×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
17.01.2000
QEYDİYYAT NÖMRƏSİ
7
ADI
Suların dövlət uçotu Qaydasının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2000, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 77)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.01.2000
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
280.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Suların dövlət uçotu Qaydasının təsdiq edilməsi haqqında

Suların dövlət uçotu Qaydasının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Suların dövlət uçotunun Qaydası" təsdiq edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 17 yanvar 2000-ci il
                      № 7

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 17 yanvar tarixli 7 nömrəli qərarı ilə
təsdİq edİlmİşdİr

Suların dövlət uçotunun

QAYDASI [1]

 

1. Bu Qayda Azərbaycan Respublikasının Su Məcəlləsinə və "Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tədbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 685 nömrəli Fərmanına əsasən hazırlanmışdır.

2. Bu Qayda Azərbaycan Respublikasının yerüstü və yeraltı su obyektlərinin istifadəçilərinin və dövlət monitorinqinin uçot məlumatlarına əsaslanaraq, suların dövlət uçotunun qaydalarını müəyyənləşdirir.

3. Suların dövlət uçotu müəyyən olunmuş qaydada müvafiq ərazidə mövcud olan su ehtiyatlarının kəmiyyət və keyfiyyətinin müntəzəm olaraq müəyyən edilməsindən ibarətdir.

4. Suların dövlət uçotu aparılarkən əldə edilən məlumatlar aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidir:

su obyektlərinin istifadəsi, mühafizəsi və suların zərərli təsirinin qarşısının alınmasının cari və perspektiv planlaşdırması üzrə dövlət proqramlarının işlənib hazırlanmasını;

su təsərrüfatı balanslarının tərtib edilməsi, dövlət su kadastrının aparılması və su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanmasını;

suların keyfiyyətinin, çayların sululuğunun və hidroloji şəraitinin dəyişməsinin proqnozlaşdırılmasını;

sudan istifadə ilə bağlı sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələr üzrə obyektlərin layihələşdirilməsini;

su təsərrüfatı sistemlərinin əməli idarə olunmasını;

su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində, o cümlədən suların keyfiyyət göstəriciləri üzrə normalaşdırılmanı;

suların zərərli təsirinin qarşısının alınması tədbirlərinin işlənib hazırlanmasını;

su obyektlərinin səmərəli istifadəsi və mühafizəsi tədbirləri üzərində dövlət nəzarətinin həyata keçirilməsini;

sərhəd su obyektlərinin su ehtiyatlarından istifadə və onların mühafizəsinə dair ərazilərarası su bölgüsünü və hövzədə müştərək sudan istifadənin tənzimlənməsini.

5. Suların dövlət uçotu Azərbaycan Respublikasında vahid sistem üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (yerüstü və yeraltı sular bölmələri üzrə), Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (suların istifadəsi uçotu bölməsi üzrə) və Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. [2]

6. Azərbaycan Respublikasının vahid dövlət su fondunu təşkil edən bütün sular su obyektləri, habelə mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq bütün müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan fiziki şәxslәr tərəfindən istifadə edilən sular dövlət uçotuna alınmalıdır.

7. Dövlət uçotuna alınacaq su istifadəçilərinin siyahısı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən DEkologiya və Təbii Sərvətlər Nazirliyi (yerüstü və yeraltı sular bölmələri üzrə) Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilir. [3]

8. Suların dövlət uçotu sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

yerüstü su resurslarının dövlət uçotunu aparır, Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə onların rejiminə və keyfiyyətinə müşahidəni təmin edir. [4]

Yerüstü suların dövlət uçotu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi forma və müddətlərdə həmin Nazirliyin və digər təşkilatların dövlət şəbəkələrinin hidrometeoroloji mərkəzləri, rəsədxana və məntəqələri tərəfindən, məlumatların alınması üçün başqa vasitə və üsullardan (yerin süni peyklərindən, su obyektlərinin aviasiya, ekspedisiya və digər tədqiqat üsullarından) istifadə etməklə həyata keçirilir;

aidiyyəti müəssisə, təşkilat və idarələri suların dövlət uçotu materialları əsasında yerüstü su obyektləri və onların hidroloji rejimləri haqqında məlumatlarla, habelə müəssisə, qurğu və digər obyektlərin layihələşdirilməsi və tikintisi üçün tələb olunan hidroloji proqnozlarla təmin edir;

yerüstü suların çirklənmə səviyyəsi üzərində müşahidə və nəzarəti təşkil edir, bu sahədə ümumi dövlət xidmətini yaradır, aidiyyəti müəssisə, təşkilat və idarələri yerüstü suların çirklənmə səviyyəsi, habelə təsərrüfat fəaliyyətinin və hidrometeoroloji şəraitin təsiri nəticəsində yerüstü suların çirklənmə səviyyəsində ola biləcək dəyişikliklər barədə məlumatlarla müntəzəm olaraq təmin edir.

