![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı |
Qəbul edildiyi tarix |
03.12.2012 |
Qeydiyyat nömrəsi |
29/2 |
Adı |
Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
01.01.2013 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.060.010 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201212030292 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
13.12.2012 |
Banklarda hesabların açılması, aparılması və bağlanması ilə bağlı münasibətlərin normativ tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 44.4-cü maddələrinə əsasən
QƏRARA ALIR:
1. “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları” təsdiq edilsin (əlavə olunur);[1]
2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin;
3. “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları” 01.01.2013-cü il tarixdən qüvvəyə minsin və həmin tarixdən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 03.11.2004-cü il tarixli qərarı ilə (19 nömrəli protokol) təsdiq edilmiş (16.11.2004-cü il tarixli 3093 nömrəli şəhadətnamə) “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları” və bu Qaydalara 29.11.2006-cı il tarixli (29.12.2006-cı il tarixli 3282 nömrəli şəhadətnamə), 27.05.2008-ci il tarixli (15.06.2008-ci il tarixli 3402 nömrəli şəhadətnamə), 27.09.2008-ci il tarixli (16.10.2008-ci il tarixli 3411 nömrəli şəhadətnamə) və 09.09.2009-cu il tarixli qərarlarla (25.09.2009-cu il tarixli 3470 nömrəli şəhadətnamə) təsdiq olunmuş dəyişikliklər ləğv edilsin.
Sədr Elman Rüstəmov
|
|
Banklarda hesabların açılması, aparılması və bağlanması
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» Azərbaycan Respublikası Qanununun 44.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda, yerli və xarici bankların yerli filiallarında, bank şöbələrində (bundan sonra-banklar) cari, ssuda və əmanət (depozit) hesablarının, cari subhesabların, bankların müxbir hesablarının, habelə Azərbaycan Respublikası rezidentlərinin qeyri-rezident banklarda bank hesablarının (bundan sonra-bank hesabları) açılması, aparılması və bağlanması qaydalarını müəyyən edir.
1.3. Xüsusi seçki hesablarının açılması, əməliyyatların aparılması və dayandırılması qaydası Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra-Mərkəzi Bank) ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.
1.4. Bu Qaydalarda «rezident» və «qeyri-rezident» anlayışları «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş mənaları ifadə edir.
1.5. Bu Qaydalar Azərbaycan Respublikasında rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasının milli valyutasında (bundan sonra-milli valyuta) və xarici valyutada açılan bank hesablarına şamil edilir.
1.6. Rezidentlərin və qeyri-rezidentlərin xarici valyutada açılan hesablarında əməliyyatların aparılması zamanı valyuta rejiminə riayət olunmalı və bu məqsədlə əlavə olaraq valyuta qanunvericiliyinə uyğun şəxslərin rezident və qeyri-rezident statusunu müəyyənləşdirən sənədlər tələb edilməlidir.
1.6-1. Rezidentlərin və qeyri-rezidentlərin bank hesabları üzrə qrant verilməsi və ya alınması ilə bağlı əməliyyatlar yalnız qrant verilməsi və ya alınması haqqında hər bir müqavilənin (qərarın) qeydə alınmasını təsdiq edən sənəd təqdim olunduqda aparılır.[2]
1.7. Rezidentlərin milli valyutada olan bank hesablarının bu Qaydalarla müəyyən edilmiş rejimi qeyri-rezidentlərin milli valyutada olan hesablarına eyni qaydada şamil olunur.
1.8. Bank hesabları dövlət orqanları, bələdiyyələr, hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, həmkarlar ittifaqının ilk təşkilatları, ailə kəndli təsərrüfatı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra-fərdi sahibkarlar), həmçinin fiziki şəxslər (bundan sonra birlikdə-müştərilər) üçün açılır.
1.9. Müştərilər bank hesabları açarkən, bankları seçməkdə müstəqildirlər, bir və ya bir neçə bankda istənilən hesab aça bilərlər.
1.10. Yerli banklar milli valyutada müxbir hesablarını yalnız Mərkəzi Bankda açırlar.
1.11. Bank hesablarının açılması üçün müraciət edən şəxslərin ərizələrinə baxılması proseduru hər bir bankın daxili qaydaları ilə müəyyən olunur. Daxili qaydaların hazırlanmasında bu Qaydalarla yanaşı «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri də nəzərə alınmalıdır.
2. Bank hesablarının növləri
2.1. Bank hesabları aşağıdakı növlərə bölünür:
2.1.1. cari hesablar;
2.1.2. cari subhesablar;
2.1.3. ssuda hesabları;
2.1.4. əmanət (depozit) hesabları;
2.1.5. müxbir hesablar.
2.2. Cari hesablar aşağıdakı məqsədlər üçün açılır:
2.2.1. dövlət orqanları, bələdiyyələr, hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, ailə kəndli təsərrüfatı, fərdi sahibkarlar üçün onların maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması;
2.2.2. fiziki şəxslər üçün onların hesabına daxil olan pul vəsaitini qəbul etmək və hesaba salmaq, hesabdan pul vəsaitlərini köçürmək və vermək, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair sərəncamlarının yerinə yetirilməsi;
2.2.3. həmkarlar ittifaqının ilk təşkilatı üçün onların qanun və nizamnamə ilə üzərinə qoyulmuş vəzifələrin icrası;
2.2.4. büdcə təşkilatları üçün xarici dövlət və hüquqi şəxslər, beynəlxalq təşkilatlar tərəfindən məqsədli təyinat üzrə verilən yardım və qrantların alınması və istifadəsi üzrə bank əməliyyatlarının aparılması.
