AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.10.2001
QEYDİYYAT NÖMRƏSİ
161
ADI
Uşaq-Gənclər İdman məktəbləri və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2001, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 656)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.10.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
230.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Uşaq-Gənclər İdman məktəbləri və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında

Uşaq-Gənclər İdman məktəbləri və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında [1]

 

Azərbaycan RESPUBLİKASI NAZİRLƏR KabİnetİnİN Qərarı

 

 Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə razılaşdırılmış təklifini  nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Uşaq-Gənclər İdman məktəbləri və ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Nizamnaməsi»  təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini A. ABBASOV.

 

Bakı şəhəri, 12 oktyabr 2001-ci il

                     № 161

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 12 oktyabr tarixli 161 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Uşaq-gənclər idman məktəbləri və ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəblərinin

 

NÜMUNƏVİ NİZAMNAMƏSİ [2]

 

1. Uşaq-Gənclər İdman məktəblərİ və İxtİsaslaşdırılmış Olİmpİya Ehtİyatları Uşaq-Gənclər İdman məktəblərİnİn məqsəd və vəzİfələrİ [3]

 

 Uşaq-Gənclər İdman məktəbləri (bundan sonra—UGİM) və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbləri  (bundan sonra—İOEUGİM) məktəbdənkənar, sosial məqsədyönlü müəssisədir, öz fəaliyyətini uşaq, yeniyetmə və gənclərin ahəngdar  inkişafına, bədən tərbiyəsi və idman vasitəsilə sağlamlığının və fiziki hazırlığının möhkəmləndirilməsinə, yerləşdiyi ərazidə ümumi təhsil müəssisələri ilə fiziki tərbiyə işində istiqamətləndirici rol oynamasına və respublikada yüksək səviyyəli idmançıların hazırlanmasının başlanğıc  və orta mərhələlərinin əhatə edilməsinə yönəldir.

 UGİM və İOEUGİM öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin  fərman və sərəncamlarını, Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.

 İdman məktəbi (UGİM, İOEUGİM) hüquqi şəxsdir, möhürü, ştampı vardır, əmlak hüququna malikdir, məhkəmədə və arbitrajda öz  marağını müdafiə edə bilər, banklarda büdcə hesabı, digər hesablaşma hesabları və rekvizitləri ola bilər.

 UGİM və İOEUGİM-nin açılması bu Nizamnaməyə müvafiq olaraq aşağıdakı şərtlərlə həyata keçirilir:

 təlim-məşq prosesinin təşkili üçün özünün və yaxud icarəyə götürülmüş idman bazasının olması;

  bir idman növü üzrə minimum 14 qrupun fəaliyyətini təmin etmək üçün maliyyə vəsaitinin olması;

  açılması nəzərdə tutulmuş idman növü üzrə ixtisaslı məşqçi-müəllim kadrlarının olması.

 Respublikada UGİM, İOEUGİM-nin açılması, bağlanması, həmçinin ayrı-ayrı idman növləri üzrə bölmələrin açılması, bağlanması,  dəyişdirilməsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə razılaşdırıldıqdan sonra həyata keçirilir.

2. İdman məktəbİnİn fəalİyyətİ

 İdman məktəbləri tabeçiliyində olduqları təşkilatlar tərəfindən ona həvalə edilmiş idman növlərini, maddi-texniki bazasını, maliyyə vəsaitini  nəzərə alaraq fəaliyyət proqramı hazırlayır və kollektivin pedaqoji şurasında təsdiq edir.

 UGİM və İOEUGİM qrupları ümumi təhsil, peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələrindən, gənclər və hərbi qulluqçulardan komplektləşdirilir. [4]

 UGİM və İOEUGİM-ə qəbul olunanların yaş həddi və burada təlim-məşq prosesi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin hazırlıq normativlərinə əsasən müəyyən olunur və həyata keçirilir.

