynaqları;

təbii içməli, mineral və termal su qaynaqları (bulaqlar);

yerüstü su axınları və su tutarları;

buzlaqlar və qar örtükləri;

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsi.

1.3. Bu Əsasnamə ümumi istifadədə olan, habelə bütövlükdə və yaxud qismən ayrıca istifadəyə verilmiş su obyektlərindən istirahət və idman üçün istifadə qaydalarını müəyyənləşdirir.

1.3-1. Şuşa şəhərinin ərazisində su obyektlərindən istirahət və idman üçün istifadə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. [2]

1.4. Əsasnamə su obyektlərindən istirahət və idman üçün istifadə edən bütün fiziki və hüquqi şəxslərə aiddir.

1.5. Azərbaycan Respublikasının hər bir vətəndaşı fərdi istirahət və idman məqsədi ilə bu Əsasnamənin 1.2 bəndində adı çəkilən su obyektlərindən istifadə hüququna malikdir.

Bu zaman o:

müvafiq şəxsi təhlükəsizlik qaydalarına riayət etməli;

su obyektləri və onların sahillərini məişət və digər tullantılarla çirkləndirməməli;

yanğın təhlükəsizliyi tədbirlərinə əməl etməli;

balıq və digər su bioresurslarının ovu zamanı müvafiq qaydalarla qadağan edilmiş alət və vasitələrdən istifadə etməməlidir. [3]

1.6. Su obyektlərinin istifadəyə verilməsi qaydaları, sudan və su obyektlərindən istifadə edənlərin hüquq və vəzifələri Su Məcəlləsinin müvafiq maddələri ilə müəyyənləşdirilir.

1.7. Su obyektləri fiziki və hüquqi şəxslərə kütləvi istirahət və idman tədbirləri üçün istifadəyə verildikdə ətraf mühiti mühafizə edən və dövlət sanitariya nəzarətini həyata keçirən, balıq və digər su bioresurslarını mühafizə edən, gəmi hərəkətini tənzimləyən orqanların tələblərinə, habelə suda insanların həyatının qorunması, suların səmərəli istifadəsi və mühafizəsi qaydalarına riayət edilməlidir. [4]

1.8. Su obyektlərində yerləşdirilən istirahət və idman zona və ocaqları seçilərkən aşağıdakı əsas tələblər irəli sürülür:

su obyekti sahəsinin və suyun keyfiyyətinin dövlət standartlarına uyğunluğu;

su obyektinə rahat və təhlükəsiz çatmaq üçün qurğuların mövcudluğu və yaxud yenidən qurulmasının mümkünlüyü;

istirahət və idman zona və ocaqları yerləşən sahələrə çıxan avtomobil yollarının mövcudluğu;

istirahət və idman zona və ocaqlarının liman və liman qurğularından, şlüzlardan, su elektrik stansiyalarından, çirklənmiş tullantı sularının su obyektlərinə axıdılma məntəqələrindən, mal-qara fermaları və naxırlardan uzaqlığı.

 

2. Su obyektlərİndən İstİrahət üçün İstİfadə qaydaları

 

2.1. Azərbaycan Respublikası əhalisinin rekreasiya tələblərini təmin etmək məqsədilə təbii və süni yolla yer üzərinə çıxarılmış şirin, mineral və termal su qaynaqlarının yerləşdiyi ərazilərdə, həmçinin su axınları, su tutarları və Xəzər dənizinin sahilboyu zolaqları altında olan torpaqlarda istirahət ocaqları (istirahət evləri, kempinqlər, turist müəssisələri, uşaq sağlamlıq düşərgələri və s.) fəaliyyət göstərə bilər. Bunların əraziləri aşağıdakı zonalara bölünür:

təbii rekreasiya ehtiyatlarının, onların istifadəsi üçün tikilmiş qurğuların, istirahət, turist və mədəniyyət müəssisələrinin, həmçinin dincələnlərə xidmət göstərən tamaşa, ictimai-iaşə, ticarət və məişət xidməti müəssisələrinin yerləşdiyi istirahət zonası;

adı çəkilən müəssisələrdə çalışan və yerli əhalinin yaşadığı yaşayış evlərinin və ictimai binaların yerləşdiyi zona;

mərkəzləşdirilmiş təsərrüfat və texniki xidmətlərinin yerləşdiyi zona.

2.2. İstirahət ocaqlarının yaradılması və fəaliyyəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

2.3. İstirahət ocaqlarının tutumu rekreasiya ehtiyatlarının həcminə, çimərliklərin və tikinti üçün yararlı ərazilərin sahəsinə əsaslanaraq müəyyən edilir.

2.4. Təbii və süni su qaynaqlarından istifadə “Yerin təki haqqında” Qanunla və bu sahədə mövcud olan digər normativ-hüquqi aktlarla tənzimlənir.

