“Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” 2011-ci il iyulun 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2011-ci il
№ 228-IVQ
Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti Arasında
diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti
iki ölkə arasında mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsini arzu edərək,
etibarlı diplomatik pasportlara malik olan öz vətəndaşlarının iki ölkə arasında gediş-gəliş və səyahətinin asanlaşdırılmasını arzu edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
1. Bir Razılığa gələn Tərəfin Xarici İşlər Nazirliyi tərəfindən verilmiş etibarlı diplomatik pasportlara malik olan Razılığa gələn Tərəfin Vətəndaşlarının beynəlxalq sərnişin daşınması üçün nəzərdə tutulmuş dövlət sərhədindən buraxılış məntəqələrindən istifadə etməklə digər Razılığa gələn Tərəfin ərazisinə vizasız daxil olmaq, oranı tərk etmək və oradan tranzit keçmək hüququ vardır.
2. 2-ci maddədə göstərilmiş hallar istisna olmaqla, bir Razılığa gələn Tərəfin Xarici İşlər Nazirliyi tərəfindən verilmiş etibarlı diplomatik pasportlara malik olan Razılığa gələn Tərəfin vətəndaşlarının digər Razılığa gələn Tərəfin ərazisində ilk daxil olduqları gündən etibarən 180 (yüz səksən) gün ərzində 90 (doxsan) günədək müddətə qalmaq hüququ vardır.
Maddə 2
1. Bir Razılığa gələn Tərəfin diplomatik nümayəndəliyində, konsulluğunda və ya digər Razılığa gələn Tərəfin ərazisində yerləşən beynəlxalq təşkilatda fəaliyyət göstərmək üçün təyin edilmiş etibarlı diplomatik pasportlara malik olan vətəndaşlarının viza üçün müraciət etmədən digər Razılığa gələn Tərəfin ərazisinə daxil olmaq və təyinatı müddəti ərzində orada qalmaq hüququ vardır.
2. 2.1-ci maddədə göstərilən hüquq müvafiq surətdə 2.1-ci maddədə qeyd olunan şəxslərin ailə üzvlərinə də şamil edilir, bu şərtlə ki, onlar bir ailənin üzvləridir və diplomatik pasportlara malikdirlər.
3. 2.1-ci və 2.2-ci maddələrdə qeyd olunan şəxslər barədə Razılığa gələn Tərəfin Xarici İşlər Nazirliyi tərəfindən digər Razılığa gələn Tərəfin diplomatik nümayəndəliyinə onların təyinatlarından əvvəl məlumat verilməlidir.
Maddə 3
1. Etibarlı diplomatik pasportlara malik olan bir Razılığa gələn Tərəfin vətəndaşları sərhədi keçərkən və digər Razılığa gələn Tərəfin ərazisində qaldıqları müddətdə digər Razılığa gələn Tərəfin ərazisində qüvvədə olan qanunlara riayət etməlidirlər.
2. Razılığa gələn Tərəflərdən hər birinin öz ərazisində olması arzuolunmaz hesab edilən digər Razılığa gələn Tərəfin vətəndaşlarının gəlişinə icazə verməmək və ya orada qalma müddətini qısaltmaq hüququ vardır.
Maddə 4
Bir Razılığa gələn Tərəfin vətəndaşı digər Razılığa gələn Tərəfin ərazisində diplomatik pasportunu itirdiyi halda, müvafiq tədbirlərin görülməsi üçün bu barədə qəbul edən Tərəfin səlahiyyətli qurumlarına dərhal məlumat verməlidir. Müvafiq diplomatik nümayəndəlik və ya konsulluq öz vətəndaşına dövlət sərhədini keçmək üçün yeni səyahət sənədini verməli və bu fakt barədə qəbul edən Tərəfin müvafiq səlahiyyətli qurumlarına məlumat verməlidir.
Maddə 5
Razılığa gələn Tərəflərdən hər biri təhlükəsizliyin, ictimai asayişin və əhalinin sağlamlığının qorunması məqsədləri üçün Sazişin tam və ya onun bir hissəsinin həyata keçirilməsini dayandırmaq hüququna malikdir. Dayandırılma və ya dayandırılmanın ləğv edilməsi haqqında qərar digər Razılığa gələn Tərəfə diplomatik kanallarla dayandırılmanın və ya dayandırılmanın ləğv edilməsinin qüvvəyə minməsindən əvvəl 7 (yeddi) gündən gec olmayaraq məlumat verilməlidir.
Maddə 6
1. Bu Sazişin məqsədləri üçün Razılığa gələn Tərəflər diplomatik kanallarla hazırda istifadədə olan diplomatik pasportlarının nümunələrini, həmçinin belə sənədlərin təfsilatlı təsvirini bu Sazişin qüvvəyə minməsindən əvvəl 30 (otuz) gündən gec olmayaraq mübadilə edəcəklər.
2. Bu Sazişin məqsədləri üçün Razılığa gələn Tərəflər diplomatik kanallarla yeni və dəyişdirilmiş diplomatik pasportlarının nümunələrini, həmçinin belə sənədlərin təfsilatlı təsvirini həmin sənədlərin qüvvəyə minməsindən əvvəl 30 (otuz) gündən gec olmayaraq mübadilə edəcəklər.
Maddə 7
Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı yaranan hər hansı fikir ayrılığı dostcasına diplomatik kanallar vasitəsilə həll ediləcəkdir.
Maddə 8
1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili hüquqi prosedurların yerinə yetirilməsi barədə Razılığa gələn Tərəflərin sonuncu bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən 90 (doxsan) gün sonra qüvvəyə minəcəkdir.
2. Bu Sazişə dəyişikliklər diplomatik kanallarla yazılı bildiriş təqdim edilməklə və Razılığa gələn Tərəflərin razılığı əsasında edilə bilər.
3. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Razılığa gələn Tərəflərdən hər biri bu Sazişi diplomatik kanallarla yazılı bildirişi təqdim edərək ləğv edə bilər. Belə halda, Saziş ləğvetmə bildirişinin alındığı tarixdən 90 (doxsan) gün sonra qüvvəsini itirəcəkdir.
BUNUN TƏSDİQİ OLARAQ, hökumətləri tərəfindən səlahiyyətləndirilmiş aşağıda imza edənlər bu Sazişi imzaladılar.
Bu Saziş Bakı şəhərində 2011-ci il 25 iyul tarixində iki nüsxədə olmaqla, hər biri Azərbaycan, polyak və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası
|
Polşa Respublikası
|
Hökuməti adından
|
Hökuməti adından
|