 Təlim-məşq qrupları ibtidai hazırlıq keçmiş və ümumi fiziki hazırlıq və xüsusi idman hazırlığı üzrə qəbul normativlərinin tələblərini yerinə  yetirmiş yeniyetmələrdən komplektləşdirilir.

 İdman təkmilləşdirmə qrupları təlim-məşq qruplarında hazırlıq mərhələsi keçmiş və xüsusi fiziki və idman hazırlığı üzrə qəbul  normativlərini yerinə yetirmiş idmançılardan komplektləşdirilir.

 Yüksək idman ustalığı qrupları bundan əvvəlki hazırlıq mərhələlərini keçmiş və respublika milli yığma komandasına namizəd tələblərinə  uyğun gələn idmançılardan komplektləşdirilir.

 İdmançılar növbəti ilin tədris qrupuna xüsusi fiziki hazırlıq üzrə test normativ göstəricilərinə görə məşqçilər şurasının qərarı ilə keçirilir. Bir  qayda olaraq həmin tələbləri yerinə yetirməyən idmançılar növbəti tədris ilinə keçirilmir.

 Bəzi hallarda məşqçilər şurasının qərarı ilə təkrar tədrisə icazə verilə bilər, lakin təkrar tədris həmin hazırlıq mərhələsində bir dəfədən çox  olmamalıdır.

 Müəyyən olunmuş yaşa çatmayan, lakin əvvəlki tədris ilinin normativ tələblərini yerinə yetirmiş ayrı-ayrı şagirdlər həkimin razılığı və  pedaqoji şuranın qərarı ilə vaxtından əvvəl növbəti tədris ilinə keçirilə bilər.

 İdman məktəblərində idman üzrə məşqçi-müəllimlərin illik dərs yükü qanunvericiliyə uyğun olaraq hər il sentyabr ayının 1-də məktəbin  rəhbərliyi tərəfindən təsdiq edilir.

 İdman məktəblərinə qəbul hər il sentyabr-oktyabr aylarında həyata keçirilir. Bu zaman qəbul olunanın ərizəsi, sağlamlıq haqqında tibbi  arayışı (ibtidai hazırlıq qruplarına yerli poliklinikadan, tədris-məşq qruplarına Respublika İdman Tibb Mərkəzindən) təqdim edilməlidir.

 Bütün hazırlıq mərhələlərini keçmiş və buraxılış normativlərini ödəmiş şagirdlər idman məktəbini bitirmiş hesab olunurlar.

 UGİM və İOEUGİM-in məzunlarına idmançı vəsiqəsi verilir. Şagirdlərin qəbulu və buraxılışı idman məktəbi direktorunun əmri ilə  rəsmiləşdirilir.

 İOEUGİM-in yetirmələri idman ustalığını artırmaq üçün müqavilə əsasında idman təmayüllü internat məktəbinə, Yüksək İdman Ustalığı  məktəbinə, idman oyun növləri üzrə ustalardan ibarət komandalara göndərilə bilər. Bu halda idmançılar UGİM qruplarının say tərkibinə  daxil olmur, lakin həmin məktəbin komandasında yarışlarda çıxış edə bilərlər. Qrupu doldurmaq üçün əvvəlki tədris ilindən olan idmançılar  həmin qrupa qəbul edilə bilərlər. Bu halda təlim-məşq rejimi və qrupun say tərkibi olimpiya dövrünün axırına kimi saxlanılır, rəhbər  işçilərin və mütəxəssislərin əmək haqqının ödənilməsi həmin məktəblərin nomenklaturasında qalır.

3. UGİM və İOEUGİM İşçİlərİnİn tərkİbİ və say normatİvlərİ

Untitled-1 copy

Fəaliyyət xüsusiyyətini nəzərə alaraq təlim-məşq prosesinin səmərəliliyini təmin etmək məqsədilə UGİM, İOEUGİM-in ixtisaslaşdırılmış  avtonəqliyyat növləri, avtobuslar, qayıq, silah, atdaşıyan maşınlar, velosipedləri daşıyan, idman yerişi idmançılarını uzaq məsafəyə müşayiət  etmək üçün xüsusi avtonəqliyyat, üzgüçülük vasitələri olan motorlu qayıqlar, katerlər və başqa nəqliyyat vasitələri olmalıdır.

