×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
21.12.2012
QEYDİYYAT NÖMRƏSİ
508-IVQ
ADI
“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında” Protokolunun təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 08-02-2013, Nəşr nömrəsi: 29), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 10-02-2013, Nəşr nömrəsi: 31), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2013, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 80)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.02.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201212210508
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.02.2013
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında” Protokolunun təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında” 2011-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Protokolu təsdiq edilsin.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 dekabr 2012-ci il

№ 508-IVQ

 

 


“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası”nın Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında

 

PROTOKOLU

 

Preambula

 

Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Xəzəryanı dövlətlər:

Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası, Türkmənistan

2003-cü il noyabrın 4-də İran İslam Respublikasının Tehran şəhərində imzalanmış “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası”nın (bundan sonra Konvensiya) Tərəfləri qismində çıxış edərək;

Konvensiyanın müvafiq müddəalarını yerinə yetirməyi qət edərək;

Xəzər dənizinin neftlə çirklənməsinin və neftlə çirklənməyə səbəb olan qəza hallarının dəniz mühitinə təhlükə yaratdığını anlayaraq;

gəmilərdən, boru kəmərlərindən, stasionar və üzən platformalardan, nəzarətsiz qurğulardan və yerüstü çirklənmə mənbələrindən baş verən çirklənmə hallarında xüsusi tədbirlərin vacib olduğunu anlayaraq;

dənizdə neftlə çirklənməyə səbəb olan halların vurduğu zərəri azaltmaq məqsədi ilə çevik və səmərəli hərəkət etmək qərarında olaraq;

dənizdə neftlə çirklənməyə səbəb olan hallarla mübarizəyə milli səviyyədə tam hazırlığın vacibliyini vurğulayaraq;

Razılığa gələn Tərəflər arasında gələcəkdə qarşılıqlı yardım və beynəlxalq əməkdaşlığın təşkil olunmasının vacibliyini anlayaraq;

həmçinin, Xəzər dənizində neftlə çirklənmə halları risklərinin minimuma endirilməsi məqsədi ilə ayrıca və ya birgə tədbirlərin vacibliyini vurğulayaraq;

məqsədi dənizin neftlə çirklənməsi halları zamanı yardım göstərməkdən ibarət olan dünyanın digər hissələrindəki regional sazişləri xatırlayaraq;

Razılığa gələn Tərəflərin dəniz mühitini və sahil ərazilərini neftlə çirklənmədən qorumaq niyyətini nəzərə alaraq;

həmçinin, müvafiq beynəlxalq konvensiyaları, xüsusilə neftlə çirklənmə hallarına hazırlıq və reaksiya, çirklənmədən dəyən zərərə görə öhdəlik və kompensasiya ilə bağlı olan beynəlxalq konvensiyaları nəzərə alaraq;

gələcəkdə Xəzər dənizində neftlə çirklənmənin qarşısının alınması məqsədi ilə Razılığa gələn Tərəflər arasında əməkdaşlıq və qarşılıqlı yardımı inkişaf etdirmək niyyəti ilə;

aşağıdakılar barədə razılığa gəldilər:

 

I. Ümumi müddəalar

 

Maddə 1. Anlayışların izahı

 

Bu Protokolun məqsədləri üçün :

(a) "Neftlə çirklənmə hadisələri" daxil olmaqla "neftlə çirklənmə halı" dedikdə, neftin axması ilə nəticələnən və ya nəticələnə bilən, dəniz mühitinə və ya sahil xəttinə təhlükə yaradan və ya təhlükə yarada bilən və fövqəladə tədbirlər və digər təcili müdaxilələr tələb edən eyni mənbəli hal və ya hallar başa düşülür;

(b) "Neft" dedikdə, xam neft, neft yanacağı, neft qalıqları, neft tullantıları və təmizlənmiş neft məhsulları da daxil olmaqla, neftin bütün formaları başa düşülür;

