“Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslər üçün qısa müddətli vizadan imtina edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslər üçün qısa müddətli vizadan imtina edilməsi haqqında” 2013-cü il yanvarın 16-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2013-cü il
№ 607-IVQ
Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslər üçün qısa müddətli vizadan imtina edilməsi haqqında
Saziş
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti,
qarşılılıq prinsipinin təmin edilməsi və Razılığa gələn Tərəflərin etibarlı xidməti pasportlarına malik vətəndaşlarının vizasız daxil olması və qalması yolu ilə gediş-gəlişlərinin asanlaşdırılmasını arzu edərək,
dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi və yaxın əlaqələrinin möhkəmləndirilməsi məqsədilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsəd və məram
Bu Sazişin müddəalarına uyğun olaraq etibarlı xidməti pasportlara malik olan Razılığa gələn Tərəflərin vətəndaşlarına digər Razılığa gələn Tərəfin ərazisinə vizasız daxil olmaq, tranzit keçmək və orada hər hansı 180 gün müddəti ərzində 90 gündən artıq olmayan müddətə qalmağa icazə verilir.
Maddə 2
Anlayışlar
Bu Sazişin məqsədi üçün:
“Xidməti pasport” Azərbaycan Respublikasının xidməti pasportuna və Sloveniya Respublikasının xidməti pasportuna aid edilir.
Maddə 3
Vizadan imtinanın və ölkədə qalmanın şərtləri
1. Bu Sazişdə nəzərdə tutulan vizadan imtina Razılığa gələn Tərəflərin ölkəyə daxil olma və qısa müddətə qalmağa dair qanunlarına münasibətdə üstünlük təşkil etmədən tətbiq olunur. Razılığa gələn Tərəflər bu şərtlərdən birinə və ya çoxuna əməl edilmədiyi təqdirdə ərazisinə daxil olmadan imtina etmək və ölkədə qalma müddətini qısaltmaq hüququnu özündə saxlayır:
2. Bu Sazişdən bəhrələnən Sloveniya Respublikasının vətəndaşları qaldıqları müddətdə Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanun və qaydalara əməl edirlər.
3. Bu Sazişdən bəhrələnən Azərbaycan Respublikasının vətəndaşları qaldıqları müddətdə Sloveniya Respublikasının ərazisində qüvvədə olan qanun və qaydalara əməl edirlər.
4. Hər bir Razılığa gələn Tərəfin etibarlı xidməti pasportlarına malik olan vətəndaşları digər Razılığa gələn Tərəfin ərazisinə beynəlxalq sərnişin daşınması üçün açıq elan edilmiş bütün dövlət sərhədindən buraxılış məntəqələrindən daxil olmaq, tranzit keçmək və oranı tərk etmək hüququna malikdir.
Maddə 4
Ölkədə qalmanın müddəti
1. Sloveniya Respublikasının etibarlı xidməti pasportlarına malik olan vətəndaşları Azərbaycan Respublikasının ərazisində hər hansı 180 gün ərzində 90 gündən artıq olmayan müddətə qala bilərlər.
2. Azərbaycan Respublikasının etibarlı xidməti pasportlarına malik olan vətəndaşları Sloveniya Respublikasının ərazisində hər hansı 180 gün ərzində 90 gündən artıq olmayan müddətə qala bilərlər.
3. Bu Saziş Razılığa gələn Tərəflərin milli qanunlarına uyğun olaraq 90 gündən artıq ölkədə qalma müddətinin uzadılması imkanına toxunmur.
Maddə 5
Pasport nümunələrinin mübadiləsi
1. Razılığa gələn Tərəflər bu Sazişin imzalanmasından etibarən otuz gündən gec olmayaraq diplomatik kanallar vasitəsilə etibarlı xidməti pasportlarının nümunələrini mübadilə edirlər.
2. Razılığa gələn Tərəflər yeni xidməti pasportları dövriyyəyə buraxdıqda və ya mövcud olanlarda dəyişiklik etdikdə onların dövriyyəyə buraxılmasından ən azı otuz gün əvvəl yeni və ya düzəlişlər edilmiş pasportların nümunələrini, onların təhlükəsizlik elementləri və tətbiq edilməsi barədə məlumatlar daxil olmaqla, digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə göndərəcəkdir.
Maddə 6
Müvəqqəti dayandırılma
Hər bir Tərəf milli təhlükəsizlik və ya ictimai asayişin qorunması məqsədilə bu Sazişin qüvvəsini müvəqqəti olaraq tam və ya qismən dayandırmaq hüququnu özündə saxlayır. Bu Sazişin müvəqqəti olaraq dayandırılması barədə məlumat digər Tərəfə diplomatik kanallar vasitəsilə belə tədbirin həyata keçirilməsindən ən azı 72 saat əvvəl verilməlidir. Bu Sazişin müvəqqəti olaraq dayandırılması bu Sazişin 1-ci maddəsində qeyd olunan qonaq Tərəfin ölkəsində olan vətəndaşların hüquqlarına təsir etmir.
Maddə 7
Dəyişikliklər
Bu Sazişə Razılığa gələn Tərəflər arasında qarşılıqlı olaraq razılaşdırılmış ayrı-ayrı yazılı protokollar əsasında dəyişiklik edilə bilər. Dəyişikliklər 9-cu maddəyə uyğun olaraq qüvvəyə minir.
Maddə 8
Mübahisələrin həlli
Bu Sazişin tətbiqi və ya təfsiri zamanı yaranan hər hansı mübahisə Razılığa gələn Tərəflər arasında məsləhətləşmələr və/və ya danışıqlar yolu ilə həll edilir.
Maddə 9
Yekun müddəalar
1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Razılığa gələn Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən sonrakı ayın birinci günü qüvvəyə minir.
2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Hər bir Razılığa gələn Tərəf digərinə yazılı bildiriş verməklə onu ləğv edə bilər. Bu Saziş belə bildirişin alınmasından doxsan gün sonra qüvvədən düşəcəkdir.
Bu Saziş Bakı şəhərində 16 yanvar 2013-cü il tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, sloven və ingilis dillərində imzalanmışdır, hər bir mətn bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası
|
Sloveniya Respublikası
|
Hökuməti adından
|
Hökuməti adından
|
(imza)
|
(imza)
|