AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
05.02.2013
QEYDİYYAT NÖMRƏSİ
813
ADI
“Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 06-02-2013, Nəşr nömrəsi: 27), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 07-02-2013, Nəşr nömrəsi: 28), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2013, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 107)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.02.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201302050813
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.02.2013
“Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə

“Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili üçün “elektron hökumət” portalının təkmilləşdirilməsi, elektron xidmətlərin təşkili sahəsində görülən işlərin səmərəliliyinin artırılması, dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlərindən geniş istifadə edilməsi məqsədi ilə, “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: [1]

1. “Elektron hökumət” portalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. iki ay müddətində Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin razılaşdırılmış təkliflərini nəzərə alaraq “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. iki ay müddətində dövlət informasiya sistemlərinin və ehtiyatlarının yaradılmasının və idarə edilməsinin tənzimlənməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. iki ay müddətində “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısını və informasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin portala qoşulması üçün texniki tələbləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

2.4. iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.5. iki ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi: [2]

4.1. “Elektron hökumət” portalının fəaliyyətinin təşkili və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

4.2. dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlərinin “Elektron hökumət” portalına qoşulmasını təmin etsin. [3]

5. Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər: [4]

5.1. elektron xidmətlərin təşkilini sürətləndirsinlər və onların “Elektron hökumət” portalına qoşulması üçün zəruri tədbirlər görsünlər;

5.2. informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin səmərəli təşkili məqsədi ilə sərəncamlarında olan informasiya sistemlərində və ehtiyatlarında fərdi identifikasiya nömrəsinin tətbiqini təmin etsinlər.

6. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi:

6.1. dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin “Elektron hökumət” portalına qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin etsin;

6.2. “Elektron hökumət” portalının təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görsün.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 fevral 2013-cü il

   № 813

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

“Elektron hökumət” portalı haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1 Bu Əsasnamə “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 3.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 avqust tarixli 1056 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan)” həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.2.1-ci yarımbəndindən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə hazırlanmışdır, dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət qurumları) elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadəni təmin edən “Elektron hökumət” portalının (bundan sonra - portal) fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. [5]

1.2.            Portal dövlət qurumlarının elektron xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına, istifadəçilərin onlardan istifadəsinə, dövlət qurumlarının portala qoşulmuş informasiya sistemlər və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq sənədlər barədə qanunla müəyyən edilmiş qaydada informasiya əldə edilməsinə xidmət edir. [6]

1.3.            Portalın yaradılması, idarə olunması, fəaliyyətinin təşkili və inkişafı portalın operatoru (bundan sonra - operator) - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilir. [7]

1.4.            Portalın iştirakçıları - informasiya sistemləri və ehtiyatları portala qoşulmuş, onlar vasitəsilə elektron xidmətlər göstərən və portala qoşulmuş digər informasiya sistemləri və ehtiyatları ilə informasiya mübadiləsində iştirak edən dövlət və qeyri-dövlət qurumlarıdır.

1.5.            Portalın istifadəçiləri - fiziki və hüquqi şəxslər, dövlət qurumlarıdır.

1.6.            İştirakçılar aidiyyəti informasiya ehtiyatlarını portala qoşmalı, göstərdikləri elektron xidmətlərin portala inteqrasiya olunmasını təmin etməli, həmçinin öz informasiya ehtiyatlarındakı məlumatlardan elektron xidmətlərin göstərilməsi zamanı qanunla müəyyən edilmiş qaydada istifadəni təmin etməlidirlər.

1.7.            Portal vasitəsilə həyata keçirilən fəaliyyət Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə” ilə müəyyən olunmuş informasiya proseslərini əhatə etmir.

1.8.            Portalın saxlanılma, fəaliyyət və inkişaf xərcləri dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 

2. Portalın fəaliyyət prinsipləri

 

2.1. Portalın fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

2.1.1.              modulluq və miqyaslılıq - ciddi dəyişikliklər edilmədən portalın proqram-texniki komponentlərinin inkişaf etdirilməsi imkanının olması;

2.1.2.              sərbəstlik - portalın tərkibinin və fəaliyyətinin ona qoşulmuş informasiya sistemlərində və ehtiyatlarında aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması;

2.1.3.              sistemlilik - dövlət qurumları tərəfindən elektron xidmətlərin göstərilməsi məqsədi ilə mövcud olan və ya yeni yaradılan informasiya sistemlərinin və ehtiyatlarının qarşılıqlı əlaqələrinin və uzlaşmasının təmin edilməsi;

