×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
04.04.2014
QEYDİYYAT NÖMRƏSİ
923-IVQ
ADI
"Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 13-04-2014, Nəşr nömrəsi: 74), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2014, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 330)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.04.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201404040923
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.04.2014
"Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə

"Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında” 2014-cü il fevralın 10-da Bağdad şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 aprel 2014-cü il

           № 923-IVQ

 


Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında

 

SAZİŞ

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti,

dövlətləri arasında dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsini arzulayaraq,

iki dövlətin etibarlı diplomatik, xüsusi və xidməti pasportlara malik olan şəxsləri üçün səyahət prosedurlarının sadələşdirilməsinə səy göstərərək,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Bir Tərəfin dövlətinin etibarlı diplomatik, xüsusi və xidməti pasportlarına malik olan vətəndaşları digər Tərəfin dövlətinin ərazisinə daxil olmaq, tranzit keçmək və orada birinci giriş günündən etibarən doxsan (90) gün ərzində (girişlərin sayından asılı olmayaraq) otuz (30) günə qədər qalmaq üçün viza tələbindən azad edilir.

 

Maddə 2

 

Bir Tərəfin dövlətinin etibarlı diplomatik, xüsusi və xidməti pasportlarına malik, digər Tərəfin dövlətinin ərazisində yerləşən diplomatik və ya konsulluq nümayəndəliklərinin və beynəlxalq təşkilatların heyətlərinin üzvləri olan vətəndaşlarına, həmçinin onlarla birlikdə yaşayan etibarlı diplomatik, xüsusi və xidməti pasportlara malik ailə üzvlərinə, digər Tərəfə otuz (30) gün əvvəlcədən məlumat verməklə həmin Tərəfin dövlətinin ərazisinə vizasız daxil olmaq və qəbul edən ölkənin müvafiq səlahiyyətli orqanında akkreditə edildikdən sonra rəsmi təyinat müddəti ərzində orada qalmaq üçün icazə verilir.

 

Maddə 3

 

1-ci maddədə qeyd edilən bir Tərəfin dövlətinin etibarlı diplomatik, xüsusi və xidməti pasportlarına malik olan vətəndaşları digər Tərəfin dövlətinin ərazisində otuz (30) gündən artıq uzun müddətə qalmaq niyyətində olduqları halda, onlardan digər Tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq viza əldə etmək tələb olunur.

 

Maddə 4

 

Hər bir Tərəfin dövlətinin etibarlı diplomatik, xüsusi və xidməti pasportlarına malik olan vətəndaşları digər Tərəfin dövlətinin ərazisinə beynəlxalq sərnişin daşınması üçün rəsmi təyin edilmiş istənilən dövlət sərhədindən buraxılış məntəqəsindən daxil olur və həmin ərazini tərk edir.

 

Maddə  5

 

Hər bir Tərəfin dövlətinin etibarlı diplomatik, xüsusi və ya xidməti pasportlarına malik olan vətəndaşları digər Tərəfin dövlətinin ərazisində qaldığı zaman qüvvədə olan qanun və qaydalara tabe olurlar.

 

Maddə 6

 

Bu Saziş hər bir Tərəfin səlahiyyətli qurumlarının digər Tərəfin dövlətinin diplomatik, xüsusi və xidməti pasportlarına malik olan, “persona non grata” hesab etdiyi hər hansı vətəndaşının ölkəyə daxil olmasına, tranzit keçidinə və ya ölkə ərazisində qalmasına qərarlarının səbəbini bildirmədən icazə verməkdən imtina etmək hüququnu məhdudlaşdırmır.

 

Maddə 7

 

1. Hər bir Tərəf milli təhlükəsizlik, ictimai asayiş və ya əhalinin sağlamlığının qorunması məqsədi ilə bu Sazişin tətbiqini müvəqqəti olaraq tam və ya qismən dayandırmaq hüququnu özündə saxlayır.

2. Bu maddənin 1-ci bəndində qeyd olunan belə dayandırma və ya dayandırmanın ləğv edilməsi digər Tərəf diplomatik kanallar vasitəsilə bildiriş aldıqdan iyirmi dörd (24) saat sonra qüvvəyə minir.

 

Maddə 8

 

Hər iki Tərəf bu Sazişin qüvvəyə minməsindən otuz (30) gündən gec olmayaraq diplomatik kanallar vasitəsilə etibarlı diplomatik, xüsusi və xidməti pasportların nümunəsini onların istifadəsi haqqında müvafiq məlumatın verilməsi məqsədi ilə mübadilə edir.

Yeni pasportlar verildikdə və ya istifadə olunan diplomatik, xüsusi və ya xidməti pasportlarda dəyişikliklər edildikdə, rəsmi verilmə tarixindən etibarən 30 gündən gec olmayaraq hər bir Tərəf digər Tərəfi yeni dəyişdirilmiş pasportlar haqqında məlumatlandırır və onların nümunələri ilə təmin edir.

 

Maddə 9

 

Bu Sazişin təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı Tərəflər arasında diplomatik kanallar vasitəsilə həll ediləcəkdir.

 

Maddə 10

 

Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olaraq ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 11-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.

 

Maddə 11

 

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən otuz (30) gün sonra qüvvəyə minir.

Bu Saziş beş il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə en azı altı (6) ay qalmış onu ləğv etmək niyyətini diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildirmədiyi təqdirdə, bu Saziş avtomatik olaraq eyni müddətlərə uzadılacaqdır.

Bu Saziş Bağdad şəhərində 10 fevral 2014-cü il tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, ərəb və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

 

Azərbaycan Respublikası

İraq Respublikası

Hökuməti adından

Hökuməti adından

(imza)

(imza)

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status