Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Malta Respublikasının Energetika və Səhiyyə Nazirliyi arasında Maltada neft və qaz sektoru çərçivəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Malta Respublikasının Energetika və Səhiyyə Nazirliyi arasında Maltada neft və qaz sektoru çərçivəsində strateji əməkdaşlıq haqqında 2014-cü il dekabrın 15-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Energetika Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Malta Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 fevral 2015-ci il
№ 474
Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Malta
Respublikasının Energetika və Səhiyyə Nazirliyi arasında Maltada
neft və qaz sektoru çərçivəsində strateji əməkdaşlıq haqqında
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Energetika Nazirliyi və Malta Respublikasının Energetika və Səhiyyə Nazirliyi, aralarında olan dostluq münasibətlərini möhkəmləndirmək niyyətilə, xüsusilə neft və qaz, yanacaq və eyni sektor çərçivəsində yardımçı fəaliyyətlərə diqqət yetirərək qarşılıqlı maraq kəsb edən sektorlarda əməkdaşlığın mühüm əhəmiyyətini anlayaraq,
Malta tərəfinin Maltada enerji və yanacaq sektorlarını əhəmiyyətli iqtisadi fəaliyyətlərə çevirmək məqsədi daşıyan strateji təşəbbüsü həyata keçirməyə başlamasını qeyd edərək,
öz müvafiq dövlətlərinin qarşılıqlı maraqları əsasında neft və qaz sektorunda strateji əməkdaşlığı dəstəkləməkdə və inkişaf etdirməkdə maraqlarını bəyan edərək və müzakirələrin intensivləşdirilməsini və gələcəkdə bu sektorda əməkdaşlıqdan yarana biləcək qarşılıqlı faydalar üçün potensialı araşdırmaq arzusunu ifadə edərək,
bu Anlaşma Memorandumunun Tərəflərin gələcək strateji əməkdaşlığının mümkünlüyünü xoş məramla müzakirə edə biləcəyi yanacaq sektoru və enerji ilə əlaqəli layihələrdə ümumi müddəaları müəyyən etdiyini vurğulayaraq, yanacaq sektorunda əməkdaşlıq üçün əsasların və parametrlərin müəyyən edilməsi məqsədi ilə bu Anlaşma Memorandumunu imzalamaq niyyətilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Strateji əməkdaşlığın məqsədi və əməkdaşlıq formaları
Bu Anlaşma Memorandumunun məqsədləri aşağıdakılardır:
1.1. neft və qaz yataqlarının kəşfiyyatı və hasilatı sahəsində strateji əməkdaşlıq;
1.2. yanacaq məhsullarının təchizatı və paylanması üzrə strateji əməkdaşlıq;
1.3. Aralıq dənizi regionunda enerji məhsullarının ticarəti üzrə strateji əməkdaşlıq;
1.4. Maltada enerji ilə bağlı layihələrdə infrastrukturun inkişaf etdirilməsi imkanlarının araşdırılması;
1.5. mayeləşdirilmiş təbii qaz məhsullarının həm daxili, həm də xarici bazarlar üçün saxlancı və paylanması məqsədi ilə mayeləşdirilmiş təbii qaz mərkəzinin yaradılması;
1.6. Tərəflər həmçinin yuxarıda razılaşdırıldığı kimi qarşılıqlı maraq kəsb edən digər sahələrdə müzakirələr apara və əməkdaşlıq edə bilərlər.
Maddə 2
Etibarldıq
2.1. Bu Anlaşma Memorandumu yalnız Tərəflərin niyyətlərini ifadə edir və Tərəflər üçün hər hansı hüquqi öhdəlik yaratmır.
Maddə 3
Ümumi müddəalar
3.1. Bu Anlaşma Memorandumu hər iki Tərəfin müvafiq milli qanunvericiliyi çərçivəsində icra edilir.
Heç bir tərəfdaşlıq
3.1. Bu Anlaşma Memorandumunda heç nə Tərəflər arasında müdir-agent, işçi-işəgötürən münasibətləri, nümayəndəlik və ya müştərək tərəfdaşlıq münasibətləri yaratmır və ya yaranmasını nəzərdə tutmur və heç bir Tərəf digər Tərəfin adından hər hansı müqaviləyə qoşula və ya hər hansı öhdəlik götürə bilməz.
Maddə 5
Hüquq və öhdəliklərin ötürülməsi
5.1. Heç bir Tərəf əvvəlcədən digər Tərəfin yazılı razılığını almadan bu Anlaşma Memorandumu çərçivəsində öz hüquq və öhdəliklərini ötürə bilməz.
5.2. Ətraflı planlaşdırma və icra Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, Malta tərəfindən isə xüsusi layihə şirkətlərinə həvalə olunur. Müvafiq ölkələrin texniki heyətləri bu Anlaşma Memorandumuna nəzarət edir və onu həyata keçirir.
Əlavə və dəyişikliklər
6.1. Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna istənilən əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca Protokollar formasında rəsmiləşdirilir və bu Anlaşma Memorandumunun 7-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 7
Qüvvəyəminmə, qüvvədəolma müddəti və xitam
7.1. Bu Anlaşma Memorandumu Azərbaycan tərəfindən diplomatik kanallar vasitəsilə göndərilən və bu Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün tələb olunan müvafiq daxili prosedurların başa çatmasını təsdiq edən yazılı bildirişin alındığı tarixdən etibarən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri ən azı 6 (altı) ay əvvəldən diplomatik kanallar vasitəsilə yazılı şəkildə digər Tərəfi Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə məlumatlandırmadığı təqdirdə, avtomatik olaraq növbəti 5 (beş) illik müddətlərə uzadılır.
Bu Anlaşma Memorandumu Bakı şəhərində 2014-cü il 15 dekabr tarixində, hər biri Azərbaycan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikasının
|
Malta Respublikasının
|
Energetika Nazirliyi adından
|
Energetika və Səhiyyə Nazirliyi adından
|
(imza)
|
(imza)
|