×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
06.07.2012
QEYDİYYAT NÖMRƏSİ
677
ADI
2011-ci il oktyabrın 18-də Sankt-Peterburq şəhərində imzalanmış “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş”in təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 07-07-2012, Nəşr nömrəsi: 148), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2012, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 686)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
450.010.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201207060677
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.07.2012
2011-ci il oktyabrın 18-də Sankt-Peterburq şəhərində imzalanmış “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş”in təsdiq edilməsi barədə

2011-ci il oktyabrın 18-də Sankt-Peterburq şəhərində imzalanmış “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş”in təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2011-ci il oktyabrın 18-də Sankt-Peterburq şəhərində Azərbaycan Respublikası Hökumətinin qeyd-şərtlə imzaladığı “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 iyul 2012-ci il

  677

 


Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında

 

SAZİŞ

 

Bundan sonra "Tərəflər" adlandırılacaq Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin hökumətləri,

narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinin və onlardan sui-istifadə hallarının Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin milli təhlükəsizliyi, xalqlarının sağlamlığı və firavanlığı üçün ciddi təhlükə yaratdığını dərk edərək,

30 noyabr 2000-ci il tarixli narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında Sazişin və 7 noyabr 2002-ci il tarixli narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq Konsepsiyasının məqsədlərindən irəli gələrək,

narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı səmərəli mübarizənin Tərəflərin informasiya sahəsində qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsini tələb etdiyini qəbul edərək,

beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarını rəhbər tutaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Bu Sazişin predmeti əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, müqayisəli kriminalistik tədqiqatların aparılmasının təmin edilməsi üçün, həmçinin elm və tədris məqsədləri ilə qanunsuz dövriyyədən müsadirə edilmiş narkotik vasitələr, psixotrop maddələr (bundan sonra - narkotiklər) və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydasının müəyyən edilməsindən ibarətdir.

 

Maddə 2

 

Tərəflərin səlahiyyətli orqanları əməliyyat-axtarış tədbirləri, təhqiqat, istintaq hərəkətləri nəticəsində müsadirə edilmiş, eləcə də digər yollarla əldə olunmuş narkotiklərin və onların prekursorlarının nümunələrinin ötürülməsini həyata keçirə bilərlər.

Hər bir Tərəf bu Sazişin onun üçün qüvvəyə minəcəyi tarixdən ən geci 30 gün ərzində onun həyata keçirilməsinin həvalə ediləcəyi səlahiyyətli orqanların siyahısını müəyyənləşdirəcək və bu barədə depozitariyə məlumat verəcək.

Tərəflərin səlahiyyətli orqanları bu Sazişin icra edilməsi məqsədilə bir-biri ilə bilavasitə qarşılıqlı əlaqədə, eləcə də diplomatik kanallar vasitəsilə yazışma mübadiləsi yolu ilə fəaliyyət göstərir.

 

Maddə 3

 

Tərəflərin səlahiyyətli orqanları tərəfindən narkotiklərin və onların prekursorlarının nümunələrinin ötürülməsi bu Sazişin 1 saylı qoşmasına əsasən həyata keçirilir.

Narkotiklərin və onların prekursorlarının nümunələrinin bu Sazişin iştirakçısı olan dövlətlərin dövlət (gömrük) sərhədlərindən keçirilməsi, eləcə də bu Sazişin iştirakçısı olan dövlətlərin ərazisindən tranzitlə keçirilməsi təxirəsalınmaz (prioritet) qaydada həyata keçirilir. Bu zaman narkotik vasitə, psixotrop maddə və onların prekursorunun nümunəsi bu Sazişin 2 və 3 saylı qoşmalarına müvafiq olaraq tərtib olunmuş Uçot kartını gömrük orqanlarına təqdim etmək şərti ilə gömrük bəyannaməsi qismində nəqliyyat (daşıma), kommersiya sənədlərindən və (və ya) digər sənədlərdən istifadə oluna bilər.