 Nəzdində 40 və daha artıq qrupları olan UGİM, İOEUGİM-lərə bu Nizamnamədə göstərilmiş ştatlardan əlavə olaraq təlimatçı, həkim və  tibb bacısı ştatı verilə bilər.

UGİM və İOEUGİM-in özünün binası, idman, qurğusu, stadionu, idman zalları, xüsusi idman texnikası:  avtonəqliyyat, idman qayıqları, katerləri, atdaşıyan avtomobilləri, velosipedləri, gimnastika ləvazimatı, atıcılıq üçün silah və başqa texnika  və s. qurğu, texniki ləvazimat olduğu üçün onlara texniki xidmət göstərilməsi və təmir işlərinin aparılması məqsədilə respublikada qəbul  edilmiş normalara uyğun olaraq bu məktəblərə aşağıdakı ştatlar ayrılır:

1.       Rəhbərin təsərrüfat üzrə müavini 

2.       Anbardar 

3.       Qarderobçu 

4.       Baytar 

5.       Nalbənd 

6.       Bağban 

7.       Avtomobil sürücüsü 

8.       Texniki idman növləri üzrə mexanik 

9.       At təlimçisi 

10.   Mehtər 

11.   At treninqi fəhləsi 

12.   Gözətçi 

13.   Ocaqçı 

14.   Təlimçi-çilingər 

15.   Yardımçı fəhlə 

16.   İdman silahının (qurğularının) təmirçisi 

17.   İdman qayıqlarının (gəmilərinin) təmirçisi 

18.   İstehsalat sahəsini və xidmət otaqlarını yığışdıran 

19.   Kimyəvi sutəmizləmə operatoru 

20.   Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru

 4. İxtİsaslaşdırılmış Olİmpİya Ehtİyatları

Uşaq-Gənclər İdman Məktəbİ

 İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi gənc idmançıların hazırlanmasında yüksək iş səviyyəsinə nail olmuş  müvafiq UGİM-in əsasında yaradılır. UGİM-in İOEUGİM-ə keçməsi üçün idman növü üzrə hər şöbədə iki idman təkmilləşmə qrupunun  olması vacibdir. Belə olduqda idman növü üzrə şöbə ixtisaslaşdırılmış sayılır və məktəbin rəhbər işçilərinin və idman növü üzrə məşqçilərin  vəzifə maaşına 15% əlavə edilir.

 İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin əsas vəzifəsi respublikanın milli yığma komandalarına və oyun  idman növləri üzrə ustalarından ibarət komandalarına yüksək dərəcəli idmançılar hazırlamaqdır. İOEUGİM-in tərkibini təlim-məşq  qrupları, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq edilmiş yüksək idman ustalığı qrupları təşkil  edir.

 Ayrı-ayrı hallarda həmin idman növü üzrə UGİM olmayan yerdə İOEUGİM-ə ibtidai hazırlıq qrupları saxlamağa icazə verilə bilər.

 İbtidai hazırlıq qruplarının sayını İOEUGİM-in mənsub olduğu təşkilat müəyyən edir.

 Olimpiya dövrü qurtardıqdan sonra əvvəlki illərin nəticələrinə görə İOEUGİM şəbəkəsi müəyyən olunmuş qaydada yenidən təsdiq edilir.

 Milli yığma komandalara namizədlər və ehtiyat idmançıların hazırlanması işində göstəricilər aşağı düşdükdə tabeçiliyində olduğu təşkilatın qərarı və Gənclər və İdman Nazirliyinin razılığı ilə İOEUGİM, UGİM üçün nəzərdə tutulmuş əmək haqqı rejiminə keçirilir. Ölkənin  yığma komandalarına ehtiyat idmançılar hazırlanması işi yaxşılaşdıqda, həmin məktəb yenidən ümumi əsaslarla İOEUGİM  nomenklaturasına qayıda bilər. Qeyd edilən statusun verilməsi haqqında qərar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə razılaşdıqdan sonra məktəbin pedaqoji şurası tərəfindən qəbul edilir.

