Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası haqqında
Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı
“Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri 17 oktyabr 1998-ci il
№ 214
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Meşə fondu torpaqlarının icarəyə verilməsi
Qaydası
1. Bu Qayda meşə fondu torpaqlarının meşə istifadəçilərinə fiziki və hüquqi şəxslərə (bundan sonra icarəçi adlandırılır) icarəyə verilməsini tənzimləyir.
2. Meşə fondu torpaqlarının icarəyə verilməsini aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. [1]
3. Meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında bir ildən qırx doqquz ilədək verilə bilər. [2]
4. Meşə fondu torpaqlarının icarəyə götürülməsi üçün icarəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməlidir. Ərizəyə baxılarkən imtiyazlı şəxslərə üstünlük verilir.
Ərizədə icarəçinin soyadı, adı, atasının adı, ünvanı, meşə fondu torpaqlarının istənilən yeri göstərilir.
Təqdim olunan ərizə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır və imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq bir ay müddətindən gec olmamaqla icarəçi ilə icarə müqaviləsi bağlanılır. [3]
İcarə müqaviləsi üç nüsxədən ibarət tərtib olunur, onun iki nüsxəsi müvafiq olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində və aidiyyəti yerli meşə təsərrüfatı orqanında saxlanılır, üçüncü nüsxəsi isə icarəçiyə verilir.
Müqavilə əsasında torpaq üzərində icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. [4]
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərizəyə baxarkən məsələyə dair yerli meşə təsərrüfatı orqanlarının rəyini və şərtlərini əsas tutmalıdır.
İcarə müqaviləsi bağlanılmadığı halda icarəçiyə onun səbəbləri göstərilməklə rəsmi izahat verilir. [5]
5. İcarə müqaviləsində aşağıdakılar göstərilir:
icarəyə verilən sahənin sərhədləri (yerləşdiyi yer, meşəçilik, kvartal, bölmə);
işin həcmi (ölçüləri);
icarənin müddəti;
icarəyə verilən sahənin miqdarı (hektarla);
icarə haqqının miqdarı və onun ödənmə qaydası;
icarəyə verilən sahənin mühafizəsi, qorunması, bərpası sahəsində tərəflərin öhdəlikləri və buna görə məsuliyyət;
Azərbaycan Respublikasının meşə qanunvericiliyi və tərəflərin razılığı ilə nəzərdə tutulmuş başqa şərtlər.
6. Meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş meşə sərvətləri (məhsul) icarəçinin mülkiyyətidir.
7. İcarəçi olan fiziki şəxs vəfat etdikdə ona məxsus icarə hüququ mövcud qanunvericilikdə müəyyən edilmiş qaydada başqa şəxslərə keçə bilər.
İcarəçi olan hüquqi şəxs yenidən təşkil edildikdə ona məxsus icarə müqaviləsi mövcud qanunvericilikdə müəyyən olunmuş qaydada yeni yaranan hüquqi şəxsə keçir.
[6]
Meşə fondu torpaqlarından icarə hüququnun başqasına keçməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən icarə müqaviləsinə dəyişikliklər etmək yolu ilə rəsmiləşdirilir. [7]
8. Meşə fondu torpaqlarının subicarəyə verilməsi qadağandır.
9. Meşə fondu torpaqlarından icarə hüququ Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə aşağıdakı hallarda məhdudlaşdırıla və ya dayandırıla bilər: [8]
icarəçi tərəfindən Azərbaycan Respublikası meşə qanunvericiliyinin tələbləri pozulduqda;
icarəçi tərəfindən icarə müqaviləsinin şərtləri pozulduqda;
meşə fondu torpaqlarının səmərəli istifadəsini, mühafizəsini, qorunmasını və bərpasını, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək, əhalinin sağlamlığını, ətraf mühiti, tarixi-mədəni və təbii irsi, fiziki şəxslərin hüquqlarını və qanuni mənafelərini qorumaq zəruriliyi yarandığı hallarda.
