×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
02.07.2013
QEYDİYYAT NÖMRƏSİ
934
ADI
Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 03-07-2013, Nəşr nömrəsi: 142), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2013, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 799)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.07.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.280.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201307020934
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
03.07.2013
Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında

Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi, Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində nailiyyətlərini təşviq etmək məqsədi ilə qərara alıram:

1. Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, on ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis edilsin. [1]

2. “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. “Gənclər üçün Prezident Mükafatının diplomunun, nişanının və həmin nişanın vəsiqəsinin təsviri”ni 3 ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 iyul 2013-cü il

                934

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 28 iyun tarixli 761 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir [2]

 

 

Gənclər üçün Prezident Mükafatının

 

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən istedadlı gənclərə Gənclər üçün Prezident Mükafatının (bundan sonra - Mükafat) verilməsi şərtlərini, qaydasını, həmin Mükafatın sayını, məbləğini və dövriliyini müəyyən edir.

1.2. Mükafat 10 000 (on min) manat məbləğində pul mükafatından, diplomdan, döş nişanından və həmin döş nişanının vəsiqəsindən ibarətdir.

1.3. Mükafat aşağıda göstərilən sahələrdə fərqlənən istedadlı gənclərə verilir:

1.3.1. elm və təhsil sahələri üzrə – 2 mükafat;

1.3.2. mədəniyyət sahəsi üzrə – 2 mükafat;

1.3.3. ictimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – 2 mükafat;

1.3.4. gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – 2 mükafat;

1.3.5. innovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – 2 mükafat.

1.4. Mükafatın verilməsi, o cümlədən Mükafatın diplomunun, döş nişanının və həmin döş nişanının vəsiqəsinin hazırlanması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.

1.5. Mükafat ildə bir dəfə, fevralın 2-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə verilir.

1.6. Mükafatı Azərbaycan Respublikasının Prezidenti və ya onun vəkil etdiyi şəxs təntənəli surətdə təqdim edir.

 

2. Mükafatın verilməsi şərtləri

 

2.1. Mükafat “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı olan gənclərə aşağıdakı hallarda verilir:

2.1.1. elmdə qazandıqları mühüm nailiyyətlərə, elm və təhsilin zənginləşdirilməsinə və inkişafına xidmət edən fəaliyyətə, tədrisdə qazandıqları mühüm nailiyyətlərə, təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənməyə, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştiraka görə;

2.1.2. mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət sahələrində əldə etdikləri yüksək nailiyyətlərə, bu sahənin zənginləşdirilməsinə və inkişafına xidmət edən fəaliyyətə görə;

2.1.3. ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və bu fəaliyyətin həyata keçirilməsində fəal iştiraka görə;

2.1.4. dövlət gənclər siyasəti və gənclərlə iş üzrə proqram və layihələrin həyata keçirilməsində əldə etdikləri yüksək nailiyyətlərə görə, habelə dövlətlərarası münasibətlərin, mədəniyyətlərarası dialoqun, dövlətin və cəmiyyətin inkişafına, beynəlxalq arenada Azərbaycanın təbliğinə yönəldilmiş aktiv fəaliyyətə görə;

2.1.5. qabaqcıl yüksək texnologiyaların və innovativ ideyaların tətbiqi ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində, həmçinin bu fəaliyyətin gənclər arasında təbliği və təşviqi sahəsində əldə edilmiş uğurlara görə.

2.2. Mükafat bir şəxsə bir dəfə verilir.

2.3. Mükafat birgə fəaliyyətə görə iki və daha artıq şəxsdən ibarət qrupa verilə bilər. Bu halda, pul mükafatı həmin şəxslər arasında bərabər bölünür, diplom, döş nişanı və həmin döş nişanının vəsiqəsi isə hər bir şəxsə ayrılıqda təqdim olunur.

 

3. Mükafata namizədlərin irəli sürülməsi

 

3.1. Bu Əsasnamənin 1.3-cü bəndində nəzərdə tutulan sahələr üzrə Mükafata namizədləri aşağıdakı qurumlar irəli sürürlər:

3.1.1. elm və təhsil sahələri üzrə – Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi; [3]

3.1.2. mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət sahələri üzrə – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;

3.1.3. ictimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu;

3.1.4. gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və qeyri-hökumət təşkilatları;

3.1.5. innovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu.

3.2. Bu Əsasnamənin 3.1.1–3.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş qurumlar Mükafata irəli sürülən namizədlər haqqında məlumatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə təqdim edirlər.

3.3. Bu Əsasnamənin 3.1.1–3.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş qurumlar tərəfindən növbəti il üzrə Mükafata namizədlərin irəli sürülməsi cari il oktyabrın 1-dən dekabrın 1-dək olan dövrdə həyata keçirilir.

