AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
20.11.2012
QEYDİYYAT NÖMRƏSİ
464-IVQ
ADI
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” Sazişin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 19-01-2013, Nəşr nömrəsi: 12), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2013, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 1)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.01.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201211200464
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.01.2013
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” Sazişin təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” Sazişin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 noyabr 2012-ci il

№ 464-IVQ

 

 

Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair

 

SAZİŞ

 

Preambula

 

Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti (bundan sonra ayrılıqda “Dövlət”, birlikdə “Dövlətlər” adlandırılacaq):

Azərbaycan Respublikası ərazisindən Türkiyə Respublikasına və onun ərazisi vasitəsilə təbii qaz ixrac boru kəmərlərinin əhəmiyyətini və Azərbaycanla Türkiyə arasında enerji sahəsində uğurlu əməkdaşlığı vurğulayaraq,

Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəməri və Bakı-Tbilisi-Ərzurum Qaz Kəməri layihələri və Şahdəniz Qaz Yatağının 1-ci Fazasında Təbii Qazın satışı kimi müvafiq layihələrdə uğurlu əməkdaşlığı qeyd edərək,

enerji sektoru sahəsində inkişaf və əməkdaşlığın onlar arasında iqtisadi və kommersiya münasibətlərini daha da möhkəmləndirəcəyini nəzərə alaraq,

Azərbaycan Respublikasına münasibətdə quruda və Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən təbii qaz ehtiyatlarını daha da inkişaf etdirmək, istifadə etmək və Azərbaycan ərazisində mənbəyi olan və tranzit edilən təbii qazın Türkiyə ərazisinə və onun vasitəsilə Türkiyədə və ya Türkiyə-Yunanıstan və Türkiyə-Bolqarıstan sərhədində yerləşən və tərəflərin razılaşdıracağı hər hansı digər çıxış nöqtəsinə ixrac etmək, Türkiyə Respublikasına münasibətdə Təbii Qaz mənbələrini diversifikasiya etmək və Türkiyə ərazisində Təbii qazın tranzitini inkişaf etdirmək məqsədlərini nəzərə alaraq,

Tranzit Keçidinin transmilli təbiətini nəzərə alaraq, onun vahid və diskriminasiyanı istisna edən standartlar, fiziki və əməliyyat baxımından fasiləsiz fəaliyyət göstərən infrastruktur tələb etdiyini və müvafiq beynəlxalq sazişlərə, o cümlədən Enerji Xartiyası Sazişinə uyğun olmalı olduğunu qeyd edərək,

“Şahdəniz yatağının 2-ci Fazasından Qazın satışı və Azərbaycan ərazisində mənbəyi olan və tranzit edilən təbii qazın Türkiyəyə və Türkiyə ərazisindən Tranzit Keçidi və o cümlədən, Gürcüstan/Türkiyə sərhədindən başlayaraq Türkiyə ərazisində yerləşən və Türkiyənin Yunanıstan və Bolqarıstanla sərhədlərində yerləşən çıxış nöqtələrinə və ya tərəflərin gələcəkdə razılaşdıra biləcəyi digər çıxış nöqtələrinə Təbii Qazın təhlükəsiz və fasiləsiz Tranzit Keçidini təmin edən yeni, müstəqil və ayrı kəmər olan TANAP layihəsini dəstəkləmək və inkişaf etdirmək öhdəliklərini nəzərdə tutan 25 oktyabr 2011-ci il tarixli Hökumətlərarası Sazişin imzalanmasını nəzərə alaraq,

TANAP layihəsi üzrə layihə konsorsiumunda (bundan sonra “TANAP Layihə Şirkəti” adlandırılacaq) nəzərdə tutulan Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında 24 dekabr 2011-ci ildə Anlaşma Memorandumunun imzalanmasını və müvafiq olaraq, Anlaşma Memorandumunda müəyyən edildiyi kimi, Türkiyə İştirakçılarının 20% (iyirmi faiz) və Anlaşma Memorandumunda müəyyən edildiyi kimi, Azərbaycan İştirakçılarının 80% (səksən faiz) iştirak payına sahib olacaqlarını nəzərə alaraq və

