Azərbaycan Respublikası Dövlət Neft Fondunun "İllik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyətinin tənzimlənməsi və normativ - hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədi ilə qərara alıram:
1. "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları" təsdiq edilsin (əlavə edilir).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə, Energetika Nazirliyinə, Vergilər Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Gömrük Komitəsinə və Mərkəzi Bankına tapşırılsın ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin ölkənin sosial-iqtisadi inkişaf konsepsiyası və dövlət büdcəsi ilə əlaqələndirilməsi məqsədi ilə, Neft Fonduna zəruri köməklik göstərsinlər və bu Fərmandan irəli gələn digər məsələlərin həllini təmin etsinlər.
[1]
3. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru bu Fərmandan irəli gələn vəzifələrin icrasını təmin etsin.
4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 12 sentyabr 2001-ci il
№ 579
Azərbaycan Respublikası Prezidentinin TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası
QAYDALARI
Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında" Əsasnaməyə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra - Neft Fondu) illik gəlir və xərclər proqramının (bundan sonra - büdcə) tərtibi, təsdiqi və icrası qaydalarını müəyyən edir.
1. Ümumİ müddəalar
1.1. Neft Fondunun büdcəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Neft Fondunun qarşısında qoyulmuş məqsəd və vəzifələrin icrasını təmin etmək üçün tərtib edilən və Neft Fondunun gəlir və xərclərini əks etdirən illik maliyyə proqramıdır.
1.2. Neft Fondunun büdcəsi yanvarın 1-dən dekabrın 31-dək olan dövrü əhatə edən maliyyə ili üçün tərtib edilir.
1.3. Neft Fondunun büdcəsinin tərtibi və icrası Azərbaycan Respublikasında vahid makroiqtisadi siyasətin yürüdülməsi və dövlət idarəetmə sektorunun gəlir və xərclərinin ümumiləşdirilməsi prinsipi əsasında həyata keçirilir.
1.4. Neft Fondunun xarici valyuta ilə maliyyələşdirilən büdcə xərclərinin xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar artması halları istisna olmaqla, Neft Fondunun vəsaiti hesabına Neft Fondunun büdcəsindən kənar hər hansı xərclərin Neft Fondu tərəfindən həyata keçirilməsi yolverilməzdir. [2]
1.5. Neft Fondunun aktivlərinin Neft Fondunun balans valyutasında (Azərbaycan manatı) yenidən qiymətləndirilməsindən yarana biləcək xərclər, habelə qanunla müəyyən edilmiş vergilərin ödənilməsi və hər hansı digər məcburi ödənişlər ilə bağlı xərclər Neft Fondunun büdcəsində nəzərdə tutulmur və büdcədənkənar xərclər kimi fakt üzrə Neft Fondunun balansında əks etdirilir. Neft Fondunun büdcəsinin müvafiq xərc maddəsinin xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar artıq icrasına səbəb olan manatla ifadədə xərclər büdcədənkənar xərclər kimi fakt üzrə Neft Fondunun balansında əks etdirilir.
[3]
1.6. Neft Fondunun büdcə xərclərinin, habelə qanunla müəyyən edilmiş vergilərin və hər hansı digər büdcədənkənar məcburi ödənişlərin maliyyələşdirilməsi Neft Fondunun vəsaiti hesabına Azərbaycan Respublikasının milli valyutasında və xarici valyutada həyata keçirilir. Neft Fondunun xərclərinin və ödənişlərinin Azərbaycan Respublikasının milli valyutasında maliyyələşdirilməsi Neft Fondunun xarici valyuta vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının milli valyutasına konvertasiya edilməsi (satışı) vasitəsilə təmin edilir. [4]
2. Neft Fondunun büdcəsİnİn strukturu
2.1. Neft Fondunun büdcəsi gəlir maddələri və xərc maddələri bölmələrindən ibarətdir.
2.2. Neft Fondunun büdcəsinin maddələrinin qruplaşdırılması Azərbaycan Respublikasının dövlət büdcəsinin təsnifatı və beynəlxalq standartlara uyğun olaraq həyata keçirilir.
