180.030.050
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT DƏNİZ
ADMİNİSTRASİYASININ KOLLEGİYASI
qƏRAR
№ Q/06
Bakı şəhəri “01” iyul 2013-cü il
“Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərə adların verilməsi haqqında Qaydalar”ın və “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin heyət üzvlərinin siyahısının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında
Dövlət Dəniz Administrasiyasının Kollegiyası Azərbaycan Respublikasının Prezidentinin 20 aprel 2006-cı il tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
[1]
1. “Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərə adların verilməsi haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının 13 aprel 2007-ci il tarixli, İ-20 nömrəli Əmri ləğv edilsin.
2. “Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərin heyət üzvlərinin siyahısının aparılma Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının 22 may 2008-ci il tarixli, İ/20 nömrəli Əmri ləğv edilsin.
3. “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərə adların verilməsi haqqında Qaydalar” təsdiq edilsin (1 nömrəli əlavə).
4. “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin heyət üzvlərinin siyahısının aparılması Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).
5. Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinə (F.Məmmədov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
6. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Sədr Qüdrət Qurbanov
|
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 01 iyul tarixli Q/06 nömrəli Qərarı ilə təsdiq edilmişdir
1 nömrəli əlavə
|
Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərə adların verilməsi haqqında
QAYDALAR
1. Bu Qaydalar Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 13.2-ci maddəsinə və “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 594 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən (kiçik həcmli gəmilər və hərbi gəmilər istisna olmaqla) gəmilərə ad verilməsi və ya dəyişdirilməsi qaydasını müəyyən edir.
[2]
2. Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində qeydiyyata alınan gəminin öz adı olmalıdır.
3. Gəmiyə ad verilməsi gəminin mülkiyyətçisi tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi ilə razılaşdırılmaqla həyata keçirilir.
[3]
4. İctimai və digər təşkilatlar, fiziki və hüquqi şəxslər tərəfindən gəmilərə adların verilməsi barədə təkliflər gəmi mülkiyyətçisinə təqdim olunur.
5. Gəminin adı Azərbaycan və İngilis dillərində latın qrafikası ilə yazılır və 3 (üç) sözdən artıq olmamalıdır.
6. Gəmiyə ad verilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinə və milli mənafelərə zidd olan sözlərin istifadəsi qadağandır.
7. Gəmiyə adın seçilməsi zamanı aşağıda göstərilənlər nəzərə alınmalıdır:
- adın ictimai və mənəvi tələblərə uyğunluğu;
- adın asan və yadda qalan olması.
8. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən eyni tipli gəmilərə eyni adların verilməsi qadağandır.
9. Gəminin mülkiyyətçisi dəyişdikdə gəminin adının dəyişdirilməsinə icazə verilir.
10. Gəmiyə mülkiyyət hüququnun məhdudlaşdırılması gəmi reyestrlərindən birində qeydiyyata alındıqda hüquq sahibinin razılığı olmadan gəminin adının dəyişdirilməsinə yol verilmir.
11. Gəmiyə verilən adın rəsmiləşdirilməsi məqsədilə gəminin mülkiyyətçisi tərəfindən aşağıdakılar Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinə təqdim olunmalıdır:
11.1. gəminin adının rəsmiləşdirilməsi ilə əlaqədar müraciət məktubu;
11.2. gəmiyə müvafiq adın verilməsi ictimai və digər təşkilatlar tərəfindən təklif edildikdə təklifin mahiyyəti və əsaslandırılması;
11.3. gəminin adı dəyişdirilərkən, dəyişmə səbəbləri barədə məlumat;
11.4. istismarda olan gəmiyə verilmiş “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin surəti;
11.5. yeni inşa edilən gəmilər üçün – gəminin inşasına dair müqavilənin surəti;
11.6. təklif olunan şəxsi adların sahibləri barədə məlumat;
11.7. şəxsi ad verildiyi halda həmin şəxsin yaxud onun hüquqi varislərinin razılıq məktubu.
12. Gəmiyə adın verilməsi ilə əlaqədar bu qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edildiyi tarixdən 30 gün müddətində müraciətə baxılmasının nəticəsi barədə gəmi mülkiyyətçisinə məlumat verilməlidir.
13. Azərbaycan Respublikasının Dövlət Gəmi Reyestrinə gəminin adı barədə müvafiq qeydlər daxil olunduğu tarix gəmiyə adın verilməsi tarixi hesab olunur.
14. Bu Qaydalar Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
|
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 01 iyul tarixli Q/06 nömrəli Qərarı ilə təsdiq edilmişdir
2 nömrəli əlavə
|
Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin heyət üzvlərinin siyahısının aparılması
QAYDALARI
1.