Su qaynaqlarının istifadəsinə olan tələblər aşağıdakılardan ibarətdir:

2.4.1. İstismar olunan süni qaynaqlarda (buruq quyularında) istifadəçilər tərəfindən ayda bir dəfədən az olmamaq şərtilə suyun debeti və səviyyəsinin dinamikası, hidrokimyəvi tərkibinə aid müşahidələr, həmçinin şirin suların keyfiyyətinin Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi uyğunluğuna nəzarət edən daimi laboratoriya müşahidələri aparılmalıdır. [5]

2.4.2. Fontan vuran buruq quyularının ağzı su kranları, tənzimləyici və digər qurğularla, həmçinin manometrik təzyiqi ölçən cihazlarla təchiz edilməlidir.

2.4.3. Yeraltı suların tükənməsinin, məişət-təsərrüfat tullantı suları ilə çirklənməsinin qarşısının alınması istifadəçilər tərəfindən təmin edilməli, bu məqsədlə onların müəyyən edilmiş istismar rejiminə riayət edilməli, suburaxıcının (buruq quyusunun, bulağın) ətrafında su mühafizə zonası təyin edilməlidir.

2.4.4. İstismara yaramayan və istismar olunmayan buruq quyuları tamponajlanmalı (sement və yaxud gil ilə doldurulmalı), yeraltı su horizontlarının izolyasiyası bərpa edilməlidir.

2.4.5. Hidromineral ehtiyatların (təbii və süni su qaynaqlarının) düzgün istismarı və mühafizəsini təmin etmək, onların rejiminə müntəzəm nəzarət etmək məqsədilə istirahət ocaqlarında hidrogeoloji rejim-istismar stansiyaları, xidmətləri və yaxud sahələri yaradılmalı və onlar aşağıdakı vəzifələri yerinə yetirməlidir:

istirahət ocaqlarının ərazisində yerləşən şirin, mineral və termal su qaynaqlarının, su tutarlarının, həmçinin bitişik su axınlarının və Xəzər dənizi sularının rejiminə nəzarət etmək məqsədilə daimi hidrometeoroloji, hidrogeoloji və hidrokimyəvi müşahidələrin aparılması;

istismar edilən su qaynaqlarının çıxış yerlərində və onların istifadəsi məntəqələrində müntəzəm sanitar-kimyəvi və bakterioloji müşahidələrin aparılması;

Faydalı Qazıntılar üzrə Dövlət Ehtiyatlar Komissiyasının təsdiq etdiyi ehtiyatlar və istismar rejimi daxilində su mədənlərinin düzgün istismarının təşkili və təyin edilmiş istifadə rejiminin gözlənməsinə nəzarət;

hidromineral ehtiyatların istismarında işlədilən kaptaj və digər qurğuların texniki vəziyyətinin daimi tələb olunan səviyyədə saxlanılması;

istirahət ocaqlarının xüsusi mühafizə dairəsinin müəyyən etdiyi təbii kurort amillərinin rejimi və onların mühafizəsi tədbirlərinin yerinə yetirilməsinə nəzarət;

xüsusi mühafizə dairəsində müxtəlif təşkilatlar tərəfindən aparılan və hidromineral ehtiyatların öyrənilməsi və istifadəsinə yönəlmiş hidrogeoloji, balneotexniki və digər işlər yerinə yetirilməsinə və əldə edilmiş nəticələrin qəbul edilməsinə nəzarət;

hidromineral ehtiyatların istismarı zamanı onların illik və çoxillik rejiminin tədqiqi.

2.5. Su axınları, su tutarları və Xəzər dənizi suları aşağıdakı istirahət məqsədləri üçün istifadə edilir:

çimərliklərin təşkili;

qayıq və gəmi səfərlərinin təşkili;

balıq və digər su bioresurslarının həvəskar ovu. [6]

2.6. Çimərliklərin təşkili, saxlanılması və istifadəsinə dair tələblər aşağıdakılardan ibarətdir:

2.6.1. kütləvi istifadə üçün ayrılmış (seçilmiş) çimərliklərdə:

sahilboyu zolağın altında olan və ona bitişik torpaq sahələrinin vəziyyəti sanitar-epidemioloji tələblərə uyğun olmalı, çirklənməyə və bataqlıqlaşmaya məruz qalmamalıdır;

su obyektlərinin dibinin dərinliyi sahildən uzaqlaşdıqca tədricən enərək 1,75 m-dən artıq olmamalı, burada çimənlər üçün təhlükə yaradan çıxıntı və çuxurlar, sualtı daş və qayalar, suya batmış qol-budaqlı ağaclar, cəng və lehmələr və digər yad cisimlər olmamalıdır;

uşaqların çimməyi üçün ayrılmış sektorlarda su obyektlərinin dibi az meylli, dərinliyi əsasən 0,4—0,5 m olmaqla 0,70 m-dən artıq olmamalıdır;

su obyektlərinin dibi alçaq temperaturlu qrunt suları qaynaqlarından azad olmalı, su axınlarının sürəti 0,5 m/san-dən artıq olmamalıdır.

