×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
06.10.2015
QEYDİYYAT NÖMRƏSİ
1344-IVQ
ADI
Azərbaycan Respublikası Hökuməti ilə Kanada Hökuməti arasında diplomatik missiyalar və konsulluq nümayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti arasında notalar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 14-10-2015, Nəşr nömrəsi: 223), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2015, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1103)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.10.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201510061344
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.10.2015
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Hökuməti ilə Kanada Hökuməti arasında diplomatik missiyalar və konsulluq nümayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti arasında notalar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Hökuməti ilə Kanada Hökuməti arasında diplomatik missiyalar və konsulluq nümayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti arasında 2013-cü il yanvarın 7-də və 2015-ci il aprelin 9-da həyata keçirilmiş notalar mübadiləsi formasında Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 oktyabr 2015-ci il

               № 1344-IVQ


XDC-0933 nömrəli Nota

 

Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə öz ehtiramını ifadə edir və Kanada Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında diplomatik missiyalar və konsulluq nümayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyətinə dair aşağıdakı Sazişin bağlanılmasını təklif etməkdən şərəf duyur.

Hər iki Hökumət, qarşılıq əsasında bir Hökumətin digər ölkədə diplomatik missiya və konsulluq nümayəndəliyinin əməkdaşı kimi rəsmi vəzifəni həyata keçirməyə təyin edilmiş əməkdaşlarının ailə üzvlərinin qəbul edən Dövlətdə işləmək hüququ verən icazəni alacaqları barədə razılığa gəlirlər. Hər iki Hökumət həyata keçiriləcək əmək fəaliyyətinin xüsusiyyətinə və növünə məhdudiyyətlər qoyulmasından çəkinməyə səy göstərəcəklər. Bu Sazişin qarşılıqlı olması baxımından hər iki Hökumət qəbul edir ki, hər hansı bir məhdudiyyət bir Hökumət tərəfindən tətbiq edildiyi təqdirdə, oxşar məhdudiyyətlər də digər Hökumət tərəfindən tətbiq edilə bilər. Bununla belə başa düşülür ki, xüsusi ixtisasa malik olmağı tələb edən peşələr üçün hər bir Dövlətdə qüvvədə olan daxili qanunvericilik və qaydalara uyğun olaraq, həmin tələblərə ailə üzvlərinin cavab verməsi zəruri olacaqdır. Əlavə olaraq, təhlükəsizlik baxımından yalnız qəbul edən Dövlətin vətəndaşlarının işləyə biləcəyi hallarda işləmək hüququ verən icazədən imtina edilə bilər.

Qəbul edən Dövlətdə işləmək hüququ verən istənilən icazə, əməkdaşın ezamiyyətinin sonunda və ya işləmək üçün icazə alan şəxsin ailə üzvü kateqoriyasına artıq uyğun gəlmədiyi halda ləğv edilir.

Bu Sazişin məqsədi üçün “əməkdaş(lar)” dedikdə, qəbul edən Dövlətdə diplomatik agentlər və diplomatik missiyaların inzibati-texniki heyət üzvləri, konsulluq əməkdaşları, habelə konsulluq nümayəndəliklərinə ezam edilmiş konsulluq işçiləri başa düşülür. “Ailə üzvü(ləri)” dedikdə, ailəni təşkil edən və akkreditasiya olunmuş bütün ailə üzvləri başa düşülür.

Ailə üzvü qəbul edən Dövlətdə ödənişli işləmək hüququnu almazdan əvvəl göndərən Dövlətin diplomatik missiyası qəbul edən Dövlətin Xarici İşlər Nazirliyinin Protokol İdarəsinə rəsmi şəkildə sorğu edir. Hər bir qəbul edən Dövlət bu cür sorğuların baxılması üçün zəruri prosedurları müəyyən edəcək və göndərən Dövlətə bu barədə məlumat verəcəkdir. Müvafiq şəxsin bu Sazişdə nəzərdə tutulmuş kateqoriyalara uyğun gəlməsi müəyyən olunduqdan və müvafiq dövlətdaxili prosedurlara əməl edildikdən sonra qəbul edən Dövlət diplomatik missiyanı dərhal və rəsmi şəkildə həmin şəxsin qəbul edən Dövlətin normativ hüquqi aktlarına uyğun olaraq işləmək hüququ verən icazəyə malik olması barədə məlumatlandırır. Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə qəbul edən Dövlətin qanun və qaydalarına uyğun veriləcəkdir.