5. UGİM, İOEUGİM-də tədrİs qruplarının komplektləşdİrİlməsİ və təlİm-məşq İşİnİn rejİmİ

 Tədris qruplarının komplektləşdirilməsinin əsasını idman ustalığının formalaşması, yaş qanunauyğunluğunu nəzərə almaqla çoxillik  hazırlığın elmi cəhətdən əsaslandırılmış sistemi təşkil edir.

 Həftəlik təlim-məşq yükünün artırılması və şagirdlərin növbəti tədris qrupuna keçirilməsi məşqetmə stajından, ümumi və xüsusi hazırlıq  üzrə yoxlama normativlərinin yerinə yetirilməsi səviyyəsindən asılıdır.

 Müəyyən olunmuş həftəlik təlim-məşq yükü maksimum yükdür. İdman növünün xüsusi təyinatından və hazırlıq mərhələsindən (keçid,  hazırlıq, yarış) asılı olaraq, üçüncü tədris ilinin təlim-məşq qruplarından başlayaraq həftəlik təlim-məşq yükü həmin qrup üçün müəyyən  olunmuş ümumi plan həddində (2 saatdan çox olmamaqla) artırıla, yaxud azaldıla bilər.

 İdman növünün xüsusiyyətini və məktəbin imkanlarını nəzərə alaraq qruplardakı şagirdlərin minimum say tərkibi artırıla bilər.

 52 həftəlik təlim-məşq proqramının 46 həftəsi əsas stasionar bazada, 6 həftəsi sağlamlıq-idman düşərgələrində məşq və fəal istirahət üçün  nəzərdə tutulur.

 Təlim-məşq prosesinin əsas formaları qrup halında keçirilir. İdman təkmilləşməsi və idman ustalığı qruplarının məşq prosesi (fərdi planlar  da daxil olmaqla) təlim-məşq, nəzəri məşğələlər, tibbi bərpa, yarışlarda və təlim-məşq toplanışlarında iştirak etməklə həyata keçirilir.

 Hər məşğələ üçün maliyyə xərci ayrılarkən tədris saatı müasir beşnövçülük üzrə 2,5 dəfə, idman və bədii gimnastika, fiqurlu konkisürmə,  suyatullanma, akrobatika, sinxron üzgüçülük, su xizəyi üzrə 2 dəfə, yüngül atletika onnövçülüyü, beşnövçülük və at idmanı üzrə 1,5 dəfə  artırılmaqla məşqçilərin əmək haqqı tədris proqramına daxil olan növlər üzrə ödənilməlidir.

 İdman gimnastikası və bədii gimnastika, konkisürmə bölmələrində təlim-məşq saatlarının 70 faizi musiqi ilə keçirilir. Akrobatika, batutda  tullanma bölmələrində musiqi müşayiətçisinin maaşı tədris planı üzrə və xoreoqrafiyaya ayrılmış ümumi saatların sayı hesabına verilir.  İdman məktəbləri şagirdlərin il boyu tədris məşğələlərinin, qış və yay tətili dövründə isə fəal istirahətinin təmin edilməsi üçün sağlamlıq  idman düşərgələri təşkil edirlər. Uşaq-Gənclər İdman məktəbləri üçün sağlamlıq idman düşərgələri müəyyən olunmuş qaydada sağlamlıq  idman düşərgələri haqqında Nizamnaməyə müvafiq olaraq yaradılır və özünün fəaliyyətini həmin Nizamnaməyə uyğun həyata keçirir.

 Rəsmi yarışlarda iştirak etməyə buraxılmış komandaları və idmançıları hazırlamaq üçün UGİM və İOEUGİM-ləri təlim-məşq işinə ayrılmış  vəsaitdən kənara çıxmadan respublika yarışları ərəfəsində 15 günə qədər, beynəlxalq yarışlar ərəfəsində 20 günə qədər təlim-məşq toplanışı  keçirə bilərlər.