2.6.2. Çimərliyin ümumi sahəsi hesablanarkən hər adambaşına dənizdə 5 kv.m-dən, su axınları və su tutarlarında isə 8 kv.m-dən az olmayaraq sahənin ayrılması nəzərə alınmalıdır. Uşaq çimərliklərində hər uşağa 4 kv.m-dən az olmayaraq sahə ayrılmalıdır.

2.6.3. Çimmə zonasının sərhədləri hər tərəfdən yaxşı seçilən və bir-birindən 50 m-dən artıq olmayan məsafədə yerləşdirilmiş siqnal üzgəclər və yaxud stasionar nişanlarla işarələnməlidir.

2.6.4. Çimərlikdə hündürlüyü 8—10 m olan və yaşıl rənglə rənglənmiş dirək quraşdırılmalı və suda bədbəxt hadisə baş verdikdə onun başına 1 m diametrli qırmızı rəngli siqnal hava balonu qaldırılmalıdır.

2.6.5. Çimərliyin sahilboyu zolağı altında olan torpaq sahəsi yaxşı planlaşdırılmalı, hasarlanmalı və yaxud onun sərhədləri müvafiq nişanlarla işarələnməlidir. Potensial təhlükəli yerlərdə çimməyi qadağan edən işarələr yerləşdirilməlidir.

2.6.6. Çimmə zonasının dibi su obyektlərinin istifadəçiləri tərəfindən ayda bir dəfədən az olmamaq şərtilə vaxtaşırı təmizlənməli, lazım olduqda dalğıclar vasitəsilə yoxlanılmalıdır.

2.6.7. Çimərliyin sahilboyu zolağı altında olan torpaq sahəsi aşağıdakı fəaliyyət zonalarına ayrılmalıdır:

istirahət zonası (hava və günəş vannalarının qəbul edilməsi üçün meydançalar, kölgəlik talvarları, çətirlər və s.) — 40—60 faiz;

idman zonası (oyun meydançaları, qayıq dayanacaqları, suya tullanmaq üçün qüllə və s.) — 10 faiz;

xidmət zonası (qarderob, kirayə məntəqəsi, soyunub-geyinmə kabinaları, duş kabinaları, ayaq yolları, köşklər, ictimai-iaşə müəssisələri və s.) — 5—8 faiz;

yaşıllıqlar — 10—40 faiz;

uşaq sektoru — 8 yaşına qədər olan uşaqlar üçün oyun qurğuları (qum qabları, yelləncəklər və s.) — 5—7 faiz;

piyadalar üçün cığır və yollar — 3—5 faiz.

2.6.8. Çimərlik Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tələblərinə cavab verən içməli su ilə təmin edilməlidir. [7]

2.6.9. Soyunub-geyinmə və duş kabinalarının, içməli su fəvvarələrinin, ayaq yollarının və zibil qutularının sayı mövcud tikinti norma və qaydalarına uyğun olmalıdır.

2.6.10. Çimərlik radiolaşdırılmalı və telefonlaşdırılmalı, təcili tibbi yardım və hidrometeoroloji xidmət məntəqələri ilə təmin edilməli, mühafizə olunmalıdır.

2.6.11. Çimərliklərdə müşahidə qülləsi olan xilasetmə stansiyası (məntəqəsi) fəaliyyət göstərməli və orada peşəkar xilas edənlərin daimi növbətçiliyi təşkil edilməlidir.

2.6.12. Çimərlikdə yaxşı görünən yerlərdə aşağıdakıları əks etdirən məlumat lövhələri quraşdırılmalıdır:

hazırkı qaydalardan çıxarışlar;

çimərliyin fəaliyyət vaxtı;

suda bədbəxt hadisələrin qarşısının alınmasına dair məlumatlar;

çimmə və suda hərəkət tərzi qaydaları;

suyun və havanın hərəkəti barədə məlumat;

çimərliyin quru və su hissələrinin sxematik təsviri;

yaxınlıqdakı xilasetmə stansiyası, polis şöbəsi və təcili tibbi yardım məntəqəsinin telefon nömrələrinin siyahısı.

2.6.13. On üç yaşına çatmamış uşaqlara yalnız valideynlərin və yaxud yaşlı adamların müşayiəti ilə çimərlikdən istifadə hüququ verilir.