Narkotiklərin və onların prekursorlarının istifadə olunan nümunələri bu Sazişin 1 saylı qoşmasında nəzərdə tutulmuş müddəalara riayət etmək şərti ilə gömrük nəzarətindən azad edilir.

Tərəflərdən hər biri narkotiklər və onların prekursorlarının nümunələrinin dövlət nəzarəti altında keçirilməsinin sadələşdirilməsi üçün tədbirlər görə bilər.

 

Maddə 4

 

Bu   Saziş   çərçivəsində   əməkdaşlıq   Tərəflərin   səlahiyyətli   orqanlarının yardım haqqında sorğuları (bundan sonra - sorğu) əsasında həyata keçirilir. Sorğu yazılı şəkildə göndərilir və aşağıdakıları ehtiva etməlidir:

a) sorğu edilən və sorğu edən Tərəflərin səlahiyyətli orqanının adı;

b) işin mahiyyətinin təsviri;

c) sorğunun məqsədinin göstərilməsi və əsaslandırılması;

d) sorğu edilən yardımın məzmunu;

e) sorğunun icra müddəti.

Tərəflər sorğunun icra edilməsi üçün faydalı olan əlavə məlumatı təqdim edə bilərlər.

Sorğu səlahiyyətli orqanın rəhbəri və ya onun müavini tərəfindən imzalanır və gerbli möhürlə təsdiq edilir.

 

Maddə 5

 

Sorğu edilən Tərəfin səlahiyyətli orqanı sorğunun vaxtında, tam və keyfiyyətli icra edilməsinin təmin olunması üçün bütün zəruri tədbirləri görür.

Sorğunun icra edilməsinə mane olan və ya onun icrasını əhəmiyyətli dərəcədə gecikdirən hallar mövcud olduqda, sorğu edilən Tərəfin səlahiyyətli orqanına bu barədə dərhal məlumat verilir.

Sorğu edilən Tərəfin səlahiyyətli orqanı sorğunun icra edilməsinin bu Sazişin iştirakçısı olan və sorğu edilən dövlətin ərazisində həyata keçirilən cinayət icraatına və ya digər icraata mane ola biləcəyini güman etdiyi təqdirdə, o, sorğu edən  Tərəfin  səlahiyyətli orqanı ilə məsləhətləşmədən sonra sorğunun icra edilməsini təxirə sala, və ya onun icra edilməsini zəruri şərtlər qismində müəyyən olunmuş şərtlərə riayət etməklə əlaqələndirə bilər. Sorğu edən Tərəfin səlahiyyətli orqanı sorğu edilən Tərəfin səlahiyyətli orqanının həmin şərtlər əsasında yardımını qəbul etdiyi təqdirdə, həmin şərtlərə riayət edilməlidir.

 

Maddə 6

 

Sorğu edilən Tərəfin səlahiyyətli orqanı bu Sazişə müvafiq olaraq göndərilən sorğunun icra edilməsindən əldə olunmuş nəticələrin açıqlanmamasına və ya onlardan yalnız qabaqcadan müəyyən olunmuş şərtlərlə istifadə olunmasına dair xahişlə sorğu edən Tərəfin səlahiyyətli orqanına müraciət edə bilər. Sorğu edən Tərəfin səlahiyyətli orqanı həmin şərtlər əsasında sorğunun icra edilməsindən əldə olunmuş nəticələri qəbul etdiyi təqdirdə, o həmin şərtlərə riayət etməlidir.

Bu Sazişin iştirakçısı olan və sorğu edilən dövlətin milli qanunvericiliyi ilə bu şəkildə fəaliyyət göstərmək öhdəliyi nəzərdə tutulduğu təqdirdə, bu maddənin müddəaları sorğunun icra edilməsindən əldə olunmuş nəticələrin digər məqsədlər üçün istifadə olunmasını istisna etmir. Bu halda sorğu edən Tərəfin səlahiyyətli orqanı sorğunun icra edilməsindən əldə olunmuş nəticələrdən bu cür mümkün olan və ehtimal edilən istifadə etmə haqqında sorğu edilən Tərəfin səlahiyyətli orqanını sorğuda mütləq xəbərdar edir.

