AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
16.11.2012
QEYDİYYAT NÖMRƏSİ
260
ADI
“Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 20-11-2012, Nəşr nömrəsi: 258), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2012, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1199)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.060.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201211160260
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.11.2012
“Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə

“Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 344-IVQD nömrəli Qanununun tətbiqi və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 632 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 16 noyabr 2012-ci il

        260

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2012-ci il 16 noyabr tarixli 260 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması

 

QAYDASI

 

1. Ümumi müddəa

 

1.1. Bu Qayda “Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 344-IVQD nömrəli Qanununun tətbiqi və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 632 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və miqrasiya orqanlarının xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan işçilərinin (bundan sonra - işçilər) fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması qaydasını müəyyən edir.

 

2. Qulluq illərinin hesablanması qaydası

 

2.1. Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinə aşağıdakı dövrlər daxil edilir:

2.1.1. miqrasiya orqanlarında vəzifəyə təyin olunduğu gündən başlayaraq, sonrakı işlədiyi müddət;

2.1.2. miqrasiya orqanlarında stajorluq və sınaq müddəti;

2.1.3. miqrasiya orqanlarında qulluq edərkən vəzifəsinin və əməkhaqqının saxlanması şərtilə, işçinin qulluqdan ayrıldığı müddət;

2.1.4. miqrasiya orqanlarının kadrlarında saxlanılmaqla, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarına, hüquq mühafizə orqanlarının təşkilati və qanunvericilik təminatı ilə bağlı işə keçmiş və bu orqanlardan işdən çıxdıqdan sonra miqrasiya orqanlarında xidmətini davam etdirən işçilərin həmin orqanlarda işlədikləri müddət;

2.1.5. məzuniyyət dövrləri;

2.1.6. əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət;

2.1.7. miqrasiya orqanları işçilərinin sərəncamda olduqları və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqları müddət;

2.1.8. peşə fəaliyyəti ilə bağlı miqrasiya orqanının müvafiq göndərişinə əsasən Azərbaycan Respublikasının və xarici dövlətlərin tədris müəssisələrində təhsil aldıqları müddət;

2.1.9. miqrasiya orqanları işçilərinin ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb edildikləri müddət;

2.1.10. dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı. [1]

2.2. Miqrasiya orqanları işçilərinin qulluq illərinə onların aşağıdakı orqanlarda işlədikləri müddətlər də daxil edilir:

2.2.1. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən prokurorluq işçisi vəzifələrində qulluqda olduqları müddət;

2.2.2. digər hüquq mühafizə və fövqəladə hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində, həmçinin məhkəmə hakimiyyəti orqanlarında işlədikləri müddət;

2.2.3. ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti orqanlarında, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işlədikləri müddət;

2.2.4. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti. [2]

2.3. Qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan miqrasiya orqanlarından xaric olunmuş, sonradan isə məhkəmənin və ya Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, yaxud Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin qərarı əsasında miqrasiya orqanlarına bərpa edilmiş işçilərin miqrasiya orqanlarından xaric olunduqları gündən işə bərpaolunma haqqında əmrin verildiyi günədək olan miqrasiya orqanlarında qulluq keçmədikləri müddət qulluq illərinə daxil edilir.

2.4. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya vəzifəsindən sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik miqrasiya orqanları işçilərinin tutulma, həbsdəolma və cəzaçəkmə müddətləri qulluq illərinə daxil edilir.

2.5. Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə qulluq illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar miqrasiya orqanlarında fasiləsiz qulluq illərinin hesablanmasında nəzərə alınır.

2.6. Xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan işçilər miqrasiya orqanlarında vəzifəyə təyin olunmazdan əvvəl mülki ali təhsil müəssisələrində, habelə xüsusi təyinatlı təhsil müəssisələrində, o cümlədən qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da 5 (beş) ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla fasiləsiz qulluq illərinə daxil edilir.

2.7. Dövlət qulluqçusu miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifəyə təyin edildikdə, əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq illəri fasiləsiz qulluq illərinə daxil edilir.

