×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
06.03.2014
QEYDİYYAT NÖMRƏSİ
312
ADI
2013-cü il dekabrın 5-də Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikası, Avropa İttifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə”nin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 08-03-2014, Nəşr nömrəsi: 51), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2014, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 266)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.03.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201403060312
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.03.2014
Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında

2013-cü il dekabrın 5-də Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikası, Avropa İttifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə”nin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il dekabrın 5-də Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikası, Avropa İttifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində göstərilən Birgə Bəyannamənin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 mart 2014-cü il

               № 312


Azərbaycan Respublikası, Avropa İttifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə

 

B İ R G Ə   B Ə Y A N N A M Ə

 

Azərbaycan Respublikası, Avropa İttifaqı və Avropa İttifaqının iştirakçı üzv dövlətləri, o cümlədən Çex Respublikası, Bolqarıstan Respublikası, Fransa Respublikası, Litva Respublikası, Niderland Krallığı, Polşa Respublikası, Slovakiya Respublikası və Sloveniya Respublikası (bundan sonra "İmzalayan tərəflər");

mövcud olan əməkdaşlığın, xüsusilə 1999-cu ilin Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və 2006-cı ilin Aİ-Azərbaycan Avropa Qonşuluq Siyasətinin Fəaliyyət Planı çərçivəsində çıxış edərək;

hazırkı Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəz etmək üçün 2010-cu ildən etibarən Azərbaycanla Assosiasiya Sazişi üzrə danışıqların aparıldığını xatırladaraq;

yaxşı idarə edilən miqrasiyanın və yerdəyişmənin miqrantlara və İmzalayan tərəflərə verə biləcəyi fayda və imkanları vurğulayaraq;

Azərbaycanla Avropa İttifaqı arasında insanların qarşılıqlı fayda verən hərəkətini asanlaşdırmaq, eyni zamanda, müvafiq beynəlxalq standartlara uyğun olaraq bu miqrasiya axınlarını daha yaxşı idarə etmək, o cümlədən qeyri-qanuni miqrasiyanın qarşısını almaq və onunla mübarizə aparmaqla bağlı qarşılıqlı öhdəliklərini təsdiq edərək;

Avropa İttifaqının Şurası tərəfindən 2012-ci ilin may ayında qəbul edilmiş "Miqrasiya və Yerdəyişməyə Qlobal Yanaşma"nı, Avropa İttifaqı ilə üçüncü ölkələr arasında dövri miqrasiya və yerdəyişmə üzrə tərəfdaşlıq barədə Avropa Komissiyasının 2007-ci il tarixli Məlumat Sənədini və Şuranın bununla əlaqədar 2007-ci il dekabr tarixli qənaətlərini, Avropa Komissiyasının Şərq Tərəfdaşlığı çərçivəsində Ədliyyə və daxili işlərin gücləndirilməsinə dair Məlumat Sənədini və Şuranın bununla əlaqədar 2011-ci il dekabr tarixli qənaətlərini xatırladaraq və 2009-cu il tarixli Praqa Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsini və 2011-ci il tarixli Varşava Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsini nəzərə alaraq;

Azərbaycanla Aİ arasında miqrasiya məsələlərində dialoqun gücləndirilməsi məqsəd ilə 2011-ci il iyunun 16-17-də Azərbaycana göndərilmiş Aİ Miqrasiya Missiyasını xatırladaraq;

Azərbaycanla bəzi üzv dövlətlər arasında miqrasiya ilə bağlı mövcud ikitərəfli sazişləri və razılaşmaları və eləcə də əməkdaşlıq sazişlərini tanıyaraq;

vizaların verilməsinin sadələşdirilməsi və qalma icazəsi olmayan şəxslərin geriyə qəbulu (readmissiyası) ilə bağlı sazişlərin gələcəkdə bağlanması və səmərəli yerinə yetirilməsi üzrə İmzalayan tərəflərin qəti öhdəliklərini yenidən təsbit edərək;

