AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
11.08.2003
QEYDİYYAT NÖMRƏSİ
102
ADI
"Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib olunma Qaydaları və forması"nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2003, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 458)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.08.2003
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
280.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib olunma Qaydaları və forması"nın təsdiq edilməsi haqqında

"Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib olunma Qaydaları və forması"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanının 1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib olunma Qaydaları və forması" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini A.Rasİzadə

 

Bakı şəhəri, 11 avqust 2003-cü il

                    № 102

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 11 avqust tarixli 102 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib olunma

QAYDALARI VƏ FORMASI

1. Ümumİ müddəalar

1.1. Bu Qaydalar "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanına əsasən hazırlanmışdır və hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin (bundan sonra - təhlükəsizlik bəyannaməsi) tərtib olunma qaydasını və formasını müəyyən edir.

1.2. Təhlükəsizlik bəyannaməsi hidrotexniki qurğuların təhlükəsizliyini əsaslandıran və təhlükəsizliyin təmin edilməsi tədbirlərini özündə əks etdirən əsas sənəddir.

1.3. Bu Qaydaların müddəaları mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində hidrotexniki qurğuların mülkiyyətçilərinə və istismarçılarına şamil edilir.

1.4. Hidrotexniki qurğuların mülkiyyətçiləri və ya istismarçıları hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi və istismarı mərhələlərində, eləcə də onların yenidən qurulması, əsaslı təmiri, bərpası və konservasiyasından sonra təhlükəsizlik bəyannaməsini tərtib etməlidirlər.

2. Təhlükəsİzlİk bəyannaməsİnİn tərtİbatına olan tələblər

Təhlükəsizlik bəyannaməsi tərtib olunarkən aşağıdakılar nəzərə alınmalıdır:

hidrotexniki qurğu və onun təhlükəsizliyi haqqında məlumatların tam və etibarlılığı;

təhlükəsizlik dərəcəsinin hərtərəfli və tam müəyyən edilməsi və baş verə biləcək qəza və zədələnmə hallarının açıqlanması;

tətbiq olunan təmir üsullarının əsaslandırılması, hidrotexniki qurğuların təhlükəsizliyi üzrə təsnifatı nəzərə alınmaqla onlarda riskin və təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi üçün aparılan işlərin yetərliliyi;

təhlükəsizliyin təmin edilməsi üzrə həyata keçirilən və planlaşdırılan tədbirlərin səmərəliliyi və yetərliliyi, təhlükəsizlik bəyannaməsinin müddəalarının qüvvədə olan qanunvericilik aktlarına və digər normativ hüquqi aktlara, qaydalara və normaların tələblərinə uyğunluğu.

3. Təhlükəsİzlİk bəyannaməsİnİn forması və ona daxİl olan məlumatlar

Təhlükəsizlik bəyannaməsinə aşağıdakılar daxildir:

titul vərəqi (əlavə olunur) - titul vərəqi təhlükəsizlik bəyannaməsinin birinci vərəqidir və özündə təhlükəsizlik bəyannaməsinin qeydiyyat nömrəsini, nəzarət orqanı tərəfindən təsdiq olunmasını, hidrotexniki qurğunun adını, təhlükəsizlik bəyannaməsinin tərtib olunduğu yerin adını və tarixini əks etdirir;

şərh – hidrotexniki qurğunun istismarı zamanı baş verə biləcək təhlükələrin göstərilməsi ilə təhlükəsizlik bəyannaməsinin əsas hissələrinin qısa məzmunu;

təhlükəsizlik bəyannaməsini işləyib hazırlayanların siyahısı – təşkilatların adları, ünvanları, telefon və faks nömrələri, icraçıların soyadı, adı və atasının adı, vəzifəsi, elmi dərəcəsi və elmi rütbəsi;

mündəricat – bütün hissələrin adları və səhifəsi;

hidrotexniki qurğu haqqında ümumi məlumatlar – hidrotexniki qurğunun mülkiyyətçiləri və istismarçıları məlumatlar, hidrotexniki qurğunun təhlükəsizliyinin və istismar etibarlılığının təmin edilməsi haqqında ümumi tədbirlər, həmçinin layihə, istismar qaydaları və nəzarət orqanlarının tələb və tövsiyələri əsasında nəzərdə tutulmuş təhlükəsizliyin təmin edilməsi tədbirləri, hidrotexniki qurğuların qəzaya uğraması və zədələnməsi nəticəsində dəyə biləcək zərərə görə əmlak öhdəlikləri və maliyyə ödənişi barədə məlumatlar;

hidrotexniki qurğunun təhlükəsizliyinin təhlili - mümkün olan təhlükə mənbələri nəzərə alınmaqla hidrotexniki qurğuların təhlükəsizliyinin araşdırılması və qiymətləndirilməsi;

hidrotexniki qurğuların təhlükəli zədələnmələrinin və qəza vəziyyətlərinin qarşısının alınmasına və ləğvinə hazırlığın təmin edilməsi – hidrotexniki qurğunun mülkiyyətçilərinin və ya istismarçılarının qəza vəziyyətlərinin və təhlükəli zədələnmələrin lokallaşdırılmasına və ləğv edilməsinə hazır olduqlarını təsdiqləyən məlumatlar;

ictimaiyyətin məlumatlandırılması - əhalinin, nəzarəti orqanlarının, Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və eləcə də mülki müdafiə təşkilatlarının və başqa aidiyyəti təşkilatların hidrotexniki qurğularda baş verə biləcək və ya baş vermiş qəza və zədələnmələr haqqında məlumatlandırılma qaydası;

xülasə - hidrotexniki qurğuların və hidrotexniki qurğular kompleksinin təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi, həmçinin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirləri özündə əks etdirən rəylər, hidrotexniki qurğuların təhlükəsizliyinin təmin edilməsi haqqında digər məlumatlar, hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tamlığı və nəzərdə tutulan tədbirlərin qaneedici olması haqqında müvafiq qurumlar tərəfindən verilmiş xüsusi rəy və təkliflər.