2.3. Cari hesablara müvəqqəti cari hesablar və xüsusi cari hesablar da aiddir. Xüsusi cari hesablar məhkəmənin, icra qurumunun, gömrük orqanının, cinayət təqibini həyata keçirən dövlət orqanlarının, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallarda digər dövlət orqanlarının depozit hesablarına, notariusların depozit, sığorta girovu və zəmanət kassası hesablarına, eləcə də xüsusi seçki hesablarına bölünür.
2.4. Müvəqqəti və xüsusi cari hesablar aşağıdakı məqsədlərlə açılır:
2.4.1. müvəqqəti cari hesablar - hüquqi şəxslər üçün onların dövlət qeydiyyatına alınanadək nizamnamə, şərikli kapitallarının, habelə əmlak paylarının ödənilməsi üçün;
2.4.2. məhkəmənin, icra qurumunun, gömrük orqanının, cinayət təqibini həyata keçirən dövlət orqanlarının, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallarda digər dövlət orqanlarının depozit hesabları – qanunvericilikdə nəzərdə tutulmuş bank əməliyyatlarının aparılması üçün;
2.4.3. sığorta girovu və zəmanət kassası hesabları - xüsusi notariuslar üçün müvafiq olaraq xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi zamanı vurula biləcək ziyanın ödənilməsini təmin etmək və xüsusi notariusun müştərilər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə qanunla nəzərdə tutulmuş pul vəsaitlərinin yığılması və istifadəsi üçün;
2.4.4. notariusun depozit hesabı - dövlət və xüsusi notariuslar üçün qanunda nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərdən pul vəsaitlərinin, qiymətli kağızların daxil olması, saxlanması və digər əməliyyatların aparılması üçün;
2.4.5. xüsusi seçki hesabı - Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş məqsədlər üçün.
2.5. Cari subhesablar hüquqi şəxslərə onların filial və nümayəndəlik statusu daşımayan və olduğu yerdən kənarda yerləşən struktur bölmələrinə açılır. Bu hesablara daxil olan vəsaitlər həmin struktur bölmələrinin işçilərinin əmək haqları və əmək haqqı ilə bağlı digər məcburi köçürmələrin, habelə bu qurumların fəaliyyətini təmin edən zəruri kommunal xərclərin ödənilməsi üzrə ödənişləri istisna olmaqla, hüquqi şəxslə bağlanmış bank hesabı müqaviləsində müəyyən olunmuş müddətlərdə onun cari hesabına köçürülür.
2.6. Ssuda hesabları bankın müştərilərə verdiyi kreditlərin uçotu, kredit müqaviləsində nəzərdə tutulduğu hallarda isə həmçinin kredit vəsaitlərinin istifadəsi və ödənilməsi ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır.
2.7. Əmanət (depozit) hesabları bank əmanəti (depozit) müqaviləsinə əsasən müştərilərin pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi, əmanətlərinin uçotu və müvafiq əməliyyatların aparılması üçün açılır.
2.8. Müxbir hesablar bankların özlərinin və müştərilərinin bank əməliyyatlarının aparılması məqsədi ilə yerli və xarici banklar üçün açılır.
3. Bank hesablarının açılması üçün tələb olunan sənədlər
3.1. Cari hesabın açılması üçün dövlət orqanları, bələdiyyələr, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən ərizə (Əlavə № 1) ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
3.1.1. dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlara bank hesabının açılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin icazə məktubu;
3.1.2. bələdiyyənin nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın mətni;
3.1.3. hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
3.1.4. müvafiq dövlət hakimiyyəti orqanının aktı ilə təsdiq olunmuş nizamnamə (əsasnamə) əsasında fəaliyyət göstərən dövlət orqanının nizamnaməsinin (əsasnaməsinin) müvafiq aktla təsdiq olunduğuna dair sənəd;
3.1.5. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surəti (hüquqi şəxslər üçün);
Qeyd:
1. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarış kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, qeyri-kommersiya hüquqi şəxslərə, təhsil müəssisələrinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini qurumlara Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilir.
2. 1992-ci il 1 oktyabr tarixinədək müvafiq icra hakimiyyəti orqanlarında, 1996-cı il 1 iyun tarixinədək isə aşağıda göstərilən orqanlarda dövlət qeydiyyatına alınmış şəxslərin dövlət qeydiyyatı haqqında sənədləri bu Qaydaların 3.1.5-ci yarımbəndində qeyd olunan qeydiyyat sənədi ilə eyni hüquqi qüvvəyə malikdir:
2.1. sığorta təşkilatları - Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətində;
2.2. banklar - Mərkəzi Bankda;
2.3. tədris müəssisələri - Azərbaycan Respublikasının Nazirlər Kabinetində və Təhsil Nazirliyində;
2.4. icarə müəssisələri, mənzil-tikinti kooperativləri və kəndli (fermer) təsərrüfatları - yerli icra hakimiyyəti orqanlarında;
2.5. kütləvi informasiya vasitələri - Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyində;
2.6. birgə və tam xarici investisiyalı müəssisələr - Azərbaycan Respublikasının Maliyyə Nazirliyində;
2.7. xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri - Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində.
3.1.6. fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatların hesabın açılmasına dair ərizədə və imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);
Qeyd:
Bu Qaydaların 3.1.6-cı, 3.5.2-ci, 3.6.2-ci, 3.8.2.1-ci, 3.9.1-ci, 3.9.2-ci və 7.2.3-cü yarımbəndlərinin məqsədləri üçün şəxsiyyəti təsdiq edən sənədlərə aşağıdakılar aiddir:
1. şəxsiyyət vəsiqəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün);
2. pasport, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsi (əcnəbilər üçün); [3]
3. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyət vəsiqəsi, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün vətəndaşlığı olmayan şəxslərə verilən icazə vəsiqəsi; [4]
4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxsin daimi qeydiyyatda olduğu digər ölkədə aldığı vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd; [5]
5. hərbi bilet (həqiqi hərbi xidmətdə olan şəxslər üçün);
6. hərbi xidmətə könüllü qəbul edilmiş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (kursantların həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa) onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq şəxsiyyəti təsdiq edən müəyyən edilmiş formada verilmiş vəsiqələr;
7. kursantların həqiqi hərbi xidmətinə daxil olmuş Azərbaycan Respublikasının vətəndaşlarına verilmiş hərbi bilet;
8. qaçqın vəsiqəsi (qaçqın statusu olan şəxslər üçün).
