×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
28.12.2011
QEYDİYYAT NÖMRƏSİ
1947
ADI
Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 29-12-2011, Nəşr nömrəsi: 289), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2011, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1226)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.040.060
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201112281947
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.12.2011
Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında

Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə qərara alıram:

1. Bakı şəhərində Balaxanı Sənaye Parkı yaradılsın.

2. Müəyyən edilsin ki: [1]

2.1. Balaxanı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, yaşıl biznesin inkişafına kömək edən ərazidir;

2.2. resurslardan davamlı və səmərəli istifadəni təmin etmək və tullantıları minimuma endirmək məqsədilə Balaxanı Sənaye Parkının ərazisində istehsal müəssisələri, eləcə də tullantıların emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılır.

3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi: [2]

3.1. Balaxanı Sənaye Parkının fəaliyyətinin təşkilini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını, ofis, konsaltinq, laborator müayinə və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün;

3.2. Balaxanı Sənaye Parkının fəaliyyətinin təşkili, tənzimlənməsi, inkişafı, istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi, habelə bu sahədə böyük təcrübəyə malik məsləhətçi şirkətin cəlb olunması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Balaxanı Sənaye Parkının idarə olunması “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

5.1. üç ay müddətində:

5.1.1. Balaxanı Sənaye Parkının fəaliyyəti üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Balaxanıneft” Neftqazçıxarma İdarəsinin ərazisindən 7 hektar torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin istifadəsinə verilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.1.2. bu Sərəncamın 3-cü hissəsində nəzərdə tutulmuş işlərin görülməsi üçün zəruri maliyyələşmənin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etsin;

5.1.3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə sənaye parkında vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlərin tətbiqi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu Sərəncamın icrası ilə bağlı görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat versinlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 dekabr 2011-ci il

      № 1947

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.             14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477)

2.             16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

3.             12 aprel 2021-ci il tarixli 2575 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 13 aprel 2021-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 346)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 aprel 2021-ci il tarixli 2575 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 13 aprel 2021-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 346) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2. Müəyyən edilsin ki, Balaxanı Sənaye Parkının ərazisində məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılır.

 

[2] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477) ilə 3-cü və 6-cı hissələrdə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 3-cü və 6-cı hissələrdən “və Sənaye” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status