(c) "Gəmi" dedikdə, hava yastıqlı gəmi, sualtı qanadlı gəmi, sualtı qayıq, yedəkli və özü idarə olunan qayıq da daxil olmaqla, dəniz mühitində hərəkət edən gəminin istənilən növü başa düşülür;

(d) "Dəniz qurğusu" dedikdə, karbohidrogen ehtiyatlarının kəşfi, hasilatı, yaxud onların yüklənməsi və boşaldılması ilə bağlı istehsalat fəaliyyətində istifadə olunan platformalar və dənizdə süni quraşdırılmış digər stasionar və üzən qurğular başa düşülür;

(e) "Dəniz limanları və neft emalı müəssisələri" dedikdə, neftlə çirklənmə riski daşıyan dəniz limanları, neft terminalları, boru kəmərləri və digər neft emalı müəssisələri başa düşülür;

(f) "Səlahiyyətli dövlət Orqanı" dedikdə, hər bir razılığa gələn Tərəfdən neftlə çirklənmə hallarına hazırlıq və müdaxiləyə məsul olan və bu Protokolda əks olunmuş öhdəliklərin tətbiqi və yerinə yetirilməsinə cavabdeh dövlət orqanı başa düşülür;

 

Maddə 2. Tətbiq dairəsi

 

Bu Protokolun tətbiq olunacağı ərazi su səviyyəsinin dəyişməsini, təsirə məruz qalmış əraziləri, torpaq əsaslı mənbələrdən törəyən dəniz neft çirklənmələrini nəzərə alaraq Xəzər dənizinin dəniz ətrafı mühitidir.

 

Maddə 3. Məqsəd

 

Bu Protokolun məqsədi Xəzər dənizini Konvensiyanın 8-ci və 9-cu maddələrində əks olunan fəaliyyətlərin səbəb olduğu neftlə çirklənmələrdən və torpaq əsaslı mənbələrdən törəyən dəniz neft çirklənmələrindən qorumaq məqsədi ilə hazırlıq, cavab tədbirləri və əməkdaşlıq üçün regional tədbirlər görməkdir.

 

Maddə 4. Ümumi qaydalar

 

1. Razılığa gələn Tərəflər fərdi və ya birgə şəkildə neftlə çirklənmə hallarına hazırlıq və cavab tədbirləri məqsədi ilə Protokolun yerinə yetirilməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər.

2. Razılığa gələn Tərəflər birgə fəaliyyətin praktik və texniki aspektləri üzrə rəhbər prinsipləri birgə işləyib hazırlayırlar.

3. Razılığa gələn Tərəflər regional mexanizm yaradırlar. Bu mexanizm üçün prosedurlar Tərəflərin Konfransı tərəfindən nəzərdən keçirilir və nəticə etibarilə qəbul olunacaqdır.

4. Bu Protokolun həyata keçirilməsi məqsədi ilə neftlə çirklənməyə qarşı mübarizədə regional əməkdaşlıq üzrə Xəzər dənizi Planı yaradılacaqdır.

 

Maddə 5. Neftlə çirklənməyə səbəb olan hallarla mübarizə üzrə milli sistemlər və fövqəladə tədbirlər planı

 

1. Hər bir Razılığa gələn Tərəf neftlə çirklənməyə əməli cavab tədbirlərinin milli sistemini yaradacaqdır. Bu sistem ən azı aşağıdakılardan ibarət olmalıdır:

(a) neftlə çirklənmə hallarına hazırlıq və cavab tədbirləri üzrə məsul olan səlahiyyətli Dövlət Orqanı;

(b) Bu Protokolun 4-cü fəslinin 7-ci maddəsində nəzərdə tutulduğu kimi neftlə çirklənmə halları haqqında məlumatın alınması və ötürülməsi üzrə məsul milli əlaqələndirici;

(c) Razılığa gələn Tərəfin adından yardım istəmək və ya sorğu edilmiş yardımı göstərmək hüququ verilmiş Səlahiyyətli Dövlət Orqanı.

