Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsinin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin 2009-cu il yanvarın 26-da Bonn şəhərində imzalanmış Nizamnaməsi Azərbaycan Respublikasının ona dair bəyanatı ilə təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 may 2014-cü il
№ 946-IVQ
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin
NİZAMNAMƏSİ
Bu Nizamnamənin Tərəfləri,
davamlı inkişaf naminə bərpa olunan enerji mənbələrindən geniş istifadəni və onların getdikcə daha çox tətbiqini təşviq etməklə bağlı arzularını ifadə edərək,
enerji təhlükəsizliyi və qeyri-sabit enerji qiymətləri ilə bağlı problemlərin tədricən yüngülləşdirilməsi və həlli üçün bərpa olunan enerji mənbələrinin geniş imkanlara malik olduğuna dair dərin inamdan ilhamlanaraq,
bərpa olunan enerji mənbələrinin atmosferdəki istixana qazlarının miqdarının azaldılmasında mühüm rol oynamaqla, iqlim sisteminin sabitləşməsinə yardım göstərəcəyinə və karbon yükü azaldılmış iqtisadiyyata davamlı, təhlükəsiz və rəvan keçidə imkan verəcəyinə əmin olaraq,
davamlı iqtisadi artımın stimullaşdırılması və iş yerlərinin yaradılması baxımından bərpa olunan enerji texnologiyalarının imkanlarından yararlanmaq arzusunda olaraq,
xüsusilə, inkişaf etməkdə olan ölkələrdə enerji mənbələrinə çıxışın desentralizasiyasını, habelə təcrid olunmuş və ucqar rayonların enerji mənbələrinə çıxışını təmin etmək baxımından bərpa olunan enerji mənbələrinin olduqca böyük potensialından ruhlanaraq,
yeraltı yanacaq növlərindən və ənənəvi biokütlədən qeyri-səmərəli istifadənin sağlamlığa vura biləcəyi ciddi mənfi təsirlərlə bağlı narahatlıqlarını ifadə edərək,
bərpa olunan enerji mənbələrinin təkmilləşdirilmiş enerji səmərəliliyi ilə birlikdə qarşıdan gələn onilliklərdə qlobal enerji ehtiyaclarının görülən kəskin artımı fonunda daha çox enerji tələbatını qarşılayacağına inanaraq,
üzvlər arasında əməkdaşlığa rəvac verəcək bərpa olunan enerji üzrə beynəlxalq təşkilat yaratmaq, habelə bərpa olunan enerjidən istifadəni təşviq edən mövcud təşkilatlarla sıx əməkdaşlıq qurmaq niyyətlərini təsdiqləyərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Agentliyin yaradılması
A.
Bu Nizamnamənin Tərəfləri aşağıdakı müddəalara və şərtlərə uyğun olaraq Beynəlxalq Bərpa Olunan Enerji Agentliyini (bundan sonra - Agentlik) təsis edirlər.
B.
Agentlik bütün üzvlərinin bərabərliyi prinsipinə əsaslanır və öz fəaliyyətinin yerinə yetirilməsində üzvlərinin suveren hüquqlarına və səlahiyyətlərinə hörmətlə yanaşır.
Maddə 2
Məqsədlər
Agentlik aşağıdakıları nəzərə alaraq, bərpa olunan enerjinin bütün formalarının geniş və daha çox tətbiqini və onlardan davamlı istifadəni təşviq edir:
a)
bərpa olunan enerji və enerji səmərəliliyi tədbirlərinə birgə yanaşmadan irəli gələn milli və yerli prioritetlər və faydalar;
b)
bərpa olunan enerjinin təbii ehtiyatlara düşən yükü azaltmaqla və meşələrin, xüsusilə tropik meşələrin qırılması, səhralaşma və biomüxtəlifliyin itməsi proseslərini yavaşlatmaqla ətraf mühitin qorunmasına, iqlimin mühafizəsinə, yoxsulluğun azaldılması və davamlı inkişaf da daxil olmaqla iqtisadi artım və sosial vəhdətə, enerji təchizatına və onun təhlükəsizliyinə, regional inkişafa və gələcək nəsillər qarşısında məsuliyyətə töhfəsi.
Maddə 3
Anlayış
Bu Nizamnamədə “bərpa olunan enerji” termini davamlı şəkildə bərpa olunan mənbələrdən hasil edilən bütün enerji formalarını, xüsusilə aşağıdakıları bildirir:
1.
bioenerji;
2.
geotermal enerji;
3.
hidroenerji;
4.
qabarma və çəkilmə enerjisi, dalğa və okean istilik enerjisi də daxil olmaqla, okean enerjisi;
5.
günəş enerjisi;
6.
külək enerjisi.
Maddə 4
Fəaliyyət
A.