3.4. Bu Əsasnamənin 3.1.1–3.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş qurumlar Mükafata namizədlərin irəli sürülməsində müstəqildirlər. Hər bir qurum Mükafata ən çoxu üç namizəd təqdim edir.

3.5. Bu Əsasnamənin 3.1.1–3.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş qurumlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə Mükafata irəli sürdükləri hər bir namizədlə bağlı aşağıdakı sənədləri təqdim edirlər:

3.5.1. namizədin Mükafata irəli sürülməsi barədə təqdimat;

3.5.2. namizədin tərcümeyi-halı;

3.5.3. namizədin xasiyyətnaməsi;

3.5.4. namizədin şəxsiyyətini təsdiq edən sənədin notarial qaydada və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edilmiş surəti;

3.5.5. namizədin təhsili haqqında sənədinin notarial qaydada və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edilmiş surəti;

3.5.6. bu Əsasnamənin 2.1-ci bəndində göstərilən şərtlərə uyğun olaraq namizədin Mükafata təqdim olunan əsəri və ya həmin bənddə nəzərdə tutulan sahələrdə fəaliyyəti haqqında məlumat.

3.6. Bu Əsasnamənin 3.5.1 və 3.5.3-cü yarımbəndlərində nəzərdə tutulmuş sənədləri namizədi irəli sürən qurumun rəhbəri imzalayır və həmin qurumun möhürü ilə təsdiqləyir.

3.7. Bu Əsasnamənin 3.5.2–3.5.5-ci yarımbəndlərində nəzərdə tutulmuş sənədlər iki nüsxədə təqdim edilir.

 

4. Mükafata təqdim edilən namizədlərin seçilməsi

 

4.1. Mükafata namizədlərin irəli sürülməsi və seçilməsi ilə bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi aşağıdakı zəruri təşkilati tədbirlər görür:

4.1.1. Mükafata təqdim edilmiş namizədlərin seçimini təşkil etmək məqsədilə Ekspert Komissiyası yaradır;

4.1.2. bu Əsasnamənin 3.1.1–3.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş qurumların bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulmuş müddətdə Mükafata namizədlərlə bağlı təkliflərini ümumiləşdirir və baxılmaq üçün Ekspert Komissiyasına təqdim edir;

4.1.3. Mükafata namizədlərin siyahısını Ekspert Komissiyasının qərarı ilə təsdiq edir;

4.1.4. Mükafata namizədlərin Ekspert Komissiyasının qərarı ilə təsdiq edilmiş siyahısını Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

4.2. Ekspert Komissiyası 9 üzvdən ibarət tərkibdə yaradılır. Ekspert Komissiyasının tərkibinə, hər qurum üzrə bir nümayəndə olmaqla, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri və ictimaiyyəti təmsil edən 1 nümayəndə daxil edilir.

4.3. Ekspert Komissiyasının tərkibini Azərbaycan Respublikasının Gənclər və İdman naziri təsdiq edir. Ekspert Komissiyasının fəaliyyəti barədə reqlamenti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi təsdiqləyir.

4.4. Ekspert Komissiyasının fəaliyyəti Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin həmin Komissiyaya təqdim etdiyi Mükafata namizədlər sırasından seçimlə məhdudlaşır.

4.5. Ekspert Komissiyası qərarları səsvermə yolu ilə, sadə səs çoxluğu ilə qəbul edir.

4.6. Ekspert Komissiyası namizədlərin seçilməsi barədə əsaslandırılmış qərarını, Mükafata təqdim ediləcək namizədlərin siyahısını və fəaliyyətinin yekunu haqqında protokolu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə təqdim edir.

4.7. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Mükafata namizədlərin siyahısını, hər bir namizədin bu Əsasnamənin 2.1-ci bəndində göstərilən müvafiq şərtə uyğunluğu barədə arayışla birgə, cari il dekabrın 20-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

 

5. Yekun müddəalar

 

5.1. Mükafata layiq görülmüş şəxs Gənclər üçün Prezident Mükafatı laureatı hesab olunur.

5.2. Mükafatın diplomunun, döş nişanının və həmin döş nişanının vəsiqəsinin təsvirini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.3. Gənclər üçün Prezident Mükafatı laureatı vəfat etdikdə, habelə Mükafat şəxsə ölümündən sonra verildikdə, Mükafat onun ailəsinə təqdim olunur. Bu halda təqdim olunan pul mükafatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vərəsəlik üzrə keçir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 may 2018-ci il tarixli 83 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2018-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 951)

  1. 28 iyun 2019-cu il tarixli 761 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 29 iyun 2019-cu il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1052)
  2. 03 mart 2023-cü il tarixli 2056 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 iyun 2019-cu il tarixli 761 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 29 iyun 2019-cu il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1052) ilə Preambulada və 1-ci hissədə “və ictimai fəaliyyət” sözləri “, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti” sözləri ilə və 1-ci hissədə “altı” sözü “on” sözü ilə əvəz edilmişdir.