TANAP Layihəsinin həyata keçirilməsinin Dövlətlər üçün strateji əhəmiyyətli olmasını, Şahdəniz yatağının 2-ci mərhələsinin inkişafı üçün özəl təşəbbüs və investisiyaların vacib olduğunu və TANAP Sisteminin səmərəli və təhlükəsiz inkişafı, sahiblik və fəaliyyətini təmin etmək iradəsini qəbul edərək,

aşağıdakılara dair razılığa gəldilər:

 

Hissə I

SAZİŞİN ƏHATƏ DAİRƏSİ VƏ TƏFSİRİ

 

Maddə 1

Anlayışlar və təfsir

 

1.1. Anlayışlar

Burada müəyyən edilmədiyi halda, bu Sazişdə istifadə edilmiş böyük hərflərlə ifadə olunmuş sözlər bu Sazişə əlavə edilən Tranzit Hökuməti ilə Sazişlə eyni məna daşıyır və müəyyənləşdirilmədiyi təqdirdə, aşağıdakı mənaları bildirir:

“Saziş” vaxtaşırı düzəliş və əlavələr və ya dəyişikliklər daxil olmaqla, Hökumətlərarası Saziş deməkdir.

“Konstitusiya” vaxtaşırı düzəliş və əlavələr və ya dəyişiklik daxil olmaqla, Dövlətin Konstitusiyası deməkdir.

“Tranzit Hökuməti ilə Saziş” vaxtaşırı dəyişiklik və əlavələr daxil olmaqla, bir tərəfdən Türkiyə Hökuməti və digər tərəfdən TANAP Layihə Şirkəti tərəfindən TANAP Sisteminə dair göstərilən tarixdə imzalanan düzəliş və əlavələr və ya dəyişikliklər də daxil olmaqla, bu Sazişə əlavə olunan saziş deməkdir.

“Maneə” Dövlətin ərazisində Layihə Fəaliyyətinə maneə törədə biləcək, onu dayandıracaq və ya hər hansı formada əngəlləyə biləcək hər hansı hadisə və ya şərait deməkdir.

“ŞD2 Qaz Satışı Müqaviləsi” ARDNŞ (satıcı qismində) və BOTAŞ (alıcı qismində) tərəfindən imzalanmış Azərbaycandan gələn qazın alqı-satqısına dair 25 oktyabr 2011-ci il tarixli Saziş deməkdir.

“TANAP Komitəsi” bu Sazişin 4.3-cü bəndində ona verilmiş mənanı ifadə edir.

 

1.2. Təfsir

1.2.1. Bu Sazişin maddələrə, bəndlərə və ya digər hissələrə bölünməsi və başlıqların istifadəsi yalnız istinad asanlığı üçün edilmişdir və bu Müqavilənin şərhi və təfsirinə təsir etməməlidir.

1.2.2. Bunun əksi bildirildiyi hallar istisna olmaqla, nömrə və ya hərf göstərilməklə “maddə” sözü bu Sazişin həmin maddəsinə istinadı bildirir.

1.2.3. “Bu Saziş”, “bunun”, “bununla” və “burada müəyyən edildiyi kimi” və buna bənzər ifadələr bu Sazişə istinad bildirir və hansısa maddəyə və ya onun bir hissəsinə istinadı bildirmir.

 

1.3. Şərh

Xüsusi göstərilən hallar və ya kontekst digər məna tələb etdiyi hallar istisna olmaqla, təkdə işlədilən sözlər cəmdə işlədilmiş hesab edilir və ya əksinə, cins ifadə edən sözlər bütün cinsləri ehtiva edir və “daxil olmaqla” və “o cümlədən” ifadələri fikrin “lakin bununla məhdudlaşmayaraq” sözləri ilə davam etdiyini ehtiva edir.

