AKTIN NÖVÜ
Təhsil Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
06.11.2014
QEYDİYYAT NÖMRƏSİ
1/3
ADI
“Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.12.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
5201411060013
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.11.2014

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN KOLLEGİYASI

 

QƏRARI

 

№ 1/3                                                                                      06 noyabr 2014-cü il

 

“Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4.8-ci bəndinin tələblərini nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.1-ci, 8.3-cü bəndlərini və 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Nazirliyin Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinə (S.Kazımov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Nazirliyin İnformasiya şöbəsinə (E.Əliyev) tapşırılsın ki, bu qərarın çoxaldılaraq Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına çatdırılmasını təmin etsin.

4. Qərarın icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.

 

 

Kollegiyanın sədri,

 

Nazir

Mikayıl Cabbarov

 

 


 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

 

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi

Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları” (bundan sonra - Qaydalar) “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 32.3.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə (bundan sonra – Nümunəvi Nizamnamə) əsasən hazırlanmışdır.

1.2. Bu Qaydalar Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinə (bundan sonra - məktəblərə) uşaqların (şagirdlərin) qəbulu və təhsil müddətində şagirdlərin ölkə daxilində, habelə ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi ilə bağlı məsələləri tənzimləyir.

1.3. Məktəblərə uşaqların (şagirdlərin) kütləvi qəbulu I və X siniflər üzrə aparılır.

1.4. Məktəbin I və X siniflərinə uşaq (şagird) qəbul etmək imkanları (Nümunəvi Nizamnamənin 2.6‒2.6-2-ci bəndləri nəzərə alınaraq müəllimlərin və siniflərin sayı), iş rejimi (dərs məşğələlərinin keçirilmə saatları), tədris edilən xarici dillər haqqında, sənədlərin qəbul günləri və saatları, sənədləri qəbul edən vəzifəli şəxsin adı, soyadı, iş telefonu, elektron poçt ünvanı barədə məlumat məktəbin əsas girişinin qarşısında yerləşdirilir, habelə həmin məlumat internet saytı və digər vasitələrlə əhalinin diqqətinə çatdırılır.

1.5. Məktəblər hər il 15 oktyabr tarixədək uşaq (şagird) qəbulunun yekunları barədə Ümumməktəb (ÜM-1) hesabat formasını tərtib edib dövlət statistika orqanlarına təqdim edirlər.

 

2. Uşaqlarınagirdlərin) məktəblərə kütləvi qəbulu

 

2.1. Uşaqların I sinfə qəbulu hər tədris ilinin ikinci yarımilinin əvvəlindən (hər növbəti ilin fevral ayının 1-dən) başlayaraq həyata keçirilir.

2.2. Nümunəvi Nizamnamənin 2.5-ci bəndinə uyğun olaraq, ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 (altı) yaşı tamam olan uşaqlar qəbul edilirlər.

2.3. Məktəbə qəbul uşaqların valideynləri, övladlığa götürənləri və ya qəyyumları (bundan sonra –valideyn) tərəfindən bu Qaydaların 2.4-cü bəndində göstərilən ərizə və ona əlavə olunan sənədlərin kağız və ya elektron formada bilavasitə, poçt və ya internet vasitəsilə məktəbə təqdim edilməsi ilə yolu ilə aparılır.

2.4. Uşağın I sinfə qəbulu barədə valideynin ərizəsi növbəti dərs ili başlananadək qeydiyyata alınır. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.4.1. doğum haqqında şəhadətnamənin surəti;

2.4.2. uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U);

2.4.3. 2 (iki) ədəd 3x4 ölçüdə fotoşəkil.

Ərizədə uşağın yaşadığı ünvan, təhsil alacağı tədris dili və öyrənəcəyi xarici dil (məktəbdə bir neçə xarici dil tədris edilirsə) qeyd edilir.

Qəbul elektron formada aparıldıqda təqdim edilən elektron ərizə və sənədlərin skan edilmiş surətləri məktəbə göndərildikdən sonra onların kağız forması təqdim olunmalıdır.

2.5. Uşağın məktəbəhazırlıq mərhələsindən keçməməsi onun I sinfə qəbulundan imtinaya səbəb ola bilməz.

2.6. Məktəbəhazırlıq mərhələsini keçmiş uşaqlar Nümunəvi Nizamnamənin 2.6-2.6-2-ci bəndləri nəzərə alınaraq ayrıca sinifdə komplektləşdirilir.

2.7. Üzrlü səbəb olduğu halda (fövqəladə hallarda, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) oktyabrın 15-dək ərizə və sənədlərin qəbuluna icazə verilir. Həmin müddətdən sonra sənəd qəbulu aparılmır.

