“Məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxslərin iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə yaşamaq Qaydası”nın , “Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxslərin qaçqın statusu verilməsi məsələsi həll edilənədək müvəqqəti yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən istifadə etmək Qaydası”nın təsdiq edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxslərin iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə yaşamaq Qaydası” və “Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxslərin qaçqın statusu verilməsi məsələsi həll edilənədək müvəqqəti yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən istifadə etmək Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini A.Rasİzadə
Bakı şəhəri, 6 avqust 2003-cü il
№ 98
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 6 avqust tarixli 98 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxslərin iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə yaşamaq
QAYDASI
[2]
1. Bu Qayda "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və qaçqın statusunu almış şəxslərin iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə, lakin ən çoxu 3 ay müddətində yaşamaq Qaydasını müəyyən edir.
2. Azərbaycan Respublikasında məcburi köçkün statusu almış şəxslərin müvəqqəti məskunlaşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması və “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydalarına uyğun həyata keçirilir.
3. Qaçqın statusunu almış şəxslər iş və ya yaşayış yeri əldə edənədək ən çoxu 3 ay müddətində xüsusi ayrılmış yerlərdə yaşaya bilərlər.
4. Qaçqın statusunu almış şəxslərin iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yaşayış yeri ilə təmin olunmaları səlahiyyətləri üzrə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra – Dövlətqaçqınkom) və ya Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra – DMX) və müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
[3]
5. Qaçqın statusunu almış şəxs müvəqqəti yaşayış sahəsi ilə təmin olunarkən ailə üzvlərinin sayı, sosial tərkibi nəzərə alınmalıdır.
6. Qaçqın statusunu almış şəxsin iş və ya yaşayış yeri əldə edənədək müvəqqəti yaşayış yeri ilə təmin olunması başqa şəxslərin hüquqlarının pozulması ilə həyata keçirilə bilməz.
7. Qaçqın statusunu almış şəxsin iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə yaşayış üçün zəruri olan məişət avadanlıqları ilə təmin olunması onun öz hesabına həyata keçirilir.
8. Qaçqın statusunu almış şəxslərin iş və ya yaşayış yeri əldə edənədək müvəqqəti yerləşdikləri xüsusi yaşayış yerlərinin saxlanması, təmiri və bərpası ilə əlaqədar məsələlər balansında olduğu aidiyyəti müəssisə və təşkilat tərəfindən həyata keçirilir.
9. Qaçqın statusunu almış şəxsin təqsiri nəticəsində onun üçün müvəqqəti ayrılmış yaşayış yerinə zərər vurularsa, dəymiş ziyan həmin şəxsin hesabına aradan qaldırılır.
10. Dövlətqaçqınkom və ya DMX tərəfindən qaçqın statusunu almış şəxslərə iş və ya yaşayış yeri əldə edənədək müvəqqəti olaraq verilən yaşayış sahəsi yaşayış üçün zəruri tələblərə cavab verməlidir.
[4]
11. Qaçqın statusunu almış şəxs iş və ya yaşayış yeri əldə edənədək onun üçün xüsusi ayrılmış yerdən köçərkən yaşayış sahəsini ona təhvil verilən vəziyyətdə Dövlətqaçqınkoma, DMX-yə və ya icra hakimiyyəti orqanlarına təhvil verir.
[5]
|
|
Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxslərin qaçqın statusu verilməsi məsələsi həll edilənədək müvəqqəti yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən istifadə etmək
QAYDASI
1. Bu Qayda "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxslərin qaçqın statusu verilməsi məsələsi həll edilənədək müvəqqəti yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən ən çoxu 3 ay müddətində istifadə etmək Qaydasını müəyyən edir.
2. Şəxsə qaçqın statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı səlahiyyətləri üzrə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və ya Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra – Dövlətqaçqınkom və ya DMX) qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən 3 ay ərzində qəbul edir.
[6]
3. Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxsə müvəqqəti istifadə üçün yaşayış yeri ən çoxu 3 ay müddətinə verilir.
4. Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxslərin qaçqın statusu verilməsi məsələsi həll edilənədək müvəqqəti yerləşdirmə məntəqəsində yaşayış yeri ilə təmin olunmaları Dövlətqaçqınkom, DMX və müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
[7]
5. Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxs müvəqqəti yaşayış sahəsi ilə təmin olunarkən ailə üzvlərinin sayı, sosial tərkibi nəzərə alınmalıdır.
6. Qaçqın statusu verilməsi haqqında vəsatətlə müraciət etmiş şəxsin müvəqqəti yaşayış yeri ilə təmin olunması başqa şəxslərin hüquqlarının pozulması ilə həyata keçirilə bilməz.
7. Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxslərin qaçqın statusu verilməsi məsələsi həll edilənədək onlara verilmiş müvəqqəti yaşayış yerindən istifadə haqqı (kommunal xidmət xərcləri daxil olmaqla) qanunvericiliyə uyğun olaraq həmin şəxslərin hesabına həyata keçirilir.
8. Qaçqın statusu verilməsi haqqında vəsatətlə müraciət etmiş şəxslərin müvəqqəti yerləşdikləri yaşayış yerlərinin saxlanması, təmiri və bərpası ilə əlaqədar məsələlər balansında olduğu müəssisə və təşkilat tərəfindən həyata keçirilir.
9. Qaçqın statusu verilməsi haqqında vəsatətlə müraciət etmiş şəxsin təqsiri nəticəsində onun üçün müvəqqəti ayrılmış yaşayış yerinə zərər vurularsa, dəymiş ziyan həmin şəxsin hesabına aradan qaldırılır.
10. Qaçqın statusu verilməsi haqqında vəsatətlə müraciət etmiş şəxs onun üçün ayrılmış yerdən köçərkən yaşayış sahəsini ona təhvil verilən vəziyyətdə Dövlətqaçqınkoma , DMX və ya icra hakimiyyəti orqanlarına təhvil verir.
[8]
11. Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxslərə qaçqın statusu verilməsindən imtina edildikdə, onlar müvəqqəti yaşayış yerindən çıxarılır və onların ölkədə qalıb-qalmaması məsələsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyə uyğun olaraq tənzimlənir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
11 yanvar 2008-ci il tarixli 2 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 37)
2.
11 iyun 2015-ci il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 794)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
11 iyun 2015-ci il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 794) ilə qərarın adında və 1-ci hissəsində “Qaçqın və məcburi köçkünün” sözləri “Məcburi köçkünün” sözləri ilə əvəz edilmişdir və Qərarın adından “, “Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxslərin qaçqın statusu verilməsi məsələsi həll edilənədək müvəqqəti yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən istifadə etmək Qaydası”nın” sözləri, 1-ci hissəsindən “və “Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxslərin qaçqın statusu verilməsi məsələsi həll edilənədək müvəqqəti yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən istifadə etmək Qaydası” sözləri çıxarılmışdır.
[2]
11 iyun 2015-ci il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 794) ilə “Qaçqın və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxslərin iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə yaşamaq Qaydası”nın 1-ci və 3-11-ci hissələri ləğv edilmişdir.
[3]
11 yanvar 2008-ci il tarixli 2 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 37) ilə «Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxslərin iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə yaşamaq Qaydası»nın 4-cü bəndində «Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra – Dövlətqaçqınkom)» sözləri «səlahiyyətləri üzrə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra – Dövlətqaçqınkom) və ya Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra – DMX)» sözləri ilə əvəz edilmişdir.
[4]
11 yanvar 2008-ci il tarixli 2 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 37) ilə «Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxslərin iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə yaşamaq Qaydası»nın 10-cu bəndində «Dövlətqaçqınkom» sözündən sonra «və ya DMX» sözləri əlavə edilmişdir.
[5]
11 yanvar 2008-ci il tarixli 2 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 37) ilə «Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxslərin iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə yaşamaq Qaydası»nın 11-ci bəndində «Dövlətqaçqınkoma» sözündən sonra «, DMX-yə» sözü əlavə edilmişdir.
[6]
11 yanvar 2008-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 37) ilə «Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxslərin qaçqın statusu verilməsi məsələsi həll edilənədək müvəqqəti yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən istifadə etmək Qaydası»nın 2-ci bəndində «Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra – Dövlətqaçqınkom)» sözləri «səlahiyyətləri üzrə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və ya Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra – Dövlətqaçqınkom və ya DMX)» sözləri ilə əvəz edilmişdir.
[7]
11 yanvar 2008-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 37) ilə «Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxslərin qaçqın statusu verilməsi məsələsi həll edilənədək müvəqqəti yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən istifadə etmək Qaydası»nın 4-cü bəndində «Dövlətqaçqınkom» sözündən sonra «, DMX» sözü əlavə edilmişdir.
[8]
11 yanvar 2008-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 37) ilə «Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxslərin qaçqın statusu verilməsi məsələsi həll edilənədək müvəqqəti yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən istifadə etmək Qaydası»nın 10-cu bəndində «Dövlətqaçqınkom» sözündən sonra «, DMX» sözü əlavə edilmişdir.