Avropa İttifaqının və onun üzv dövlətlərinin Avropa İttifaqının Fəaliyyətinə dair Müqavilədə təsbit olunmuş səlahiyyətlərinə xələl gətirməyərək;

qarşılıqlığa əsaslanan Yerdəyişmə üzrə Tərəfdaşlıq (YT) qurmağı qərara aldılar. Aİ ilə Azərbaycan arasında YT tərəfdaşlığa əsaslanacaq və aşağıdakı məqsədləri güdəcəkdir:

İmzalayan tərəflərin müvafiq səlahiyyətləri çərçivəsində və onların əmək bazarlarını və sosial-iqtisadi vəziyyətlərini nəzərə almaqla qanuni və əmək miqrasiyasını, o cümlədən dövri və müvəqqəti miqrasiyanı daha yaxşı idarə etmək;

əsas hüquqlara, habelə beynəlxalq hüquqa, o cümlədən qaçqınların müdafiəsi və insan hüquqları üzrə öhdəliklərə uyğun olaraq, xüsusilə səmərəli qayıdış və readmissiya siyasətinin təşviqi yolu ilə tənzimlənməyən miqrasiyanın, o cümlədən miqrantların qaçaqmalçılığının və insan alverinin qarşısını almaq və onunla mübarizə aparmaq;

beynəlxalq müdafiəni təşviq etmək və onun əlavə ölçüsünü gücləndirmək; və

insan hüquqlarına və müdafiəyə ehtiyacı olan şəxslərə dair beynəlxalq normalara hörmət etməklə və həmçinin ayrı-ayn miqrantların gələcəyini və İmzalayan tərəflərin sosial-iqtisadi vəziyyətlərini nəzərə almaqla miqrasiya və yerdəyişmənin inkişafa təsirini artırmaq.

Bu məqsədlə onlar xüsusilə aşağıdakı istiqamətlər üzrə miqrasiya və yerdəyişmə ilə əlaqədar dialoq və əməkdaşlığı daha da inkişaf etdirməyə çalışacaqlar:

 

Miqrasiyanın idarə edilməsi

 

1. Xüsusilə Azərbaycanın miqrasiyanı idarə etmə imkanlarını gücləndirməklə, o cümlədən səmərəli məlumat mübadiləsi və həmçinin hüquqi bazanın təkmilləşdirilməsi və onun yerinə yetirilməsinin monitorinqi sahəsində qurumlararası əməkdaşlıq və əlaqələndirməni dərinləşdirməklə, xüsusilə də ixtisaslı insan ehtiyatlarının inkişaf etdirməklə miqrasiyanın monitorinq edilməsi imkanlarının artırılması; Azərbaycanın miqrasiya profilinin yaradılması və müntəzəm olaraq yenilənməsinin dəstəklənməsi və miqrasiya ilə əlaqədar məlumatın toplanması və idarə olunmasının hüquqi və texniki çərçivələrinin bərqərar edilməsi, o cümlədən milli qurumlarla Avropa təsisatları, məsələn, FRONTEX və Azərbaycan arasında İşçi Razılaşma əsasında Avropa İttifaqı üzv dövlətlərinin Xarici Sərhədlərində Əməliyyat Əməkdaşlığının İdarə olunması üzrə Avropa Agentliyi (bundan sonra - FRONTEX) və Avropa Təlim Fondu (bundan sonra - ETF) arasında əməkdaşlığın inkişaf etdirilməsi.

 

Yerdəyişmə, qanuni miqrasiya və inteqrasiya

 

2. Qanuni və əmək yerdəyişməsi üzrə daha yaxşı çərçivənin təmin edilməsi, o cümlədən informasiya və konkret səmərəli təşəbbüslər və miqrantların müdafiəsinin dəstəkləndiyi müvəqqəti və dövri miqrasiyanı asanlaşdırmaq yolu ilə;