Sorğu edilən Tərəfin səlahiyyətli orqanı sorğu edən Tərəfin səlahiyyətli orqanının sorğunun icra edilməsindən əldə olunmuş nəticələrdən sorğuda qeyd olunmamış məqsədlərlə istifadə edilməsi haqqında xahişini rədd etmək hüququna malikdir.

 

Maddə 7

 

Sorğu edilən Tərəf sorğunun icra edilməsinin onun dövlətinin mənafeyinə zərər vura biləcəyini və ya milli qanunvericiliyə zidd olduğunu güman etdiyi təqdirdə, bu Saziş çərçivəsində yardım etməkdən tam və ya qismən imtina oluna bilər.

Sorğunun icrasından imtina etmək haqqında qərar qəbul olunduğu təqdirdə sorğu edən Tərəfin səlahiyyətli orqanına bu barədə imtinanın səbəbləri göstərilməklə 30 gündən gec olmayaraq yazılı məlumat verilir.

Yardım haqqında sorğunun icra edilməsi sorğunu almış orqanın səlahiyyətinə aid olmadığı təqdirdə, həmin orqan sorğunu dərhal sorğu edilən Tərəfin müvafiq səlahiyyətli orqanına ötürür və bu barədə sorğu edən Tərəfin səlahiyyətli orqanına məlumat verir.

Zərurət yarandığı təqdirdə sorğu edilən Tərəfin səlahiyyətli orqanı sorğu edən Tərəfin səlahiyyətli orqanından onun fikrincə sorğunun icra edilməsi üçün zəruri olan əlavə məlumatları tələb etmək hüququna malikdir.

 

Maddə 8

 

Hər bir konkret halda digər qayda razılaşdırılmadığı təqdirdə, Tərəflər bu Sazişin yerinə yetirilməsi zamanı yaranan xərcləri müstəqil şəkildə ödəyir.

Zərurət yarandığı təqdirdə Tərəflər bu Sazişin yerinə yetirilməsi məqsədilə bir-birinə təmənnasız yardım göstərə bilərlər.

 

Maddə 9

 

Əməkdaşlığın həyata keçirilməsi zamanı Tərəflərin səlahiyyətli orqanları işçi dil kimi rus dilindən istifadə edirlər.

 

Maddə 10

 

Bu Sazişin tətbiqi və təfsiri zamanı Tərəflər arasında yaranan mübahisəli məsələlər maraqlı Tərəflər arasında aparılan məsləhətləşmələr və danışıqlar yolu ilə və ya Tərəflərin razılaşdığı digər proseduru vasitəsilə həll olunur.

 

Maddə 11

 

Bu Saziş onun iştirakçısı olan dövlətlərin hər birinin digər beynəlxalq müqavilələrdən, o cümlədən onların iştirakçısı olduqları cinayət işləri üzrə hüquqi yardım haqqında müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

 

Maddə 12

 

Bu Saziş onu imzalamış Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirməsi haqqında üçüncü bildirişin depozitari tərəfindən alındığı tarixdən qüvvəyə minir.

Zəruri dövlətdaxili prosedurları gec yerinə yetirmiş Tərəflər üçün Saziş müvafiq sənədlərin depozitari tərəfindən alındığı tarixdən qüvvəyə minir.

Maddə 13

 

Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə müvafiq protokolla rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər.

 

Maddə 14

 

Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır.

Tərəflərdən hər biri bu Sazişdən çıxmazdan ən azı 6 ay əvvəl bu barədə depozitariyə bildiriş göndərməklə, bu Sazişin fəaliyyət müddəti ərzində yaranmış öhdəlikləri tənzimləməklə ondan çıxa bilər.

