×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.04.2013
QEYDİYYAT NÖMRƏSİ
59
ADI
"Dəniz limanı kapitanı haqqında Əsasnamə"nin, "Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması Qaydaları"nın və "Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə"nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 07-04-2013, Nəşr nömrəsi: 72), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2013, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 439)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.04.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.030.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201304040059
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.04.2013
"Dəniz limanı kapitanı haqqında Əsasnamə"nin, "Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması Qaydaları"nın və "Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə"nin təsdiq edilməsi barədə

"Dəniz limanı kapitanı haqqında Əsasnamə"nin, "Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması Qaydaları"nın və "Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə"nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 371-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 669 nömrəli Fərmanının 1.1.3-cü, 1.1.4-cü və 1.1.5-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Dəniz limanı kapitanı haqqında Əsasnamə" təsdiq edilsin (1 nömrəli əlavə).

2. "Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması Qaydaları" təsdiq edilsin (2 nömrəli əlavə).

3. "Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə" təsdiq edilsin (3 nömrəli əlavə).

4. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [1]

 

Azərbaycan Respublikasının Baş naziri    Artur Rasi-zadə

 

Bakı şəhəri, 4 aprel 2013-cü il

     № 59

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2013-cü il 4 aprel tarixli 59 nömrəli qərarı ilə

təsdiq edilmişdir

1 nömrəli əlavə

 

Dəniz limanı kapitanı haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 371-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 669 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyalara, Azərbaycan Respublikasının müvafiq sahədəki qanunvericiliyinə, eləcə də Beynəlxalq Dəniz Təşkilatının qətnamələrinə uyğun olaraq hazırlanmışdır.

1.2. Dəniz limanı kapitanı (bundan sonra - liman kapitanı) Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyaların və daxili qanunvericiliyin tələblərinə əsasən fəaliyyət göstərən liman akvatoriyasında dəniz üzgüçülüyünün təhlükəsizliyini və məcburi üzmə qaydalarına riayət olunmasını təmin edən, bilavasitə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin (bundan sonra – Agentlik) İdarə Heyətinin sədrinə tabe olan vəzifəli şəxsdir. [2]

1.3. Liman kapitanı Agentliyin İdarə Heyətinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Liman kapitanının müavini Agentlik ilə razılaşdırılmaqla, liman rəhbəri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. [3]

1.4. Liman kapitanının vəzifə səlahiyyətlərinin icrası ilə bağlı xərclər müvafiq liman tərəfindən ödənilir.

1.5. Liman kapitanının aylıq vəzifə maaşı liman idarəsinin müavininin vəzifə maaşı həcmində müəyyən edilir (liman kapitanının statusu liman idarəsinin müavininin statusuna bərabər tutulur). [4]

1.6. Liman kapitanının dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması ilə əlaqədar sərəncam və göstərişlərinin icrası gəmi kapitanları, dəniz nəqliyyatı sahəsində çalışan bütün gəmiçilik şirkətləri, digər müəssisələr, təşkilatlar və şəxslər üçün məcburidir.

1.7. Liman kapitanı vəzifəsinə kapitan sertifikatına (diplomuna) və nəqliyyat gəmilərində kapitan vəzifəsində ən azı 5 (beş) il iş təcrübəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşları təyin olunurlar.

1.8. Liman kapitanı Liman Nəzarəti Müfəttişliyinə rəhbərlik edir. Liman Nəzarəti Müfəttişliyinin tam təminatı müvafiq liman tərəfindən həyata keçirilir.

1.9. Liman Nəzarəti Müfəttişliyinin ştat cədvəli liman kapitanı tərəfindən tərtib olunur və Agentlik ilə razılaşdırılmaqla, liman idarəsi tərəfindən təsdiq edilir. [5]

1.10. Liman Nəzarəti Müfəttişliyinin işçiləri liman kapitanının təqdimatına əsasən liman idarəsi tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunurlar. Liman nəzarəti müfəttişi vəzifəsinə "Gəmiqayırma və gəmi təmiri mühəndisliyi", "Gəmi energetik qurğularının istismarı mühəndisliyi", "Dəniz naviqasiyası mühəndisliyi" ixtisaslarından birinə və müvafiq vəzifədə azı 3 (üç) il əmək stajına malik olan şəxslər təyin oluna bilərlər.

1.11. Liman nəzarəti müfəttişləri Agentlik tərəfindən attestasiyadan keçirilirlər.

1.12. Liman kapitanı gerbli möhürə, Liman Nəzarəti Müfəttişliyinin işçiləri isə onların vəzifəsi və şəxsi nömrəsi göstərilən möhürə malikdirlər.

 

2. Liman kapitanının vəzifə və hüquqları

 

2.1. Liman kapitanı vəzifə və hüquqlarını Azərbaycan Respublikasının qanunvericiliyində, dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyalarda və Beynəlxalq Dəniz Təşkilatının qətnamələrində, habelə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada həyata keçirir. [6]

2.2. Liman kapitanının vəzifələri aşağıdakılardır:

2.2.1. liman akvatoriyasında dəniz üzgüçülüyünün təhlükəsizliyini və məcburi üzmə qaydalarına riayət olunması məqsədi ilə ticarət gəmiçiliyi sahəsində Azərbaycan Respublikasında qüvvədə olan qanun, qayda və beynəlxalq müqavilələrə riayət olunmasını təmin etmək;

2.2.2. gəmilərin limana girişini və çıxışını rəsmiləşdirmək;

2.2.3. gəmi sənədlərini, eləcə də sertifikat (diplom) və şəhadətnamələri yoxlamaq;

2.2.4. liman akvatoriyasında gəmilərə bələdçi xidmətinin göstərilməsini təşkil etmək;

2.2.5. liman ərazisində və akvatoriyasında dənizdə batan əmlakın çıxarılmasını təmin etmək ;

2.2.6. dəniz hadisələrinin (insidentlərinin) araşdırılmasını təmin etmək;

2.2.7. dəniz qəzalarının araşdırılmasında iştirak etmək;

2.2.8. limanda və onun yaxınlığında bədbəxt hadisələrə düçar olmuş insanlara, gəmilərə yardım göstərmək məqsədi ilə xilasetmə əməliyyatlarını təşkil etmək. Xilasetmə əməliyyatlarını həyata keçirərkən, limanın ərazisində və akvatoriyasında yerləşən mənsubiyyətindən asılı olmayaraq, bütün gəmilər liman kapitanının əmrlərinə tabe olmalıdır; [7]

2.2.9. limanda, limanın yaxınlığında olan kanal və farvaterlərdə dərinliklərin tələb olunan səviyyədə saxlanılmasına nəzarət etmək;

2.2.10. limanda və limanın yaxınlığında naviqasiya avadanlıqlarının işlək vəziyyətdə saxlanılmasını təmin etmək;

2.2.11. liman kapitanının sərəncamında olan naviqasiya və hidrometeoroloji məlumatların gəmi kapitanlarına çatdırılmasını təmin etmək.

2.3. Liman kapitanı aşağıdakı hüquqlara malikdir:

2.3.1. limanda olan gəmilərin nəzarət yoxlamasının həyata keçirilməsində iştirak etmək;

2.3.2. gəmi jurnallarını yoxlamaq, o cümlədən onların nömrələnməsini, qaytanlanmasını və təsdiq edilməsini təmin etmək;

2.3.3. Liman Nəzarəti Müfəttişliyinin işçilərinin vəzifə təlimatlarını təsdiq etmək;

2.3.4. liman nəzarəti müfəttişlərinin attestasiyadan keçirilməsində iştirak etmək;

2.3.5. dənizçilərin bilik və bacarıqlarının qiymətləndirilməsində iştirak etmək.

2.4. Liman kapitanı aşağıdakı hallarda gəmilərin səfərə çıxmasını qadağan edə bilər:

2.4.1. gəmi üzməyə yararlı olmadıqda;

2.4.2. gəminin yüklənilməsində, təchizatında, heyət üzvləri ilə komplektləşdirilməsində çatışmazlıqlar olduqda;

2.4.3. dəniz üzgüçülüyünün, gəmidə olan insanların həyatının və ətraf mühitin təhlükəsizliyini aşkar surətdə təhdid edən hallarda;

2.4.4. müəyyən edilmiş rüsum, yığım və cərimələr ödənilmədikdə;

2.4.5. gəmi sənədlərinə olan tələblər pozulduqda;

2.4.6. qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

2.4.7. Beynəlxalq Dəniz Təşkilatının qətnamələrində nəzərdə tutulduğu hallarda;

2.4.8. "Azərbaycan Respublikasında gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə" ilə müəyyən edilmiş hallarda.