6. İdman məktəbİnİn İdarə olunması

 UGİM və İOEUGİM-ə bədən tərbiyəsi təhsilli, uşaq və yeniyetmələrlə 5 il iş təcrübəsi olan mütəxəssislərdən təyin olunmuş direktor başçılıq  edir. O, məktəbin fəaliyyətinin bütün istiqaməti üzrə işin təşkilinə məsuliyyət daşıyır.

 Pedaqoji şura ilə birgə direktor məktəbin inkişafı üzrə əsas istiqaməti müəyyənləşdirir, onun mənafeyini dövlət və ictimai orqanlarda təmsil  edir. Təsərrüfat fəaliyyəti ilə bağlı idman məktəbinin bütün məsələlərini həll edir. İdman məktəbinə ayrılan vəsaitin rasional xərclənməsini  təmin edir, tarifləşmə üzrə tədris proqramlarının yerinə yetirilməsinə və təlim-məşq prosesinin səmərəliliyinə nəzarəti təşkil edir. Maddi  tədris bazasının uçotunu, saxlanmasını, toplanılmasını, habelə, sanitar-gigiyena qaydalarına riayət olunmasını, əməyin mühafizəsini,  təhlükəsizlik texnikası və yanğına qarşı müdafiəni təmin edir. Kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirir, əmək  qanunvericiliyinə və daxili intizama əsasən işçilərin vəzifə borclarını yerinə yetirmələrinə nəzarət edir.

 Direktor ölkədə bədən tərbiyəsi və idmanın istiqamətini və perspektivliyini müəyyən edən normativ sənədləri, pedaqogikanın,  psixologiyanın, uşaqların fiziologiyası və gigiyenasının əsaslarını bilməlidir.

 İdman məktəblərinin direktoruna, tədris-hissə müdirinə, təlimatçı-metodistə öz məktəbində ayda orta hesabla bir stavkadan çox olmayaraq  dərs yükü aparmağa icazə verilir.

 Məktəbin məşqçi-müəllim heyəti bir qayda olaraq, bədən tərbiyəsi təhsilli mütəxəssislərdən komplektləşdirilir. İbtidai hazırlıq qruplarına  dərs keçmək üçün məşqçi-müəllim heyəti kifayət etmədikdə, bu işə saat-hesabı əmək haqqı verməklə bədən tərbiyəsi müəllimlərini,  təlimatçıları və digər fiziki tərbiyə müəssisələrinin, həmçinin, bədən tərbiyəsi institutlarının müvafiq idman növləri üzrə xüsusi məşqçilik  kursları keçmiş tələbələrini və idman ustalarını cəlb etmək olar.

 İdman üzrə məşqçi-müəllimlər dərs prosesi vaxtı uşaqların təhlükəsizliyinə və sağlamlığına cavabdehdir, onlar qrupların  komplektləşdirilməsinə, şagirdlərlə tərbiyə və təlim-məşq işlərinin aparılmasına, dərs proqramlarının yerinə yetirilməsinə məsuliyyət daşıyır.  Onlar məşğul olanların vaxtında tibbi müayinədən keçməsinə və onlara dispanser qayğısı göstərilməsinə nəzarət edir, fərdi qabiliyyətləri  nəzərə alınmaqla idman təkmilləşməsi və yüksək idman ustalığı qruplarının hər bir idmançısı üçün təlim-məşq planı hazırlayır, intizama  baxır və davamiyyətə nəzarət edir, ümumi və xüsusi fiziki, texniki və idman hazırlığının müntəzəm uçotunu aparırlar.