 

[2] 22 may 2018-ci il tarixli 83 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2018-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 951) ilə “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi”nin 3.1.2-ci yarımbəndindən “və Turizm” sözləri çıxarılmışdır.

22 may 2018-ci il tarixli 83 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2018-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 951) ilə “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi”nin 3.1.3-cü yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda 3.1.4-cü yarımbənd əlavə edilmişdir.

22 may 2018-ci il tarixli 83 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2018-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 951) ilə “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi”nin 3.2-ci, 3.3-cü, 3.4-cü və 4.1.2-ci yarımbəndlərində “3.1.3” rəqəmləri “3.1.4” rəqəmləri ilə əvəz edilmişdir.

22 may 2018-ci il tarixli 83 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2018-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 951) ilə “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi”nin 4.2-ci bəndində “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun” sözləri ilə, “ 3 rəqəmi “ 2 rəqəmi ilə əvəz edilmişdir.

28 iyun 2019-cu il tarixli 761 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 29 iyun 2019-cu il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1052) ilə Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi” yeni redaksiyada təsdiq edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

 

Azərbaycan Respublikası Prezidentinin

2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Gənclər üçün Prezident Mükafatının

 

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən istedadlı gənclərə Gənclər üçün Prezident Mükafatının (bundan sonra - Mükafat) verilməsi şərtlərini, qaydasını, həmin Mükafatın sayını, məbləğini və dövriliyini müəyyən edir.

1.2. Mükafat 10 000 (on min) manat puldan, diplomdan, mükafatın nişanından və həmin nişanın vəsiqəsindən ibarətdir.

1.3. Mükafat aşağıda göstərilən sahələrdə fərqlənən istedadlı gənclərə verilir:

1.3.1. elm və təhsil sahələri üzrə - 2 mükafat;

1.3.2. mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət sahələri üzrə - 2 mükafat;

1.3.3. ictimai fəaliyyət sahəsi üzrə - 2 mükafat.

1.4. Mükafatın verilməsi, o cümlədən mükafatın diplomunun, nişanının və həmin nişanın vəsiqəsinin hazırlanması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.

1.5. Mükafat ildə bir dəfə, 2 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə verilir.

1.6. Mükafat Azərbaycan Respublikasının Prezidenti və ya onun vəkil etdiyi şəxs tərəfindən təntənəli surətdə təqdim olunur.

 

2. Mükafatın verilməsi şərtləri

 

2.1. Mükafat “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının gənc vətəndaşlarına aşağıda göstərilən nailiyyətlərinə görə verilir:

2.1.1. elmdə əldə etdikləri yüksək nailiyyətlərə, elmin zənginləşdirilməsi və inkişafına xidmət edən fəaliyyətə görə;

2.1.2. təhsilin inkişafına və zənginləşdirilməsinə xidmət edən fəaliyyətə, təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənməyə, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştiraka görə;

2.1.3. mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət sahələrində əldə etdikləri yüksək nailiyyətlərə, bu sahənin zənginləşdirilməsi və inkişafına xidmət edən fəaliyyətə görə;

2.1.4. dövlət gənclər siyasəti üzrə proqram və layihələrin həyata keçirilməsində əldə etdikləri yüksək nailiyyətlərə görə;

2.1.5. dövlətlərarası münasibətlərin, mədəniyyətlərarası dialoqun, dövlət və cəmiyyətin inkişafına yönəldilmiş aktiv fəaliyyətə görə.

2.2. Mükafat bir şəxsə bir dəfə verilir.

 

3. Mükafata namizədlərin təqdim olunması

 

3.1. Mükafata irəli sürülən namizədlər haqqında məlumat bu Əsasnamənin 2-ci hissəsində göstərilən şərtlər əsasında aşağıdakı qurumlar tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə təqdim olunur:

3.1.1. elm və təhsil sahələri üzrə - Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi;

3.1.2. mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət sahələri üzrə - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;

3.1.3. ictimai fəaliyyət sahəsi üzrə - dövlət orqanları və qeyri-hökumət təşkilatları;

3.1.4. fəaliyyət istiqamətləri üzrə (bu Əsasnamənin 3.1.1–3.1.3-cü yarımbəndlərində göstərilən sahələr istisna olmaqla) – Azərbaycan Respublikasının Gənclər Fondu.

3.2. Bu Əsasnamənin 3.1.1-3.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş qurumlar tərəfindən növbəti il üzrə Mükafata namizədlərin irəli sürülməsi cari ilin 1 oktyabr tarixindən 1 dekabr tarixinədək olan dövrdə həyata keçirilir.