Ailə üzvü Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına və ya tətbiq edilən hər hansı digər sənədlərə uyğun olaraq qəbul edən Dövlətin mülki və inzibati yurisdiksiyasından immunitetə malik olduğu halda, işləməkdən irəli gələn bütün məsələlərə münasibətdə bu immunitetlər ona şamil edilməyəcəkdir.

Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına və ya tətbiq edilən hər hansı digər sənədlərə uyğun olaraq cinayət yurisdiksiyasından immunitetə malik olan ailə üzvü, onun əmək fəaliyyəti ilə bağlı hər hansı bir cinayətin törədilməsində təqsirləndirildiyi halda, göndərən Dövlət hər hansı belə bir əmələ münasibətdə immunitetdən imtina edilməsinə dair qəbul edən Dövlətin təqdim edə biləcəyi hər hansı bir sorğunu mərhəmətlə nəzərdən keçirəcəkdir. Cinayət yurisdiksiyasından immunitetdən imtina, heç də xüsusi imtinanın sorğu edilməsini nəzərdə tutan məhkəmə qərarının icrasından immunitetə də şamil edilmək məqsədi daşımır. Belə bir sorğu olduğu halda, göndərən Dövlət belə immunitetdən imtina edilməsinə dair qəbul edən Dövlətin təqdim edə biləcəyi hər hansı bir yazılı sorğunu ciddi şəkildə nəzərdən keçirəcəkdir.

Bu Sazişə əsasən ödənişli işə malik ailə üzvləri, əmək fəaliyyətindən əldə olunan hər hansı ödənişlərə münasibətdə qəbul edən Dövlət tərəfindən tutulan gəlir vergilərini və sosial təminat yığımlarını ödəməlidirlər.

Bu Saziş onun qüvvəyə minməsi üçün müvafiq dövlətdaxili prosedurların yerinə yetirildiyini təsdiq edən sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir və Hökumətlərdən biri tərəfindən digərinə 90 gün əvvəl göndərilən yazılı bildiriş vasitəsilə ləğv edilənədək qüvvədə qalacaqdır.

Yuxarıda qeyd olunan təkliflər Azərbaycan Respublikası Hökuməti tərəfindən məqbul hesab edildiyi təqdirdə, Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti təklif etməkdən şərəf duyur ki, bu Nota və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin cavab Notası, cavab Notasının tarixindən bağlanılmış hesab edilən Kanada Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında diplomatik missiyalar və konsulluq nümayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyətinə dair məcburi hüquqi qüvvəyə malik olmayan Sazişi təşkil edir.

Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə öz dərin ehtiramını bir daha izhar edir.

 

Ottava, 7 yanvar 2013-cü il.

 

Azərbaycan Respublikasının

Xarici İşlər Nazirliyi

 

5/11-761/01/15

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamentinə öz ehtiramını ifadə edir və Azərbaycan Respublikası Hökuməti və Kanada Hökuməti arasında diplomatik missiyalar və konsulluq nümayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyətinə dair məcburi hüquqi qüvvəyə malik olmayan Sazişin bağlanılması barədə təklifin əks olunduğu sonuncunun XDC-0933 nömrəli 2013-cü il 7 yanvar tarixli Notasını məqbul hesab etdiyini bildirməkdən şərəf duyur.

Azərbaycan Respublikanın Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamentinə öz dərin ehtiramını bir daha izhar edir.

 

Bakı, 09 aprel 2015-ci il

Kanadanın Xarici İşlər və Beynəlxalq
Ticarət Departamenti,

Ottava

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status