 İdman üzrə məşqçi-müəllimlər müntəzəm olaraq öz ixtisaslarını artırır, təlim-məşq, müasir metodika məsələləri üzrə konfranslarda iştirak  edir, tərbiyə və təlim-məşq işlərinin təşkilində və keçirilməsində ümumi təhsil müəssisələrinə və başqa təhsil müəssisələrinə metodiki kömək  göstərir, nümunəvi çıxışlar və məşğələlər keçirir, təlim-məşq prosesinin təkmilləşməsi üzrə təkliflər işləyib hazırlayırlar. [5]

 İdman növləri üzrə bölmələrdə direktorun əmri ilə azı dördillik məşqçi-müəllim təcrübəsinə malik, tam dərs yükü ilə işləyən 3  məşqçi-müəllimdən biri baş məşqçi-müəllim təyin edilə bilər. Bu zaman iki nəfər yarımştatlı məşqçi bir ştatlı məşqçi sayılır. Bu  məşqçi-müəllim bütövlükdə bölməyə rəhbərlik edir, həm də ibtidai hazırlıq, təlim-məşq, idman təkmilləşməsi, yüksək idman ustalığı  qruplarına, habelə, oğlan və qız bölmələrinə rəhbərlik edir. Bölmə üzrə baş məşqçi-müəllim qrupların düzgün komplektləşdirilməsinə və  dərəcəli idmançılar üçün perspektiv planların hazırlanmasına, idman yarışlarının keçirilmə qaydalarına riayət olunmasına məsuliyyət  daşıyır. İdman bölmələrinin baş məşqçilərinin əmək haqları onlar üçün təsdiq olunmuş aylıq vəzifə maaşının 15 faizi həcmində artırılır.

 UGİM-də əvəzetmə ümumi qaydalara əsasən müdiriyyətin əmri ilə həyata keçirilir.

 İdman məktəblərinin məşqçi-müəllim heyətinin işi aşağıdakı şərtlərlə qiymətləndirilir:

 Nizamnamə tələblərinin yerinə yetirilməsi də daxil olmaqla, şagirdlərin UGİM proqramını mənimsəmə səviyyəsinə, müsabiqə ilə  təlim-məşq qruplarına daxil olan şagirdlərin sayına, kütləvi idman işlərinin təşkilində və keçirilməsində ümumtəhsil məktəblərinə  kömək göstərilməsinə görə; [6]

  təlim-məşq qruplarının tərkibinin sabitliyinə, ümumi və xüsusi fiziki hazırlıq üzrə normativ göstəricilərin yerinə yetirilməsinə,  yarışlarda qazanılmış nəticələrə, məzunlardan ictimai təlimatçılar və idman hakimləri hazırlanmasına görə;

  idman təkmilləşməsi qruplarında məşğul olanların proqram tələblərinin yerinə yetirilməsinə, o cümlədən respublika yarışlarında  göstərdiyi nəticəyə görə;

  yüksək idman hazırlığı qruplarında ölkənin yığma komandalarına (əsas və ehtiyat heyətlər) hazırlanmış namizədlərin sayına, onların  beynəlxalq yarışlarda çıxışına görə.

7. Pedaqojİ şura

 UGİM-də və İOEUGİM-də pedaqoji şura yaradılır və onun tərkibinə direktor (şuranın sədri), tədris hissə müdiri, baş təlimatçı-metodist,  təlimatçı-metodist, idman növləri üzrə baş məşqçi-müəllimlər, həkim, valideynlər komitəsinin sədri, təhsil idarələrinin, həmkarlar və digər  ictimai təşkilatların nümayəndələri daxil ola bilərlər.

 Pedaqoji şuranın iclasları hər rübdə azı bir dəfə keçirilir. Şura iclaslarında təlim-tərbiyə, metodiki və kütləvi idman işləri, həkim nəzarəti  üzrə məsələlər müzakirə edilir.

 İdman məktəblərində idman növləri üzrə məşqçilər şurası yaradılır. Şurada baş məşqçi-müəllimlərin rəhbərliyi altında ayda bir dəfədən az  olmayaraq təlim-məşq və tərbiyə işləri, idmançıların hazırlanmasının fərdi planlaşdırılması, onların yarışlarda iştirakı məsələlərinə baxılır,  məşqçi-müəllimlərin məşq prosesinin təkmilləşməsi üzrə təlimat və məruzələri dinlənilir, açıq məşq dərsləri keçirilir, müzakirə olunur və  təcrübə mübadiləsi aparılır.

