AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
27.09.2003
QEYDİYYAT NÖMRƏSİ
934
ADI
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2003, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 485)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.09.2003
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
100.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Milli Arxiv idarəsi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 sentyabr 2003-cü il

                   № 934

 

 


 

Azərbaycan Respublikası Prezidentinin

2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında

 

ƏSASNAMƏ

 

I. Ümumİ müddəalar

 

1. Azərbaycan Respublikasının Milli Arxiv idarəsi (bundan sonra - İdarə) "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

3. İdarə ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi, dövlət arxivinin filialları və sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivləri vasitəsilə həyata keçirir. [1]

4. İdarənin saxlanılması və fəaliyyəti ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. [2]

5. İdarə müstəqil balansa, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və öz adı olan möhürə, müvafiq ştamplara, blanklara və xəzinə hesablarına malikdir.

6. İdarə Bakı şəhərində yerləşir.

 

II. İdarənİn əsas vəzİfələrİ

 

7. İdarənin əsas vəzifələri aşağıdakılardır:

7.1. arxiv işi sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etmək;

7.2. Azərbaycan Respublikasının Milli arxiv fonduna daxil olan, özündə xalqın maddi və mənəvi həyatını əks etdirən, tarixi, elmi, sosial, iqtisadi, siyasi, mədəni, bədii və başqa əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikasından kənarda yerləşən və Azərbaycana aid tarixi, mədəni irslə bağlı arxiv sənədlərinin qəbulunu, mühafizə və istifadəsini təmin etmək;

7.3. Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və istifadəsinin vahid prinsiplərinin hazırlanmasında iştirak etmək; [3]

7.4. bilavasitə İdarəyə tabe olan dövlət arxivlərinin və dövlət arxivinin filiallarının işlərini əlaqələndirmək və onların fəaliyyətini təmin etmək;

7.5. respublikada arxiv işinin inkişafını və bu sahədə elmi-texniki tərəqqini tənzimləmək, dövlət arxivlərinə, idarə və qeyri-dövlət arxivlərinə metodiki kömək göstərmək;

7.6. Azərbaycan Respublikasının dövlət orqanlarında arxiv işinin təşkilini əlaqələndirmək;

7.7. respublikada arxiv işinin vəziyyətini təhlil etmək, sahə xüsusiyyətlərini nəzərə alaraq, onun inkişafının konsepsiya və strategiyasını hazırlamaq;

7.8. Azərbaycan Respublikası Milli arxiv fondunun mərkəzləşdirilmiş dövlət qeydiyyatını aparmaq, onun tərkibi və məzmunu haqqında məlumatlar hazırlamaq;

7.9. Arxiv işi sahəsində beynəlxalq əlaqələr yaratmaq, bu sahədə xarici ölkə arxivlərinin iş təcrübəsini öyrənmək və yaymaq;

7.9-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək; [4]

7.9-2. arxiv işi sahəsində kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək; [5]

7.10. Azərbaycan Respublikasının qanunvericiliyi ilə İdarəyə həvalə olunmuş digər vəzifələri yerinə yetirmək;

 

III. İdarənİn əsas funksİyaları

 

8. İdarə ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

8.1. Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizəsi işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir;

8.2. Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət qeydiyyatını aparır, həmin sənədlərin komplektləşdirilməsi, dövlət qeydiyyatı, mühafizəsi və istifadəsi sahəsində “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına nəzarəti təmin edir; [6]

8.3. Müvafiq dövlət orqanları ilə birlikdə idarə arxivləri şəbəkəsinin təkmilləşdirilməsi və onların işinin təşkilinin yaxşılaşdırılması sahəsində tədbirlər həyata keçirir;

8.4. Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı, mühafizəsi və istifadəsinə dair normativ hüquqi aktların hazırlanmasında iştirak edir;

8.5. arxiv işinin inkişafı haqqında dövlət proqramının layihəsini hazırlayır və onun həyata keçirilməsini təmin edir. Sahə proqramlarını, perspektiv və cari planları təsdiq edir, onların yerinə yetirilməsini təmin edir;

8.6. müəyyən olunmuş qaydada dövlət arxivlərinin struktur və şəbəkəsinin təkmilləşdirilməsi işini təşkil edir;

8.7. Azərbaycan Respublikası Milli arxiv fonduna daxil olan respublika əhəmiyyətli sənədlərin dairəsini "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirir və onların respublika dövlət arxivlərində cəmləşdirilməsi işini həyata keçirir, müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla respublika daxilində sənədlərin bir arxivdən başqasına verilməsi məsələsinə baxır və həll edir;

