“Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
[1]
“Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 16 oktyabr 2014-cü il
№ 330
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 16 oktyabr tarixli 330 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsinə, “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın (bundan sonra – Konvensiya) və “Gəmi və liman vasitələrinin mühafizəsinə dair Beynəlxalq Məcəllə”nin (bundan sonra – Məcəllə) tələblərinə uyğun olaraq hazırlanmışdır və dəniz limanlarının, xüsusilə də limanların ərazisi və akvatoriyasında yerləşən liman infrastruktur obyektlərinin mühafizəsinin təşkilinə dair tələbləri müəyyən edir.
1.2. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və bu Qaydaya uyğun olaraq həyata keçirilir.
1.3. Bu Qaydanın müddəaları ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələbləri fərqləndiyi təqdirdə, beynəlxalq müqavilələrin tələbləri tətbiq edilir.
1.4. Bu Qayda Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün limanlara və limanın infrastruktur obyektlərinə şamil olunur.
1.5. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
1.5.1. məhdud girişli zona – limanın və limanın infrastruktur obyektlərinin mühafizə planında göstərilən və girişinə daima nəzarət edilən, tətbiq olunan mühafizə səviyyəsinə uyğun olaraq girişə qadağalar və ya məhdudiyyətlər qoyulan ərazilər, qurğular, tikililər və ya sahələr;
1.5.2. mühafizə ilə bağlı insident – liman və limanın infrastruktur obyektləri, gəmilər və ya “gəmi – liman” qarşılıqlı fəaliyyəti üçün təhlükə törədə biləcək hərəkətlər, hadisələr və ya vəziyyətlər;
1.5.3. limanın və limanın infrastruktur obyektlərinin mühafizə sistemi – limanda qanunsuz müdaxilə aktlarının vaxtında aşkarlanmasını və qarşısının alınmasını təmin edən mühafizə məqsədli mühəndis-texniki qurğuların, habelə limanın və limanın infrastruktur obyektlərinin mühafizə planında nəzərdə tutulmuş tədbirlərin məcmusu;
1.5.4. limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə məsul şəxs – Məcəllə ilə müəyyən edilmiş limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin təşkilinin qiymətləndirilməsini, eləcə də limanın və limanın infrastruktur obyektlərinin mühafizə planının işlənib hazırlanmasını, tətbiqini, dəyişikliklərin edilməsini, hüquq mühafizə orqanları və digər dövlət orqanları ilə əlaqələri həyata keçirən liman idarəsi tərəfindən təyin edilmiş vəzifəli şəxs. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə məsul şəxs Beynəlxalq Dəniz Təşkilatının “Limanda mühafizəyə məsul şəxs” adlı 3.21 saylı model kursu üzrə hazırlıq keçməlidir;
1.5.5. limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsi – limanın və limanın infrastruktur obyektlərinin qanunsuz müdaxilə aktlarına qarşı mühafizəsinin təmin edilməsi məqsədi ilə təhlükələrin, mühafizə üzrə mövcud imkanların, hazırlığın və Məcəllədə nəzərdə tutulmuş minimum tədbirlərin səviyyəsinin müəyyən edilməsi;
1.5.6. limanın və limanın infrastruktur obyektlərinin mühafizə planı – limanın və limanın infrastruktur obyektlərinin, gəmilərin, insanların, yüklərin, yükdaşıma vasitələrinin və gəmi ehtiyatlarının liman daxilində qanunsuz müdaxilə aktlarına qarşı mühafizəsini təmin etmək məqsədi ilə liman idarəsi və ya ixtisaslaşmış şəxslər tərəfindən işlənib hazırlanmış və Məcəllədə nəzərdə tutulmuş tədbirləri əhatə edən plan;
1.5.7. ixtisaslaşmış şəxslər – limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi sahəsində təcrübəyə malik olan hüquqi və ya fiziki şəxslər;
1.5.8. limanın infrastruktur obyektləri – limanın hidrotexniki qurğuları, gəmilərin dönmə akvatoriyası, daxili reydləri, lövbər dayanacaqları, tərsanələri, yedək, bələdçi və təchizat gəmiləri, buzqıran və digər gəmilər, naviqasiya avadanlığı vasitələri və dəniz yollarının naviqasiya-hidroqrafik təminatının digər obyektləri, gəmilərin hərəkətini idarəetmə sistemləri, avtomatlaşdırılmış informasiya sistemləri, yükləmə avadanlıqları, dəmiryol və avtomobil keçid yolları, rabitə xətləri, istilik, qaz, su və elektrik təchizatı qurğuları, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, limanda xidmətlərin göstərilməsi, dövlət nəzarətinin təmin edilməsi üçün nəzərdə tutulmuş digər qurğular, avadanlıqlar, mühəndis kommunikasiyaları, anbarlar, binalar və digər tikililər.
2. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin təşkili
2.1. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin təşkili aşağıdakı mərhələlərdən ibarətdir:
2.1.1. liman idarəsi tərəfindən limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə məsul şəxslərin və struktur bölmələrin müəyyən edilməsi;
2.1.2. limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsinin həyata keçirilməsi və razılaşdırılması;
2.1.3. limanın və limanın infrastruktur obyektlərinin mühafizə planının işlənib hazırlanması, təsdiqi və tətbiq edilməsi;
2.1.4. limanda və limanın infrastruktur obyektlərində mühafizə sisteminin tətbiqi;
2.1.5. limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi səviyyəsinin yoxlanılması.
2.2. Limanın infrastruktur obyektlərinin mühafizəsi limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsi nəzərə alınmaqla hazırlanmış və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi (bundan sonra – Agentlik) tərəfindən təsdiq edilmiş mühafizə planları əsasında həyata keçirilir.
[2]
2.3. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin təşkilinin bütün mərhələlərində məlumatların və sənədlərin konfidensiallığı təmin edilməlidir.
3. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi
3.1. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi liman idarəsi tərəfindən təmin edilir.
3.2. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin təşkili üzrə tədbirlərin icrasına limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə məsul şəxs tərəfindən nəzarət edilir.
3.3. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin təşkili məqsədi ilə liman idarəsi tərəfindən mühafizə sahəsində ixtisaslaşmış şəxslərlə müqavilə bağlanıla bilər.
4. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsi
4.1. Limanın və limanın infrastruktur obyektlərinin mühafizə planının hazırlanması məqsədi ilə limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsi həyata keçirilməlidir.
4.2. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsi qanunsuz müdaxilə aktları ilə bağlı təhlükənin aşkarlanması, onun qarşısının alınması və nəticələrinin minimuma endirilməsi məqsədi ilə həyata keçirilir.
4.3. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsi limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə məsul şəxs və ya limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsi sahəsində ixtisaslaşmış şəxslər tərəfindən həyata keçirilir.
4.4. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsini həyata keçirən şəxslər mühafizə sahəsində bilik, bacarıq və səriştəyə malik olmalıdırlar.
4.5. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsinin nəticəsinə dair hesabat razılaşdırılması məqsədi ilə Agentliyə təqdim edilir.
4.6. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsinin nəticəsinə dair hesabatlar iki nüsxədə tərtib edilir. Hesabatların bir nüsxəsi liman idarəsində, digər nüsxəsi isə Agentlikdə saxlanılır.
4.7. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsinin həyata keçirilməsinin və onun nəticələrinin razılaşdırılmasının bütün mərhələlərində məlumatların və sənədlərin konfidensiallığı təmin edilir.
5. Mühafizə səviyyələri
5.1. Qanunsuz müdaxilə aktlarının təhlükəlilik dərəcələrinə uyğun olaraq, effektiv tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Agentlik tərəfindən Məcəlləyə əsasən mühafizə səviyyələri müəyyən olunur. Liman və onun ayrı-ayrı hissələri üçün müxtəlif mühafizə səviyyələri müəyyən edilə bilər.
5.2. Limanın və limanın infrastruktur obyektlərinin aşağıdakı mühafizə səviyyələri mövcuddur:
5.2.1. 1-ci mühafizə səviyyəsi – mühafizə üzrə tədbirlərin daimi həyata keçirildiyi minimum mühafizə səviyyəsi;
5.2.2. 2-ci mühafizə səviyyəsi – mühafizə ilə bağlı insidentin başvermə təhlükəsinin yüksək olduğu, müəyyən zaman intervalında gücləndirilmiş mühafizə tədbirlərinin həyata keçirildiyi mühafizə səviyyəsi;
5.2.3. 3-cü mühafizə səviyyəsi – mühafizə ilə bağlı insidentin baş verməsinin labüd və ya qarşısıalınmaz olduğu, müəyyən zaman intervalında daha da gücləndirilmiş mühafizə tədbirlərinin həyata keçirildiyi mühafizə səviyyəsi.
6. Limanın və limanın infrastruktur obyektlərinin mühafizə planı
6.1. Limanın və limanın infrastruktur obyektlərinin mühafizə planı Məcəllədə nəzərdə tutulmuş müvafiq mühafizə tədbirlərini və prosedurlarını əhatə edir.
6.2. Mühafizə planında düzəlişlər edildikdə, həmin düzəlişlər Agentlik tərəfindən təsdiq edilir və düzəlişlər mühafizə planının ayrılmaz tərkib hissəsi hesab olunur.