3.1.7. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - Dövlət Sosial Müdafiə Fondu) tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (kommersiya hüquqi şəxsləri və fərdi sahibkarlar istisna olmaqla);
3.1.8. vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;
Qeyd:
1. Şəhadətnamə-dublikat iki hissədən ibarətdir. Onun bir hissəsi müştərinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsi isə bankın müvafiq qeydləri aparıldıqdan sonra dərhal müvafiq olaraq vergi orqanına və Dövlət Sosial Müdafiə Fonduna qaytarılır (vergi orqanına bank tərəfindən, Dövlət Sosial Müdafiə Fonduna müştəri vasitəsilə).
2. Şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş bankda (filial, şöbədə) hesab açıla bilər.
3. Şəhadətnamə-dublikat elektron formada banka daxil olduqda, onun kağız daşıyıcıda təqdim edilməsi tələb olunmur və bu halda açılmış hesab barədə məlumat vergi orqanına və Dövlət Sosial Müdafiə Fonduna elektron formada göndərilir.
3.1.9. imza və möhür nümunələri vərəqəsi.
3.2. Hüquqi şəxslərin filiallarına və nümayəndəliklərinə cari hesabların açılması üçün ərizə (Əlavə № 1) ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
3.2.1. hüquqi şəxsin dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surəti;
3.2.2. filialın, nümayəndəliyin hüquqi şəxs tərəfindən təsdiq edilmiş əsasnaməsinin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti (nümunəvi əsasnamə əsasında fəaliyyət göstərən qurumlar əsasnaməsinin nümunəvi olduğunu təsdiq edən sənədi təqdim edir);
3.2.3. Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (qeyri-kommersiya hüquqi şəxslərin filialları və nümayəndəlikləri üçün);
3.2.4. vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;
3.2.5. imza və möhür nümunələri vərəqəsi.
3.3. Fiziki şəxsin cari hesabının açılması üçün ərizə (Əlavə № 1) ilə birlikdə bu Qaydaların 3.8.2-ci yarımbəndində göstərilən sənədlər təqdim olunur.
3.4. Həmkarlar ittifaqının ilk təşkilatına cari hesabın açılması üçün ərizə (Əlavə № 1) ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
3.4.1. Həmkarlar ittifaqı ilk təşkilatının yaradılması haqqında üzv olduğu həmkarlar ittifaqı birliyi tərəfindən təsdiq olunmuş qərar və ya qərardan çıxarış;
3.4.2. üzv olduğu həmkarlar ittifaqı birliyinin notariat qaydasında təsdiq olunmuş nizamnaməsi;
3.4.3. imza və möhür nümunələri vərəqəsi;
3.4.4. vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli.
3.5. Ailə kəndli təsərrüfatına cari hesabın açılması üçün ərizə (Əlavə № 1) ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
3.5.1. müvafiq ərazi üzrə uçota alındığı bələdiyyə tərəfindən verilmiş vəsiqənin notariat qaydasında təsdiq edilmiş surəti;
3.5.2. ailə kəndli təsərrüfatın başçısının şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatların hesabın açılmasına dair ərizədə və imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);
3.5.3. Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;
3.5.4. imza nümunəsi vərəqəsi.
3.6. Müvəqqəti cari hesabın açılması üçün ərizə (Əlavə № 1) ilə birlikdə aşağıdakı sənədlərin təqdim olunması tələb olunur (ərizə təsisçi (təsisçilər) və ya müvəkkil edilən şəxs (şəxslər) tərəfindən imzalanır):
3.6.1. hesabın açılması üçün təsisçinin (təsisçilərin) müvəkkil etdiyi şəxs müraciət etdikdə, həmin şəxsə təsisçi (təsisçilər) tərəfindən verilmiş və notariat qaydasında təsdiq olunmuş etibarnamə;
3.6.2. müvəkkil şəxsin şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatların hesabın açılmasına dair ərizədə göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);
3.6.3. imza nümunəsi vərəqəsi.
Qeyd:
1. Müvəqqəti cari hesab üzrə yalnız təsərrüfat subyektinin nizamnamə kapitalının (şərikli kapitalın, payların) formalaşdırılması və bank xidmətləri haqqının ödənilməsi ilə bağlı əməliyyatlar aparıla bilər.
2. Dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu almış təsərrüfat subyektinə müvəqqəti hesabı olan bankda və ya onun seçdiyi digər bankda bu Qaydalarda müəyyən olunmuş qaydada cari hesab açılır və hesabda olan vəsait onun müvəkkil şəxsinin tapşırığına əsasən həmin cari hesaba köçürülür.
3. Təsərrüfat subyekti dövlət qeydiyyatına alınmadıqda, müvəqqəti cari hesaba mədaxil edilmiş vəsait müvəkkil şəxsin ərizəsinə əsasən geri qaytarılır və ya müvəkkil şəxsin sərəncamına əsasən təsisçilərin bank hesablarına köçürülür.
