AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
01.10.2015
QEYDİYYAT NÖMRƏSİ
313
ADI
“Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 07-10-2015, Nəşr nömrəsi: 217), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2015, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1227)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.10.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.030.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201510010313
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.10.2015
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 1 oktyabr 2015-ci il

     № 313

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 1 oktyabr tarixli 313 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən hazırlanmışdır və limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydanın əsas məqsədi limanlarda qanunsuz müdaxilə aktlarının aşkarlanmasını, onların qarşısının alınmasını və aradan qaldırılmasını, nəticələrinin minimuma endirilməsini, səbəb və şərtlərin müəyyən edilməsini, insanların, yüklərin, nəqliyyat vasitələrinin, limanın və limanın infrastruktur obyektlərinin təhlükəsizliyini təmin etməkdir.

1.3. Limanlarda qanunsuz müdaxilə aktı zamanı həyata keçirilən təhlükəsizlik tədbirləri insanların həyat və sağlamlığına zərər yetirən, limana və limanın infrastruktur obyektlərinə, eləcə də saxlanılan və daşınan yüklərə ziyan vuran əməllərin aşkarlanmasına, qarşısının alınmasına, aradan qaldırılmasına, habelə bu əməllərin nəticələrinin minimuma endirilməsinə, qanunsuz müdaxilənin səbəblərinin və ona şərait yaradan amillərin müəyyən edilməsinə yönəldilmiş texniki, təşkilati və hüquqi tədbirlər kompleksindən ibarətdir.

1.4. Bu Qaydada istifadə olunan anlayışlar “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 oktyabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmiş “Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Qaydası”nda nəzərdə tutulmuş mənaları ifadə edir.

1.5. “Dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında” Konvensiyaya əsasən qanunsuz müdaxilə aktlarına gəmilərin və ya limanların və limanın infrastruktur obyektlərinin təhlükəsizliyini təhdid edən aşağıdakı hərəkətlər aiddir:

1.5.1. limanın və limanın infrastruktur obyektlərinin, gəminin zəbt edilməsi və yaxud zorla, hədə-qorxu yolu ilə ona nəzarətin həyata keçirilməsi;

1.5.2. gəminin bortundakı şəxslərə qarşı həmin gəminin təhlükəsiz üzməsini təhdid edə bilən zorakılıq aktının törədilməsi;

1.5.3. gəminin məhv edilməsi, yaxud gəminin təhlükəsiz üzməsini təhdid edə bilən hərəkətin törədilməsi (gəmiyə və ya onun yükünə zərər vurarsa);

1.5.4. limanda və limanın infrastruktur obyektlərində, gəminin bortunda hər hansı bir üsulla onu məhv edə bilən qurğunun, yaxud maddənin yerləşdirilməsi və ya yerləşdirilməsinə cəhd edilməsi, gəminin təhlükəsiz üzməsini təhdid edən, yaxud ona təhlükə törədə bilən hərəkətin törədilməsi (gəmiyə və ya onun yükünə zərər vurarsa);

1.5.5. dəniz naviqasiya avadanlığının məhv edilməsi, yaxud ona ciddi zərər vurulması və ya onun istismarına ciddi maneə yaradılması;

1.5.6. yalan məlumatlar verilməklə, gəminin təhlükəsiz üzməsinə və limanın və limanın infrastruktur obyektlərinin fəaliyyətinə təhlükənin yaradılması;

1.5.7. bu Qaydanın 1.5.1-ci və 1.5.6-cı yarımbəndlərində göstərilən əməllərdən hər hansı birini törətməklə, yaxud törətməyə cəhd göstərməklə, istənilən şəxsə xəsarət yetirilməsi, onun girov götürülməsi və ya öldürülməsi.

1.6. Bu Qayda Azərbaycan Respublikasının ərazisində yerləşən limanlara və limanların infrastruktur obyektlərinə və liman sərhədləri daxilində olan Azərbaycan Respublikasının Dövlət bayrağı altında və ya xarici dövlətlərin bayrağı altında üzən gəmilərə şamil edilir.