3. Potensial miqrantların qanuni miqrasiya, o cümlədən əmək miqrasiyası imkanları, habelə qanuni qalmanın şərtləri, eləcə də Aİ-nin üzv dövlətlərində təhsil almaq imkanları barədə məlumatlandırılması; əmək bazarı imkanlarını müqayisə etmək, İmzalayan tərəflərin bu sahədə səlahiyyətlərinə tam hörmət etmək, eləcə də Azərbaycan və Aİ-nin üzv dövlətlərində əmək bazarlarındakı müxtəlif vəziyyətləri və tələbatları nəzərə almaqla əmək miqrasiyasının təşviq -olunması imkanlarının araşdırılması və miqrantların məşğulluq şərtlərinə dair hüquqi çərçivənin inkişaf etdirilməsi; Azərbaycan və Avropa İttifaqında iş imkanları, əmək bazarlarının vəziyyəti və miqrasiya siyasəti barədə məlumatın təmin edilməsi;

4. Yola düşməzdən əvvəl təlimlərin, xüsusilə də peşə təhsili və hazırlığının və dil kurslarının təmin edilməsi; peşə təhsili və hazırlığı və ali təhsil sahəsində mübadilə proqramlarının və birgə proqramlarının, o cümlədən akademik və peşəkar hərəkətlilik sxemlərinin təşviq edilməsi və ya yaradılması;

5. Qanuni miqrantların və onların ailə üzvlərinin sosial müdafiəsinə daha çox diqqət yetirilməsi, o cümlədən sosial müdafiə ilə bağlı ikitərəfli sazişlər üzrə danışıqların və bu sazişlərin imzalanmasının təşviq edilməsi;

6. Xüsusilə Azərbaycanda Aİ-nin üzv dövlətlərinin diplomatik nümayəndəlikləri arasında əməkdaşlığı gücləndirməklə və ya üzv dövlətlərin artıq mövcud olan digər konsulluqları vasitəsilə təmsilçiliklərini təmin etməklə, Azərbaycan və Aİ-nin üzv dövlətlərinin konsulluq imkanlarının yaxşılaşdırılması və xüsusən də Aİ ilə Azərbaycan arasında viza prosedurlarının sadələşdirilməsinə dair Sazişin bağlanması və səmərəli şəkildə icrası vasitəsilə viza məsələləri ilə bağlı dialoqun dərinləşdirilməsi.


 

Qeyri-qanuni immiqrasiya və insan alveri ilə mübarizə, readmissiya, şəxsiyyəti təsdiq edən və səyahət sənədlərinin təhlükəsizliyi, sərhəd idarəçiliyi

 

7. İmzalayan tərəflərin qeyri-qanuni miqrasiya və insan alveri ilə mübarizə, inteqrə edilmiş sərhəd idarəçiliyinin gücləndirilməsi, o cümlədən ən yaxşı beynəlxalq standartlara uyğun olaraq sərhəd nəzarəti və sərhəd idarəetmə imkanlarının və transsərhəd əməkdaşlığın daha da yaxşılaşdırılması istiqamətində səylərinin artırılması; şəxsiyyəti təsdiq edən və səyahət sənədlərinin və yaşayış icazələrinin təhlükəsizliyinin gücləndirilməsi, qayıdış və readmissiya üzrə hərtərəfli əməkdaşlıq edilməsi;

8. Qeyri-qanuni miqrasiyanın qarşısının alınması və onunla mübarizə üzrə səmərəli mexanizmlərin və konkret təşəbbüslərin inkişaf etdirilməsi, həmçinin ictimaiyyətin məlumatlandırılması tədbirlərinin keçirilməsi;

9. Xüsusilə Aİ-Azərbaycan Readmissiya Sazişinin bağlanması və səmərəli şəkildə yerinə yetirilməsi və bu məsələlərə dair birgə proqramların həyata keçirilməsi vasitəsilə qayıdış üzrə əməli əməkdaşlığın gücləndirilməsi;

10. Şəxsiyyəti təsdiq edən sənədlərin təhlükəsizliyinin gücləndirilməsi, habelə barmaq izləri üzrə axtarış sistemlərini və çoxfunksiyalı elektron kimlik kartlarını tətbiq etməklə vətəndaşların kimliyinin müəyyənləşdirilməsinin asanlaşdırılması;

11. Aİ-nin üzv dövlətləri ilə Azərbaycanın müvafiq sərhəd mühafizə qurumları arasında əməli əməkdaşlığın yaxşılaşdırılması, məlumat və təcrübə mübadiləsi və risklərin təhlili kimi birgə əməliyyat tədbirləri vasitəsilə qeyri-qanuni miqrasiya və əlaqədar transsərhəd cinayətlərlə birgə mübarizənin təkmilləşdirilməsi. Bu kontekstdə FRONTEX məqsədəuyğun olduğu təqdirdə və şəkildə bu tərəfdaşlığa cəlb oluna bilər.