3.7. Ssuda hesabının açılması üçün ərizə (Əlavə № 1) ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
3.7.1. kredit müqaviləsinə əsasən kreditin istifadəsi və ödənilməsi cari hesab vasitəsilə həyata keçirildikdə, kreditin rəsmiləşdirilməsinə dair sənədlər;
3.7.2. kredit müqaviləsinə əsasən kreditin istifadəsi və/və ya ödənilməsi bilavasitə ssuda hesabı vasitəsilə həyata keçirildikdə, bu Qaydalarda cari hesabların açılması üçün tələb olunan sənədlər;
3.7.3. fərdi sahibkar olmayan fiziki şəxslər üçün bu Qaydalarda əmanət hesablarının açılması üçün tələb olunan və kreditin rəsmiləşdirilməsinə dair sənədlər.
3.8. Əmanət (depozit) hesabının açılması üçün ərizə (Əlavə № 1) ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
3.8.1. dövlət orqanları, bələdiyyələr, hüquqi şəxslər, hüquqi şəxslərin filial və nümayəndəlikləri üçün bu Qaydaların 3.1-ci bəndində göstərilən sənədlər;
3.8.2. fiziki şəxslər üçün:
3.8.2.1. şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatlar imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);
3.8.2.2. imza nümunəsi vərəqəsi.
3.8.3. ailə kəndli təsərrüfatı üçün bu Qaydaların 3.5-ci bəndində göstərilən sənədlər.
3.9. Üçüncü şəxslərin xeyrinə bank əmanəti (depozit) hesabının açılması üçün ərizə (Əlavə № 1) ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
3.9.1. xeyrinə hesab açılan şəxsin eyniləşdirilməsini mümkün edən məlumatlar (hüquqi şəxs üçün-onun adı və dövlət reyestrindən çıxarışın məlumatları, fiziki şəxs üçün-adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədin məlumatları və təqdim edildikdə həmin sənədlərin surətləri);
3.9.2. hesabı açan fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatlar imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);
3.9.3. hesabı açan hüquqi şəxs olduqda, nizamnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətləri.
3.10. Xeyrinə depozit hesabı açılan şəxs hesab üzrə əmanətçi hüquqlarından istifadə etmək niyyətini banka bildirdikdə, ərizə (Əlavə № 1) ilə birlikdə bu Qaydalarda belə şəxslərə əmanət (depozit) hesabı açılması üçün tələb olunan sənədləri təqdim edir.
3.11. Hesabı açan şəxs açdığı hesabdan Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq surətdə özü istifadə etdikdə, həmin fiziki şəxs əlavə olaraq əmanət (depozit) hesabının açılması üçün tələb olunan sənədləri, hüquqi şəxs isə imza və möhür nümunələri vərəqəsini və bu Qaydaların 3.1.7-ci və 3.1.8-ci yarımbəndlərində göstərilən sənədləri təqdim edir.
3.12. Cari subhesabın açılması üçün ərizə (Əlavə № 1) ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
3.12.1. hüquqi şəxsin dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surəti;
3.12.2. Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (kommersiya hüquqi şəxsləri olmayan sığortaedənlər üçün);
3.12.3. vergi orqanı tərəfindən hüquqi şəxsə verilmiş şəhadətnamə-dublikatın əsli (yerli qurum vergi ödəyicisi olduqda özünün şəhadətnamə-dublikatının əsli);
3.12.4. imza və möhür nümunələri vərəqəsi.
3.13. Bankların və bank olmayan kredit təşkilatlarının bank hesablarının açılması zamanı bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulan ərizə (Əlavə № 1) və sənədlərə əlavə olaraq Mərkəzi Bank tərəfindən verilən bank fəaliyyətinə dair xüsusi razılığın (lisenziyanın), banklar tərəfindən həmçinin hesab üzrə sərəncam hüququna malik inzibatçının Mərkəzi Bankda attestasiyadan keçməsini təsdiq edən attestasiya vərəqəsinin notariat qaydasında təsdiq olunmuş surəti təqdim olunur.
3.14. Bu Qaydalara əsasən xarici bankların müxbir hesablarının açılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə tətbiq olunan müvafiq tədbirlər yerli bankların bank hesablarının açılması və rəsmiləşdirilməsi zamanı da tətbiq edilir.
3.15. Müştərinin müxtəlif növ bank hesabları eyni bankda açıldıqda yeni hesab üzrə ərizə, habelə müvafiq olaraq vergi orqanı və Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli təqdim olunur. Bankda açılan yeni hesab üzrə sərəncam vermək hüququ digər şəxslərə həvalə edildikdə, yeni hesab üzrə imza və möhür nümunəsi də təqdim olunur.
4. Xüsusi cari hesabların açılması
4.1. Bu Qaydaların 2.4.2-ci yarımbəndində nəzərdə tutulmuş depozit hesabının açılması üçün ərizə (Əlavə № 1) ilə birlikdə imza və möhür nümunələri vərəqəsi təqdim olunur.
4.2. Sığorta girovu hesabının açılması üçün ərizə (Əlavə № 1) ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
4.2.1. notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
4.2.2. imza və möhür nümunələri vərəqəsi.
4.3. Zəmanət kassası hesabının açılması üçün ərizə (Əlavə № 1) ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
4.3.1. xüsusi notariusun qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;
4.3.2. imza və möhür nümunələri vərəqəsi.
4.4. Dövlət və xüsusi notariusun depozit hesabının açılması üçün ərizə (Əlavə № 1) ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
4.4.1. notariat fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumunun notariusun bankda depozit hesabının açılmasına razılıq məktubu;
4.4.2. xüsusi notariusun qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti (xüsusi notariuslar üçün);
4.4.3. imza və möhür nümunələri vərəqəsi.