2.3. Neft Fondunun büdcəsinin gəlir maddələrini aşağıdakılar təşkil edir:
2.3.1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və ya səlahiyyətli dövlət orqanı ilə sərmayəçilər arasında bağlanmış Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində neftin və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlərin, habelə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və nəqlinə dair digər sazişlərin həyata keçirilməsindən əldə edilən aşağıdakı gəlirlər:
2.3.1.1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla);
2.3.1.2. neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar);
2.3.1.3. karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına ödənilən akrhesabı ödənişlər;
2.3.1.4. neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən dividentlər və mənfəətin bölüşdürülməsindən əldə edilən gəlirlər (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla);
2.3.1.5. neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum ixrac boru kəmərləri vasitəsi ilə ötürülməsindən əldə edilən gəlirlər(Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla); [5]
2.3.1.6. neft-qaz sazişləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər;
[6]
2.3.2. Neft Fondu tərəfindən Fondun vəsaitinin (aktivlərinin) (o cümlədən, maliyyə aktivlərinin və neft-qaz sazişləri çərçivəsində sərmayəçilərin verdiyi aktivlərinin) yerləşdirilməsindən, idarə olunmasından, satışından və ya digər təqdim edilməsindən və yaxud satışındankənar əldə edilən gəlirlər, aktivlərinin balans valyutasında (Azərbaycan manatı) yenidən qiymətləndirilməsindən alınan gəlirlər və sair; [7]
2.3.3. qrantlar və digər təmənnasız yardımlar;
2.3.4. qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar. [8]
2.4. Neft Fondunun büdcəsinin xərc maddələrini aşağıdakılar təşkil edir:
Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinə (proqramına) uyğun olaraq layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclər;
Neft Fondunun idarə edilməsi, o cümlədən aparatın saxlanılması, xarici məsləhətçilərin cəlb edilməsi və digər xərclər. [9]
3. Neft Fondunun büdcəsİnİn tərtİbİ
3.1. Neft Fondunun büdcəsinin tərtibi prosesi
3.1.1. Neft Fondunun büdcə layihəsinin tərtibi prosesi Azərbaycan Respublikasının dövlət büdcəsi ilə eyni zamanda, növbəti təqvim ilinə 11 ay qalmış başlanır və layihənin Azərbaycan Respublikasının Prezidentinə təsdiq olunmaq üçün təqdim edildiyi günədək olan dövrü əhatə edir.
3.1.2. Dövlət idarəetmə sektorunun gəlir və xərclərinin ümumiləşdirilməsi prinsipinə uyğun olaraq, Neft Fondunun büdcə layihəsinin tərtibi Azərbaycan Respublikası dövlət büdcəsinin hazırlanması ilə əlaqəli şəkildə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə (bundan sonra – Maliyyə Nazirliyi) Neft Fondu arasında sıx əməkdaşlıq şəraitində həyata keçirilir.
3.1.3. Neft Fondunun büdcəsinin tərtibi zamanı Neft Fondunun Müşahidə Şurası büdcənin hazırlanması və əsas prinsipləri barədə mütəmadi olaraq məlumatlandırılır, onun rəyi öyrənilir və nəzərə alınır.
3.1.4. Neft Fondunun büdcəsinin hazırlanması zamanı Neft Fondunun orta müddətli (üç illik) gəlir və xərclərinin proqnozları əsas kimi götürülür. Bu proqnozlar Neft Fondu tərəfindən Maliyyə Nazirliyi ilə əlaqələndirilməklə hazırlanır və Nazirlik tərəfindən tərtib edilən orta müddətli xərclər proqramı ilə uzlaşdırılır.
3.1.5. Neft fondunun büdcəsi tərtib edilərkən, bu Qaydaların 1.3-cü bəndi əsas götürülərək, ölkə daxilində Neft Fondunun hesabına layihələrin maliyyələşdirilməsi zamanı dövriyyəyə daxil olan valyuta vəsaitinin makroiqtisadi vəziyyətə, milli iqtisadiyyatın rəqabət qabiliyyətinə mümkün təsirləri və digər amillər öyrənilir, bu məqsədlə Azərbaycan Respublikasının maliyyə, monetar, iqtisadiyyat, energetika və statistika fəaliyyət göstərən dövlət qurumları ilə məsləhətləşmələr aparılır və onların rəyləri nəzərə alınır.