 

Maddə 2

Bu Sazişlə digər beynəlxalq və daxili öhdəliklər arasındakı əlaqə

 

2.1. Hər bir Dövlət təsdiq edir və zəmanət verir ki, bu Sazişin imzalanması və icrası onların hökumətlərinin səlahiyyətləri çərçivəsindədir.

2.2. Bu Sazişin heç bir müddəası hər hansı Dövlətin Enerji Xartiyası sazişi və ya hər hansı başqa beynəlxalq saziş üzrə və ya beynəlxalq hüquq üzrə hüquq və ya öhdəliklərini istisna etmir.

2.3. Türkiyə Respublikası hazırkı Sazişin imzalanması tarixində və ya bununla birgə bu Sazişə əlavə ediləcək, onun tərkib hissəsi olacaq və bu Sazişin 13.1-ci maddəsinə uyğun icbari hüquqi qüvvəyə malik olacaq Tranzit Hökuməti ilə Sazişi imzalayacaqdır.

 

Hissə II

ÜMUMİ ÖHDƏLİKLƏR

 

Maddə 3

Bu Sazişin və digər əlaqəli sazişlərin icrası və onlara riayət olunması

 

3.1. Bu Saziş Tranzit Hökuməti ilə Sazişlə bilikdə TANAP Layihəsinə və Təbii Qazın TANAP Sistemi vasitəsilə Tranzit Keçidinə dair prosedurları və prinsipləri müəyyən edir.

3.2. Hər bir Dövlət bu Saziş üzrə öz öhdəliklərinin hər birinin yerinə yetirməsinə dair öhdəlik götürür.

3.3. Bu Sazişin müddəaları tərəflərin Tranzit Hökuməti ilə Sazişlə bağlı öhdəliklərinin həcmini məhdudlaşdırmır.

 

Maddə 4

Dəstək və əməkdaşlıq

 

4.1. Dövlətlər Layihə Fəaliyyətinin yerinə yetirilməsi və icrası və TANAP Sisteminin TANAP Layihə Şirkəti tərəfindən tikintisi, sahiblik və fəaliyyəti üçün lazımi və əlverişli şərait yaradılması üçün əməkdaşlıq etməyə dair öhdəlik götürürlər və belə hərəkətlərin həyata keçirilməsi məqsədi ilə hər bir Dövlət öz Dövlət Orqanları və/və ya Dövlət Müəssisələri tərəfindən tədbirlər görülməsini təmin etməlidir. Hər bir Dövlət, Dövlət Orqanları və ya Dövlət Müəssisələri TANAP Layihəsinin TANAP Layihə Şirkəti və Layihə İştirakçıları tərəfindən bu Sazişin və Tranzit Hökuməti ilə Sazişin müddəalarına uyğun olaraq TANAP Layihəsinin maliyyələşdirilməsinə, həyata keçirilməsinə və fəaliyyət göstərməsinə tam dəstək verəcəkdir.

4.2. Yuxarıdakı maddənin ümumi xarakterinə xələl gətirmədən Türkiyə Respublikası aşağıdakıları edəcəkdir:

4.2.1. Dövlət Orqanları TANAP Layihə Şirkətinin və ya TANAP Layihə Şirkətinin filialının Türkiyə yurisdiksiyasında yaradılmasını sürətləndirəcəkdir, TANAP layihəsi üçün zəruri lisenziyaların alınmasına icazə verəcəkdir, və

4.2.2. tənzimləyici, inzibatı və ya digər səlahiyyətlərə malik və digər Dövlət Orqanlarının səlahiyyətlərini Dövlətin bu Saziş üzrə öhdəliklərinə uyğun olaraq yerinə yetirməsini təmin edəcəkdir.