 

2. İlkin məlumatlandırmanın təşkili

 

2.1. “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq limanda və limanın infrastruktur obyektlərində qanunsuz müdaxilə aktı baş verdikdə və ya onun törədilməsi təhlükəsi yarandıqda, liman idarəsi bu barədə dərhal Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinə (bundan sonra – Agentlik) məlumat verir. Qanunsuz müdaxilə aktı limanın sərhədləri daxilində olan gəmilərdə baş verdikdə və ya həmin gəmilərdə onun törədilməsi təhlükəsi yaranarsa, gəmi kapitanı əmniyyətli rabitə sistemindən istifadə etməklə, bu barədə Agentliyi və liman idarəsini dərhal məlumatlandırır. [1]

2.2. Agentlik limanda və limanın infrastruktur obyektlərində, habelə limanın sərhədləri daxilində olan gəmilərdə qanunsuz müdaxilə aktı və ya onun törədilməsi təhlükəsi barədə daxil olmuş məlumatı dərhal aidiyyəti hüquq-mühafizə orqanlarına, liman kapitanına və gəmilərin istismarçılarına ötürür və həmin məlumatın məxfi saxlanılmasını təmin edir. Qanunsuz müdaxilə aktı limanın sərhədləri daxilində olan gəmilərdə baş verdikdə, Agentlik bu barədə Beynəlxalq Dəniz Təşkilatına məlumat verir.

2.3. Qanunsuz müdaxilə aktı limanın sərhədləri daxilində olan xarici gəmilərdə və (və ya) bortunda xarici dövlətin vətəndaşları olan gəmidə baş verdikdə və ya həmin gəmilərdə onun törədilməsi təhlükəsi yarandıqda və yaxud qanunsuz müdaxilə aktına məruz qalmış limanda xarici gəmi və ya xarici ölkə vətəndaşı olduqda və yaxud qanunsuz müdaxilə aktı xarici ölkə vətəndaşı tərəfindən törədildikdə, Agentlik həmçinin gəminin bayraq dövlətinin, gəmidə vətəndaşı olan, o cümlədən gəmidə vətəndaşı həlak olmuş, girov götürülmüş və ya xəsarət almış hər bir dövlətin, eləcə də qanunsuz müdaxilə aktını törətmiş şəxsin mənsub olduğu dövlətin Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına məlumat verir.

2.4. Liman idarəsi qanunsuz müdaxilə aktı və ya onun törədilməsi təhlükəsi barədə Agentlik ilə yanaşı limanın və limanın infrastruktur obyektlərinin mühafizə planında (bundan sonra - mühafizə planı) göstərilən digər subyektləri, ilk növbədə isə limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə məsul şəxsləri və limanda olan gəmilərin kapitanlarını məlumatlandırır.

 

3. Limanlarda qanunsuz müdaxilə aktlarının qarşısının alınması

 

3.1. Limanda və limanın infrastruktur obyektlərində, habelə limanın sərhədləri daxilində olan gəmilərdə qanunsuz müdaxilə aktının vaxtında aşkarlanması və qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 oktyabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmiş “Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Qaydası”na uyğun olaraq aşağıdakı tədbirlər görülür:

3.1.1. liman idarəsi tərəfindən limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə məsul şəxslər müəyyən edilir;

3.1.2. limanın və limanın infrastruktur obyektlərinin qanunsuz müdaxilə aktlarına qarşı mühafizəsinin təmin edilməsi məqsədi ilə təhlükələrin, mühafizə üzrə mövcud imkanların, hazırlığın və Gəmi və liman vasitələrinin mühafizəsinə dair Beynəlxalq Məcəllədə nəzərdə tutulmuş minimum tədbirlərin səviyyəsinin müəyyən edilməsi üçün limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsi həyata keçirilir;

3.1.3. limanın və limanın infrastruktur obyektlərinin, gəmilərin, insanların, yüklərin, yükdaşıma vasitələrinin və gəmi ehtiyatlarının liman daxilində qanunsuz müdaxilə aktlarına qarşı mühafizəsini təmin etmək üçün tədbirlərdən ibarət limanın və limanın infrastruktur obyektlərinin mühafizə planı tətbiq edilir;

3.1.4. limanda qanunsuz müdaxilə aktlarının vaxtında aşkarlanmasını və qarşısının alınmasını təmin edən mühafizə məqsədli mühəndis-texniki qurğuların, habelə limanın və limanın infrastruktur obyektlərinin mühafizə planında nəzərdə tutulmuş tədbirlərin məcmusundan ibarət mühafizə sistemi tətbiq edilir;

3.1.5. limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi səviyyəsi yoxlanılır.