Agentlik bərpa olunan enerji texnologiyası üzrə qabaqcıl texnologiyaların mərkəzi kimi çıxış etməklə, vasitəçi və ya katalizator roluna malik praktik tətbiq yolları təklif etməklə, həmçinin fəaliyyət prinsipləri üzrə təcrübələri yaymaqla, bərpa olunan enerji məsələləri üzrə yardım təklif etməklə və ölkələrə səmərəli inkişafdan yararlanmaq, bilik və texnologiyaları tətbiq etməkdə kömək göstərməklə, aşağıdakı fəaliyyəti həyata keçirir:
1.
Agentlik öz üzvlərinin xeyrinə xüsusən aşağıdakıları edir:
a)
bərpa olunan enerji sahəsində cari təcrübələri, o cümlədən siyasət vasitələrini, həvəsləndirmə tədbirlərini, investisiya mexanizmlərini, ən mükəmməl təcrübələri, mövcud texnologiyaları, vahid sistemləri və avadanlıqları, habelə onların müvəffəqiyyətinə təsir göstərən amilləri üzvlərin fəaliyyəti üçün öhdəliklər yaratmadan sistemləşdirir, analiz edir və monitorinqini aparır;
b)
bu və ya digər müvafiq sahələrdə başqa hökumət və qeyri-hökumət təşkilatları və şəbəkələri ilə müzakirələr aparır və qarşılıqlı ünsiyyəti təmin edir;
c)
üzvlərin müvafiq ehtiyaclarını nəzərə alaraq, onlara müvafiq siyasət məsləhətləri verir və yardım göstərir, bərpa olunan enerji siyasəti və onun çərçivə şərtlərinə dair beynəlxalq müzakirələri stimullaşdırır;
d)
üzv dövlətlərdə müvafiq bilik və texnologiya mübadiləsini təkmilləşdirir və yerli bacarıq və səriştələrin inkişafını, o cümlədən zəruri qarşılıqlı əlaqələri təşviq edir;
e)
üzvlərə təlim və təhsil vermək də daxil olmaqla, bacarıqların gücləndirilməsi üzrə təkliflər verir;
f)
üzvlərin xahişi əsasında bərpa olunan enerjinin maliyyələşdirilməsi üzrə onlara məsləhət verir və müvafiq mexanizmlərin tətbiqini dəstəkləyir;
g)
sosial-iqtisadi məsələlər də daxil olmaqla, tədqiqatları stimullaşdırır və təbliğ edir, tədqiqat şəbəkələrini, birgə araşdırmanı, texnologiyaların inkişafı və tətbiqini təşviq edir;
h)
müvafiq forumlarda fəal iştirak yolu ilə doğru anlayışa əsaslanmaqla, bərpa olunan enerji ilə bağlı milli və beynəlxalq texniki standartların inkişafı və tətbiqi haqqında məlumat verir.
2.
Bundan başqa, Agentlik bərpa olunan enerjinin səmərələri və potensial imkanları barədə ictimaiyyəti məlumatlandırır və maarifləndirmə işi aparır.
B.
Öz fəaliyyətinin icrası zamanı Agentlik aşağıdakıları həyata keçirir:
1.
Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhün və beynəlxalq əməkdaşlığın təşviqi üzrə məqsəd və prinsiplərinə və davamlı inkişafın təbliğinə dair siyasətinə uyğun olaraq fəaliyyət göstərir;
2.
özünün bütün vəzifələrini müvafiq şəkildə həyata keçirmək məqsədi ilə resurslarını onların səmərəli istifadəsini təmin edəcək şəkildə paylaşdırır və inkişaf etməkdə olan dövlətlərin, uzaq və təcrid olunmuş region və adaların xüsusi ehtiyaclarını nəzərə alaraq, fəaliyyətini üzvlərinə və dünyanın bütün regionlarına maksimum fayda qazandıracaq şəkildə həyata keçirir;
3.
işlərin lüzumsuz təkrarlanmasının qarşısını almaq məqsədi ilə mövcud institut və təşkilatlarla sıx əməkdaşlıq edir, qarşılıqlı faydalı əlaqələr qurur, bərpa olunan enerjini təbliğ edən dövlətlərin, digər təşkilatların və agentliklərin resurslarına və cari fəaliyyətlərinə etimad göstərir, onlardan səmərəli və qənaətli istifadə etməyə çalışır.
C.
Agentlik:
1.
öz fəaliyyəti haqqında üzvlərinə illik hesabat təqdim edir;
2.
siyasi məsləhətlər verdikdən sonra bununla bağlı üzvləri məlumatlandırır;
3.
bu sahədə mövcud beynəlxalq təşkilatlarla apardığı məsləhətləşmələr və əməkdaşlıq, həmçinin işlər barədə üzvləri məlumatlandırır.
Maddə 5
İş proqramı və layihələr
A.
Agentlik öz fəaliyyətini Katiblik tərəfindən hazırlanan, Şura tərəfindən baxılan və Assambleya tərəfindən qəbul edilən illik iş proqramı əsasında həyata keçirir.
B.