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2013-cü il 4 aprel tarixli 59 nömrəli qərarı ilə

təsdiq edilmişdir

2 nömrəli əlavə

 

Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 371-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 669 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyalara, Azərbaycan Respublikasının müvafiq sahədəki qanunvericiliyinə, eləcə də Beynəlxalq Dəniz Təşkilatının qətnamələrinə uyğun olaraq hazırlanmışdır və dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması qaydalarını müəyyən edir.

1.2. Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılmasının məqsədi gəmilərdə baş verən qəzaların başvermə səbəblərinin müəyyən edilməsindən və gələcəkdə onların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsindən ibarətdir.

1.3. Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması sübutların toplanılmasını və təhlilini, qəzanın başvermə səbəblərinin müəyyən olunmasını, gələcəkdə belə halların qarşısının alınmasına və dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunmasına dair müvafiq tövsiyələrin hazırlanmasını nəzərdə tutur.

1.4. Bu Qaydalar hərbi, hərbi-yardımçı və dövlət tərəfindən qeyri-kommersiya məqsədləri üçün istifadə olunan gəmilərdə, habelə kiçikhəcmli, idman gəmilərində, eləcə də tərsanədə inşa və ya təmirdə olan, dayanacaqda heyətsiz dayanan gəmilərdə baş vermiş qəzaların araşdırılması zamanı tətbiq edilmir.

1.5. Bu Qaydalar balıqçı torlarının pərlərə dolaşması halları istisna olmaqla, gəmilər tərəfindən balıqçı torlarının zədələnməsi ilə bağlı qəzaların araşdırılmasında tətbiq edilmir.

1.6. Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması cinayət, inzibati və ya başqa icraat qaydasında aparılan hər hansı bir araşdırmadan asılı olmayaraq həyata keçirilir və qeyd olunan araşdırmaların aparılmasına maneçilik törətmir.

1.7. Gəmilərdə baş vermiş qəzalar insan ölümünə, gəminin tam məhvinə, dəniz mühitinin ciddi çirklənməsinə səbəb olduqda, qəzaların araşdırılmasının nəticəsinə dair rəy müvafiq istintaq orqanlarına təqdim edilir.

1.8. Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması gəminin, hər hansı şəxsin və ya ətraf mühitin təhlükəsizliyinə zərər vurulması niyyəti ilə törədilmiş hərəkətin və ya hərəkətsizliyin istintaqını nəzərdə tutmur.

1.9. Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılmasında iştirak edən şəxslər gəmilərə, sahildə yerləşən obyektlərə, müəssisələrə və təşkilatlara maneəsiz girmək, hadisələrin şahidi olmuş şəxsləri sorğu etmək hüququna malikdirlər.

1.10. Gəminin istismarı ilə bilavasitə əlaqədar olaraq baş vermiş və aşağıda göstərilənlərə səbəb olmuş hadisələr dənizdə gəmilərdə baş vermiş qəza hesab edilir:

1.10.1. insan ölümünə və ya insan bədəninə ağır xəsarət yetirilməsinə;

1.10.2. insanın gəmidən itkin düşməsinə;

1.10.3. gəminin məhvinə və ya gəminin məhvi ehtimalına;

1.10.4. gəminin tərk edilməsinə;

1.10.5. gəminin zədələnməsinə;

1.10.6. gəminin saya oturmasına və ya hərəkət (üzgüçülük) imkanından məhrum olmasına;

1.10.7. gəminin toqquşmada iştirakına;

1.10.8. gəmidən kənarda olan dəniz infrastrukturu obyektlərinin, gəminin özünün, başqa gəminin və ya ayrıca şəxsin, yaxud dəniz üzgüçülüyünün təhlükəsizliyini ciddi təhdid edə biləcək zədələnməsinə;

1.10.9. gəminin və ya gəmilərin zədələnməsi nəticəsində ətraf mühitə ciddi zərər vurulmasına.

1.11. Dənizdə gəmilərdə baş vermiş qəzalar iki növə bölünür:

1.11.1. dəniz qəzaları - gəminin istismarı ilə bilavasitə əlaqədar olaraq baş vermiş və gəminin tam məhvinə və ya insan ölümünə, yaxud ətraf mühitə ciddi zərər vurulmasına səbəb olmuş dənizdə gəmilərdə baş vermiş qəzalar;

1.11.2. dəniz hadisəsi (insidenti) - gəminin istismarı ilə bilavasitə əlaqədar olaraq baş vermiş, gəmidəki şəxslərin və ya hər hansı başqa şəxsin, yaxud ətraf mühitin təhlükəsizliyini təhdid edən və ya qarşısı alınmadıqda təhdid edə biləcək, dəniz qəzası anlayışı ilə əhatə olmayan hadisə və ya hadisələr.

1.12. Gəmi kapitanı dəniz qəzaları və ya hadisələrinin araşdırılması başlananadək, bu Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş ilkin hərəkətləri icra etməlidir.

 

2. Dənizdə gəmilərdə baş vermiş qəzalar barədə məlumat verilməsi

 

2.1. Gəminin kapitanı dənizdə gəmilərdə baş vermiş qəzalar barədə aşağıdakılara dərhal məlumat verməlidir:

2.1.1. ən yaxın limanın və ya daxil olması planlaşdırılan limanın kapitanına;

2.1.2. gəminin qeydiyyat limanının kapitanına;

2.1.3. gəmi sahibinə;

2.1.4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinə (bundan sonra – Agentlik). [8]

2.2. Dənizdə gəmilərdə baş vermiş qəza nəticəsində gəmidə naviqasiya avadanlığı vasitələri (NAV) zədələndikdə, gəminin kapitanı belə zədələnmə haqqında aşağıdakılara dərhal məlumat verməlidir:

2.2.1. gəmi sahibinə;

2.2.2. Agentliyə; [9]

2.2.3. akvatoriyasında olduğu Azərbaycan Respublikasının dəniz limanının liman kapitanına.

2.3. Dənizdə gəmilərdə baş vermiş qəza haqqında məlumatda aşağıdakılar göstərilir:

2.3.1. gəminin adı və BDT/İMO nömrəsi;

2.3.2. gəmi kapitanının soyadı, adı və atasının adı;

2.3.3. gəmi sahibi və onun identifikasiya nömrəsi (mövcud olduqda);

2.3.4. gəmi sahibinin ünvanı, telefon və faks nömrələri;

2.3.5. gəminin qeydiyyat limanı (yeri);

2.3.6. gəminin inşa ili;

2.3.7. qəzanın başvermə tarixi və vaxtı;

2.3.8. qəzanın baş verdiyi yer (liman, körpü, boğaz, körfəz, reyd, daxili sular, ərazi suları, açıq dəniz);

2.3.9. baş vermiş qəzanın coğrafi koordinatları;

2.3.10. gəminin olduğu yerin coğrafi koordinatları;

2.3.11. baş vermiş qəzanın qısa təsviri;

2.3.12. məlumatın tərtib edildiyi tarix.

2.4. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmi xarici dövlətin ərazi və daxili sularında olduğu zaman qəza baş verdikdə, gəmi kapitanı tərəfindən həmin dövlətin xilasetmə koordinasiya mərkəzinə və yaxınlıqda yerləşən Azərbaycan Respublikasının konsulluğuna məlumat verilməlidir.

2.5. Baş vermiş qəza haqqında məlumatı gəmi kapitanı imzalayır.

 

3. Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması qaydası

 

3.1. Qəzanın baş verdiyi gəminin kapitanı aşağıdakıları həyata keçirir:

3.1.1. baş vermiş qəza haqqında aktı təsdiq edir;

3.1.2. şahidlərdən və aidiyyəti şəxslərdən izahat alınmasını və sorğu protokollarının tərtib edilməsini (şahidlər və aidiyyəti şəxslər ayrı-ayrılıqda sorğu edilirlər) təşkil edir;

3.1.3. baş vermiş qəza haqqında Agentliyin İdarə Heyətinin sədri ünvanlanmış ərizəni tərtib edir; [10]

3.1.4. baş vermiş qəza haqqında ətraflı məlumatı tərtib edir;

3.1.5. gəmi jurnallarından çıxarışları, naviqasiya keçidi xəritələrini, manevretmə, toqquşma planlarını, sxemlərini, gəmilərin təsnifat cəmiyyətlərinin aktlarını, gəmi sənədlərini, manevr elementlərinin cədvəllərinin surətlərini, qəzanın sxematik çertyojunu, zədələnmə çertyojlarını, sorğu protokollarını, radioqramları, teleksləri, arayışları, baxış aktlarını, dərinlik planşetlərini, yedək troslarının quraşdırılması sxemlərini, laboratoriya analizlərini, texniki ekspertizaların nəticələrini, fotoşəkilləri və dənizdə gəmilərdə qəzanın baş verməsini təsdiq edən digər sənədləri hazırlayır.