2.6.14. Çimərliklərdə qadağan edilir:

çimmək üçün ayrılmamış yerlərdə çimmək;

çimmə zonasının işarələnmiş sərhədlərindən kənarda çimmək;

su axınlarında sahildən 20 m-dən artıq məsafəyə üzmək (uzaqlaşmaq);

müxtəlif növ gəmi, qayıq, sal, barja, körpü və debarkaderlərə, digər texniki qurğulara üzüb yanaşmaq;

texniki qurğuların, xəbərdarlıq nişanlarının, üzgəc və bakenlərin üstünə dırmaşmaq;

körpü, sal, bərə, kater, qayıq və digər qurğu və vasitələrdən suya tullanmaq;

xüsusi təyinatlı vasitələrə (hava ilə doldurulan jilet və döşəklər, xilas dairələri və döşlükləri) aid edilməyən üzən cisimlərdən istifadə etmək;

gəmiçiliyə yararlı su axarları və su tutarlarını üzüb keçmək;

spirtli içkilər gətirib içmək, sərxoş halda çimərlikdə gəzmək və çimmək;

suda kobud hərəkətlərə yol vermək;

sahil sahəsini və suyun dibini müxtəlif cisimlərlə (şüşə və konserv bankaları, plastik kütlə və ərzaq tullantıları və s.) zibilləmək;

çimmə zonasında balıq və digər su bioresurslarını ovlamaq; [8]

gecələmək, həmçinin fırtınanın yaxınlaşması, küləyin 5 bala qədər, dalğalanmanın isə 3 bala qədər artması xəbərdarlığından sonra çimərlikdə qalmaq.

2.6.15. Çimərliklərin ərazisinə su nəqliyyat vasitələrinin: qayıqların, kiçik gəmilərin və s. (xilasedici üzgü vasitələri istisna olmaqla) daxil olması qadağandır.

2.7. Qayıq və gəmi səfərlərinin keçirilməsinə dair tələblər aşağıdakılardan ibarətdir:

2.7.1. Qayıq və gəmi səfərlərinin keçirilməsi məqsədilə müvafiq təyinatlı körpü və debarkaderlərdən istifadə edilməlidir.

2.7.2. Körpü və debarkaderlərin qurulması, saxlanılması və istifadə edilməsi qaydaları bu sahədə mövcud olan normativ-hüquqi aktlarla tənzimlənir.

2.7.3. Avarlı və motorlu qayıq, kater, yelkənli kiçik gəmilərin istirahət edənlərin istifadəsinə verilməsi qaranlıq düşəndən bir saat qabaq dayandırılmalı, suda üzən qayıq və gəmilər sahilə qaytarılmalıdır.

2.7.4. Qayıqların:

yeddi yaşı tamam olmamış uşaqlara;

valideynlərin müşayiət etmədiyi 16 yaşına çatmamış yeniyetmələrə;

sərxoş halda olan şəxslərə;

dalğalanmanın 3 baldan, küləyin gücünün 5 baldan artıq olduğu hallarda kirayəyə verilməsi qadağandır.

2.7.5. Gəmini idarə edən şəxsin sürücü vəsiqəsi, ona əlavə olunan üzgü talonu və gəmi bileti olmadıqda, motorlu və yelkənli kiçik gəmilərlə səfərə çıxmaq qadağandır.

2.7.6. Motorlu kiçik gəmilər hər il texniki müayinədən keçməli və sahibinə onların üzməyə yararlığı barədə texniki akt verilməlidir.

2.7.7. Kiçik gəmilərin istismarına və gəmi səfərlərinin təhlükəsizliyinə cavabdehliyi gəmilərin səfərə çıxmasına icazə verən təşkilat və şəxslər, həmçinin gəmilərdəki məsul şəxslər daşıyırlar. Gəminin hər bir səfərə çıxıb dala qayıtması barədə məlumat gəmi duracaqlarındakı xüsusi jurnalda qeyd edilməlidir.

2.7.8. Səfər vaxtı avarlı qayıqlar yelkənli və motorlu gəmilərə və digər nəqliyyat gəmilərinə yol verməli, qabaqcadan kənara çəkilməlidirlər.

2.7.9. Kiçik gəmilərdən istifadə olunduqda aşağıdakılar qadağan edilir:

duman və digər əlverişsiz meteoroloji şəraitdə hərəkət etmək;

küləyin gücü 5 baldan, dalğalanmanın isə 3 baldan yüksək olduğu hallarda üzmək;

Bakı buxtasının kanal və farvaterləri ilə, həmçinin üzmək üçün qadağan olunan rayonlarda hərəkət etmək;

nasaz vəziyyətdə, həmçinin gəmini yanaşdırıb bağlamaq üçün kəndirin, suyun boşaldılması üçün təknənin və xilasetmə ləvazimatlarının olmadığı halda səfərə çıxmaq;

1 km-dən artıq məsafəyə sahildən uzaqlaşmaq;

özühərəkətedən və yedəkdə aparılan texniki və nəqliyyat gəmilərinə yaxınlaşmaq, onların yolunu kəsmək və yaxud onlara paralel üzmək;

onlar üçün müəyyən edilmiş sərnişinlərin sayını və yükgötürmə həddini aşmaq;

gəzinti qayıqlarında yelkən quraşdırmaq;

çimərliklərin akvatoriyalarına girmək, gəmiçilik şəraitini tənzimləyən üzən nişanlara yaxınlaşmaq və onlara yan almaq;

sərnişin körpüləri, debarkaderlər, yanalma divarcıqları, pirs, şlüz və bərə körpüləri yanında hərəkət etmək, onlara yan almaq, yanlarından yüksək sürətlə üzüb keçmək, nəqliyyat körpülərinin altında və yanında dayanmaq;

yük və sərnişin daşımaları ilə məşğul olmaq.