8.8. informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsini, arxiv sənədlərinin rəqəmsallaşdırılmasını və vahid elektron arxiv məlumat sisteminin yaradılmasını təmin edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun məzmunu və tərkibi haqqında məlumatların əldə olunması üçün ənənəvi arxiv məlumatları sistemi növlərindən istifadə edərək, bu məlumatların axtarılmasını təmin edir; [7]

8.9. dövlət arxivlərində vahid mərkəzləşdirilmiş məlumat bankı sisteminin yaradılmasını təşkil edir;

8.10. sənədlərin daimi mühafizə üçün dövlət arxivinə verilməsi məqsədi ilə onların elmi və əməli dəyərinin ekspertizasını təşkil edir, dövlət orqanlarının (qurumlarının), bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin saxlanılma müddəti göstərilməklə nümunəvi siyahısını və həmin müddətlərin tətbiqi qaydasını təsdiq edir, dövlət orqanları (qurumları), bələdiyyə orqanları, idarə, müəssisə və təşkilatlar tərəfindən hazırlanmış arxiv sənədlərinin sahə siyahılarını razılaşdırır; [8]

8.11. öz səlahiyyətləri çərçivəsində mülkiyyət formasından asılı olmayaraq idarə, təşkilat və müəssisələr tərəfindən arxiv işi sahəsində qanunvericiliyin tələblərindən irəli gələn tədbirlərin yerinə yetirilməsinə, arxiv fondlarının mühafizəsi və istifadəsinə nəzarət edir;

8.12. Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərini mülkiyyət formasından və mühafizə yerindən asılı olmayaraq dövlət qeydiyyatına götürür;

8.13. qeyri-dövlət arxivlərinin sahiblərinə onların öz arxivlərini komplektləşdirməsi, mühafizəsi və istifadəsi işində kömək göstərir;

8.14. qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikası Milli arxiv fondunun dövlətə məxsus sənədlərindən və onlarda olan məlumatlardan istifadə qaydalarını işləyib hazırlayır; [9]

8.15. dövlət arxiv xidməti təşkilatlarının fəaliyyət sahələri üzrə ödənişli arxiv xidmətlərinin siyahısı və onların göstərilməsinə görə xidmət haqlarının məbləği barədə aidiyyəti üzrə təkliflər verir; [10]

8.16. Azərbaycan Respublikası Milli arxiv fonduna daxil olan sənədləri müəyyən oiunmuş qaydada nəşr edir. Hüquqi şəxslər tərəfindən təqdim edilmiş müvafiq məlumatlar əsasında Milli arxiv fondunun külliyyatını hazırlayır. Milli arxiv fondu sənədlərinin tərkibi və məzmunu haqqında məlumat xarakterli ədəbiyyat, elmi məcmuələr, bülletenlər, elmi-kütləvi ədəbiyyat, tədris və praktiki vəsaitlərin nəşrini təşkil edir, ictimayyətin retrospektiv sənədlər məlumatına ehtiyacını və sənədlərdən istifadə sahəsində səmərəlilik işinin öyrənilməsini əlaqələndirir, sənədlərin nəşri işində dövlət arxiv xidməti təşkilatlarının işinə rəhbərlik edir; [11]

8.17. Müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikası Milli arxiv fonduna daxil olan sənədlərin surətlərini respublika ərazisindən kənara çıxarmağa icazə verir;

8.18. Azərbaycan xalqının tarixi və mənəvi irsi ilə bağlı sənədlər və ya onların surətləri aşkar edildikdə, onların ölkəyə qaytarılması və ya alınması barədə müvafiq dövlət orqanlarına təkliflər verir;

8.19. dövlət arxivlərində sənədlərin mühafizəsi, istifadəsi, bərpası, surətlərinin çıxarılması və sair işlərə aid daha mükəmməl sistem və metodlardan istifadəni həyata keçirir;

8.20. tabeliyində olan dövlət arxivlərinin əməkdaşlarının, habelə mərkəzi və yerlə icra hakimiyyəti orqanlarının, idarə, təşkilat və müəssisələrin arxiv işçilərinin əlavə təhsili üzrə müvafiq tədbirlər görür; [12]

8.21. dövlət arxivlərində mühafizə olunan sənədlərdə vətəndaşların şəxsi və ailə həyatı haqqında informasiya daşıyıcıları olan arxiv sənədlərindən istifadə və müəlliflik hüquqlarının qorunması barədə qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət edir. [13]