3.1.6. Neft Fondunun büdcəsinin, habelə bu Qaydaların 3.1.4-cü yarımbəndində qeyd edilən Neft Fondunun orta müddətli gəlir və xərclərinin proqnozlarının hazırlanması məqsədi ilə, Neft Fondu müvafiq icra hakimiyyəti orqanlarına, xarici sərmayəçilərə bağlanmış neft və qaz kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü və digər müvafiq Sazişlərdə (bundan sonra – Neft Sazişləri) Azərbaycan Respublikasını təmsil edən səlahiyyətli dövlət orqanlarına, habelə bu Sazişlər üzrə podratçı tərəflərə müraciət edərək zəruri məlumatları əldə etmək hüququna malikdir.
3.2. Neft Fondunun büdcəsinin gəlir maddələrinin tərtibi
3.2.1. Neft Fondunun büdcəsinin Neft Sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlir maddələri dünya karbohidrogen ehtiyatları bazarlarında vəziyyətin təhlili, bu sahədə ixtisaslaşan nüfuzlu yerli və beynəlxalq təşkilat və elmi-tədqiqat mərkəzlərinin araşdırma, proqnoz və hesabatları, Azərbaycan Respublikasında energetika və iqtisadiyyat sahəsində fəaliyyət göstərən dövlət qurumlarının təqdim etdiyi məlumatlar və digər informasiyalar əsasında tərtib edilir. Bu zaman neft qiymətlərinin baza göstəricisi Neft Fondu ilə Maliyyə Nazirliyi arasında razılaşdırılır və Neft Fondunun büdcəsinin tərtibi zamanı dövlət büdcəsində əsas götürülmüş eyni göstəricidən istifadə edilir.
3.2.2. Neft Fondunun büdcəsinin Neft Fondunun vəsaitinin idarə edilməsi ilə bağlı gəlir maddələri Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı) çərçivəsində qəbul edilən çərçivəsində qəbul edilən Neft Fondunun vəsaitinin idarə edilməsinə dair investisiya siyasətinin müddəaları əsasında tərtib edilir.
3.2.3. Neft Fondunun investisiya siyasəti Neft Fondunun vəsaitinin idarə edilməsi qaydalarına uyğun olaraq daxili və xarici maliyyə-investisiya bazarlarında mövcud və perspektiv konyukturun təhlili və nüfuzlu beynəlxalq reytinq agentliklərinin sənəd və hesabatları əsasında, habelə zəruri hallarda tanınmış xarici məsləhətçi şirkətlərin xidmətlərindən istifadə edilməklə tərtib edilir və Neft Fondunun vəsaitinin idarə edilməsinin prinsip və istiqamətlərini maksimal iqtisadi səmərə, aşağı risk dərəcəsi və Neft Fondunun qarşısında qoyulan vəzifələrə cavab verən digər tələblərə uyğun olaraq müəyyən edir.
3.3. Neft Fondunun büdcəsinin xərc maddələrinin tərtibi
3.3.1. Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı) ilə bağlı xərc maddələri hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi tərəqqisi ilə əlaqədar mühüm ümummilli layihələrin və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşası və rekonstruksiyası maliyyələşdirilə bilər. [10]
3.3.2. Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı) ilə bağlı xərc maddələri Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının makroiqtisadi proqnozları, iqtisadiyyat sahələrinin fəaliyyət göstəricilərinin təhlili və bunların əsasında ölkənin sosial-iqtisadi ehtiyaclarının qiymətləndirilməsi, milli İqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və rəqabət qabiliyyətinin artırılmasının zəruriliyi əsas götürülməklə, dövlət investisiya siyasətinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi üstünlüklərə uyğun olaraq tərtib edilir.
3.3.3. Neft Fondu vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı) çərçivəsində baxılmaq üçün seçilmiş layihələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə hər il may ayının 1-dək ilkin olaraq razılaşdırır, onların ekspertizasını həyata keçirir və qəbul edilmiş layihələri Neft Fondunun növbəti il üçün büdcə layihəsinə daxil edir. Layihələrin təqdim edilmə formatı və qiymətləndirilmə meyarları, o cümlədən həcmi, müddəti, digər maliyyələşdirmə mənbələrinin mövcudluğu və sair məsələlər üzrə tələblər Neft Fondu tərəfindən müəyyən edilir.