2.7.10. Kiçik gəmilərdə səfərə çıxmış şəxslərə aşağıdakılar qadağan edilir:

motorlu qayıqlardan balıq ovunda istifadə etmək;

qayıq və gəmilərdən suya tullanmaq və çimmək, həmçinin gəmiləri yırğalandırmaq;

bir gəmidən başqasına keçmək;

qayıq və gəmilərin bortlarında əyləşmək;

sərxoş vəziyyətdə kiçik gəmilərdən istifadə etmək və onları idarə etmək.

2.7.11. Yalnız kiçik gəmilərdə marşrut kitabçası, yelkənli gəmilərdə isə kreyser kitabçası olduğu halda bu gəmilərə Kür çayı boyu turist səfərlərinə çıxmağa icazə verilir.

Marşrut və kreyser kitabçaları yalnız gəmini idarə edən şəxsə həvəskar-gəmiçi şəhadətnaməsi və gəminin sazlığı barədə texniki akt təqdim edildikdə turist və gəmiçilik klubları və seksiyaları tərəfindən verilir.

2.7.12. Kiçik gəmilərin daimi dayanacağı məqsədilə yerli icra hakimiyyət orqanları (balıq mühafizə orqanları ilə razılaşdırmaq şərtilə) tərəfindən Xəzər dənizi sahili adalarında, respublikanın su axınları və su tutarlarında xüsusi təyinatlı körpülər və yaxud onların quraşdırılması üçün sahələr ayrılır.

Qum adası, Çilov, Xara-Zirə, Yaşma, Pirallahı adalarında, Neft Daşları və dəniz neftçıxarma sahələri akvatoriyalarında, həmçinin Kürağzı qadağan zonasında kiçik gəmi dayanacaqlarının təşkili qadağandır.

2.8. İstirahət məqsədilə balıq və digər su bioresurslarının həvəskar ovu “Balıqçılıq haqqında” Qanunla və bu sahədə mövcud olan normativ-hüquqi aktlarla tənzimlənərək balıq mühafizə orqanları tərəfindən müəyyən edilmiş su obyektlərində və onların ayrı-ayrı hissələrində aparılır. [9]

Ayrıca istifadədə, bələdiyyə və xüsusi mülkiyyətdə olan su obyektlərində balıq və digər su bioresurslarının həvəskar ovu həmin su obyektlərinin istifadəçiləri və mülkiyyətçilərinin razılığı ilə həyata keçirilir.

 

3. Su obyektlərİndən İdman üçün İstİfadə qaydaları

 

3.1. Su obyektlərindən olan su axınları, su tutarları və Xəzər dənizi suları idman üçün aşağıdakı məqsədlərlə istifadə edilir:

su-idman qurğularının yaradılması, saxlanılması və istifadəsi;

su-idman yarışlarının keçirilməsi;

balıq və digər su bioresurslarının idman ovu yarışlarının keçirilməsi.

3.2. Su-idman qurğuları (yaxt-klublar, su-idman stansiyaları, bazaları və s.) yerli icra hakimiyyəti orqanları, təbiət mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin razılığı əsasında yaradılır. Bunların qurulması, saxlanılması və istifadə edilməsi qaydaları bu sahədə mövcud olan normativ-hüquqi aktlarla tənzimlənir.

3.3. Tabeçiliyindən asılı olmayaraq, su-idman növləri üzrə təlim və məşq proseslərini həyat keçirən bütün idman təşkilatlarında mövcud qaydaların icrası üçün məsul şəxs həmin təşkilatın rəhbəridir və onun daşıdığı məsuliyyətin həddi qanunvericiliklə müəyyən edilir.

3.4. Su-idman qurğularının istifadəsinə dair tələblər aşağıdakılardan ibarətdir:

3.4.1. Su-idman qurğularının körpüləri üzgü vasitələrinin yanalması və dayanacağı tələblərinə cavab verməlidir.

3.4.2. Hər bir su-idman qurğusunda təcili tibbi yardım məntəqəsi yerləşdirilməlidir.

3.4.3. Hər bir su-idman qurğusu yanında xilasetmə məntəqəsi yaradılmalı və orada peşəkar xilasedənlərin daimi növbətçiliyi təşkil edilməlidir. Xilasetmə məntəqəsi Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış siyahıya görə xilas üzgü vasitələri, avadanlıq və inventarla təchiz edilməlidir. [10]

3.4.4. Su-idman körpüsündə bir-birindən 25 m-dən artıq olmayan məsafədə yerləşdirilmiş lövhələrdə üzərində “suda boğulana at” yazısı olan xilas dairələri asılmalıdır.