Bu Qaydalar Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 18.2-ci maddəsinə və “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 594 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən (kiçik həcmli gəmilər və hərbi gəmilər istisna olmaqla) Gəmilərin Heyət Üzvlərinin Siyahısının (bundan sonra - “Siyahı”) aparılması qaydasını müəyyən edir.
[4]
2.
Bu Qaydalar Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin heyət üzvlərinin siyahısının aparılmasının vahid formasını müəyyən edir və gəminin mülkiyyət növündən və mənsubiyyətindən asılı olmayaraq gəmi sahibləri, gəmi kapitanları və həmçinin liman kapitanları üçün məcburidir.
3.
Siyahı gəmi heyətinin sayını və tərkibini təsdiq edən əsas gəmi sənədlərindən biridir.
4.
Siyahının aparılması, doldurulması, imzalanması və əslinin təsdiqlənməsi bu Qaydalara uyğun olaraq həyata keçirilir.
5.
Gəmi limana daxil olarkən və ya limanı tərk edərkən gəmi heyəti üzvlərinin siyahısı (1 nömrəli əlavə) gəmi kapitanı tərəfindən Liman Kapitanına, gömrük, sanitar-karantin və sərhəd nəzarət xidmətlərinə təqdim edilir.
6.
Siyahıya gəmi haqqında aşağıdakı məlumatlar daxil edilir:
6.1.
gəminin adı və tipi;
6.2. gəminin BDT (İMO) nömrəsi - gəmiyə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən verilən nömrə (identifikasiya nömrəsi).
6.3. çağırış siqnalı;
6.4. giriş/çıxış limanının adı;
6.5. limana girişin/çıxışın tarixi;
6.6. milli mənsubiyyəti (Dövlət bayrağı);
6.7. gəminin tərk etdiyi son limanın adı.
7. Siyahıya hər bir heyət üzvü haqqında aşağıdakı məlumatlar daxil edilir:
7.1. soyadı, adı, atasının adı;
7.2. gəmidə tutduğu vəzifə;
7.3. vətəndaşlığı;
7.4. doğulduğu yer və tarix;
7.5. dənizçinin şəxsiyyət sənədinin və ya şəxsiyyətini təsdiq edən digər müvafiq sənədin seriyası və nömrəsi;
8. Siyahıya aşağıda qeyd edilən şəxslər barədə məlumatlar daxil edilir:
8.1. gəminin heyət üzvləri;
8.2. gəmiyə üzgüçülük təcrübəsi keçmək üçün göndərilmiş tədris müəssisələrinin müdavimləri;
8.3. gəmilərdə işləmək üçün xidməti ezamiyyətə göndərilən şəxslər və gəmi sahibinin nümayəndələri;
8.4. gəminin heyət üzvlərinin gəmidə olan ailə üzvləri, valideynləri və övladlığa götürülənləri.
9. Üzgüçülük təcrübəsi keçmək üçün göndərilmiş tədris müəssisələrinin müdavimləri və gəmiyə xidməti ezamiyyətə göndərilən şəxslər, habelə gəmi sahibinin nümayəndələri gəmidə olarkən onların vəzifələri gəmi sahibi tərəfindən müəyyənləşdirilir.
10. Siyahıda ardıcıllıq - Siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 83 nömrəli 8 may 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində xidmət Nizamnaməsi”nə uyğun olaraq gəmi heyəti üzvlərinin aid olduqları xidmətlər və gəmidə tutduqları vəzifələr əsas alınaraq tərtib edilir.
11. Siyahı aşağıda göstərilən qaydada tərtib edilir:
11.1. gəmi Azərbaycan Respublikasının limanına (liman məntəqələrinə) daxil olduqda və ya oranı tərk etdikdə - Azərbaycan dilində;
11.2. gəmi xarici limana (liman məntəqələrinə) daxil olduqda və ya oranı tərk etdikdə – ingilis dilində.
[5]
12. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilər limanı tərk edərək səfərə çıxdıqda Siyahı gəmi kapitanının və ya gəmi sahibinin imzası və müvafiq möhürü ilə təsdiqlənir.
13. Siyahı aydın və tam olaraq doldurulmalıdır.
14. Gəminin heyət üzvlərinin şəxsiyyətlərini təsdiq edən sənədlər aşağıdakılardır:
14.1. Azərbaycan Respublikası vətəndaşları üçün – dənizçinin şəxsiyyət sənədi, Azərbaycan Respublikası vətəndaşının pasportu və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
14.2. xarici dövlətlərin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər üçün – dənizçiyə Beynəlxalq Əmək Təşkilatının C 185 saylı Konvensiyasına müvafiq olaraq verilmiş dənizçinin şəxsiyyət sənədi və ya pasportu, şəxsiyyətini təsdiq edən sənədlər.