2.1.4.              təhlükəsizlik - sertifikatlaşdırılmış proqram təminatından və proqram-texniki vasitələrdən istifadə edilməsi, məlumatlarla, o cümlədən fərdi məlumatlarla bağlı informasiya mübadiləsi zamanı qanunun tələblərinə riayət edilməsi, təşkilati, texniki, texnoloji tədbirlər həyata keçirməklə informasiyanın mühafizəsinin təmin edilməsi;

2.1.5.              istifadə asanlığı - informasiya ehtiyatlarına bir dəfə daxil edilmiş məlumatlardan “bir pəncərə” prinsipi əsasında çoxsaylı istifadənin təmin edilməsi;

2.1.6.              səmərəlilik - informasiya mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi, qarşılıqlı əlaqələrin optimallaşdırılması və bununla bağlı vaxt itkisinin və maliyyə məsrəfinin azaldılması;

2.1.7.              şəffaflıq - sistem daxilindəki fəaliyyətin şəffaflığının və hesabatlılığının təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi üçün şəraitin yaradılması.

 

3. Portalın texniki-texnoloji infrastrukturu

 

3.1. Portalın texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

3.1.1.          portalın proqram-texniki vasitələri;

3.1.2.          “Elektron hökumət” şlüzü;

3.1.3.          dövlət informasiya ehtiyatlarının reyestri;

3.1.4.          telekommunikasiya kanalları;

3.1.5.          portalın ehtiyat mərkəzi.

3.2. Portalın proqram-texniki vasitələri elektron xidmətlərin göstərilməsini, istifadəçilərin onlardan istifadəsini, informasiya mübadiləsinin həyata keçirilməsini, portalın fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini təmin edir.

3.3.                     “Elektron hökumət” şlüzü iştirakçıların informasiya sistemlərinin inteqrasiyasını, qarşılıqlı əlaqəsini, onlar arasında sorğular vasitəsi ilə informasiya mübadiləsinin aparılmasını və müvafiq məlumatlar əldə edilməsini təmin edir.

3.4.                     Dövlət informasiya ehtiyatlarının reyestri elektron hökumətin informasiya təminatının əsasını təşkil edən bu vasitələrin sistemli qaydada qeydiyyatının aparılmasına, onların mövcudluğu barədə məlumatlandırılmasına və təkrarlanmasının qarşısının alınmasına, həmçinin varisliyinin (dövlət əhəmiyyətli resurs və sistemlərin qorunub saxlanılmasına) təmin edilməsinə imkan verir. Bu reyestr portalın tərkib hissəsi kimi istifadə olunmaqla, qarşılıqlı sorğular göndəriləcək informasiya ehtiyatlarının müəyyənləşdirilməsinə və bu əlaqələrin həyata keçirilməsinə köməklik göstərir.

3.5.                     Portalın fəaliyyətinin dayanıqlılığını, təhlükəsizliyini təmin etmək məqsədilə portalın alternativ ehtiyat mərkəzi yaradılır və portalın proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır.

3.6.                     Portal oxşar interfeysə malik olan informativ və interaktiv hissələrdən ibarətdir. İnformativ hissə istifadə üçün daim açıqdır və dövlət qurumları tərəfindən göstərilən informativ xidmətlərdən və interaktiv xidmətlər barədə məlumatlardan ibarətdir. interaktiv hissə isə interaktiv xidmətlərdən ibarətdir və onlardan istifadəyə şərait yaradır. Fərdi məlumatların mühafizəsi, portal vasitəsilə həyata keçirilən əməliyyatların və istifadə olunan elektron xidmətlərin dəqiq və ünvanlı həyata keçirilməsi üçün interaktiv portal elektron imza sertifikatı və operator tərəfindən verilən kod-parolla daxil olmağa imkan verən müxtəlif autentifikasiya mexanizmləri ilə təchiz olunmalıdır.