Agentlik iş proqramı ilə yanaşı, üzvlərlə məsləhətləşmələrdən sonra, narazılıq olduqda isə Assambleya tərəfindən təsdiq edildikdən sonra, Agentliyin qeyri-maliyyə resurslarının mövcudluğuna əsaslanmaqla, üzvlərin təşəbbüsü və maliyyələşdirməsi ilə layihələr həyata keçirə bilər.
Maddə 6
Üzvlük
A.
Üzvlük BMT üzvü olan dövlətlər və bu Nizamnamə ilə müəyyən edilmiş məqsəd və fəaliyyətlərə uyğun fəaliyyət göstərmək niyyətində və iqtidarında olan regional hökumətlərarası iqtisadi inteqrasiya təşkilatlan üçün açıqdır. Agentliyə üzvlük hüququ əldə etmək üçün, regional hökumətlərarası iqtisadi inteqrasiya təşkilatı suveren dövlətlər tərəfindən (bir şərtlə ki, onlardan ən azı biri Agentliyin üzvü olsun və Agentliyin səlahiyyətində olan məsələlərdən ən azı biri üzrə səlahiyyətlər üzv dövlətlər tərəfindən ona verilmiş olsun) təsis edilməlidir.
B.
Belə dövlətlər və regional hökumətlərarası iqtisadi inteqrasiya təşkilatları:
1.
bu Nizamnaməni imzalamaqla və ratifikasiya sənədini saxlanca təqdim etməklə, Agentliyin təsisçi üzvlərinə çevrilir;
2.
üzvlük üçün ərizələri təsdiq edildikdən sonra qoşulma sənədini saxlanca təqdim etməklə, Agentliyin digər üzvləri statusunu əldə edirlər. Üzvlük müvafiq müraciətin təqdim edilməsindən sonra heç bir etiraz bildirilməzsə, 3 (üç) ay sonra təsdiq olunmuş hesab edilir. Hər hansı etiraz bildirilərsə, müraciətə 9-cu maddənin “H” bəndinin 1-ci müddəasına uyğun olaraq Assambleya tərəfindən baxılaraq qərar qəbul ediləcəkdir.
C.
Regional hökumətlərarası iqtisadi inteqrasiya təşkilatları ilə bağlı hallarda, təşkilatlar və onların üzv dövlətləri bu Nizamnamədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmək üçün öz üzərlərinə düşən məsuliyyət barədə qərar qəbul edirlər. Təşkilatlar və onların üzv dövlətləri, səsvermə hüquqları da daxil olmaqla, Nizamnamədə nəzərdə tutulmuş hüquqlardan eyni vaxtda istifadə edə bilməzlər. Ratifikasiya və ya qoşulma sənədlərində yuxarıda göstərilən təşkilatlar bu Nizamnamə ilə tənzimlənən məsələlərə dair öz səlahiyyət dərəcələrini elan edirlər. Bu təşkilatlar həmçinin öz səlahiyyətlərinin hüdudlarına edilmiş hər hansı dəyişikliklə bağlı Depozitar Hökuməti məlumatlandırmalıdırlar. Öz səlahiyyətləri çərçivəsində bütün məsələlər üzrə səsvermə zamanı, regional hökumətlərarası iqtisadi inteqrasiya təşkilatları həmçinin bu Agentliyin üzvləri olan öz üzv dövlətlərinə aid ümumi səs sayma bərabər səs sayı ilə səs verirlər.
Maddə 7
Müşahidəçilər
A.
Müşahidəçi statusu Assambleya tərəfindən aşağıdakı qurumlara verilə bilər:
1.
bərpa olunan enerji sahəsində fəaliyyət göstərən hökumətlərarası və qeyri-hökumət təşkilatlarına;
2.
Nizamnaməni imzalamış, lakin ratifikasiya etməmiş Tərəflərə;
3.
üzvlük üçün müraciəti 6-cı maddənin “B” bəndinin 2-ci yarımbəndinə uyğun olaraq təsdiq edilmiş müraciətçilərə.
B.
Müşahidəçilər Assambleyanın və onun yardımçı orqanlarının ictimai iclaslarında səsvermə hüququ olmadan iştirak edə bilərlər.
Maddə 8
Orqanlar
A.
Bu Nizamnamə ilə Agentliyin aşağıdakı əsas orqanları təsis olunur:
1.
Assambleya;
2.
Şura;
3.
Katiblik.
B.
Assambleya və Assambleyanın təsdiqindən sonra Şura, bu Nizamnaməyə uyğun olaraq, öz funksiyalarının həyata keçirilməsi üçün zəruri hesab etdikləri yardımçı orqanları təsis edə bilərlər.
Maddə 9
Assambleya
A.
1. Assambleya Agentliyin ali orqanıdır.
2.
Assambleya bu Nizamnamə çərçivəsində istənilən məsələni və ya bu Nizamnamədə nəzərdə tutulmuş hər hansı bir orqanın səlahiyyətləri və funksiyaları ilə bağlı hər hansı məsələni müzakirə edə bilər.
3.
