2013-cü il iyunun 6-da Volqoqrad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında Saziş”in təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il iyunun 6-da Volqoqrad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2013-cü il
№ 946
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti,
Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işinin təmin olunmasının vacibliyini qeyd edərək,
elektroenergetika sahəsində gələcək qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi marağından çıxış edərək,
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında elektroenergetika sahəsində əməkdaşlıq haqqında 1995-ci il 7 oktyabr tarixli Sazişi nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işini təmin edən, o cümlədən aşağıdakıları nəzərdə tutan zəruri tədbirləri görür:
hər il Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları tərəfindən Azərbaycan Respublikasının enerji sistemindən Rusiyanın Vahid enerji sisteminə və (və ya) Rusiyanın Vahid enerji sistemindən Azərbaycan Respublikasının enerji sisteminə ötürülməsi (verilməsi) üçün planlaşdırılan elektrik enerjisinin həcminin razılaşdırılması;
Tərəflərin dövlətlərinin enerji sistemlərinin dövlətlərarası elektrik verilişi xətlərinin tərkibinə daxil olan elektrik şəbəkə təsərrüfatı obyektlərinin və əks-qəza avtomatika vasitələrinin lazımi texniki vəziyyətinin və istismarının təmin edilməsi, o cümlədən Tərəflərin dövlətlərinin enerji sistemlərinin sistem avtomatikası vasitələrinin istismara verilməsi barədə razılaşdırılmış layihə qərarlarının həyata keçirilməsi;
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (Azərbaycan Respublikası) və "İNTER RAO EES" Açıq Səhmdar Cəmiyyəti (Rusiya Federasiyası) arasında bağlanmış müqavilələr (kontraktlar) üzrə faktiki dövlətlərarası elektrik enerjisi axını saldosunun plan qiymətindən saatlıq kənarlaşmalarının həcminin alqı və satqısı;
Tərəflərin dövlətlərinin enerji sistemlərində qəza vəziyyətləri yarandıqda qarşılıqlı yardımın göstərilməsi;
Tərəflərin dövlətlərinin istehlakçılarının stabil elektrik enerjisi ilə təchizatı, habelə Tərəflərin qarşılıqlı razılığı ilə digər ölkələrə elektrik enerjisinin ötürülməsi (tranziti) üçün şərait yaratmaq məqsədi ilə mövcud və yeni tikilən elektroenergetika obyektlərinin inkişafı və istismarı üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;
yüksüz su tullantıları hallarını istisna etmək məqsədi ilə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında elektrik enerjisi (gücü) tədarükünün həyata keçirilməsini, o cümlədən Tərəflərin dövlətlərinin qanunvericiliyinə zidd olmayan tədarük edilən elektrik enerjisinin (gücünün) qiymətinin teyin edilməsi prinsiplərini nəzərdə tutan qaydanın hazırlanması.
Maddə 2
Tərəflərin dövlətlərinin təsərrüfat subyektlərinə aşağıdakı müqavilələrin (kontraktların, texniki sazişlərin) bağlanmasında Tərəflər yardım edirlər:
"Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işinin təmin olunması haqqında, o cümlədən faktiki dövlətlərarası elektrik enerjisi axını saldosunun saatlıq kənarlaşmalarının buraxıla bilən həddinin plan qiymətindən 2013-cü il və sonrakı illər üçün ±35 MVt, saat həcmində təyin edilməsini nəzərdə tutan müqavilə"nin tərəfləri olan "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və "Vahid enerji sisteminin Federal şəbəkə kompaniyası" Açıq Səhmdar Cəmiyyəti (Rusiya Federasiyası) (bundan sonra - "FSK EES" Açıq Səhmdar Cəmiyyəti), "Vahid enerji sisteminin Sistem operatoru" Açıq Səhmdar Cəmiyyəti (Rusiya Federasiyası) (bundan sonra - "SO EES" Açıq Səhmdar Cəmiyyəti);
qəza vəziyyəti yarandığı təqdirdə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında elektrik enerjisinin (gücünün) tədarükü barədə "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və "İNTER RAO EES" Açıq Səhmdar Cəmiyyəti arasında müqavilə;
"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və "FSK EES" Açıq Səhmdar Cəmiyyəti arasında saatlıq yük axını həcmlərinin hesabı məqsədi ilə məlumat mübadiləsinin təşkili məsələləri də daxil olmaqla, dövlətlərarası elektrik verilişi xətləri ilə ötürülən elektrik enerjisinin (gücünün) uçotunun təşkili barədə saziş;
"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və "FSK EES" Açıq Səhmdar Cəmiyyəti arasında faktiki dövlətlərarası elektrik enerjisi axını saldosunun plandan saatlıq kənarlaşmalarının təyin olunması və "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və "İNTER RAO EES" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında elektrik enerjisinin (gücünün) alğı-satqı müqavilələri üzrə tədarük edilmiş elektrik enerjisinin həcminin bölüşdürülməsi qaydası haqqında saziş;
Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işi zamanı yaranan faktiki dövlətlərarası elektrik enerjisi axını saldosunun plan qiymətindən saatlıq kənarlaşmalarının kompensasiyası üçün alğı-satqı müqavilələri;
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında elektrik enerjisinin (gücünün) tədarükü haqqında müqavilələr.