 

Miqrasiya və inkişaf

 

12. Azərbaycandan olan ixtisaslı miqrantları hədəf alan qayıdış siyasətləri vasitəsilə və işə qəbul etmənin ən yaxşı etik standartlarını nəzərə almaqla beyin axınının və beyin itkisinin mənfi təsirlərinin qarşısının alınması, azaldılması və ona qarşı fəaliyyətin həyata keçirilməsi; peşə və ixtisasların tanınmasının asanlaşdırılması; əməyin uyğunlaşdırılması vasitələrinin yaradılması; ETF-in dəstəyi ilə də daxil olmaqla, tələbə, tədqiqatçı və mütəxəssislərin mübadiləsinin, eləcə də təlim, müvəqqəti mübadilə və iş proqramlarının gücləndirilməsi;

13. Miqrantlara təlim və peşə ixtisaslarını təkmilləşdirmək imkanları verən və iş tapmaqda yardım edən xüsusi birgə proqramların həyata keçirilməsi yolu ilə öz ölkələrinə qayıdan miqrantların könüllü qayıdış və davamlı reinteqrasiyasının təşviq edilməsi və dəstəklənməsi; qayıdan miqrantların kövrək kateqoriyalarına müdafiə və yardımı ehtiva edən xüsusi birgə proqramların təmin edilməsi; sahibkarlığın inkişaf etdirilməsi və kiçik və orta sahibkarlıq sahəsində hüquqi çərçivənin yaradılması;

14. Xaricdə yaşayan azərbaycanlı icmalarla əməkdaşlığın gücləndirilməsi və bunun üçün, həmçinin, azərbaycanlı miqrantların öz mənşə ölkəsinə sənnayə qoyuluşunu artırmağa şərait yaradan proqramların dəstəklənməsi, eləcə də ailələrə göndərilən pul baratlarının ucuz və təhlükəsiz transferini təmin etmə və bunun inkişafa maksimum təsir etmə səylərinin dəstəklənməsi; ikiqat vergitutma və müəyyən hüquqların daşınmasının mümkünlüyünün araşdırılması sahəsində daha sıx əməkdaşlıq edilməsi; azərbaycanlı miqrantların təminatlı qayıdış və ya dövri miqrasiya fəaliyyətlərinə cəlb edilməsi.

 


Sığınacaq və beynəlxalq müdafiə

 

15. Azərbaycan Hökumətinin sığınacaq siyasətini həyata keçirmək və qabaqcıl beynəlxalq və Aİ standartlarına uyğun olaraq beynəlxalq müdafiəni təmin etmək imkanlarının gücləndirilməsi;

16. Spesifik sadələşdirilmiş prosedurların tətbiqi yolu ilə, xüsusi ehtiyacı olan şəxslər başda olmaqla, sığınacaq axtaranların qəbulunun və sığınacaq üçün müraciətlərin verilməsinin asanlaşdırılması.

 

Həyata keçirmə

 

17. Yerdəyişmə üzrə Tərəfdaşlıq, "Miqrasiya və Yerdəyişməyə Qlobal Yanaşma"ya uyğun olaraq, uzunmüddətli əməkdaşlıq çərçivəsi kimi qəbul edilir və siyasi dialoq və əməkdaşlığa əsaslanır. O, Azərbaycanla Avropa İttifaqı və onun üzv dövlətləri arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və ya onu əvəzləyəcək bir saziş və eləcə də Şərq Tərəfdaşlığı çərçivəsində mövcud əlaqələr əsasında inkişaf edəcək və zaman keçdikcə təkmilləşəcəkdir;