5. Rezidentlərə xarici valyutada bank hesablarının açılması
5.1. Rezident olan şəxslərə xarici valyutada bank hesablarının açılması üçün hesabın açılmasına dair ərizə və bu Qaydaların 3-cü hissəsində göstərilən sənədlər təqdim olunur.
5.2. Milli valyutada bank hesabı olan bankda xarici valyutada bank hesabının açılması üçün hesabın açılmasına dair ərizə, habelə müvafiq olaraq vergi orqanı və Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli təqdim olunur.
6. Rezidentlərə qeyri-rezident banklarda bank hesablarının açılması
6.1. Rezidentlər qeyri-rezident banklarda sərbəst şəkildə hesablar aça bilərlər.
6.2. Rezidentlər sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident banklarda hesab açarkən vergi orqanlarından şəhadətnamə-dublikat almalı və hesab üzrə əməliyyatlar aparıldığı tarixədək bildiriş hissəsini müvafiq qeydlər etməklə vergi orqanına təqdim etməlidirlər.
7. Qeyri-rezidentlərə milli və xarici valyutada bank hesablarının açılması
7.1. Qeyri-rezidentlər milli və xarici valyutada istənilən bank hesabı aça bilərlər.
7.2. Qeyri-rezidentlərə milli və xarici valyutada bank hesablarının açılması üçün ərizə (Əlavə № 1) ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
7.2.1. xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin Azərbaycan Respublikasında dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surəti (hesab xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri üçün açıldıqda);
7.2.2. xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş əsasnaməsinin əsli və ya notariat qaydasında təsdiq olunmuş surəti (hesab xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri üçün açıldıqda);
7.2.3. fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatların imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);
7.2.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmadıqda, hüquqi şəxs olan qeyri-rezidentin təsis və qeydiyyat sənədlərinin qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surətləri (hesab xarici hüquqi şəxs üçün açıldıqda);
7.2.5. Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (qeyri-kommersiya hüquqi şəxsləri olan sığortaedənlər üçün);
7.2.6. vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan hesabların açılması halları istisna olmaqla, xarici hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, fərdi sahibkarlar üçün);
7.2.7. imza və möhür nümunələri vərəqəsi;
7.2.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulduğu halda, hesabın açılması üçün xarici ölkənin müvafiq dövlət orqanının (mərkəzi bankının və ya digər dövlət orqanının) xüsusi icazəsi (bu Qaydaların 7.2.4-cü yarımbəndində nəzərdə tutulmuş qaydada).
7.3. Rəsmi nümayəndəliklərə bank hesablarının açılması üçün ərizə (Əlavə № 1) ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
7.3.1. xarici diplomatik və digər rəsmi nümayəndəliyin statusunu təsdiqləyən sənəd (Azərbaycan dilinə tərcümə edilmiş və notariat qaydasında təsdiq edilmiş surəti);
7.3.2. imza və möhür nümunələri vərəqəsi.
8. Xarici bankların yerli banklarda milli və xarici valyutada müxbir hesablarının açılması
8.1. Xarici bankların yerli banklarda milli və xarici valyutada müxbir hesablarının açılması üçün aşağıdakılar təqdim olunur:
8.1.1. ərizə (Əlavə № 1);
8.1.2. bankın nizamnaməsinin və ya hüquqi statusunu əks etdirən digər sənədin, habelə qeydiyyatdan keçən ölkədə müvafiq dövlət orqanı tərəfindən bank fəaliyyətinə icazə verən sənədin surətləri;
8.1.3. auditor rəyi ilə təsdiq olunmuş son ilin maliyyə hesabatı;
8.1.4. bankın rəhbərliyi haqqında məlumat, habelə hesab üzrə sərəncam vermək hüququ olan şəxsin (şəxslərin) imza nümunələrinin və bankın möhürünün əksi;
8.1.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulduğu halda, xarici bankın yerləşdiyi ölkənin səlahiyyətli orqanı tərəfindən (mərkəzi bank və ya digər səlahiyyətli orqan) müxbir hesabın açılmasına verilmiş icazə;
8.1.6. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə bankın daxili nəzarət sistemi və bu sahəyə məsul şəxsi barədə, bankın əsas fəaliyyət istiqamətləri və sağlam nüfuzu barədə, habelə hər hansı səlahiyyətli orqan tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı banka qarşı istintaq hərəkətlərinin həyata keçirilməsi və/və ya nəzarət tədbirlərinin görülməsi barədə məlumat;
8.1.7. xarici bankın shell-bank (hər hansı ölkədə fiziki mövcudluğu olmayan və bank tənzimləməsi və nəzarəti orqanları tərəfindən tənzimləmə və nəzarət prosesləri ilə əhatə edilməyən bank) vasitəsilə işgüzar münasibətlərin yaradılmaması və ya əməliyyatların həyata keçirilməməsi barədə məlumat.
8.2. Xarici bank tərəfindən müxbir hesabların açılması üçün təqdim olunan sənədlər və məlumatlar yerli bank tərəfindən etibarlı mənbələr (kütləvi informasiya vasitələri, internet informasiya ehtiyatları, rəsmi nəşrlər, bank nəzarəti orqanına sorğular) vasitəsilə yoxlanılır.
8.3. Xarici bankların milli və xarici valyutada müxbir hesablarının açılması üçün onların yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bu banklara münasibətdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə tətbiq edilən nəzarət tədbirlərinin adekvatlığı da yerli banklar tərəfindən qiymətləndirilir.