Maddə 3
Bu Sazişin yerinə yetirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsini və onun icrasına nəzarəti Tərəflərin dövlətlərinin aşağıdakı səlahiyyətli orqanları həyata keçirir:
Azərbaycan tərəfindən – Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi;
Rusiya tərəfindən - Rusiya Federasiyasının Energetika Nazirliyi;
Bu Sazişin icrası üzrə müvəkkil təşkilatlar aşağıdakılardır:
Azərbaycan tərəfindən - "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti;
Rusiya tərəfindən - "İNTER RAO EES" Açıq Səhmdar Cəmiyyəti, "FSK EES" Açıq Səhmdar Cəmiyyəti və "SO EES" Açıq Səhmdar Cəmiyyəti.
Öz səlahiyyətli orqanları və (və ya) müvəkkil təşkilatları əvəz edildiyi təqdirdə, Tərəflər bu barədə bir-birini diplomatik kanallar vasitəsilə məlumatlandırırlar.
Maddə 4
Tərəflərdən birinin bu Sazişlə nəzərdə tutulmuş öz öhdəliklərini yerinə yetirməsinə maneçilik törədən hallar, yaxud bu Sazişin müddəalarının tətbiqi və (və ya) təfsiri ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə, Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları göstərilmiş halların, yaxud fikir ayrılığının aradan qaldırılması və bu Sazişin icrasının təmin edilməsi barədə qarşılıqlı məqbul qərarların qəbul edilməsi məqsədi ilə məsləhətləşmələr aparırlar.
Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları arasında məsləhətləşmələr yolu ilə aradan qaldırıla bilməyən fikir ayrılığı Tərəflər arasında danışıqlar yolu ilə həll edilir.
Maddə 5
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə onun ayrılmaz hissəsi olan, bu Sazişin 6-cı maddəsi ilə müəyyən olunmuş qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən dəyişiklik və əlavələr edilə bilər.
Maddə 6
Bu Saziş qeyri-müəyyən müddətə bağlanmışdır və Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlarının yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Tərəflərdən hər biri Sazişin qüvvədən düşməsi üçün nəzərdə tutulan tarixə ən azı 6 ay qalmış, lakin onun qüvvəyə mindiyi tarixdən isə ən azı 1 il sonra qarşı Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə bu Sazişi ləğv edə bilər.
Bu Sazişin qüvvədən düşməsi, bu Saziş çərçivəsində onun qüvvədə olduğu müddət ərzində Tərəflərin dövlətlərinin təsərrüfat subyektləri arasında bağlanmış müqavilələrlə (kontraktlarla) nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə toxunmur.
Volqoqrad şəhərində 6 iyun 2013-cü il tarixində, hər biri Azərbaycan və rus dillərində, iki əsl nüsxədə imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası
|
Rusiya Federasiyası
|
Hökuməti adından
|
Hökuməti adından
|
(imza)
|
(imza)
|