 

4. Limanlarda qanunsuz müdaxilə aktlarına qarşı mübarizənin təşkili

 

4.1. Limanlarda qanunsuz müdaxilə aktlarına qarşı mübarizə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq Konvensiyalara, “Dəniz limanları haqqında”, “Nəqliyyat haqqında” və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na, bu Qaydaya, mühafizə planına və digər normativ - hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir.

4.2. Agentlik, aidiyyəti hüquq-mühafizə orqanları, habelə liman idarəsi qanunsuz müdaxilə aktı və ya onun törədilməsi təhlükəsi barədə daxil olmuş məlumatların həqiqiliyini yoxlayır, onları dəqiqləşdirir və əlavə məlumatlar toplayır, sonra həmin məlumatları təhlil edir və mövcud təhlükə riskini qiymətləndirdikdən sonra aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin edirlər:

4.2.1. daxil olmuş məlumatlar həqiqətə uyğun olmadıqda, limanın və liman infrastruktur obyektlərinin normal iş rejiminin bərpası;

4.2.2. təhlükə riski yüksək olduqda, limanın və limanın infrastruktur obyektlərinin, limanda olan gəmilərin mühafizəsinin gücləndirilməsi, o cümlədən limanın perimetri və ona bitişik ərazilərdə, liman kanallarında, gəminin lövbər dayanacaqlarında, həmçinin limanın və limanın infrastruktur obyektlərində patrul xidmətinin aparılmasının təşkili;

4.2.3. qanunsuz müdaxilə aktı baş verdikdə və yaxud onun törədilmə təhlükəsi olduqda, limanın ərazisində və limanın infrastruktur obyektlərinin qarşısında kənar nəqliyyat vasitələrinin durması və dayanmasının qadağan edilməsi, habelə məhdud girişli zonaya buraxılışın məhdudlaşdırılması;

4.2.4. mühafizə planında nəzərdə tutulmuş digər tədbirlər.

4.3. Limanlarda qanunsuz müdaxilə aktları (terror əleyhinə əməliyyatlar istisna olmaqla) baş verdikdə, onların əleyhinə aparılan əməliyyatlara birbaşa və vahid rəhbərliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əmrinə əsasən xarakterindən asılı olaraq müvəqqəti əsaslarla (qanunsuz müdaxilə aktlarına qarşı aparılan əməliyyatın həyata keçirildiyi müddətə) qanunsuz müdaxilə aktlarına qarşı əməliyyatları idarəetmə üzrə Agentliyin, limanın məsul şəxslərindən, hərbi və hüquq-mühafizə orqanlarının nümayəndələrindən ibarət qərargah yaradılır və həmin qərargaha rəhbər təyin olunur. Qərargahın rəhbəri qanunsuz müdaxilə aktının xarakterindən və onun nəticələrindən asılı olaraq qərargahın işinə limanın və limanın infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsində iştirak edən digər dövlət orqanlarının və aidiyyəti qurumların nümayəndələrini cəlb etmək hüququna malikdir.

4.4. İdarəetmə üzrə qərargahın həyata keçirdiyi tədbirlər aşağıdakılardır:

4.4.1. limanın ərazisində və akvatoriyasında zorla, hədə-qorxu yolu ilə ələ keçirilmiş gəminin sərnişinlərinin və heyət üzvlərinin təhlükəsizliyinin təmin olunması və xilas edilməsi;

4.4.2. limanda və limanın infrastruktur obyektlərində qanunsuz müdaxilə aktı törətmiş, limanın sərhədləri daxilində olan gəmini zorla, hədə-qorxu yolu ilə ələ keçirmiş və ələ keçirməyə cəhd edən şəxslərin zərərsizləşdirilməsi;

4.4.3. təhlükəyə məruz qalmış gəmi (gəmilər) barədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, digər gəmilərin, gəmi heyətinin və liman hidrotexniki qurğularının təhlükəsizliyinin təmin edilməsi üçün addımların atılması;

4.4.4. limanda təhlükəyə məruz qalmış gəminin (gəmilərin) digər gəmilərdən, limandan və limanın infrastruktur obyektlərindən mümkün qədər uzaqda qalması üçün müvafiq göstərişlərin verilməsi;

4.4.5. riskləri qiymətləndirməklə və mövcud imkanlardan istifadə etməklə, təhlükəyə məruz qalmış gəminin (gəmilərin) təyin edilmiş və ya təcrid edilmiş lövbər dayanacağına yönəldilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi.