2. Hər bir razılığa gələn Tərəf neftlə çirklənmə hallarına hazırlıq və cavab tədbiri üçün milli fövqəladə tədbirlər planı hazırlayır və yerinə yetirir. Milli plan aşağıdakılardan ibarətdir:

(a) neftlə çirklənmə hallarına hazırlıq və mübarizə üzrə inzibati qurumun təsviri və tərkibinə daxil olan orqanların məsuliyyəti;

(b) neft dağılmasının mümkün mənbəyinin müəyyən edilməsi;

(c) neftlə çirklənmə halları ilə mübarizə üçün yararlı ola biləcək avadanlıq və insan ehtiyatlarının siyahısının hazırlanması;

(d) təmizləmə nəticəsində əldə olunmuş neftin müvəqqəti saxlanılması və son yerləşdirilməsi üzrə vasitələrin müəyyənləşdirilməsi.

3. Hər bir Razılığa gələn Tərəf lazım olarsa, neft və gəmiçilik sənayesi üzrə müəssisələrlə, liman orqanları ilə və digər əlaqədar orqanlarla əməkdaşlıq edərək, neft dağılmasının səmərəli şəkildə qarşısını almaq məqsədi ilə ilkin yerləşdirilmiş avadanlığın minimum səviyyəsini müəyyən edəcək və onu işlək vəziyyətdə saxlayacaqdır. Avadanlıqların miqdarı neftlə çirklənmə riskinə uyğun olmalıdır.

4. Hər bir Razılığa gələn Tərəf fərdi formada və ya ikitərəfli, yaxud çoxtərəfli əməkdaşlıq çərçivəsində neftlə çirklənmə halları ilə mübarizə aparılmasında məsul olan orqanların hazırlıq vəziyyətini inkişaf etdirmək üçün təlim proqramları və heyət təlimləri təşkil edəcəkdir.

 

Maddə 6. Məlumatların mübadiləsi və yayılması

 

1. Hər bir Razılığa gələn Tərəf Protokolun yerinə yetirilməsi haqqında hesabat təqdim edir və birbaşa və ya regional mexanizm vasitəsilə digər Razılığa gələn Tərəflərlə aşağıdakıları paylaşmağı öhdəsinə götürür:

(a) bu Protokolun 5-ci maddəsinin 1-ci bəndinin və 2-ci bəndinin (a) yarımbəndində göstərilmiş bu məlumatları;

(b) dənizin neftlə çirklənməsinin qarşısının alınmasında yeni metodlar və tədqiqat proqramları və çirklənmə ilə mübarizə aparmaq üzrə yeni səmərəli tədbirlər, o cümlədən tədqiqat proqramları haqqında məlumat;

(c) mübarizə aparılmış böyük neftlə çirklənmə halları haqqında məlumat.

 

Maddə 7. Çirklənmə haqqında hesabat proseduru

 

1. Hər bir Razılığa gələn Tərəf onun bayrağı altında üzən gəmilərdə səlahiyyətli olan şəxslərin gəmidə baş verən neft dağılması, axması və sızması və ya güman olunan dağılma, axma və ya sızma kimi hər hansı fövqəladə hal haqqında məlumatı müvafiq milli orqanlara çatdırmasını təmin etməlidir.

2. Hər bir Razılığa gələn Tərəf onun dəniz qurğularında, dəniz limanlarında və neft emalı müəssisələrində məsul olan şəxslərə onların öz fəaliyyəti nəticəsində yaranan neft dağılması, axması və sızması və ya güman olunan dağılma, axma və ya sızma kimi istənilən hadisə barədə gecikdirilmədən milli orqanlarını məlumatlandırmaq üçün təlimat verəcək.

3. Hər bir Razılığa gələn Tərəf:

(a) onun bayrağı altında üzən gəmi sahiblərini və digər səlahiyyətli şəxslərini;

(b) onun nəzarətində olan dəniz və hava gəmilərini;

(c) onun mülki hava gəmilərinin pilotlarını;

(d) onun dəniz qurğusunda, dəniz limanlarında və neft emalı müəssisələrində səlahiyyətli olan şəxsləri;

dənizdə, dəniz limanlarında və ya neft emalı müəssisələrində müşahidə edilmiş neft dağılması kimi istənilən hadisə, həmçinin müşahidə edilmiş üzən neft ləkəsi barəsində məlumat vermək haqqında təlimatlandırmalıdır.