3.2. Dənizdə gəmilərdə baş vermiş qəza haqqında aktda aşağıdakılar göstərilir:

3.2.1. aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı və atasının adı;

3.2.2. baş vermiş qəzanın növü, yeri və tarixi;

3.2.3. gəminin zədələrinin ətraflı təsviri.

3.3. Dənizdə gəmilərdə baş vermiş qəza haqqında akt həmin aktı tərtib etmiş şəxslər tərəfindən imzalanır. Akta zərərçəkən şəxslərin, itirilmiş və (və ya) korlanmış yükün, əmlakın, inventarın, avadanlığın, ləvazimatın siyahısı, radioqramların surətləri və s. əlavə edilir.

3.4. Şahidlərin və aidiyyəti şəxslərin sorğu protokollarında aşağıdakılar göstərilir:

3.4.1. sorğunun aparılma vaxtı və tarixi (saat, gün, ay və il);

3.4.2. sorğu olunanın iş stajı, o cümlədən ixtisas üzrə həmin gəmidə sonuncu vəzifədə iş stajı;

3.4.3. sorğu olunanın ixtisas təhsili (tədris müəssisəsinin adı və bitirilmə tarixi);

3.4.4. sorğu olunanın diplomu üzrə ixtisası (diplomun adı və nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir);

3.4.5. sorğu olunan şəxsin ev ünvanı;

3.4.6. sorğunun gedişində verilmiş suallar və alınmış cavablar;

3.4.7. sorğu aparan şəxsin soyadı, adı, atasının adı və vəzifəsi.

3.5. Sorğu protokolunun hər bir vərəqi sorğu olunan və sorğunu aparan şəxs tərəfindən imzalanmalıdır.

3.6. Dənizdə gəmilərdə baş vermiş qəza haqqında ərizədə aşağıdakılar göstərilir:

3.6.1. gəminin adı və BDT/İMO nömrəsi;

3.6.2. gəmi kapitanının soyadı, adı və atasının adı;

3.6.3. gəminin sahibi və onun identifikasiya nömrəsi (mövcud olduqda);

3.6.4. qəzanın qısa təsviri;

3.6.5. qəzanın iştirakçıları haqqında məlumatlar;

3.6.6. qəzanın başvermə yeri, tarixi və vaxtı;

3.6.7. ərizənin tərtib edilmə tarixi.

3.7. Gəmi kapitanı gəminin və ya onun heyət üzvlərinin Azərbaycan Respublikasının birinci dəniz limanına gəlməsindən sonra 24 (iyirmi dörd) saat müddətində dəniz limanı kapitanına bu Qaydaların 3.1-ci bəndində göstərilmiş sənədləri təqdim etməlidir.

3.8. Liman kapitanı gəmi kapitanından alınmış sənədləri 24 (iyirmi dörd) saat müddətində Agentliyə təqdim edir. Agentlik təqdim edilmiş sənədlər əsasında 3 (üç) gün müddətində bu Qaydaların 1.11-ci bəndinə uyğun olaraq, dənizdə gəmilərdə baş vermiş qəzanın dəniz qəzası və ya dəniz hadisəsi (insidenti) olması müəyyən edilir və qeydiyyatı aparılır. [11]

3.9. Dənizdə gəmilərdə baş vermiş qəzanın dəniz hadisəsi (insidenti) olması müəyyən edildikdə, təqdim edilmiş sənədlər Agentliyin qərarı əsasında, araşdırma aparılması üçün liman kapitanına qaytarılır.

3.10. Liman kapitanı 30 (otuz) iş günü müddətində araşdırmanı aparır, dəniz hadisəsinin (insidentinin) araşdırılması haqqında rəyi tərtib və təsdiq edir, zəruri sənədlərlə birlikdə gəmi sahibinə və Agentli göndərir.

3.11. Dəniz qəzalarının araşdırılmasını Agentlik tərəfindən yaradılmış və müvafiq liman kapitanının da üzvü olduğu komissiya araşdırma planına uyğun olaraq aparır.

3.12. Dəniz qəzasının araşdırılmasının müddəti qəzanın qeydiyyata alındığı andan etibarən hesablanır və 30 (otuz) iş günü təşkil edir. Dəniz qəzasının araşdırılması haqqında rəy tərtib edilir və Agentliyin İdarə Heyətinin sədri tərəfindən təsdiq edildikdən sonra həmin rəy gəmi sahibinə və gəmi kapitanına təqdim edilir.

3.13. Araşdırmanı aparan komissiyanın və ya liman kapitanının əsaslandırılmış təqdimatı əsasında Agentlik tərəfindən araşdırma müddəti 20 (iyirmi) iş günündən artıq olmayaraq artırıla bilər.

3.14. Qəzaya uğramış gəminin istismarının davam etdirilməsi mümkün olduqda, araşdırma müddətində gəminin istismarına yol verilir.

3.15. Araşdırma zamanı komissiya (komissiya üzvləri) və ya liman kapitanı:

3.15.1. dəniz qəzasına, yaxud hadisəsinə (insidentinə) aidiyyəti olan hər hansı məlumatı tələb edir;

3.15.2. zəruri laborator analizlərinin və ya ekspertizalarının aparılmasını təyin edir;

3.15.3. toplanmış materialları təhlil edir;

3.15.4. dəniz qəzasının, yaxud hadisəsinin (insidentinin) hallarını tədqiq edir;

3.15.5. dəniz qəzasına, yaxud hadisəsinə (insidentinə) aidiyyəti olan faktları müəyyən edir;

3.15.6. müəyyən olunmuş faktlar əsasında şahidlərin və aidiyyəti şəxslərin hərəkət və ya hərəkətsizliyini qiymətləndirir;

3.15.7. şahidləri və aidiyyəti olan şəxsləri sorğu edir;

3.15.8. faktlar əsasında dəniz qəzasının və ya hadisəsinin (insidentinin) səbəblərini, eləcə də ticarət gəmiçiliyi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin, müsbət dənizçilik təcrübəsinin, texniki istismar və üzgüçülük qaydalarının tələblərinə riayət olunub-olunmamasını müəyyən edir;

3.15.9. gələcəkdə dənizdə belə qəzaların və ya hadisələrin (insidentlərin) qarşısının alınmasına dair təkliflər işləyib hazırlayır.

3.16. Araşdırmanı aparan komissiya və ya liman kapitanı dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması zamanı laborator və digər analizlərin, yaxud ekspertizaların aparılması üçün mütəxəssisləri cəlb etmək, vəzifəli şəxslərdən, gəmilərin hərəkətini idarəetmə sistemlərinin və dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsinin digər sistemlərinin sahiblərindən, mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlardan arayış və məlumat tələb etmək hüququna malikdir.

3.17. Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması zamanı mütəxəssislərin cəlb edilməsi, habelə analiz və ekspertizaların aparılması ilə bağlı xərcləri gəmi sahibi ödəyir.

3.18. Dənizdə gəmilərdə baş vermiş qəza nəticəsində dəymiş zərərin həcminin qiymətləndirilməsi üçün gəmi kapitanı aşağıdakı əlavə sənədləri araşdırma aparan komissiya və ya liman kapitanına təqdim etməyə borcludur:

3.18.1. dalğıc baxışı aktını;

3.18.2. tərsanə baxışı aktını;

3.18.3. sürveyer baxışı aktını;

3.18.4. gəmilərin təsnifat cəmiyyətlərinin baxış aktını;

3.18.5. zədələrin fotoşəkillərini;

3.18.6. digər sənədləri.

3.19. Təqdim edilmiş sənədlər əsasında aşağıda qeyd olunanlar müəyyən edilir:

3.19.1. dəniz qəzasının və ya hadisəsinin (insidentinin) başvermə səbəbi və şəraiti;

3.19.2. dəniz qəzası və ya hadisəsi (insidenti) ilə bağlı dəymiş zərərin həcmi.