18. Aİ və onun üzv dövlətlərinin müvafiq səlahiyyətləri çərçivəsində təşəbbüsləri vasitəsilə, münasib prosedurlara və Aİ-nin üstünlük vermə prinsipinə uyğun olaraq, Avropa İttifaqı bu tərəfdaşlığın həyata keçirilməsinə töhfə vermək niyyətindədir. Aİ-nin qurumları, xüsusilə də ETF və FRONTEX, lazım gələrsə, bu tərəfdaşlığın həyata keçirilməsinə cəlb oluna bilərlər. Tərəfdaşlıq iştirak etmək istəyində olan istənilən Aİ-nin üzv dövləti üçün açıqdır;

19. Miqrasiya və sığınacaqla bağlı qarşılıqlı maraq doğuran məsələlərin və ehtiyacların müəyyənləşdirilməsi üçün İmzalayan tərəflər öz aralarında dialoq və məsləhətləşmələri tərəfdaşlıq ruhunda daha da inkişaf etdirmək niyyətindədirlər;

20. İmzalayan tərəflər ildə ən azı iki dəfə müvafiq səviyyədə, əməkdaşlıq və dialoq üçün mövcud olan struktur, o cümlədən Aİ-Azərbaycan Ədliyyə, Azadlıq, Təhlükəsizlik, İnsan Hüquqları və Demokratiya üzrə Alt-komitə çərçivəsində tərəfdaşlığın həyata keçirilməsini izləmək, prioritetləri yenidən nəzərdən keçirmək və ehtiyac olduğu təqdirdə, tərəfdaşlığı inkişaf etdirmək məqsəd ilə görüşmək niyyətindədirlər;

21. İmzalayan tərəflər öz aralarında gələcək əlaqələndirməni təmin etmək və bu tərəfdaşlığın həyata keçirilməsində təkrarçılığa yol verməmək məqsədi ilə, xüsusilə də Azərbaycanda olan müvafiq tərəfdaşları və maraqlı tərəfləri uyğun şəkildə əməkdaşlıq platforması vasitəsilə prosesə cəlb etməklə, yerlərdə əməli səviyyədə əməkdaşlıq etmək niyyətindədirlər;

22. Yerdəyişmə üzrə Tərəfdaşlığı həyata keçirmək məqsədi ilə, İmzalayan tərəflər onların mövcud maliyyə imkanlarından asılı olaraq, Aİ-yə gəldikdə isə həmçinin İttifaq və üzv dövlətlər arasında səlahiyyət bölgüsünə hörmət etməklə, müvafiq prosedurlara uyğun olaraq, Əlavədə göstərilmiş təşəbbüslərə münasibətdə öz niyyətlərini təsdiq edirlər. Onlar öz müvafiq səylərini yaxşı əlaqələndirmək niyyətindədirlər. Onlar Əlavəni təklif olunan fəaliyyət növləri ilə mütəmadi olaraq yeniləmək niyyətindədirlər;

23. Uyğun hesab edilən vaxtda İmzalayan tərəflər hazırkı Tərəfdaşlığın qiymətləndirilməsini həyata keçirəcəklər.

24. Bu Birgə Bəyannamənin müddəaları beynəlxalq hüquq baxımından hüquq və öhdəliklər yaratmır.

Brüssel şəhərində 5 dekabr 2013-cü il tarixində imzalanmışdır.

Azərbaycan Respublikası, Avropa İttifaqı və Avropa İttifaqının iştirakçı üzv dövlətləri, o cümlədən Çex Respublikası, Bolqarıstan Respublikası, Fransa Respublikası, Litva Respublikası, Niderland Krallığı, Polşa Respublikası, Slovakiya Respublikası, Sloveniya Respublikası adından (imzalar).

Azərbaycan Respublikası, Avropa İttifaqı və onun üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannaməyə dair

 

Ə L A V Ə

 

Yerdəyişmə üzrə Tərəfdaşlıq çərçivəsində İmzalayan tərəflər mövcud maliyyə imkanlarından asılı olaraq, Aİ-yə gəldikdə isə həmçinin İttifaq və üzv dövlətlər arasında səlahiyyət bölgüsünə hörmət etməklə və müvafiq prosedurlara uyğun olaraq bu Əlavədə sadalanan təşəbbüsləri həyata keçirmək niyyətlərini təsdiq edirlər.