6.3. Limanın və limanın infrastruktur obyektlərinin mühafizə planı iki nüsxədə tərtib edilir. Planın bir nüsxəsi liman idarəsində, digər nüsxəsi isə Agentlikdə saxlanılır.
6.4. Limanın və limanın infrastruktur obyektlərinin mühafizə planının hazırlanması və təsdiqi zamanı konfidensiallıq təmin olunmalıdır.
7. Limanın və limanın infrastruktur obyektlərinə şəhadətnamənin verilməsi
7.1. Liman və limanın infrastruktur obyektləri bu Qaydanın əlavəsində göstərilən şəhadətnaməyə malik olmalıdır.
7.2. Bu Qaydanın əlavəsində göstərilən şəhadətnamə Agentlik tərəfindən limanın və limanın infrastruktur obyektlərinin mühafizə sistemi yoxlanılaraq müsbət nəticə olduğu təqdirdə verilir. Bu şəhadətnamə 5 il müddətinə verilir və şəhadətnamənin arxa hissəsində hər il illik yoxlamanın keçirilməsi barədə qeydlər aparılır.
“Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Qaydası”na
ƏLAVƏ
|
AZƏRBAYCAN RESPUBLİKASININ RƏQƏMSAL İNKİŞAF VƏ NƏQLİYYAT NAZİRLİYİ DÖVLƏT DƏNİZ VƏ LİMAN AGENTLİYİ
[3]
|
|
MINISTRY OF DIGITAL DEVELOPMENT AND TRANSPORT OF THE REPUBLIC OF AZERBAIJAN STATE MARITIME AND PORT AGENCY
|
LİMANIN “GƏMİ VƏ LİMAN VASİTƏLƏRİNİN MÜHAFİZƏSİNƏ DAİR BEYNƏLXALQ MƏCƏLLƏ”YƏ UYĞUNLUĞU HAQQINDA ŞƏHADƏTNAMƏ
STATEMENT OF COMPLIANCE OF A PORT FACILITY
№ ______________
|
||
Bu şəhadətnamə “Gəmi və liman vasitələrinin mühafizəsinə dair Beynəlxalq Məcəllə”nin (GLVM BM) və “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilmişdir.
This statement of compliance is issued under the provisions of the International Code for the Security of Ships and of Port facilities (İSPS Code) and under the “Law on the State Sea Ports” of the Republic of Azerbaijan by the State Maritime and Port Agency under the Ministry of Digital Development and Transport of the Republic of Azerbaijan.
Limanın və limanın infrastruktur obyektlərinin adı ______________________________________
Name of the port facility
Limanın və limanın infrasturktur obyektlərinin ünvanı ___________________________________
Address of the port facility
Bununla təsdiq edilir ki, qeyd edilən limanın və limanın infrastruktur obyektlərinin “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın XI-2-ci fəslinə və “Gəmi və liman vasitələrinin mühafizəsinə dair Beynəlxalq Məcəllə”nin (GLVM) “A” hissəsinə uyğunluğu yoxlanılmışdır və bu liman və limanın infrastruktur obyektləri təsdiq olunmuş limanın və limanın infrastruktur obyektlərinin mühafizə planına əsasən istismar olunur. Bu plan aşağıda göstərilən əməliyyat, gəmi və fəaliyyət növləri üçün (müvafiq olmayanı pozun) təsdiq edilmişdir:
This is to sertity that the compliance of this port facility with the provisions of chapter XI-2 of the “Safety of Life at Sea” International Convention and Part A of the Intemational Code for the Security of Ships and of Port Facilities (ISPS Code) has bcen verified and that this port facility operates in accordance with the approved port facility security plan. This plan has been approved for the following specify the types of operations, types of ship or activities or other relevant information (delete as appropriate):
sərnişin gəmisi / passenger ship
yüksəksürətli sərnişin gəmisi / passenger high-speed craft
balker / cargo high-speed craft
neft tankeri / bulk carrier
kimyəvi tanker / oil tanker
qaz tankeri / oil tanker
kimyəvi tanker / chemical tanker
qaz tankeri / gas carrier
özühərəkətedən qazma qurğuları / mobile offshore drilling units
yuxarıda adları sadalanan gəmilər istisna olmaqla, yük gəmiləri / cargo ships other than those referred to above
Bu şəhadətnamə (arxa hissədə göstərildiyi kimi) yoxlamalar keçirilməklə _____________ tarixədək qüvvədədir.
This statement of compliance is valid until ____________________ subject to verification (as indicated overleaf)
Verildiyi yer __________________________
Issued at
Verilmə tarixi ________________________
Date of issued
_________________________________________________________
(şəhadətnaməni verən səlahiyyətli rəsmi şəxsin imzası
/ signature of the duly authorized official issuing the statement
(şəhadətnaməni verən təşkilatın möhürü /
seal or stamp of the issuing authority, as appropriate)
|
YOXLAMALARIN TƏSDİQLƏNMƏSİ
ENDORSEMENT FOR VERIFICATION
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi tərəfindən qəbul edilmiş qərara uyğun olaraq, bu şəhadətnamənin təsdiqlənməsi üçün yoxlamalar aparılmalıdır.