3.20. Dəniz hadisəsinin (insidentinin) və dəniz qəzasının araşdırılması haqqında rəylərdə aşağıdakı məlumatlar əks etdirilir:

3.20.1. araşdırmanın tarixi və yeri;

3.20.2. komissiya üzvlərinin və ya gəmi kapitanının soyadı, adı və atasının adı;

3.20.3. gəminin səfəri (çıxdığı liman, gəldiyi liman);

3.20.4. dəniz qəzasının növü (toqquşma, sayaoturma, konstruksiyanın zədələnməsi, çirklənmə və s.) və ya hadisənin (insidentin) növü;

3.20.5. dəniz qəzasının və ya hadisənin (insidentin) başvermə tarixi və vaxtı (gün, ay, il, saat, dəqiqə);

3.20.6. dəniz qəzasının və ya hadisənin (insidentin) başvermə yeri (liman, kanal, boğaz, körfəz, dəniz, okean, koordinatlar);

3.20.7. gəmi haqqında məlumatlar (adı, bayrağı, gəminin BDT/İMO nömrəsi, qeydiyyat limanı (yeri) və qeydiyyat nömrəsi, gəmi sahibi və onun identifikasiya nömrəsi (mövcud olduqda), ünvanı, inşa yeri və ili, ən böyük ölçüləri, tutumu (ümumi/xalis), gəminin energetik qurğusunun növü və gücü, avar pərlərinin sayı və quruluşu, sükanın konstruksiyası, tam gediş sürəti (manevr/dəniz mili ilə), hadisə (insident) anında suya oturumu (burun, arxa, orta hissə), sərnişinlərin sayı, yükün sayı, növü və anbarlar üzrə yerləşdirilməsi, heyət üzvlərinin sayı, xilasetmə vasitələrinin ştat dəsti, radiostansiyanın gücü və əhatə radiusu, elektrik radionaviqasiyası cihazları, suaxıdıcı vasitələrin sayı və gücü, yanğından mühafizə vasitələri, gəminin buzgücləndirmə kateqoriyası);

3.20.8. gəminin və gəmiçilik şirkətinin sonuncu şəhadətləndirilməsini həyata keçirən və təsnifat şəhadətnaməsini və konvension sənədləri təqdim edən təsnifat cəmiyyəti barədə məlumatlar;

3.20.9. üzməyə yararlılıq haqqında şəhadətnamənin son etibarlılıq tarixi;

3.20.10. təsnifat şəhadətnaməsinin son etibarlılıq tarixi;

3.20.11. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə uyğun olaraq, gəmiyə verilmiş sənədlərin siyahısı və son etibarlılıq tarixi;

3.20.12. dəniz qəzasının və ya dəniz hadisəsinin (insidentinin) təsviri;

3.20.13. dəniz qəzasının və ya dəniz hadisəsinin (insidentinin) nəticələri - qəza təmirinin aparılması ilə əlaqədar gəminin boş dayanması (saat və ya sutka ərzində) gövdənin, mexanizmlərin, sistemlərin, qurğuların, avadanlığın, yükün və s. zədələnməsi, insanlar üçün təhlükə, dəniz infrastrukturu obyektlərinin zədələnməsi, ətraf mühitin çirklənməsi (dəniz qəzasına münasibətdə, eləcə də insanların ölümü və ya itkin düşməsi, yükün itirilməsi, gəminin məhvi);

3.20.14. dəniz qəzasına və ya dəniz hadisəsinə (insidentinə) aidiyyəti olan şəxslər haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi, vəzifəsi, təhsili (hansı təhsil müəssisəsini və nə vaxt bitirmişdir), iş stajı (dəniz nəqliyyatında cəmi; sonuncu vəzifədə), diplomu, şəhadətnaməsi, hadisənin baş verməsində iştirak səviyyəsinə dair məlumat);

3.20.15. dəniz qəzasının və ya hadisəsinin (insidentinin) başvermə səbəbi və şəraiti;

3.20.16. dəniz qəzasına və ya hadisəsinə (insidentinə) aidiyyəti olması müəyyən edilmiş faktlar;

3.20.17. gəminin, onun heyət üzvlərinin, təchizatının və ya avadanlığının, yaxud dəniz üzgüçülüyünün təhlükəsizliyinin sahil təminatı sistemlərinin ticarət gəmiçiliyi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin tələblərinə uyğunsuzluğu;

3.20.18. dəniz qəzasının və ya hadisəsinin (insidentinin) nəticələri;

3.20.19. xarici amillərin təsiri, psixoloji durumu, yorğunluq dərəcəsi nəzərə alınmaqla, dəniz qəzasına və ya hadisəsinə (insidentinə) aidiyyəti olan şəxslərin hərəkətlərinin qiymətləndirilməsi;

3.20.20. kimin tərəfindən hansı tələblərin pozulduğu göstərilməklə, hərəkət və ya hərəkətsizliyi dəniz qəzasına və ya hadisəsinə (insidentinə) səbəb olmuş və ya təkan vermiş şəxslərin siyahısı;

3.20.21. gələcəkdə dənizdə belə qəzaların və ya hadisələrin (insidentlərin) qarşısının alınmasına dair tövsiyələr.

3.21. Dəniz qəzasının və ya hadisəsinin (insidentinin) araşdırılmasının nəticəsinə dair rəylərə bu Qaydaların 3.1.5-ci yarımbəndində göstərilən sənədlər əlavə olunur.

3.22. Dəniz qəzasının və ya hadisəsinin (insidentinin) araşdırılmasının nəticəsinə dair rəyin surəti Agentlik kağız və elektron daşıyıcılarda saxlanılır və qəza halları barədə məlumatlar Qəza Hallarının Qeydiyyatı Elektron Məlumat Bazasına daxil edilir.

3.23. Gəmi sahibi dəniz qəzasının və ya hadisəsinin (insidentinin) araşdırılmasının nəticəsinə dair rəylə razılaşmadıqda, rəyi aldıqdan sonra 10 (on) iş günü müddətində Agentli və ya məhkəməyə şikayət etmək hüququna malikdir.

3.24. Dəniz qəzasının və ya hadisəsinin (insidentinin) araşdırılmasının nəticəsinə dair rəydən verilmiş şikayətə Agentlik 14 (on dörd) iş günü müddətində baxılır və aşağıdakı qərarlardan biri qəbul edilir:

3.24.1. rəy təsdiq edilir;

3.24.2. əlavə araşdırma təyin edilir;

3.24.3. müstəqil ekspertlərin və gəmi sahibinin nümayəndəsinin iştirakı ilə komissiya yaradılaraq təkrar araşdırma təyin olunur.

3.25. Qəbul edilmiş qərar barədə gəmi sahibinə məlumat verilir.

3.26. Gəmi sahibi yekun qərarı aldıqdan sonra 30 (otuz) gün müddətində gələcəkdə dənizdə belə halların baş verməsinin qarşısının alınması üzrə tədbirlər həyata keçirməli və bu barədə Agentli, eləcə də gəminin və gəmi sahibinin "Əmniyyətli İdarəetmə üzrə Beynəlxalq Məcəllə"nin tələblərinə uyğunluğunun yoxlanılmasını həyata keçirmiş təşkilata məlumat verməlidir.

3.27. Agentlik Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin sahibləri tərəfindən araşdırmaların nəticələrinə əsasən qəbul edilmiş qərarların icra olunmasına nəzarət edir və bu qərarların təxirə salınmadan icrasını tələb etmək hüququna malikdir.

3.28. Baş vermiş dəniz qəzası və ya hadisəsi (insidenti) ilə bağlı araşdırmanın aparılması gəmi kapitanını qanunvericiliklə müəyyən olunmuş qaydada dəniz protesti vermək vəzifəsindən azad etmir.

 

4. Xarici dövlətin bayrağı altında üzən gəmilərdə baş vermiş qəzaların araşdırılması

 

4.1. Azərbaycan Respublikasının ərazi və daxili sularında xarici dövlətin bayrağı altında üzən gəmilərdə baş vermiş qəzalar bu Qaydaların və "Dəniz qəzasının, yaxud hadisəsinin (insidentinin) araşdırılmasına dair tövsiyə edilən təcrübə və Beynəlxalq Standartlar Məcəlləsi"nin (Beynəlxalq Dənizçilik Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin MSC 255 (84) Qətnaməsi) tələblərinə uyğun olaraq araşdırılır, araşdırmanın nəticəsinə dair rəy həmin tələblər nəzərə alınmaqla tərtib edilir və ingilis dilinə tərcümə olunur.

4.2. Agentlik tərəfindən Azərbaycan Respublikasının ərazi və daxili sularında xarici dövlətin bayrağı altında üzən gəmilərdə baş vermiş qəzalar barədə gəminin bayrağı altında üzdüyü dövlətin səlahiyyətli qurumuna dərhal məlumat verilməlidir.