4.5. Limanlarda terror aktı baş verdikdə, terror əleyhinə aparılan əməliyyatlara birbaşa və vahid rəhbərliyin təmin edilməsi məqsədi ilə “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xarakterindən asılı olaraq müvəqqəti əsaslarla (terror əməlinə qarşı aparılan əməliyyatların həyata keçirildiyi müddətə) terror əleyhinə əməliyyatları idarəetmə üzrə qərargah yaradılır və həmin qərargaha rəhbər təyin olunur.

4.6. Bu Qaydanın 4.5-ci bəndində göstərilən qərargahın fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 sentyabr tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyət qaydası haqqında Əsasnamə” ilə tənzimlənir.

4.7. Limanda və limanın infrastruktur obyektlərində qanunsuz müdaxilə aktı baş verdikdə, Agentlik daxil olmuş məlumatları bu Qaydanın 2.2-ci və 2.3-cü bəndlərinə uyğun olaraq aidiyyəti qurumlara ötürür və liman idarəsinə, habelə dəniz terminallarının operatorları, limanın və limanın infrastruktur obyektlərinin sahiblərinə, gəmi kapitanlarına, limanda fəaliyyət göstərən digər şəxslərə aşağıdakılar barədə icrası məcburi olan göstərişlər verir:

4.7.1. yük və sərnişin daşınması əməliyyatlarının məhdudlaşdırılması və yaxud dayandırılması;

4.7.2. xidmətlərin göstərilməsi üçün limanın müvəqqəti bağlanması;

4.7.3. gəmilərin hərəkət etməsi ilə bağlı göstərişlər.

4.8. Limanlarda qanunsuz müdaxilə aktı baş verdikdə, mühafizə planına uyğun olaraq liman idarəsi tərəfindən aşağıdakı tədbirlər görülür:

4.8.1. qanunsuz müdaxilə aktlarından müdafiənin təmin edilməsinə və qanunsuz müdaxilə aktının obyektiv, tam və hərtərəfli araşdırılmasına köməklik göstərilməsi;

4.8.2. idarəetmə üzrə qərargahın fəaliyyətinə, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən limanın infrastruktur obyektlərindən istifadəyə şəraitin yaradılması;

4.8.3. bu Qaydanın 4.9-cu bəndində göstərilən məlumatların toplanılması və Agentliyə ötürülməsinin təmin edilməsi;

4.8.4. limanın ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən qanunsuz müdaxilə aktı ilə bağlı əlavə məlumatların əldə edilməsi və Agentliyə ötürülməsi;

4.8.5. qanunsuz müdaxilə obyekti olmuş gəminin qaçırılmasının qarşısının alınması;

4.8.6. limanın ərazisində və akvatoriyasında gəminin bortuna hər hansı bir üsulla onu məhv edə bilən qurğu və yaxud maddənin yerləşdirilməsinin və ya yerləşdirmək məqsədi ilə edilən hərəkətlərin, gəminin partladılmasının və baş verə biləcək dağıntıların qarşısının alınması;

4.8.7. limanın və limanın infrastruktur obyektlərinin, orada fəaliyyət göstərən şəxslərin, limanın ərazisində və akvatoriyasında olan gəmilərin, yüklərin və insanların təhlükəsizliyinin təmin edilməsi;

4.8.8. gəminin təhlükəsiz üzməsini təmin edən dəniz naviqasiya avadanlıqlarının məhv edilməsinin, yaxud ona ciddi zərər vurulmasının qarşısının alınması.