4.3. Dövlətlər bununla hər bir Dövlətdən 1 (bir) nümayəndədən ibarət olacaq və bu Sazişin və Tranzit Hökuməti ilə Sazişin həyata keçirilməsinə nəzarət edəcək və icrasını sürətləndirəcək komitənin yaradılmasına dair razılığa gəlirlər (bundan sonra “TANAP Komitəsi” adlandırılacaq). Bu nümayəndələr TANAP Komitəsi qarşısında TANAP Layihəsinə dair ortaya çıxa biləcək hər hansı məsələyə dair Dövlətin adından iştirak etmək üçün səlahiyyətli olmalıdır. TANAP Konsorsium Üzvləri və TANAP Layihə Şirkəti 4.3-cü maddənin əhatə dairəsinə düşən istənilən məsələ ilə bağlı birbaşa olaraq TANAP Komitəsinə müraciət edə bilərlər. Bu Sazişin qüvvəyə minməsindən 30 (otuz) gün ərzində TANAP Komitəsinin ilk iclası keçirilməlidir. TANAP Komitəsi TANAP Layihə Şirkəti ilə tam məsləhətləşmələr də daxil olmaqla Layihə Fəaliyyətinin yerinə yetirilməsini təmin etmək məqsədi ilə vicdanlı şəkildə və ağlabatan vaxtlarda iclaslar keçirməlidir.

4.4. Dövlətlər razılaşır və qəbul edirlər ki, ARDNŞ (və ya onun əlaqəli şirkətləri) Tranzit Hökuməti ilə Sazişin hüquqların verilməsi və öhdəliklərlə bağlı 37.8-ci maddəsinə uyğun olaraq TANAP Sisteminin Kəmər Dəhlizi boyunca elektron kommunikasiya infrastrukturunun (fibro-optik xett) tikintisi, quraşdırılması və idarə edilməsi işlərini aparmaq məqsədi ilə Hüquqi Şəxs yaradacaqlar.

 

Maddə 5

Torpaq hüquqları

 

Türkiyə Respublikası TANAP Layihəsinin həyata keçirilməsi üçün zəruri olan Torpaq Hüquqlarının ədalətli, şəffaf və qanuna müvafiq şərtlərlə verilməsini və ya əldə edilməsini təmin edəcəkdir.

 

Maddə 6

Digər sistemlərlə birləşmələr

 

Türkiyə Respublikası Gürcüstan-Türkiyə, Yunanıstan-Türkiyə və Bolqarıstan-Türkiyə sərhədlərində yerləşən digər qaz-boru sistemləri, həmçinin Türkiyənin milli qaz ötürmə sistemi ilə birləşməyə dəstək verəcək və onu sürətləndirəcəkdir.

 

Maddə 7

Tranzit keçidi

 

7.1. Türkiyə Respublikası azad Tranzit Keçidini təmin edəcək və istənilən həcmdə Tranzit Keçid Qazının hər hansı Dövlət Orqanı və ya Dövlət Müəssisəsi (TANAP Layihə Şirkəti ilə Dövlət Müəssisəsi arasında qaz daşıma haqqında kommersiya müqaviləsinə əsasən qazın eldə edilməsi hüququ verildiyi hal istisna olmaqla) tərəfindən götürülməsinin qarşısının alınması üçün bütün, o cümlədən fövqəladə və ya digər tədbirlər görəcəkdir və addımlar atacaqdır.

7.2. Türkiyə Respublikası Tranzit Hökuməti ilə Sazişdə nəzərdə tutulmuş hallar istisna olmaqla. Tranzit Keçid Qazının fasiləsiz, gecikdirilmədən, qadağa qoyulmadan və ya azaldılmadan ötürülməsini təmin edəcəkdir.

7.3. Tranzit Hökuməti ilə Sazişdə xüsusi nəzərdə tutulmuş hallar istisna olmaqla, Türkiyə Respublikası və ya istənilən Dövlət Orqanları və ya Dövlət Müəssisələri istənilən Tranzit Keçidi hüququna görə heç bir ödəniş və ya ödəmə öhdəliyini tətbiq edə bilməz.