Nəzarət orqanları hidrotexniki qurğuların təyinatından asılı olaraq təhlükəsizlik bəyannaməsinə olan tələbləri və onların tərtib edilmə metodikasını işləyib təsdiq edir.

4. Təhlükəsİzlİk bəyannaməsİnİn nəzarət orqanlarına təqdİm edİlməsİ və saxlanılması

4.1. Təhlükəsizlik bəyannaməsi hidrotexniki qurğuların mülkiyyətçiləri və istismarçıları tərəfindən imzalanır.

4.2. Layihələndirilən hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsi, nəzarət orqanlarına layihənin ekspertizası keçirilən mərhələdə təqdim edilir.

4.3. Tikilən və istismar olunan hidrotexniki qurğular üçün təhlükəsizlik bəyannaməsi tərtib olunmazdan əvvəl qurğunun mülkiyyətçiləri və ya istismarçıları tərəfindən dövlət nəzarəti orqanlarının nümayəndələrinin iştirakı ilə hidrotexniki qurğulara baxış* keçirilməlidir.

4.4. Tikilən hidrotexniki qurğunun istər müvəqqəti, istərsə də daimi istismara verilməsinə dörd ay qalmış təhlükəsizlik bəyannaməsi tərtib edilərək müvafiq dövlət nəzarəti orqanlarına verilməlidir.

4.5. İstismar edilən hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsi 5 ildən bir təzələnərək dövlət nəzarəti orqanlarına təqdim edilir.

Dövlət nəzarəti orqanlarının və ya hidrotexniki qurğu mülkiyyətçilərinin (istismarçılarının) qərarına əsasən təhlükəsizlik bəyannaməsi aşağıdakı hallarda vaxtından əvvəl tərtib olunaraq təqdim edilməlidir:

hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunmasına təsir edən amillərin dəyişməsi, zədələnmə və qəza vəziyyətinin aşkar olunması, fövqəladə halların ləğv edilməsi və ya lokallaşdırılması şəraitinin pisləşməsi hallarında - təhlükənin aşkarlandığı gündən 6 ay müddətində;

hidrotexniki qurğuların təhlükəsizliyinin təmin edilməsi, fövqəladə halların ləğv edilməsi və ya lokallaşdırılması sahəsində normativ hüquqi aktlara, qaydalara və normalara dəyişiklik edildiyi hallarda, hidrotexniki qurğuların təhlükəsizliyi göstərilən akt, qayda və normaların tələblərinə uyğun gəlmədikdə – həmin hüquqi aktların, qayda və normaların qüvvəyə mindiyi vaxtdan bir il ərzində.

4.6. Hidrotexniki qurğuların yenidən qurulması, əsaslı təmiri, bərpası və konservasiyasından sonra, təhlükəsizlik bəyannaməsi nəzarət orqanlarına müvafiq tikinti-quraşdırma işlərinin qəbul edilməsinə qədər təqdim edilir.

4.7. Hidrotexniki qurğunun mülkiyyətçiləri və ya istismarçıları, hidrotexniki qurğunun təyinatı üzrə təhlükəsizlik bəyannaməsinin müvafiq olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təsdiqinə verir. [1]

4.8. Təhlükəsizlik bəyannaməsi hidrotexniki qurğunun mülkiyyətçilərində və ya istismarçılarında saxlanılır.

5. Məsulİyyət

Hidrotexniki qurğunun mülkiyyətçiləri və istismarçıları təhlükəsizlik bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

 

 


 

Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin

tərtib olunma  Qaydaları və formasına

əlavə

 

 

Untitled-1 copy

* Baxış keçirildikdən sonra hidrotexniki qurğularda qəza və zədələnmə baş verdiyi və ya qurğuların cari vəziyyətinin və istismar şəraitinin qəbul olunmuş təhlükəsizlik meyarlarından təhlükəli dərəcədə kənara çıxma hallarında hidrotexniki qurğulara təkrar baxış keçirilməlidir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)

2.       29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)

3.       22 iyul 2006-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 647)

4.       13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)

5.       24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69)

 

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1]    8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə  "Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib olunma Qaydaları və forması"nın 4.7-ci bəndində "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilmişdir.

29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib olunma Qaydaları və forması"nın 4.7-ci bəndində "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin" sözləri "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin" sözləri ilə əvəz edilmişdir.

22 iyul 2006-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 647) ilə 4.7-ci bəndində “Yanacaq və Energetika Nazirliyinin” sözləri “Sənaye və Energetika Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.

13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib olunma Qaydaları və forması”nın 4.7-ci bəndində “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin” sözləri “Fövqəladə Hallar Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.

24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69) ilə 4.7-ci bəndində “Sənaye və Energetika” sözləri “Energetika” sözü ilə əvəz edilmişdir.

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status