 

Maddə 15

 

Bu Saziş qüvvəyə mindiyi gündən etibarən qoşulma haqqında sənədin depozitariyə ötürülməsi yolu ilə onun məqsədlərinə və prinsiplərinə həmrəy olan istənilən dövlətin ona qoşulması üçün açıqdır.

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlət üçün bu Saziş qoşulma haqqında sənədin depozitari tərəfindən alındığı tarixdən 30 gün sonra qüvvəyə minir.

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olmayan dövlət üçün bu Saziş onu imzalamış və ya ona qoşulmuş bütün dövlətlərin bu cür qoşulmaya razılığı haqqında son bildirişin depozitari tərəfindən alındığı tarixdən 30 gün sonra qüvvəyə minir.

Sankt-Peterburq şəhərində 2011-ci il oktyabr 18-də rus dilində bir əsl nüsxədə imzalanmışdır. Əsl nüsxə bu Sazişi imzalamış hər bir dövlətə onun təsdiq olunmuş surətini göndərəcək Müstəqil Dövlətlər Birliyinin İcraiyyə komitəsində saxlanılır.

 

 

Azərbaycan Respublikası

Rusiya Federasiyası

Hökuməti adından

Hökuməti adından

(imza, qeyd-şərtlə)

(imza)

 

 

Ermənistan Respublikası

Tacikistan Respublikası

Hökuməti adından

Hökuməti adından

(imza, qeyd-şərt və etirazla)

(imza)

 

 

Belarus Respublikası

Türkmənistan

Hökuməti adından

Hökuməti adından

(imza)

 

 

 

Qazaxıstan Respublikası

Özbəkistan Respublikası

Hökuməti adından

Hökuməti adından

(imza)

(imza)

 

 

Qırğız Respublikası

Ukrayna

Hökuməti adından

Hökuməti adından

(imza, qeyd-şərtlə)

(imza)

 

 

Moldova Respublikası

 

Hökuməti adından

 

(imza)

 


 

 


 

 


Narkotik vasitələr, psixotrop maddələr

və onların prekursorlarının

nümunələrinin ötürülməsi qaydası

haqqında 2011-ci il 18 oktyabr Sazişə

1 saylı Qoşma

 

Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi

QAYDASI

 

1. Narkotiklərin və onların prekursorlarmın nümunələrinin ötürülməsinin əsas məqsədləri aşağıdakılardır:

gələcəkdə istehsal yerinin və üsulunun, eyni yükə aidiyyətinin, onların mümkün nəqli üsullarının və yollarının, narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində digər məqsədlərin müəyyən edilməsi üçün həmin nümunələrin müqayisəli tədqiqatının aparılması üçün imkanın təmin edilməsi;

qanunsuz dövriyyədə olan müsadirə edilmiş narkotiklər və onların prekursorlarının yeni nümunələrinin mübadiləsi.

2. Narkotiklərin və onların prekursorlarının nümunələrinin ötürülməsi Tərəflərin səlahiyyətli orqanlarının nümayəndələri tərəfindən sorğu əsasında həyata keçirilir.

3. Narkotiklərin və onların prekursorlarının nümunələrinin bu Sazişin iştirakçısı olan dövlətlərin ərazilərindən nəqli dövlət nəzarəti altında həyata keçirilir. Bu məqsədlə Tərəflərin səlahiyyətli orqanları narkotiklər və onların prekursorlarının nümunələrinin çatdırılmasını həyata keçirən şəxslərin siyahılarını, bu Sazişin iştirakçısı olan dövlətlərin dövlət (gömrük) sərhədlərindən buraxılış məntəqələrini, hərəkət marşrutlarını, nəqliyyatı və digər zəruri məsələləri öz aralarında razılaşdırır.