4. Hər bir Razılığa gələn Tərəf bu maddənin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq aldığı məlumat da daxil olmaqla, neftlə çirklənmə halından xəbərdar olduqda, regional mexanizm vasitəsilə halın təsir edə biləcəyi, tədbirlər planlaşdıra və görə biləcək bütün Hər bir Razılığa gələn Tərəfləri dərhal məlumatlandırmalıdır.

 

Maddə 8. Əməli tədbirlər

 

1. Hər bir maraqlı Razılığa gələn Tərəf neft axmasına hazırlıq və cavab tədbirləri üzrə milli sistemlər vasitəsilə neft axması zamanı aşağıdakıları öhdəsinə götürür:

(a) real və gözlənilən neftlə çirklənmənin dərəcəsinin və mümkün nəticələrinin, neftin növünün və təxmini miqdarının, sızmanın istiqamətinin və sürətinin zəruri qiymətləndirilməsini həyata keçirməyi;

(b) neftlə çirklənmə hallarının təsirlərinin qarşısının alınması, azaldılması və mümkün dərəcədə tam şəkildə aradan qaldırılması məqsədi ilə istənilən praktik tədbirlər görməyi;

(c) neftlə çirklənməni nəzarət altında saxlamaq və digər Razılığa gələn Tərəfi neftlə çirklənmə halı və görülmüş, yaxud planlaşdırılmış tədbirlərlə bağlı yeniliklərlə məlumatlandırmağı;

(d) fövqəladə vəziyyətlərdə neftlə çirklənmələrin qarşısının alınması üçün regional əməkdaşlıqla bağlı Xəzər dənizi planının həyata keçirilməsinə şərait yaratmağı və dəstəkləməyi.

2. Fövqəladə vəziyyətdən yaranan çirklənmənin qarşısını alarkən, aşağıdakıları qorumaq üçün bütün mümkün tədbirlər görüləcəkdir:

(a) insan həyatını;

(b) əgər bu gəmi və ya dəniz qurğusu neftlə çirklənməyə məruz qalıbsa, bu zaman ətraf mühitə dəyən ziyanın minimuma endirilməsi və qarşısının alınması ehtiyaclanın əsas tutmaqla, gəmi və ya dəniz qurğusunu.

Belə addım atan hər bir Razılığa gələn Tərəf Beynəlxalq Dəniz Təşkilatını birbaşa və regional mexanizm vasitəsilə məlumatlandırmalıdır.

 

Maddə 9. Gəmi göyərtələrində, dəniz qurğularında, dəniz limanlarında və neft emalı müəssisələrində neftlə çirklənmələrdə, fövqəladə hallarda fəaliyyət planları

 

1. Hər bir Razılığa gələn Tərəf onun bayrağı altında üzən gəmilərdə müvafiq beynəlxalq qaydalar, yəni "Neftlə çirklənmələrə hazırlıq, onunla mübarizə və əməkdaşlıq haqqında" Beynəlxalq Konvensiya"nın (OPRC 1990) maddə 3, paraqraf 1(a) və "Gəmilərdən çirklənmənin qarşısını almaq haqqında" Beynəlxalq Konvensiya"nın (1973) Əlavə I Qayda 37-də, ona 1978-ci il Protokolu (MARPOL) ilə edilmiş dəyişikliklər və düzəlişlərdə nəzərdə tutulduğu kimi tərtib olunmuş neftlə çirklənmə üzrə göyərtə fövqəladə hallar planının olmasını təmin etmək məqsədilə zəruri tədbirlər görür.