2.8. Hər təqvim ilinin sonunadək 8 yaşı tamam olan uşaqlar I sinifə qəbul edilirlər. 8 yaşdan yuxarı təhsildən kənarda qalmış uşaqların I sinifdə təhsilə cəlb edilməsi məktəblərdə müəyyən olunmuş qaydalar daxilində fərdi təhsil təyin edilməklə həyata keçirilir.

2.9. Şagirdlərin X sinfə qəbulu onların ümumi orta təhsil haqqında dövlət sənədini – attestatını aldıqları vaxtdan növbəti tədris ili başlayanadək həyata keçirilir. Bu zaman təhsilalan Qaydaların 1.4-cü bəndində qeyd olunan məlumat əsasında məktəb seçimində sərbəstdir. Ümumtəhsil məktəbinin X sinfinə qəbul valideynin ərizəsi və ümumi orta təhsil haqqında dövlət sənədi – attestat əsasında həyata keçirilir. Ümumtəhsil məktəbinin X sinfinə qəbula Qaydaların 3-cü hissəsi şamil edilmir. [1]

2.10.       Digər məktəbdən gələn şagirdin X sinfə qəbulu zamanı onun əvvəl oxuduğu məktəbdə öyrəndiyi xarici dil mütləq nəzərə alınır. Şagird digər xarici dil tədris olunan məktəbin X sinfinə yaşadığı (köçdüyü) ərazidə əvvəl öyrəndiyi xarici dil tədris edilən başqa tam orta məktəb olmadığı halda qəbul edilir.

2.11. Ümumi orta təhsil səviyyəsini bitirdikdən sonra ilk peşə və ya orta ixtisas təhsili müəssisəsinə sənəd verib daxil ola bilməyən şagirdlərin ümumtəhsil məktəbində X sinfə qəbulu yalnız sentyabr-oktyabr ayları ərzində aparılır.

2.12. Xüsusi tədris proqramları tətbiq edilən məktəb, gimnaziya və liseylərə, özəl məktəblərə uşaqların (şagirdlərin) qəbulu həmin təhsil müəssisələrinin nizamnamələrinə uyğun aparılır.

2.13. Övladının bu və ya digər sinfə qəbulu barədə valideynin ərizəsi Ümumməktəb (ÜM-1) hesabat formasının təsdiqindən sonra verilərsə, həmin şagird məktəbə yeni gələn şagird kimi rəsmiləşdirilir.

 

3. Şagirdlərin yerdəyişməsi

 

3.1. Ölkə daxilində I - IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi aşağıdakı qaydada həyata keçirilir:

3.1.1. Övladını digər məktəbə dəyişmək istəyən valideyn həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir. Ərizəyə şagirdin qiymət cədvəli (təhsil aldığı fənlər üzrə illik və yarımillik qiymətlərin əks olunduğu sənəd) əlavə olunur.

3.1.2. Məktəbin direktoru nəzərdə tutulan sinifdə şagird sayı və ya sinif otağının ölçüsü şagird qəbuluna imkan verdiyi halda, 2 iş günü müddətində onun bu məktəbdə müvafiq sinfə qəbul olunduğu və bununla əlaqədar şəxsi işinin göndərilməsi haqqında valideynə şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verir.

3.1.3. Həmin arayış əsasında valideyn övladının indiyədək təhsil aldığı məktəbdən şəxsi işini götürüb təhsilini davam etdirəcəyi məktəbin direktoruna təqdim edir və bunun əsasında şagirdin təhsilalanların siyahısına daxil olması barədə əmr 2 iş günü müddətində verilir. Əmrin surəti şagirdin məktəbin direktoru tərəfindən əvvəl təhsil aldığı məktəbə göndərilir və burada onun təhsilalanların siyahısından xaric edilməsi barədə əmr verilir.

3.2. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların bir təhsil müəssisəsindən digərinə keçirilməsinə, ümumi orta təhsil alana qədər təhsilin formasının dəyişdirilməsinə, habelə onların istənilən təhsil müəssisəsindən kənar edilməsinə yalnız qəyyumluq və himayə orqanlarının razılığı əsasında yol verilir.

3.3. Xüsusi tədris proqramları tətbiq edilən məktəb, lisey və gimnaziyalara, məktəb-liseylərdəki lisey siniflərinə, özəl məktəblərə, habelə həmin təhsil müəssisələrindən ümumtəhsil məktəblərinə şagirdlərin yerdəyişməsi bu Qaydalar əsas tutulmaqla həmin müəssisələrin nizamnamələrinə uyğun həyata keçirilir.

3.4. Məcburi köçkün məktəblərinə şagirdlərin qəbulu və yerdəyişməsi Qaydaların 1.4-cü bəndində qeyd olunan məlumat əsasında yerli təhsili idarəetmə orqanları ilə razılaşdırılmaqla həyata keçirilir.