3.3.4. Neft Fondunun idarə edilməsi ilə bağlı xərc maddələri Neft Fondunun səmərəli fəaliyyət göstərməsi məqsədi ilə növbəti il üçün proqnozlaşdırılan iş həcmi, ştat ehtiyacı və digər tələbatlar, habelə ötən il üzrə aparatın saxlanılması üçün xərclər smetası, xarici valyuta məzənnələrinin dəyişkənliyi, vəsaitinin idarə edilməsinə xarici menecerlərin və məsləhətçilərin cəlb edilməsi ilə bağlı xərclər nəzərə alınmaqla xərclərin hesablanması (kalkulyasiyası) əsasında tərtib edilir. [11]
3.4. (Çıxarılıb) [12]
4. Neft Fondunun büdcəsİnİn təsdİqİ
4.1. Neft Fondunun büdcəsi Azərbaycan Respublikasının dövlət büdcəsi ilə əlaqələndirilməklə tərtib edildikdən sonra Neft Fondunun İcraçı direktoru Neft Fondu büdcəsinin layihəsini rəy verilmək üçün hər il sentyabr ayının 5-dən gec olmayaraq, aşağıdakı sənədlərlə birlikdə Neft Fondunun Müşahidə Şurasına və Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edir: [13]
Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri proqramı), o cümlədən:
Neft Fondunun investisiya siyasəti;
Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetası.
Müşahidə Şurası, Azərbaycan Respublikası Hesablama Palatasının rəyini nəzərə almaqla, Neft Fondunun büdcə layihəsinə dair rəy verir.
[14]
4.2. Hər il Neft Fondunun büdcə layihəsi və bu Qaydaların 4.1-ci bəndində qeyd edilən sənədlər Müşahidə Şurasının və Azərbaycan Respublikası Hesablama Palatasının rəyləri ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təsdiq olunmaq üçün təqdim edilir. [15]
4.3. Neft Fondunun büdcəsinin dövlət büdcəsi ilə son razılaşdırılması və təsdiqi dövlət büdcəsi layihəsinin Azərbaycan Respublikası Milli Məclisinə göndərilməsindən öncə Azərbaycan Respublikası Prezidenti tərəfindən dövlət idarəetmə sektorunun gəlir və xərclərinin ümumiləşdirilməsi məqsədi ilə hər iki sənədə birgə baxılması çərçivəsində həyata keçirilir.
4.4. Neft Fondunun büdcəsi hər il 1 dekabr tarixindən gec olmayaraq təsdiq edilir.
4.5. Neft Fondunun büdcəsi hər hansı səbəbdən 31 dekabr tarixinədək təsdiq edilmədikdə, növbəti maliyyə ilində Fondun idarə edilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hər ay ötən ilin büdcəsində Fondun idarə edilməsi ilə bağlı nəzərdə tutulmuş xərclərin 1/12 hissəsi həcmində vəsaitdən istifadə oluna bilər.
4.6. Neft Fondunun büdcəsi təsdiq edilən kimi mətbuatda dərc edilir.
5. Neft Fondunun büdcəsİnİn İcrası
5.1. Neft Fondunun büdcəsinin icra mexanizmi
5.1.1. Neft Fondunun büdcəsinin icrası Neft Fondunun büdcəsinə uyğun olaraq Neft Fonduna gəlirlərin yığılması və ünvanlı istifadəsini təmin edən icra mexanizmidir.
5.1.2. (Çıxarılıb) [16]
5.1.3. Neft Fondunun gəlirləri barədə məlumatlar rübdə bir dəfə mətbuatda dərc edilir.
5.1.4. (Çıxarılıb) [17]
5.1.5. Neft Fondunun büdcəsinin xərc maddələrinin icrası zamanı bütün xərclər təyinatı üzrə həyata keçirilir.
5.1.6. Neft Fondunun büdcəsinin icrası zamanı proqnozlaşdırıldığından artıq gəlir əldə edildikdə və ya xərc maddələri hər hansı səbəbdən yerinə yetirilmədikdə əmələ gələn sərbəst vəsait Neft Fondunun investisiya portfelinə yönəldilir. [18]
5.2. Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı) ilə bağlı xərc maddələrinin icrası
5.2.1. Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı) ilə bağlı xərc maddələrinin icrası dövlət xəzinədarlığı vasitəsi ilə qanunvericiliyə uyğun olaraq, bu Qaydalarda müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilir.