3.4.5. Su-idman körpüsündə hündürlüyü 8—10 m olan və yaşıl rənglə rənglənmiş dirək quraşdırılmalı və suda bədbəxt hadisə baş verdikdə yaxında yerləşən xilasetmə stansiyasına xəbərdarlıq siqnalı vermək üçün onun başına 1 m diametrli qırmızı rəngli hava balonu qaldırılmalıdır.

3.4.6. Su-idman qurğularının yaxşı görünən yerlərində aşağıdakı məlumat lövhələri qurulmalıdır:

hazırkı qaydalardan çıxarış;

daxili intizam qaydaları və yanğına qarşı tədbirlər cədvəli;

suyun və havanın hərarəti, küləyin gücü və səmti;

yaxındakı xilasetmə stansiyası, polis şöbəsi, yanğınsöndürmə komandası və müalicə müəssisəsinin telefon nömrələrinin siyahısı;

su-idman qurğusu akvatoriyasının sərhədlərini, üzgü vasitələrinin məşqlər zamanı hərəkət istiqamətlərini, üzmək üçün qadağan edilən rayonları əks etdirən sxem.

3.4.7. Su-idman qurğularında təlim-məşq keçmək və yarışlarda iştirak etmək üçün yalnız tibbi müayinədən keçmiş və su-idman növləri ilə məşğul olmağa buraxılmış şəxslərə icazə verilir.

Uşaq və yeniyetmə idman məktəblərində məşğul olanlar istisna edilməklə 16 yaşına qədər şəxslərə idman gəmilərində məşq etmək qadağandır.

3.4.8. İdman gəmilərində məşğul olan şəxslər üzməyi bacarmalıdırlar, əks təqdirdə, onlar məşqlərə buraxılmamalı və üzgüçülük seksiyalarında təlim almalıdırlar.

3.4.9. Məşqçi və təlimatçılar xilasetmə bacarığına dair sınaq imtahanından keçməlidirlər.

3.5. Su-idman yarışlarının və təlim-məşq toplanışlarının təşkili və keçirilməsinə dair tələblər aşağıdakılardan ibarətdir:

3.5.1. Təlim-məşqə və yarışlara yalnız müvafiq qaydada qeydə alınmış, texniki müayinədən keçmiş və bu barədə texniki aktı, həmçinin gəmi vəsiqəsi və bort nömrəsi olan motorlu, yelkənli və avarlı gəmilər buraxılır.

3.5.2. Bütün gəmilərin hər iki bortunda nömrəli nişan və gəminin adı (əgər varsa), içərisinin arxa tərəfində isə yaxşı görülən yerdə gəmi səfərinə buraxılanların sayı əks olunmalıdır. Əlavə olaraq yelkənli gəmilərin yelkənlərinin hər iki üzündə gəminin sinfini göstərən fərqlənmə nişanları əks edilməlidir. Bu zaman hərf və rəqəmlərin hündürlüyü 150 mm olmalıdır.

3.5.3. Motorlu və yelkənli gəmini idarə edən şəxsin sürücü vəsiqəsi olmalıdır.

3.5.4. Su-idman qurğularının rəhbərləri idman yarışları və ya təlim-məşq toplanışının təşkili zamanı aşağıdakıları həyata keçirməlidirlər:

idman yarışları və ya təlim-məşq toplantısı müddətində təhlükəsizliyin təşkili üzrə tədbirlər planı hazırlamalı;

yerli xilasetmə xidmətlərini tədbirin keçirilməsi haqqında xəbərdar etməli;

tədbirin keçirilməsinə cavabdeh olan şəxslərə müvafiq təlimat verməli;

təlim-məşq və yarış müddətində həkim nəzarətini təşkil etməlidirlər.

3.5.5. Su-idman qurğularının rəhbərləri və yaxud təlim-məşq toplanışı, yarışların keçirilməsi üzrə məsul şəxslər tədbir iştirakçılarına təhlükəsizliyin təmini, zədəalma üzrə profilaktika, ilk yardım, yerli şərait, su hövzəsinin xüsusiyyətləri, avarçəkmə marşrutları haqqında və digər zəruri məlumat və təlimat verməlidirlər.

Müvafiq təlimatı keçməyən şəxslərin tədbirə buraxılması qəti qadağandır.

