AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
07.12.1999
QEYDİYYAT NÖMRƏSİ
770-IQ
ADI
Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2000, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 13)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında

Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Maddə 1. Qanunun təyinatı

Bu Qanun yerli özünüidarəetmənin iqtisadi əsasını təşkil edən bələdiyyə əmlakının yaranması əsaslarını müəyyən edir.

Bələdiyyə mülkiyyətinə torpaqların verilməsi "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.

Maddə 2. Bələdiyyə əmlakı haqqında qanunvericilik

Bələdiyyə əmlakı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi, bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

Maddə 3. Bələdiyyə əmlakının yaranması mənbələri

Bələdiyyə əmlakının yaranması mənbələri aşağıdakılardır:

bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq bələdiyyələrin mülkiyyətinə verilən dövlət əmlakı;

bələdiyyələrin fəaliyyəti nəticəsində əldə olunan və yaradılan əmlak;

fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların bələdiyyələrə könüllü maddi yardım şəklində verilən əmlak;

varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak;

bələdiyyələrə vəsiyyət edilən əmlak;

qanunvericilikdə nəzərdə tutulan digər hallarda əldə olunan əmlak. [1]

Maddə 4. Dövlət əmlakının bələdiyyələrə verilməsi

Bu Qanunda və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan və bələdiyyələrin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri mənzil-kommunal, sosial və mədəniyyət obyektləri, əhalinin ümumi istifadəsində olan obyektlər və digər dövlət əmlakı onların mülkiyyətinə verilir.

İlk növbədə bələdiyyələrin mülkiyyətinə onların fəaliyyətini təmin etmək üçün lazımi inzibati binalar, otaqlar və avadanlıqlar verilir.

Qanunvericilikdə özəlləşdirilməsi qadağan edilən və ya müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən dövlət əmlakı istisna olmaqla bələdiyyələrin ərazilərində yerləşən digər dövlət əmlakı onların mülkiyyətinə verilə bilər.

Bələdiyyə mülkiyyətinə dövlət əmlakı bələdiyyələr tərəfindən bu əmlakdan istifadə etmək imkanı yarandıqda onların müraciəti әsasında verilir.

Bu Qanuna uyğun olaraq bələdiyyənin mülkiyyətinə obyektlərin verilməsi qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 5. Mübahisələrin həlli qaydası

Bələdiyyə əmlakı ilə əlaqədar yaranan mübahisələr məhkəmə qaydasında həll edilir.

Maddə 6. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Prezidenti     Heydər Əlİyev

Bakı şəhəri, 7 dekabr 1999-cu il
               № 770-IQ

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

12 oktyabr 2001-ci il tarixli 198-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 690)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 oktyabr 2001-ci il tarixli 198-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 690) ilə 3-cü maddəsinə yeddinci abzas əlavə edilmişdir.

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status