5.2.2. Dövlət xəzinədarlığı Neft Fondunun hesabına layihələrin maliyyələşdirilməsi üçün ayrılan vəsaiti birbaşa təyinatından başqa digər məqsədlər üçün istifadə edə bilməz.
5.2.3. Neft Fondunun büdcəsinin xərc maddələri hesabına maliyyələşdirilən layihələr çərçivəsində malların (işlərin və xidmətlərin) alınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
5.2.4. Neft Fondu dövlət xəzinədarlığı vasitəsi ilə maliyyələşdirilən layihələr çərçivəsində vəsaitin xəzinədarlıq tərəfindən təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək, o cümlədən bununla əlaqədar xəzinədarlıqdan və maliyyə vəsaitinin alıcısı olan qurumlardan bütün zəruri məlumatları istəmək və almaq hüququna malikdir.
5.2.5. Neft Fondu tərəfindən rüblük və illik hesabatların tərtib edilməsi üçün tələb olunan Neft Fondunun büdcəsinin dövlət xəzinədarlığı vasitəsi ilə icra edilən maddələrinin yerinə yetirilməsi ilə bağlı məlumatlar Maliyyə Nazirliyi tərəfindən Neft Fonduna təqdim edilir.
5.3. Neft Fondunun idarə edilməsi ilə bağlı xərc maddələrinin icrası
5.3.1. Neft Fondunun idarə edilməsi ilə bağlı xərc maddələrinin icrası zamanı ayrı-ayrı maddələrdə digər maddələr üzrə xərclərin qənaəti hesabına dəyişikliklər edilə bilər. Qənaət edilən maddələrin ümumi həcminin 30%-dək olan hissəsi üzrə dəyişikliklər Neft Fondunun İcraçı direktorunun qərarı ilə, bundan artıq olan hissə üzrə dəyişikliklər isə Azərbaycan Respublikası Prezidentinin razılığı ilə həyata keçirilir.
5.3.2 Neft Fondunun idarə edilməsi ilə bağlı xərc maddələri üzrə vəsaitin birdəfəlik xərclənən məbləği rüb ərzində xərclənməsi nəzərdə tutulan vəsaitdən artıq ola bilməz.
5.3.3 Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərin icrası barədə məlumatlar rüblük əsasda Maliyyə Nazirliyinə təqdim edilərək Neft Fondunun dövlət xəzinədarlığı vasitəsi ilə icra edilən xərcləri barədə məlumatlarla birgə Maliyyə Nazirliyinin dövlət idarəetmə sektorunun xərclərini əks etdirən rüblük bülletenində dərc edilir.
5.4. Neft Fondunun büdcəsində dəyişikliklərin edilməsi
5.4.1. Xüsusi zərurət olduqda, Azərbaycan Respublikası Prezidentinin qərarı ilə Neft Fondunun büdcəsində, dövlət idarəetmə sektorunun ümumiləşdirilmiş gəlir və xərclərində nəzərə alınmaqla, dəyişikliklər edilə bilər.
5.4.2. Neft Fondunun büdcəsində dəyişikliklərin edilməsi məqsədi ilə Neft Fondunun icraçı direktoru bu Qaydaların 3.1-ci bəndində təsbit edilmiş əlaqələndirmə prosedurlarını həyata keçirir və dəyişikliklərin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti qarşısında müvafiq vəsatət qaldırır.
6. Neft Fondunun büdcəsİnİn İcrası barədə hesabat
6.1. Neft Fondunun büdcəsinin icrası ilə bağlı rüblük məlumatlar və illik hesabat tərtib edilərək Neft Fondunun Müşahidə Şurasına, Azərbaycan Respublikasının Hesablama Palatasına və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. Neft Fondunun büdcəsinin icrası barədə tərtib edilən hesabatda xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar büdcənin müvafiq xərc maddəsinin artıq icrasına səbəb olan manatla ifadədə xərclər büdcədənkənar xərclər kimi fakt üzrə əks etdirilir. Hesabatda Fond tərəfindən maliyyələşdirilən layihə, proqram və tədbir üzrə xarici valyuta və manatla ifadədə bütün xərclər müvafiq layihə xərclərinə aid edilir.