3.5.6. İdman yarışları və ya təlim-məşq toplanışları keçirildiyi müddət ərzində iştirakçılar zədə aldıqda idman qurğusunun rəhbəri, həkim və tədbiri keçirən təşkilatın nümayəndəsindən ibarət komissiya hadisə haqqında akt tərtib edir. Alınmış zədə ağır olarsa, 24 saat müddətində akt Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, surəti isə yerli gənclər və idman idarəsinə təqdim edilməlidir. [11]

3.5.7. Avarçəkmə yarışlarının təhlükəsizliyi xüsusi ayrılmış və motorlu qayıqlarla təchiz edilmiş xilasetmə komandası, həmçinin yerli polis orqanı nümayəndələri tərəfindən təmin olunur.

3.5.8. Akademik avarçəkmə qayıqlarında və motorlu qayıqlarda məşqlər zamanı xilasetmə işlərinin aparılması, ilk növbədə, bu məşqlərə cəlb edilən məşqçilərin üzərinə düşür. Buna görə də onlar bu idman növlərinin özünəməxsusluğunu bilməli, eyni zamanda profilaktik tədbirlər görməlidirlər.

3.5.9. İdmançılar qabaqcadan su hövzəsində olan süni və təbii maneələr, qadağan zonaları, həmçinin sahil zonasında mövcud qurğular haqqında təlimatlandırılmalıdırlar.

3.5.10. Məşqlərə başlamazdan əvvəl məşqçilər bütün idman ləvazimatı, qayıq və avarların işə yararlı olmalarını şəxsən yoxlamalıdırlar.

3.5.11. Məşqlərə başlamazdan əvvəl məşqçilər marşrut haqqında jurnalda qeydlər aparmalıdırlar. İdmançıların məşqçilərsiz suya daxil olmaları qəti qadağandır.

3.5.12. Gənc idmançılar avarçəkmə məşqləri zamanı qayıqların suda çevrildiyi hallarda davranış qaydaları haqqında əvvəlcədən təlimat almalıdırlar. Bu zaman qayığın müəyyən hissəsindən tutub, sahilə doğru üzməlidirlər.

Küləkli havada qayıq çevrildiyi zaman, məşqçi çevrilmiş qayığa küləktutmayan tərəfdən yanaşmalıdır. Külək sahil tərəfə əsdikdə isə çevrilmiş qayığa küləkdəyən tərəfdən yanaşmaq tələb olunur.

Dalğalar hündür olduqda çevrilmiş qayığa yan almış xilasetmə qayığının burnu küləyin istiqamətinə qarşı səmtləşdirilməlidir. Məşqçi və xilasetmə qrupunun üzvləri çevrilmiş qayığın yanında olan şəxs tərəfə xilasetmə dairəsini və ya digər xilasetmə vasitəsini atmalıdır. Sonra, çevrilmiş qayıqla suda olan şəxsi yedəyə götürərək öz qayığına arxa tərəfindən qəbul etməlidir. Soyuq hava zamanı idmançı dəsmal ilə qurulanmalı, əgər quru paltar yoxdursa, adyala bürünüb bazaya çatdırılmalıdır.

3.5.13. Məşqçilər ilk tibbi yardım üsullarının tətbiqini bacarmalıdırlar (ürəyin masajı, süni tənəffüs vermə və s.).

3.5.14. Növbəti tibbi müayinə keçməmiş idmançılar məşqçilər tərəfindən təlim-məşq prosesinə buraxılmamalıdırlar.

Əvvəlki məşq və yarışlarda zədə almış idmançılar sonradan həkimin müvafiq razılığı olmadan məşqlərə buraxılmamalıdır.

3.5.15. Bədbəxt hadisələrin qarşısını almaq üçün istifadə olunan qayıqlar onları maneəsiz tərk etməyə imkan yaradan konstruksiya və təchizata malik olmalıdırlar.

3.5.16. Bir qayıq digərini keçmək istədiyi zaman digər qayıq ona mane olmamalıdır. Qayıqların ötüb-keçməsi yarış məsafəsinin yan tərəfi ilə həyata keçirilməlidir.

3.5.17. Yarış və məşqlərin keçirilməsinə təhlükə yaradan (güclü külək, çovğun, dalğalanma, qaranlıq, marşrutda kənar əşya və gəmi) maneə əmələ gələrsə, yarış və məşqlər dayandırılmalıdır.

3.5.18. Təlim-məşq və yarışlar zamanı qəti qadağandır:

gəminin sinfi ilə müəyyən edilən saydan artıq şəxsləri gəmidə yerləşdirmək;

sərxoş halda gəmiyə minmək, təlim-məşq və yarışlarda iştirak etmək;

özüyeriyən gəmilərin yolunu idman gəmiləri vasitəsi ilə kəsmək;

qadağan edilmiş rayonlara üzgü vasitələri ilə daxil olmaq;

idman gəmilərindən çimmək üçün istifadə etmək;

motorlu idman gəmilərindən balıq və digər su bioresurslarının ovunda istifadə etmək; [12]

sürücü vəsiqəsi olmadan motorlu və yelkənli gəmiləri idarə etmək.