 

4. Portalın operatorunun funksiyaları

 

4.1. Operator portalın fəaliyyətini təmin etmək üçün aşağıdakı funksiyaları həyata keçirir:

4.1.1.       portalın fəaliyyətini təşkil etmək, onun vasitəsilə iştirakçıların və istifadəçilərin dayanıqlı, fasiləsiz və təhlükəsiz məlumat mübadiləsinin aparılmasını təmin etmək;

4.1.2.       portala qoşulan informasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasını iştirakçılardan tələb etmək;

4.1.3.       portala qoşulacaq informasiya sistemləri və ehtiyatları, elektron xidmətlər müəyyən edilmiş texniki tələblərə cavab vermədiyi hallarda, onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılmasını tələb etmək;

4.1.4.       müəyyən edilmiş texniki tələblərə uyğun olmayan informasiya sistemləri və ehtiyatlarının, elektron xidmətlərin portala qoşulmasından imtina etmək;

4.1.5.       iştirakçılara portalın iş prinsipi və funksional imkanları haqqında məlumat vermək, metodiki köməklik göstərmək;

4.1.6.       portaldan istifadə qaydaları barədə iştirakçıları və istifadəçiləri məlumatlandırmaq;

4.1.7.       portalın komponentlərini və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və saxlanılmasını təmin etmək, tərtib olunmuş qrafik üzrə müvafiq profilaktik işlər aparmaq;

4.1.8.       portala qoşulan iştirakçıların informasiya sistemlərini və ehtiyatlarını qeydiyyata almaq, onları müvafiq elektron imza sertifikatları ilə təmin etmək;

4.1.9.       portala qoşulmuş informasiya sistemləri və ehtiyatları ləğv edildikdə, mülkiyyətçisi dəyişdikdə və ya digər dəyişikliklər olduğu halda müvafiq tədbirlər görmək;

4.1.10.    əsas avadanlıqlarda hər-hansı bir qəza (xəta) baş verdiyi halda portalın iştirakçılarını bu barədə məlumatlandırmaq, dərhal onun aradan qaldırılması üçün müvafiq tədbirlər görmək, baş vermiş qəzanın (xətanın) qısa müddət ərzində aradan qaldırılması mümkün olmadıqda, portalın ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək;

4.1.11.    qanunla müəyyən edilmiş qaydada informasiya təhlükəsizliyini təmin etmək və fərdi məlumatların mühafizəsini təşkil etmək.

 

5. Portalın iştirakçılarının funksiyaları

 

5.1. Portalın iştirakçıları aşağıdakı funksiyaları həyata keçirir:

5.1.1.    portala qoşulan elektron xidmətlərin təsdiq olunmuş inzibati reqlamentlərə uyğun və fasiləsiz işləməsini təmin etmək;

5.1.2.    portalın iştirakçılarının və istifadəçilərinin sorğuları sərbəst, dəqiq və tam cavablandırmaq, elektron xidmətlər göstərmək;

5.1.3.    elektron xidmətlərin göstərilməsində yaranan nasazlıqların aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirmək və avadanlıqların, proqram təminatının dayanıqlı fəaliyyətini təmin etmək;

5.1.4.    qanunla müəyyən edilmiş qaydada fəaliyyət istiqamətlərinə uyğun olaraq elektron xidmətlərin göstərilməsi üçün portala qoşulmuş informasiya sistemlərindən və ehtiyatlarından məlumat almaq;

5.1.5.    informasiya sistemləri və ehtiyatlarının, elektron xidmətlərinin portala qoşulması üçün müraciət etdikdə onların müəyyən edilmiş texniki tələblərə uyğunluğuna dair zəruri məlumatları operatora təqdim etmək;

5.1.6.    operatorun əsaslandırılmış tələbinə uyğun olaraq portala qoşulacaq informasiya sistemlərində, ehtiyatlarında zəruri dəyişiklik və təkmilləşdirmə aparmaq;

5.1.7.    portala qoşulmuş informasiya sistemlərində və ehtiyatlarında nəzərdə tutulan profilaktik, təmir, sazlama və digər texniki işlər barədə operatoru həmin işlərin aparılmasından iki gün əvvəl məlumatlandırmaq;

5.1.8.    göstərilən elektron xidmətlərlə bağlı portalın fəaliyyətində baş verən nasazlıqların aradan qaldırılmasını operatordan tələb etmək;

5.1.9.    portalın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı operatora və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (bundan sonra - Dövlət Agentliyi) təkliflər vermək;

5.1.10.    portala qoşulmuş informasiya sistemlərinin və ehtiyatlarının qanunun tələblərinə uyğun olaraq informasiya təhlükəsizliyini, o cümlədən fərdi məlumatların qorunmasını təmin etmək;

5.1.11.    portalın fəaliyyətini ləngidəcək, ona zərər gətirəcək və ya onun fəaliyyətinin dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək.

 

6. Portalın fəaliyyətinin təşkili

 

6.1. İştirakçıların informasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərinin portala qoşulması aşağıdakı qaydada həyata keçirilir:

6.1.1.    İştirakçı ona məxsus informasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin Portala qoşulması üçün operatora müraciət etməlidir.