8.4. Xarici bankla müxbir hesab müqaviləsi tranzit müxbir hesablardan (payable-through accounts) istifadəni nəzərdə tutursa, yerli banklar tərəfindən aşağıdakılar müəyyən edilməlidir:
8.4.1. xarici bankın müxbir hesablarına birbaşa çıxışı olan müştərilərin zəruri eyniləşdirmə prosedurları ilə əhatə olunması;
8.4.2. xarici bank tərəfindən bu Qaydaların 8.4.1-ci yarımbəndində qeyd olunan şəxslərə dair eyniləşdirmə məlumatlarının öz təşəbbüsü və ya yerli bankın müvafiq sorğusu əsasında təqdim edilə bilməsi.
8.5. Xarici bankın müxbir hesabının açılması üçün təqdim edilən sənədlər və əldə olunmuş məlumatlar əsasında yerli bankın cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə məsul şəxsi tərəfindən yazılı təhlil hesabatı tərtib olunur. Hesabat müvafiq hesabın rəsmiləşdirilməsinə bankın cavabdeh rəhbər vəzifəli şəxsinə təqdim olunur.
9. Bank hesablarının rəsmiləşdirilməsi
9.1. Müştərilər üçün bank hesabının açılması müştəri ilə bank arasında bağlanan bank hesabı müqaviləsi ilə rəsmiləşdirilir.
9.2. Bank hesabı müqaviləsi bankın müvəkkil edilmiş şəxsinin imzası ilə rəsmiləşdirilir. Xarici bankın müxbir hesab müqaviləsi yalnız bankın rəhbər vəzifəli şəxsi (İdarə Heyətinin üzvü) tərəfindən imzalana bilər. Xarici bankın müxbir hesab müqaviləsində yerli və xarici bankın cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə vəzifələri də nəzərdə tutulmalıdır.
9.3. Bank aşağıdakı hallarda bank hesabı müqaviləsinin bağlanmasından imtina edir:
9.3.1. müvafiq bank hesabının açılması üçün sənədlər tam təqdim edilmədikdə;
9.3.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;
9.3.3. vergi orqanı və Dövlət Sosial Müdafiə Fondundan alınan şəhadətnamə-dublikatda bank hesabının açılması üçün digər bankın (bankın filialının, şöbəsinin) adı göstərildikdə;
9.3.4. vergi orqanı və Dövlət Sosial Müdafiə Fondundan alınan şəhadətnamə-dublikat 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda;
9.3.5. müştərilərin xidmətə qəbul olunmasına bankın imkanı olmadıqda və ya buna qanunla, yaxud başqa hüquqi aktlarla yol verilmədikdə;
9.3.6. bank hesabının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı əməliyyatların aparılması üçün istifadə ediləcəyi barədə əsaslı şübhələr olduqda;
9.3.7. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə bankın daxili nəzarət sistemi müxbir hesabdan istifadə edən müştərilərin və benefisiarların eyniləşdirilməsi və əməliyyatlar üzrə daxili nəzarətin həyata keçirilməsi üçün qeyri-adekvat olduqda, habelə bankın shell-bank vasitəsilə açılmış müxbir hesab üzrə işgüzar münasibətlərin yaradılması və ya əməliyyatların həyata keçirilməsi müəyyən edildikdə.
9.4. Hesabın açılmasından bank imtina etdikdə bank hesabının açılması üçün təqdim olunan sənədlər geri qaytarılır, sənədlərin surətləri isə bankda saxlanılır. Bu Qaydaların 9.3.6-cı yarımbəndində nəzərdə tutulmuş hal istisna olmaqla, ərizə verən şəxsin tələbi ilə imtinanın səbəbləri ona yazılı surətdə bildirilir.
9.5. Banklar tərəfindən bank hesabları rəsmiləşdirilərkən hesab nömrələri aşağıda qeyd edilən 28 simvoldan ibarət İBAN (International Bank Account Number) strukturu üzrə açılır:
9.5.1. “AZ” – ilk 2 (iki) simvol Azərbaycan Respublikasının ölkə kodu;
9.5.2. “NR” – sonrakı 2 (iki) simvol nəzarət rəqəmləri;
9.5.3. “BANK” – növbəti 4 (dörd) simvol maliyyə institutunun SWİFT BİC-inin ilk 4 simvolu;
9.5.4. “HHHHHHHHHHHHHHHHHHHH” – son 20 (iyirmi) simvol müştəri hesab nömrəsi (müştəri hesab nömrəsinin simvollarının sayı 20-dən az olduqda onun əvvəlinə sıfırlar əlavə edilir).
9.6. Hesabın açılmasına dair sənədlər hesabın rəsmiləşdirilməsinə dair işdə, imza və möhür nümunələri olan vərəqələr isə məsul icraçıda və nəzarətçidə saxlanılır.
10. İmza və möhür nümunələri vərəqəsi
10.1. Dövlət orqanlarının, bələdiyyələrin, rəsmi nümayəndəliklərin, hüquqi şəxslərin, onların filial və nümayəndəliklərinin, habelə həmkarlar ittifaqı ilk təşkilatının imza və möhür nümunələri vərəqəsi (Əlavə № 2) notariat qaydasında təsdiq edilir.
10.2. Dövlət orqanlarının, bələdiyyələrin, rəsmi nümayəndəliklərin, hüquqi şəxslərin, onların filial və nümayəndəliklərinin bank hesabı üzrə sərəncam hüququnu həmin təşkilatların rəhbərləri və/və ya onların müvəkkil etdikləri şəxslər həyata keçirir.
10.3. İmza və möhür nümunələri vərəqəsində birinci və/və ya ikinci imzaya malik iki və ya daha çox şəxsin imzası qeyd olunduqda, həmin imzaların istifadəsi qaydası müştəri ilə bağlanan bank hesabı müqaviləsi ilə müəyyən edilir və bu barədə imza və möhür nümunələri vərəqəsində müvafiq qeyd aparılır.
10.4. Hesab üzrə sərəncam hüququ bir şəxsə məxsus olduqda, imza və möhür nümunələri vərəqəsində bu barədə müvafiq qeyd aparılır.