3.3. Mükafata namizədlərin irəli sürülməsi ilə bağlı seçim bu Əsasnamənin 3.1.1-3.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş qurumlar tərəfindən müstəqil aparılır. Hər bir qurum Mükafata ən çoxu üç namizəd təqdim edir.

3.4. Bu Əsasnamənin 3.1.1-3.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş qurumlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə Mükafata irəli sürdüyü hər bir namizədlə bağlı aşağıdakı sənədləri təqdim edir:

3.4.1. namizədin Mükafata irəli sürülməsi barədə təqdimat. Təqdimat namizədi irəli sürən qurumun rəhbəri tərəfindən imzalanır və həmin qurumun möhürü ilə təsdiq edilir;

3.4.2. namizədin şəxsiyyətini təsdiq edən sənədin notarial qaydada və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edilmiş surəti;

3.4.3. namizədin təhsili haqqında sənədinin notarial qaydada və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edilmiş surəti;

3.4.4. namizədin tərcümeyi-halı;

3.4.5. namizədin xasiyyətnaməsi. Xasiyyətnamə namizədi irəli sürən qurumun rəhbəri tərəfindən imzalanır və həmin qurumun möhürü ilə təsdiq edilir;

3.4.6. bu Əsasnamənin 2.1-ci bəndində göstərilən şərtlərə uyğun olaraq namizədin Mükafata təqdim olunan əsəri və ya ictimai fəaliyyəti haqqında məlumat.

3.5. Bu Əsasnamənin 3.4.2-3.4.5-ci yarımbəndlərində nəzərdə tutulmuş sənədlər iki nüsxədə təqdim edilir.

 

4. Mükafata təqdim edilən namizədlərin seçimi

 

4.1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Mükafata namizədlərin seçimi ilə əlaqədar aşağıdakıları həyata keçirir:

4.1.1. Mükafata təqdim edilmiş namizədlərin seçimini təşkil etmək məqsədi ilə Ekspert Komissiyası yaradır;

4.1.2. bu Əsasnamənin 3.1.1-3.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş qurumlar tərəfindən bu Əsasnamənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddət ərzində Mükafata namizədlərlə bağlı təqdim edilmiş təklifləri ümumiləşdirir və baxılmaq üçün Ekspert Komissiyasına təqdim edir;

4.1.3. Ekspert Komissiyasının namizədlərin seçilməsi barədə aktını təsdiq edir;

4.1.4. namizədlərə Mükafatın verilməsi barədə təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

4.1.5. Mükafata namizədlərin irəli sürülməsi və seçilməsi ilə bağlı zəruri təşkilati tədbirlər görür.

4.2. Ekspert Komissiyası 7 üzvdən ibarət tərkibdə təşkil edilir. Ekspert Komissiyasının tərkibinə, hər qurum üzrə bir nümayəndə olmaqla, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri və ictimaiyyəti təmsil edən 2 nümayəndə daxil edilir.

4.3. Ekspert Komissiyasının tərkibini Azərbaycan Respublikasının gənclər və idman naziri təsdiq edir. Ekspert Komissiyasının fəaliyyəti barədə reqlament Azərbaycan Respublikasının Gənclər və idman Nazirliyi tərəfindən təsdiq olunur.

4.4. Ekspert Komissiyasının fəaliyyəti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən həmin Komissiyaya təqdim edilmiş Mükafata namizədlər sırasından seçimlə məhdudlaşır.

4.5. Ekspert Komissiyası qərarları səsvermə yolu ilə, sadə səs çoxluğu əsasında qəbul edir.

4.6. Ekspert Komissiyası namizədlərin seçilməsi barədə əsaslandırılmış aktını, Mükafata təqdim ediləcək namizədlərin siyahısını və fəaliyyətinin yekunu haqqında protokolu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə təqdim edir.

4.7. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Mükafata namizədlərin siyahısını, hər bir namizədin bu Əsasnamənin 2.1-ci bəndində göstərilən müvafiq şərtə uyğunluğu barədə arayışla birgə, növbəti ilin 10 yanvar tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

 

5. Yekun müddəalar

 

5.1. Mükafata layiq görülmüş şəxs “Gənclər üçün Prezident Mükafatının laureatı” hesab olunur.

5.2. Mükafatın diplomunun, nişanının və həmin nişanın vəsiqəsinin təsvirini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.3. Gənclər üçün Prezident Mükafatının laureatı vəfat etdikdə, onun mükafatı ailəsinə təqdim olunur. Bu halda təqdim olunan pul mükafatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, vərəsəlik üzrə keçir.

 

[3] 03 mart 2023-cü il tarixli 2056 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49) ilə “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi”nin 3.1.1-ci yarımbəndində və 4.2-ci bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status