4.3. Xarici bayraq altında üzən gəminin və gəminin bayrağı altında üzdüyü dövlətin səlahiyyətli qurumunun nümayəndəsinin "Dəniz qəzasının, yaxud hadisəsinin (insidentinin) araşdırılmasına dair tövsiyə edilən təcrübə və Beynəlxalq Standartlar Məcəlləsi"ndə (Beynəlxalq Dənizçilik Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin MSC 255 (84) Qətnaməsi) nəzərdə tutulmuş qaydada qəza hallarının araşdırılmasında iştirak etmək hüququ vardır.

4.4. Baş vermiş qəzada iştirak etmiş xarici dövlətin bayrağı altında üzən gəminin saxlanılması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və "Dəniz qəzasının, yaxud hadisəsinin (insidentinin) araşdırılmasına dair tövsiyə edilən təcrübə və Beynəlxalq Standartlar Məcəlləsi"nin (Beynəlxalq Dənizçilik Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin MSC 255 (84) Qətnaməsi) tələbləri nəzərə alınmaqla həyata keçirilir.

4.5. Xarici dövlətin bayrağı altında üzən gəminin sahibi və gəminin bayrağı altında üzdüyü dövlətin səlahiyyətli qurumu qəzanın araşdırılmasının nəticəsinə dair rəyin alındığı gündən 2 (iki) ay müddətində Agentli və ya məhkəməyə şikayət edə bilər.

4.6. Xarici dövlətin bayrağı altında üzən gəmi ilə baş vermiş qəzanın araşdırılması xərcləri həmin gəmi sahibi tərəfindən ödənilir.

 

5. Dəniz qəzalarının və ya hadisələrinin (insidentlərinin) qeydiyyatı

 

5.1. Azərbaycan Respublikasının ərazi və daxili sularında gəmilərdə baş vermiş qəzaların qeydiyyatı Agentlik tərəfindən aparılır.

5.2. Dənizdə gəmilərdə baş vermiş qəzaların qeydiyyatı jurnalına aşağıdakı məlumatlar daxil edilməlidir:

5.2.1. iş nömrəsi;

5.2.2. qəzaya uğramış gəminin (gəmilərin) tipi və adı;

5.2.3. gəmi sahibi haqqında məlumatlar;

5.2.4. gəminin (gəmilərin) kapitanının (kapitanlarının) soyadı, adı və atasının adı;

5.2.5. qəzanın baş verdiyi gün, ay, il və saat;

5.2.6. qəzanın baş verdiyi yer;

5.2.7. qəzanın növü;

5.2.8. qəzanın səbəbi;

5.2.9. qəzanın nəticələri;

5.2.10. qəzaya aidiyyəti olan şəxslər;

5.2.11. araşdırmanı aparan şəxs (şəxslər);

5.2.12. araşdırmanın başlanılması tarixi;

5.2.13. araşdırmanın bitməsi tarixi;

5.2.14. araşdırma müddətinin uzadılması haqqında məlumatlar;

5.2.15. profilaktik tədbirlər;

5.2.16. digər məlumatlar.

5.3. Gəmilərdə baş vermiş qəzaların qeydiyyatı jurnalının səhifələri nömrələnməli, eyni zamanda jurnalın aparılmasının başlanğıc və son tarixləri (gün, ay, il) göstərilməlidir.

5.4. Gəmilərdə baş vermiş qəzaların qeydiyyatı jurnalının aparılması ilə yanaşı, hər bir qəzanın araşdırılması üzrə qeydiyyat jurnalında göstərilmiş nömrəyə uyğun olaraq, iş qovluqları tərtib olunur və araşdırmaya dair bütün sənədlər qeydiyyata alınmaqla iş qovluqlarına daxil edilir.

5.5. Agentlik qəzanın qeydiyyatını aparır, dənizdə gəmilərdə baş vermiş qəzaların elektron məlumat bazasını yaradır, qəzaların səbəblərini ümumiləşdirir, belə halların qarşısının alınmasına dair tövsiyələr işləyib hazırlayır və həmin tövsiyələrin fəaliyyətlərində nəzərə alınması məqsədi ilə gəmi sahiblərinə və heyət üzvlərinə, dəniz limanlarının kapitanlarına, digər maraqlı orqan və təşkilatlara göndərir.

5.6. Agentlik dənizdə gəmilərdə baş vermiş qəzalar barədə məlumatların Beynəlxalq Dəniz Təşkilatına təqdim olunması məqsədi ilə müvafiq tədbirlərin görülməsini təmin edir.

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2013-cü il 4 aprel tarixli 59 nömrəli qərarı ilə

təsdiq edilmişdir

3 nömrəli əlavə

 

Gəmilərin nəzarət yoxlamasına dair

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 371-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 669 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə və dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyalara, Azərbaycan Respublikasının müvafiq sahədəki qanunvericiliyinə, eləcə də Beynəlxalq Dəniz Təşkilatının qətnamələrinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında kiçikhəcmli, hərbi və hərbi-yardımçı gəmilər istisna olmaqla, gəmilərin (bundan sonra - gəmilər) nəzarət yoxlamasının həyata keçirilməsi qaydasını müəyyən edir.

1.2. Gəmilərin nəzarət yoxlaması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. [12]

 

2. Gəmilərin nəzarət yoxlamasını həyata keçirən müfəttişlərə dair tələblər

 

2.1. Gəmilərin nəzarət yoxlamasını həyata keçirən müfəttişlərə dair tələblər aşağıdakılardır:

2.1.1. gəmi komandir heyətinin tərkibində işləmək üçün müvafiq ixtisasa və sertifikata (diploma) malik olmalı;

2.1.2. ixtisas üzrə ən azı 3 (üç) il əmək stajı olmalı;

2.1.3. Azərbaycan və ingilis dillərində sərbəst danışa bilməli;

2.1.4. gəmilərin nəzarət yoxlaması üzrə hazırlıq kursunu müvəffəqiyyətlə bitirməyə dair müvafiq sənədi olmalı;

2.1.5. etik davranış bacarığı olmalı;

2.1.6. gəmilərin istismarı ilə bağlı kommersiya maraqları olmamalıdır.

2.2. Müfəttişlər onların gəmilərin nəzarət yoxlamasını həyata keçirmək səlahiyyətlərinə malik olmalarını təsdiq edən xidməti vəsiqəyə malikdirlər.

 

3. Gəmilərin nəzarət yoxlamasının həyata keçirilməsi qaydası

 

3.1. Gəmilərin nəzarət yoxlaması ilkin və geniş nəzarət yoxlaması olmaqla, 2 (iki) növə bölünür.

3.2. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin, habelə Azərbaycan Respublikasının dəniz limanlarına daxil olan xarici dövlətlərin bayraqları altında üzən gəmilərin ortaillik sayının ən azı 25 (iyirmi beş) faizi nəzarət yoxlamasından keçirilməlidir.

3.3. Gəmilərdə nəzarət yoxlamaları hər 6 (altı) aydan bir həyata keçirilir. Aşağıdakı hallarda qeyd edilən müddət nəzərə alınmadan gəmilərin nəzarət yoxlaması həyata keçirilir:

3.3.1. gəmi Azərbaycan Respublikasının limanlarına ilk dəfə səfər etdikdə və ya Azərbaycan Respublikasının dəniz limanlarına sonuncu səfər tarixindən 12 (on iki) aydan artıq müddət keçdikdə;

3.3.2. gəminin bayrağı altında üzdüyü dövlət və ya gəmi sahibi liman nəzarəti üzrə ixtisaslaşmış beynəlxalq qurumların "Qara siyahı"sında olduqda;

3.3.3. əvvəlki yoxlamalar zamanı gəminin və heyət üzvlərinin dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyalar və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə və standartlara uyğunsuzluğu (bundan sonra - uyğunsuzluq) aşkar edildikdə, onların aradan qaldırılmasına dair müddət müəyyən edilməklə, səfərə çıxmasına icazə verilmiş gəmilər dəniz limanına daxil olduqda;

3.3.4. dəniz üzgüçülüyünün təhlükəsizliyinə, insan həyatına və ya ətraf mühitə real təhlükə yaradan uyğunsuzluqların mövcudluğuna dair məlumatlar olduqda;

3.3.5. gəminin bortunda olan təhlükəli yüklər barədə səlahiyyətli orqanlara tam məlumat verilmədikdə;

3.3.6. son 6 (altı) ay müddətində təsnifat cəmiyyəti tərəfindən gəminin təsnifatı dayandırıldıqda;

3.3.7. gəmi təhlükəsizlik şəhadətnamələrində göstərilmiş inşa tarixindən 10 (on) ildən artıq müddət keçmiş qaz və kimyəvi maddələr daşıyan tanker, 12 (on iki) ildən artıq müddət keçmiş balker yük gəmisi, 15 (on beş) ildən artıq müddət keçmiş sərnişin gəmisi, eləcə də ümumi tonnajı 3000 (üç min) tondan artıq olan və təhlükəsizlik şəhadətnamələrində göstərilmiş inşa tarixindən 15 (on beş) ildən artıq müddət keçmiş neft tankeri olduqda.