10.5. Vərəqədə müştərinin möhürünün əksi həkk olunur və bu zaman «kadrlar üçün», «buraxılış üçün», «arayışlar üçün» və buna oxşar məqsədlər üçün möhür və ştamplardan istifadə oluna bilməz.
10.6. Müştərinin möhürü olmadıqda, vərəqədə bu barədə qeyd olunur.
10.7. Müvəqqəti olaraq möhür olmadıqda (müştərinin adı, tabeliyi dəyişdikdə, möhür itirildikdə, yaxud köhnəldikdə), bank sənədlərinin rəsmiləşdirilməsi qaydaları müştəri ilə bank arasında yazılı razılıq əsasında müəyyənləşdirilir.
10.8. Fərdi sahibkarların, ailə kəndli təsərrüfatının və fiziki şəxslərin, o cümlədən müvəqqəti cari hesab açan fiziki şəxslərin imza nümunəsi vərəqəsi (Əlavə № 3) bankın özü tərəfindən təsdiq olunur. Şəxsin etibarlığına, onun hüquqi fəaliyyət qabiliyyətinə şübhə yarandığı halda bank imza vərəqəsinin notariat qaydasında təsdiqini tələb edir.
10.9. Bank tərəfindən imza nümunəsi bankın rəhbəri və/və ya baş mühasibi, yaxud bankın daxili qaydalarına əsasən digər müvəkkil şəxsi tərəfindən təsdiq olunur. İmza həqiqiliyi imza sahibinin şəxsən iştirakı ilə təsdiq olunur.
10.10. Fərdi sahibkar, ailə kəndli təsərrüfatı və fiziki şəxslər üçün hesab açılan zaman hesab üzrə sərəncam hüququ iki və daha çox şəxsə məxsus olduqda, onların bu hüququ ayrı-ayrılıqda, yaxud birlikdə həyata keçirmələri barədə vərəqədə müvafiq qeyd olmalıdır. Vərəqədə bu cür qeyd olmadıqda hesab üzrə sərəncam yalnız vərəqədə göstərilən şəxslərin birgə imzaları ilə verilə bilər.
10.11. Hesabın fəaliyyəti dövründə müştəri hesab üzrə sərəncam hüququnu başqa şəxslərə həvalə etdikdə, həmin şəxslərin imzaları notariat qaydasında təsdiq olunmuş etibarnamə və ya müştərinin ərizəsi əsasında onun iştirakı ilə, bu Qaydaların 10.8-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, bank tərəfindən imza vərəqəsində təsdiq olunur.
10.12. Notariat qaydasında təsdiq edilmiş vərəqədə imza hüququna malik olan şəxslər dəyişdikdə və ya imza hüququna malik olan şəxslərin sayı artırıldıqda (azaldıqda), yaxud vərəqədə əks olunan möhür dəyişdikdə notariat qaydasında təsdiq olunmuş yeni imza və möhür nümunələri vərəqəsi təqdim olunur. Bu zaman qüvvəsini itirmiş vərəqə hesabın rəsmiləşdirilməsinə dair işdə saxlanılır.
10.13. Vərəqələr banka iki nüsxədə təqdim edilir. Əməliyyatların aparılması üçün tələb olunduqda, vərəqənin əlavə nüsxələri bankın baş mühasibi və ya digər müvəkkil edilmiş şəxsi tərəfindən təsdiq edilərək müvafiq əməliyyat bölmələrinə təqdim olunur.
11. Bank hesablarının yenidən rəsmiləşdirilməsi
11.1. Bank hesabı adı və nömrəsi saxlanılmaqla, aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:
11.1.1. dövlət orqanının və ya bələdiyyənin adı və/və ya tabeçiliyi dəyişdikdə;
11.1.2. hüquqi şəxsin adı dəyişdikdə;
11.1.3. filial və nümayəndəliyin tabeçiliyi, ayrıca bölməsi olduğu hüquqi şəxsin adı və/və ya təşkilati-hüquqi forması dəyişdikdə;
11.1.4. fiziki şəxsin adı, atasının adı və ya soyadı dəyişdikdə.
11.2. Hesabın yenidən rəsmiləşdirilməsi buna əsas verən halların baş verməsini təsdiq edən və bu Qaydalarda həmin növ hesabın açılması üçün tələb olunan sənədlər əsasında aparılır.
11.3. Bank hesabı yenidən rəsmiləşdirilərkən hesab üzrə yeni şəhadətnamə-dublikatın təqdim olunması tələb olunmur. Bu zaman dəyişiklikləri əks etdirən hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surəti təqdim olunur.
12. Bank hesablarının bağlanması
12.1. Bank hesabı müqaviləsinin ləğvi müştərinin bank hesabının bağlanması üçün əsasdır.
12.2. Bank hesabı müqaviləsi aşağıdakı hallarda ləğv edilir:
12.2.1. müştərinin ərizəsi əsasında;
12.2.2. dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlara bank hesabının açılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin icazəsi geri çağırıldıqda;
12.2.3. şəhadətnamə-dublikatın etibarsız hesab olunması barədə vergi orqanının məlumatı daxil olduqda.
12.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda, bank hesabı müqaviləsi bankın tələbi ilə məhkəmə tərəfindən aşağıdakı hallarda ləğv edilə bilər:
12.3.1. müştərinin hesabında saxlanan pul vəsaitinin məbləği bank qaydaları və ya müqavilə ilə nəzərdə tutulmuş miqdardan az olduqda, bir şərtlə ki, belə məbləğ bankın bu barədə xəbərdarlıq etdiyi gündən bir ay ərzində bərpa edilməmiş olsun;
12.3.2. bir il ərzində hesab üzrə əməliyyatlar aparılmadıqda;
12.3.3. ciddi əsaslar olduqda, xüsusilə də bank hesabı sahibinin bank hesabından qeyri-leqal məqsədlər üçün istifadə etməsi sübut edilsin.