The State Maritime and Port Agency under the Ministry of Digital Development and Transport of the Republic of Azerbaijan has established that the validity of this Statement of Compliance is subject to verifications.
Bununla təsdiq edilir ki, «Gəmi və liman vasitələrinin mühafizəsinə dair Beynəlxalq Məcəllə»nin (GLVM) B/16.62.4 fəslinə əsasən aparılmış yoxlama zamanı müəyyənləşdirilmişdir ki, liman və limanın infrastrukrur obyektləri «Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya»nın XI-2-ci fəslinə və «Gəmi və liman vasitələrinin mühafizəsinə dair Beynəlxalq Məcəllə»nin (GLVM) «A» hissəsinə uyğundur.
This is to certify that during a verification carried out in accordance with paragraph B/16.62 4 of the ISPS Code, the port facility was found to comply with the relevant provisions of chapter XI-2 of the «Safety of Life at Sea» International Convention and Part A of the ISPS Code.
|
||
1-ci YOXLAMA
1st VERIFICATION
|
İmza / Signed ..............................................................................................................
(səlahiyyətli şəxsin imzası / signature of authorized official)
Verildiyi yer / Place ....................................................................................................
Tarix / Date ..................................................................................................................
|
|
2-ci YOXLAMA
2nd VERIFICATION
|
İmza / Signed ...............................................................................................................
(səlahiyyətli şəxsin imzası / signature of authorized official)
Verildiyi yer / Place ....................................................................................................
Tarix / Date ..................................................................................................................
|
|
3-cü YOXLAMA
3rd VERIFICATION
|
İmza / Signed ..............................................................................................................
(səlahiyyətli şəxsin imzası / signature of authorized official)
Verildiyi yer / Place ..................................................................................................
Tarix / Date ................................................................................................................
|
|
4-cü YOXLAMA
4th VERIFICATION
|
İmza / Signed ..............................................................................................................
(səlahiyyətli şəxsin imzası / signature of authorized official)
Verildiyi yer / Place .................................................................................................
Tarix / Date ................................................................................................................
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
29 iyun 2019-cu il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1174)
2.
4 aprel 2022-ci il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 376)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
29 iyun 2019-cu il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1174) ilə preambula yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
[2]
29 iyun 2019-cu il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1174) ilə “Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Qaydası”nın 2.2-ci bəndində “Dövlət Dəniz Administrasiyası (bundan sonra – Administrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə, 4.5-ci bəndində, 4.6-cı bəndinin ikinci cümləsində, 5.1-ci bəndinin birinci cümləsində, 6.2-ci bəndində, 6.3-cü bəndinin ikinci cümləsində və 7.2-ci bəndinin birinci cümləsində ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.
4 aprel 2022-ci il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 376) ilə “Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Qaydası”nın 2.2-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman” sözləri ilə əvəz edilmişdir.
[3]
29 iyun 2019-cu il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1174) ilə “Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Qaydası”nın “RESPUBLİKASININ DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI” sözləri “RESPUBLİKASININ NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ” sözləri ilə, “ADMINISTRATION” sözü “AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES” sözləri ilə, “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə, “Administration” sözü “Agency under the Ministry of Transport, Communications and High Technologies” sözləri ilə və “Administration of the Republic of Azerbaijan Administration” sözləri “Agency under the Ministry of Transport, Communications and High Technologies of the Republic of Azerbaijan” sözləri ilə əvəz edilmişdir.
4 aprel 2022-ci il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 376) ilə “Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Qaydası”na əlavənin mətnində “AZƏRBAYCAN RESPUBLİKASININ NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ” sözləri alt-alta “AZƏRBAYCAN RESPUBLİKASININ RƏQƏMSAL İNKİŞAF VƏ NƏQLİYYAT NAZİRLİYİ DÖVLƏT DƏNİZ VƏ LİMAN AGENTLİYİ” sözləri ilə, “THE STATE MARITIME AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES OF THE REPUBLIC OF AZERBAIJAN” sözləri alt-alta “MINISTRY OF DIGITAL DEVELOPMENT AND TRANSPORT OF THE REPUBLIC OF AZERBAIJAN STATE MARITIME AND PORT AGENCY” sözləri ilə, “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman” sözləri ilə və “State Maritime Agency under the Ministry of Transport, Communications and High Technologies” sözləri “State Maritime and Port Agency under the Ministry of Digital Development and Transport” sözləri ilə əvəz edilmişdir.