15. Siyahıda dəyişikliklər olmadığı halda Siyahının arxa tərəfində “Dəyişikliklər yoxdur” qeydi yazılır və gəmi kapitanı tərəfindən tarix göstərilməklə imzalanır və gəmi möhürü ilə təsdiq edilir;
16. Gəmi heyəti üzvlərinin siyahısında qeyd edilən şəxslər gəmini tərk etdikdə və ya gəmiyə Siyahıda qeyd olunmayan şəxslər gəldikdə yeni Siyahı tərtib edilir, həmin Siyahı gəmi kapitanı tərəfindən tarix göstərilməklə imzalanır və gəmi möhürü ilə təsdiq edilir;
17. Gəmi səfərə çıxarkən gəminin təhlükəsiz istismar olunmasını, insan həyatının mühafizəsini, dəniz mühitinin qorunmasını və həmçinin qəza hallarında kifayət edəcək sayda və ixtisasda mütəxəssislərin olmasını təmin etmək məqsədi ilə gəminin heyət üzvlərinin sayı Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilmiş “Gəmi Heyətinin Minimum Tərkibi haqqında Şəhadətnamə”yə müvafiq olmalıdır.
[6]
18. Bu Qaydalar Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
Əlavə 1
HEYƏT ÜZVLƏRİNİN SİYAHISI
CREW LIST
12. Kapitanın, səlahiyyətli agentin və yaxud səlahiyyətli şəxsin imzası
Date and signature by master, authorized agent or officer
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 oktyabr 2014-cü il tarixli Q/05 nömrəli Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201410230005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 oktyabr 2014-cü il)
2.
23 iyul 2019-cu il tarixli 008 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il)
3.
6 yanvar 2022-ci il tarixli KQ-1/22 nömrəli Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202201060122, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 yanvar 2022-ci il)
4.
17 mart 2022-ci il tarixli KQ-5/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202203170522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 aprel 2022-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
23 iyul 2019-cu il tarixli 008 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il) ilə preambuladan “Azərbaycan Respublikasının Prezidentinin 20 aprel 2006-cı il tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin 18-ci bəndini rəhbər tutaraq” sözləri çıxarılmışdır.
[2]
6 yanvar 2022-ci il tarixli KQ-1/22 nömrəli Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202201060122, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 yanvar 2022-ci il) ilə 1 nömrəli əlavə – “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərə adların verilməsi haqqında Qaydalar”ın 1-ci hissəsindən “və “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 594 nömrəli Fərmanına” sözləri çıxarılmışdır.
[3]
23 iyul 2019-cu il tarixli 008 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il) ilə “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərə adların verilməsi haqqında Qaydalar”ın 3-cü və 11-ci hissələrində ismin müvafiq hallarında “Dövlət Dəniz Administrasiyası” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə əvəz edilmişdir.
17 mart 2022-ci il tarixli KQ-5/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202203170522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 aprel 2022-ci il) ilə “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərə adların verilməsi haqqında Qaydalar”ın 3-cü və 11-ci hissələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman” sözləri ilə əvəz edilmişdiri.
[4]
6 yanvar 2022-ci il tarixli KQ-1/22 nömrəli Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202201060122, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 yanvar 2022-ci il) ilə 2 nömrəli əlavə – “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin heyət üzvlərinin siyahısının aparılması Qaydaları”nın 1-ci hissəsindən “və “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 594 nömrəli Fərmanına” sözləri çıxarılmışdır.
[5]
23 oktyabr 2014-cü il tarixli Q/05 nömrəli Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201410230005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 oktyabr 2014-cü il) ilə “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin heyət üzvlərinin siyahısının aparılması Qaydaları”nın 11.1-ci və 11.2-ci yarımbəndlərindən “(liman məntəqələrinə)” sözləri çıxarılmışdır.
[6]
23 iyul 2019-cu il tarixli 008 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il) ilə “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin heyət üzvlərinin siyahısının aparılması Qaydaları”nın 17-ci hissəsində (ikinci halda) “Dövlət Dəniz Administrasiyası” sözləri “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə əvəz edilmişdir.
17 mart 2022-ci il tarixli KQ-5/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202203170522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 aprel 2022-ci il) ilə “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin heyət üzvlərinin siyahısının aparılması Qaydaları”nın 17-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman” sözləri ilə əvəz edilmişdir.