Assambleya istənilən belə məsələ ilə bağlı:
a)
qərarlar qəbul edə və hər hansı belə orqana tövsiyələr verə bilər;
b)
Agentliyin üzvlərinin xahişi ilə onlara tövsiyələr verə bilər.
4.
Bundan əlavə, Assambleya Şura tərəfindən baxılması üçün məsələlər təklif etmək və Agentliyin fəaliyyəti ilə bağlı hər hansı məsələ üzrə Şuradan və Katiblikdən hesabatlar tələb etmək hüququna malikdir.
B.
Assambleya Agentliyin bütün üzvlərindən təşkil olunur. Assambleya fərqli qərarların qəbul olunduğu hallar istisna olmaqla, müntəzəm şəkildə hər il keçirilən iclaslarda toplanır.
C.
Assambleyaya hər bir üzvün bir nümayəndəsi daxildir. Nümayəndələr alternativ təmsilçilər və məsləhətçilərlə müşayiət oluna bilərlər. Nümayəndə heyətinin iştirak xərcləri müvafiq üzv tərəfindən ödənilir.
D.
Assambleyanın sessiyaları Assambleya tərəfindən fərqli qərarların qəbul olunduğu hallar istisna olmaqla, Agentliyin ofisində keçirilir.
E.
Hər müntəzəm sessiyanın əvvəlində, Assambleya ədalətli coğrafi təmsilçiliyi nəzərə alaraq, Prezidenti və tələb olunan digər vəzifəli şəxsləri seçir. Onlar növbəti müntəzəm sessiya zamanı yeni Prezident və digər rəsmilər seçilənədək tutduqları vəzifələri icra edirlər. Assambleya bu Nizamnaməyə uyğun şəkildə özünün prosedur qaydalarını qəbul edir.
F.
6-cı maddənin “C” bəndinin tələbləri nəzərə alınmaqla, Agentliyin hər bir üzvü Assambleyada bir səsə malikdir. Assambleya prosedur məsələləri üzrə qərarları sessiyada iştirak edib səs verən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edir. Mahiyyət üzrə məsələlərə dair qərarlar iştirak edən üzvlərin yekdil rəyi ilə qəbul edilir. Yekdillik əldə edilə bilmədikdə, Nizamnamədə başqa cür nəzərdə tutulmayıbsa, 2-dən çox üzv etiraz etmədikdə, yekdillik əldə edilmiş sayılır. Müzakirə edilən məsələnin mahiyyət üzrə olub-olmadığına dair mübahisə yaranarsa, iştirak edən üzvlərin yekdil rəyi əsasında Assambleya fərqli qərar qəbul etmədikdə, həmin məsələ mahiyyət üzrə məsələ kimi nəzərdən keçirilir.
Bu zaman etiraz edənlərin sayı 2-dən azdırsa, yekdillik əldə edilmiş sayılır. Agentliyin üzvlərinin adi səs çoxluğu Assambleya üçün yetərsay təşkil edir.
G.
Assambleya iclasda iştirak edən üzvlərinin yekdil rəyi ilə:
1.
Şuranın üzvlərini seçir;
2.
müntəzəm sessiyalar zamanı Agentliyin Şura tərəfindən təqdim edilmiş büdcə və iş proqramını təsdiqləyir; o, həmçinin Agentliyin büdcəsində və iş proqramında dəyişikliklər edilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir;
3.
Agentliyin maliyyə siyasətinə, maliyyə qaydalarına və digər maliyyə məsələlərinə nəzarətlə bağlı qərarlar qəbul edir, habelə auditor seçir;
4.
bu Nizamnaməyə dəyişiklikləri təsdiq edir;
5.
yardımçı orqanların yaradılması haqqında qərar qəbul edir və onların fəaliyyət qaydalarını təsdiqləyir;
6.
17-ci maddənin “A” bəndinə uyğun olaraq, səsvermə hüququna dair icazə barədə qərar qəbul edir.
H.
Assambleya sessiyada iştirak edən üzvlərin yekdil rəyi əsasında, yekdillik əldə edilmədikdə isə, etiraz edənlərin sayı 2-dən çox olmadıqda yekdillik əldə edilmiş sayılmaqla:
1.
zəruri hallarda üzvlük üçün ərizələrlə bağlı qərar verir;
2.
Şura tərəfindən təqdim edilən Assambleya və Şuranın prosedur qaydalarını təsdiq edir;
3.
illik, o cümlədən digər hesabatları qəbul edir;
4.
bu Nizamnamə çərçivəsində hər hansı məsələyə dair bağlayan razılaşmaları təsdiq edir;
5.
5-ci maddənin “B” bəndinə uyğun olaraq əlavə layihələrlə bağlı öz üzvləri arasında fikir ayrılığı olduqda qərar verir.
I. Assambleya içtirak edən üzvlərin yekdil rəyi ilə, yekdillik əldə edilmədikdə isə sessiyada iştirak edib səs verən üzvlərin üçdə ikisinin səs çoxluğu ilə Agentliyin Baş ofisinin yerini və Katibliyin Baş direktorunu (bundan sonra “Baş direktor”) təyin edir.