7.4. ŞD2 Qaz Satışı Müqaviləsini qeyd edərək, TANAP Layihə Şirkəti Daşıyıcılara TANAP Sisteminin bütöv həcmini satmaq və ya onu öz mülahizəsinə əsasən istifadə etmək, həmçinin qeyd olunan məsələlərlə bağlı Daşıyıcılarla bağlanan müqavilələr əsasında müstəqil danışıqlar aparmaq, razılaşmaq və onlara tətbiq olunan tarifləri müəyyən etmək hüququna bu şərtlə malik olmalıdır ki, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyinə belə həcmlərin verilməsi, tariflərin müəyyən edilməsi metodları və tariflər barədə məlumat verilsin.

7.5. Hər bir Dövlət öz ərazisində Maneələrə yol verməmək və onları aradan qaldırmaq üçün ağlabatan tədbirlər həyata keçirməlidir.

7.6. ŞD2 Qaz Satışı Müqaviləsini qeyd edərək. Dövlətlər razılaşırlar ki, ŞD2 Qaz Satışı Müqaviləsinə əsasən çatdırılmalı olan Qazın hamısı Ərazidə Giriş Nöqtəsindən TAN AP Sistemi vasitəsilə Əskişəhər və Trakiya Regionunda yerləşən Çıxış Nöqtəsindən daşınmalıdır, bu şərtlə ki: (1) TANAP sistemi vasitəsilə Şahdəniz yatağından tranzit edilən digər qaza tətbiq edilən ilə eyni tarif tətbiq edilsin (ərazidə faktiki nəql məsafəsinə əsasən uyğunlaşdırılmaqla); və (2) BOTAŞ və TANAP Layihə Şirkəti arasında qazın daşınmasına dair kommersiya razılaşması əldə edilsin.

7.7. Əgər (i) TANAP Sisteminin ötürücülük qabiliyyəti azalarsa və ya (ii) Şahdəniz yatağının istismarının 2-ci mərhələsində əldə edilən və Giriş Nöqtəsində TANAP Sistemi vasitəsilə tranzit edilməli qazın həcmində çatışmazlıq yaranarsa, ötürücülük qabiliyyəti və həcmlər Şahdəniz yatağının istismarının 2-ci mərhələsində istehsal edilən qaz müvafiq Daşıyıcıları arasında bərabər surətdə paylaşdırılmalıdır.

7.8. Dövlətlər açıq şəkildə razılaşırlar ki, Azərbaycan Respublikasına məxsus olan və TANAP Sistemi vasitəsilə daşınmalı olan ilkin olaraq illik on altı (16) milyard kubmetr qaz həcmindən artıq olan bütün qaz həcmləri ilk olaraq Türkiyə Respublikasındakı alıcılara təklif ediləcəkdir.

7.9. TANAP Sisteminin ilkin 32 milyard kubmetr ötürmə qabiliyyətindən yuxarı artırılması dövlətlərin qarşılıqlı razılaşmasına əsasən həyata keçiriləcəkdir.

7.10. Dövlətlər razılaşırlar ki, TANAP Sisteminin ötürücülük qabiliyyəti ən azı Şahdəniz yatağından istehsal həcmində olmalıdır və Azərbaycan Respublikası mənşəli və tranzit olunan Təbii Qaza uyğun olaraq genişləndirilə bilməlidir.

7.11. Dövlətlər razılaşırlar ki, Azərbaycan Respublikasına məxsus olan hüquqi şirkətlərin TANAP Layihə Şirkətində iştirak payı ümumi iştirak payının 51% (əlli bir faizindən) az olmamalıdır.

 

Maddə 8

Texniki, təhlükəsizlik və ətraf mühit standartları

 

Hər bir Dövlət özləri arasında və TANAP Layihə Şirkəti ilə, Türkiyə Respublikasının daxili qanunvericiliyində qeyd olunmuş standartlara və beynəlxalq sənaye təcrübəsinə əsaslanaraq, müvafiq texniki, təhlükəsizlik və ətraf mühit standartlarının tətbiqi ilə bağlı edərkən özləri və TANAP Layihə Şirkəti arasında əməkdaşlıq və koordinasiya etməlidirlər.