İmzalayan tərəflər özlərinin səylərini müvafiq qaydada əlaqələndirməyi öz üzərlərinə götürürlər.

İmzalayan tərəflər bu Əlavəni, zərurət yarandıqda, müntəzəm qaydada yeniləməyi nəzərdə tuturlar.

 

I) Miqrasiyanın idarə edilməsi

 

Məqsəd: xüsusilə Azərbaycanın miqrasiyanın idarə edilməsi imkanlarının artırılması yolu ilə, miqrasiyanın monitorinqi imkanlarının gücləndirilməsinə dəstək verilməsi

miqrasiya axınları barədə analitik və statistik hesabatların hazırlanması imkanlarının gücləndirilməsi;

Azərbaycanın miqrasiya məlumat bazasının təkmilləşdirilməsi;

xüsusilə Miqrasiya İcmalının yenilənməsi vasitəsi ilə miqrasiyanın idarə edilməsi imkanlarının gücləndirilməsi;

Avropa İttifaqı üzv dövlətlərinin ixtisaslı işçilərə olan tələbatın müəyyən edilməsi üzrə müsbət təcrübələrinin təşviqi;

Azərbaycandan Avropa İttifaqına miqrasiya axınlarının monitorinqi;

əməyin idarə olunması və proqnozlaşdırılması üzrə təcrübə mübadiləsi.

 

II) Yerdəyişmə, qanuni miqrasiya və inteqrasiya

 

Məqsəd: qanuni və əmək yerdəyişməsi üzrə daha yaxşı çərçivənin təmin edilməsi, o cümlədən müvəqqəti və dövri miqrasiyanın asanlaşdırılması, potensial miqrantların Avropa İttifaqına qanuni miqrasiyanın yolları və üzv dövlətlərdə qanuni məşğulluq, habelə tənzimlənməyən miqrasiyanın riskləri barədə məlumatlandırılması; "yola düşmədən öncə təlim"in həyata keçirilməsi; tələbə və mütəxəssis mübadiləsinin təşviqi; akademik və peşə ixtisaslarının tanınması və Avropa İxtisas Çərçivəsi və ixtisaslara dair milli qanunvericilik üzrə məlumat mübadiləsi; qanuni miqrantların sosial müdafiəsi

potensial miqrantlara ünvanlanmış və miqrasiyanın qanuni yolları, təyinat ölkələrində miqrantların hüquq və vəzifələri, eləcə də tənzimlənməyən miqrasiyanın potensial riskləri kimi məsələləri əhatə edən məlumatlandırma kampaniyaları sahəsində miqrasiyanın idarə olunmasına məsul olan qurumların imkanlarının gücləndirilməsi;

qanuni vasitələrlə miqrasiya, həmçinin dövri miqrasiyanın mümkünlüyü haqqında məlumatların mübadiləsi;

Avropa İttifaqında tətbiq olunan immiqrasiya üzrə qayda və qanunlara dair məlumatın Azərbaycan dilində nəşri və yayılması;

miqrantların ixtisaslarının tanınmasının asanlaşdırılması sahəsində əməkdaşlıq;

inteqrasiya, reinteqrasiya və əməkçi miqrantların sosial müdafiəsi üzrə Avropa İttifaqı üzv dövlətlərinin təcrübəsinin öyrənilməsi;

tələbələrin və tədqiqatçıların dövri miqrasiyasının asanlaşdırılması;

tələbələrin və tədqiqatçıların Avropa İxtisas Çərçivəsi haqqında məlumatlandırılması.