3.4. Gəmilərin nəzarət yoxlaması planlı və növbədənkənar qaydada, yəni hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda aparılır. Müfəttiş daxil olmuş məlumatın mənbəyini açıqlamamaq hüququna malikdir.

3.5. Gəmilərdə nəzarət yoxlamalarının planlaşdırılması aşağıdakı meyarlar əsasında həyata keçirilir:

3.5.1. gəminin bayrağı;

3.5.2. gəminin yaşı;

3.5.3. gəminin tipi;

3.5.4. gəminin sahibi və ya operatoru;

3.5.5. gəminin təsnifat cəmiyyəti.

3.6. Gəmilərin nəzarət yoxlamasının aparılması ticarət gəmiçiliyinin həyata keçirilməsinə mane olmamalıdır.

3.7. İl ərzində aparılmış yoxlamalar nəticəsində uyğunsuzluqlar səbəbindən səfərə çıxmasına icazə verilməyən (saxlanılan) gəmilər və onların sahibləri barədə məlumatlar, eləcə də həmin gəmilərin bayraq dövlətlərinin adları Agentliyin Gəmilərin Nəzarət Yoxlaması üzrə Məlumat Bazasına daxil edilir.

 

4. Gəminin ilkin nəzarət yoxlaması

 

4.1. Gəminin ilkin nəzarət yoxlaması gəminin ümumi texniki vəziyyətinin (maşın şöbəsi, yaşayış bölməsi, məişət və gigiyena şəraiti və s.) və gəminin heyət üzvlərinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinə uyğun olub-olmamasını müəyyən etmək məqsədi ilə gəminin tipindən, üzmə rayonundan və ümumi tutumundan asılı olaraq, aşağıdakı sənədlərin mövcudluğunun müəyyən edilməsindən ibarətdir:

4.1.1. Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə;

4.1.2. gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə;

4.1.3. təsnifat şəhadətnaməsi;

4.1.4. gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında şəhadətnamə;

4.1.5. yük gəmisinin quruluşu üzrə təhlükəsizliyi haqqında şəhadətnamə;

4.1.6. yük gəmisinin avadanlıq üzrə təhlükəsizliyi haqqında şəhadətnamə;

4.1.7. yük gəmisinin radio avadanlığı üzrə təhlükəsizliyi haqqında şəhadətnamə;

4.1.8. yük gəmisinin təhlükəsizliyi haqqında şəhadətnamə;

4.1.9. uyğunluq haqqında şəhadətnamə;

4.1.10. əmniyyətli idarəetmə haqqında şəhadətnamə;

4.1.11. neftlə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə;

4.1.12. yük nişanı haqqında şəhadətnamə;

4.1.13. çirkab sularla çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə;

4.1.14. gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə və radio-jurnal;

4.1.15. ölçü şəhadətnaməsi;

4.1.16. gəminin mühafizəsi haqqında beynəlxalq şəhadətnamə;

4.1.17. gəmi tarixinin fasiləsiz qeydlər sənədi;

4.1.18. sərnişin gəmisinin təhlükəsizliyi haqqında şəhadətnamə;

4.1.19. dənli yüklərin daşınmasına icazə haqqında sənəd;

4.1.20. neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin sığorta və ya digər maliyyə təminatı haqqında şəhadətnamə;

4.1.21. maye halında olan zərərli maddələrin tökmə üsulu ilə daşınması üçün çirkləndirmənin qarşısının alınması haqqında beynəlxalq şəhadətnamə;

4.1.22. təhlükəli kimyəvi maddələrin tökmə üsulu ilə daşınması üçün yararlılıq haqqında şəhadətnamə;

4.1.23. gəminin sanitar şəhadətnaməsi;

4.1.24. maye qazların tökmə üsulu ilə daşınması üçün yararlılıq haqqında şəhadətnamə;

4.1.25. yüksəksürətli gəmilərin təhlükəsizliyi haqqında şəhadətnamə;

4.1.26. təhlükəli yüklər daşıyan gəmi üçün xüsusi tələblərə uyğunluq haqqında sənəd;

4.1.27. xüsusi təyinatlı gəmilərin təhlükəsizliyi haqqında şəhadətnamə;

4.1.28. şüalanmış maye nüvə yanacağı yükünü daşımaq üçün yararlılıq haqqında şəhadətnamə;

4.1.29. nüvə gəmisinin təhlükəsizliyi haqqında şəhadətnamə;

4.1.30. dəniz təchizat gəmiləri üçün yararlılıq haqqında şəhadətnamə;

4.1.31. dalğıc sisteminin təhlükəsizliyi haqqında şəhadətnamə;

4.1.32. dinamik təchiz edilmiş gəminin quruluşu və avadanlığı haqqında şəhadətnamə;

4.1.33. özühərəkətedən səyyar üzən qazma qurğusunun təhlükəsizliyi haqqında şəhadətnamə;

4.1.34. bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikat;

4.1.35. Azərbaycan Respublikasının qanunvericiliyində, tərəfdar çıxdığı beynəlxalq konvensiyalarda, eləcə də Beynəlxalq Dəniz Təşkilatının qətnamələrində nəzərdə tutulan digər sənədlər.

4.2. Gəminin ilkin nəzarət yoxlamasının nəticələri nümunəvi forması Agentlik tərəfindən təsdiq edilən akt (forma A) ilə rəsmiləşdirilir. Tərtib olunmuş aktın bir nüsxəsi gəmi kapitanına, digər nüsxəsi isə dəniz limanı kapitanına və gəmi sahibinə təqdim edilir.

4.3. Bu Əsasnamənin 4.2-ci bəndində göstərilən akt əsasında yoxlamanı aparan müfəttiş tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir:

4.3.1. gəminin səfərə çıxmasına icazə verilməsi barədə;

4.3.2. gəmidə geniş nəzarət yoxlamasının aparılması barədə.

 

5. Gəminin geniş nəzarət yoxlaması

 

5.1. Gəminin geniş nəzarət yoxlaması gəminin real vəziyyətinin müəyyən olunması məqsədi ilə gəmi quruluşunun, onun avadanlığının, gəminin heyətlə komplektləşdirilməsinin, heyətin iş və məişət şəraitinin, gəminin istismar vəziyyətinin hərtərəfli yoxlamasından ibarətdir.

5.2. Gəminin ilkin nəzarət yoxlaması zamanı onun ümumi texniki vəziyyətinin (maşın şöbəsi, yaşayış bölməsi, məişət və gigiyena şəraiti və s.) və heyət üzvlərinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinə uyğun olmadığı müəyyən edildikdə və ya bununla bağlı şübhə və əsaslar olduqda, gəminin geniş nəzarət yoxlaması həyata keçirilir.

5.3. Gəminin geniş nəzarət yoxlaması zamanı gəminin tipindən, üzmə rayonundan və ümumi tutumundan asılı olaraq aşağıdakılar yoxlanılmalıdır:

5.3.1. heyətin minimum tərkibi;

5.3.2. heyət üzvlərinin istirahət vaxtlarının təmin edilməsi;

5.3.3. heyət üzvlərinin minimum yaş həddi;

5.3.4. heyət üzvlərinin sənədləri (ixtisas şəhadətnamələri (diplomlar), xüsusi hazırlıq sertifikatları, tibbi şəhadətnamələri, onların əsli və etibarlılıq müddəti);

5.3.5. yük avadanlığının vəziyyəti;

5.3.6. naviqasiya avadanlığı;

5.3.7. dəniz xəritələri və Beynəlxalq Dəniz Təşkilatının tələblərinə əsasən gəmidə olması nəzərdə tutulan ədəbiyyat;

5.3.8. gəmidə növbə çəkmənin təşkili;

5.3.9. kapitan körpüsündən görməni məhdudlaşdıran amillərin mövcudluğu;

5.3.10. gəminin sükan qurğusunun yoxlanmasına dair qeydlər;

5.3.11. rabitə qovşağı və avadanlığı;

5.3.12. ehtiyat enerji elementləri (batareyalar);

5.3.13. yanğından mühafizə sistemləri və avadanlıqları;

5.3.14. xilasedici qayıqlar və sallar;