 

Maddə 9

Təhlükəsizlik

 

Dövlətlər, Tranzit Hökuməti ilə Sazişə müvafiq olaraq, TAN AP Layihəsinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini qəbul edirlər.

 

Hissə III

VERGİLƏR

 

Maddə 10

Vergilər

 

Tranzit Hökuməti ilə Saziş vergi tutulması və/və ya vergi güzəştlərinin və azadolmalarının verilməsi, o cümlədən vergi bəyannamələrinin verilməsi öhdəliyindən azadolma və hər hansı vergi, azadolma, güzəşt və/və ya öhdəlik üzrə ortaya çıxa biləcək şərt və ya qaydalardan azadolmaya dair hüquqi rejimi müəyyən edir.

 

Hissə IV

YEKUN MÜDDƏALAR

 

Maddə 11

Məsuliyyət

 

Dövlət tərəfindən bu Sazişdə müəyyən edilən öhdəliklərinin yerinə yetirilməsində, bütün zəruri hərəkətlərin edilməsində və ya hüquqların təmin olunmasında və yardımın göstərilməsində istənilən çatışmazlıq və ya imtina həmin Dövlətin bu Sazişə əsasən öhdəliklərinin yerinə yetirilməməsi hesab olunur.

 

Maddə 12

Mübahisələrin həlli

 

12.1. Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı mübahisə yarandığı təqdirdə, Dövlətlər bu mübahisəni ilk olaraq TANAP Komitəsi vasitəsilə və ya diplomatik yolla həll etmək üçün bütün mümkün cəhdləri göstərəcəklər.

12.2. Dövlətlərdən biri mübahisəni qaldırdığı tarixdən etibarən 6 (altı) ay müddətində həll olunmadığı təqdirdə, hər iki Dövlətin tələbi əsasında mübahisə bu müddəaya uyğun olaraq təyin olunmuş 3 (üç) arbitrdən ibarət arbitraj tribunalına təqdim oluna bilər.

12.3. Hər bir Dövlət onun vətəndaşı ola biləcək bir arbitr təyin edəcək və bu iki arbitr öz aralarında qarşılıqlı razılıqla arbitraj tribunalının Sədri olacaq 3-cü ölkənin vətəndaşını teyin edəcəklər. Bütün arbitrlər bir Dövlətin digərinə mübahisənin arbitraj yolu ilə həll edilməsi niyyəti barədə göndərdiyi xəbərdarlığın qəbul olunmasından sonra 30 (otuz) gün ərzində təyin edilməlidirlər.

12.4. 12.3-cü maddədə göstərilmiş müddət başa çatıbsa və bu zaman ərzində razılıq eldə olunmayıbsa hər iki Dövlət Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) Prezidentini dəvət edərək müvafiq təyinatlar həyata keçiriləcəkdir. BƏM-in Prezidentinin Dövlətlərdən birinin vətəndaşı olduğu və ya onun hər hansı digər səbəbə görə qeyd olunan vəzifəni həyata keçirə bilmədiyi təqdirdə, bu iki Dövlətin vətəndaşı olmayan və yuxanda qeyd olunan funksiyaları həyata keçirə bilən BƏM-in vəzifəcə daha yuxarı nümayəndəsi müvafiq təyinatları həyata keçirmək üçün dəvət olunacaqdır.

12.5. Yuxanda göstərilən arbitraj məhkəməsi hər bir fərdi iş üçün aşağıdakı qaydada keçiriləcəkdir. Arbitraj tribunalının qərarı səs çoxluğu əsasında veriləcəkdir. Bu cür qərar yekun və hər bir Dövlət üçün məcburi olacaqdır. Hər bir Dövlət öz nümayəndəsinin arbitraj icraatında iştirakı ilə bağlı xərcləri özü ödəyəcək, arbitraj tribunalının Sədrinin əməliyyatları ilə bağlı xərclər isə bərabər şəkildə iki Dövlət arasında bölünəcəkdir. Bununla belə, arbitraj tribunalı öz qərarında xərclərin çox hissəsinin məhz Dövlətlərdən biri tərəfindən ödənilməsi haqda qərar çıxara bilər və bu halda qeyd edilən qərar hər iki Dövlət üçün məcburi olacaqdır.