Narkotiklərin və onların prekursorlarının nümunələrinin ötürülməsinin əsas tələbi xammalı xarakterizə edən əlamətlərin qorunub saxlanılmasını, onun alınması üsullarını və, imkan daxilində, çəkilib qablaşdırılması üsullarını və formalarını təmin edən şəraitin yaradılmasından ibarətdir.

4. Narkotiklərin və onların prekursorlarının nümunələri imkan daxilində iri partiyalardan götürülür. Əməliyyat üçün maraq kəsb edən ayrı-ayrı hallarda narkotiklər və onların prekursorlarının nümunələrinin digər həcmli partiyalardan ötürülməsi də mümkündür.

5. Hər bir narkotikin və ya onun prekursorunun nümunəsinin kütləsi 50 qramdan artıq olmamalıdır. Əməliyyat üçün maraq kəsb edən ayrı-ayrı hallarda narkotik və ya onun prekursorunun digər kütləli nümunəsinin ötürülməsi də mümkündür.

6. Hətta eyni partiyaya aid olsalar belə, xarici görünüşünə və ya tərkibinə görə fərqlənən narkotiklər və onların prekursorlarının bir nümunədə birləşdirilməsinə yol verilmir.

7. Narkotiklərin və onların prekursorlarının nümunələri xarici təsirlərdən etibarlı müdafiəni təmin edən təmiz ilkin germetik qaba qablaşdırılır, bundan sonra sorğu edilən Tərəfin səlahiyyətli orqanının (göndərənin) möhürü ilə möhürlənir.

8. Nümunə haqqında məlumat narkotik vasitə, psixotrop maddə və ya onların prekursoru nümunəsinin müəyyən olunmuş formalı Uçot kartında qeyd olunur (2 saylı qoşma).

9. Hər bir ilkin nümunə qablaşdırması narkotik vasitə, psixotrop maddə və ya onların prekursoru nümunəsinin müəyyən olunmuş formalı Etiketi ilə təchiz edilməlidir (3 saylı qoşma).

Bütün lazımi məlumat müvafiq əlaqə kanallarından istifadə etməklə ayrıca göndərilir.

10. İlkin qablaşdırma mütləq fərdi və ya qrup səkildə olan möhürlənmiş nəqliyyat qablaşdırmasına yerləşdirilir.

11. Müşayiətedici sənədlər fərdi nömrələri və qablaşdırma tarixi, narkotik və ya onun prekursorunun və qablaşdırmanın xarici görünüşü haqqında məlumat, etiket üzərindəki möhür izinin mətni qeyd olunmuş narkotiklər və onların prekursorlarının nümunələrinin siyahısını ehtiva edir.

 


Narkotik vasitələr, psixotrop maddələr

və onların prekursorlarının

nümunələrinin ötürülməsi qaydası

haqqında 2011-ci il 18 oktyabr Sazişə

2 saylı Qoşma

 

Narkotik vasitə, psixotrop maddə və ya onların prekursoru nümunəsinin Uçot kartı

 

1.

Rekvizitlər

1.1.

Qeydiyyat

____. __.20 ___ -ci il

1.2.

Kartı tərtib edənin idarəsi, vəzifəsi, S.A.A.

 

1.3.

Nümunənin (fərdi nömrə)

 

1.4.

Qablaşdırma tarixi

 

2.

Narkotik vasitə, psixotrop maddə və ya onların prekursoru haqqında məlumat

 

2.1.

Adı

 

2.2.

Nümunənin kütləsi (qramla)

 

2.3.

Partiyanın müsadirə edilmə tarixi

 

2.4.

Müsadirə edildiyi yer

 

2.5.

Müsadirəni həyata keçirmiş idarə

 

2.6.

Müsadirə edilmiş partiyanın tam kütləsi

 

2.7.

Substansiyanın faiz tərkibi

 

2.8.

Müsadirə edilmiş partiya qablaşdırmasının forma və ölçüsü

 

3.

