×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
27.12.2013
QEYDİYYAT NÖMRƏSİ
67
ADI
2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında əmək, sosial müdafiə və məşğulluq sahələrində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 28-12-2013, Nəşr nömrəsi: 287), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2013, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1534)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.12.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201312270067
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.12.2013
2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında əmək, sosial müdafiə və məşğulluq sahələrində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında

2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında əmək, sosial müdafiə və məşğulluq sahələrində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında əmək, sosial müdafiə və məşğulluq sahələrində əməkdaşlığa dair Saziş” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 dekabr 2013-cü il

    № 67

 


Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında əmək, sosial müdafiə və məşğulluq sahələrində əməkdaşlığa dair

 

SAZİŞ

 

Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti (bundan sonra - Tərəflər),

iki ölkə arasında münasibətlərin inkişafına yönəldilmiş birgə səylərin dəstəklənməsinə çalışaraq,

əmək, sosial müdafiə və məşğulluq sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsində qarşılıqlı niyyətə əsaslanaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Tərəflər, milli qanunvericiliklərinə uyğun olaraq, əmək, sosial müdafiə, məşğulluq və əmək miqrasiyası sahələrində əməkdaşlıq edəcəklər.

 

Maddə 2

 

Tərəflər aşağıda müəyyən edilən mövzulara dair qanunvericilik və bu qanunvericilikdəki dəyişikliklər haqqında sənəd və məlumat mübadiləsi aparacaq, bir-birlərinin təcrübələrindən istifadə etmək məqsədi ilə qarşılıqlı mütəxəssis mübadiləsi edəcəklər:

a) əmək fəaliyyəti, kollektiv əmək müqavilələri, mübahisələrin aradan qaldırılması, uşaq əməyinin qarşısının alınması, işçi-işəgötürən münasibətləri, dövlət qurumları ilə işəgötürənlər və həmkarlar ittifaqları arasındakı münasibətlər və əcnəbilərin iş icazələri;

b) əməyin mühafizəsi və təhlükəsizliyi;

c) əmək müfəttişliyi, əmək müfəttişliyi sistemində yeni yanaşmalar, yeni təftiş modelləri və qabaqlayıcı təftiş anlayışının yayılması;

d) məşğulluq, məşğulluq siyasəti və əmək bazarındakı proseslərin izlənilməsi, işçi qüvvəsi bazarının tədqiqi və təhlilləri, əlillərin peşə reabilitasiyası, dövlət və özəl məşğulluq bürolarının fəaliyyət qaydası, işsizlərin işlə təmini, peşə təhsili və peşəyə istiqamətləndirmə, işsizlik sığortasının tətbiqi;

e) əmək, sosial müdafiə və məşğulluq sahələrində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələrdə əməkdaşlıq;

f) milli peşə standartlarının müəyyən edilməsi və milli peşə standartlarının inkişaf etdirilməsi;

g) sosial müdafiə;

h) dövlət kadr idarəetməsi və dövlət kadr idarəetməsinin yaxşılaşdırılması;

i) əmək miqrasiyası;

j) qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində əməkdaşlıq, qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı tətbiq olunan strategiya, siyasət, plan və layihələrin qarşılıqlı mübadiləsi.

 

Maddə 3

 

Tərəflər hər iki Nazirliyin səlahiyyət sahəsinə aid olan mövzularda ortaq layihələr hazırlanmasına dair görüşlər (çalışmalar) keçirəcəklər.

 

Maddə 4

 

Tərəflər əmək, əməyin mühafizəsi və təhlükəsizliyi, sosial müdafiə, məşğulluq və əmək miqrasiyası sahələrində beynəlxalq, regional və ikitərəfli seminar və konfranslar təşkil edəcəklər.

 

Maddə 5

 

Tərəflər bu Sazişin tətbiqinə nəzarət və əməkdaşlığa dair məsələlərin həyata keçirilməsi üçün Birgə İşçi Qrupunun yaradılması qərarına gəldilər.

 

Maddə 6

 

Bu Sazişin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsinə görə səlahiyyətli orqanlar aşağıdakılardır:

Azərbaycan Respublikası Hökuməti adından - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

Türkiyə Respublikası Hökuməti adından - Əmək və Sosial Müdafiə Nazirliyi.

 

Maddə 7

 

Tərəflər, bu Sazişin 2-ci maddəsində qeyd edilən mütəxəssis mübadiləsi ilə bağlı növbəti ilin fəaliyyət proqramının müəyyən edilməsi məqsədi ilə hər il dekabr ayının sonuna qədər nümayəndə heyətlərinin sayı və səfər proqramı haqqında bir-birlərini məlumatlandıracaqlar.

Tərəflər arasında sənəd, məlumat və mütəxəssis mübadiləsi sahəsində qurulacaq əməkdaşlığın gerçəkləşdiriləcəyi üçün koordinasiya Azərbaycan Respublikasından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin beynəlxalq əlaqələr şöbəsi, Türkiyə Respublikasından isə Əmək və Sosial Müdafiə Nazirliyinin Xarici Əlaqələr və Xaricdəki İşçi Xidmətləri Baş İdarəsi tərəfindən həyata keçiriləcəkdir.

 

Maddə 8

 

Mütəxəssis mübadiləsi çərçivəsində ediləcək səfərlərdə heyətlərin qalmaq, yemək və nəqliyyat xərcləri göndərən tərəfin hesabına ödəniləcəkdir.

 

Maddə 9

 

Tərəflər hər iki Nazirliyin müştərək səlahiyyət sahələrinə aid olmayan, lakin ayrılıqda səlahiyyət sahələrinə aid olan sosial müdafiə, əmək miqrasiyası, səhiyyə xidmətlərinin göstərilməsi, sosial xidmətlər, ehtiyacı olan vətəndaşlara göstərilən sosial yardımlar, qayğıya ehtiyacı olan uşaqların və əlillərin reabilitasiyası, dövlət idarəçiliyi və s. mövzularda ölkələrində fəaliyyət göstərən digər əlaqədar nazirlik, qurum və təşkilatlarla koordinasiyanı təmin edəcəklər.

 

Maddə 10

 

Bu Sazişin həyata keçirilməsi və ya təfsiri ilə əlaqədar yaranan mübahisələr və fikir ayrılıqları Tərəflərin səlahiyyətli orqanları arasında danışıqlar və (və ya) məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

 

Maddə 11

 

Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə onun ayrılmaz tərkib hissəsi olan və bu Sazişin 12-ci maddəsində müəyyən olunan qaydada qüvvəyə minən ayrıca protokollar formasında rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.

 

Maddə 12

 

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş 1 (bir) il müddətinə bağlanılır. Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı (3) üç ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı şəkildə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti 1 (bir) illik müddətlərə uzadılacaqdır.

Bu Sazişin ləğvi ona əsasən başlanılmış və davam edən layihələrə və fəaliyyətə onlar başa çatanadək təsir etməyəcəkdir.

Bu Sazişin qüvvəyə minməsi ilə 1997-ci il 5 may tarixində Ankarada imzalanmış "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş" qüvvədən düşmüş hesab olunur.

Bu Saziş Ankara şəhərində 2013-cü il 13 noyabr tarixində, hər biri Azərbaycan və türk dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər bərabər autentikdir.

 

Azərbaycan Respublikası

Türkiyə Respublikası

Hökuməti adından

Hökuməti adından

(imza)

(imza)

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status