8.22. Azərbaycan Respublikasının qanunvericiliyi ilə İdarəyə həvalə olunmuş digər funksiyaları yerinə yetirir.

 

IV. İdarənİn hüquqları

 

9. Milli Arxiv idarəsi öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. idarənin səlahiyyətlərinə aid olan məsələlərin həll edilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə idarə, təşkilat və müəssisələrdən onların arxivlərinin işi haqqında lazımi materiallar tələb etmək;

9.2. arxiv işi haqqında dövlət orqanlarının, idarə, təşkilat və müəssisələrin nümayəndələrinin məlumatlarını dinləmək;

9.3. müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində arxiv işinin təşkilinə dair mərkəzi və yerli icra hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələr üçün icrası məcburi olan normativ hüquqi aktlar qəbul etmək;

9.4. dövlət orqanları tərəfindən arxiv işinin təşkili haqqında hazırlanmış sahə standartları, siyahıları, təlimatları, qaydaları və tədris proqramlarını razılaşdırmaq;

9.4-1. arxiv işi sahəsi üzrə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin arxiv xidməti qurumları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin arxiv işi sahəsindəki təcrübəsini öyrənmək; [14]

9.5. qanunvericiliklə müəyyən edilmiş qaydada arxivşünaslıq, sənədşünaslıq və arxeoqrafiya sahəsində ən yaxşı işlər üçün müsabiqələr elan etmək və müsabiqənin şərtlərini müəyyən etmək;

9.6. müəyyən olunmuş qaydada tabeliyində olan idarə və təşkilatların fəaliyyətini tənzimləyən əsasnamələri təsdiq etmək;

9.7. qanunvericilikdə müəyyən olunmuş qaydada nəşr işi ilə məşğul olmaq və özünün dövri mətbu orqanını təsis etmək;

9.8. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. İdarənİn İşİnİn təşkİlİ

 

10. İdarəyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən rəis rəhbərlik edir.

11. Rəis İdarəyə həvalə edilmiş vəzifələrin və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

11-1. İdarənin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. İdarənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını və İdarənin işçilərinin say həddini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. [15]

12. Rəisin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən bir müavini vardır.

13. İdarənin rəisi:

13.1. İdarənin işini təşkil edir və ona rəhbərlik edir;

13.2. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində İdarənin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

13.3. İdarənin aparatının struktur bölmələrinin, tabeliyində olan qurumların, Elmi-Metodiki Şuranın və Mərkəzi Ekspert-Yoxlama Komissiyasının əsasnamələrini, strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini təsdiq edir, həmçinin bu Əsasnamənin 15-1-ci bəndi ilə İdarənin kollegiyasının (bundan sonra – kollegiya) səlahiyyətlərinə aid edilməyən məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir; [16]

13.3-1. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, katibliyin rəhbərini və tərkibini təsdiq edir; [17]

13.4. əmrlər və sərəncamlar formasında qeyri-normativ hüquqi aktları qəbul edir, onların və İdarədə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir, habelə İdarənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir; [18]

13.5. idarənin səlahiyyətləri çərçivəsində dövlət sirrinə aid edilən məlumatların siyahısını müəyyən edir; [19]

13.6. İdarənin aparatının işçilərini, strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür; [20]

13.7. müəyyən olunmuş qaydada idarənin maliyyə vəsaitləri və əmlakı barəsində sərəncam verir;

13.8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

14. İdarədə İdarənin rəisi (kollegiyanın sədri), onun müavini, Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbəri, İdarənin rəhbər işçiləri və dövlət arxivlərinin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Kollegiyanın üzvlərinin sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. [21]

15. Kollegiya öz iclasında İdarənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir. [22]

15-1. Kollegiya qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir: [23]

15-1.1. İdarə ilə digər şəxslər (qurumlar) arasındakı münasibətləri tənzimləyən normativ hüquqi aktları;

15-1.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən İdarəyə tapşırılmış konkret normativ hüquqi aktları;

15-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;

15-1.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;

15.1.5. İdarə rəisinin təşəbbüsü ilə kollegiyanın müzakirəsinə çıxarılan bu Əsasnamənin 13.3-cü bəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;

15-1.6. bu Əsasnamənin 15-1.1–15-1.5-ci bəndlərinə uyğun olaraq kollegiyanın qəbul etdiyi normativ hüquqi aktların ləğvi və onlarda dəyişikliklər edilməsi barədə normativ hüquqi aktları.

16. İdarənin Kollegiya iclasları kollegiya üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.

17. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Kollegiyanın qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir. [24]

17-1. Kollegiyanın üzvləri arasında fikir ayrılığı yarandığı hallarda İdarənin rəisi bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməklə öz qərarını həyata keçirir. Kollegiyanın üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edə bilərlər. [25]

18. Zəruri hallarda kollegiyanın iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə təşkilat və müəssisələrin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər. [26]

19. İdarə yanında Arxiv işi sahəsində mühüm problemlərə aid məsələlərə baxmaq üçün Elmi-Metodiki Şura, habelə Azərbaycan Respublikasının Milli arxiv fonduna daxil olan sənədlərin tərkibini müəyyənləşdirmək və sənədlərin dəyərini ekspertizadan keçirmək məsələlərinə baxmaq üçün arxiv işçiləri və müvafiq sahə mütəxəssislərindən ibarət Mərkəzi Ekspert-Yoxlama Komissiyası fəaliyyət göstərir. [27]

20. Elmi şura və Mərkəzi Ekspert-Yoxlama Komissiyası haqqında əsasnamələr və onların şəxsi tərkibi İdarənin rəisi tərəfindən təsdiq edilir. [28]

21. Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı İdarənin qərarlarından, hərəkət və hərəkətsizliyindən (Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulmuş hallar istisna olmaqla) verilmiş təkrar şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır. [29]

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 oktyabr 2005-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2005-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 229)

2.       27 sentyabr 2006-cı il tarixli 464 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 741)

3.       11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970)

4.       21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289)

5.       15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)

6.       18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 3-cü bəndində “və digər yerli dövlət arxivləri” sözləri “, dövlət arxivinin filialları və sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivləri” sözləri ilə əvəz edilmişdir.

 

[2] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 4-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4. İdarənin fəaliyyətinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

 

[3] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 7.3-cü, 7.8-ci və 8.4-cü bəndlərində ismin müvafiq hallarında “uçotu” sözü ismin müvafiq hallarında “qeydiyyatı” sözü ilə əvəz edilmişdir.

 

[4] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə»yə 7.9-1-ci bənd əlavə edilmişdir.

 

[5] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə yeni məzmunda 7.9-2-ci bənd əlavə edilmişdir.

 

[6] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 8.2-ci bəndində “uçotunu” sözü “qeydiyyatını” sözü ilə, “mühafizəsi və istifadəsi üzərində” sözləri “komplektləşdirilməsi, dövlət qeydiyyatı, mühafizəsi və istifadəsi sahəsində “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına” sözləri ilə əvəz edilmişdir.

 

[7] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 8.8-ci bəndində “arxiv işində elektron avtomatik informasiya sisteminin tətbiqi və istifadəsi üzrə texniki təchizat siyasətini müəyyən edir, informasiya şəbəkəsi və bazası yaradılması işini təşkil edir” sözləri “informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsini, arxiv sənədlərinin rəqəmsallaşdırılmasını və vahid elektron arxiv məlumat sisteminin yaradılmasını təmin edir” sözləri ilə əvəz edilmişdir.

 

[8] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 8.10-cu bəndində “saxlama müddətləri də göstərilməklə sənədlərin nümunəvi siyahılarını işləyib hazırlayır və təsdiq edir, idarələr tərəfindən saxlama müddətləri göstərilməklə işlənib hazırlanmış siyahılara baxır və” sözləri “dövlət orqanlarının (qurumlarının), bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin saxlanılma müddəti göstərilməklə nümunəvi siyahısını və həmin müddətlərin tətbiqi qaydasını təsdiq edir, dövlət orqanları (qurumları), bələdiyyə orqanları, idarə, müəssisə və təşkilatlar tərəfindən hazırlanmış arxiv sənədlərinin sahə siyahılarını” sözləri ilə əvəz edilmişdir.

 

[9] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 8.14-cü bəndi ləğv edilmişdir.

 

[10] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 8.15-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.15. müəyyən edilmiş qaydada dövlət arxivləri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən ödənişli iş və xidmətlərin növlərini müəyyən edir;

 

[11] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 8.16-cı bəndinin üçüncü cümləsinə “dövlət arxiv” sözlərindən sonra “xidməti” sözü əlavə edilmişdir.

 

[12] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 8.20-ci bəndində “ixtisaslarının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.