4.9. Limanda qanunsuz müdaxilə obyekti olmuş gəmi haqqında aşağıdakı məlumatlar liman idarəsi tərəfindən toplanılır, müntəzəm olaraq dəqiqləşdirilir və Agentliyə ötürülür:

4.9.1. gəminin adı, tipi, bayrağı, sahibinin adı, Beynəlxalq Dəniz Təşkilatı (BDT) nömrəsi və gəminin mövqeyi;

4.9.2. gəminin çıxış limanı və vaxtı;

4.9.3. gəminin təyinat limanı və ehtimal olunan gəlmə vaxtı;

4.9.4. gəmiyə dair əlavə məlumatlar (yanacaq və su ehtiyatı, gəminin heyət üzvlərinin, sərnişinlərin və digər şəxslərin sayı);

4.9.5. qanunsuz müdaxilə aktını törətmiş şəxslər və onların irəli sürdüyü tələblər;

4.9.6. qanunsuz müdaxilə aktı nəticəsində vətəndaşı ölmüş, yaralanmış və ya saxlanılmış, girov götürülmüş dövlət;

4.9.7. gəminin bortunda ölənlərin və yaralıların sayı;

4.9.8. silah, təhlükəli yük, partlayıcı və digər qurğuların tipi, sayı və s.;

4.9.9. digər tələb olunan məlumatlar.

4.10. Gəmi kapitanı gəmiyə qanunsuz müdaxilə aktı zamanı aşağıdakı tədbirləri görür:

4.10.1. gəminin mühafizəsi ilə bağlı həyəcan siqnalı verir;

4.10.2. mövcud imkanlardan istifadə etməklə, bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq aidiyyəti subyektlərə gəminin ələ keçirilməsinin məqsədi, cinayətkarların sayı, silahlanma, eləcə də partlayıcı qurğuların mövcudluğu barədə məlumatları verir;

4.10.3. gəmi heyətinə qanunsuz müdaxilə aktının nəticələrinin minimuma endirilməsinə yönəldilmiş göstərişlər verir;

4.10.4. gəminin heyət üzvləri tərəfindən sərnişinlərin baş vermiş hadisə barədə məlumatlandırılmasını və onların kayutda yerləşdirilməsini təmin edir;

4.10.5. gəminin ələ keçirilməsi zamanı özü və ya onun əmri ilə heyətin digər üzvləri hüquq-mühafizə orqanlarına təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə şəraitin yaradılması məqsədi ilə gəminin mühərrikini söndürür;

4.10.6. Agentliyin, hüquq-mühafizə orqanlarının və liman idarəsinin qanunsuz müdaxilə aktlarından müdafiə sahəsində göstərişlərini yerinə yetirir;

4.10.7. Agentlik tərəfindən təsdiq olunmuş gəmi mühafizə planında göstərilən digər tədbirlər.

4.11. Dəniz terminallarının operatorları, limanın infrastruktur obyektlərinin sahibləri, limanda fəaliyyət göstərən və limanda olan digər şəxslər qanunsuz müdaxilə aktı zamanı aşağıdakıları təmin etməlidirlər:

4.11.1. müvafiq tədbirlərin görülməsi üçün liman idarəsini limanda qanunsuz müdaxilə aktları haqqında vaxtında məlumatlandırmaq;

4.11.2. Agentliyin, hüquq-mühafizə orqanlarının və liman idarəsinin qanunsuz müdaxilə aktlarından müdafiə sahəsində göstərişlərini yerinə yetirmək;

4.11.3. limanda asayişə riayət etmək.

 

5. Yekun müddəa

 

5.1. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       17 avqust 2019-cu il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 avqust 2019-cu il, № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1466)

2.       18 may 2022-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 avqust 2019-cu il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 avqust 2019-cu il, № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1466) ilə “Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydası”nın 2.1-ci bəndinin birinci cümləsində “Dövlət Dəniz Administrasiyasına (bundan sonra – Administrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə (bundan sonra – Agentlik)” sözləri ilə, ikinci cümləsində, 2.2-ci bəndinin birinci və ikinci cümlələrində, 2.3-cü, 2.4-cü, 4.2-ci bəndlərində, 4.3-cü bəndinin birinci cümləsində, 4.7-ci, 4.9-cu bəndlərində və 4.8.3-cü, 4.8.4-cü, 4.10.6-cı, 4.10.7-ci, 4.11.2-ci yarımbəndlərində ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.

18 may 2022-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106) ilə “Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydası”nın 2.1-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status