Meşə fondu torpaqlarından icarə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olan şərait və şərtlər aradan qaldırıldıqda bu hüquq tam həcmdə bərpa olunur.
İcarəçi onun meşə fondu torpaqlarından icarə hüququnun məhdudlaşdırılması və ya dayandırılması barədə qərarla razılaşmadıqda müəyyən olunmuş qaydada məhkəməyə şikayət edə bilər.
10. İcarəçi rəsmi ərizə əsasında meşə fondu torpaqlarından icarə hüququndan imtina etdikdə, icarə müqaviləsinin müddəti başa çatdıqda, fəaliyyəti dayandıqda, Azərbaycan Respublikasının Meşə Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada onun meşə fondu torpaqlarından icarə hüququna Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xitam verilir. [9]
11. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə fondu torpaqlarından icarə hüququna yalnız aşağıdakı hallarda məcburi xitam verə bilər: [10]
icarəçi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda;
fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə;
icarəçi tərəfindən meşə fondu torpaqlarının icarə haqqının müəyyən olunmuş müddətdə ödənilmədikdə;
icarəçi tərəfindən icarə müqaviləsində nəzərdə tutulmuş şərtlər pozulduqda;
icarəçi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl edilmədikdə;
meşə fondu torpaqları dövlət ehtiyacları üçün geri alındıqda.
[11]
Meşə fondu torpaqlarından icarə hüququna xitam verilməsi barədə icarəçiyə rəsmi xəbər verilir.
12. İcarə müqaviləsinin formasını Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırlayır və təsdiq edir. [12]
13. Bu Qayda ilə nəzərdə tutulmamış hallarda meşə fondu torpaqlarının icarəyə verilməsinə dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 oktyabr 1999-cu il tarixli 161 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 10, maddə 595)
2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2004-cü il tarixli 123 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 741)
3.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)
4.
20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 242)
5.
10 may 2017-ci il tarixli 198 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 may 2017-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №5 , maddə 969)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası"nın 2-ci bəndində “Azərbmeşə” İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
[2]
10 may 2017-ci il tarixli 198 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 may 2017-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №5 , maddə 969) ilə “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”nın 3-cü hissəsində “on” sözü “qırx doqquz” sözləri ilə əvəz edilmişdir.
[3]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 oktyabr 1999-cu il tarixli 161 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 10, maddə 595) ilə "Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası"nın 4-cü bəndinin üçüncü abzasından "və ödənişsiz meşə bileti verilir" sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Təqdim olunan ərizə “Azərbmeşə” İstehsalat Birliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır və imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq bir ay müddətindən gec olmamaqla icarəçi ilə icarə müqaviləsi bağlanılır və ödənişsiz meşə bileti verilir.
[4]
20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 242) ilə 4-cü bəndin dördüncü abzasından sonra beşinci abzas əlavə edilmişdir.
[5]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası"nın 4-cü bəndində ismin müvafiq hallarında “Azərbmeşə” İstehsalat Birliyi" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
[6]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 oktyabr 1999-cu il tarixli 161 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 10, maddə 595) ilə "Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası"nın 7-ci bəndinin ikinci abzasından "və meşə bileti" sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
İcarəçi olan hüquqi şəxs yenidən təşkil edildikdə ona məxsus icarə müqaviləsi və meşə bileti mövcud qanunvericilikdə müəyyən olunmuş qaydada yeni yaranan hüquqi şəxsə keçir.
[7]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası"nın 7-ci bəndində "Azərbmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
[8]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası"nın 9-cu bəndində "Azərbmeşə" İstehsalat Birliyinin" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə əvəz edilmişdir.
[9]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası"nın 10-cu bəndində "Azərbmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
[10]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası"nın 11-ci bəndində "Azərbmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
[11]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2004-cü il tarixli 123 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 741) ilə "Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası"nın 11-ci bəndinin yeddinci abzası çıxarılmışdır.
[12]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası"nın 12-ci bəndində "Azərbmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.