AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
23.10.2003
QEYDİYYAT NÖMRƏSİ
1361
ADI
"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2003, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 600)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2003-cü il mayın 19-da Moskva şəhərində imzalanmış "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Rusiya Federasiyası tərəfini xəbərdar etsin.

 

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2003-cü il
№ 1361

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında
SAZİŞ

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi, bundan sonra Tərəflər,

Tərəflər arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində dostluq münasibətlərinin və əməkdaşlığın inkişafında maraqlı olduqlarını nəzərə alaraq,

belə ikitərəfli əməkdaşlığın iqtisadi və sosial tərəqqinin stimullaşdırılmasına xidmət edəcəyini anlayaraq,

əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə yönəldilmiş birgə səylərin qarşılıqlı dəstəklənməsinə çalışaraq,

aşağıdakılar haqqında razılığa gəldilər:

Maddə 1

Tərəflər, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığı inkişaf etdirir və genişləndirirlər.

Maddə 2

Tərəflər arasında əməkdaşlıq aşağıdakı istiqamətlər üzrə həyata keçiriləcəkdir:

a). əmək, məşğulluq və əhalinin sosial müdafiəsi problemlərinin normativ-hüquqi aktlar əsasında tənzimlənməsi;

b). insan ehtiyatlarının planlaşması və inkişafı, o cümlədən müxtəlif əhali qruplarının məşğulluğu; əmək bazarının informasiya sistemləri; əmək bazarında fəal siyasət; Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasına və Rusiya Federasiyası vətəndaşlarının Azərbaycan Respublikasına əmək miqrasiyasının tənzimlənməsinə dəstək verilməsi;

c). sosial-əmək münasibətləri, o cümlədən onların qanunvericiliklə tənzimlənməsi, əməyin təftişi, əmək mübahisələrinin həlli yolları;

ç). sosial sığorta, o cümlədən pensiya sığortası, istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığorta;

d). yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi, minimum yaşayış həddi göstəricisinin hesablanması metodologiyasının təkmilləşdirilməsi, əhalinin sosial müdafiəsi sisteminin, o cümlədən ünvanlı sosial yardım mexanizmlərinin inkişafı;

e). peşə reabilitasiyası və əlillərin sosial inteqrasiyası;

ə). işsizlər və işaxtaranların peşə hazırlığı və yenidən hazırlığı sisteminin inkişafı;

f). Tərəflərin qarşılıqlı razılıq əldə etdikləri digər əmək, məşğulluq və əhalinin sosial müdafiəsi məsələləri.

Maddə 3

Tərəflər əməkdaşlığı aşağıdakı formalarda həyata keçirəcəklər:

a). əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsinə aid olan qanunvericilik və normativ sənədlərin mübadiləsi;

b). sosial-əmək inkişafı məsələləri üzrə informasiya-analitik materialların və elmi tədqiqatların nəticələrinin mübadiləsi;

c). Tərəflərin ekspertləri arasında məsləhətləşmələrin aparılması;

ç). Tərəflərin dövlətlərinin ərazilərində keçirilən konfranslarda, seminarlarda və digər beynəlxalq tədbirlərdə Tərəflərin ekspertlərinin, mütəxəssislərinin iştirakı;

d). Tərəflərin mütəxəssislərinin ixtisaslarının artırılması və sosial-əmək sferasında iş təcrübəsinin mübadiləsi məqsədilə ixtisasartırma və təlim səfərlərinin təşkil olunması;

e). beynəlxalq forumlarda əmək, məşğulluq və əhalinin sosial müdafiəsi məsələləri üzrə qarşılıqlı fəaliyyət və dəstək.

Maddə 4

Bu Sazişin müddəalarının tətbiq olunması məqsədilə Tərəflər birgə işçi qrupu yaradırlar.

İşçi qrupu əməkdaşlığın ayrı-ayrı sahələri üzrə işçi proqramlarını, eləcə də bu proqramlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin maliyyə şərtlərini razılaşdırır.

İşçi qrupu, zərurət yaranarsa, növbə ilə hər iki Tərəfin dövlətinin ərazisində bu Sazişin predmeti olan məsələlərin həlli üçün görüşlər keçirir.

Maddə 5

Bu Sazişin tətbiq olunmasının maliyyə təminatı hər iki Tərəf üçün məqbul sayılan şərtlər əsasında, onların dövlətlərinin qanunvericiliyinə müvafiq həyata keçiriləcəkdir.

Maddə 6

Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi olan ayrı-ayrı protokollarla rəsmiləşdirilən və Sazişin 7-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən əlavələr və dəyişikliklər edilə bilər.

Maddə 7

Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Tərəflərin bir-birinə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş üç il müddətinə bağlanılır. Tərəflərdən biri bu Sazişin qüvvəsinin başa çatmasına ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi növbəti üç il müddətinə uzadılacaqdır.

Maddə 8

Bu Sazişin müddəalarının təfsirinə və tətbiqinə dair bütün mübahisələr və fikir ayrılığı qarşılıqlı məsləhətləşmələr və danışıqlar yolu ilə həll olunacaqdır.

Bu Saziş 2003-cü il mayın 19-də Moskva şəhərində hər biri azərbaycan və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.

 

Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial
Müdafiəsi Naziri

Ə.Nağıyev

Rusiya Federasiyasının
Əmək və Sosial İnkişaf
Naziri

A.Poçİnok

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status