12.4. Hesabdakı pul vəsaitinin qalığı müştəriyə verilir və ya müştərinin göstərişi ilə onun müvafiq yazılı ərizəsinin alındığı gündən ən geci yeddi təqvim günü keçənədək başqa hesaba köçürülür.
12.5. Hesabın qalığı müştəri tərəfindən geri alınmadıqda və ya vəsaitin köçürülməli olan yeni hesab banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesablarının uçotu aparılan hesaba köçürülür və müştəriyə bu barədə yazılı məlumat verilir. Həmin hesabda saxlanılan pul vəsaitinin hüquqi rejimi Azərbaycan Respublikasının Mülki və Mülki Prosessual Məcəllələri ilə tənzimlənir.
12.6. Vəfat etmiş şəxslərin əmanət hesabları üzrə vəsait qalığının hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
12.7. Bank hesabları bağlandıqda, hesabın rəsmiləşdirilməsinə dair bütün sənədlər bankda saxlanılır, icra olunmamış icra sənədləri isə aidiyyəti üzrə geri qaytarılır.
12.8. Dövlət orqanının, bələdiyyənin, hüquqi şəxsin, onun filial və nümayəndəliyinin, həmkarlar ittifaqının ilk təşkilatının, ailə kəndli təsərrüfatının və fərdi sahibkarın bank hesabı bağlandıqda, bu barədə məlumat 3 (üç) iş günü müddətində vergi orqanına və Dövlət Sosial Müdafiə Fonduna elektron və ya kağız daşıyıcılarda göndərilir.
13. Bankların hesablarının bağlanması xüsusiyyətləri
13.1. Bankların hesabları aşağıdakı hallarda bağlanılır:
13.1.1. bankın müraciətinə əsasən;
13.1.2. bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edildikdə, Mərkəzi Bankın yazılı müraciəti ilə.
13.2. Bankın könüllü ləğvi zamanı ləğvetmə komissiyasının, məcburi ləğvi və ya iflas proseduru çərçivəsində isə məhkəmə tərəfindən təyin edilmiş ləğvedicinin müraciətinə əsasən bankın ləğvetmə işlərinin həyata keçirilməsi üçün Mərkəzi Bankda cari hesab açılır, bankın müxbir və digər hesablarında olan vəsaitlər həmin hesaba köçürülür.
13.3. Bankın cari hesabının açılması üçün Mərkəzi Banka müvafiq olaraq aşağıdakı sənədlər təqdim olunur:
13.3.1. ərizə (ləğvetmə komissiyası adından verilən ərizə cari hesaba sərəncam vermək səlahiyyətinə malik olan şəxslər tərəfindən imzalanır);
13.3.2. bank könüllü ləğv edildikdə, bankın ləğvi və ləğvetmə komissiyasının yaradılması haqqında Səhmdarların Ümumi Yığıncağının qərarı (qərarda hesab üzrə sərəncam hüququ olan şəxslər göstərilməlidir);
13.3.3. bankın məcburi ləğvi və ya müflis elan edilməsi, habelə ləğvedicinin təyin edilməsi barədə məhkəmənin qərarı;
13.3.4. imza və möhür nümunələri vərəqəsi.
14. Yekun müddəalar
14.1. Dövlət qeydiyyatı elektron qaydada həyata keçirilən qurumların bank hesablarının açılması üçün nizamnamələri (əsasnamələri) və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışları onların müraciətləri ilə banklar tərəfindən hüquqi şəxslərin dövlət reyestrindən elektron formada əldə edilir.
14.2. Müxbir hesabları istisna olmaqla xarici bankların digər hesablarının açılması, aparılması və bağlanması qaydaları bank fəaliyyəti sahəsində işgüzar adətlərlə tənzimlənir.
14.3. Hər bir bank bu Qaydalarda müəyyən edilən ərizə formasına (Əlavə № 1) əlavə olaraq qanunvericiliyə zidd olmayan digər rekvizitləri də daxil edə bilər.
|
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 17 mart 2014-cü il tarixli 05/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201403170052, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 04 aprel 2014-cü il)
- 15 mart 2019-cu il tarixli 6/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201903150061, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 aprel 2019-cu il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 15 mart 2019-cu il tarixli 6/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201903150061, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 aprel 2019-cu il) ilə Qərarın 1-ci hissəsi ləğv edilmişdir.
[2] 17 mart 2014-cü il tarixli 05/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201403170052, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 04 aprel 2014-cü il) ilə yeni məzmunda 1.6-1-ci bənd əlavə edilmişdir.
[3] 17 mart 2014-cü il tarixli 05/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201403170052, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 04 aprel 2014-cü il) ilə 3.1.6-cı yarımbəndin “Qeyd” hissəsinin 2-ci abzasda “pasport” sözündən sonra “, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsi” sözləri əlavə edilmişdir.
[4] 17 mart 2014-cü il tarixli 05/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201403170052, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 04 aprel 2014-cü il) ilə 3.1.6-cı yarımbəndin “Qeyd” hissəsinin 3-cü abzasda “vəsiqəsi” sözündən sonra “, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün vətəndaşlığı olmayan şəxslərə verilən icazə vəsiqəsi” sözləri əlavə edilmişdir.
[5] 17 mart 2014-cü il tarixli 05/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201403170052, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 04 aprel 2014-cü il) ilə 3.1.6-cı yarımbəndin “Qeyd” hissəsinin 4-cü abzası ləğv edilmişdir.