9. Suların dövlət uçotu sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

yeraltı suların, onların istismar ehtiyatlarını nəzərə almaqla, dövlət uçotunu aparır, habelə Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə həmin suların rejiminə və keyfiyyətinə müşahidəni təmin edir. [5]

Yeraltı suların dövlət uçotu, onların rejimi və keyfiyyəti monitorinqi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatlarının yeraltı suların kəşfiyyatı, onların rejiminin öyrənilməsi və balansı haqqında materialları əsasında, digər təşkilatların apardığı hidrogeoloji işlər nəticəsində alınmış məlumatlar istifadə olunmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmiş forma və müddətlərdə həyata keçirilir;

Fövqəladə Hallar Nazirliyini Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətini yeraltı suların uçotu üzrə ümumiləşdirilmiş məlumatlarla təmin edir;

aidiyyəti müəssisə, təşkilat və idarələri suların dövlət uçotu materialları əsasında yeraltı su obyektləri və onların hidrogeoloji rejimləri haqqında məlumatlarla, habelə müəssisə, qurğu və digər obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı üçün tələb olunan hidrogeoloji proqnozlarla təmin edir;

yeraltı suların çirklənmə səviyyəsi üzərində müşahidə və nəzarəti təşkil edir, aidiyyəti müəssisə, təşkilat və idarələri yeraltı suların çirklənmə səviyyəsi, habelə təsərrüfat fəaliyyəti və hidrometeoroloji şəraitin təsiri nəticəsində yeraltı suların çirklənmə dərəcəsində ola biləcək dəyişikliklər barədə məlumatlarla müntəzəm olaraq təmin edir.

10. Sudan istifadəyə dair dövlət statistik hesabat formaları və onların doldurma qaydaları Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanır və Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilir.

11. Suların dövlət uçotu sahəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti:

su obyektlərinin istifadəçiləri və su istehlakçıları tərəfindən su obyektlərindən götürülən və onlara axıdılan suların ilkin uçotunun düzgün aparılmasına və bu məqsədlə istifadə olunan avadanlıq və cihazların vəziyyətinə nəzarəti təmin edir;

Fövqəladə Hallar Nazirliyi ilə birlikdə su obyektlərindən götürülən və onlara axıdılan suların ilkin uçotunu aparmaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (yerüstü və yeraltı sular bölmələri üzrə) müvafiq formalar təsdiq edir və onları bütün su istifadəçilərinə çatdırır; [6]

su obyektlərinin istifadəçiləri və su istehlakçılarının hesabatları əsasında respublika üzrə sudan istifadə edilməsinin uçotunu aparır;

su obyektlәrinin istifadəçilərinin və su istehlakçılarının qeydiyyatını aparır;

Ekologiya və Təbii Sərvətlər Nazirliyini və Fövqəladə Hallar Nazirliyini suların istifadəsinin uçotu üzrə ümumiləşdirilmiş məlumatlarla təmin edir.

12. Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq bütün sudan istifadə edənlər:

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (yerüstü və yeraltı sular bölmələri üzrə) ilə razılaşdırılmış forma və müddətlərdə su obyektlərindən götürülən və onlara axıdılan suların ilkin uçotunu aparırlar;

bütün sugötürücü və suatıcı qurucularda götürülən və atılan suların həcmini ölçmək üçün ölçü cihazları (su sərfini və səviyyəsini ölçənlər, başqa hidrometrik avadanlıq) və tullantı sularının keyfiyyətini ölçən cihazlar quraşdırırlar;

Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş formalar və onların doldurulma qaydaları əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə, və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə suların istifadəsinə dair statistik hesabat təqdim edirlər.

su obyektlərindən götürülən və onlara axıdılan suların müəyyən olunmuş rejiminin pozulması və qəza nəticəsində zərərli maddələrin su mənbələrinə axıdılması hallarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (yeraltı və yerüstü sular üzrə) və Meliorasiya və Su Təsərrüfatı Komitəsinə təcili xəbər verirlər.

13. Azərbaycan Respublikasının illik su təsərrüfatı balansına dair, ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatları barədə gündəlik məlumatlar, o cümlədən su anbarlarının səviyyəsi, həcmi, su anbarına daxil olan və çıxan su həcmləri (strukturu göstərilməklə), hidroqovşaqların qəbul etdiyi və ötürdüyü su həcmləri (strukturu göstərilməklə), çaylar üzrə, məntəqələr və yerləşdiyi ərazilər göstərilməklə, su sərfi, subartezian və artezian quyularının istismarı barədə, su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması və modelləşdirilməsi ilə bağlı digər məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 fevral tarixli 1289 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “Elektron su təsərrüfatı” informasiya sisteminə daxil edilir. [7]

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       06 fevral 2002-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 2, maddə 101)

2.       29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)

3.       8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)

4.       10 may 2012-ci il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 473)