J. Assambleya ilk sessiyası zamanı Hazırlıq Komissiyasının hazırladığı hər hansı qərar, saziş layihəsi, müddəa və təlimatları 9-cu maddənin “F”-“İ” bəndlərində əks olunan müvafiq məsələ üzrə səsvermə prosedurlarına uyğun olaraq nəzərdən keçirir və təsdiq edir.
Maddə 10
Şura
A.
Şura Agentliyin Assambleya tərəfindən seçilən ən azı 11, ən çoxu isə 21 nümayəndəsindən ibarət olur. Nümayəndələrin 11-21 arasındakı konkret sayı Şura üzvlərinin müvafiq seçkisindən əvvəl Agentlik üzvlərinin mövcud sayı əsasında hesablanmaqla, Agentlik üzvlərinin üçdə birinin yuvarlaq ekvivalentinə uyğun gəlir. Şura üzvləri inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrin səmərəli iştirakını təmin etmək və ədalətli və bərabər coğrafi bölgüyə və Şuranın işində səmərəliliyə nail olmaq məqsədi ilə Assambleyanın prosedur qaydaları ilə müəyyən olunduğu kimi rotasiya əsasında seçilir. Şura üzvləri 2 (iki) il müddətinə seçilirlər.
B.
Şura yarım ildən bir toplanır və Şuranın fərqli qərarı olmadıqda, onun iclasları Agentliyin əsas ofisində keçirilir.
C.
Şura hər bir iclasının əvvəlində növbəti iclasına qədərki müddət üçün üzvləri arasından sədr və tələbat olduğu təqdirdə, digər vəzifəli şəxsləri seçir. O, özünün prosedur qaydalarını hazırlamaq hüququna malikdir. Belə prosedur qaydaları təsdiq üçün Assambleyaya təqdim edilir.
D.
Şuranın hər bir üzvü bir səsə malikdir. Şura prosedur məsələləri üzrə qərarları üzvlərinin sadə səs çoxluğu ilə qəbul edir. Mahiyyəti məsələlərlə bağlı qərarlar üzvlərin üçdə ikisinin səs çoxluğu ilə qəbul edilir. Məsələnin mahiyyət üzrə olub-olmaması ilə bağlı sual yaranarsa, Şura üzvlərinin üçdə ikisinin səs çoxluğu ilə fərqli qərar qəbul olunmadıqda, həmin məsələ mahiyyəti məsələ hesab edilir.
E.
Şura Assambleya qarşısında məsuliyyət daşıyır və ona hesabat verir. Şura bu Nizamnamə ilə ona etibar olunmuş səlahiyyət və funksiyaları, eləcə də Assambleya tərəfindən ona həvalə edilmiş funksiyaları həyata keçirir. Bununla bağlı, o, Assambleyanın qərarlarına uyğun olmaqla və onun tövsiyələrini nəzərə almaqla fəaliyyət göstərir və onların düzgün və davamlı həyata keçirilməsini təmin edir.
F.
Şura:
1.
üzvlər arasında məsləhətləşmələrə və əməkdaşlığa kömək edir;
2.
Agentliyin iş proqramının layihəsini və büdcə layihəsini nəzərdən keçirir və Assambleyaya təqdim edir;
3.
gündəliyin layihəsinin hazırlanması da daxil olmaqla, Assambleyanın sessiyaları üçün razılaşmaları təsdiq edir;
4.
Agentliyin fəaliyyətinə dair illik hesabat layihəsini və Katiblik tərəfindən bu Nizamnamənin 11-ci maddəsinin “E” bəndinin 3-cü müddəasına uyğun olaraq hazırlanmış digər hesabatları nəzərdən keçirir və Assambleyaya təqdim edir;
5.
Assambleyanın tələb edə biləcəyi hər hansı digər hesabatları hazırlayır;
6.
Assambleyanın əvvəlcədən razılığını almaqla, Agentlik adından dövlətlərlə, beynəlxalq təşkilatlarla və beynəlxalq agentliklərlə saziş və ya razılaşmalar bağlayır;
7.
Assambleya tərəfindən qəbul edilmiş iş proqramını onun Katiblik tərəfindən icrasının həyata keçirilməsi məqsədi ilə və qəbul edilmiş məhdud büdcə çərçivəsində konkretləşdirir;
8.
baxılmaq üçün Assambleyaya müxtəlif məsələlər təqdim etmək səlahiyyətinə malikdir; və
9.
zəruri hallarda, 8-ci maddənin “B” bəndinə uyğun olaraq yardımçı orqanlar təsis edir və onların fəaliyyət şərtlərini və müddətini müəyyən edir.
Maddə 11
Katiblik
A.
Katiblik Assambleyaya, Şuraya və onların yardımçı orqanlarına öz funksiyalarını icra etməkdə kömək göstərir. O, bu Nizamnamə ilə ona etibar edilmiş digər funksiyaları, eləcə də Assambleya və ya Şura tərəfindən ona həvalə edilmiş funksiyaları həyata keçirir.