 

3. Əlavə haqqın hesablanması və verilməsi qaydası

 

3.1. Qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq, aşağıdakı məbləğlərdə ödənilir:

3.1.1. 1 ildən 2 ilə qədər qulluq illərinə görə - 5 faiz;

3.1.2. 2 ildən 5 ilə qədər qulluq illərinə görə - 10 faiz;

3.1.3. 5 ildən 10 ilə qədər qulluq illərinə görə - 15 faiz;

3.1.4. 10 ildən 15 ilə qədər qulluq illərinə görə - 20 faiz;

3.1.5. 15 ildən 20 ilə qədər qulluq illərinə görə - 25 faiz;

3.1.6. 20 ildən 25 ilə qədər qulluq illərinə görə - 30 faiz;

3.1.7. 25 ildən 30 ilə qədər qulluq illərinə görə - 40 faiz;

3.1.8. 30 ildən yuxarı qulluq illərinə görə - 50 faiz.

3.2. Müvəqqəti əvəzetmə üzrə iş zamanı əlavə haqq əsas işin vəzifə maaşına və rütbəsinə uyğun hesablanır.

3.3. Təqvim ayı ərzində qulluq illərinə görə əlavə haqqın məbləği artdığı təqdirdə, həmin ay üçün əlavə haqqın məbləği ayın təqvim günlərinə mütənasib şəkildə artırılaraq hesablanır.

3.4. Bu Qaydanın 3.3-cü bəndi ay ərzində miqrasiya orqanı işçisinin vəzifə maaşının və xüsusi rütbəyə görə əlavələrin dəyişməsi zamanı da tətbiq edilir.

3.5. Əlavə haqq miqrasiya orqanı işçisi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta aylıq əməkhaqqı hesablanarkən nəzərə alınır.

 

4. Qulluq illərinin müəyyən edilməsi və rəsmiləşdirilməsi qaydası

 

4.1. Qulluq illərini müəyyən edən əsas sənəd əmək kitabçası hesab edilir. Əmək kitabçası olmadıqda və ya onda lazımi qeydiyyatlar aparılmadıqda, habelə iş dövrləri düzgün əks etdirilmədikdə, qulluq illərinin müəyyən edilməsi üçün əmrlərdən çıxarışlar, şəxsi hesab vərəqələri, əməkhaqqının ödəniş cədvəlləri və iş fəaliyyətləri barədə məlumat verə biləcək digər təsdiqedici sənədlər əsas götürülür.

4.2. Miqrasiya orqanları işçilərinin qulluq illəri Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti aparatının və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölməsi tərəfindən bu Qaydaya uyğun olaraq hesablanır.

4.3. Bu Qaydanın 2-ci hissəsinin tətbiqi zamanı yaranmış fikir ayrılığı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aparatında, Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətində, habelə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi (bundan sonra - Dövlət Miqrasiya Xidmətinin rəisi) tərəfindən səlahiyyət verilən struktur qurumlarda yaradılan miqrasiya orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiya tərəfindən aradan qaldırılır.

4.4. Miqrasiya orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların tərkibi Dövlət Miqrasiya Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi və müvafiq struktur qurumların rəhbərləri tərəfindən müəyyən edilir.

4.5. Bu Qaydanın 2-ci hissəsinin tətbiqi zamanı fikir ayrılığı yarandıqda, əlavə haqq miqrasiya orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların qərarlarına əsasən verilir. Qulluq illərinin müəyyən edilməsi haqqında qərarlar göstərilən komissiyalar tərəfindən protokol formasında rəsmiləşdirilir. Protokolun əsli müvafiq miqrasiya orqanında saxlanılır, surəti isə işçinin şəxsi işinə əlavə edilir.

4.6. Miqrasiya orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların qərarından Dövlət Miqrasiya Xidmətinin rəisinə və məhkəməyə şikayət verilə bilər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 620)

2.       25 noyabr 2021-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1290)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 25 noyabr 2021-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1290) ilə “Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2.1.9-cu yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.1.10-cu yarımbənd əlavə edilmişdir.

 

[2] 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 620) ilə “Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2.2.4-cü yarımbəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status