"Elektrik və istilik stansiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
"Elektrik və istilik stansiyaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının "Elektrik və istilik stansiyaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş elektrik stansiyalarının tikintisi və istismarı üçün xüsusi icazənin verilməsi qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 3-cü maddəsinin 2-ci bəndində, 4-cü maddəsinin 2-ci bəndində, 5-ci maddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində, 7-ci maddəsinin 1-ci bəndində, 14-cü maddəsində və 15-ci maddəsində nəzərdə tutulan "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
"Elektrik və istilik stansiyaları haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
öz səlahiyyətləri daxilində "Elektrik və istilik stansiyaları haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 6 mart 2000-ci il
№ 343