120.000.000
"Dövlət energetika və su nəqliyyatı sistemi müəssisələrinin tərkibində fəaliyyət göstərən hidrotexniki qurğuların, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğularının təhlükəsizliyinin təmin olunmasının xüsusiyyətlərinin müəyyən edən Əsasnamə"nin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanının 1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Dövlət energetika və su nəqliyyatı sistemi müəssisələrinin tərkibində fəaliyyət göstərən hidrotexniki qurğuların, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğularının təhlükəsizliyinin təmin olunmasının xüsusiyyətlərinin müəyyən edən Əsasnamə"nin təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini A.Rasİzadə
Bakı şəhəri, 11 avqust 2003-cü il
№ 103
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 11 avqust tarixli 103 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Dövlət energetika və su nəqliyyatı sistemi müəssisələrinin tərkibində fəaliyyət göstərən hidrotexniki qurğuların, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğularının təhlükəsizliyinin təmin olunmasının xüsusiyyətlərini müəyyən edən
ƏSASNAMƏ
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Əsasnamə "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununa və "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanına əsasən hazırlanmışdır və dövlət energetika və su nəqliyyatı sistemi müəssisələrinin tərkibində fəaliyyət göstərən hidrotexniki qurğuların, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğularının təhlükəsizliyinin təmin olunmasının xüsusiyyətlərini müəyyən edir.
1.2. Bu Əsasnamənin müddəaları mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində dövlət energetika və su nəqliyyatı sistemi müəssisələrinin tərkibində fəaliyyət göstərən hidrotexniki qurğuların (bundan sonra –hidrotexniki qurğular), o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğularının layihələndirilməsi, tikintisi, istismarı, yenidən qurulması, bərpası, konservasiyası və ləğv edilməsi ilə məşğul olan dövlət hakimiyyəti orqanlarına, qurğu mülkiyyətçilərinə və istismarçılara şamil edilir.
2. Hİdrotexnİkİ qurğuların təhlükəsİzlİyİnİn təmİn olunma xüsusİyyətlərİ
Hidrotexniki qurğuların* layihələndirilməsi, tikintisi, istismarı, yenidən qurulması, bərpası, konservasiyası və ləğv edilməsi zamanı onların təhlükəsizliyinin təmin olunma xüsusiyyətlərinə aşağıdakılar daxildir:
Xəzər dənizinin (gölünün), çayların və su hövzələrinin geoloji, hidroloji və meteoroloji parametrlərinin nəzərə alınması;
istismar dövrü ərzində hidrotexniki qurğulara düşən yüklərin müntəzəm müəyyən edilməsi:
ayrılıqda yerləşən svay dirəklərinə dalğaların təsirindən düşən yüklərin müəyyən edilməsi və onların mənfi təsirlərinin zərərsizləşdirilməsi;
hidrotexniki qurğuların davamlığının vaxtaşırı müəyyən edilməsi;
hidrotexniki qurğulara dalğaların təsir (dinamik və statik) amplitudasının müəyyən edilməsi;
hidrotexniki qurğuların ayrı-ayrı konstruksiyalarının deformasiyası, çökməsi və batması hallarının qabaqcadan müəyyən edilməsi;
hidrotexniki qurğular yerləşən Xəzər dənizində (gölündə) və su hövzələrində sualtı axara malik olan sahələrin müəyyən edilməsi, onların zərərli təsirlərinin qarşısının alınması və nəzarətə götürülməsi;
hidrotexniki qurğuların mövcud texniki vəziyyətinin seysmik cəhətdən davamlığının öyrənilməsi;
hidrotexniki qurğularda baş verə bilən forma dəyişikliklərinin müəyyən edilməsi;
hidrotexniki qurğularda baş verə bilən zədə və digər çatışmazlığın vaxtında müəyyənləşdirilməsi və təhlili;
Xəzər dənizdə (gölündə), çaylarda və su hövzələrində gəmilərin və digər üzən nəqliyyat vasitələrinin hidrotexniki qurğulara müəyyən edilmiş yanalma məsafələrinə və qaydalarına riayət edilməsi;
hidrotexniki qurğularda qəza riskinin müəyyən edilməsi;
hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib edilməsi və ona riayət edilməsi;
hidrotexniki qurğuların istismarının fasiləsizliyi;
hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması üzrə tədbirlərin hazırlanması, həyata keçirilməsi, o cümlədən onların təhlükəsizlik meyarlarının müəyyən edilməsi, texniki vəziyyətinə nəzarət etmək üçün lazımi vasitələrlə təchiz olunması, istismar heyətinin tələb olunan texniki ixtisas dərəcələrinin təmin olunması;
hidrotexniki qurğularda fövqəladə halların qarşısını almaq məqsədilə qabaqlayıcı kompleks tədbirlərin görülməsi;
hidrotexniki qurğuların təhlükəsizlik dərəcəsinin müəyyən edilmiş həddən aşağı düşməsinə səbəb ola biləcək əlamətlərin müəyyən edilməsi;
hidrotexniki qurğuların yerləşdiyi ərazilərdə, onların təhlükəsizliyi üzrə təsnifatından asılı olaraq müvafiq mühafizə rejiminin tətbiq edilməsi və ətrafında mühafizə zonalarının yaradılması;
istifadə olunan nəqliyyat vasitələrinin sürətinin və çəkilərinin hidrotexniki qurğuların statik vəziyyətinə uyğunluğunun müəyyən edilməsi;
metal konstruksiyaların korroziyaya qarşı vəziyyətinin müntəzəm müəyyən edilməsi;
ekoloji şəraitin gərginlik dərəcəsinin müəyyən edilməsi;
əhali və ətraf mühit üçün zərərli təsirin təhlükəlilik dərəcəsinin müəyyən edilməsi;
Xəzər dənizinin (gölünün), çayların və su hövzələrinin təbii hidrodinamiki və hidrokimyəvi şəraitinin dəyişməsinin müəyyən edilməsi.
* Dənizdə neftqazçıxarma komplekslərinə daxil olan hidrotexniki qurğuların (estakadalar, estakadayanı meydançalar və stasionar dəniz platformaları) təhlükəsizliyinin təmin olunma xüsusiyyətləri həmin komplekslərə (təhlükə potensiallı obyektlərə) olan texniki təhlükəsizlik tələblərinin nəzərə alınması ilə müəyyənləşdirilir.