AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
22.08.2003
QEYDİYYAT NÖMRƏSİ
111
ADI
"Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasının layihə mərhələsi də daxil olmaqla keçirilmə Qaydaları"nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2003, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 465)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.08.2003
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
280.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasının layihə mərhələsi də daxil olmaqla keçirilmə Qaydaları"nın təsdiq edilməsi haqqında

"Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasının layihə mərhələsi də daxil olmaqla keçirilmə Qaydaları"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanının 1-ci bədninin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasının layihə mərhələsi də daxil olmaqla keçirilmə Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Baş nazirinin birinci müavini A.Rasİzadə

 

Bakı şəhəri, 22 avqust 2003-cü il

    № 111

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 22 avqust tarixli 111 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasının layihə mərhələsi də daxil olmaqla keçirilmə

 

QAYDALARI

 

1. Ümumİ müddəalar

 

1.1. Bu Qaydalar "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin, 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanına əsasən hazırlanmışdır və hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin (bundan sonra - təhlükəsizlik bəyannaməsi) ekspertizasının layihə mərhələsi də daxil olmaqla keçirilməsi və ekspertizanın nəticəsinə əsasən ekspertiza rəyinin tərtib olunma qaydalarını müəyyən edir.

1.2. Təhlükəsizlik bəyannamələrinin ekspertizasının keçirilməsində məqsəd bu bəyannamələrdə, o cümlədən aşağıda göstərilən məlumatların yetərliyini və düzgünlüyünü müəyyən etməkdir:

hidrotexniki qurğuların təhlükəsizlik dərəcəsinin təyin olunması barədə;

hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulmuş tədbirlərin və bu tədbirlərin norma və qaydalara uyğunluğunun qaneedici olması barədə.

1.3. Bu Qaydaların müddəaları mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində hidrotexniki qurğuların mülkiyyətçilərinə və istismarçılarına şamil edilir.

1.4. Nəzarət orqanları tərəfindən təsdiq olunmuş təhlükəsizlik bəyannamələri qurğuların dövlət reyestrinə daxil edilməsi, layihənin təsdiq edilməsi, qurğuların tikintisi, istismara verilməsi, istismar edilməsi, istismardan çıxarılması, yenidən qurulması, əsaslı təmiri, bərpası və konservasiyası, habelə təyinatının dəyişdirilməsi və ləğvi üçün əsasdır.

2. Ekspertİzanın keçİrİlməsİ

2.1. Hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi və istismarı mərhələlərində, eləcə də onların yenidən qurulması, əsaslı təmiri, bərpası və konservasiyasından sonra tərtib olunmuş təhlükəsizlik bəyannamələrinin ekspertizası* (bundan sonra - ekspertiza) hidrotexniki qurğuların mülkiyyətçilərinin və ya istismarçılarının (bundan sonra - sifarişçi) təşəbbüsü ilə həyata keçirilir.

2.2. Ekspertizanın keçirilməsinin təşkili hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqanlar (bundan sonra - nəzarət orqanları) tərəfindən yerinə yetirilir. Ekspertiza nəzarət orqanları tərəfindən təyin olunmuş ekspert mərkəzləri tərəfindən aparılır. Bu məqsəd üçün ekspert mərkəzləri ekspert komissiyaları yaradır. Nəzarət orqanları ekspert komissiyalarının tərkibinə daxil edilən mütəxəssislərə olan ixtisas tələblərini müəyyən edir, ekspert komissiyasının yaradılmasını və iş reqlamentinin qaydasını müəyyənləşdirir və ekspertlərin ixtisasının təkmilləşdirilməsini təşkil edir. Ekspertizanın aparılması işlərinə elmi müəssisə və təşkilatlar cəlb edilə bilər. [1]

2.3. Ekspertizanın aparılmasına çəkiləcək xərclər sifarişçilərin vəsaiti hesabına, ekspert mərkəzləri tərəfindən sifarişçiyə təqdim edilmiş smeta xərcləri və hesablara əsasən ödənilir. Aparılacaq ekspertizanın haqqı ödənildikdən sonra təhlükəsizlik bəyannaməsinin ekspertizası 3 ay müddətində keçirilir.

2.4. Ekspert mərkəzləri müəyyən olunmuş müddət ərzində ekspert komissiyasının rəyini nəzarət orqanına təqdim edir.

2.5. Ekspert komissiyası tərəfindən müsbət rəy verildikdə, nəzarət orqanları bir ay ərzində təhlükəsizlik bəyannaməsinə və ekspert komissiyasının rəyinə baxaraq onların təsdiq olunması və ya olunması barədə qərar çıxarır.

2.6. Ekspert komissiyası tərəfindən mənfi rəy verildikdə, sifarişçilər təkrar ekspertizanın keçirilməsini tələb edə bilərlər. Nəzarət orqanları tərəfindən sifarişçilərin əsaslandırılmış şikayətlərinə baxılır və şikayətin daxil olduğu gündən bir ay müddətində onlara qəbul edilən qərar barədə rəsmi məlumat verilir. [2]

2.7. Nəzarət orqanları tərəfindən təhlükəsizlik bəyannaməsinə və ekspert komissiyasının rəyinə baxılarkən hidrotexniki qurğuların təhlükəsizlik dərəcəsinin azalması aşkar edildiyi hallarda nəzarət orqanları təftiş yoxlaması aparır və təhlükəsizlik bəyannaməsinə bu yoxlamaların nəticələri nəzərə alınmaqla baxılır. Belə hallarda təhlükəsizlik bəyannaməsinə baxılması və təsdiq olunması müddəti dörd aya qədər artırıla bilər.