3.5. Qaydaların 3.4-cü bəndi istisna olmaqla, tam orta təhsil səviyyəsində (X-XI siniflər) təhsil alan şagirdlərin yerdəyişməsinə valideynin ərizəsi və Qaydaların 1.4-cü bəndində qeyd olunan məlumat əsasında aşağıdakı hallarda yol verilir:

3.5.1. ailəsi ilə birlikdə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə;

3.5.2. lisey və gimnaziyalarda, özəl ümumi təhsil müəssisələrində tətbiq edilən tədris proqramlarının mənimsənilməsi mümkün olmadıqda.

 

4. Şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi

 

4.1. Xarici ölkəyə gedən şagirdin şəxsi işi valideynin ərizəsi əsasında verilir.

4.2. Məktəbin rəhbərliyini ərizə ilə xəbərdarlıq etmədən şagirdin ölkədən xaricə getməsi məktəb direktorunun, sinif rəhbərinin və yerli icra hakimiyyətinin nümayəndəsinin iştirakı ilə tərtib edilən müvafiq aktla rəsmiləşdirilir, şagirdin şəxsi işi məktəbdə saxlanılmaqla onun təhsilalanların siyahısından xaric edilməsi barədə əmr verilir.

4.3. Həmin şagird 4 aydan çox olmayan müddətdən sonra geri qayıtdıqda onun məktəbə qəbulu yerli təhsili idarəetmə orqanlarıilə razılaşdırılmaqla həyata keçirilir.

4.4. Azərbaycan Respublikasından kənarda yaşayan şəxslər Azərbaycan Respublikasına daimi yaşayış məqsədi ilə gəldikdə onların rus və ya gürcü dillərindətəhsil alan övladlarının köçdükləri ərazidə dövlət məktəblərinə qəbulu aşağıdakı qaydada həyata keçirilir:

4.4.1. I – IX siniflərdə təhsil alan şagirdlərin valideynləri övladının təhsilini davam etdirməsi üçün seçdiyi məktəbin direktoruna ərizə ilə müraciət edir. Ərizəyə şagirdin əvvəl oxuduğu məktəbin direktoru tərəfindən təsdiq olunmuş qiymət cədvəli əlavə olunmaqla şagirdin müəyyən dövrə qədər təhsil aldığı barədə arayış əlavə olunur. Nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü həmin şagirdin qəbuluna imkan verdiyi halda, o, məktəbin müvafiq sinfinə qəbul olunur.

4.4.2. Azərbaycan Respublikasına gələnədək ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış şagird həmin sənəd və valideynin ərizəsi əsasında nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü şagirdin qəbuluna imkan verdiyi halda, məktəbin X sinfinə qəbul edilir. Əks təqdirdə şagirdin müvafiq məktəbin X sinfinə qəbulundan imtina edilir.

4.4.3. Təhsil sənədləri olmadıqda və ya təqdim olunmuş sənədlərdən şagirdin qəbul olunmalı sinfi müəyyən etmək mümkün olmadıqda:

4.4.3.1. I – XI siniflərdə oxuduğu iddia edilən şagirdin həmin siniflərin təhsil proqramlarına (kurikulumlarına) uyğun hazırlıq səviyyəsi yerli təhsili idarəetmə orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə yoxlanılır. Komissiyanın rəyi əsasında şagirdin müvafiq sinfə qəbulu məktəbdə rəsmiləşdirilir və ona şəxsi iş açılır;

4.4.3.2. Azərbaycan dilini tədris dili səviyyəsində bildikləri halda, şagirdlər tədris Azərbaycan dilində olan siniflərə qəbul edilirlər. Həmin şagirdlərin tədris dilini dəyişməsinə valideynin ərizəsinə əsasən məktəbdə baxılır;

4.4.3.3. Tədris rus və ya gürcü dilində olan məktəblərə qəbul edilmiş şagirdlərə əvvəl oxuduqları məktəbdə tədris olunmayan fənlərdən (Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və s.) əlavə məşğələlər təşkil edilir.

4.5. Xarici ölkələrdə təhsil almış uşaqların Azərbaycan Respublikasının dövlət məktəblərinə qəbuluna valideynin ərizəsinə əsasən, Azərbaycan Respublikasının məktəblərindəki tədris dillərindən biri üzrə xüsusi hazırlıq keçib həmin dili mənimsədikləri təsdiq olunduğu halda, yerli təhsili idarəetmə orqanları tərəfindən fərdi qaydada baxılıb razılıq verilir.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 16 iyun 2021-ci il tarixli KQ-11 nömrəli Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202106160011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 iyun 2021-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 iyun 2021-ci il tarixli KQ-11 nömrəli Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202106160011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 iyun 2021-ci il) ilə “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.9-cu bəndinin birinci və üçüncü cümlələrində ismin müvafiq hallarında “şəhadətnamə” sözü ismin müvafiq hallarında “dövlət sənədi – attestat” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status