III) Qeyri-qanuni miqrasiya və insan alverinə qarşı mübarizə, readmissiya, şəxsiyyəti təsdiq edən və səyahət sənədlərinin təhlükəsizliyi, sərhəd idarəçiliyi

 

Məqsəd: qeyri-qanuni miqrasiyanın qarşısının alınması və onunla mübarizə üçün səmərəli mexanizmlərin və konkret təşəbbüslərin irəli sürülməsi, readmissiya və reinteqrasiya prosedurlarının səmərəli şəkildə həyata keçirilməsi, şəxsiyyəti təsdiq edən sənədlərin təhlükəsizliyinin gücləndirilməsi və sərhəd nəzarəti və sərhəd idarəçiliyi imkanlarının artırılması

saxta və saxtalaşdırılmış sənədlərin aşkarlanması üzrə imkanların gücləndirilməsi;

qayıdış və readmissiyanın idarə olunması üzrə müsbət təcrübələrin təşviqi;

insan alverinə qarşı mübarizə sahəsində müsbət təcrübələrin təşviqi;

sərhəd təhlükəsizliyi sahəsində, o cümlədən İnteqrə edilmiş Sərhəd İdarəçiliyi çərçivəsində tədbirlər üzrə əməkdaşlıq;

sərhəd nəzarət və sərhəd idarə etmə imkanlarının gücləndirilməsi üzrə əməkdaşlıq, avadanlığın təminatı və sənədlərin yoxlanışını da əhatə edən təlimlər;

dövlət sərhədindən buraxılış məntəqələrində tətbiq edilən avtomatlaşdırılmış nəzarət və biometrik sistemlərə dair qabaqcıl standartların öyrənilməsi;

sərhəd qurumlarının heyətinin təlimçiləri üçün təlim.

 

IV) Miqrasiya və inkişaf

 

Məqsəd: miqrasiya və inkişaf arasında qarşılıqlı müsbət asılılığın təşviqi, beyin axını və beyin itkisinin mənfi təsirlərinin qarşısının alınması, azaldılması və ona qarşı fəaliyyətin həyata keçirilməsi, Azərbaycana qayıdan vətəndaşların Azərbaycanın əmək bazarına asan reinteqrasiyasının və onların özlərinin, habelə Azərbaycanın inkişafı naminə xaricdə əldə etdikləri bacarıqlarının və ixtisaslarının tanınması, xıisusilə miqrantların sahibkarlıq fəaliyyətinin təşviqi

qayıdan miqrantların reinteqrasiyası üçün davamlı proqramların hazırlanması, o cümlədən miqrant sahibkarlara dəstək və mikro bizneslərin yaradılması.

 

V) Sığınacaq və beynəlxalq müdafiə

 

Məqsəd: ən təkmil beynəlxalq standartlara və müvafiq beynəlxalq sənədlərə uyğun olaraq sığınacaq siyasətinin həyata keçirilməsi və beynəlxalq müdafiənin təmin edilməsi üçün Azərbaycan Hökumətinin imkanlarının gücləndirilməsi

insanların kövrək kateqoriyalarının ehtiyaclarına xüsusi vurğu etməklə, Avropa İttifaqı üzv dövlətlərinin sığınacaq prosedurları, o cümlədən sığınacaq axtaran şəxslərlə müsahibələrin keçirilməsi və keyfiyyətinin qiymətləndirilməsi, mənşə ölkəsi barədə məlumat, sığmacaq verilməsi ilə bağlı qərarların qəbul edilməsi və qərarlara tətbiq olunan meyarlar, qəbul edilmiş qərarların keyfiyyətinin dəyərləndirilməsi metodologiyası üzrə təcrübələrinin öyrənilməsi;

Avropa İttifaqı üzv dövlətlərində tətbiq olunan əlavə və müvəqqəti müdafiə formalarının öyrənilməsi;

Avropa İttifaqı üzv dövlətlərində qaçqın statusu almış və ya əlavə müdafiə formalarından yararlanan şəxslərin sosial problemlərinin həlli yolları, onların yerli cəmiyyətə inteqrasiyası və naturalizasiyası prosedurlarının öyrənilməsi;

EURODAC çərçivəsində tətbiq olunan qaydalar və prosedurların öyrənilməsi, o cümlədən sığınacaq axtaranların barmaq izlərinin toplanılması, onlar barədə fərdi məlumatların məlumat bazasında qeydiyyatı və bu cür məlumat bazasının idarə olunması.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status