2. Hər bir Razılığa gələn Tərəf neftlə çirklənmə halı zamanı onun bayrağı altında üzən gəminin kapitanına fövqəladə planda əks olunmuş prosedurlara əməl etməyi, xüsusən də səlahiyyətli dövlət orqanlarına gəmi və onun yükü barədə bu Protokolun 8-ci maddəsinə uyğun olaraq həyata keçirilməli olan tədbirlərə müvafiq ətraflı məlumat verməyi və bu orqanlarla əməkdaşlıq etməyi tələb edir.

3. Hər bir Razılığa gələn Tərəf:

(a) dəniz qurğularında cavabdeh operatorlardan;

(b) dəniz limanlarında cavabdeh orqanlar və ya operatorlardan;

(c) neft emalı müəssisələrində cavabdeh operatorlardan.

Bu Protokolun 5-ci maddəsinə əsasən yaradılmış milli sistemə uyğunlaşdırılması və Səlahiyyətli Dövlət Orqanı tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq qəbul olunmuş neftlə çirklənmə üzrə fövqəladə hallar planı hazırlamağı tələb edir.

 

Maddə 10. Yardım

 

1. Neftlə çirklənmə halı ilə və ya belə halın başvermə təhlükəsi ilə mübarizə aparmaqda yardıma ehtiyacı olan Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfdən yardım istəyə bilər. Yardıma ehtiyacı olan Razılığa gələn Tərəf yardımın növünü dəqiqləşdirməlidir.

Buraya mütəxəssis məsləhəti, ixtisaslaşdırılmış heyət, cavab tədbirləri üzrə qrup, avadanlıq, məhsullar, su və hava gəmiləri daxil ola bilər.

Bu maddəyə uyğun olaraq yardımın sorğu edildiyi dövlət öz resurslarının imkan verdiyi dərəcədə tələb olunan yardıma cavab verməyə cəhd göstərir.

2. Hər bir Razılığa gələn Tərəf aşağıdakıları asanlaşdırmaq üçün zəruri hüquqi və inzibati tədbirlər görməlidir:

(a) neftlə çirklənmə hallarının qarşısının alınması ilə və ya yüklərin, materialların və belə hallarla mübarizə aparmaq üçün tələb olunan zəruri avadanlıqların daşınması ilə məşğul olan su və hava gəmisinin və nəqliyyatın digər növlərinin öz ərazisinə girişi, istifadəsi və oradan çıxışını;

(b) yarımbəndində istinad olunan heyətin, yükün, materialların və avadanlıqların öz ərazisinə sürətli daxilolma, keçmə və çıxışı.

 

Maddə 11. Yardım xərclərinin kompensasiyası

 

1. Əgər neftlə çirklənmə halından öncə neftlə çirklənmə hallarının qarşısını almaq məqsədi ilə Razılığa gələn Tərəflərin fəaliyyətini tənzimləyən maliyyə razılaşmaları ilə əlaqədar saziş ikitərəfli və çoxtərəfli əsasda bağlanılmamışdırsa, bu zaman Razılığa gələn Tərəflər bu maddənin 2-ci, 3-cü və 4-cü bəndlərinə uyğun olaraq, çirklənmənin qarşısını alarkən öz fəaliyyətindən irəli gələn xərcləri əhatə edirlər.

2. Razılığa gələn Tərəfin digər Razılığa gələn Tərəfə neftlə çirklənmə ilə mübarizədə yardım üzrə fəaliyyəti yardımı qəbul edən Razılığa gələn Tərəfin yazılı sorğusu ilə başlayır.

3. Razılığa gələn Tərəfin digər razılığa gələn Tərəfin sorğusu əsasında başladığı neftin axması ilə mübarizə üçün yardım göstərmək üzrə fəaliyyətinin xərcləri yardım istəyən Razılığa gələn Tərəf tərəfindən kompensasiya edilir.

4. Əgər yardımla bağlı fəaliyyət Razılığa gələn Tərəfin öz təşəbbüsü ilə göstərilmişdirsə və digər razılığa gələn Tərəf ondan imtina edirsə, Razılığa gələn Tərəf öz fəaliyyətinin xərcini özü ödəyir.

