×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.02.2014
QEYDİYYAT NÖMRƏSİ
37
ADI
"İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram"ın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2014, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 192)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.02.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
370.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.02.2014

"İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram"ın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aidiyyəti orqanlarla razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 6 fevral 2014-cü il

            № 37

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 6 fevral tarixli 37 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram

 

1. Giriş

 

"İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram" (bundan sonra — Proqram) insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

"Uşaq hüquqları haqqında" BMT Konvensiyasının Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakültativ Protokoluna qoşulmaq barəsində" Azərbaycan Respublikasının 2002-ci il 2 aprel tarixli 285-IIQ nömrəli Qanunu ilə qoşulduğu "Uşaq hüquqları haqqında" BMT Konvensiyasının Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakültativ Protokolu"nun 8-ci maddəsinə əsasən insan alverinə məruz qalmış uşağın reabilitasiyası və reinteqrasiyası zamanı onun nəinki ilkin, eyni zamanda gələcək ehtiyacları nəzərə alınmalıdır. Həmin uşaqların sosial-psixoloji reabilitasiyasına sığınacaqdan və yardım mərkəzindən çıxandan sonra da fərdi plan əsasında nəzarət edilməlidir.

Azərbaycan Respublikasında insan alverinin qurbanı olmuş uşaqların hüquqlarının bərpası, onların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası mövcud qanunvericilik əsasında həyata keçirilir. "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 958-IIQ nömrəli Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş "İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları"nda bu fəaliyyətin əsas prinsip və mexanizmləri müəyyən edilmişdir.

İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən insan alveri qurbanlarının, xüsusilə uşaqların yaşı, cinsi və tələbatları, o cümlədən zəruri sığınacaq, təhsil və qayğıya olan ehtiyacları nəzərə alınır. İnsan alverinin qurbanı olmuş uşağa yardım göstərilərkən onun mənafeləri üstün tutulmalıdır. Onlara göstərilən xidmətlərin keyfiyyəti yardım mərkəzlərində işləyən əməkdaşların işə qəbulunda və işlədiyi dövrdə xüsusi hazırlığının olmasından və peşəkarlığının artırılması istiqamətində mütəmadi tədbirlərin görülməsindən asılıdır.

İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyasının həyata keçirilməsi məqsədi ilə yardım mərkəzləri tərəfindən fərdi sosial reabilitasiya planı tərtib edilir. İnsan alverinin qurbanı olmuş uşaqlar üçün fərdi sosial reabilitasiya planlarının tərtib edilməsi "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının 2005-ci il 24 may tarixli 919-IIQ nömrəli Qanununun müddəaları nəzərə alınmaqla həyata keçirilir.

İnsan alverinin qurbanı olmuş uşaqlar sığınacaqdan çıxdıqdan sonra profilaktik və reabilitasiya tədbirlərinin davam etdirilməsi və onların təhlükəsizliyinin qorunması həmin uşaqların sağlam şəkildə cəmiyyətə reinteqrasiya olunması üçün vacibdir.

Uşaq hüquqlarının müdafiəsi çərçivəsində insan alverinə məruz qalmış uşaqların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası proseslərində boşluqların müəyyən edilməsi və bu sahədə görülən tədbirlərin təkmilləşdirilməsi ölkəmizdə aktual məsələlərdəndir.

 

2. Proqramın məqsədi

 

Bu Proqramın əsas məqsədləri insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası sahəsində mexanizmlərin təkmilləşdirilməsi, insan alverinin qurbanı olmuş uşaqların və potensial qurbanların hüquqlarının müdafiəsində effektivliyin artırılması üçün tədbirlərin gücləndirilməsi, bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və beynəlxalq təcrübənin öyrənilməsidir.

 

3. Proqramın maliyyələşdirilməsi

 

Bu Proqramın icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.

 

4. İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqramın həyata keçirilməsi ilə bağlı 2014-2016-cı illər üçün Tədbirlər Planı

 

Sıra

№-si

Tədbirlərin adı

İcraçı orqanlar

İcra müddəti (illər üzrə)

1

2

3

4

4.1. Təşkilati və qanunvericilik tədbirləri

4.1.1.

İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2014-2016

4.1.2.

İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi

2014-2016

4.1.3.

İnsan alverinin qurbanı olmuş uşaqlarla işləyən sosial işçilərin, psixoloq və tibb işçilərinin peşəkarlığının artırılması məqsədi ilə təlim proqramlarının təşkil edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.1.4.

İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası sahəsində fəaliyyət göstərən təşkilatlar arasında əlaqələndirmənin və əməkdaşlığın gücləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

mütəmadi

4.1.5.

Reinteqrasiya prosesində olan uşaqların vəziyyətini qiymətləndirən monitorinq meyarlarının hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

2014

4.2. Sosial, tibbi və digər tədbirlər

4.2.1.

İnsan alverinin qurbanı olmuş uşaqların və onların ailəsinin problemlərinin öyrənilməsi, lazımi dəstəyin göstərilməsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.2.2.

İnsan alverinin qurbanı olmuş uşaqların sosial müdafiəsini və məşğulluğunu təmin etmək məqsədi ilə onların ilk peşə-ixtisas təhsili müəssisələrində ödənişsiz təhsil alması və 15 yaşına çatmış uşaqların öz arzusu ilə işlə təmin olunması istiqamətində tədbirlərin görülməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi

mütəmadi

4.2.3.

İnsan alverinin qurbanı olmuş uşaqların valideynlərinə zəruri psixoloji yardım göstərilməsi və onlara uşaqla davranış qaydalarının aşılanması üzrə təlimlərin keçirilməsi, valideynlərin xüsusi psixoloji proqramlara cəlb edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.2.4.

Uşaqların insan alverinin qurbanına çevrilməsi səbəblərinin araşdırılması və onların hüquqlarının yenidən pozulmasının qarşısının alınması məqsədi ilə müvafiq təhlükəsizlik və qabaqlayıcı tədbirlərin görülməsi (preventiv tədbirlər)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları

mütəmadi

4.3. Maarifləndirmə və profilaktik tədbirlər

4.3.1.

İnsan alverinin qurbanı olmuş uşaqların reabilitasiyası və reinteqrasiyası üzrə yaradılmış imkanlar barədə məlumatların kütləvi informasiya vasitələrində yayılması

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.3.2.

İctimaiyyətin diqqətini insan alverinin qurbanı olmuş uşaqlara yönəltmək və onların təkrar istismara və ya zorakılığa məruz qalmalarının qarşısını almaq məqsədi ilə maarifləndirmə kampaniyaları keçirmək, sosial çarxlar hazırlamaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status