5.       24 may 2021-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2021-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 527)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 06 fevral 2002-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 2, maddə 101) ilə “Suların dövlət uçotu Qaydası”nın 5-ci bəndində “Dövlət Hidrometeorologiya Komitəsi tərəfindən Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (yeraltı sular bölməsi üzrə)" sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyi (yerüstü və yeraltı sular bölmələri üzrə)" sözləri ilə, 7-ci bəndində “Dövlət Hidrometeorologiya Komitəsi (yerüstü sular bölməsi üzrə) və Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (yeraltı sular bölməsi üzrə)" sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyi (yerüstü və yeraltı sular bölmələri üzrə)” sözləri ilə, 8-ci bəndin birinci abzasında “Dövlət Hidrometeorologiya Komitəsi" sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir, üçüncü abzasında “Dövlət Hidrometeorologiya Komitəsinin təsdiq etdiyi forma və müddətlərdə həmin Komitənin" sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi forma və müddətlərdə həmin Nazirliyin" sözləri ilə, 9-cu bəndin birinci abzasında “Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə, üçüncü abzasında “Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin" sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə, “Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi tərəfindən Dövlət Hidrometeorologiya Komitəsi ilə razılaşdırılmaqla" sözləri isə “Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən" sözləri ilə, dördüncü abzasında “Dövlət Hidrometeorologiya Komitəsini" sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyini" sözləri ilə, 10-cu bəndin birinci abzasında “Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Dövlət Hidrometeorologiya Komitəsi, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə, 11-ci bəndin üçüncü abzasında “Dövlət Hidrometeorologiya Komitəsi və Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (yeraltı sular üzrə) ilə razılaşdırmaqla" sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyi (yerüstü və yeraltı sular bölmələri üzrə)" sözləri ilə, altıncı abzasında “Dövlət Hidrometeorologiya Komitəsini və Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsini" sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyini" sözləri ilə, 12-ci bəndin ikinci abzasında “Dövlət Hidrometeorologiya Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (yeraltı sular üzrə)" sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyi (yerüstü və yeraltı sular bölmələri üzrə)" sözləri ilə əvəz edilmişdir, dördüncü abzasında “Dövlət Hidrometeorologiya Komitəsinə, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə və Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə" sözləri “və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə" sözləri ilə, beşinci abzasında “Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə, Dövlət Hidrometeorologiya Komitəsinə, Meliorasiya və Su Təsərrüfatı Komitəsinə və Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə (yeraltı sular üzrə)" sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (yeraltı və yerüstü sular üzrə) və Meliorasiya və Su Təsərrüfatı Komitəsinə" sözləri ilə əvəz edilmişdir.

 

  [2] 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə "Suların dövlət uçotu Qaydası"nın 5-ci, 7-ci, 10-cu bəndlərində, 9-cu bəndinin dördüncü abzasında, 11-ci bəndinin birinci abzasında, 12-ci bəndinin ikinci, dördüncü və beşinci abzaslarında ismin müvafiq hallarında "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ismin müvafiq hallarında "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.

 

29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Suların dövlət uçotunun Qaydası"nın 5-ci, 7-ci, 10-cu bəndlərində, 9-cu bəndinin dördüncü abzasında, 11-ci bəndinin birinci abzasında, 12-ci bəndinin ikinci, dördüncü və beşinci abzaslarında ismin müvafiq hallarında "Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri ismin müvafiq hallarında "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ilə əvəz edilmişdir.

 

10 may 2012-ci il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 473) ilə “Suların dövlət uçotunun Qaydası”nda 5-ci hissədə “və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (suların istifadəsi uçotu bölməsi üzrə) ilə birlikdə” sözləri “,Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (suların istifadəsi uçotu bölməsi üzrə) və Fövqəladə Hallar Nazirliyi tərəfindən” sözləri ilə əvəz edilmişdir.

 

  [3] 10 may 2012-ci il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 473) ilə “Suların dövlət uçotunun Qaydası”nda 7-ci hissədə “ilə” sözündən əvvəl “Fövqəladə Hallar Nazirliyi” sözləri əlavə edilmişdir.

 

  [4] 10 may 2012-ci il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 473) ilə “Suların dövlət uçotunun Qaydası”nda 8-ci hissənin ikinci abzasında “onların” sözündən əvvəl “Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə” sözləri əlavə edilmişdir.

 

  [5] 10 may 2012-ci il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 473) ilə “Suların dövlət uçotunun Qaydası”nda 9-cu hissənin ikinci abzasında “, habelə” sözündən sonra “Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə” sözləri əlavə edilmişdir, dördüncü abzasında “Ekologiya və Təbii Sərvətlər Nazirliyini” sözləri “Fövqəladə Hallar Nazirliyini” sözləri ilə əvəz  edilmişdir.

 

  [6] 10 may 2012-ci il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 473) ilə “Suların dövlət uçotunun Qaydası”nda 11-ci hissənin üçüncü abzasının əvvəlinə “Fövqəladə Hallar Nazirliyi ilə birlikdə” sözləri, altıncı abzasında “Nazirliyini” sözündən sonra “və Fövqəladə Hallar Nazirliyini” sözləri əlavə edilmişdir.

 

[7] 24 may 2021-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2021-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 527) ilə “Suların dövlət uçotunun Qaydası”na aşağıyenidakı məzmunda 13-cü hissə əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status