5. Maraqlı tərəflər hər hansı fərdi halda başqa cür razılaşmayıblarsa, bu maddələrinin 2-ci, 3-cü və 4-cü yarımbəndlərində əks olunan prinsiplər tətbiq edilir.

6. Əgər başqa cür razılaşdırılmayıbsa, Razılığa gələn Tərəfin digər Razılığa gələn Tərəfin sorğusu əsasında həyata keçirdiyi fəaliyyətin xərcləri bu xərclərin əvəzinin ödənilməsi ilə əlaqədar yardım göstərən Razılığa gələn Tərəfin milli qanunvericiliyinə uyğun olaraq ədalətli şəkildə hesablanır.

7. Yardım istəyən Razılığa gələn Tərəf və yardım göstərən Razılığa gələn Tərəf kompensasiya tələbinə cavab fəaliyyətinin razılaşdırılmasında əməkdaşlıq edirlər. Bu məqsədlə onlar çirklənmədən dəyən ziyana görə öhdəlik və kompensasiya sahəsində mövcud hüquqi rejimlərə ciddi şəkildə diqqət edirlər. Belə razılaşdırılmış fəaliyyət yardım əməliyyatının xərclərinin tam kompensasiyasına yol vermədikdə, yardım istəyən Razılığa gələn Tərəf yardım edən dövlətdən kompensasiya edilmiş məbləği aşan xərclərin əvəzinin ödənilməsindən imtina etməsini və ya bu maddənin 6-cı bəndinə uyğun olaraq hesablanmış xərclərin azaldılmasını xahiş edə bilər. O, həmçinin, bu xərclərin əvəzinin ödənilməsinin təxirə salınmasını da xahiş edə bilər.

8. Bu maddənin müddəaları Razılığa gələn Tərəflərin onların milli qanunvericiliyi və tərəfdar olduqları beynəlxalq müqavilələrdən irəli gələn neftlə çirklənmə halı və ya belə halın baş vermə təhlükəsi ilə mübarizə aparmaq üçün atılan addımların xərclərinin üçüncü Tərəf tərəfindən ödənilməsi hüquqlarını hər hansı bir qaydada şübhə altına alan müddəalar kimi təfsir edilə bilməz.

 

II. İnstitusional tədbirlər

 

Maddə 12. İnstitusional müddəalar

 

1. Bu Protokolun məqsədləri və Konvensiyanın 22-ci maddəsinin  10-cu bəndinə uyğun olaraq Tərəflərin Konfransı:

(a) bu Protokolun həyata keçirilməsinə nəzarət edir;

(b) bu Protokolun məzmununa nəzarət edir;

(c) bu Protokola və onun qoşmalarına düzəlişləri nəzərdən keçirir və onları qəbul edir;

(d) Protokolun həyata keçirilməsi ilə əlaqədar Katiblik tərəfindən hazırlanmış hesabatları nəzərdən keçirir;

(e) Protokolun məqsədləri üçün münasib olduqda, müvafiq beynəlxalq qurumların və elmi institutların texniki və maliyyə xidmətlərini araşdırır;

(f) bu Protokolun həyata keçirilməsi üçün zəruri ola bilən köməkçi orqanlar yaradır;

(g) bu Protokolun 4-cü maddəsinin 3-cü bəndində əks olunmuş vəzifələri yerinə yetirir;

(h) bu Protokolun həyata keçirilməsi ilə əlaqədar strategiyaları, fəaliyyət planları və proqramları nəzərdən keçirir;

(i) bu Protokolun həyata keçirilməsi üçün tələb oluna bilən digər funksiyaları həyata keçirir.