8. Şagİrdlərİn hüquq və vəzİfələrİ

 UGİM, İOEUGİM-in şagirdləri təlim-məşq dərsləri zamanı və yarışlarda çıxış edərkən məktəbə mənsub inventardan, avadanlıqdan, idman  formasından və ayaqqabıdan, məktəbə və məktəbə tabe olan təşkilata mənsub idman qurğularından istifadə etmək hüququna malikdir.

 İdman nailiyyətlərinə, nümunəvi davranışına və ictimai həyatda fəal iştirak etdiyinə görə UGİM, İOEUGİM-in şagirdlərinin adı məktəbin  «Şərəf kitabına» yazılır, təşəkkür elan olunmaqla həvəsləndirilir, fəxri fərmanla təltif edilirlər.

 Daxili nizam-intizam qaydalarını pozduğuna görə şagirdlərə, pedaqoji şuranın qərarı ilə inzibati cəza (idman məktəbindən xaric edilməyə  qədər) tədbirləri tətbiq edilə bilər.

9. Həkİm nəzarətİ

 İbtidai hazırlıq qruplarında həkim nəzarəti ərazi poliklinikası tərəfindən həyata keçirilir.

 Təlim-məşq, idman təkmilləşməsi və yüksək idman ustalığı qruplarında məşğul olan şəxslərə həkim nəzarəti Respublika İdman Tibb  Mərkəzi tərəfindən həyata keçirilir.

 İdman məktəbinin həkimi təlim-məşq prosesinin və idman məktəbi yarışlarının tibbi xidməti təmin edir, məşq yükünün həcminə və  intensivliyinə nəzarət edir, idmançıların fərdi hazırlıq planlarının tərtibində və təsdiqində iştirak edir.

 Hər bir məşğul olan üçün müəyyən olunmuş qaydada həkim nəzarəti vərəqəsi doldurulur və həmin vərəqələr məktəbin tibb kabinetində,  ərazi poliklinikasının və ya Respublika İdman Tibb Mərkəzinin həkim nəzarəti kabinetində saxlanılır.

10. Məktəbİn sənədlərİ

 İdman məktəbinin aşağıdakı sənədləri olmalıdır:

  məktəbin direktoru tərəfindən təsdiq olunmuş illik iş planı;

  idman növləri üzrə tədris proqramı, idman tədbirlərinin illik təqvim planı (təşkilat, təsərrüfat işləri, tibb xidmətinin təminatı,  valideynlərlə, ümumi təhsil müəssisələri ilə iş, habelə məktəbdaxili nəzarətin təşkili, bölmələrin aylıq iş planı);

  tədris ili üçün təsdiq olunmuş idmançı şagirdlərin siyahısı;

  idman məktəbi işçilərinin vəzifəyə təyin və azad edilməsi, həmçinin şagirdlərin qəbulu, yerləşdirilməsi və buraxılışı üzrə əmrlər;

  idmançı şagirdlərin şəxsi vərəqəsi;

  idman növü üzrə məşqçi-müəllimlərin şəxsi vərəqəsi;

  idman məktəbinin direktoru tərəfindən təsdiq olunmuş dərs cədvəli və məşqçi-müəllimlərin tarifləşmə siyahısı;

  məşqçi-müəllimlərin idman növləri üzrə qeydiyyat jurnalı;

  idman təkmilləşməsi və yüksək idman ustalığı tədris qruplarında təlim məşğələlərinin illik planı;

  yarış protokolları, qəbul, yoxlama və buraxılış normativlərinin protokolları, onların ümumi və xüsusi fiziki və texniki hazırlıq üzrə  yerinə yetirilməsinin təhlili və keçirilən sınaq tədbirlərinin qrafiki. [7]

11. İdman məktəbİnİn malİyyə-təsərrüfat fəalİyyətİ

 İdman məktəbinin maliyyə vəsaiti aşağıdakılardan ibarətdir:

 büdcə vəsaiti və ya tabeliyində olduğu təşkilatın vəsaiti;

  əhaliyə pullu xidmətdən və ödənişli qruplardan əldə olunan gəlirlər;

  idarə, təşkilat, müəssisə, kooperativ, ayrı-ayrı şəxslərin və s. könüllü ianələri.