3.6. Balıq və digər su bioresurslarının idman ovu yarışlarının təşkili və keçirilməsində balıq və digər su bioresurslarının ovu qaydalarına (mövcud Əsasnamənin 2.8-ci bəndi) riayət edilməlidir.

3.7. Su obyektlərindən olan buzlaqlar və qar örtükləri müəyyən edilmiş dağadırmaşma və təhlükəsizlik qaydalarına əməl olunmaq şərti ilə alpinizm və idman turizmi üçün istifadə edilir. Bu zaman aşağıdakılara riayət edilməlidir.

3.7.1. Buzlaqlara və qar örtüklərinə qalxmaq və onları aşmaq həvəsində olan şəxslər qabaqcadan alpinizm və idman turizm seksiyalarında təlim-məşq keçməli və müvafiq idman dərəcələri almalıdırlar. 16 yaşından cavan və həkimlərin icazəsi olmadığı şəxslərə təlim-məşqlərdə iştirak etmək qadağandır.

3.7.2. Yeni başlayan alpinistlərin hazırlanması vahid proqram əsasında aparılmalı və onların nəticəsində idmançılar təlim-məşq səfərlərinə çıxmaq və I dərəcə çətinlikli zirvələrə dırmaşmaq imkanı verən alpinist texnikasının aşağıdakı əsaslarına yiyələnməlidirlər:

alpinist kəndiri, təhlükəsizlik kəməri və karabinlə rəftar, düyünlərin bağlanması, təhlükəsizlik üsullarının tətbiqi;

fərdi qaydada qayalarla hərəkət;

dəstə ilə qayalarla hərəkət;

sıx ot bitmiş və daş töküntülü yamaclarla hərəkət;

dağ çaylarından keçid;

fəlakət zədəlilərinin (xəsarət almış şəxslərin) daşınması;

səfər zamanı düşərgənin salınması;

ilkin tibbi yardımın göstərilməsi qaydaları.

3.7.3. Təlim-məşqlərin sonrakı dörd pilləsində III, II və I dərəcəli idmançılar hazırlanır. Bu zaman idmançılar əldə edilmiş vərdişləri möhkəmləndirir və aşağıdakı alpinist texnikası üsullarına yiyələnirlər:

qar örtüyü və firnlə hərəkət;

buzlaqlarla hərəkət;

yüksək dağlıq səfər və zirvə dırmaşmalarının təşkili;

təhlükəsizlik və özünü bədbəxt hadisədən qoruma üsullarının tətbiqi;

dağ şəraitində radio ilə əlaqə.

3.7.4. Alpinist marşrutları buzlaq və qar örtüklərinin ətəyində quraşdırılmış düşərgələrdən aparılmalı və səfərə çıxan alpinist dəstələrinə yüksək ixtisaslı təlimatçılar rəhbərlik etməlidir.

3.7.5. Alpinist düşərgələrində yüksək səviyyəli idmançı və təlimatçılardan ibarət olan xilasetmə xidməti yaradılmalı və onun rəisi təyin edilməlidir.

3.7.6. Alpinist marşrutları sərbəst və süni dırmaşma hissələrindən ibarət ola bilər.

Sərbəst dırmaşma zamanı qarmaq, paz və digər yardımçı vasitələrdən əlavə alətlər kimi deyil, yalnız təhlükəsizlik məqsədləri üçün istifadə edilir.

Sərbəst dırmaşmanın çətinlik dərəcələri aşağıdakılardır: I—asan; II—orta; III—çətin; IV—çox çətin; V—xüsusi çətin; VI—fövqəlçətin.

Süni dırmaşmanın qiymətləndirilməsində əlavə olaraq 4 çətinlik dərəcəsi tətbiq edilir.

3.7.7. Marşruta çıxmazdan əvvəl aşağıdakı məlumatlar əldə edilməlidir:

marşrutun çətinlik dərəcəsi;

marşrutun qorunma səviyyəsi — açıq yerlərin, güclü küləyə məruz qalan hissələrin və s. mövcud olması;

marşrutun yoruculuq, gərginlik dərəcəsi;

qayalı, qar örtüklü və buzlaqlı relyefin vəziyyəti — parçalanmış və dağılmış qayalıqlar, daş, qar və buz uçqunlarının əmələ gəlmə təhlükəsi və s.;

qar örtüklü yamacların, buzlaq sürüşmələri və divarlarının dikliyi;

taktiki çətinliklər, istiqamətgötürmə çətinlikləri və s.;

müəyyən yerləri keçəndən sonra dala qayıtmağın çətinlik və yaxud mümkünlük dərəc&#