6.1.2.    Operator portala qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin portala qoşulması üçün müəyyən edilmiş texniki tələblərə uyğunluğunu yoxlamalıdır.

6.1.3.    Operatorun uyğunluğa dair rəyinə əsasən müəyyən edilmiş texniki tələblərə cavab verən informasiya sistemləri və ehtiyatları, elektron xidmətlər Portala qoşulması təmin edilməlidir.

6.1.4.    Həmin tələblərə cavab verməyən informasiya sistemləri və ehtiyatları, elektron xidmətlər operatorun əsaslandırılmış tələbinə uyğun olaraq onların mülkiyyətçiləri və ya Dövlət Agentliyi tərəfindən zəruri texniki tədbirlər və təkmilləşdirmələr aparıldıqdan sonra Portala qoşulur. Portala qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin portala qoşulması üçün müəyyən edilmiş texniki tələblərə uyğun olmaması barədə rəyin bir nüsxəsi operator tərəfindən Dövlət Agentliyinə göndərilməlidir.

6.2. İştirakçılar öz informasiya sistemlərini və ehtiyatlarını müəyyənləşdirilmiş tələblərə uyğunlaşdırmalıdır.

6.3. İştirakçılar portala qoşulmuş informasiya sistemləri və ehtiyatları vasitəsilə təqdim olunan məlumatların məzmununa, dəqiqliyinə, tamlığına və etibarlılığına görə məsuliyyət daşıyırlar.

6.4.      Portalla qarşılıqlı fəaliyyət müəyyən edilmiş texniki tələblər əsasında portalın hər bir iştirakçısı ilə operator arasında bağlanılan müqavilələrdə əks olunur.

6.5.      İstifadəçilər portala internet şəbəkəsi, operatorun şəbəkəsi və ya müvafiq tələblərə cavab verən digər şəbəkələr vasitəsilə müraciət edə bilərlər və interaktiv xidmətlər əldə etmək üçün müvafiq autentifikasiya keçməlidirlər.

6.6. İstifadəçilər portal vasitəsilə elektron xidmətlərdən istifadə zamanı müvafiq autentifikasiyadan keçərək, qanunun tələblərinə uyğun olaraq yalnız özlərinə aid məlumatları əldə edə və əməliyyatlar həyata keçirə bilərlər.

6.7. Portal vasitəsilə mübadilə olunan məlumatların bütövlüyünə və dəyişdirilməməsinə görə operator məsuliyyət daşıyır.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

2.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

  1. 2 noyabr 2017-ci il tarixli 1655 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 noyabr 2017-ci il, № 242, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1994)
  2. 31 may 2022-ci il tarixli 1706 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 474, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 474)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 noyabr 2017-ci il tarixli 1655 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 noyabr 2017-ci il, № 242, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1994) ilə preambulaya “dövlət orqanlarının” (hər iki halda) və “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[2] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 2.1-ci bənddə və 4-cü hissədə “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 4-cü hissəyə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.

31 may 2022-ci il tarixli 1706 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 474) ilə 4-cü hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[3] 2 noyabr 2017-ci il tarixli 1655 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 noyabr 2017-ci il, № 242, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1994) ilə 4.2-ci və 6.1-ci bəndlərə “dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[4] 2 noyabr 2017-ci il tarixli 1655 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 noyabr 2017-ci il, № 242, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1994) ilə 5-ci hissəyə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilmişdir.

 

[5] 2 noyabr 2017-ci il tarixli 1655 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 noyabr 2017-ci il, № 242, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1994) ilə “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin 1.1-ci bəndə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir və həmin bənddə “və dövlət orqanlarının” sözləri “, dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət qurumları)” sözləri ilə əvəz edilmişdir.

 

[6] 2 noyabr 2017-ci il tarixli 1655 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 noyabr 2017-ci il, № 242, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1994) ilə “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin 1.2-ci bənddə (hər iki halda), 2.1.3-cü yarımbənddə və 3.6-cı bəndin ikinci cümləsində ismin müvafiq hallarında “dövlət orqanları” sözləri ismin müvafiq hallarında “dövlət qurumları” sözləri ilə əvəz edilmişdir.

 

[7] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin 1.3-cü bəndində “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin 1.3-cü bəndinə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.

31 may 2022-ci il tarixli 1706 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 474) ilə “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin 1.3-cü bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status