12.6. Dövlətlər arasında digər hal razılaşdırılmadığı təqdirdə, mübahisə Birləşmiş Millətlər Komissiyasının Ticarət Hüququ ilə bağlı Arbitraj Qaydalarına (UNCİTRAL) əsasən arbitraj məhkəməsi tərəfindən həll olunacaqdır.

12.7. Dövlətlər arasında digər hal razılaşdırılmadığı təqdirdə, arbitraj İsveçrənin Cenevrə şəhərində keçiriləcəkdir.

12.8. Arbitraj tribunalı mübahisəni Sazişə və beynəlxalq hüququn qüvvədə olan norma və prinsiplərinə əsasən həll edəcəkdir.

12.9. Hər bir Dövlət razılaşır və təsdiqləyir ki, TANAP Layihəsi ilə bağlı Dövlət və Layihə İştirakçısı arasında mübahisə Tranzit Hökuməti ilə Sazişin və ya müvafiq Layihə Müqaviləsinin şərtlərinə əsasən fərdi beynəlxalq arbitraj qaydasında həll ediləcəkdir.

 

Maddə 13

Qüvvəyə minmə

 

13.1. Hər bir Dövlətin Hökuməti bununla öhdəlik götürür ki, bu Saziş imzalanandan sonra, həmin Dövlətin daxili qanunvericiliyinə əsasən və beynəlxalq hüquqa əsasən Sazişin qüvvəyə minməsi və TANAP Layihəsinə tətbiq edilən üstün hüquqi rejim məqsədi ilə öz Konstitusiyasına uyğun olaraq tez bir zamanda və lazımi tədbirləri görəcəkdir.

13.2. Saziş Dövlətlərin bu Sazişin qüvvəyə minməsi üçün zəruri olan bütün daxili hüquqi prosedurların yerinə yetirildiyi barədə digər Dövlətə diplomatik kanallarla təqdim etdiyi sonuncu xəbərdarlığın alındığı tarixdən qüvvəyə minir.

13.3. Bu Sazişə hər iki Dövlətin qarşılıqlı razılığı əsasında dəyişiklik və əlavələr edilə bilər. Bütün dəyişiklik və əlavələr ayrı protokol(lar)da müəyyən ediləcək, bu Sazişin tərkib hissəsi olacaq və bu Sazişin müddəalarına uyğun olaraq qüvvəyə minəcəkdir.

 

Maddə 14

Səlahiyyətli orqanlar

 

Bu Sazişin həyata keçirilməsi məqsədi ilə Dövlətlər aşağıdakı səlahiyyətli orqanları təyin edirlər: Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi.

 

Maddə 15

Sazişə xitam verilməsi

 

Bu Sazişə, Tranzit Hökuməti ilə Sazişə xitam verildikdə və ya müddəti bitdikdə xitam veriləcək. Türkiyə Respublikası Tranzit Hökuməti ilə Sazişə yalnız onun şərtlərinə müvafiq olaraq xitam vermək öhdəliyi götürür.

Azərbaycan, türk və ingilis dillərində olan və mətnləri eyni hüquqi qüvvəyə malik olan hər biri iki əsl nüsxədə olmaqla 26 iyun 2012-ci il tarixində İstanbulda imzalanmışdır. Təfsir zamanı fərqlilik baş verdiyi halda, üstünlük ingilis dilindəki mətnə veriləcəkdir.

 

Azərbaycan Respublikası

Hökuməti adından

Natiq ƏLİYEV,

Azərbaycan Respublikasının sənaye və energetika naziri

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

şahidliyi ilə

Türkiyə Respublikası

Hökuməti adından

Taner YILDIZ,

Türkiyə Respublikasının energetika

və təbii sərvətlər naziri

 

Recep Tayyip ERDOĞAN,

Türkiyə Respublikasının Baş naziri

şahidliyi ilə

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status