B.
Katiblik ona rəhbərlik edən və inzibati idarənin başçısı olan Baş direktordan və tələb oluna bilən digər işçi heyətindən ibarətdir. Baş direktor iki dəfədən çox seçilməmək şərtilə, Şuranın təqdimatına əsasən Assambleya tərəfindən 4 (dörd) il müddətinə təyin edilir.
C.
Baş direktor işçi heyətin təyinatı, həmçinin Katibliyin təşkili və fəaliyyət göstərməsi ilə bağlı Assambleya və Şuranın qarşısında məsuliyyət daşıyır. İşçi heyətin işə götürülməsi və onların xidmət şərtlərinin müəyyənləşdirilməsi zamanı ilk növbədə səmərəlilik, səriştəlilik və vicdanlılıq ilə bağlı yüksək standartlara riayət etmək tələb olunur. İşçilərin əsasən üzv dövlətlərdən, xüsusilə inkişaf etməkdə olan ölkələrin adekvat təmsilçiliyi nəzərə alınmaqla, həmçinin gender balansına diqqət yetirilməklə mümkün qədər geniş coğrafi arealdan cəlb edilməsinə xüsusi diqqət yetirilməlidir. Büdcənin hazırlanması zamanı, işə götürülməsi təklif olunan işçilərin sayının Katibliyin səlahiyyətlərinin müvafiq şəkildə həyata keçirilməsi üçün lazım olan minimum həddə saxlanılması prinsipi əsas götürülür.
D.
Baş direktor və ya onun təyin etdiyi nümayəndə Assambleyanın və Şuranın bütün iclaslarında səsvermə hüququ olmadan iştirak edir.
E.
Katiblik:
1.
Agentliyin iş proqramının layihəsini və büdcə layihəsini hazırlayır və Şuraya təqdim edir;
2.
Agentliyin iş proqramını və qərarlarını icra edir;
3.
Agentliyin fəaliyyəti ilə bağlı illik hesabat layihəsini, habelə Assambleyanın və ya Şuranın tələb edə biləcəyi hər hansı digər hesabatları hazırlayaraq Şuraya təqdim edir;
4.
Assambleyanı, Şuranı və onların yardımçı orqanlarını inzibati-texniki dəstəklə təmin edir;
5.
Agentliklə onun üzvləri arasında əlaqəyə kömək edir;
6.
4-cü maddənin “C” bəndinin 2-ci müddəasına uyğun olaraq siyasi tövsiyələri Agentliyin üzvlərinə təqdim etdikdən sonra yayır və özünün siyasi tövsiyələrinə dair hesabat hazırlayır və Assambleyanın və Şuranın hər sessiyası zamanı onlara təqdim edir. Şuraya təqdim ediləcək hesabata illik iş proqramının həyata keçirilməsi üzrə siyasi tövsiyələr də daxil edilir.
F.
Öz vəzifələrinin icrası zamanı, Baş direktor və işçi heyətin digər üzvləri Agentlikdən başqa hər hansı kənar hökumət və ya digər kənar mənbədən təlimat gözləməməli və ya almamalıdır. Onlar yalnız Assambleya və Şura qarşısında məsuliyyət daşımaqla, özlərinin beynəlxalq vəzifəli şəxs statusuna zidd ola biləcək hər hansı addımlardan çəkinməlidirlər. Hər bir üzv Baş direktorun və digər işçi heyətin üzvlərinin məsuliyyətlərinin xüsusi beynəlxalq xarakterinə hörmətlə yanaşır və onlara öz vəzifələrini yerinə yetirərkən təsir etməyə cəhd göstərmir.
Maddə 12
Büdcə
A.
Agentliyin büdcəsi:
1.
Assambleya tərəfindən müəyyən edildiyi kimi, BMT-yə üzvlük haqqı şkalasına əsasən üzvlərin icbari ianələri;
2.
könüllü ianələr; və
3.
digər mümkün mənbələr hesabına
Nizamnamənin 9-cu maddəsinin “G” bəndində nəzərdə tutulduğu kimi, Assambleya tərəfindən yekdilliklə qəbul edilən maliyyə qaydalarına uyğun olaraq maliyyələşdirilir. Maliyyə qaydaları və büdcə Agentliyin etibarlı maliyyə bazasını və Agentliyin iş proqramında müəyyən edilmiş fəal iyyətinin səmərəli və effektiv həyata keçirilməsini təmin edir. İcbari ianələr əsas fəaliyyəti və inzibati xərcləri maliyyələşdirir.
B.
Agentliyin büdcə layihəsi Katiblik tərəfindən hazırlanır və yoxlanılması üçün Şuraya təqdim edilir. Şura onu ya təsdiq üçün tövsiyə ilə birlikdə Assambleyaya göndərir və ya yenidən nəzərdən keçirilməsi və təkrar təqdim edilməsi üçün Katibliyə qaytarır.
C.
