“Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır :
“Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” 2012-ci il iyulun 27-də Montevideo şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2013-cü il
№ 547-IVQ
AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ
VƏ
URUQVAY ŞƏRQ RESPUBLİKASI HÖKUMƏTİ
ARASINDA
DİPLOMATİK, XİDMƏTİ VƏ YA RƏSMİ PASPORTLARA MALİK
ŞƏXSLƏR ÜÇÜN VİZA TƏLƏBİNİN QARŞILIQLI OLARAQ ARADAN
QALDIRILMASI HAQQINDA
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılan Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikası Hökuməti,
iki ölkə arasında dostluq münasibətlərini təşviq etmək və öz etibarlı diplomatik, xidməti və ya rəsmi pasportlara malik olan vətəndaşlarının səfərlərini və müvafiq vəzifələrinin icrasını asanlaşdırmaq məqsədi ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Etibarlı diplomatik, xidməti və ya rəsmi pasportlara malik olan bir Razılığa gələn Tərəfin dövlətinin vətəndaşlarından digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə daxil olmaq, oranı tərk etmək, tranzit keçmək və ya orada hər altı (6) ay ərzində doxsan (90) gündən artıq olmayan müddətə qalmaq üçün viza almaq tələb olunmayacaqdır.
Maddə 2
Bu Sazişin 1-ci maddəsində göstərilən şəxslərin qalma müddəti qəbul edən dövlətin səlahiyyətli orqanları tərəfindən digər Razılığa gələn Tərəfin dövlətində akkreditasiya olunmuş diplomatik nümayəndəliyin və ya konsulluğun yazılı sorğusu əsasında uzadılır.
Maddə 3
Digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində yerləşən diplomatik nümayəndəliyin, konsulluğun və ya beynəlxalq təşkilatların yanında akkreditasiya olunmuş daimi nümayəndəliyin üzvü olan bir Razılığa gələn Tərəfin etibarlı diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşları, həmçinin onların etibarlı diplomatik, xidməti və ya rəsmi pasportlara malik ailə üzvləri onların rəsmi təyinatları müddəti ərzində digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə daxil ola, oranı tərk edə, tranzitlə keçə və ya orada vizasız qala bilərlər.
Maddə 4
Etibarlı diplomatik, xidməti və ya rəsmi pasportlara malik hər bir Razılığa gələn Tərəfin dövlətinin vətəndaşları digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə beynəlxalq gediş-gəliş üçün açıq olan dövlət sərhədindən buraxılış məntəqəsindən daxil olacaq və həmin ərazini tərk edəcəklər.
Maddə 5
Razılığa gələn Tərəflər bu Sazişin qüvvəyə minməsindən ən azı otuz (30) gün əvvəl hazırda istifadədə olan diplomatik, xidməti və rəsmi pasportların nümunələrini bu sənədlərin müfəssəl təsviri daxil olmaqla diplomatik kanallar vasitəsilə bir-birilərinə təqdim edəcəklər. Razılığa gələn Tərəflərdən biri yuxarıda qeyd olunan pasportların görünüşündə edilmiş dəyişikliklər barədə onların dövriyyəyə buraxılmasından sonrakı otuz (30) günlük müddət ərzində digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə məlumat verməli və yeni pasportların nümunəsini təqdim etməlidir.
Maddə 6
Bu Saziş bir Razılığa gələn Tərəfin etibarlı diplomatik, xidməti və ya rəsmi pasportlara malik olan vətəndaşlarının digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində qüvvədə olan qanun və qaydalara əməl etmək öhdəliyinə təsir etmir.
Maddə 7
Bu Saziş Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarının digər Razılığa gələn Tərəfin “persona non grata” hesab edilən hər hansı vətəndaşına öz dövlətinin ərazisinə giriş icazəsini verməkdən imtina etmək və ya həmin şəxslərin orada qalmasını dayandırmaq hüququna təsir etmir.
Maddə 8
Göndərən Tərəfin dövlətinin diplomatik, xidməti və ya rəsmi pasportlara malik olan vətəndaşları, qəbul edən Tərəfin dövlətində olduqları zaman pasportlarının müddəti bitdikdə, itirildikdə, oğurlandıqda və ya zədələndikdə, daimi yaşadıqları dövlətin diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilmiş yeni pasportlarla və ya onların şəxsiyyətini təsdiq edən və daimi yaşadıqları dövlətə qayıtmaq hüquqlarını təmin edən müvafiq sənədlərlə ölkəni tərk edə bilərlər.
Maddə 9
Tərəflərdən hər hansı biri milli təhlükəsizlik, ictimai asayiş və ya əhalinin sağlamlığı səbəblərindən bu Sazişin müvəqqəti olaraq qismən və ya tam dayandırılması üçün digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə sorğu edə bilər, bu dayandırma belə bildirişin sonuncu tərəfindən alındıqdan bir (1) həftə sonra qüvvəyə minəcəkdir.
Bu dayandırma aradan qaldırıldıqda hər bir Razılığa gələn Tərəf eyni qaydada hərəkət edəcəkdir.
Maddə 10
Bu Sazişin təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı Razılığa gələn Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Maddə 11
Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdiriləcək və bu Sazişin 12-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minəcəkdir.
Maddə 12
1. Bu Saziş beş (5) il müddətinə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Razılığa gələn Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən otuz (30) gün sonra qüvvəyə minəcəkdir.
2. Razılığa gələn Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı altı (6) ay qalmış onu ləğv etmək niyyəti barədə digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, bu Sazişin qüvvəsi avtomatik olaraq növbəti beş (5) illik müddətlərə uzadılacaqdır.
Bu Saziş Montevideo şəhərində, 2012-ci il 27 iyul tarixində, iki əsl nüsxədə azərbaycan, ispan, və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri zamanı hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
AZƏRBAYCAN RESPUBLİKASI
|
URUQVAY ŞƏRQ RESPUBLİKASI
|
HÖKUMƏTİ ADINDAN
|
HÖKUMƏTİ ADINDAN
|