[19]
Müşahidə Şurası, Azərbaycan Respublikası Hesablama Palatasının rəyini nəzərə almaqla, Neft Fondunun büdcəsinin icrası ilə bağlı illik hesabata rəy verir.
[20]
6.2. Neft Fondunun büdcəsinin icrası ilə bağlı illik hesabat Maliyyə Nazirliyi ilə əlaqələndirilməklə tərtib edilir və hər növbəti ilin iyun ayının 30-dan gec olmayaraq Neft Fondunun Müşahidə Şurasının və Azərbaycan Respublikası Hesablama Palatasının rəyləri ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təsdiq olunmaq üçün təqdim edilir. [21]
6.3. Neft Fondunun büdcəsinin icrası ilə bağlı illik hesabat Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilərkən Neft Fondu Müşahidə Şurasının və Azərbaycan Respublikası Hesablama Palatasının rəyləri, habelə Neft Fondunun illik maliyyə fəaliyyətinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələri nəzərə alınır. [22]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
7 fevral 2003-cü il tarixli 849 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 81)
2.
1 mart 2005-ci il tarixli 202 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 160)
3.
16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769)
4.
10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)
5.
22 iyul 2011-ci il tarixli 475 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 637)
6.
26 iyul 2011-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 641)
7.
10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)
8.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)
9.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)
10.
12 may 2017-ci il tarixli 1377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 may 2017-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 781)
11.
21 noyabr 2017-ci il tarixli 1685 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 noyabr 2017-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2024)
12.
19 iyul 2019-cu il tarixli 790 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2019-cu il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1237)
13.
4 avqust 2022-ci il tarixli 1802 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 862)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769) ilə 2-ci bəndində «Yanacaq və Energetika Nazirliyinə» sözləri «Sənaye və Energetika Nazirliyinə» sözləri ilə əvəz edilmişdir.
10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə 2-ci bəndində "Milli Bankına" sözləri "Mərkəzi Bankına" sözləri ilə əvəz edilmişdir.
10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə 2-ci hissəsində “Sənaye və Energetika Nazirliyinə” sözləri “Energetika Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 2-ci hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 2-ci hissədən “və Sənaye” sözləri çıxarılmışdır.
4 avqust 2022-ci il tarixli 1802 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 862) ilə 2-ci hissədən “, Vergilər Nazirliyinə” sözləri çıxarılmışdır.
[2]
1 mart 2005-ci il tarixli 202 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 160) ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nın 1.4-cü bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.4. Neft Fondunun büdcəsi ilə nəzərdə tutulmuş xərclər istisna olmaqla Neft Fondunun hesabına hər hansı digər xərclərə yol verilmir.
12 may 2017-ci il tarixli 1377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 may 2017-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 781) ilə 1.4-cü bəndə birinci halda “Neft” sözündən əvvəl “Neft Fondunun xarici valyuta ilə maliyyələşdirilən büdcə xərclərinin xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar artması halları istisna olmaqla,” sözləri əlavə edilmişdir.
[3]
12 may 2017-ci il tarixli 1377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 may 2017-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 781) ilə 1.5-ci bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[4]
1 mart 2005-ci il tarixli 202 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 160) ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"na 1.5-ci və 1.6-cı bəndlər əlavə edilmişdir.
[5]
22 iyul 2011-ci il tarixli 475 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 637) ilə 2.3.1.5-ci yarımbəndində “gəlirlər” sözündən sonra “(Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[6]
26 iyul 2011-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 641) ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 2.3.1.6-cı yarımbəndində “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və ya” sözləri çıxarılmışdır.