5.3.15. fərdi xilasedici vasitələr;

5.3.16. qəza çıxışları;

5.3.17. suyaenmə vasitələri;

5.3.18. gəmidə baş vermiş fövqəladə hallarda insanların toplanması üçün müəyyən edilmiş xüsusi yerlər;

5.3.19. gəmidə baş vermiş fövqəladə hallarda davranış üzrə təlimlərin keçirilməsinə dair qeydlər;

5.3.20. qəza planlarının və təlimatlarının mövcudluğu;

5.3.21. əsas və yardımçı mühərriklər;

5.3.22. boru xətləri, nasoslar və klapanlar;

5.3.23. elektrik generatorları;

5.3.24. qəza generatorları;

5.3.25. kabel xətləri;

5.3.26. işıqlandırma sistemləri;

5.3.27. havalandırma sistemləri;

5.3.28. qidanın və içməli suyun keyfiyyəti və miqdarı;

5.3.29. tibbi ləvazimatlar;

5.3.30. ərzaq anbarları, mətbəx, soyuducular və yeməkxana;

5.3.31. sanitariya şəraiti;

5.3.32. neftlə çirklənməyə qarşı gəminin fövqəladə mübarizə planı;

5.3.33. zibil əməliyyatları planı;

5.3.34. separatorlar və onların avadanlıqları;

5.3.35. "Əmniyyətli İdarəetmə üzrə Beynəlxalq Məcəllə"də nəzərdə tutulan sənədlər;

5.3.36. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalarda və Beynəlxalq Dəniz Təşkilatının qətnamələrində nəzərdə tutulan digər tələblər.

5.4. Gəminin geniş nəzarət yoxlamasının nəticələri nümunəvi forması Agentlik tərəfindən təsdiq edilən akt (forma B) ilə rəsmiləşdirilir. Tərtib olunmuş aktın bir nüsxəsi gəmi kapitanına, digər nüsxəsi isə dəniz limanı kapitanına və gəmi sahibinə təqdim edilir. Gəminin geniş nəzarət yoxlaması zamanı uyğunsuzluqlar aşkar edildikdə, nümunəvi forması Agentlik tərəfindən təsdiq edilən akt (forma B) tərtib olunur və aktın nüsxələri gəmi kapitanına, dəniz limanı kapitanına və gəmi sahibinə təqdim edilir.

5.5. Bu Əsasnamənin 5.4-cü bəndində göstərilən akt əsasında müfəttiş tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir:

5.5.1. aşkar edilmiş uyğunsuzluqlar gəmi limanı tərk etməzdən əvvəl aradan qaldırılsın;

5.5.2. aşkar edilmiş uyğunsuzluqların növbəti limanda aradan qaldırılmasına icazə verilsin (bu halda növbəti liman müvafiq qaydada məlumatlandırılmalıdır);

5.5.3. aşkar edilmiş uyğunsuzluqlar 14 (on dörd) gün müddətində aradan qaldırılsın;

5.5.4. aşkar edilmiş uyğunsuzluqlar 3 (üç) ay müddətində aradan qaldırılsın.

5.6. Aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra gəmi kapitanının məlumatı əsasında gəmidə təkrar nəzarət yoxlaması həyata keçirilir və uyğunsuzluqların aradan qaldırıldığı müəyyən edildikdə, onların göstərildiyi aktda (forma B) bu barədə müvafiq qeydlər aparılır və gəminin səfərə çıxmasına icazə verilməsi məqsədi ilə dəniz limanı kapitanına məlumat verilir.

5.7. Bu Əsasnamədə göstərilən aktların tərtib olunması zamanı gəmilərin nəzarət yoxlaması üzrə beynəlxalq təcrübədə istifadə edilən və Agentlik tərəfindən təsdiq olunan kod və ifadələrdən istifadə edilir. Qeyd edilən kod və ifadələr ingilis dilində olmalıdır.

 

6. Gəminin səfərə çıxmasına və limanlara daxil olmasına icazənin verilməməsi

 

6.1. Gəminin nəzarət yoxlamasını həyata keçirən müfəttiş tərəfindən gəmidə dəniz üzgüçülüyünün təhlükəsizliyinə, insan həyatına və ya ətraf mühitə real təhlükə yaradan uyğunsuzluqlar aşkar edildikdə, gəminin səfərə çıxmasına icazə verilmir (gəmi saxlanılır). Bu uyğunsuzluqlara gəminin tipindən, üzmə rayonundan və ümumi tutumundan asılı olaraq aşağıdakılar daxildir:

6.1.1. baş mühərriklərdə, elektrik avadanlıqlarında, nasos və sükan sistemlərində nasazlıqların olması;

6.1.2. maşın bölməsində natəmizlik, döşəməaltı suların həddindən çox olması və boru xətlərinin izolyasiyasının yağa batması;

6.1.3. xilasedici vasitələrin yoxluğu (kifayət qədər olmaması və ya qeyri-qənaətbəxş vəziyyətdə olması);

6.1.4. yanğınla mübarizə və havalandırma avadanlıqlarının yoxluğu (kifayət qədər olmaması və ya qeyri-qənaətbəxş vəziyyətdə olması);

6.1.5. naviqasiya işıqlarının, işarələrinin və səs siqnalları avadanlığının yoxluğu (kifayət qədər olmaması və ya qeyri-qənaətbəxş vəziyyətdə olması);

6.1.6. naviqasiya sisteminin və avadanlıqlarının olmaması və ya nasaz vəziyyətdə olması;

6.1.7. naviqasiya xəritələrinin və müvafiq ədəbiyyatın olmaması;

6.1.8. rabitə avadanlıqlarının olmaması və ya nasaz vəziyyətdə olması;

6.1.9. gəminin səfərə çıxması üçün minimum heyətin olmaması;

6.1.10. heyət üzvlərinin qeyri-peşəkarlığını təsdiq edən halların aşkar edilməsi;

6.1.11. gəminin göyərtəsində və gövdəsində zədələrin və ya korroziyanın olması;

6.1.12. gəminin tarazlığının pozulması hallarının aşkar edilməsi;

6.1.13. gəmi tarazlığına dair hesabatların olmaması;

6.1.14. gəminin su, qaz və buxar keçirməyən arakəsmələrinin olmaması və ya nasaz vəziyyətdə olması;

6.1.15. gəminin müəyyən olunmuş həddən artıq yüklənilməsi;

6.1.16. yük nişanlarının olmaması və ya oxunmasının mümkün olmaması;

6.1.17. separatorların işlək vəziyyətdə olmaması;

6.1.18. separatorlara nəzarət və həyəcan sisteminin işlək vəziyyətdə olmaması;

6.1.19. çirkli və döşəməaltı su anbarlarının həcminin kifayət qədər olmaması;

6.1.20. neft əməliyyatları jurnalının olmaması;

6.1.21. heyət üzvlərinin şəhadətnamələrində və sertifikatlarında uyğunsuzluqların mövcudluğu və ya qeyd edilən sənədlərin etibarsız olması;

6.1.22. naviqasiya və ya maşın şöbəsində növbəçəkmənin təşkili üçün kifayət qədər müvafiq ixtisaslı heyət üzvlərinin olmaması;

6.1.23. heyət üzvlərinin istirahət vaxtının təmin edilməməsi;

6.1.24. beynəlxalq konvensiyalarda nəzərdə tutulan planların, sxemlərin, bukletlərin, təlimatların, rəhbər sənədlərin olmaması;

6.1.25. yük əməliyyatları jurnalının olmaması;

6.1.26. neft məhsullarının qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edilmədən daşınması və müvafiq sənədlərin olmaması;

6.1.27. yük əməliyyatları avadanlığının nasaz vəziyyətdə olması;

6.1.28. nəzərdə tutulan səfər üçün kifayət qədər ərzaq və su təminatının olmaması;

6.1.29. antisanitariya şəraitinin mövcudluğu;

6.1.30. yaşayış bölməsində havalandırma sistemində nasazlığın olması;

6.1.31. məişət tullantılarının çoxluq təşkil etməsi;

6.1.32. dəhlizlərin kənar əşyalarla tutulması;

6.1.33. müvafiq şəhadətnamədə göstərilməyən yüklərin daşınması;

6.1.34. yüksək təzyiq altında olan avadanlıqların qoruyucu vasitələrinin olmaması və ya zədəli olması;

6.1.35. gəminin elektrik sistemində nasazlıqların olması;

6.1.36. oddan təhlükəli maddələrin müəyyən olunmuş yerlərdə saxlanılmaması;

6.1.37. təchizat vasitələrinin müəyyən olunmuş yerlərdə saxlanılmaması;

6.1.38. yaşayış və xidmət hissələrində bağlantıların yoxluğu və ya nasaz vəziyyətdə olması;

6.1.39. qəza hallarında tezqapanan avadanlıqların nasaz vəziyyətdə olması;

6.1.40. yük anbarlarının havalandırma sisteminin nasaz vəziyyətdə olması;

6.1.41. təzyiq səviyyəsinin normadan artıq olmasını bildirən siqnalizasiya sisteminin nasaz vəziyyətdə olması;

6.1.42. qaz və zəhərli maddələrin sızmasını bildirən siqnalizasiya sisteminin nasaz vəziyyətdə olması.