Narkotik vasitə, psixotrop maddə və ya onların prekursorunun istehsal regionu, marşrutu və nəqletmə üsulu haqqında məlumat

 

3.1.

Hansı regiondan gətirilmişdir (ölkə, vilayət)

 

3.2.

Xammalın becərildiyi yer

 

3.3.

Xammalın emal edildiyi yer

 

3.4.

İstehsal edildiyi yer

 

3.5.

Nəqletmə üsulları

 

3.6.

Anbara yığıldığı yer

 

 

Səlahiyyətli şəxsin imzası

 

 

 


Narkotik vasitələr, psixotrop

maddələr və onların prekursorlarının

nümunələrinin ötürülməsi qaydası

haqqında 2011-ci il 18 oktyabr Sazişə

3 saylı Qoşma

 

Narkotik vasitə, psixotrop maddə və ya onların prekursorunun

nümunəsinin etiketi

 

Nümunənin № ______________________________________________________________________

                      (fərdi nömrə)

Qablaşdırma tarixi ______________________

Müsadirə edilmə tarixi ____________________

Müsadirə edildiyi yer _________________________________________________________________

Qablaşdıran

 

_________________________________________

MY

_________________________________________

(qablaşdırmanın möhürlənməsi üçün

S. A. A.

istifadə edilən möhürün izi)

 

 


Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında 2011-ci il 18 oktyabr tarixli Sazişə dair

AZƏRBAYCAN RESPUBLİKASININ

QEYD-ŞƏRTİ

 

Sazişin 3-cü maddəsinin 3-cü abzası istisna olmaqla.

Azərbaycan Respublikasının bütün işğal olunmuş əraziləri Ermənistan Respublikası tərəfindən azad olunanadək və təcavüzün nəticələri tam aradan qaldırılanadək Sazişdə təsbit olunmuş heç bir hüquq, öhdəlik və müddəalar Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək.

 

Azərbaycan Respublikası Baş

 

nazirinin birinci müavini

Y.Eyyubov

 

 

 


Ermənistan Respublikasının Azərbaycan Respublikasının qeyd-şərtinə

ETİRAZI

 

Azərbaycan Respublikasının narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Sazişə qeyd-şərti Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəbini və mahiyyətini təhrif edir. Həmin münaqişə Azərbaycan Respublikası tərəfindən Dağlıq Qarabağ xalqına münasibətdə etnik təmizləmə siyasətinin tətbiq edilməsinin və Dağlıq Qarabağ Respublikasına qarşı hərbi təcavüzün başlanmasının nəticəsidir.

Dağlıq Qarabağ münaqişəsi tənzimlənməyənə qədər narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Sazişin müddəaları Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikası barəsində tətbiq edilməyəcək.

 

 

 

Ermənistan Respublikasının

 

Baş naziri

T.Sarkisyan

 

 

 


Ermənistan Respublikasının narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Sazişin 3-cü maddəsinə dair

 

QEYD-ŞƏRTİ

 

Ermənistan Respublikası Sazişin 3-cü maddəsinə müvafiq olaraq narkotiklərin və onların prekursorlarının nümunələrinin Ermənistan Respublikasının dövlət sərhədindən keçirilməsi, eləcə də onların Ermənistan Respublikası ərazisindən tranzitlə keçirilməsi zamanı Ermənistan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gömrük bəyannaməsinin təqdim edilməsini tələb etmək hüququnu özündə saxlayır.

 

 

Ermənistan Respublikasının

 

Baş naziri

T.Sarkisyan

 

 

 


Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Sazişə dair Qırğız Respublikasının

QEYD-ŞƏRTİ

 

Qırğız Respublikası həmin Sazişdə milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə müvafiq olaraq iştirak edəcək.

 

 

 

Qırğız Respublikası

 

Baş nazirinin

vəzifəsini icra edən

 

O.Babanov

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status