 Bu vəsait məktəbin əsas fəaliyyəti, idman tədbirlərinin keçirilməsi və sosial inkişafı ilə bağlı məsələlərin həllinə yönəldilir.

12. Beynəlxalq əlaqələr

 UGİM və İOEUGİM xarici dövlətlərin idman təşkilatları ilə qanunvericiliklə müəyyən olunmuş qaydada əlaqələr yaratmaq, məşqçilərin  ixtisasını artırmaq üçün təcrübə mübadiləsi, yoldaşlıq matçları və görüşlər keçirmək və s. hüquqlara (ölkənin idman növləri üzrə yığma  komandalarının məşq rejimini və yarış təqvimini nəzərə almaq şərtilə) malikdir.

13. Hesabat və uçot

 İdarə öz işinin nəticələrini, operativ və mühasibat uçotunu, statistika hesabatını aparır.

 İdman məktəbi hər ilin yekunları üzrə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və tabeliyində olduğu təşkilata  «İdman-3» formalı hesabat təqdim edir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 may 2006-cı il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463)

2.       29 mart  2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264)

  1. 19 dekabr 2018-ci il tarixli 541 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2737)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 mart  2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə adında və 1-ci bəndində ismin müvafiq hallarında «Əsasnaməsi» sözü ismin müvafiq hallarında «Nizamnaməsi» sözü ilə əvəz edilmişdir.

 

[2] 2 may 2006-cı il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463)  ilə «Uşaq-Gənclər İdman məktəbləri və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Əsasnaməsi»nin adında və mətn üzrə ismin müvafiq hallarında «Əsasnamə» sözü ismin müvafiq hallarında «Nizamnamə» sözü ilə əvəz edilmişdir.

 

[3] 2 may 2006-cı il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463) ilə “Uşaq-Gənclər İdman məktəbləri və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 oktyabr tarixli 161 nömrəli qərarının preambulasında, həmin qərarla təsdiq edilmiş “Uşaq-Gənclər İdman məktəbləri və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Əsasnaməsi”nin 1-ci bölməsinin səkkizinci abzasında və 2-ci bölməsinin üçüncü abzasında, 4-cü bölməsinin ikinci və altıncı abzasında və 13-cü bölməsinin ikinci abzasında “Gənclər, İdman və Turizm” sözləri “Gənclər və İdman” sözləri ilə əvəz edilmişdir.

 

[4] 29 mart  2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə 2-ci bölmənin ikinci abzasında «ümumtəhsil məktəbləri, texniki peşə məktəbləri» sözləri «ümumi təhsil, ilk peşə-ixtisas təhsili» sözləri ilə əvəz edilmişdir.

19 dekabr 2018-ci il tarixli 541 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2737) ilə “Uşaq-gənclər idman məktəbləri və ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəblərinin Nümunəvi Nizamnaməsi”nin 2-ci hissəsinin ikinci abzasında “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

 

[5] mart  2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə 6-cı bölmənin yeddinci hissədə «ümumtəhsil məktəblərinə» sözləri «ümumi təhsil müəssisələrinə» sözləri ilə əvəz edilmişdir.

 

[6] mart  2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə 6-cı bölmənin onuncu hissənin ikinci abzasında «əsasnamə» sözü «nizamnamə» sözü ilə əvəz edilmişdir.

 

[7] 29 mart  2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə 1-ci bölmənin birinci abzasında və 10-cu bölmənin ikinci abzasında «ümumtəhsil məktəbləri» sözləri «ümumi təhsil müəssisələri» sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status