2. Bu Protokolun məqsədləri üçün və Konvensiyanın 23-cü maddəsinin 4-cü bəndinə uyğun olaraq Katiblik:

a) bu Protokolun müddəalarına uyğun olaraq qəbul edilmiş bildirişləri və digər məlumatları Razılığa gələn Tərəflər üçün hazırlayır və onlara çatdırır;

b) bu Protokolun həyata keçirilməsi ilə əlaqədar hesabatlar hazırlayır və təqdim edir;

c) Razılığa gələn Tərəflərdən daxil olan sorğu və məlumatları nəzərdən keçirir və bu Protokolun həyata keçirilməsi ilə əlaqədar məsələlərlə bağlı onlarla məsləhətləşmələr aparır;

d) bu Protokolun səmərəli həyata keçirilməsi üçün istənilən Razılığa gələn Tərəfin xahişi əsasında texniki yardım göstərir və məsləhətlər verir;

e) müvafiq regional və beynəlxalq təşkilatlarla və proqramlarla əməkdaşlıq edir;

f) Tərəflərin Konfransı tərəfindən müəyyən olunmuş digər funksiyaları həyata keçirir.

 

Maddə 13. Regional mexanizmin funksiyaları

 

1. Regional mexanizm Razılığa gələn Tərəflərə neftlə çirklənmə hallarına çevik və səmərəli şəkildə cavab tədbirləri görməyə kömək edir.

2. Regional mexanizmin funksiyaları aşağıdakılardan ibarətdir:

(a) Razılığa gələn Tərəflərin Səlahiyyətli Dövlət Orqanları ilə lazım olduğu təqdirdə, neftlə çirklənmə halları ilə məşğul olan müvafiq beynəlxalq və regional hökumətlərarası və qeyri-hökumət təşkilatları və qurumları ilə yaxın iş münasibətlərini yaratmaq;

(b) texniki əməkdaşlıq, hazırlıq və təlimlərə münasibətdə regional fəaliyyətləri əlaqələndirmək, fövqəladə hallar üzrə ekspert rəyi ilə təmin etmək, bu sahələrdə milli fəaliyyətlərə kömək etmək;

(c) neftlə çirklənmə hallarına aid məlumatları (kataloqları, ekspert rəylərini, hallarla bağlı məruzələri, fövqəladə tədbirlər planlarını təkmilləşdirmək üçün texniki irəliləyişləri) toplamaq və yaymaq;

(d) neftlə çirklənmə hallarına aid məlumat və məlumat mübadiləsinin müntəzəm prosedurlarını hazırlamaq;

(e) Xəzər dənizində neftlə çirklənmə hallarına nəzarət edilməsinin texniki vasitələri üzrə məlumat mübadiləsi üçün əlaqələndirici qismində çıxış etmək;

(f) fövqəladə vəziyyətlərdə neftlə çirklənmələrin qarşısının alınması üçün regional əməkdaşlıqla əlaqədar Xəzər dənizi planının təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

(g) tərəflərin konfransı tərəfindən tələb oluna bilən digər funksiyaları həyata keçirmək.

 

III. İcra və uyğunluq

 

Maddə 14. Protokolun maliyyələşdirilməsi

 

1. Bu Protokolun məqsədlərini həyata keçirmək üçün Razılığa gələn Tərəflər əlaqəli proqramlar, layihələr və tədbirlərin hazırlanması və həyata keçirilməsi üçün maliyyə resurslarının hazır olmasını təmin edirlər. Bu məqsədlə onlar:

(a) minimum daxili maliyyə resurslarını təmin edirlər;

(b) qrantlar və kreditlər də daxil olmaqla, ikitərəfli və çoxtərəfli maliyyə mənbələrindən və mexanizmlərindən maliyyə resurslarının səfərbər edilməsinə yardım edirlər;

(c) digər dövlətlərin hökumət agentlikləri, təsisatlar, beynəlxalq təşkilatlar, qeyri hökumət təşkilatları və özəl sektor müəssisələri də daxil olmaqla, resurslarının toplanması və istiqamətləndirilməsi üçün yeni metod və meylləri araşdırırlar.

2. Razılığa gələn Tərəflər tərəfindən başqa cür qərara alınmayıbsa, Konvensiyanın maliyyə qaydaları bu Protokola da aiddir.