Assambleya xarici auditoru təkrar seçilmək imkanına malik olmaqla, 4 (dörd) il müddətinə təyin edir. İlk auditor öz funksiyasını 2 (iki) il müddətində həyata keçirir. Auditor Agentliyin maliyyə hesablarını yoxlayır və idarəetmənin və daxili maliyyə nəzarətinin səmərəliliyi ilə bağlı zəruri hesab edilən müşahidələr aparır və tövsiyələr verir.
Maddə 13
Hüquq qabiliyyəti, imtiyaz və immunitetlər
A.
Agentlik beynəlxalq hüquq qabiliyyətinə malikdir. Hər bir üzvün ərazisində və onun milli qanunvericiliyinə uyğun olaraq o, öz funksiyalarını yerinə yetirməsi və məqsədlərini həyata keçirməsi üçün zəruri olan daxili hüquq qabiliyyətindən istifadə edir.
B.
Üzvlər imtiyazlar və immunitetlər barədə ayrıca bir saziş bağlamağı qərara alırlar.
Maddə 14
Digər təşkilatlarla əlaqələr
Assambleyanın təsdiq etməsi şərtilə, Şura Agentlik adından çıxış edərək, BMT ilə və fəaliyyəti Agentliyin işi ilə əlaqədar olan hər hansı digər təşkilatla müvafiq əlaqələr yaradan sazişlər bağlamaq səlahiyyətinə malikdir. Bu Nizamnamənin müddəaları heç bir üzvün hər hansı mövcud beynəlxalq müqavilədən irəli gələn hüquq və öhdəliklərinə təsir etməyəcəkdir.
Maddə 15
Dəyişikliklər, ləğvetmə və xülasə
A. Bu Nizamnaməyə dəyişikliklər hər hansı bir üzv tərəfindən təklif oluna bilər. Təklif olunan hər hansı dəyişikliyin mətninin təsdiq edilmiş nüsxələri Baş direktor tərəfindən hazırlanır və Assambleyada baxılmazdan ən azı 90 (doxsan) gün əvvəl bütün üzvlərə təqdim edilir.
B.
Dəyişikliklər aşağıdakı hallarda bütün üzvlər üçün qüvvəyə minir:
1.
təklif olunmuş hər bir dəyişiklik haqqında Şura tərəfindən təqdim edilmiş iradlara baxılandan sonra Assambleya tərəfindən qəbul olunduqda;
2.
bütün üzvlər özlərinin müvafiq konstitusional prosedurlarına uyğun olaraq, bu dəyişikliyin onlar üçün məcburi olduğuna razılıq verdikdən sonra. Üzvlər dəyişikliyin onlar üçün məcburi olmasına öz razılıqlarını müvafiq sənədi 20-ci maddənin “A” bəndinə əsasən Depozitariyə göndərməklə bildirirlər.
C.
Bu Nizamnamə 19-cu maddənin “D” bəndinə uyğun olaraq qüvvəyə mindiyi tarixdən 5 (beş) il sonra hər hansı bir vaxtda, hər hansı bir üzv müvafiq yazılı bildirişi 20-ci maddənin “A” bəndində qeyd olunan Depozitariyə göndərməklə Agentlikdən çıxa bilər və Depozitari dərhal Şuranı və bütün üzvləri bu barədə məlumatlandırır.
D.
Bu cür çıxma bildirişin göndərildiyi ilin sonunda qüvvəyə minir. Hər hansı bir üzvün Agentlikdən çıxması 5-ci maddənin “B” bəndinə uyğun olaraq Agentliyin razılaşdırılmış öhdəliklərinə və ya onun çıxmaq istədiyi il üçün olan maliyyə öhdəliklərinə təsir etmir.
Maddə 16
Mübahisələrin həlli
A.
Üzvlər bu Nizamnamənin təfsiri və ya tətbiqi ilə bağlı öz aralarında yaranmış hər hansı mübahisəni BMT Nizamnaməsinin 2-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq sülh yolu ilə həll edir və bu məqsədlə həmin mübahisəni BMT Nizamnaməsinin 33-cü maddəsinin 1-ci bəndində göstərilən üsullarla həll etməyə çalışırlar.
B.
Şura mübahisənin həllinə özünün münasib hesab etdiyi hər hansı üsulla, o cümlədən xeyirxah xidmətlərini təklif etməklə, mübahisə tərəflərinə özlərinin seçdikləri həll prosesinə başlamaq çağırışı etməklə və razılaşdırılmış hər hansı prosedura vaxt limiti tövsiyə etməklə töhfə verə bilər.
Maddə 17
Hüquqların müvəqqəti dondurulması
A.
Agentliyə maliyyə ianələri ilə bağlı borclu qalan hər hansı bir üzvün borcları əvvəlki ikiillik ianənin həcminə çatarsa və ya onu keçərsə, o, səsvermə hüququnu itirir. Lakin Assambleya ödənişin olmamasının səbəblərinin üzvün iradəsindən asılı olmadığına əmindirsə, həmin üzvə səsvermə hüququndan istifadə etməyə icazə verə bilər.