[7]
1 mart 2005-ci il tarixli 202 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 160) ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"n 2.3.2-ci yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2.3.2. Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, o cümlədən faiz gəlirləri, dividentlər, valyuta aktivlərinin yenidən qiymətləndirilməsindən alınan gəlirlər və sair;
[8]
7 fevral 2003-cü il tarixli 849 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 81) ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"n 2.3-cü bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2.3. Neft Fondunun büdcəsinin gəlir maddələrini aşağıdakılar təşkil edir:
Azərbaycan Respublikasının payına düşən xam neftin və qazın satışından əldə edilən gəlirlər (qanunvericiliklə nəzərdə tutulmuş ödənişlər çıxılmaq şərti ilə);
bonus ödənişləri;
akrhesabı ödənişlər;
xarici şirkətlərlə bağlanmış müqavilələr çərçivəsində dövlət əmlakından istifadə üçün icarə haqqı;
xarici şirkətlərlə bağlanmış müqavilələrə uyğun olaraq Azərbaycan tərəfinə verilən aktivlərin satışından və digər daxilolmalardan əldə edilən gəlirlər;
xarici şirkətlərlə birgə fəaliyyət nəticəsində əldə edilən digər gəlirlər;
Neft Fondunun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər o cümlədən faiz gəlirləri, dividentlər, valyuta aktivlərinin yenidən qiymətləndirilməsindən alınan gəlirlər və sair;
qrantlar və digər təmənnasız yardımlar,
qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar.
[9]
1 mart 2005-ci il tarixli 202 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 160) ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"n 2.4-cü bəndinin üçüncü abzasından ",valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı" sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Neft Fondunun idarə edilməsi, o cümlədən aparatın saxlanılması, xarici məsləhətçilərin cəlb edilməsi, valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı və digər xərclər.
[10]
1 mart 2005-ci il tarixli 202 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 160) ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"n 3.3.1-ci yarımbəndi çıxarılmış və 3.3.2-ci, 3.3.3-cü, 3.3.4-cü və 3.3.5-ci bəndləri müvafiq olaraq 3.3.1-ci, 3.3.2-ci, 3.3.3-cü və 3.3.4-cü bəndləri hesab edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3.3.1. Neft Fondunun büdcəsinin tərtibi zamanı xərc maddələri əsasən Neft Fondunun vəsaitinin idarə edilməsindən proqnozlaşdırılan gəlir həcmi çərçivəsində nəzərdə tutulmalıdır.
[11]
1 mart 2005-ci il tarixli 202 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 160) ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"n 3.3.4-cü yarımbəndində "xərclər smetası" sözlərindən sonra ", vəsaitinin idarə edilməsinə xarici menecerlərin və məsləhətçilərin cəlb edilməsi ilə bağlı xərclər" sözləri əlavə edilmişdir.
12 may 2017-ci il tarixli 1377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 may 2017-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 781) ilə 3.3.4-cü yarımbəndə “smetası,” sözündən sonra “xarici valyuta məzənnələrinin dəyişkənliyi,” sözləri əlavə edilmişdir.
[12]
1 mart 2005-ci il tarixli 202 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 160) ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"n 3.4-cü bəndi çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
3.4. Neft Fondunun gəlir və xərcləri arasında fərqin istifadəsi
3.4.1. Neft Fondunun büdcəsi tərtib edildikdə proqnozlaşdırılan xərclərin gəlirlər üzərində üstünlük təşkil etməsinə yol verilmir.
3.4.2. Neft Fondunun büdcəsinin tərtibi zamanı proqnozlaşdırılan gəlirlər xərcləri üstələdikdə fərqi təşkil edən vəsait tam həcmdə Neft Fondunun idarə edilən vəsaitinə (investisiya portfelinə) əlavə edilir.
[13]
21 noyabr 2017-ci il tarixli 1685 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 noyabr 2017-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2024) ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda 4.1-ci bəndin birinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Neft Fondunun büdcəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi əlaqələndirilməklə tərtib edildikdən sonra Neft Fondunun büdcəsinin layihəsi hər il sentyabr ayının 5-dən gec olmayaraq aşağıdakı sənədlərlə birgə Neft Fondunun Müşahidə Şurasına rəy verilmək üçün Neft Fondunun İcraçı direktoru tərəfindən təqdim edilir:
[14]
21 noyabr 2017-ci il tarixli 1685 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 noyabr 2017-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2024) ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 4.1-ci bəndinə yeni məzmunda beşinci abzas əlavə edilmişdir.
[15]
1 mart 2005-ci il tarixli 202 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 160) ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"n 4.2-ci bəndində "sentyabr ayının 20-dək" sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
4.2. Hər il sentyabr ayının 20-dək Neft Fondunun büdcə layihəsi və bu Qaydaların 4.1-ci bəndində qeyd edilən sənədlər Müşahidə Şurasının rəyi ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təsdiq olunmaq üçün təqdim edilir.