6.2. Gəminin səfərə çıxmasına icazə verilmədiyi (saxlanıldığı) hallarda bayraq dövləti, gəmi sahibi, gəminin nəzarəti altında olduğu təsnifat cəmiyyəti və Beynəlxalq Dəniz Təşkilatı məlumatlandırılmalıdır.

6.3. Gəmidə onun təhlükəsiz istismarını istisna edən uyğunsuzluqlar aşkar edildikdə, yükləmə əməliyyatlarının dayandırılması barədə qərar qəbul olunur.

6.4. Gəminin saxlanılmasına səbəb olan uyğunsuzluqlar aşkar edildikdə, nəzərdə tutulan səfərin xüsusiyyəti və müddəti, gəminin ölçüləri və növü, yükün xüsusiyyətləri, heyət üzvlərinin istirahət vaxtının təmin edilməsi nəzərə alınmaqla, gəminin texniki vəziyyəti imkan verdiyi hallarda ona yalnız təmir məqsədi ilə digər limanadək və ya gəmi təmiri müəssisəsinədək səfər etməsinə icazə verilə bilər.

6.5. Aşağıdakı hallarda gəmilərin Azərbaycan Respublikasının dəniz limanlarına daxil olmasına icazə verilmir:

6.5.1. gəminin bayrağı altında üzdüyü dövlət və ya gəmi sahibi liman nəzarəti üzrə ixtisaslaşmış beynəlxalq qurumların "qara siyahı"sında olduqda;

6.5.2. gəminin uyğunsuzluqlar səbəbindən il ərzində Azərbaycan Respublikasının limanlarında 2 (iki) dəfədən artıq saxlanılması barədə qərar qəbul edildikdə;

6.5.3. dəniz limanına daxil olmasına icazə verilməsi ilə bağlı müraciət edən gəmi dəniz üzgüçülüyünə, insan həyatına və dəniz mühitinin mühafizəsinə real təhlükə törətdikdə;

6.5.4. dövlətin müdafiəsi və təhlükəsizliyi ilə əlaqədar zərurət yarandıqda;

6.5.5. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

 

7. Gəmilərin nəzarət yoxlaması nəticəsində qəbul edilmiş qərardan şikayətlərə baxılması qaydası

 

7.1. Gəmilərin nəzarət yoxlaması nəticəsində qəbul edilmiş qərardan gəmi kapitanının, gəmi sahibinin və gəminin bayrağı altında üzdüyü dövlətin səlahiyyətli qurumunun Agentli və ya məhkəməyə şikayət etmək hüququ vardır.

7.2. Agentlik gəmilərin nəzarət yoxlaması nəticəsində qəbul edilmiş qərardan gəmi kapitanının, gəmi sahibinin və gəminin bayrağı altında üzdüyü dövlətin səlahiyyətli qurumunun şikayətinə 24 (iyirmi dörd) saat müddətində baxır və qərarın ləğv edilməsi və ya qüvvədə saxlanılması barədə qərar qəbul edir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 oktyabr 2014-cü il tarixli 350 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 oktyabr 2014-cü il, № 234, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1320)

2.       7 may 2019-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 may 2019-cu il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 948)

3.       18 may 2022-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 555)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 may 2019-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 may 2019-cu il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 948) ilə yeni məzmunda 4-cü hissə əlavə edilmişdir.

 

[2] 7 may 2019-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 may 2019-cu il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 948) ilə 1 nömrəli əlavə - “Dəniz limanı kapitanı haqqında Əsasnamə”nin 1.2-ci bəndində “Respublikası Dövlət Dəniz Administrasiyasının (bundan sonra – Administrasiya) rəisinə” sözləri “Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin (bundan sonra – Agentlik) direktoruna” sözləri ilə, 2.1-ci bəndində “Administrasiyanın” sözü “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin” sözləri ilə, 1.3-cü bəndinin birinci cümləsində “Administrasiyanın rəisi” sözləri “Agentliyin direktoru” sözləri ilə, 1.3-cü bəndinin ikinci cümləsində, 1.9-cu və 1.11-ci bəndlərində ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.

18 may 2022-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 555) ilə “Dəniz limanı kapitanı haqqında Əsasnamə”nin 1.2-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman” sözləri ilə, “direktoruna” sözü “İdarə Heyətinin sədrinə” sözləri ilə əvəz edilmişdir.

 

[3] 18 may 2022-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 555) ilə “Dəniz limanı kapitanı haqqında Əsasnamə”nin 1.3-cü bəndində “direktoru” sözü “İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilmişdir.

 

[4] 23 oktyabr 2014-cü il tarixli 350 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 oktyabr 2014-cü il, № 234, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1320) ilə “Dəniz limanı kapitanı haqqında Əsasnamə”nin 1.5-ci bənddə hər iki halda “liman rəhbərinin” sözləri “liman idarəsinin” sözləri ilə əvəz edilmişdir.

 

[5] 23 oktyabr 2014-cü il tarixli 350 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 oktyabr 2014-cü il, № 234, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1320) ilə “Dəniz limanı kapitanı haqqında Əsasnamə”nin 1.9-cu bənddə və 1.10-cu bəndin birinci cümləsində “liman rəhbəri” sözləri “liman idarəsi” sözləri ilə əvəz edilmişdir.

 

[6] 18 may 2022-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 555) ilə “Dəniz limanı kapitanı haqqında Əsasnamə”nin 2.1-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[7] 23 oktyabr 2014-cü il tarixli 350 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 oktyabr 2014-cü il, № 234, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1320) ilə “Dəniz limanı kapitanı haqqında Əsasnamə”nin 2.2.8-ci yarımbəndin ikinci cümləsində “liman ərazisində” sözləri “limanın ərazisində və akvatoriyasında” sözləri ilə əvəz edilmişdir.

 

[8] 18 may 2022-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 555) ilə “Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması Qaydaları”nın 2.1.4-cü yarımbəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman” sözləri ilə əvəz edilmişdir.

 

[9] 18 may 2022-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 555) ilə “Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması Qaydaları”nın 2.2.2-ci yarımbəndində “Agentliyin Uzaq Məsafədən Tanınma və İzləmə Mərkəzinə” sözləri “Agentliyə” sözü ilə əvəz edilmişdir.

 

[10] 18 may 2022-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 555) ilə “Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması Qaydaları”nın 3.1.3-cü yarımbəndində və 3.12-ci bəndində ismin müvafiq hallarında “direktoru” sözü ismin müvafiq hallarında “İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilmişdir.

 

[11] 7 may 2019-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 may 2019-cu il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 948) ilə 2 nömrəli əlavə - “Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması Qaydaları”nın 3.8-ci bəndinin birinci və ikinci cümlələrində, 3.9-3.11-ci, 3.13-cü, 3.22-3.24-cü, 3.26-cı, 3.27-ci, 4.2-ci, 4.5-ci, 5.1-ci, 5.5-ci, 5.6-cı bəndlərində və 2.2.2-ci yarımbəndində ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə, 3.12-ci bəndinin ikinci cümləsində və 3.1.3-cü yarımbəndində ismin müvafiq hallarında “Administrasiya rəisi” sözləri ismin müvafiq hallarında “Agentliyin direktoru” sözləri ilə, 2.1.4-cü yarımbəndində “Dövlət Dəniz Administrasiyasına (bundan sonra – Administrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilmişdir.

 

[12] 7 may 2019-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 may 2019-cu il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 948) ilə 3 nömrəli əlavə - “Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə”nin 1.2-ci bəndində “Dövlət Dəniz Administrasiyası (bundan sonra – Administrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə, 3.7-ci bəndində, 4.2-ci bəndinin birinci cümləsində, 5.4-cü bəndinin birinci və üçüncü cümlələrində, 5.7-ci bəndinin birinci cümləsində, 7.1-ci və 7.2-ci bəndlərində ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.

18 may 2022-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 555) ilə “Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə”nin 1.2-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status