 

Maddə 15. Konvensiya ilə əlaqə

 

Razılığa gələn Tərəflər başqa cür müəyyən etməyiblərsə, Konvensiyanın 22-ci maddəsinin 9 (c) bəndinə uyğun olaraq qəbul edilmiş prosedur və qaydalar bu Protokola da aid edilir.

 

Maddə 16. Mübahisələrin həlli

 

Razılığa gələn Tərəflər arasında Protokolun tətbiqi və təfsiri ilə bağlı istənilən mübahisə Konvensiyanın 30-cu maddəsinə uyğun olaraq həll edilir.

 

Maddə 17. Protokolun qəbul edilməsi və qüvvəyə minməsi

 

1. Bu Protokol Tərəflərin Konfransının iclasında Razılığa gələn Tərəflərin konsensusu əsasında qəbul edilir.

2. Protokol Aktau şəhərində 12.08.2011 tarixindən 12.08.2012 tarixinə qədər Xəzəryanı Dövlətlərə imzalanmaq üçün açıqdır.

3. Bu Protokol Xəzəryanı Dövlətlər tərəfindən ratifikasiya və ya qəbul ediləcək və ya təsdiq ediləcək və bu Protokolu imzalamaq üçün bağlı olduğu tarixdən etibarən Xəzəryanı Dövlətlər tərəfindən qoşulmaq üçün açıq olacaqdır.

4. Ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədlər Konvensiyanın depozitarisinə saxlanca verilir.

5. Bu Protokol Xəzəryanı Dövlətlər tərəfindən ratifikasiya, qəbuletmə, təsdiq etmə və ya qoşulma haqqında sənədlərin Konvensiyasının depozitarisinə saxlanca verilmə tarixindən sonrakı 90-cı gün qüvvəyə minir.

 

Maddə 18. Protokola dəyişikliklərin, qoşmaların və qoşmalarda dəyişikliklərin qəbul edilməsi

 

İstənilən Razılığa gələn Tərəf bu Protokola dəyişikliklər və qoşmalar, o cümlədən, qoşmalara dəyişikliklər təklif edə bilər. Bu dəyişikliklər və qoşmalar Razılığa gələn Tərəflər tərəfindən qəbul olunacaq və onlar Konvensiyanın 24-cü və 25-ci maddələrinə uyğun olaraq qüvvəyə minəcəkdir.

 

IV. Yekun müddəalar

 

Maddə 19. Protokolun milli qanunvericiliyə təsiri

 

Bu Protokolun müddəaları Razılığa gələn Tərəflərin bu Protokolun icrası məqsədi ilə daha sərt müvafiq milli tədbirlər qəbul etmək hüququna təsir etmir.

 

Maddə 20. Digər beynəlxalq müqavilələrlə əlaqə

 

Bu Protokolda heç bir müddəa Razılığa gələn Tərəflərin digər tərəfdar olduqları beynəlxalq müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmir.

 

Maddə 21. Qeyd-şərt

 

Bu Protokola heç bir qeyd-şərt edilə bilməz.

 

Maddə 22. Autentik mətnlər

 

Bu Protokolun Azərbaycan, ingilis, fars, qazax, rus və türkmən dilində olan mətnləri bərabər autentikdir. Protokolun təfsiri və tətbiqi ilə bağlı hər hansı mübahisə yaranarsa, ingilis dilində olan mətnə üstünlük verilir.

 

Maddə 23. Protokolun depozitarisi

 

Protokolun depozitarisi Konvensiyanın depozitarisidir.

 

Maddə 24. Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlarla əlaqə

 

Bu Protokolda heç bir müddəa Xəzər dənizinin yekun hüquqi statusu üzrə danışıqların nəticəsinə qabaqcadan təsir edən kimi təfsir edilmir.

Bunun təsdiqi olaraq, müvafiq qaydada səlahiyyətləndirilmiş aşağıda imza edən şəxslər hazırkı Protokolu imzaladılar.

Aktau şəhərində 12 avqust 2011-ci il tarixində imzalanmışdır.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status