21 noyabr 2017-ci il tarixli 1685 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 noyabr 2017-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2024) ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 4.2-ci və 6.2-ci bəndlərinə “Müşahidə Şurasının” sözlərindən sonra “və Azərbaycan Respublikası Hesablama Palatasının” sözləri əlavə edilmişdir və həmin bəndlərdə “rəyi” sözü “rəyləri” sözü ilə əvəz edilmişdir.
[16]
1 mart 2005-ci il tarixli 202 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 160) ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"n 5.1.2-ci yarımbəndi çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
5.1.2. Neft Fondunun büdcəsi çərçivəsində xərclərin maliyyələşdirilməsi məqsədi ilə Neft Fondunun maliyyə ili ərzində daxil olan gəlirlərinin yığıldığı hesabların cari məcmu qalığı Neft Fondunun proqnozlaşdırılan illik xərclərinin və icra edilmiş xərclərinin fərqindən az olmamalıdır. Daxil olan gəlirlərin bu fərqdən artıq olan hissəsi hər rüb Neft Fondunun investisiya portfelinə əlavə edilir.
[17]
1 mart 2005-ci il tarixli 202 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 160) ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"n 5.1.4-cü yarımbəndi çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
5.1.4. Neft Fondunun büdcəsinin icrası zamanı maliyyə ilinin əvvəlində proqnozlaşdırılan gəlirlər kifayət qədər olmadıqda, xərc maddələrinin maliyyələşdirilməsi üçün Neft Fondunun investisiya portfelindən maliyyə ili üçün təsdiq olunmuş rüblük xərclərdən artıq olmayan həcmdə vəsait ayrılaraq istifadə edilir. Cari ildə gəlirlər daxil olduqda istifadə edilmiş həcmdə vəsait investisiya portfelinə geri ödənilir.
[18]
1 mart 2005-ci il tarixli 202 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 160) ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"n 5.1.6-cı yarımbəndindən "xərc maddələrinin maliyyələşdirilməsi üçün istifadə oluna bilməz və tam həcmdə rüblük olaraq" sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
5.1.6. Neft Fondunun büdcəsinin icrası zamanı proqnozlaşdırıldığından artıq gəlir əldə edildikdə və ya xərc maddələri hər hansı səbəbdən yerinə yetirilmədikdə əmələ gələn sərbəst vəsait xərc maddələrinin maliyyələşdirilməsi üçün istifadə oluna bilməz və tam həcmdə rüblük olaraq Neft Fondunun investisiya portfelinə yönəldilir.
[19]
1 mart 2005-ci il tarixli 202 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 160) ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"n 6.1-ci bəndində "rüblük hesabatlar" sözləri "rüblük məlumatlar və illik hesabat" sözləri ilə əvəz edilmişdir.
12 may 2017-ci il tarixli 1377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 may 2017-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 781) ilə 6.1-ci bəndə yeni məzmunda ikinci və üçüncü cümlələr əlavə edilmişdir.
[20]
21 noyabr 2017-ci il tarixli 1685 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 noyabr 2017-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2024) ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 6.1-ci bəndinə “Müşahidə Şurasına” sözlərindən sonra “, Azərbaycan Respublikasının Hesablama Palatasına” sözləri və yeni məzmunda ikinci abzas əlavə edilmişdir.
[21]
19 iyul 2019-cu il tarixli 790 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2019-cu il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1237) ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 6.2-ci bəndində “aprel” sözü “iyun” sözü ilə əvəz edilmişdir.
[22]
1 mart 2005-ci il tarixli 202 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 160) ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"n 6.3-cü bəndində "rüblük hesabatlar" sözləri "rüblük məlumatlar və illik hesabat" sözləri ilə əvəz edilmişdir.
21 noyabr 2017-ci il tarixli 1685 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 noyabr 2017-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2024) ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 6.3-cü bəndində “Neft Fondunun Müşahidə Şurasının rəyi və” sözləri “Neft Fondu Müşahidə Şurasının və Azərbaycan Respublikası Hesablama Palatasının rəyləri, habelə” sözləri ilə əvəz edilmişdir.