 

[13] 27 sentyabr  2006-cı il tarixli 464 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 741) ilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №9 maddə 485, №10, maddə 910) 8.21-ci bəndində “şəxsi həyatı (onların sağlamlığı, ailə və şəxsi həyatı, əmlak vəziyyəti)” sözləri “şəxsi və ailə həyatı” sözləri ilə əvəz edilmişdir.

 

[14] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə yeni məzmunda 9.4-1-ci bənd əlavə edilmişdir.

 

[15] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə»yə  yeni məzmunda 11-1-ci bənd əlavə edilmişdir.

21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə»nin 11-1-ci bənddə «siyahısını» sözündən sonra «və İdarənin işçilərinin say həddini» sözləri əlavə edilmişdir.

 

[16] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə»yə  13.3-cü bənddə «əsasnamələrini» sözündən sonra «(nizamnamələrini)» sözü əlavə edilmişdir.

21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə»nin 13.2-ci və 13.3-cü bəndlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

13.2. əməyin ödənilməsi fondu və işçilərin sayı üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hədd daxilində idarənin strukturunu və ştat cədvəlini təsdiq edir;

13.3. İdarənin bölmələrinin və tabeliyində olan müəssisə, idarə və təşkilatlarının əsasnamələrini (nizamnamələrini) təsdiq edir;

18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 13.3-cü bəndində “və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir” sözləri “, tabeliyində olan qurumların, Elmi-Metodiki Şuranın və Mərkəzi Ekspert-Yoxlama Komissiyasının əsasnamələrini, strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini təsdiq edir, həmçinin bu Əsasnamənin 15-1-ci bəndi ilə İdarənin kollegiyasının (bundan sonra – kollegiya) səlahiyyətlərinə aid edilməyən məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir” sözləri ilə əvəz edilmişdir.

 

[17] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə yeni məzmunda 13.3-1-ci bənd əlavə edilmişdir.

 

[18] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 13.4-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

13.4. səlahiyyətləri çərçivəsində idarə aparatının və tabeliyində olan müəssisə idarə və təşkilatların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir, onların icrasına nəzarət edir;

 

[19] 10 oktyabr 2005-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2005-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 229) ilə "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə"nin 13.5-ci bəndi çıxarılmışdır.

21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə»nin 13.2-ci və 13.3-cü bəndlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

13.2. əməyin ödənilməsi fondu və işçilərin sayı üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hədd daxilində idarənin strukturunu və ştat cədvəlini təsdiq edir;

13.3. İdarənin bölmələrinin və tabeliyində olan müəssisə, idarə və təşkilatlarının əsasnamələrini (nizamnamələrini) təsdiq edir;

 

[20] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 13.6-cı bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

13.6. idarənin işçilərini qanunvericiliyə müvafiq olaraq vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərini tətbiq edir;

 

[21] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”də 14-cü bəndin birinci cümləsində “İdarə sisteminin” sözləri “Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbəri, İdarənin rəhbər işçiləri” sözləri ilə əvəz edilmişdir və həmin bəndin ikinci cümləsindən “şəxsi” sözü çıxarılmışdır.

 

[22] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 15-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

15. Kollegiya öz iclaslarında İdarənin fəaliyyəti ilə bağlı məsələlərə baxır, kadrları seçib yerləşdirir, arxiv işinə dair mühüm qərar, əmr, təlimat, normativ hüquqi aktlarının layihələrini və İdarənin tərtib etdiyi digər sənədləri müzakirə edir, İdarənin struktur bölmələrinin və tabeliyində olan idarə, təşkilat, və müəssisələrin rəhbərlərinin məruzələrini dinləyir.

 

[23] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə yeni məzmunda 15-1-ci bənd əlavə edilmişdir.

 

[24] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”də 17-ci bəndin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Kollegiyanın qərarları protokollarla rəsmiləşdirilir və bir qayda olaraq, İdarə rəisinin əmrləri ilə həyata keçirilir.

 

[25] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə yeni məzmunda 17-1-ci bənd əlavə edilmişdir.

 

[26] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə»nin 18-ci bənddə «rəhbərləri» sözü «nümayəndələri» sözü ilə əvəz edilmişdir.

18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 18-ci bəndinə “nümayəndələri” sözündən əvvəl “, qeyri-hökumət təşkilatlarının” sözləri əlavə edilmişdir.

 

[27] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 19-cu bəndində “Elmi” sözü “Elmi-Metodiki” sözləri ilə əvəz edilmişdir.

 

[28] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 20-ci bəndi ləğv edilmişdir.

 

[29] 18 avqust 2022-ci il tarixli 1813 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə yeni məzmunda 21-ci bənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status