B.
Bu Nizamnamənin və ya bu Nizamnaməyə müvafiq olaraq bağlanmış hər hansı müqavilənin müddəalarını mütəmadi olaraq pozan hər hansı bir üzvün üzvlüklə bağlı imtiyaz və hüquqları, Şuranın tövsiyəsi ilə keçirilən səsvermədə, Assambleyanın səs verən üzvlərinin 2/3 səs çoxluğu ilə dondurula bilər.
Maddə 18
Agentliyin ofisi
Agentliyin ofisi Assambleyanın birinci sessiyasında müəyyən edilir.
Maddə 19
İmza, ratifikasiya, qüvvəyəminmə və qoşulma
A.
Bu Nizamnamə Təsis Konfransında BMT-nin və 6-cı maddənin “A” bəndində müəyyən edilən regional hökumətlərarası inteqrasiya təşkilatlarının üzvü olan bütün ölkələr tərəfindən imzalanmaq üçün açıqdır. Nizamnamə qüvvəyə mindiyi tarixədək imzalanmaq üçün açıq qalır.
B.
Bu Nizamnaməni imzalamayan dövlətlər və 6-cı maddənin “A” bəndində müəyyən olunan regional hökumətlərarası inteqrasiya təşkilatlan üçün bu Nizamnamə 6-cı maddənin “B” bəndinin 2-ci yarımbəndinə uyğun olaraq, Assambleya tərəfindən onların üzvlüyü təsdiq edildikdən sonra qoşulmaq üçün açıq olur.
C.
Bu Nizamnamə ilə öhdəliyin götürülməsinə razılıq ratifikasiya və ya qoşulma barədə sənədin depozitariyə verilməsi yolu ilə ifadə olunur. Bu Nizamnamənin ratifikasiyası və ya ona qoşulma dövlətlərin müvafiq konstitusional prosedurlarına uyğun olaraq rəsmiləşdirilir.
D.
Bu Nizamnamə iyirmi beşinci ratifikasiya sənədinin saxlanca verilməsindən sonra otuzuncu gün qüvvəyə minir.
E.
Nizamnamə qüvvəyə mindikdən sonra ratifikasiya və ya qoşulma barədə sənədini saxlanca təqdim etmiş dövlətlər və ya regional hökumətlərarası inteqrasiya təşkilatları üçün bu Nizamnamə müvafiq sənədin saxlanca verilməsindən sonra otuzuncu gün qüvvəyə minir.
F.
Bu Nizamnamənin heç bir müddəasına hər hansı bir qeyd-şərt edilə bilməz.
Maddə 20
Depozitari, qeydiyyat və autentik mətn
A.
Almaniya Federativ Respublikası Hökuməti bu Nizamnamənin və hər hansı ratifikasiya və qoşulma barədə sənədin Depozitarisi təyin olunur.
B.
Bu Nizamnamə Depozitar Hökumət tərəfindən BMT Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçirilir.
C.
Bu Nizamnamə ingilis dilində tərtib olunaraq, Depozitar Hökumətin arxivində saxlanılır.
D.
Bu Nizamnamənin müvafiq qaydada təsdiq edilmiş nüsxələri Depozitar Hökumət tərəfindən 6-cı maddənin “B” bəndinin 2-ci yarımbəndinə uyğun olaraq bu Nizamnaməni imzalamış və ya üzvlüyü qəbul edilmiş dövlətlərin hökumətlərinə və regional hökumətlərarası iqtisadi inteqrasiya təşkilatlarının icraedici orqanlarına göndərilir.
E.
Depozitar Hökumət bu Nizamnaməni imzalayan bütün Tərəfləri hər bir ratifikasiya sənədinin saxlanca verilməsi tarixi və Nizamnamənin qüvvəyə mindiyi tarix haqqında dərhal məlumatlandırır.
F.
Depozitar Hökumət yeni dövlətlər və regional hökumətlərarası iqtisadi inteqrasiya təşkilatları üzv olan kimi bu Nizamnaməni imzalayan bütün Tərəfləri və üzvləri dərhal bu barədə məlumatlandırır.
G.
Depozitar Hökuməti 6-cı maddənin “B” bəndinin 2-ci yarımbəndinə uyğun olaraq, üzvlük üçün yeni müraciətləri baxılması üçün dərhal Agentliyin bütün üzvlərinə göndərir.
Yuxarıdakıları nəzərə alaraq, müvafiq qaydada səlahiyyətləndirilmiş aşağıda imzaları olan şəxslər bu Nizamnaməni imzaladılar.
Bu Nizamnamə Bonn şəhərində 2009-cu il yanvarın 26-da ingilis dilində bir əsl nüsxədə imzalanmışdır.
BƏYANAT
Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş əraziləri (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu) işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək, bu Nizamnamə çərçivəsində Ermənistan Respublikası ilə əməkdaşlıq etməyəcəkdir (Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin sxematik xəritəsi əlavə olunur).