2.8. Nəzarət orqanları hidrotexniki qurğuların təhlükəsizlik dərəcəsinin azalması və təhlükəsizliyin təmin olunması tədbirlərinin yerinə yetirilməməsi hallarını aşkar etdikdə, təhlükəsizlik bəyannaməsinin fəaliyyət müddətini azalda bilər.

2.9. Təsdiq olunmuş təhlükəsizlik bəyannaməsinin qüvvədə olma müddəti 5 ildir. nəzarət orqanları tərəfindən təhlükəsizlik bəyannamələri onların qüvvədə olma müddəti ərzində nəzarətə götürülür.

2.10. Sifarişçilər nəzarət orqanlarının qərarı ilə razılaşmadığı hallarda məhkəməyə müraciət edə bilərlər.

2.11. Nəzarət orqanları tərəfindən təsdiq olunmuş təhlükəsizlik bəyannamələri hidrotexniki qurğuların mülkiyyətçilərində və ya istismarçılarında saxlanılır. Təsdiq olunmuş təhlükəsizlik bəyannamələrinin surətləri sifarişçilər tərəfindən hidrotexniki qurğuların yerləşdiyi ərazinin icra hakimiyyəti orqanlarına və mülki-müdafiə təşkilatlarına təqdim edilir.

3. Ekspertİza rəyİnİn tərtİbİnə olan tələblər

3.1. Ekspertiza rəyinin tərtibinə olan tələblər nəzarət orqanları tərəfindən müəyyən edilir.

3.2. Ekspertiza rəyi konkret, obyektiv, əsaslandırılmış və sübutlu olmalıdır. Nəticələr aydın ifadə edilməlidir.

3.3. Ekspertiza nəticəsində təhlükəsizlik, bəyannaməsi ilə bağlı aşkar edilmiş iradlar göstərilərkən norma və qaydaların tələblərinə istinad edilməlidir. Aparılmış ekspertizanın nəticələri təhlükəsizlik bəyannaməsinin və ona əlavələrin hər bir struktur elementinin adı və nömrəsi göstərilməklə həmin struktur elementinin qiymətləndirilməsindən ibarət olmalıdır.

3.4. Təhlükəsizlik bəyannaməsində göstərilən məlumatların yetərliyini və düzgünlüyünü qiymətləndirərkən, onun tərkibinə və məzmununa dair tələblər, eləcə də hidrotexniki qurğuların təhlükəsizliyinin faktiki vəziyyəti nəzərə alınmalıdır.

3.5. Hidrotexniki qurğuların təhlükəsizlik dərəcəsinin təhlili nəticələrinin əsaslandırılmasını qiymətləndirərkən:

tətbiq edilən fiziki-riyazi modellərin və istifadə edilmiş hesablama metodlarının əsaslandırılması;

təhlükəsizlik dərəcəsini qiymətləndirmək üçün aparılmış hesablamaların düzgünlüyünün və dəqiqliyinin, eləcə də son nəticələrə təsir edən bütün amillərin tam hesaba alınması;

qəbul edilmiş qəza ssenarilərinin gerçəkləşməsi ehtimalı və bu qəzaların ləğv edilməsi amillərinin əhaliyə, təsərrüfat obyektlərinə və ətraf mühitə təsirinin nəticələrinin mühafizə zonası hüdudlarından kənara çıxmasının mümkünlüyü;

obyektin fəaliyyətinə kənardan müdaxilə edilməsinin qarşısını almaq və baş verə biləcək terror aktlarını zərərsizləşdirmək üçün nəzərdə tutulan tədbirlərin yetərliyi nəzərə alınmalıdır.

4. Məsulİyyət

Hidrotexniki qurğunun mülkiyyətçiləri və istismarçıları təhlükəsizlik bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

 

 

* Bütün mərhələlər ərzində hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirilən orqanların xəbərdarlığı və ya göstərişləri ilə razılaşmadıqda, hidrotexniki qurğuların mülkiyyətçilərinin və istismarçılarının təşəbbüsü ilə ekspertiza keçirilə bilər.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 22 may 2006-cı il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 472)
  2. 28 aprel 2017-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 662)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 28 aprel 2017-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 662) ilə 2.2-ci bəndin beşinci cümləsində “elmi-tədqiqat və layihə təşkilatları” sözləri “elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilmişdir.

 

[2] 22 may 2006-cı il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 472) ilə “Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasının layihə mərhələsi də daxil olmaqla keçirilmə Qaydaları”nın 2.6-cı bəndində “qəbul olunduğu gündən iki ay” sözləri “daxil olduğu gündən bir ay” sözləri ilə əvəz edilmişdir.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status